Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,36 Mb.
səhifə6/11
tarix13.12.2017
ölçüsü1,36 Mb.
#15385
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBİYYAT

  1. Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, "Lider nəş­riy­yat", 2004, 392 səh.

  2. Nizami Gəncəvi. İskəndərnamə. Şərəfnamə. Bakı, "Lider nəşriyyat", 2004, 432 səh.

  3. Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, "Lider nəş­riyyat", 2004, 288 səh.

  4. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı, “Lider nəşriyyatı”, 2004, 336 səh.


ФИДАН КАСУМОВА

НАРОДНЫЕ ТРАДИЦИИ И ВЕРОВАНИЯ

В ПРОИЗВЕДЕНИЯХ НИЗАМИ ГЯНДЖЕВИ

РЕЗЮМЕ

Творчество великого азербайджанского поэта Низами Гян­джеви изобилует фольклорными мотивами и образами. Для Ни­зами фольклор был не средством, а основой и художественным арсеналом его поэзии. Поэт с большим уважением относился и народном традициям и верованиям. В его произведениях встре­чаются немало обычаев и норм поведения, которые связаны с по вседневной жизнью и бытом народа (например, с обычаями прие­ма гостей, церемонией оплакивания умершего, с церемонией свадьбы и пр.). Обо всем этом говорится в статье.



Ключевые слова: Низами Гянджеви; фольклор; письмен­ная литература; обычай; церемония.
FIDAN GASIMOVA

FOLK CUSTOMS-TRADITIONS AND BELIEFS

IN NIZAMI GANJAVIS WORKS

SUMMARY

Activities of the great Azerbaijani poet Nizami Ganjavi are full of folklore characters and motifs. For Nizami folklore was the main artistic theme in his poems. The poet had a great respect for folk customs-traditions and beliefs. In his works one can meet plenty of ethics (for example, guest receiving, mourning, wedding ceremonies etc) and rules related with peoples daily life and living conditions. All of these are mentioned in the article.



Key words: Nizami Ganjavi; folklore; the written literature; custom-tradition; ceremony.

Maşallah XUDUBƏYLİ

AMEA Folklor İnstitutunun elmi işçisi
BİR TÜTƏYİN SİRRİ
Nizami yaradıcılığı sonu görünməyən bir dəryadır. Ona baş vurub sona yet­mək hər qəvvasa nəsib olmur. “Xəmsə”nin hər qolu bir hikmət dünyası, hər başlığı bir nəsihət meyarıdır. Şairin təsvir edəcəyi hadisənin fövqündə verdiyi hikmətlərin hərəsi bir dastanın bütövlüyü qədər bitkin və kamildir. Folklor dünyamızın müdrik kəlamları Nizami qələminin möcüzəsilə incilərə elə düzülüb ki, elə bil onların bir­cə xanəsini tərpətsən, sonu görün­məyən uca bir sarayı xanəsindən oynatmış olar­san. Bu kəlamları oxuduqca oxumaq, kamaldan kamala dərinləşmək istəyirsən.

“Xəmsə”də təsvir olunan hekayətlərin hamısı bilavasitə əsərin qayəsi ilə bağ­lı əhvalatlardır. “İqbalnamə”dəki “İsgəndər və çoban” hekayəti də eyni məq­sədlə qələmə alınmış, bütöv bir əsərin timsalında ölməzlik dünyasına qovuşmuş­dur.

Böyük şair adəti üzrə burada da özündən əvvəlki el de­yim­lərinə təvazökar­lıqla istinad edir, eyni zamanda onu səmimiy­yətlə nəzərə çatdırır. Bundan sonra deyi­lənləri saf-çürük edir, eyni zəmində özünün şəxsi fikrini söyləyir. Məlumdur ki, son dərəcə maraqlı həyata malik olan İsgəndərin haqqında söylə­nənlər zaman-zaman əfsanələrə dönmüş, hər sənətkar qələmində müxtəlif səpkilərlə təsvir edil­mişdir.

Başqa bir ustad da belə nəql edər,

Dünya filosofu Əbu Məşər də.

“Uluf” adı ilə məşhur əsərdə.

Yazırdı: “İsgəndər öldüyü zaman,

Bu böyük zərərdən çox qəmgin olan.

Yunanlılar onu sevdiklərindən

Çəkdilər kağıza şəklini həmən.

Onun surətini rəsm edən rəssam,

Şəkli layiqincə eyləyib tamam,

Çəkibmiş yanında o iki heykəl.

Sağında bir gözəl, solda bir gözəl;

Hər başda o iki buynuz rəsm etmiş,

Zərli və lacivərd rənglə bəzətmiş...

Deməli, Nizamidən əvvəl Əbu Məşərin təsvirinə görə İs­gəndərin buynuzu söh­bətinin yaranması həmin rəssamın çəkdiyi şəkillə bağlı bir əfsanənin yaranma­sına səbəb olmuşdur. Əslində İsgəndərə rəğbət bəsləyib onu rəsmdə İlahinin müqəddəsliyinə bağlayan Rum rəssamının bu şəkli sonralar düzgün başa düşül­mə­­miş, ərəblər tərəfindən başqa cür yozulmuşdur. Yəni İsgən­dərin ətrafında əyləşən gözəllərin başında təsvir edilən buynuz dini əsatirlərlə bağlı olsa da, o, sonralar İsgəndərin öz adına çıxılmış, əbədi söylənəcək bir əfsanənin təməlinə dönmüşdür.

Ərəblər bu şəkli seyr eyləyərkən,

Qarışıq salmışlar onları səhvən.

İsgəndər bilmişlər o gündən bəri,

Buynuzlu çəkilmiş o mələkləri.

Odur ki, şübhəyə düşmüş ərəblər,

“Zülqərneyn” ləğəbi almış İsgəndər.

Lakin bundan belə ölməz şair yenidən elmi təsvir baxışına qayıdır, şifahi eşitdiklərini nəzmə çəkib “İqbalnamə”də xüsusi bir maraqlı qolun binasını qoyur. “İsgəndər və çoban” hekayəti adlanan bu maraqlı dastan Nizami qələmi ilə çox canlı, inan­dırıcı və həm də dil baxımından çox rəvan söylənmişdir.

Həmişə ulu nəsillərimizin deyimlərinə əsaslanıb ondan bəhrələnən Nizami Gəncəvi, bu əfsanələri sadəcə nəzm dilinə döndərməklə kifayətlənmir, həm də ona öz nöqteyi-nəzərindən təhlili yanaşıb müdrik kəlamlara çevirir. Nizaminin dili ilə söy­lənən ən heyrətli əfsanə belə, adama inandırıcı görünür. Şai­rin özündən əvvəl və sonra eyni mövzuda söylənən təsvirlərin hamısı onun qüdrətinin kölgəsində qalır. Məşhur İsgəndərin “Zülqər­neyn” adlanması əfsanəsi də belədir. Onu dinlə­dikcə ada­ma elə gəlir ki, bu hekayəti ilk dəfə Nizaminin dilindən eşidir. Xalqa istinad etməsi isə sadəcə olaraq onun təbiiliyindən irəli gəlir.
Başqa bir bilici deyir ki, onun,

Qulaqları varmış həddindən uzun.

Dürrdən tac kimi qaşları varmış,

İki qulağına o qın taxarmış.

Onları xəzinə hesab edərək,

Möhkəmcə gizlərmiş bir xəzinə tək.

Başını qırxan bir qulundan qeyri,

Kimsənin bu sirrdən yoxmuş xəbəri.

Ancaq haman qulu öldüyü zaman

İsgəndər tapdı bir özgə başqırxan.

Burada iki məsələni xüsusi olaraq qeyd etmək lazımdır. Əv­və­la, məlumdur ki, dillərdə həmişə “İsgəndərin buynuzu var” əfsa­nəsi söylənmişdir. Amma dahi Nizami onu bir bilicinin dilindən eşitmək adı ilə buynuz kimi yox, qulaq kimi təs­vir edir. İlk baxışda oxucuya və dinləyiciyə adi görünən bu döndərmənin məzmunu səbəbsiz deyildir. Əgər İsgəndərin buynuzu olmuş­dursa, onu öz başqırxanından başqa kimsənin görə bilməməsi, bu söylənən əfsa­nə olsa belə, onu tamamilə qeyri-inandırıcılığa və bayağılığa aparıb çıxarardı. Lakin Nizami diqqəti burada da özünü göstərmişdir. Şair onu buynuz kimi yox, uzun, qeyri-adi qulaq kimi təsvir etmişdir ki, onun da qeyrilərindən gizlənməsi mümkün bir iş sayıla bilərdi.

İkinci təsvirin özünəməxsusluğu İsgəndərin başqırxanının birincisi yox, ikincisi tərəfindən bu sirrin açılmasıdır. Bu da məlumdur ki, xalq arasında həmişə bu sirrin şahın saxladığı yeganə başqırxan qulun quyuya söylədiyi sözlərin çalınan tütək­də açılması ilə bağlı olmuşdur. Nizami isə “İsgəndər və çoban” hekayətində onu ikinci başqırxan qulun adı ilə bağlayır.

İlk əvvəl bu adama adi görünə bilər. Əslində isə çox dəruni mə­nası vardır. Ta qədimdən bəri insanlar arasında sirr saxlamaq söh­bəti son dərəcə mürəkkəb bir amil olmuşdur. Babalarımızın “Dos­tunun da bir dostu var”, “Sirrini hər yetənə vermə”, “Sirr sax­lamaq hər igidin işi deyil” kimi müdrik misalları xəyaldan keçdikcə dahi sənətkarın həmin məsələnin təsvirinə bir daha diqqətlə yanaşıb onu daha inandırıcı təsvir baxımına çevirməsi bizə aydın olur.

Şahın hüzurunda təzim edərək

Başladı saçını açmağa dəllək.

Xəlvətdə saçını açıb qurtarcaq,

Şah ona yavaşdan dedi: – Bura bax,

Bilsəm, qulaqların sirrini əgər,

Eşidib dünyada səndən bir nəfər,

Bir qulaq burması gəlləm sənə mən,

Ki bir də özgəyə bir sirr verməzsən!

Dəllək padişahın əmrini tutdu,

O gündən nitqini belə unutdu.

Bu sözü kimsəyə əsla açmadan

Saxladı küfr tək könlündə pünhan.

Bu sirrin dərdindən saraldı ancaq,

Çox böyük bir dərddir sirri saxlamaq.

Bir gün bərk darıxdı, çölə üz qoydu,

Gördü ki, çöldə var dərin bir quyu.

Dərdini quyuya demək istədi;

– Şahın qulaqları uzundur! – dedi.

Göründüyü kimi, şahın birinci qulu ona sadiq olmaqla ya­naşı, həm də daha dəyanətli və dözümlü olmuşdur. İkinci qul isə dözə bilməyib sirri quyuya söylə­mişdir. Əvvəl-əvvəl adama elə gəlir ki, o da sirri kimsəyə açmayıb, kimsəsiz qu­yuya danış­mış­dır. Amma burada ataların daha bir misalı yada düşür: “Yerin də qulağı var”. Və doğrudan da hadisələrin sonrakı təsvirindən sonra belə bir təsəvvür yaranır ki, bu misal da elə həmin gündən yaranıb, xalqın hikmət kitabında özünə yer almışdır.

Bu işdən keçmədi o qədər zaman,

Bir qamış göyərdi həmən quyudan.

Bu qamış böyüdü, xeyli boy atdı,

Əlini o gizlin sirrə uzatdı.

Bir gün çöllü çoban yoldan ötərkən,

Boy atmış qamışı gördü o birdən.

Qamışı qoparıb bir anda çoban,

Doğrayıb bir tütək qayırdı ondan.

Bir gün gəzintiyə çıxmış padşah,

Çöldə o çobana rast gəldi nagah.

Uzaqdan çobanın neyin eşitdi,

Çölləri üstünə qalxmış zənn etdi.

Çünki ney səsində duyurdu aşkar,

“İsgəndərin uzun qulaqları var!..”

İsgəndər duruxdu bu vəziyyətdən,

Şahın qaydasına fikir vermədən

Çağırıb bu sirri sordu çobandan,

Tütəyin sirrini danışdı çoban...

Bundan sonra heyrətdə qalan İsgəndər məsələnin düzlü­yünü yoxlamaq üçün həmin quyudan yenə də qamış kəsdirib gətirdir. Yenə də ondan tütək düzəltdirəndə ona nəfəs dəyən kimi həmin sirri faş edən sözlər yenə də təkrar olunur.

Böyük şair bundan sonra təsvirin nəticə baxımını tamam­layanda onun səm­tini bəşəri ideya nöqteyi-nəzərinə döndərir. Bir şahın və onun qulunun simasında sirr saxlamaq müqabilinin nə demək olduğunu duyub düşündükcə fikrin fərdi axını sonsuzlu­ğa dönüb bəşəri baxışda sərfi-nəzər edilir. Dünya neçə zamanlar yola salıb, neçə padşahlar ədalətli və ədalətsiz tarixin kitablarını yazdırıb, neçə saray­la­rın möhtəşəmliyi xarabalıqlara çevrilib. Lakin zaman keçdikcə qərinələrin köl­gə­sində gizlənib qalan sirlər yer altından buxar kimi qalxıb ellərin nəzərində açılıb.

Şah belə yalvaran görüncə onu,

İstədi yoxlasın düz olduğunu.

Zirək bir quluna eylədi fərman,

Bir qamış gətirtdi haman quyudan.

Qayrılan tütəyə dəyincə nəfəs,

Şahın qulağına dəydi haman səs.

Bildi ki, heç sirri saxlamaq nəhan,

Hamının sirrini açar bu cahan.

Öz zəmanəsində şah bir daha məsələyə ədalətlə yanaşıb öz qulunu əfv elədi. Kaş dahi Nizaminin bu müqəddəs etirafları bütün zəmanələrə öz nurunu xəlq eli­yəydi.

Aqillər ölkəyə olanda rəhbər”


Dünya mədəniyyəti tarixində əvəzsiz incilər qoyub gedən dahi Nizami yara­dı­cılığında qədim hikmət dünyamızın elə bir mətləbi yoxdur ki, ona toxunulmasın. Müdrik nəsihətlərin həyat fəlsəfəsi ilə qaynayıb poeziyanın poetik diliynən təsvir olunması insan əqlini heyrətə gətirir, onda qeyri-adi təsəvvürlər yaradır. Bu ba­xımdan böyük şairin “Yeddi gözəl” əsəri də özünəməxsus səciyyəvi xüsusiyyətlərə malikdir. Şair poeziyanın diliynən yed­di gözəlin simasında söylədiyi hekayətlər sırf el deyimlərimizin həyat qaynağında zaman-zaman dövr edən həqiqət təsvir­ləridir. Əsərdə Çin qızının dilindən söylənən hekayətdəki “Xeyir və Şər” əhvalatı ulu babalarımızın müdrik kəlamlarına əsaslansa da dahi Nizami həmin hikmətdən çıxış edərək tamamilə orijinal və bəşəri, dünya durduqca yaşayacaq və əbədiyyətə qovuşacaq bir sənət əsəri yaratmışdır. Əsərin dili səlis və aydındır. Hadisələrin təsviri olduqca konkretdir. Onu oxuduqca adama elə gəlir ki, daim dünyanın qulağında səslənəcək bir hikmətin müşayiəti ilə bütün zamanlar üçün qiymətli ola­caq nəsihətamiz kəlamlar axınına qulaq asır.

Əsər iki gəncin simasında təsvir olunur. Xeyir və Şər. On­la­rın yol yoldaşlığı ilə başlanan hekayətdə hadisələr ardıcıllıqla bir-birini əvəz edir:

Bir gün bir şəhərdən iki növcavan

Başqa bir şəhərə oldular rəvan.

Gəncin biri Xeyir, biri də Şərdi,

Əməllər adlara uyğun gələrdi.

Onlar getmişdilər tamam yeddi gün,

Xeyrin qurtarmışdı suyu büsbütün.

Şərsə gizlətmişdi xeyirdən suyu,

Kəlmə də kəsmirdi o, heç yol boyu.

Xeyirsə bu işdən oldu xəbərdar,

Bildi ki, meşkində Şərin suyu var.

Beləliklə, hadisələr izləndikcə əvvəlcədən məlum olur ki, hər iki cavan öz ad­la­rına layiq xarakterə malikdirlər. Həm də nə isə bu təsvirin hansı bir yerindəsə qeyri-adi hadisənin törənəcəyi maraqla izlənilir:

Yanında od rəngli ləlləri vardı,

O sulu daşlardan sumu çıxardı?

Söylədi: – Susuzdan taqətim gedir,

Bir qurtum su verib ləlləri götür,

Gəl mərhəmət elə, imdadıma çat,

Bir qurtum su ilə ver mənə həyat

Tanrı qəzəbinə gəlsin o Şəri

O adına layiq görür işləri.

Dedi: – “Daşdan bulaq gələrmi elə

Məni aldatmayıb bir kimsə hələ.

Bir gövhər istərəm mən səndən ancaq,

Onu mümkün deyil geriyə almaq.

Misralar bir-birini əvəz etdikcə hadisənin təsvir məqsədinə maraq daha da çoxalır. Görəsən, Şər suyun əvəzində Xeyirdən nə istəyəcək? Şərin şər iş tutacağı məlumdur. Lakin hər halda onun mənfur niyyəti açılanda insan təsəvvürünə sığışmayan bu təklif adamı heyrətlər içində dondurur:

Xeyir xəbər aldı: – Nədir o gövhər?

Onu verrəm sənə mümkünsə əgər.

Şər dedi: – O gövhər, o iki gözdü,

Dünyada hər şeydən onlar əzizdi.

Bax burada yenə adamda belə bir güman yaranır ki, yəqin insan gözünün bu namərdə nə üçünsə gərəkliyi onu bu dərəcədə vəhşi bir xülyaya salmışdır ki, verə­cəyi suyun əvəzində onu almaq istəyir. Fəqət yenə də hadisələr gərginləşdikcə Şərə qarşı yaranan nifrət hissinin hüdudları görünməz olur.

Xeyir məətəl qaldı, necə işdi bu?

Su üçün axırdı gözünün suyu.

O, Şərə söylədi: – xəncərini al,

Onu öz əlinlə gözlərimə sal.

Odlu gözlərimi çıxarıb götür,

Sonra sərin su ver, odumu söndür.

Amma yenə də Şərin bu dərəcədə dəhşətli bir iş tutacağını xəyal belə təsəv­vürə gətirə bilmir. Hətta Xeyir özü bu sözləri deyəndə güman edirdi ki, bu cəllad hərəkətinə Şərin əli gəlməz, rəhmə gəlib ona su verər. Fəqət belə deyilmiş:

Xeyir xəyal etdi bu işə yəqin,

Əli gəlməyəcək heç zaman Şərin.

Şər isə bu sözü ondan eşitcək

Cumdu üzərinə əsən səmum tək.

O iki çırağa saldı xəncəri,

Söndürdü çırağı nadan, sərsəri.

Zavallı Xeyirin gözünü dəldi,

Heç su da verməyib yola düzəldi.

Demək olar ki, hadisələrin ən gərgin və üzücü yeri burda­dır. Hətta bəzən adam fikirləşir ki, hadisə bununla bitdi və Xe­yirin məhvi, Şərin isə mənfur hərə­kəti­nin əvəzsiz qalacağı təəs­süf hissi ilə sona yetdi. Bu maraqla da hadisələr yenə ağır xül­yalarla izlənilir:

– Dövlətli Kürd vardı, pulu, nökəri,

Tutmuşdu sürüsü onun hər yeri.

Bir qızı var idi günəş camallı,

Qızlar bulağından su içmiş bollu.

Naz, nemət içində bəslənən o qız,

Bulağa gedərdi həmişə yalqız.

Yoldan xeyli kənar bir bulaq vardı,

Hamı o bulaqdan su aparardı.

Qız da su doldurdu haman bulaqdan.

Sonra da o evə qayıdan zaman,

Eşitdi uzaqda kimsə inləyir,

Elə bil yaralı imdad diləyir.

Səs gələn tərəfə qaçdı durmadan

Gördü qan içində yanır bir cavan,
Təkrar edə-edə Allah sözünü,

Qız qoydu yerinə Xeyirin gözünü.

Burda isə oxucu və dinləyici əhvalı dəyişir, onun qəlbinə güman gəlir. Doğ­rudanmı Xeyir yenidən görəcək, şəfa tapacaq. Dünyada belə bir dərman möv­cud­durmu?

– Sən demə ana torpaqda hər dərdin dərmanı tapıldığı kimi, bunun da çarəsi varmış...

Qız onun gözünü bağladı möhkəm,

Sonra da xəstənin tutub əlindən

Apardı Xeyiri hey asta-asta

Gəlib düşərgəyə çatanda xəstə,

Çağırdı bir nəfər nökərlərindən

Qız dedi: – Xəstədən muğayat ol sən,

Əlindən yapışıb hey yavaş-yavaş

Bizim qapımıza sən gətir birbaş.

Kürd gördü gözləri ovulmuş adam,

Ağrıdan yerində olmayır aram.

Qopardı ağacdan bir ovuc yarpaq,

O idi bu dərdin dərmanı ancaq.

Gətirib qızına verdi o qoca,

Qız döydü yarpağı suyu çıxınca.

Sonra da tənziflə xıltını çəkdi,

Saf suyu xəstənin gözünə çəkdi.

Tənzif beşinci gün açıldı, fəqət,

Xəstəni sarğıdan etdilər rahat.

Gəlmişdi gözlərin nuru yerinə,

Xeyir əvvəlki tək görürdü yenə.

Lakin əsərdə Xeyirin xeyirə çatması və Şərə qalib gəlməsi bu­nunla bitmir. Şərin öz əməlinin əvəzini alması qeyri-adi bir ma­raqla izlənilir. Hadisələrin bundan sonrakı təsvirləri Xeyirin Şərə sona qədər qalib gələcəyi, hətta intiqam ala biləcəyi təsəvvürə gəlir.

Taleyin qismətilə gözəl Kürd qızı Xeyirə bir könüldən min könülə vurulur, atasının razılığı ilə ona ərə gedir. Ailə qurub xoşbəxt həyat sürürlər.

Amma Xeyir öz el-obasına qayıtmaq istəyini qayınatasına açıb deyir. Ondan rüsxət alandan sonra həyat qurduğu adamla, ailəsi ilə birlikdə öz ata yurduna qayıdır. Hadisələrin təsviri bu andan sonra yeni bir məcraya yön alır.

Məlum olur ki, məmləkətin şahının qızı sağalmaz bir dərdə düçar olub, heç bir təbib onu sağalda bilmir. Xeyir özü ilə gətir­diyi həmin ağacın yarpağından götürüb şahın hüzuruna gedir və onun qızını sağaldır. Şahın xahişi ilə bu qızla da evlənib yeni, daha xoşbəxt bir həyata başlayır. Artıq qocalıq yaşına çatmış şah ölkənin böyüklüyünə Xeyiri layiq bilir, tac-taxtını ona tapşırır.

Yaman gətirmişdi Xeyirin baxtı,

Ona qismət oldu şahlığın taxtı.

Qəzadan bir gün də o bağa gəldi,

Orda məclis qurdu, bir az dincəldi.

Şər ki bir vaxt onla çıxmışdı yola,

Salmışdı özünü özü pis hala.

Gördü yəhudiylə eyləyir söhbət,

Xeyir yəhudini tanıdı əlbət.

Dedi: bu adamı asudə vaxtda,

Gətir, gözləyirəm mən sizi bağda.

Xeyir dedi: Ancaq, ey haramzada,

Hamıya halaldır qanın dünyada.

Sən deyilsənmi səhrada bir gün

Ovdun bir təşnənin gözün su üçün.

Xeyiri sözündən tanıyan kimi

Düşdü ayağına ölü can kimi.

“Mənə nə eləsən haqqın var sənin,

Adına layiq iş görərsən yəqin”.

Xeyir işarəni anlayıb həmən,

Şəri azad etdi o an ölümdən.

Elə ki ölümdən nicat tapdı Şər,

Şadlıqdan az qala tapdı balu-pər.

Kürd isə tez Şərin düşüb dalınca,

Qılıncla başını qopardı qoca.

Dedi: Xeyir əgər xeyir iş tutdu,

“Şərdən şər törəyər”, bunu unutdu!

Xeyir xeyir işlər görürdü tamam,

Razılıq edirdi ondan hər adam.

Ariflər ölkəyə olanda rəhbər,

Tikan xurma verər, çaxmaq daşı zər.

Beləliklə, dahi Nizaminin ülvi kamalı, əqidəsi bu əsərində də həyat arzula­rına dönür. Xeyir Şərə qalib gəlir, ölkəyə ariflər rəhbərlik edir. Gün o gün olsun ki, cəmi yer üzündə “tikan xur­ma versin, çaxmaq daşı zər”.
MASHALLAH KHUDUBEYLİ

THE SECRET OF A PIPE

SUMMARY

Each branch of “Khamsa” by great Azerbaijan poet Nizami Ganjavi is a wisdom world and each title is an admonition criterion. All tales described according to the ancient shades of our folklore are very interesting.

All episodes described in “Khamsa” are connected with the purpose of the epos. The tales “Iskender and choban (shepherd)” in the epos “Igbalname”, “Kheyir and Sher” (“Good and Harm”) in “Yed­di gozel” (“Seven beauties”) are characteristic from this point of view.

Key words: Nizami Ganjavi, pipe, secret, folklore
МАШАЛЛАХ ХУДУБЕЙЛИ

ТАЙНА ОДНОЙ СВИРЕЛИ

Резюме

Каждая подпись великого Азербайджанского поэта Низами Гянджеви является миром мудрости, каждое его заглавие является полем наставления. Опираясь на древние смыслы, значения нашего фольклора все описываемые им рассказы по своему интересны.

Все события описываемые в «Хамса» связаны идеей произ­ведения. Рассказы «Искендер и пастух» в «Книге судьбы», в этом отношении также характерна «Добро и Зло» в «Семи красавицах».

Ключевые слова: Низами Гянджави, свирель, тайна, фольк­лор
Sahibə PAŞAYEVA

AMEA Folklor İnstitutunun

böyük elmi işçisi
NİZAMİ YARADICILIĞINDA ŞİFAHİ

XALQ ƏDƏBİYYATI MOTİVLƏRİ
Nizami Gəncəvinin bir sənətkar kimi formalaşmasında Ya­xın və Orta Şərqin ictimai, fəlsəfi fikri, yazılı və şifahi poeziyası ilə yanaşı, zəngin Azərbaycan xalq yaradıcılığı, xüsusilə əfsanə və rəvayətləri mühüm rol oynamışdır. Nizami Gəncəvi Azər­bay­can və Yaxın Şərq mədəniyyəti və ədəbiyyatı tarixində dahi söz ustası, müdrik sənət fədaisi olmuşdur. O, bəşər mədəniyyəti ta­rixində yeni səhifələr açmış, bəşər mədəniyyəti xəzinəsinə öz əsər­lərindən ibarət gözəl hədiyyələr vermişdir. Nizami Gəncəvi “Xəmsə” adı ilə məşhur olan beş poemasını (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgən­dər­namə”) və lirik şeirlərini dünya ədəbiyyatına bəxş etmişdir.

Nizami Gəncəvi öz xalqının oğlu idi və onu ürəkdən se­virdi. Böyük şair Şərq xalqlarının, eləcə də Azərbaycan xalqının tarixinə, bədii fikir xəzinəsinə mükəmməl bələd idi. Şair poe­malarının daha məzmunlu, daha bədii olması üçün xalq yaradı­cılığına müraciət etmişdi. Şairin xalq yaradıcılığına bağlılığı, ona yaxınlığı, bütünlükdə onun poeziyasına, şifahi xalq ədəbiy­yatına məxsus olan yüksək keyfiyyətlər gətirmişdir. Nizami Gəncəvinin süjetləri isə öz növbəsində Azərbaycan folkloruna əhəmiyyətli təsir göstərmişdir.

Nizami və Azərbaycan şifahi ədəbiyyatı, Nizami və xalq bə­dii təfəkkürü-şairin irsinin öyrənilməsi işində ən çətin və mü­rəkkəb problemlərdəndir. Nizami irsi müəyyən mənada, qədim Azərbaycan ədəbiyyatının, folklorun, qədim bədii təfəkkürünün tükənməz xəzinəsidir. Tanınmış tədqiqatçı S.Paşayevin fikrincə, Nizami yaradıcılığı Azərbaycan folkloru ilə, öz növbəsində Azər­baycan folkloru da Nizami yaradıcılığı ilə elə qaynayıb qa­rışmışdır ki, hətta bir çox hallarda bunları bir-birindən ayırmaq, kimin kimdən istifadə etdiyini aydınlaşdırmaq çətin və qeyri-mümkün olur.62

“Nizami Gəncəvinin şifahi söz sənəti ilə bağlılığı çoxcə­hətlidir və özünün təzahür formaları ilə nəzəri çəkir. Bunları təx­minən aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:



  1. Nizaminin faydalandığı folklor örnəkləri, xüsusilə yerli toponimlərlə, əfsanəvi və real tarixi şəxsiyyətlərlə bağlı əfsanə və rəvayətlər;

  2. Nizami mövzuları əsasında formalaşmış folklor örnək­ləri;

  3. Şairin həyatı, fəaliyyəti ilə bağlı yaranmış folklor əsərləri.”63

Şair xalqdan aldığı poetik mənbə əsasında çox gözəl sənət əsərləri yaratmışdır. Onun əsərlərində xalq yaradıcılığı ilə poetik düşüncə tərzi elə qovuşur ki, sonradan bunların haradan başla­yıb, harada sona yetdiyi bilinmir. Sanki Nizami özü həmin əf­sa­nə, rəvayət, lətifələrin, miflərin müəllifidir. Bunu “Sirlər xəzi­nəsi” poemasındakı bir sıra hekayətlər, o cümlədən “Süleyman və qoca əkinçinin hekayəsi”, “Bülbül və şahinin hekayəsi”, “Sul­tan Səncər və qarı” və başqaları sübut edir. Bu hekayələrin əsas mövzusu kimi seçilən əfsanə və süjetlər indi də yad­daş­lardan silinmir.

Nizami Gəncəvinin folklor qaynaqlarını özündə ifadə edən əsərlərindən biri də “Xosrov və Şirin” poemasıdır. Poema milli kökümüz və folklorumuzla, xalqımızın milli düşüncə tərzi ilə sıx bağlıdır. Nizami “Xosrov və Şirin” poemasını yazarkən öz əsə­rində bütün dastan ənənələrini qoruyub saxlamışdır. Xosrov adı Firdovsinin qələmə aldığı “Xosrov və Şirin” hekayəti poemaya əlavə edilmişdir. Nizami poemasında xalq dastanımızda püxtə­ləşmiş Məhinbanu, Fərhad və Şirin obrazları öz varlıqlarını das­tan həyatlarını qoruyub saxlaya bilmişlər.

Burada o, Azərbaycan folklorundan məharətlə istifadə et­mişdir. Fərhadla bağlı rəvayətlər bu cəhətdən xüsusi əhə­miyyət daşıyır. “Çox qədim köklərə malik rəvayət (Fərhad Şirin) “Xos­rov və Şirin” mövzusunun ən qədim izlərini özündə yaşatmaq­dadır. Nizami əsərindəki epizodla xalq variantı arasında tam uy­ğunluq olmasa da, yaxınlıq, səsləşmə inkaredilməz dərəcə­də­dir.”64 Nizami yaradıcılığında tarixi Şirinlə Azərbaycan folklo­rundakı Şirinin obrazı birləşmişdir.

Nizami “Xosrov və Şirin” poemasını yazarkən öz əsərində bütün dastan ənənələrini də qoruyub saxlamışdır.

“Xəmsə”yə daxil olan üçüncü poema “Leyli və Məcnun” əsəridir. Əsərin özünün adı belə xalq arasında dolaşan bir rəva­yətdən götürülmüşdür. Nizami ikinci dəfə olaraq “Leyli və Məc­nun” poemasını yazarkən xalq dastanına müraciət etmişdir. Ni­zami bu poemanı yazarkən ərəb mənbələrindəki məlumatlar, Azər­baycan xalq əfsanələri ona yaxından kömək etmişdir. Qə­dim “Leyli və Məcnun” dastanında Məcnunu qoruyan və ha­mi­lik edən başı taclı bir ilandır. Nizami əsərlərindəki bu yaradıcılıq ənənəsi özündən sonra da daha yeni, daha maraqlı şəkildə davam etmişdir. “Pərvanə gölü” və “Qanlı göl” rəvayətlərində də hadisələr eyni süjet, eyni əhvalat ətrafında birləşdirilmişdir. Şair aşıqlar tərəfindən yaradılmış əski “Leyli və Məcnun” das­tanından da istifadə etmişdir. Şifahi xalq yaradıcılığında özünə­məxsus yer tutan Leyli və Məcnun obrazlarından həmişə istifadə olunaraq, bədii ədəbiyyatda maraqlı əsərlər yaradılmışdır. Elə Nizami də xalq ədəbi mənbələrindən istifadə edərək, özünün ölməz əsərlərindən birini yaratmışdır. “Pərvanə gölü”, “Qanlı göl” əfsanələrində olduğu kimi, Nizaminin “Leyli və Məcnun” poemasında da gənclərin dünyadan nakam köçməsinə, faciəli öl­mələrinə səbəb mühit və bu mühitin yetişdirdiyi valideynlərdir.

“Xosrov və Şirin”dən sonra Nizaminin Azərbaycan folk­loru ilə daha çox bağlı olan digər əsəri “Yeddi gözəl” poema­sıdır. Bu əsərin motivləri “Astiyaq”, “Tomiris” kimi Midiya rəvayətləri, “Kitabi-Dədə Qorqud” boylarından tutmuş bir sıra Yaxın Şərq və Azərbaycanda yayılmış əfsanə və rəvayətlərlə səsləşir. “Azərbaycandan, türk mədəniyyəti çevrəsindən dünya ədəbiyyatının zirvəsinə yüksələn Nizami adı və bu adla şifrə­lənmiş və kodlaşmış ədəbi-fəlsəfi informasiyanın əsasında Şərq mədəni məcmusu iştirak edir. Şərq xalqlarının folkloru, ədəbiy­yatı, tarixi, fəlsəfəsi, dini və təsəvvüfi görüşləri əsərlərin əsa­sında qaynaq olaraq dayanır. “Yeddi gözəl” poeması da kökləri və qaynaqları ilə fikir və sənət yarusları üzrə həmin məlumatın, kodun və sxemin transformativ törəməsidir.”65 Poemanın bütün obrazları epik folklor ənənəsinin ən qatı mifoloji eposudur. Əsə­rin əsas qəhrəmanı olan Bəhram şah obrazı mifoloji kökünə görə hind-iran obrazı sayılsa da, zaman keçdikcə türk tarix ənənələ­rindən bir sıra xüsusiyyətləri özündə cəmləşdirə bilib. Azərbay­can folklorunda, “Kitabi-Dədə Qorqud” dastanında poe­madakı Fatimə obrazı ilə səsləşən ümumi cəhətlər çoxdur.

Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş poemadan sonuncusu “İsgəndərnamə” poemasıdır. “İsgəndərnamə”nin ay­rı-ayrı epizod və motivləri xalq rəvayətləri və məsəlləri ilə sıx şəkildə əlaqələndirilmişdir. Məlumdur ki, tarix və ya tarixi ha­disələrlə səsləşən, ümumiyyətlə, iki şahın söz və silah döyüşünə həsr olunmuş nağıllarda, bir qayda olaraq, xalq bilməcələrindən kəsərli bir vasitə kimi istifadə olunmuşdur. Nizaminin “İsgən­dərnamə” poemasında da buna bənzər nağılların bəzi xüsusiy­yətləri, motivləri yaradıcı şəkildə işlənmişdir.

“İsgəndərnamə”də Azərbaycan nağıllarının bəzi motivləri əks olunur, Azərbaycan ərazisindəki toponimlər haqqında məlu­matlara da rast gəlinir. “İsgəndərnamə”də əsasən xalq nağılla­rından, onun motivlərindən, janr xüsusiyyətlərindən istifadə olun­duğuna görədir ki, onun el variantları da təzə nağıllara çev­rilmişdir. Burada Gəlin qayalarına, onların mənşəyinə işarələr də maraqlı faktdır.66 “Nizami Gəncəvi Məhinbanu obrazı ilə bağ­ladığı ənənəni davam etdirərək “İsgəndərnamə”də Nüşabə surə­tini yaratmışdır. Nüşabə, bir növ, Şamama-Nigarların, Şummu­ramatların, Şəmiraların yeni poetik təcəssümü olmaqla bərabər, Azərbaycan xalqına məxsus gələnəklərlə bağlı ideal qadın ob­razıdır”.67 Şair “İsgəndərnamə” kimi poemanın yaradılmasında da müxtəlif xalqların yaratdığı şifahi xalq ədəbiyyatı xəzinə­sindən daha sərbəst şəkildə istifadə etmişdir.

Nizami Azərbaycan şifahi xalq ədəbiyyatı ilə yanaşı, başqa xalqların folklor nümunələrindən də faydalanmışdır. Onun əsər­lərində ərəb, iran, hind, yunan şifahi xalq ədəbiyyatından isti­fa­də edildiyi yaxşı məlumdur. Şair “Xosrov və Şirin” poemasında daha çox Azərbaycan şifahi xalq ədəbiyyatından bəhrələnsə də, burada hind xalq ədəbiyyatının məşhur nümunəsi olan “Kəlilə və Dimnə”dən istifadə etdiyi də diqqəti çəkir. Artıq qeyd et­diyimiz kimi, “Leyli və Məcnun” poemasında ərəb folkloruna da müraciət olunmuşdur.

O, “Xəmsə”də atalar sözlərinə, zərb məsəllərinə və afo­rizmlərə ustalıqla bədii don geydirmiş və onlara yeni – ikinci həyat vermişdir. Buraya daxil olan poemaların səhifələrində hə­yatın muxtəlif məsələlərinə aid ibrətamiz məzmunlu kəlam və atalar sözlərini nəsildən-nəslə verərək yaşatmışdır.

Dahi şair hər bir əsərində doğma xalqının adət-ənənələrinə sadiq qalaraq, yeri gəldikdə onlardan gözəl ədəbi nümunələr ya­ratmışdır. Nizaminin vaxtı ilə işlətdiyi zərb-məsəllərin demək olar ki, əksəriyyəti heç bir dəyişikliyə uğramadan indi də olduğu kimi işlənir. “Xəmsə” də işlədilən Azərbaycan zərb-məsəllərinə nəzər salaq.

Parlaq zəka sahibi olan Nizami Gəncəvinin yaradıcılığı hü­dudları və məzmunu etibarilə geniş və rəngarəngdir. Bütün dün­yanın “Gəncəli dahi” kimi tanıdığı Nizaminin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Şifahi xalq yaradıcılığı onun əsərlərinin ortasından sanki qızılı bir xətt kimi keçmiş və artıq səkkiz əsrdir ki, ətrafına çoxlu oxucular toplaya bilmişdir.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə