Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,36 Mb.
səhifə7/11
tarix13.12.2017
ölçüsü1,36 Mb.
#15385
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBİYYAT

1. Pirsultanlı S.P. Azərbaycan əfsanə və rəvayətlərinin ədə­bi abidələrimizlə müqayisəli tədqiqi, Bakı, Nurlan, 2007, 305 s.

2. Pirsultanlı S.P. Azerbaycan türklerinin halk efsaneleri. Bakı, Qanun neşriyatı, 2010,407 s.

3. Pirsultanlı S.P. Azerbaycan türklerinin halk efsaneleri. Bakı, Azərnəşr, 2009, 442 s.

4. Paşayev S. Nizami və xalq əfsanələri, Bakı, Gənclik, 1983, 127 s.

5. Rzasoy S. Nizami poeziyası: Mif-tarix konteksti, Bakı, Nurlan, 2003, 211 s.

6. Cəfərli M. Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı, 2012, 674 s.

7. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı, Maarif, 1992, 477s.

8. Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı, Bakı, 1984, 332 s.

9. Nəbiyev A. Azərbaycan şifahi xalq ədəbiyyatı. I kitab, Bakı, 2006, 640 s.

10. Paşayev S. Nizami və folklor, Bakı, Bilik, 1976, 65 s.

11. www.sednik-pasa-pirsultanli.com


SAHİBA PASHAYEVA

ORAL FOLK LITERATURE IN THE ACTIVITY

OF NIZAMI GANJAVI

SUMMARY

One of the poets whose works enriched the treasure of world literature was the greatest poet of Azerbaijan Nizami Ganjavi. Though social and political views, written and oral literature of nearest and Middle East were of great importance in his creativeness as a literary figure, the Azerbaijan oral literature was the real basis for his creative activity. Ancient stories and legends as parts of oral literature were the underpartable sides of the poets creative activity. On the other hand ancient stories and legends about fantastic and real historical figures on which the poet developed his plots, the folklore that had been created on the basis of poets works and his lifetime made great influence in the development of Azerbaijan folklore.



Key words: Nizami, folklore, legend, activity, poet
САХИБЕ ПАШАЕВА

ФОЛЬКЛОР В ТВОРЧЕСТВЕ НИЗАМИ ГЯНДЖЕВИ

Резюме

Одним из поэтов, внесших большой вклад в развитие Ми­ровой литературы, является Величайший азербайджанский поэт Низами Генджеви. Несмотря на то, что философские и общес­твенные мысли периода его жизни, а также письменные и устные поэтические произведения Ближнего и Среднего Востока сыг­ра­ли основополагающую роль в творчестве Низами, азербай­джан­ское народное творчество стало основным составляющим его поэ­тических произведений. Легенды и предания, являющиеся про­­дуктом устного народного творчества, составили неотъем­ле­мую основу его поэтического творчества. С другой стороны, ле­генды и предания, созданные им на основе конкретных истории­ческих и легендарных личностях, в дальнейшем оказали большое влияние на развитие и формирование блестящих образцов фольк­лора на основе мотивов произведений Низами, его биографии и творчества, а также в целом на развитие азербайджанского фольк­лора.



Ключевые слова: Низами, фольклор, легенда, творчество, поэт.

Ramin ALLAHVERDİ

AMEA-nın Folklor İnstititunun elmi işçisi

allahverdiyev1983@mail.ru


KLASSİK ƏDƏBİYYATIMIZDA VƏ NİZAMİ

YARADICILIĞINDA NOVRUZ ƏNƏNƏLƏRİ
Novruz bayramı özünün ritual-mifoloji məzmunu ilə dərin tarixi kökə söykənən mərasimlərdəndir. Bugünün özündə belə ən arxaik detalları ilə yaşamaqda davam edən bu milli bayra­mımız təkcə folklor yaddaşımızda öz çoxşaxəli əksini tapmamış, eləcə də yazılı ədəbiyyatımızda da dərin izlər buraxmışdır. Bəzən sual meydana çıxır ki, yaşı minilliklərlə ölçülən Novruz mərasimlərinin adət-ənənələri, müxtəlif ayinləri klassik yazılı ədəbiyyatımızda nə üçün geniş şəkildə əksini tapa bilməmişdir. Nəzərə alsaq ki, islam dini özündən əvvəlki bütün əski görüş­lərə, o cümlədən ritual-mifoloji görüşlərə qarşı mübarizə apa­ra­raq, cahiliyyət dövrü adı altında bu mifoloji görüşləri əks etdirən bütün adətlərə qarşı barışmaz mövqe tutmuşdur, onda bu suala müəyyən mənada cavab tapmış oluruq. Eyni zamanda, xüsusi olaraq qeyd etmək lazımdır ki, o dövrdə elitar ədəbiyyat sayılan klassik yazılı ədəbiyyatımızda bütün əsərlər, demək olar ki, İs­lam dininin təsiri ilə Allahı və onun sevimli bəndəsi Məhəmməd peyğəmbəri tərənnüm edən nətlərlə başlayırdı. Ona görə, bu dövr bədii yaradıcılıqda, şübhəsiz, əski dünyagörüşləri, mifoloji inamları özündə cəmləşdirən Novruz mərasimlərinin müsbət bir hal kimi geniş şəkildə qələmə alınması heç mümkün də deyildi. Dahi Nizami sanki buna işarə edərək, Novruzla bağlı adətləri öz “İskəndərnamə”sinin “Şərəfnamə” hissəsində “Pis adətlər, zər­düştlük qalıqları” başlığı adı altında vermişdir.

Novruz ilə Səddə bayramlarında,

Ayinlər yenidən olurdu bərpa.

Ər üzü görməmiş gəlinlər, qizlar

Evindən sevinclə dışarı çıxar.

Əllər al xınalı, üzlər bəzəkli,

Hər yandan gəlirdi çoşqun ürəkli

Önündə al-şərab hər üzü lalə

Muğlarla üz-üzə vurar piyalə,

Atəşdən mövludun əfsunlarından

Tüsdüdən don geyər uca asiman (1, 171).

Əlbəttə, burada qız-gəlinlərin bayram gününün ab-hava­sına uyğun olaraq bəzənib-düzənməsi adəti qeyd olunur, həmin ayinlər zamanı gur tonqalların yandırılması “tüsdüdən uca geyər bütün asiman” kimi poetik deyimlə nəzərə çatdırılır. Poemada bayramı və onun ayinlərini bu cür təntənəli surətdə tərənnüm edən təhkiyyəçinin timsalında böyük şairin Novruza və onun adətlərinə olan məhəbbətini sezmək çətin deyil.

Göründüyü kimi, bununla belə Novruz mərasimi ilə bağlı müxtəlif ayinlərin, adətlərin keçirilməsi və digər məqamlar ki­fayət qədər açıq-aydın şəkildə böyük klassiklərimizin əsərlə­rində özünə bu və ya digər formada yer tapa bilmişdir. Bu ba­rədə ədəbiyyatşü­nas­larımızdan F.F.Qasımzadə “Novruz – bahar bayramı” adlı ki­ta­bında Xaqani Şirvaninin şeirlərindən, Nizami Gəncəvinin “İsgən­dərnamə”, “Leyli və Məcnun” “Xosrov və Şi­rin” poemalarından, Qa­zi Bürhanəddinin qəzəllərindən, Kişvə­rinin yaradıcılığından, M.Füzulinin, M.V.Vidadinin, M.P.Vaqi­fin əsərlərindən, M.Ə.Sa­bi­rin satirasından, M.Müşfiqin “Bayram axşamı” şeirindən, H.Cavi­din və başqa görkəmli şair və yazar­la­rımızın əsərlərindən müxtəlif nümunə parçaları gətirməklə Nov­ruz bayramının yazılı klassik və son dövr ədəbiyyatımızda necə əks olunmasını göstərmişdir. Həm­çinin müəllif XI əsr Azər­bay­can şairi Qətran Təbrizinin “Divan” ında, orta əsr şairlərimizdən Sururinin, Şahinin, Həqirinin öz ya­radıcılıqlarında Novruz bay­ramını vəsf və mədh etdiklərini də qeyd edir. Eləcə də M.F.Axun­dovun komediyalarında “Hekayəti-molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah – caduguni-məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkə­ran” dramlarında Novruz bayramı ilə bağlı məqamların əks olun­duğuna da diqqətimizi yönəldir (2, 41-55).

Ədəbiyyatşünasın da qeyd etdiyi kimi, yazılı ədəbiyya­tı­mız­da bu bayramın izləri çox aydın şəkildə əksini tapmışdır. Buna görə, klassiklərimizin ölməz əsərlərindən lazimi nümu­nələr gətirməklə Novruz mərasiminin klassik ədəbiyyatımızda öz əksini tapmış bəzi məqamlarını, keçdiyi keşməkeşli tarix yo­lunu diqqətdən keçirmək yerinə düşər.

Xaqani Şirvani Novruz bayramının müəyyən adətlərinə Şirvamşah Mənuçöhr ibn Firiduna, və Şirvanşah Axistana həsr etdiyi mədhiyyələrində toxunur:

Qoy Novruz özü versin sənə xeyr-dua da,

Ariflər “Amin” desin, əbədi ol dünyada (3, 131).

Novruz Ərza hüsnü var, şah bəxti tək ruh oxşayır,

Halı behişti andırır, falı da “Quran” olsun həm.
Çatmış bahar əyyaminə, şahim səadət naminə,

Novruz tökər mey caminə, yüz il xaqan olsun həm.

(4, 141)

Novruzun şən əhval-ruhiyyəli bayram kimi qeyd edilməsi Q.Bürhanəddinin şeirlərindən də görünməkdədir:

Novruzdur sənün ilə bir eyş edəm gərək

Ki, dünya əhli görəvü əyad yad ola (5, 35).

Hürufi şairimiz İ.Nəsimi öz qəzəlində Novruzun əsatiri məz­mununa söykənən köhnəliyin təzəliklə əvəz olunmasına diq­qəti yönəldir:

Mövsimi-novruzü neyistan aşikar oldu yenə.

Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.
Qönçədən gül baş çıxardı, aldı üzündən niqab,

Bülbüli-şeyda xətibi-laləzar oldu yenə.


Köhnə dünya yengi xələt geydi bu mövsümdə uş,

Çöhrəsi dövri bu gün nəqşi-nigar oldu yenə.


Saqiya, cami gətir kim, mən uzatdım tövbəmi,

Köhnə təqvimim mənim bietibar oldu yenə (6, 54).

Burada şair köhnə ilin təzə illə əvəzlənməsinin doğurduğu Novruz əhval-ruhiyyəsini poetik şəkildə təqdim edir. Bu qəzəldə daha maraqlı bir məqam şeyxlərin (din təmsilçilərinin) belə “xoş badəxar olması”, bu bayramın Nəsiminin dövründə, İslamın və digər dini fəlsəfi təlimlərin tüğyan etdiyi bir zamanda təmtəraqla qeyd olunduğunu göstərməklə yanaşı, mərasimin ritual-mifoloji köklərinin kristal möhkəmliyini bir daha təsdiqləyir.

Dahi şairimiz M.Füzuli isə gündüzlə gecənin bərabər­ləş­diyi Novruz gecəsini xatırladaraq bu məqamı öz metaforik tə­fəkkür süzgəncindən aşağıdakı kimi keçirdib təqdim edir:

Vəslin mənə Novruz gecəsi oldu müyəssər,

Sanki o gecəm gündüz ilə oldu bərabər (7, 139).

Ədəbiyyat tariximizdən nisgilli, kədərli şair kimi tanıdı­ğımız M.V.Vidadi də Novruz bayramının şən əhval-ruhiyyəsinə qoşulur və öz “Novruziyyə”sində bunu belə səciyyələndirir:

Novruzi-bahar oldu, cahan tazətər oldu,

Rəf oldu ələmlər.

Dağıldı bu şadlıq xəbəri dərbədər oldu,

Yandı oda ələmlər....

Bir mövsümi-güldür bu ki, həqdən nəzər oldu,

Xoş gəldi bu dəmlər,

Ey xəstə Vidadi, bu gün etməzmi sənə rəhm,

Sultani-zəmanə?

Bu eydi-mübarəkdə ki dünya xəbər oldu,

Saçıldı dirəmlər (8, 69).

Böyük mütəfəkkirimiz M.F.Axundovun “Aldanmış kəva­kib” povestinin süjet strukturu “Xanbəzəmə” adlı bir Novruz mə­rasimini xatırladır. “Xan bəzəmə” mərasimi zamanı “...ağsaq­qallardan biri ortaya çıxıb, meydana çıxıb yığılanlara deyir:

– Camaat, bu gün bir xan seçməliyik. Xan gərək qaş-qabaqlı, sözü ötkəm adam olsun. Ona bir vəzir, bir vəkil, üç fərraş, bir də bir cəllad seçib verin...” (9, 21).

Lazımi adamlar seçildikdən sonra “Xanı təmtəraqla mey­danın yuxarı başında qurulmuş taxtda oturdurlar. Vəzir-vəkil də gəlib taxtın sağ-solunda əyləşir. Yaraqlı-yasaqlı fərraşlar xanın hüzurunda əmrə müntəzir dayanırlar. Cəllad qırmızı libas geyib, əlində balta meydanın aşağı başında gözləyir. Xan gözlənilməz əmrlər verir, adamları da onun buyruqlarını can-başla yerinə yetirirlər. Kosayla təlxək də tez-tez xanı güldürməyə çalışır. Min bir hoqqadan sonra xanı güldürüb taxtdan yendirir, aparıb suya basırlar” (9, 21). Yeri gəlmişkən qeyd edək ki, belə bir mərasi­min Şuşa şəhərində keçirildiyini C.Bağdadbəyov bu şəkildə qələmə alır: “Xonçanın başında yenə də xan əmr etməkdə idi. Lakin bu əmrlər toylardakı kimi olmayıb, cəzaları yüngül idi. Çil­lə axşamları axşam yeməyindən sonra iştirak edənlər hazır olub məclis başlanırdı. Rəqs etməkdə məşhur olan “fərraşlar” əvvəlcə məclisi öz rəqsləri ilə açırdılar.

Xanın verdiyi əmrlər yüngül idi. Məsələn, gec qalmış gənc iki dəfə oynamalıdır...” (10, 21) və s.

Ə.Şamil “Xanbəzəmə” mərasimi haqqında başqa maraqlı bir informasiya verir. Onun yazdığına görə, “Ordubadda “Xan­bəzəmə”yə şəbədə deyilir. Novruz bayramına iki gün qalmış “Xan” bəzədilir. Xalat geymiş, başına tac qoymuş “Xan” ata min­dirilir. “Xan”ı “vəzir”, “vəkil”, “əyanlar” və musiqiçilər izlə­yirlər. “Xan” at üstündə küçələrdən keçərək gəzintiyə gedir. Yol­da onu oynayanlar, alqışlayanlar izləyirlər. Yol boyu “Var olsun Xanı­mız!”, “Xanımız, ədalətli Xanımız!”, “Xanımız, xal­qın dərdinə yanan xandır!”, “Xanımız mərhəmətli xandır!” və s. alqışlar səs­lənir” (11, 123-124). Müəllifin yazdığına görə, bu “Xan” xalqın bütün şikayətlərini eşidir, adil qərarlar verir (11, 124).

Göründüyü kimi, “Xanbəzəmə” mərasimində xalq özünün ədalətli şah obrazını təqdim edir.

Bütün bu deyilənlərə əsasən belə qənaətə gəlmək olar ki, M.F.Axundzadə məhz bu mərasimin strukturuna əsaslanıb belə bir bədii əsəri yazır. Povestin əvvəlində deyilir: Baharın əvvəli idi: Novruzdan üç gün keçmişdi. İstirahətdə olan Şah Abbasın yanına gələn Münəccimbaşı şaha ərz edir ki, Novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq və bundan İranda sahibisəltənətdə ziyan yetişə bilər. Mövlanə Cəmalləddin isə şaha bildirir ki, Novruzdan on beş gün keçənədək səltənətdən müvəqqəti əl çəkə və taxt-tacı bir başqasına tapşıra ki, ziyan ona ötsün (12, 189-190).

Psixoanalitik təhlil metodunun məşhur banilərindən olan alman psixoloqu Karl Yunq bədii yaradıcılıqda simvollardan, bədii yaradıcılığa təhtəlşüuru təsirdən bəhs edən yazısında qeyd edir: “Biz öz təcrübəmizdən bilirik ki, çoxdan tanıdığın şairi bəzən birdən özün üçün yenidən kəşf edirsən. Bu o vaxt baş verir ki, bizim şüurumuz öz inkişafında yeni pilləyə qalxır və bu səviyyədən biz şairin sözlərində gözlənilmədən nəsə yeni bir şey eşitməyə başlayırıq. Hər şey lap əvvəldən onun əsərində var idi, lakin gizli simvollar olaraq qalırdı və bunu oxumağa bizə yalnız dövrün yeniləşmiş ruhu imkan verir. Başqa təzə gözlər lazım gəlir, çünki köhnələr yalnız o şeyləri görə bilir ki, onları gör­məyə artıq adət etmişdir” (13, 208-209).

Məhz bu nöqteyi-nəzərdən əslində xalqın həmişə arzula­dığı və Novruz bayramı zamanı “Xanbəzəmə” mərasimində “real­laşdırdığı” ədalətli şah obrazı və ölkənin ədalətli idarəsi motivinin M.F.Axundovun sözügedən povestində əksini tapması təhtəlşüurdan (və yaxud şüuraltı folklor yaddaşından) gələn ini­kas kimi izah oluna bilir.

Bayramın bir sıra əsrarəngiz adət-ənənələri, ayinləri M.Şəh­riyarın məşhur “Heydərbabaya salam” poemasında xalqın ruhuna uyğun, son dərəcə təbiiliyini gözləməklə təsvir olunur.

Bayram idi gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq.

Bəy şalına bayramlığın bağlamaq (14, 41).

Ə.Cavadın yaradıcılığında bu mərasimlər xüsusi yer tutur. O, öz etnoqrafik etüdlərində “Çillə şərqisi”, “Yaza xitab”, “Bö­yük Çillə”, “Kiçik Çillə”, “Xıdır Nəbi”, “Yel Baba”, “Qarının borcu”, “Boz ay”, “Dördatlı Yencə Gün”, “Dörd çərşənbə” şeirlərində Novruz və qış mərasimləri ilə bir sıra mərasimi, əsatiri məqamları poetik dillə təqdim edir .

Şair bu mövsümü mərasimlərin bütövlükdə vahid tamı əha­tə etməsini sezmiş və hər birini vahid tamın ayrı-ayrı ünsür mərasimləri kimi qələmə almışdır. Doğrudan da qışı səciyyə­ləndirən hər bir lokal mərasim qış dövrünün ritual-mifoloji sistemi kimi özünü göstərir. Bu sistemin ən ilkin mərhələsi “Böyük Çillə”, “Kiçik Çillə”, “Xıdır Nəbi”, “Boz ay” və çər­şən­bə ritualları, çillə çıxarmaq ayini nəhayət yeni ilin gəlişi, qarının borcu və s. bütövlükdə vahid ritual-mifoloji bir sistemin zəncir­vari həlqələri kimi özünü göstərir.

Aparılan bu kiçikhəcmli araşdırma bir daha göstərdi ki, klassik yazılı ədəbiyyatımızda Novruz bayramının çeşidli adət-ənənələri bu və ya digər şəkildə əksini tapmışdır. Düşünürük ki, Novruz mərasimlərinin izlərinin yazılı ədəbiyyatımızda daha da dərindən araşdırılması üçün zəmin yaradılması məqsədi daşıyan bu məqalə tədqiqatçılarımızı gələcəkdə həm də bu istiqamətdə araşdırmalar aparmağa cəlb edə biləcək.
ƏDƏBİYYAT

1. Gəncəvi N. İsgəndərnamə. Şərəfnamə. Bakı: Lider nəş­riy­yat, 2004, 432 s.

2. Qasımzadə F.F. Novruz – bahar bayramı. Bakı: 1989, 62 s.

3. Şirvani X. Seçilmiş əsərləri. Bakı: Altun kitab, 2005 s. 327 s.

4. Şirvani X. Seçilmiş əsərləri. Bakı: Altun kitab, 2005 s. 327 s.

5. Bürhanəddin Q. Divan. Bakı: Öndər nəşriyyat, 2005, 728 s.

6. Nəsimi İ. Seçilmiş əsərləri iki cilddə. I cild. Bakı: Lider nəşriyyat, 2004, 336 s.

7. Füzuli M. Əsərləri. III cild. Bakı: Şərq-Qərb, 2005, 472 s.

8. Vidadi M.V. Əsərləri. Bakı: Öndər nəşriyyat, 2004, 336 s.

9. Azərbaycan folkoru antologiyası. Naxçıvan folkloru. Bakı: Sabah, 1994, 388 s.

10. Bağdadbəyov C. Xatirələr və etnoqrafik qeydlər. Bakı: “Qapp-poliqraf” korporasiyası, 2002, 128 s.

11. Şamil Ə. Novruz bayramında “Xanbəzəmə” və oradakı arxaik ünsürlər. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiq­lər (otuz birinci kitab). Bakı: Nurlan, 2009, 158 s. s. 117-128.

12. Axundzadə M.F. Əsərləri. Üç cilddə. I cild. Bakı: Şərq-Qərb, 2005, 296 s.

13. Yunq K.Q. Analitik psixologiyanın poetik-bədii yara­dı­cılığa münasibəti (tərcümə). Qocayev M.Q. Bədii ədəbiyyatda insan fəlsəfəsi. Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2001, 220 s. s.190-218.

14. Şəhriyar M. Seçilmiş əsərləri. Bakı: Avrasiya-Press, 2005, 408 s.
RAMIN ALLAHVERDI

NOVRUZ IN THE CLASSIC LITERATURE OF AZERBAIJAN

SUMMARY

The holiday of Novruz is reflected large form in the classic literature. In the article indicate examples of the literary activities of Nizami, Xaqani, Nasimi, Fizuli, Vidadi, M.F.Akhundov. Theses exam­ples is discovered tracks of holiday of Novruz in the classic literature.



Key words: Holiday of Novruz, classic literature, Nizami, Xaqani, Nasimi, Fizuli, Vidadi, M.F.Akhundov
РАМИН АЛЛАХВЕРДИ

НОВРУЗ В ТВОРЧЕСТВЕ НИЗАМИ И АЗЕРБАЙДЖАНСКОЙ КЛАССИЧЕСКОЙ ЛИТЕРАТУРЕ

РЕЗЮМЕ

Праздник Новруз широко отражен в классической литера­туре. В статье показаны конкретные образцы в творчестве таких гениев, как Низами, Хагани, Насими, Физули, Видади, М.Ф.Ахун­дова. На базе этих образов выявляются следы Новруза в классической литературе.



Ключeвые слова: Праздник Новруз, классическая литера­тура, Низами, Хагани, Насими, Физули, Видади, М.Ф.Ахундова
Nailə ƏSKƏR

AMEA Folklor İnstitutu

qaracantali@live.com
NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ”

POEMASINDA DEYİMLƏR VƏ MƏSƏLLƏR
Nizami Gəncəvi orta əsrlər Azərbaycan intibah ədəbiy­ya­tının böyük şairidir. Dövrün tələblərinə uyğun olaraq əsərlərini klassik poeziyanın dili sayılan farsca yazan Nizami yaradıcılığa lirik şeirlərlə başlamışdır. Şairin ilk irihəcmli əsəri olan “Sirlər xəzinəsi” poeması məsnəvi şəklində və qismən sufi eposu ənə­nələri çər­çivəsində qələmə alınmışdır. Bu əsərin yazılmasında XI əsr fars şairi Sənani Qəznəvinin “Həqiqət ül-həqayiq” əsə­ri­nin təsiri böyük olmuşdur. Nizami sonrakı dörd poemasını ya­zarkən sufi eposunun gətirdiyi ənənələri aşmış və bu əsərlərində heç bir poetik təlimin təsirində qalmamışdır. Şübhəsiz ki, böyük şairin dünyagörüşünün formalaşmasında o dövr üçün səciyyəvi olan təsəvvüf təlimlərinin və Şərq fəlsəfi cərəyanlarının təsiri olmuşdur. Bununla belə, “Sirlər xəzinəsi”ni bütünlüklə sufi əsəri hesab etmək doğru sayılmaz, çünki əsərdə janrın ənənəvi prin­siplərinə əməl edilmir, ictimai-sosial problemlərə toxunulur və dünyəvi dəyərlərdən bəhs olunur. “Sirlər xəzinəsi” struktur eti­barı ilə sufi eposu hesab olunsa da, məzmun etibarı ilə bu ənə­nəyə tam sadiq qalınmır (6, 73-78).

Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasını 1174-cü ildə yazmağa başlamış və iki il ərzində əsəri tamamlamışdır. "Sirlər xəzinəsi" "Xəmsə"nin başqa poemalarından fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Əsərdə öz əksini tapan bir çox problemlərin həllində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaq­larına, eləcə də folklora müraciət edən şair əsərin yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş his­səsindən, 20 məqalət və buna bağlı 20 epik hekayətdən ibarətdir.

Nizami Gəncəvi bütün əsərlərində olduğu kimi “Sirlər xəzinəsi”ndə də şifahi xalq ədəbiyyatının bir çox janrlarından, o cümlədən əsatir, əfsanə, rəvayət, deyim və məsəllərdən bəhrə­lənmişdir. Akademik Həmid Araslı, prof. Cəfər Xəndan, prof. Sədnik Paşayev və digər alimlərimiz Nizami və folklor mövzu­sunda araşdırmalar aparmış, Nizami dühası ilə ölməzlik qazan­mış şifahi xalq incilərini tədqiq etmişlər.

Uzun illər Nizami Gəncəvinin əsərlərində xalq yaradıcı­lığının izlərini araşdıran folklorşünas alim, prof. Sədnik Paşayev çox haqlı olaraq belə bir qənaətə gəlmişdir: “Nizami yaradıcılığı Azərbaycan folkloru ilə, öz növbəsində Azərbaycan folkloru da Nizami yaradıcılığı ilə elə qaynayıb-qarışmışdır ki, hətta müəy­yən mənada bunları bir-birindən ayırmaq, kimin kimdən istifadə etdiyini çox vaxt aydınlaşdırmaq çətinlik törədir” (12, 48).

Nizami “Sirlər xəzinəsi”ni yazarkən xalq arasında yaşayan və günümüzə qədər gəlib çatmış rəvayət, əsatir və əfsanələrdən, mifoloji mətnlərdən geniş şəkildə istifadə etmiş, şifahi xalq yaradıcılığının bir çox incilərini məharətlə yazılı ədəbiyyata gətirmişdir. Bunlara “Süleyman və əkinçi”, “Nuşirəvan və bay­quşların söhbəti”, “Firidun və maralın dastanı”, “Kərpic kəsən kişinin söhbəti”, “Bülbül və qızılgül”, “Bir-biri ilə çəkişən iki həkimin dastanı” və digər hekayətləri misal göstərmək olar.

Bu gün toplanaraq çap olunmuş bir çox rəvayət və əfsanə­lər də vardır ki, “Sirlər xəzinəsi” poemasındakı hekayətlərlə çox ya­xın­dan səsləşir. Məsələn, “Bir şahzadənin dastanı” hekayəti xalq arasında yaşayan “Bostan əhvalatı” rəvayəti ilə, “Harun ər-Rəşid ilə dəlləyin dastanı” hekayəti “Xan yurdu” və “Əsir pad­şah” əf­sa­nələri ilə, “Sultan Səncər və qarı” hekayəti “Şah və qa­rı” əfsanəsi ilə və s. forma və məzmun baxımından eyniyyət təşkil edir.

Bütün xalqların tarixində şifahi, yəni sözlü ədəbiyyat yazılı ədəbiyyatdan əvvəl yaranmış və tarixi inkişaf yolu keçmişdir. Yazılı ədəbiyyat bütün hallarda şifahi ədəbiyyatdan bəhrələnmiş və özəyini burdan almışdır. Şifahi xalq ədəbiyyatı həyatın müx­təlif sahələrinə aid ibrətamiz, məzmunlu qısa kəlamları və xalq sınağından keçərək çilalanmış inancları ümumiləşdirərək nəsil­dən-nəslə ötürmüşdür. Bütün dünya xalqlarının mədəniyyət ta­rixinə nəzər salarsaq görərik ki, xalqların öz həyat tərzi, məişəti və dünyagörüşünə görə xalq deyimləri və məsəlləri; ibrətamiz və hikmətli sözləri formalaşmışdır.

Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində istifadə etdiyi və obrazların dili ilə söylədiyi xalq deyimləri və məsəllər demək olar ki, çox az fərqlə bu gün də dilimizdə işlədilir.

Akademik Həmid Araslının çox doğru olaraq göstərdiyi kimi “Sirlər xəzinəsi”ndə hər beytdə bir aforizm canlanır (2, 48).

Bu aforizm və xalq deyimlərinin bəzilərinə nəzər salaq.

Nizaminin sadə əmək adamlarının halal əməyini və zəh­mətini tərənnüm edən bu misraları xalqın işlətdiyi “Səndən hə­rəkət, məndən bərəkət” deyimindən yaranmışdır:

Halal zəhmət itməyib əlləşmək deyil eyib,

Tanrı səndən hərəkət, məndən bərəkət deyib (10, 83).

Həm şifahi, həm də yazılı ədəbiyyatımızda geniş istifadə olunmuş bir məsəl var: misilsiz gözəlliyi ilə könülləri məftun edən tovuz quşunun ayaqlarının çirkinliyi həmişə onun başının qaxıncı olub. Bunu bəzən maral üçün də söyləyirlər. Şair tovuz quşuna xas olan həmin özəlliyi aşağıdakı kimi verir:

Zər qanadı, görkəmi bir tamaşa tovuzun,

Ayağının eybini qaxma başa tovuzun (10, 111).

Xalq arasında tülkü həmişə hiyləgər, fəndgir bir heyvan kimi məşhur olub. Bu haqda onlarca hekayə və əfsanə vardır. Tülkü bir təhlükə hiss etdikdə qaçmaq üçün yuvasına ehtiyat bir deşik daha açır. Bunu bilən mahir ovçular tülkünü ovlayarkən yuvasında olan iki deşikdən birini əvvəlcədən bağlayır və çox zaman onu dışarı çıxara bilmək üçün yuvanı tüstü ilə doldu­rur­lar. Həmin hadisəni şair aşağıdakı kimi şərh edir:

Zirək tülkü itlərdən daim qorxub qaçsa da,

Yuvasından çıxmağa iki deşik açsa da,

Qurtarmayıb ölümdən kələk onu yuvada,

Tüstüsüylə boğubdur fələk onu yuvada (10, 117).

Xalq arasında bir çətinliyə düşmüş insana təsəlli olaraq “Allah dadına çatsın” deyirlər. Nizami Gəncəvi bunu bədii ola­raq bu şəkildə qələmə alır:

Həsrətini çəkənlər düşdü can harayına,

Haraya çağıranın özün çat harayına (10, 37).

El arasında qaradinməz, tənha insana adamayovuşmazdır, yalquzaq canavar kimi tək gəzir, deyirlər. Nizami bu məsəli kü­lək haqqında obrazlı olaraq belə ifadə edir:

Yalquzaqtək gəzməyi yerə xoşdur küləyin,

Arxayındır, boş gedir, əli boşdur küləyin (10, 123).

Bu gün də xalq arasında işlənən “Ağılsız dostdan ağıllı düş­­mən yaxşıdır” məsəli Nizami yaradıcılığında öz əksini özü­nə­məxsus şəkildə tapır:

Fələk açsa başına nə pəstaha yaxşıdır,

Nadan dostdan ağıllı düşmən daha yaxşıdır (10, 139).

"Pişik öz balasını çox istədiyindən yeyər" məsəli hər za­man aktual və işlək olmuş məşhur bir məsəldir. Nizami burada pişiyin irsi xüsusiyyətini nəzərə alaraq məsələni belə şərh edir:

Bir-birinə isnişib həyan olar pişiklər,

Balasını istəkdən yeyən olar pişiklər (10, 140).

Azərbaycan xalqının mütəfəkkir oğlu, filosof, şair dahi Ni­zami Gəncəvinin bəşəriyyətə bəxş etdiyi, bu gün dünya ədə­biy­ya­tının ortaq malı olmuş poemalarının hər biri dünya dur­duqca yaşa­yacaq ölməz söz xəzinəsidir. Mənbəyini Azərbaycan folklorundan almış bu söz xəzinəsi humanist ideyalar tərənnüm edən bəşəri duy­ğular carçısı, ədalət, məhəbbət fədaisi və mü­ba­riz təbliğatçısıdır.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə