176
doyüş anları, dövrün dərdli yaşantıları xatırlama üsulu ilə oxucuya
çatdırılır. “Atanın şer dəftərindən” alınan epik təəssürat genişdir,
təsvirlər döyüş səhnələri haqqında əyanilik yaradır. Poçtalyon
Krasnodondan bir məktub gətirmiş, içərisindən saralmış bir dəftər
çıxmışdır. Ata oğluna müharibənin başlandığından, “gözəl günlərin
üzərinə kölgə düşdüyündən”, oğlunun onu döyüşə yola sal-
dığından yazır: Oğul da ataya məktublar yazır. Birdən məktubların
arası kəsilir. Məlum olur ki, oğul ölmüşdür. Bütün bunlan şairə
cəbhə yolu keçmiş bir qoca - şaxtaçı danışır və şair bunu şeir
şəklində əks etdirir və belə süjet xətti O.Sarıvəllinin “Qocanın
nağılları” poemasını xatırladır.
60-cı illərin lirik şeirləri sırasında “Mən torpağam” (R.Rza),
“Ana torpaq” (M.Araz), “Yerdədir” (B.Vahabzadə), “Torpaq eşqi”
(H.Arif), “Yaralı torpaq” (M.Dilbazi) seçilir. Bu illərdə X.Rza isə
“Aç qoynunu, ana torpaq” (1968), “Babalar yatan yerdə” (1969),
“Daşın ətri” (1969), “Mən bağbanam”, “İstedad, bərəkət” (1970),
“Ana torpaq”, “Torpaqla həmnəfəs yaşayıram mən”, “Torpaq”
şeirlərini yazmışdır. “Elə bil bu şeirlər bir doğulub və həmişə
gördüyümüz naqisliklərlə, ədalətsizliklərlə vuruşmaq üçün birgə
“döyüş meydanına” atılıblar” [94, № 10, s.184]. “Aç qoynunu, ana
torpaq”, “Sonsuz qüvvət”, “Gürcü torpağı”, “Ana torpaq”,
“Torpaq” əsərləri torpağa müraciətlə yazılmışdır.
X.R.Ulutürk poeziyasında sovet quruluşunun birbaşa tərənnümü
demək olar ki, yoxdur. “Fişənglər atılanda” (1950-1960), “Böyük
günlər bayrağı” (1953), “Mənim günəşim” (1962), “Bəşəriyyət və
Lenin” (1963), “Lenin və bahar” (1967), “Yaşa, mənim partiyam”,
“Yestakaya partiya” (1954-64), “Ucal, yüksəl, respublikam”
şeirlərini nəzərə almasaq, o, bilavasitə, sovet həyat tərzini idealizə
etməmişdir. Çünki X.R.Ulutürk həmişə müsbət olanda belə onun
mənfi tərəflərindən obyektə diqqət yetirmiş,
177
siyasi gerçəkliyə müxalif olmuşdur. Şairin etiraz və narazılıqları
onu hər şeyə tənqidi surətdə yanaşmaya vadar etmişdir. Həm də
buna görə şeirlərin üslubi xüsusiyyətləri başqalarından
fərqlənmişdir. X.Rzada tərənnüm pafosu azlıq təşkil edir. Şairin
yaradıcılıq fərdiyyəti daha çox mənfiliklərə etiraz əsasında estetik
idealı canlandırır. Bu səbəbdən onun 70-ci illər poeziyasında,
əsasən, təzadların rəngarəngliyi, mövzu zənginliyi, adi hadisələrin
poetik dünyasından həyata baxış tədricən yığılır, ideya-bədii mətn-
struktur, mənəvi-psixoloji təzad və məqamları öz içinə alır. 60-cı
illərin poeziyasında lirik qəhrəman mövzu və mündəricə
baxımından daha duyumlu görünürsə, 70-ci illər poeziyasında lirik
qəhrəman mənəvi-psixoloji müəyyənlikdən milli həyata və
dünyaya nüfuz edir. Tənqidçi Y.Qarayevin qeyd etdiyi kimi,
“fərdin mənəvi-əxlaqi mövqeyində ictimai fəallığın güclənməsi,
real, gerçək humanizm problemlərinə azalmayan maraq, insan,
zaman və xalq fərdi, şəxsi cavabdehlik və borc mövzusu -ilin
poeziya məhsulunun vətəndaşlıq məzmunu üçün məhz bu
əlamətlər çox səciyyəvidir. Özü də vətəndaşlıq, cavabdehlik
duyğusunu şeir ayrılıqda, hər kəs, hər fərdiyyət qarşısında mənəvi
məsuliyyət kimi konkretləşdirir və predmetləşdirir. Konkretləşmə
və fərdiləşmə lirik “Mən”in öz məzmununda da baş verir: indi şeir
ən ümumi, ictimai problemlər haqqında da “hamının”, “biz”in
adından yox, bilavasitə “Mən”in, “Öz”ün adından daha tez-tez
danışmağa başlayır. Lakin bu, poeziyada bədii-fəlsəfi aspektin
vüsət və miqyas ölçülərinin daralması kimi başa düşülməməlidir.
Əksinə, konkret fərdilik və millilik, mənəvi tamlıq və bütövlük
axtarışlarında, lirik “Mən”, hər şeydən əvvəl, yaşadığı dünya ilə
əlaqələrinin, zamanla, tarixlə ünsiyyətinin sərhədlərini böyütməyə
çalışır”[117, s.32].
“Yeni zirvələrə” (1971), “Ucalıq” (1973), “Doğmalıq” (1977)
kitabları 70-ci illərdə çap olunmuşdur. Bu il-
178
lərin əsərləri ideya-məzmun tutumu və bədii xüsusiyyətləri ilə daha
kamil, müdrik nümunələrdir. Obyektiv hadisələri mənalandırma,
onlara bədii qiymət və dəyər vermək meyarı, obyektə fəlsəfi, idraki
və didaktik baxış 70-ci illər poeziyası üçün xarakterikdir. Bu
baxımdan 70-ci illərin “Dünya” (B.Vahabzadə), “Hüseyn Cavid”
(N.Həsənzadə), “Müdriklik” (M.Dilbazi), “Azərbaycan - dünyam
mənim” (M.Araz), “Yaddaş” (F.Qoca), “Kök və budaq” (H.Arif)
kimi ədəbi nümunələrində fəlsəfi dəyərləndirmə və məntiqi
mühakimə təhlili bədii xüsusiyyətlərdəndir. X.R.Ulutürk lirik-epik
üslubu ilə tarixin, zamanın hadisələrinə diqqət kəsilir, onları lirik-
psixoloji və analitik olaraq çözməyə xüsusi səy edir.
Xəlil Rzanın beynəlmiləl əlaqələrə münasibətinin kökləri də 70-
ci illərin poeziyasındadır. “Şairlərimiz bir çox şeir və poemaları ilə
qardaş respublikamızın həyatı ilə də oxucularını tanış etməyə ciddi
səy göstərmişlər. Başqa sözlə desək, şeirin coğrafi mühiti
genişlənmiş, onda Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan,
Türkmənistan, Dağıstan, Kabarda-Balkar, Latviya, Litva, Eston
həyatı mövzuları da xüsusi bir mövzu - qardaş xalqlar həyatı
mövzusu, arzusu, əməli bir olan xalqların həyatı mövzusu kimi
mühüm yer tutmuşdur” [33, s.127]. Azərbaycan - özbək ədəbi
əlaqələri hər şeydən əvvəl X.R.Ulutürkün elmi-tədqiqat
axtarışlarının predmetindən, ədəbi əlaqələrin qaynaqlarından
doğmuşdur. Bu problemin öyrənilməsi ilə bağlı olaraq filologiya
elmləri doktoru, prof. C.Nağıyeva “Azərbaycanda Nəvai”
mövzusunda monoqrafiya çap etdirmişdir [145], filologiya elmləri
doktoru X.R.Ulutürk isə, repressiya illərində Azərbaycandan
Özbəkistana sürgün edilmiş görkəmli ədəbiyyatşünas, şair-
dramaturq və ictimai xadim Məqsud Şeyxzadənin həyat və
yaradıcılığından bəhs edən dissertasiya yazmışdır [203].
“İki mütəfəkkir sənətkar milli ədəbiyyatların vətən-
Dostları ilə paylaş: |