Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə69/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   65   66   67   68   69   70   71   72   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Çox sevirəm 
mən bu təhər yaşamağı!.. [10, s. 46] 
“Vətənpərvər” (1963) şeiri gənc şairin yeni estetik dünyagörü-
şünə yiyələnməsi prosesinin incəliklərini təsəvvür etməyə və görməyə 
imkan yaradır. Məlumdur ki, vətənpərvərlik, xüsusən, hərbi-siyasi və-
tənpərvərlik sovet ədəbiyyatının bütün janrlarında sıx-sıx müraciət 
edilən ən mühüm və aktual mövzulardan olub. Altmışıncılar ictimai-
estetik fikirdə dərin kök salmış bütün tarixi və müasir anlayışlara, 
həqiqətlərə öz yenilikçi meyarları ilə yanaşırdılar. “Sovet Vətəni”, 
hətta tarixi-etnik Vətən və vətənpərvərlik düşüncələrini də mövcud 
qəlib və bölgülərə uyğun gəlməyən müstəvilərdə dəyərləndirirdilər. 
“Vətənpərvər” şeiri məhz altmışıncıların öz estetik dünyagörüşü ölçü-
lərində doğulmuş və bu gün də oxucuları düşündürmək enerjisinə 
malik lirik nümunədir: “Oğluna qoyub vətəninin adını, Milli geyimə 
vərdiş elətdirir arvadını. Elə arvad-uşağına sərf eləyib ömrünü, iste-
dadını” [10, s. 32]. Yeni lirik “mən” təmtəraqlı Vətən görüşləri ilə 
razılaşmır. Vətən, altmışıncıların dərin inamına görə, ağır sınaqlardan 
və dəhşətlərdən keçib gəlmişdi. Sadəcə olaraq, övladına öz vətəninin, 
millətinin adını qoymaqla kifayətlənənlər, təbii ki, yanılırdılar. Və-
tənpərvərlik – altmışıncılar tərəfindən böyük və taleyüklü bir iş kimi 


175 
dəyərləndirilir. Təkcə bu şeir yox, Fikrət Qocanın başqa nəsildaş-
larının – Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Əli Kərimin, Nəri-
man Həsənzadənin və başqalarının bu mövzudakı şeirləri də bizim 
yanaşmamızı əsaslandırır. Burada Məmməd Arazın “Məndən ötdü 
qardaşıma dəydi” adlı məşhur poetik ittihamnaməsini xatırlamaq kifa-
yətdir. 
Gənc Fikrət Qocanın estetik axtarışlarının və yeniliklərinin zir-
vəsini onun ömrünün və yaradıcılığının erkən çağlarında qələmə aldığı 
“Salam, Allah” şeiri təşkil edir. Bu şeirin ifadə tərzi və üslubu 
oxucunu bəlkə də müəyyən dərəcədə çaşdıra bilər. Çünki müəllif öz 
şeirini Allaha mədhiyyə kimi yazmağı qarşısına məqsəd qoymayıb. 
Əlbəttə, bu gün Allah barəsində tam sərbəst şəkildə düşünmək və 
yazmaq imkanına malik olan müasirlərimiz bu şeiri oxuyarkən təəc-
cüblənməməlidir. Zira, “Salam, Allah” şeiri Allahsız və ateist cəmiy-
yətin hegemonluğu dövründə qələmə alınmışdır. Biz çox vaxt keçmişə 
bu gündən çıxış edərək yanaşır və qiymət veririk. Əsrlərin sınağından 
çıxmış böyük həqiqəti unuduruq ki, hər bir hadisəyə və ya sənət 
əsərinə onun özündən əvvəlki dövrlərə nəzərən nə dərəcədə yeni 
olmasından çıxış edərək qiymət vermək lazımdır. “Salam, Allah” 
şeirini də məhz bu kontekstdə – 30-50-ci illərin Allah haqqında səs-
sizcə düşünməkdən belə xoflanan çoxsaylı lirik qəhrəmanlarının siya-
siləşmiş mənəviyyatı fonunda dəyərləndirmək zəruridir. Və şeirdə 
Sabiranə poetik təhkiyənin xarakterinə də fikir vermək lazımdır: 
“Eheyy... salam, Allah! Açıram pəncərəmi. Gecə yarıdır, boşdur otaq. 
Bəri, bax, gəl, söhbət eyləyək, təkətək” [10, s. 27]. Şeir uca və misilsiz 
Tanrının şərəfinə yazılmış mədhiyyə deyil. O illərdə bu cür şeirin 
yaranmasını da təsəvvür etmək və gözləmək düzgün olmazdı. Şeirdə 
Allah haqqında kifayət qədər kəskin və ateistlərin xoşuna gələcək 
ifadələr mövcuddur: “Deyirlər, sən məni yaratmısan, Adəm şəklində 
Yer kürəsinə atmısan. Deyirlər, tez yaratmısan Mənim üçün ölümü də. 
Deməli, məni yaradan kimi məndən qorxmusan. Əlimdəsən, Allah, 
əlimdə” [10, s. 27]. Bəs bu şeirin məqsədi və bu günümüz üçün dəyəri 
nədən ibarətdir? Şairin arzusu və istəyi, təbii ki, öz ateist müasirlərinin 
qəlbini oxşamaq deyildi. Allahla mübahisə şəklində düşünülmüş və 
yazılmış şeir nəinki dolayısıyla, hətta bilavasitə Allahın varlığını təs-
diq edirdi. Çünki lirik “mən” dünyanın Sahibinə, Yaradana etiraz edir-
di. Təbii ki, bu qəribə mübahisə və çoxmənalı xitab Allahın varlığını 
cəmiyyətə təlqin etmək məqsədi daşıyırdı. Şeirin epiloqu müəllifin 
məhz bu məqsədində son dərəcə ardıcıl və israrlı olduğunu bir daha 
vurğulayır: “Sən, qatı düşmənimsən, qatı. Xofunla vahiməyə çevirir-


176 
sən həyatı. Gəl, vuruşaq, Allah! Bu vuruş bəşərin susuz dodağına su 
olacaq, su! Vuruşaq ki, çıxsın canımdan, Allah vahiməsi, Allah qor-
xusu!” [10, s. 29]. 
Altmışıncıların Allah barəsində düşüncələrinin tarixini “Salam, 
Allah” şeirindən başlamaq olar. Onların “Mən burdayam, ilahi” (Vaqif 
Səmədoğlu) xitabına gedən yolu “Salam, Allah”dan keçir. Beləliklə, 
yeni poetik epoxanın formalaşması prosesi məşhur və əsas ictimai-
fəlsəfi və bədii-estetik kanonlara, dəyərlərə tamamilə təzə yanaşma-
lara əsaslanırdı. Yeni ədəbi dövr özündən əvvəlki estetik mərhələnin 
qanunlarına və həqiqətlərinə bir təftişçi kimi yanaşır və insan, həyat, 
tarix, dünya haqqında təsəvvürləri yeniləyərək özününküləri yaradırdı. 
Gənc Fikrət Qocanın yaradıcılığı yeni mədəni epoxanın poetik dəsti-
xəttini və simasını müəyyənləşdirən ədəbi hadisələrdən biri kimi gələ-
cəkdə də oxucu və ədəbiyyatşünasları düşündürəcəkdir.
Poetik gəncliyin erkən yaradıcılığında dekonstruktiv yanaşmaya 
məruz qalan və hələ o zamanlar da ədəbi ictimaiyyətin diqqətini özünə 
cəlb edən məsələlərdən biri təkcə cəmiyyətin deyil, ümumən, XX 
yüzilin əsas problemlərindən birinə – insanın xoşbəxtliyi və səadəti 
haqqındakı ədəbiyyatda kök salmış ənənəyə münasibət idi. Bu möv-
zuda gənc Fikrət Qoca xeyli şeirlər yazıb. Həmin şeirlər, qeyd etmək 
lazımdır ki, 60-cı illərdə də, sonralar da birmənalı qarşılanmayıb. Ona 
görə ki, müəllifin məqsədi heç də sovet şairlərinin ictimai və milli 
xoşbəxtlik haqqındakı qənaətlərini və hökmlərini davam etdirmək 
olmayıb. Bu şeirlərdə, təbii ki, X.R.Ulutürkə məxsus açıq etiraz və 
üsyankarlıq da, V.Səmədoğluya məxsus səadətin antonimi – bəxtsiz-
liyin və pessimizmin tərənnümü də yoxdur. Amma gənc Fikrət Qoca-
nın erkən lirikasında ictimai səadətin təsdiqi və tərənnümünü də gör-
mürük, əksinə onun bu tipli şeirlərində X.R.Ulutürk və V.Səmədoğ-
luyla dərin və gizli bir həmrəylik duyulmaqdadır. Məsələn, gəlin 
şairin həmin şeirlərindən birini birlikdə oxuyaq: “Mat qalmışam sənə: 
xoşbəxtliyini tək qoyub necə yatacaqsan bu gecə? Xoşbəxtlikdən necə 
ayrılacaqsan, necə? Bəlkə səhər oyananda xoşbəxtliyin itmiş oldu? 
Səhərəcən təklikdən darıxıb getmiş oldu? Bəlkə... bəlkə... Nə bilim, 
bir gecədə dünyada o qədər şeylər olub. Axı, necə yata bilərsən, belə 
xoşbəxtlikdən ayrılıb” [10, s. 89]. 
Oxuduğumuz lirik mətndə müəllifin “xoşbəxtlik” anlayışına 
qəribə münasibəti diqqətinizi cəlb edirmi? Şeirdə təsvir olunan insanın 
xoşbəxtliyi əbədi olmadığını və ya ümumən, o insanın xoşbəxt olması 
müəyyən şübhə və tərəddüd yaradır. Yəni “xoşbəxt” insan yatıb səhər 
yuxusundan bədbəxt oyana bilər. Burada insan səadəti anlayışının 


177 
nisbiliyi və ya müvəqqətiliyi də ifadə olunub. Amma daha çox diqqəti 
çəkən xoşbəxtliyin yalanlığı, saxtalığı və ya yoxluğudur. Bu həqiqəti 
gənc Fikrət Qoca son dərəcə məharətlə ifadə edib. Poetik həqiqətlərin 
bu cür sətiraltı mənalar və son dərəcə incə işarələr vasitəsi ilə əks 
etdirilməsi təcrübəsinə XX əsr poeziyasında bir sıra ustad sənətkar-
ların, o cümlədən M.Ə.Sabirin, S.Vurğunun, R.Rzanın, Ə.Kərimin və 
təbii ki, F.Qocanın poeziyasında rast gəlirik.
Həqiqət və azadlıq bütün zamanlarda bədii təfəkkürün diqqət 
mərkəzində dayanan ictimai-estetik anlayışlardır. Yaradıcı insanın 
simasını, şərəf və ləyaqətini təyin edən bu mənəvi keyfiyyətlər heç 
vaxt öz aktuallığını itirməyib. Öz dövrü həqiqətlərinə sədaqət sənət-
karın mənəviyyatı və tarix qarşısındakı məsuliyyətini həmişə açıq-
aydın nümayiş etdirib. Söz sənətinin azadlığa münasibəti də ilk öncə 
həqiqətə necə və nə dərəcədə sayqı ilə yanaşmaqdan asılı olub. Öz 
dövrünün həqiqətlərinə arxa çevirən ədəbiyyatın azadlıq barəsindəki 
dəyərləndirmələri də saxta olmağa məhkumdur. Altmışıncıların öz 
poetik həqiqətlərini yaratmaqla bağlı estetik axtarışları onların azadlıq 
ünvanına yönəlmiş mənəvi-əxlaqi hökmləri ilə daha da dolğunlaşırdı. 
Gənc Fikrət Qocanın həqiqət və azadlıq haqqında bir neçə şeiri var. 
Bu şeirləri yeni poetik epoxanın varlığını və mahiyyətini səciyyə-
ləndirən bədii əsərlər hesab etmək olar. Həm də bu şeirlər ümumilikdə 
altmışıncıların mənəvi-estetik qənaətləri ilə çox yaxın və həmahəng-
dir. Gənc şairin “Həqiqət” (1963) şeirində yuxarıda söylədiklərimizin 
inikasını görürük. “Günəş böyük həqiqətdir, Ondan incimək olmayır. 
Təriflənmək ləyaqətdir, Bəyənməmək qəbahətdir özgə söz demək 
olmayır” [10, s. 273]. Müəllif öz dövrünün böyük həqiqətindən söz 
açır, onu günəş adlandırır. Amma bu şeiri günəşin tərifinə və təhlilinə 
həsr olunmuş bir əsər kimi dəyərləndirmək düzgün olmazdı. Əksinə, 
“Həqiqət” yazıldığı dövrün günəş kimi böyük həqiqəti haqqındakı 
şeirdir. Yəni yarandığı zamanın ən böyük həqiqətinə poetik münasi-
bəti əks etdirir bu şeir. O dövrün ən böyük həqiqəti və ya həqiqətlərini 
isə biz öz təsəvvürümüzdə canlandırmalıyıq. Şeirin pafosunu və məq-
sədini doğru-düzgün dərk etmək üçün həmin həqiqətləri fikrimizdə 
bütövləşdirərək aşağıdakı misraları oxuyanda biz şeirin və şairin 
həqiqətə baxışını anlayırıq: “Günəş böyük həqiqətdir, Böyük olmaq 
böyük dərddir, – O hər yanda olsun gərək, O hər yana çatsın gərək...” 
[10, s. 273] Mətnin həqiqətə yanaşmasını və münasibətini yuxarıdakı 
misralar daha aydın və sərrast ifadə edir. O, yəni həqiqət hər yerdə ola 
bilmir, hər yana çata bilmir. Həqiqətin azlığını və bir çox hallarda isə 
yoxluğunu şair son dərəcə məharətlə, günəş obrazının təbii və coğrafi 


178 
imkanlarından istifadə edərək söyləməyə nail olub. Şeirin son mis-
raları da müəllifin həqiqətlə bağlı narahatlığını və nigarançılığını, hə-
qiqətsizliklərin dəhşətini vurğulayır: “Günəş böyük həqiqətdir, Ondan 
incimək olmayır. Beləsinin verdiyi ziyan böyük dərddir heç kəsə 
demək olmayır” [10, s. 273]. Amma gördüyünüz kimi, kiməsə söylə-
mək nə qədər çətin və təhlükəli olsa da, gənc müəllif “Günəş kimi 
böyük həqiqətlərin” verdiyi “böyük ziyan” barəsində öz oxucusuna 
məlumat verməyə cəsarət etmişdi. 
Azadlıq haqqındakı şeirlərində də gənc şairin poetik məharəti və 
cəsarəti heyrətamizdir. Bu şeirlər yenicə formalaşmaqda olan Fikrət 
Qoca üslubunun nadir və təkrarsız təzahürləridir. Hətta həssas oxucu 
da indicə nəzərdən keçirəcəyimiz poetik nümunələri dəfələrlə oxu-
yarkən qəribə bir heyranlıq və təəccüb duyğusundan ayrıla bilmir; 
Gənc müəllif bu cür poetik nəticələrə axı necə nail ola bilib? “Azad 
insanıq” (1964) şeirinin ifadə tərzi çox qəribədir: “Çiynimdə ulduzlu 
səma, İslanmış səkilərdə Rəngarəng reklamların əksini Geyirəm ayaq-
larıma. Bürkülü günlərdə sərin Ağac kölgəsində sərinləyirəm, elə bil 
çimirəm” [10, s. 5]. Bu sətirlərdə insan azadlığının xüsusi bir əlaməti 
və ya cəhəti, azadlığın rəmzi olan bir nişan yoxdur. Lirik “mən” 
özünün adi, hərgünkü həyatından, hərəkətindən, gəzintisindən bəhs 
edir. İnsan azadlığının özünəməxsus bir təzahürünü və ya görüntüsünü 
görmək məqsədilə yenə şeirə nəzər salırıq: “Soyuqlu gecələrdən inci-
mirəm Bürünürəm gümüşü Ay işığına Səhərəcən tamaşa eləyirəm 
Yerlə göyün barışığına. Gecələyirəm Ya dörd divar arasında, Ya da 
elə-belə, dünyada” [10, s. 5]. Biz bu misralarda da insan azadlığının 
görünən və görünməyən hansısa bir əlamətini müşahidə etmirik. Lirik 
“mən”in yaşantıları, müəllifin təsvir etdiyi lirik situasiya öz poetikliyi 
və cazibədarlığı ilə qəlbinizi oxşayır. Amma onların heç biri fövqəladə 
və ya qeyri-adi təsir bağışlamır. Yəni müəllif insan azadlığının çox adi 
və sadə bir şey olduğunu vurğulayır. Lirik qəhrəmanın öz vəziyyəti 
haqqındakı etirafı da azadlığın yenə də adiliyini, təbiiliyini və heç kim 
tərəfindən verilmədiyini göstərir: “Əzələmdə ilan kimi qıvrılıb gücüm, 
Ürəyimdəki bir yığın arzudur-köçüm. İşimdir – hara əlimi atsam, Yo-
lumdur – hara üzümü tutsam” [10, s. 5]. 
Fikrət Qoca lirik qəhrəmanının azadlıq ovqatı və təsəvvürü onun 
bu mövzudakı başqa şeirlərində də əks edilib. Aşağıdakı şeirdə də qə-
ribə azadlıq əhvali-ruhiyyəsinin ifadəsi ilə qarşılaşırıq. Bu qəribəlik 
obrazlardan və bədii ifadə vasitələrindən başqa həm də şeirin ruhunda, 
mündəricəsində və lirik “mən”in azadlığa münasibətindədir: “Başımı-
zın üstündə günəş, Ayağımın altında doğma bir ada... Hara gəldi 


179 
üzümü tutub gedirəm. Çiçəklərə gözəlləşməyi, Ağaclara yaşamağı, 
torpağa bərəkətli olmağı öyrədirəm. Mənimdir bütün binalar, bütün 
çöllər, bağlar. Mənimdir səmadakı quşlar, suların altındakı balıqlar. 
Çünki azad ürəyim var, azadlıq budur, qardaşım.” Gənc F.Qocanın bu 
ruhdakı və mövzudakı şeirləri hələ yazıldığı vaxtlarda ədəbi ictimaiy-
yətin diqqətini cəlb etmişdir. Ədəbi tənqidin bu şeirlərə münasibəti isə 
birmənalı deyildi. Bu şeirləri təqdir edənlər də, inkar edənlər də vardı. 
Bu şeirin sağlam təlqini və təhlili sonrakı dövrlərə aiddir. Görkəmli 
tənqidçi Vaqif Yusifli yuxarıda misal gətirdiyimiz şeirdən bəhs edərək 
yazırdı: “F.Qocanın insan azadlığı ilə bağlı düşüncələri də onun poetik 
qayəsinin əsas atributlarından biridir. Azadlıq nədir? Təbii ki, nə bu 
şeirin yazıldığı 60-cı illərdə, nə də indiki çağda insan sözün həqiqi 
mənasında azad olmamışdır. Azadlıq uğrunda isə mübarizə hələ da-
vam edir. Hətta müstəqilliyimizi əldə edəndən sonra da azadlıq haq-
qında xəyallar bəsləyirik. Lakin insanın fərdi azadlığı tamam başqa 
şeydir, ən totalitar rejimdə belə insan özünü fikrən, ruhən azad hesab 
edə bilər. Fikrət Qocanın lirik qəhrəmanı da bu mənada xoşbəxt in-
sandır. Fikrən, ruhən azad olan insan üçün həyat ilk növbədə nikbin 
mahiyyət daşımalıdır” [6, s. 19]. Bu fikirlərlə razılaşmaq mümkündür 
və biz də tənqidçinin münasibətini müdafiə edirik. Amma bu şeirə 
başqa cür də yanaşmaq olar. Məsələn, şairin təsvir etdiyi lirik əhvali-
ruhiyyəni tam əks mənada qiymətləndirmək olmazmı? Müəllif insan 
azadlığını son dərəcə, qəsdən və məqsədli şəkildə adiləşdirməyibmi? 
Lirik qəhrəmanın məhz bu mövqeyi, məsələyə bu cür münasibəti 60-cı 
illər tənqidində anlaşıqsız, bəzən isə etirazla qarşılanmışdı. Çünki yeni 
lirik qəhrəmanın, xüsusən, yuxarıda nəzərdən keçirdiyimiz lirik “mən”in 
yaşantılarında bir sıra başqa cəhət və keyfiyyətlər də nəzərə çarpırdı. 
İdeoloji tənqid yeni lirik qəhrəmanın mənəvi fəaliyyətində və xarak-
terində “passiv istehza” və “ironiya aləminə qapılma” hallarını görür 
və bunu açıqca büruzə verirdi. Sovet tənqidinin bu narahatçılığı əsas-
sız deyildi. Çünki Ə.Kərimin, F.Qocanın, M.Arazın, X.R.Ulutürkün 
və başqa altmışıncıların lirik qəhrəmanları sosialist realizmi esteti-
kasının qəliblərinə sığmırdı, hətta onu bir çox cəhətlərdən yerli-dibli 
inkar edirdi. Ona görə 60-70-ci illərin ən məşhur tənqidçilərindən 
birini aşağıdakı şeir həddindən artıq hiddətləndirmişdi: “Dəniz də 
mənimdir, Üstünə səpilən ay işığı da. Sahildəki ağaclar da mənimdir, 
Yarpaqların danışığı da. Gedir gəmilər, Fit səsi mənə qalır. Yollarda 
bütün gözəllərin Tökülüb ədası, nazı, qəmzəsi mənə qalır. Xəyalım 
hara getmək istəyir, göndərirəm. Yol pulunu qızırqanmıram, Laləli 
dərələrin qoynuna atıram özümü, alışıb yanmıram”. Şeirin epiloqu söz 


180 
sənətinin məfkurəvi keyfiyyətinə və sosialist gerçəkliyinə nə dərəcədə 
sədaqətli olub-olmamasına cavabdeh ədəbiyyat “texnoloq”larını xüsu-
silə qıcıqlandırırdı: “Kefim istəyəndə gecələr doyunca ulduzlara baxa 
bilirəm. Heç baxmıram, ya da Kef çəkirəm dünyada”. Bu sətirlərdə 
sosialist realizmi kanonları və qanunları ilə uyğunluğun olmamasını 
hiss edən tənqidçi əsəblərini və emosiyalarını cilovlaya bilməmişdi: 
“Bizə elə gəlir ki, bu cür hərcayi, iddialı lirik qəhrəmanı tərənnüm yox, 
ifşa etmək gərəkdir!..”. 60-70-ci illərdə belə bir mülahizənin səs-
lənməsi şairin taleyi üçün ciddi təhlükə yarada bilərdi. Ona görə də bu 
cür mövqedən yazılmış və altmışıncıları “ifşa” edən hökmlərə, it-
tihamnamələrə qarşı mütəmadi olaraq, sağlam və milli mənafeyi mü-
dafiə edən tənqidin səsi həmişə eşidilmişdir. Amma bu gün yarım əsrə 
yaxın bir vaxt keçdiyini və elə bir siyasi, ideoloji təhlükənin olma-
dığına güvənərək, o şeirlər haqqında daha geniş və cəsarətli müla-
hizələr bildirmək zərurəti duyulmaqdadır. Həqiqətən də, F.Qocanın bu 
şeirlərində Azadlığa münasibətdə müəyyən dərəcədə istehza, ironiya 
mövcud idimi? Bizə elə gəlir ki, yuxarıda nəzərdən keçirdiyimiz 
şeirlərin mətnində siyasi azadlığın şişirdilməsinə, zamanın böyük mü-
baliğəsinə yanaşmada müəllifin son dərəcə dərin antipatiyası, passiv 
istehzası və ayıq müasirlərinin, daha çox isə, gələcək nəsillərin həssas 
və iti idrakına hesablanmış incə bir ironiyası gizlənmişdir. Bədii 
həqiqətin bu cür düşünülməsi və ifadəsi, ümumən, F.Qoca üslubunu 
təşkil edən poetik komponentlərin mürəkkəb qarşılıqlı əlaqəsi, lirika-
nın məhdud imkanlarının bu dərəcədə genişləndirilməsi və lirik “mən”in 
birbaşa, müstəqim, az qala monoloq səciyyəli ifadəsində heyrətamiz 
çoxmənalılığa nail olmaq ötən əsrdə milli şeirimizin ən mühüm və 
yaddaqalan nailiyyətlərindən biridir.
Beləliklə, gənc F.Qocanın özünüifadə tərzi XX yüzildə Azər-
baycanın bədii inikas xəritəsində yeni ünvan, poetik məkan, növbəti 
və yeni bir üslub hadisəsi kimi milli estetik təfəkkürümüzü təzələmiş 
və zənginləşdirmişdir. Müdrik F.Qocanın möhtəşəm, zəngin yaradı-
cılıq dünyası gənc F.Qocanın bədii cəsarətindən və kəşflərindən do-
ğulmuş, ərsəyə gəlmişdir. Gənc şairin yarım əsr öncəki poetik həqiqət-
ləri və heyrətləri bu gün də bizi düşündürməkdədir.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə