Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,36 Mb.
səhifə2/11
tarix13.12.2017
ölçüsü1,36 Mb.
#15385
1   2   3   4   5   6   7   8   9   10   11

Cəmiyyət


Mənəvi aləm


İnsan-Adəm





Dünyagörüşləri – inam - din

Eşq

dastanı

Qələm sahibi və hökmdar


1. Ədəbilik//Sözün əzəli. Azərbaycan mifoloji dünyagö­rü­şündə bütün maddi və mənəvi ünsürlərdən əvvəl də, sonra da bir əbədi mövcudluq var, o da Yaradıcıdır. Buna uyğun Nizami ya­zır ki:

O var ikən hələ [göylər] və yastı [yerlər] yox idi,

İndi mövcud olanlar olmayanda da o, var olacaq.1

Şair dünya yaranmamışdan qabaq ancaq Allahın tək halda varlığını və daimiliyini təsdiqləyir. Əksər mifoloji sistemlərdə ya­radıcıyadək yaşayışın olması göstərilir. «Avesta»da əsas yara­dıcı Ahur-Məzda kimi səkkiz tanrıdan söhbət gedir. Yeri, Göyü yaradan Ahur-Məzdın dünyaya gəlməsi üçün zaman və tale tanrısı Zirvan min illər boyu qurbanlar verir. Deməli, mücərrəd məkanda və mifik zamanda başqa varlıqlar mövcud imiş ki, on­ları qurban da kəsirdilər. Yaxud yunan mifologi­yasın­da dünya­nın əsas elementlərini köməkçi tanrılar vasitəsi ilə ya­radıb idarə edən Zevsə qədər Kronun çoxsaylı icadları olmuşdur. Belə mifoloji sistemlərdə dünyanın başlanğıcı dumanlı təsvir edilir və insanların sitayiş etdiyi əsas yaradıcılar onlaradək qurulan dünya modelində restovrasiya (köklü dəyişikliklər) edirlər, bir növ onu durğunluqdan çıxardıb hərəkətə gətirir, tamamlayırlar.

Yaradıcının mütləqliyi, daimiliyi, vahidliyi, birinciliyi, il­kin­lərin ilkini olması ideyası Azərbaycan mifik görüşlərinin ar­xaik nağıl, qəhrəmanlıq eposu, klassik ədəbiyyatdan başlamış son zamanlarda xalqın dilindən yazıya alınan inanclara, mif mətn­­lərinədək müxtəlif qaynaqlarında özünə geniş yer tapır. Mə­­sələn, «Lap qabaxlar Allahdan başqa heç kim yoxuymuş. Yer üzü də başdan-ayağa suyumuş. Allah bu suyu lil eliyir. Sonra bu lili qurudup torpax eliyir. Sora torpaxdan bitkiləri cücərdir. On­nan sora da torpaqdan palçıx qəyirip insannarı yaradır, onnara uruh verir».2

2. Yaradıcı adları // Tövhid. Göylə Yerin birliyi, yəni yaradıcının insanlara, təbiətə yaxınlığı. «Qabaxlar göy yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan tökürdülər, bərəkətin qədrini bilmirdilər. Bunu görəndə tanrının qəzəbi tutdu, göyü yerdən uzaqlaşdırdı».3

Nizami birmənalı şəkildə hər şeyin başlanğıcını Allah və onun müqəddəs adları ilə əlaqələndirir və əsərlərinin əvvəlində bir sorğuya cavab axtarır:



Ey adı ən yaxşı başlanğıc olan!

Sənin adın olmadan kitabı necə başlayım?4

3. Qərar. Proses. «Kun // Ol» əmri. Nət. Münacat. Şair dün­yanın mənəvi amillər üzərində qurulduğunu irəli sürür. Çün­ki ilk olaraq Allah ağlın irəli sürdüyü sözləri - yaranışların adla­rı­nı dilinə gətirmiş, sonra doğulmaq əmrini vermişdir. Lakin mə­nəvi amillərin təsiri olmasaydı, maddi şeylər cansız, hərə­kət­siz, dəyiş­məz qalardı. Onları əlaqələndirən, bir-biri ilə bağlayan və ayı­ran da mənəvi ünsürlərdir. Nizami Yaradıcının düşünüb qəra­ra aldıq­larını sözə çevirib əmr verməklə gerçəkləşdirdiyini söyləyir:

Ey əmri mütləq təsirə malik olan!

Sənin əmrinlə kainat törəmişdir.5

Göyün - yaradıcının üz döndərməsinin səbəbinin insan­ların şərə, pis əməllərə meyl etmələri ilə izahı: «Əzəli yer üzün­də heş nə yoxuydu. Elə vaxd öz-özünə cəlif keçirmiş. Sonra heyvanlar, cücülər, otdar, ağaşdar yarandı. Lap axırda Allah adamları yaratdı. Bullar yer üzündə o qədər artıf törədilər ki, dünya bullara darrığ elədi, insannar başdadılar bir-birinə pisdih, paxıllığ eləməyə. Bunu görəndə Göy acıxlanıf yerdən aralandı. O vaxtdan da bərəkət azalıf, çörəh daşdan çıxır».6 Nizamidə də həmin inancın eyni şəkildə izahına rast gəlirik:

Ey uca göyü qaldıran,

...Səcdədən boyun qaçırmış o naəhlin isə

Qapısı qıfıl üstündən bağlandı».7

4. Ünsürlər arasında əlaqələrin münasibətlərin qu­rul­ması // Məkan, zaman kəmiyyətin vəhdəti. Bütün yara­nış­ların mayasında dörd ünsür dayanır. Su, od, torpaq ha­va­nın vəhdəti ilə zamanın çıxışı, məkanın isə ilk dayanacağı müəy­yənləşir. Vahiddən zərrələr ayrılır, varlıqlara çevrilir, hər şey ikiüzlü formalaşır, rəqəmlərin ardıcıllığı fəaliyyətin və inkişafın mərhələlərini təyin edir. Tərəzinin bir gözü olsaydı, ölçülərin bərabərliyini, tarazlığını tapmaq mümkün olmazdı. Dünya birüzlü yaranıb zaman və məkanla ikiləşəndə (gecəli-gündüzlü, istili - soyuqlu, dağlı - düzənli ) biri o birinin tərsi kimi meydana gəl­mişdi. Varlıqlar cütləşəndə bir birinə əks tərəflərdə durmasay­dı, təbiət durğunluqdan çıxa bilməzdi. Nizami yazır ki:

[Əlindəki] şey istər arpa, istər qara pul olsun,

Onda dörd gövhərdən [torpaq, od, su, hava]hər şey var.8

Yaxud:


Bir atla elə çapdın ki,

İki atlı [gecə-gündüzlü] dövranı arxada buraxdın,

Fələyin (bağı) dörd bir tərəfdən

Sənin mərhəmətindən min bəhər verdi.9

Göründüyü kimi, şairin təsvir ustalığında sakral rə­qəm­lər əsas poetik vasitələrdən biridir. Eləcə də başlanğıcda zaman və məkan mücərrəd olsa da, çox hallarda torpaqla, yerlə əlaqələnir.

5. Dünyanın quruluşu. Dünya yeddi qatlı təsvir olunur. «Göyün yeddi qatı var. Birinci qat torpaxdı ki, qara camahat yaşayır. Sonrakı qatlarda huri-pərilər, qılmannar, peyğəmbərlər yaşayır. Lap yeddinci qatda isə Allah öz taxtında oturup dünyanı idarə eləyir».10

Nizamidə bu məsələyə ikili münasibət özünü göstərir:

a) dünya doqquz qatdan ibarətdir:

«Doqquz fələk öz gözlərindən ona kəcavə düzəltdi.

Zöhrə və Ay ona məşəltutan oldular».11

v) eləcə də mif mətnində verildiyi kimi dünya yeddi qat­lıdır:



Yeddi göyün bir zərrəsi olan biz,

Sənin yeddi xaricindən xaricik.12

Yaxud:


Sən fələyə yeddi düyün vurdunsa,

Onunla yetmiş düyün açdın.13

6. Yaranışlar. «Sənin varlığın özündədir, Səndən əvvəl heç bir varlıq olmamışdır»14 - deyən Nizamiyə görə, Allah əvvəl göy qatlarını, sonra sudan yeri yaradır, orada insanları yerləş­dirib yağış damcıları ilə torpağı cana, bərəkətə gətirir. Maraq­lıdır ki, miflərdə olduğu kimi, Nizamidə də suyun günəş istisi ilə qurudulub qatı məhlula, isti məhlulun soyudulub yaş torpağa çevirməsinə işarə olunur:

Sən göyləri qurub ucaltdın,

Yeri isə onların güzərgahı etdin.

Sən bir damcı sudan yaratdın

Günəşdən də parlaq gövhərləri...

Sən «Yağ» deməyincə, göy yağdırmaz,

Sən «Gətir» deməyincə, torpaq məhsul gətirməz...

İstini, soyuğu, qurunu və yaşı

Biri-birilə əndazəsincə qarışdırdın,

Elə bir (kainat) yüksəltdin və (onu) elə bəzədin ki,

Ağıl ondan yaxşısını təsəvvürünə gətirə bilməz.15

Mifik təsəvvürlərdə bəzən yaranışların mənbəyi Günəş, Ay və Ulduzlarla bağlanır. «Cinnər həmmişə istəyillər ki, adamnara pisdih eləsinlər. Bir də görürsən ki, cinnər göyə qalxıp ya Günü, ya da Ayı tutdular, qabağa örtük çəkip qoymadılar ki, işıxları yerə düşsün».16

7. İlk insanın Yer üzünə gəlməsi // Adəm. Nizaminin qə­naə­tində xəta işlətdiyinə görə cənnətdən qovulub yer üzünə göndərilən ilk insanAdəm türk olmuşdur.

Türkün mifoloji dünyagörüşündə belə bir təsəvvür var ki, yer üzünün ilk insanı Adəm ayağını torpağa basanda türk dilində danışmışdır. Ulularımız gələcək nəsillərə mifoloji görüşlərdən götürdükləri bir qənaəti həmişə örnək tək vurğulamışlar. Türkün dünyanın qədim və köklü sakini olduğunu hamıdan öncə böyük Nizami qeyd etmişdir. O, bəşəriyyətin atasının milliyyətindən danışanda bu qənaətə gəlir ki, Adəm də mənşəcə türkdur. Şairin «Sirlər xəzinəsi» poemasında oxuyuruq:



«[Alah] Adəmi öyrətdi» [ayəsi] onun pak sifətinədir...

O, həm ev-eşiyini, həm də [behişt] bəzəyini tərk edərək

Elə bir danənin tələsinə düşdü ki,

O [danə] «Allah sənə şükür!» duasına da layiq deyil...

O, ay kimi Xətay türkü oldu,

Və xəta zülfünü papağının altında gizlətdi17.

Şair ayəni Qurandan götürmüşdür, lakin müsəlmanların müqəddəs kitabında yazılmamışdır ki, Adəm xəta işlətdiyinə görə yer üzünə Xətay türkü sifətində göndərilmişdir. Eləcə də bə­şərin atasının Aya bənzədilməsinə də Quranda işarə edilmir. Adama elə gəlir ki, Nizami Adəm peyğəmbərdən deyil, Ay ka­ğanın bətnində ikən Allaha tapınan Oğuzdan danışır. Ola bilsin ki, Böyük türk sərkərdəsi Şah İsmayıl da özünə bu səbəbdən «Xətai» ləqəbini götürmüşdü. Maraqlıdır şairin qənaətinə görə, Adəm ay kimi Xətay türkü olub xəta zülfünü papağının altında gizlədir. Papağın məhz çox əski çağlardan Türkün qeyrət, namus rəmzinə çevrilməsinin kökündə bu qənaət dayanır.

Bir fakt da heyrət doğurur: «Qayğısız Abdal» təxəllüsü ilə şeirlər düzüb-qoşan türk xalq təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi Alaiyeli Əlaəddin Gaybi XIV yüzildə Ulu soydaşı Nizaminin səsinə səs vermişdir. O, Adəm peyğəmbərin «türklü­yünü əsaslandıran» bir mifi xalq dilindən götürüb nəzmə çək­mişdir. Nizaminin və Qayğısız Abdalın yaşadığı bölgələrin ağ­saqqalları danışırdılar ki: «Məlum səbəbdən həzrət Adəmin cənnətdən çıxması əmri verilir. Fəqət həzrət Adəm «bəlkə, əf edildim» - ümidi ilə bir müddət orada qalır. Bu durumu görən Cənab-i Haqq Cəbrayıla buyurur: «-Ya Cəbrayıl, get Adəmə söylə, Cənnətdən çıxsın!» Cəbrayıl vəzifəsini o dəqiqə yerinə yetirir. Lakin Həzrət Adəm cənnətdə qalmaq arzusunda və günahının bağışlanmasında yenə israrlı görünür. O zaman Cə­nab-i Haqq Cəbrayıla təkrar buyurur: «-Ya Cəbrayıl, get Adəmə TÜRK DİLİNDƏ söylə, durmasın, cənnəti ən qısa zamanda tərk etsin!..» [3, 259].

Göründüyü kimi, Allah Adəmin günaha batıb adiləşəndən sonra ilahi aləmdəki deyimi anlamadığını görür və öz mələyinə göstəriş verir ki, onunla yer əhli üçün ayırdığı dildə danışsın. Bu gün Azərbaycan türklərinin gündəlik söhbətləri zamanı fikrini düzgün anlada bilməyənə, kəlmələri baş-ayaq söyləyənə, tələf­füz qaydalarına riayət etməyənə qarşı acıqlanıb belə bir cümlə işlədirlər: «Sözünü Adam dilində söyləsənə!» Yaxud «Adam kimi danışsana!..» Bu o anlamı verir ki, ulu əcdad Adamın cən­nətdən özü ilə gətirdiyi dili – türkcəni qoyub yad sözlər işlətmə. Bizcə, bu, Nizaminin və Qayğısız Abdalın faydalandığı əsatirin əsrlərin sınağından keçərək xalq məsəlinə çevrilməklə şifahi yolla zəmanəmizə çatdırılmasıdır.

Qayğısız Abdalın «Gülüstan» əsərindəki mənzum parça da­ha dolğun və poetikdir:
«GÜLÜSTAN»NIN ORİJİNAL MƏTNİ:
Nak buyurdu Cebraile var didi,

Ademi cennet içinden sür didi.

Geldi Cebrail Ademe söyledi,

Haq (buyruqanı) ayan eyledi.
Cebrail didi:

«Çıgil Uçmag»dan Adem,

Tanrıun buyraqı budur iş bu dem.
Nice ki söyledi her-giz gitmedi,

Cebrailun sözünü işitmedi.
Türk Dilin Tanrı buyurdu, Cebrail,

Türk Dilince söylegil dur git digil.
Türk Dilince Cebrail «Hey dur» didi,

«Dur-gel uçmaqun terkin ur» didi18.
AZƏRBAYCAN TÜRKCƏSİNƏ ÇEVRİLMƏSİ:
Haqq çağırıb, Cəbrayıla «get» dedi,

«Adəmi cənnətdən sürgün et» - dedi.
Cəbrayıl Adəmə çatıb söylədi,

Haqqın buyruğunu əyan eylədi.
Cəbrayıl: «Cənnətdən get, - dedi, - Adəm!

Tanrının əmrini icra et bu dəm».
Nə qədər söylədi, Adəm getmədi,

Cəbrayılın sözün heç eşitmədi.
«-Cəbrayıl,Dur, get,

Türk dilində söylə və sayıl».

Cəbrayıl tez türkcə: «Adəm, get!» – dedi,

«Hey, dur-get, cənnəti tez tərk et» - dedi19.

Əbbürrəhman Gözəl Qayğısız Abdalın məsnəvi forma­sın­da qələmə aldığı mifin şərhini belə açıqlayır: «İşte bu buyrukdan sonra Hz. Adem cennetten çıkar. Kayqusuz bu eseriyle Hz. Ade­min de Türkçe ile anlaştıklarını özellikle ifade etmektedir. Yani Kayqusuz Abdal, Türkçeyi «İlk insan Hz. Adem»in de bildiğini, kendisine cennette bu dille hitabedildiğini, bu dili anladığını ve bu sebeple de cennetten çıktığını vurğulamaktadır»20. Öz kökü­nə Nizami və dilinə Qayğısız Abdal qədər vurğun olan ikinci bir sənətkarı göstərmək çətindir. Bu faklara mifoloji sistem, struktur baxımından nəzər salanda ilahi əlifbanın da türkə Yer üzündə Adəm övladları arasında ünsiyyət, birlik yaratmaq, mədəniyyətə yiyələnmək vasitəsi kimi türklər tərəfindən icad edildiyi anlaşılır.

8. Allahın seçimləri: peyğəmbərlər\\Sitayiş. Merac

9. Dünyanı idarə edən qüvvə – məhəbbət.\\ varlıqların öz başlanğıcına və insanların haqqa çatmaq təşəbbüsləri. Dün­yanın dağdan idarə olunması. Bu ideyanın XII yüzillikdə yazıya alınan («Munisnamə») mifik modeli göstərir ki, Azərbay­can türklərində dünya dağına inam çox güclü olmuşdur. Xalq arasında dillər əzbəri olan bir silsilə bayatıların bu gün də dağ­lara müraciətlə (A dağlar, ulu dağlar...) başlanması, insanların dərdlərini ulu dağlarla bölüşməsi bu inancdan doğur:

A dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölüb,

Göy kişnər, bulud ağlar.21

10. Təbiət // Yerin faunası florası əmələ gəldikcə məkan zaman mücərrədlikdən çıxıb konkretləşir.

11. Cəmiyyət // İqtidarlar, sənətkarlar rəiyyət qarşı­laş­dırılır. Mənəvi amilinbədii sözün yaşadılması üçün bi­rin­cilər mədh edilir.

12. Dünya daimidir/Dünya fanidir // İnsanın maddi tərəfibədən, cisim dəyişsə (torpağa çevrilsə ), mənəvi gös­təriciləri - söz yaxşı ad həmişə qalır//Həyat şirin görün­sə , ölüm haqq sayılır.

13. Zaman daim irəliyə doğru addımlayır // Keçmişə qayıtmaq mümkün deyil.

14. Hər şey kəmiyyətlə tarazlanır // Rəqəmlərin sakrallığı ilə dünyaqurmanın mərhələləri əsas strukturları işarə­lə­nib özünü təsdiqləyir.

15. Sözün qüdrəti // Hikmət mövizə(nəsihət) mey­dan verilir. Şair özü ailəsi haqqında açıqlamalar edir.



Y.M.Lotman yazır ki, poeziya mifə nəsrdən daha yaxındır.22 Böyük rus şairi Puşkinin həyatının bəzi məqam­larının süjetli şeirlərdə işarələrlə verildiyini nəzərə alan alim onun yaşadığı dövrdə senzura qadağalarına baxmayaraq, bədii sözün gücü ilə sürgün illərinə aid əhval-ruhiyyələrini qələmə aldığını bildirir. Bu mənada Nizami poeziyasında onun öz obrazının təsvirində iki cəhət nəzərə alınmalıdır.

Birincisi, klassik Şərq əlyazması – kitab tərtibi ənənə­si­nə görə şairin özü və ailəsi haqqında yazdığı fəxriyyələr, əh­val-ruhiyyəsini əks etdirən poetik parçalar, oğluna müra­ciət­lərdir ki, demək olar ki, «Leyli və Məcnun» poemasının rəs­mi hissəsində hər birinə rast gəlirik.

İkincisi isə Y.M.Lotmanın irəli sürdüyü şəkildə şairin do­layı yolla dövrünün olaylarını içərisindən keçirib bədii di­lin imkanları ilə süjetlərin içərisində əritməsidir. Əlbəttə, 850 il keçəndən sonra onları üzə çıxartmaq, müəyyənləş­dir­mək üçün birinci məlumatlar açar rolunu oynayır.

16. Sözün müqəddəsliyi: «Qurani-Kərim»//«Leyli və Məcnun» dastanının əsas mətni:

  1. İnsan doğulur,

  2. boya-başa çatır,

  3. təlim-təhsil alır,

  4. özünü dərk edir,

  5. sevib-sevilir,

  6. eşqi cəmiyyətdə inkar edilir,

  7. şərlə qarşılaşır,

  8. mübarizə aparır,

  9. acı-ağrı çəkir,

  10. gerçək aləmin naz-nemətdən əlini üzür,

  11. vüsala yetir,

  12. dünyasını dəyişir,

  13. haqqa qovuşur!..

«Hikmət mövizə (nəsihət) haqqında» başlıqlı böl­mə­də Nizaminin ictimai-fəlsəfi görüşləri özünə yer tapır. Şair Allah və peyğəmbərə müraciətdə irəli sürdüyü fikirlərini daha gerçək dəlillərlə əsaslandırır, müasirlərini düşündürən bir çox sorğulara özünəməxsus şəkildə cavab tapır. İlk növbədə insanın fəaliyyə­tini günəşin çıxıb-batmasıyla müqayisə edən sənətkar səxavətli olmağı ən gözəl keyfiyyətlərdən biri sayır. O, səxavəti elə bu­luda bənzədir ki, yağışı həmişə təmannasız yağdırmağa qadirdir. Günəş hər gün öz nurunu mənfəət güdmədən dünyaya payladığı kimi insanlar da getdikləri yol uzunu səxavət göstərib kisə-kisə qızıl səpməlidirlər. Nizami «ümumi bar zamanı»ndan, yaxud «ümumi bəxşiş vaxtı»ndan bəhs açır. Bu elə bir çağdır ki, im­kanlılar verdikləri borcu halal etməlidirlər. Hər kəsdən soruşul­malıdır ki, zəmanənin yoxsulluğundan yaxasını necə qurtarsın. Allah şirin sözləri yer üzünə səpməklə varlıqları, təbiəti, gözəl şeyləri qənaət, mənfəət güdmədən yaratmışdır, buna uyğun bə­şər övladı da Ümumi Bəxşiş günündə varını-yoxunu əsirgəmə­dən elə etməlidir ki, hamının üzü gülsün. Şair sanki «Kitabi-Dədə Qorqud»un son boyunda oğuzların qədim «pay bölgü­sü»nə işarə edir: «Üç Oq, Boz Oq yığnaq olsa, Qazan evin yağ­ma­ladardı. Qazan gerü evin yağmalatdı. Amma Daş Oğuz bilə bu­lınmadı. Həmin İç Oğuz yağmaladı. Qaçan Qazan evin yağ­malatsa, halalınıñ əlin alur, dışra çıqardı, ondan yağma edərdi».

Sadələşdirilmiş mətn: «Uc ox vә Boz ox tayfaları bir yerә toplaşanda Qazan adәt üzrә evini talan elәtdirәr, şey-şüyünü bölüşdürәrdi. Amma bu dәfә Qazanın şeylәri talan edildikdә Daş Oğuz orada deyildi. Talanda ancaq İç Oğuz iştirak etdi.Qazan oz şeylәrini talan elәtdirәrkən arvadının әlindən tutub kәnara çıxar, ondan sonra ev-eşiyini oğuz әһlinin ixtiyarına verәrdi». Azər­baycan türklərinə aid ilkin adətlərdən biri eposda «evini yağ­malatmaq» şəklində işlənir. İkinci boyda Qazanın yurduna düş­mənin qəfil basqınını ifadə edəndə bu sözün həmin anlamı ver­diyi şübhəsizdir. Lakin sonuncu boyda tamam başqa məna yü­künü daşıyır. Burada məhz Nizaminin işlətdiyi şəkildə «ümumi bar zamanı»ndan, yaxud «ümumi bəxşiş vaxtı»ndan danışılır. Ona görə də «yağmalatmaq» deyəndə «var-dövlət yaymaq», «bar əldə etmək», «paylaşdırmaq» və «bölüşdümək» fikrinin irəli sürüldüyü nəzərə alınmalıdır.

Dünya ikiüzlü yaranıb, yaxşının - pisin, gecənin – gün­düzün, xeyirin - şərin də öz yeri olub. Hər kəs əməlinə görə qa­zanca sahib durub. Başqasına çatanı mənimsəmək mümkün de­yil. Şair deyir ki:

Mən bütün bədənə qida verirəm,

Ciyərin payı isə onun özünə çatacaqdır.23

Nizaminin irəli sürdüyü prinsipə «Dədə Qorqud»un son boyunda düzgün əməl edilmədiyi – Dış Oğuzun payı da İç Oğuza verildiyi üçün tarazlıq pozulur və bir tayfa içərisində düşmənçilik toxumu səpilir, qardaş qardaşa əl qaldırır, qan tö­külür. Çünki Ümumi Bəxşiş günündə ayrı-seçkilik toxumu sə­pənlər – qılbaşlar və onların fitvasına uyanlar – qazanlar, aruz­lar bilməli idilər ki, «Hər zərrə toz olsa belə dünya pərdəsində bir işə yarayır». Yeddi hasar – yeddi göy əyləncə xətrinə yük­səl­məmiş, göyün pərdəsi altındakı yeddi qübbə boş yerə yaran­ma­mışdır. Ötüb-getməkdə olan həyat müqəddiməni xatırlatsa da, şəhvət, yeyib-içmək üçün deyil və yer üzündə heç nə oyun­caq kimi doğulmamışdır. Nizami nəsihət edir ki, varlıqların funksi­yalarını dəyişik salmaq olmaz. Pay bölgüsündə tərəfkeşlik et­mək yaramaz. Eləcə də insanları hərislik və fəaliyyətsizlikdən uzaqlaşdırmaq lazımdır:



Yeyib-yatmaqdan çəkinə bilsən yaxşıdır,

Çünki bunlar öküz və eşşəklərdə də vardır24.

Nizaminin axtarışlarının həddi-hüdudu yoxdur. O, sirləri öyrənmək məqsədini qarşısına qoyanda dar çərçivəyə qapanıb qalmır, hərtərəfli biliyinin, təcrübəsinin və qeyri-adi istedadının, yüksək qabiliyyətinin hesabına dünyanı qlobal şəkildə götürür, varlıqların yaranması, fəaliyyəti, inkişafı, dəyişməsini əsil alim-araşdırıcı kimi şərh edir. «Diqqətlə baxaq, sirri axtaraq, işin tel ucunu – mənşəyini tapaq» – deyən şair yaxşı anlayır ki, yeri də, göyü də dərk etmək, birər-birər bunu da, onu da öyrənmək üçün maddi və mənəvi şeylərin təbiətinin hansı mayadan yoğruldu­ğunu bilməlidir. Mövcudatın vahid başlanğıca malikliyini, eyni nöqtədən idarəsini yaxşı anlayan Nizaminin bəzi qənaətləri müa­sir alimlərin, o cümlə­dən K.Yunqun nəzəri müddəaları ilə üst-üstə düşür. İsveçrəli alim insan şüurunun kənar qüvvədən (şərti olaraq «libido» alandırır) asılılığını elmi eksperimentlərlə sübuta yetirir.

Azərbaycan xalqının müdrik bir atalar sözündə deyilir: «Hər şeyin bir yaradıcısı var». Nizaminin və K.Yunqun qənaət­lərində də dünyanın hamıya daimi görünən elementləri dərkedil­məz enerjinin yardımı ilə meydana gəlib fəaliyyət göstərir.

Dünyada kim elə bir ayna görmüşdür ki,

Əvvəldən ona (cila) vurulmamış olsun?!25

– sorğusunu açıqlayanda ağlın qəbul etmədiklərinin, daha doğ­rusu, müasirlərinin başa düşmədiklərinin şərhinə çalışır. Şairin məsləhətinə əsasən düşünən kəs təhqiq məqsədilə nəyə baxırsa, birinci necə yarandığını aydınlaşdırmağa çalışmalıdır. Əslində ilkin şeylərin mənşəyini görmək gözün, anlamaq ağlın imkanı xaricindədir. Düşünülməlidir ki, axı, varlıqlar öz özünə necə yarana bilər? Yuxarıdakı atalar sözündə deyildiyi kimi, bütün yaranışlarda başqasının yardımı gərəkdir. Qarşıya gözəl naxış çıxanda ilk olaraq onu vuran şəxs ağla gətirilir.

Nizami ilkin təsəvvürlərdən bəhs açanda fikirlərini mifo­loq­dan çox filosof tək təqdim edir: anlaşılması imkan xaricində olan şeylərin mövcudluğu o deməkdir ki, hər şey Yaradıcının əlindədir. Ona aid meydanda at çapmağın isə heç bir mənası yoxdur.

Bütün ağıllılar, vurğunlar aciz qalıblar ki,

Bu dünya necə meydana gəlmişdir?!

Əgər bir kəs dünyanın necə yarandığını bilsə,

Mümkündür ki, o da elə bir işi görməyi bacarsın,

Madam ki, dünyanı yaratmaq bizə mümkün deyil,

Onun necəliyi də təsəvvürümüz xaricindədir.26

Dünyada hər şey nəzm-intizamla düzəldilmişdir. Ən adi varlıqlarda da gizli xəzinə vardır. Şair o xəzinələrin açarının şüşədən deyil, poladdan qayrılmasını, yəni dərin bilik qazanıl­maqla dərkini əsas şərt sayır. Çünki elmlərə yiyələnməyənlər xəzinəyə çatıb şərbət istəyirlər, zəhər tapırlar. Mifik görüşləri saf-çürük edən Nizami xalq inanclarından götürdüyü «İlan hə­mişə xəzinə üstə yatır» qənaətinə tamam başqa don geyindirir. Musanın və Harunun zəngin gövhər xəzinələrinin qiymətini on­da görür ki, birincisi insanlara fayda, ikincisi ziyan verir, ölümə səbəb olur. İlan zəhəri də eyni ilə həyata son qoymaqla yanaşı, sağlamlığa, ömrün uzanmasına imkan yaradır. Maraqlıdır ki, gerçək anlamda da hər şey bir nöqtədən hərəkətə başlayıb o yerdə də ömrünü bitirib başqası ilə əvəzlənir. Nizaminin gəldiyi nəticəyə görə, «Pərgar dairəni tamamladıqda ilk addımını atdığı nöqtəyə qayıdar».



Nə vaxta qədər ehtiyacım olan hər tikəni

Şaha, çobana həvalə edəcəksən?27

Şərqdə formalaşan kitabların (əlyazmalar: divan ədəbiyyatı və epik poemalar nəzərdə tutulur) özünəməxsus ənənəsi, quru­luşu, rəsmi girişi, başlanğıcı, ardıcıllığı, sonu, ümumi prinsipləri və fərqli xüsusiyyətləri vardır. Bəzi cəhətlər uzun yol boyu sınaqlardan keçən tarixi təcrübədən, bəziləri də İslam ədəbi prosesindən hazır şəkildə alınmışdır. Bədii mətnin Şərqə məxsus spesifik strukturu müəyyən mərhələdə dünya ədəbiy­yatında apa­rıcı rola malik olmuş, hətta Avropa mədəniyyətinin «İlahi ko­me­diya», «Dekameron», «Qeptameron», «Şərq-qərb divanı» kimi əsərlərin özülünü təşkil etmişdir.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə