Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə65/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   61   62   63   64   65   66   67   68   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Zalimə rəhm zülmü üdvandur, 
Xəlqi incitməyin, müsəlmandur [7, s. 176]. 
Məczubun nəsihətamiz təkbeytləri də vardır. O deyir ki, boş 
xəyallarla yoxsul varlanmaz, insan istədiyi mərtəbəyə ucalmaq üçün iş 
görməlidir: 
Rütbeyi-ali əməlsizdir məhal, 
Yoxsulu bay eyləməz künci-xəyal [7, s. 176]. 
Məczubun təkbeytlərindən onun ana dilini gözəl bilən, “İt hürər 
karvan keçər”, “Böyük başın böyük də bəlası olar”, “El öz ölüsünü 
çölə atmaz”, “Örkən nə qədər uzun olsa da, doğanaqdan keçər”, “Ot 


167 
kökü üstə bitər”, “Azın çoxla işi olmaz” kimi atalar sözlərindən, xal-
qın danışıq dilinə məxsus söz və ifadələrdən məharətlə istifadə edən 
istedadlı şair olduğunu görürük. 
Hicri tarixi ilə 1070-ci ildə (m.1659-1660) Məşhəd valisi, 1088-
ci ildə (m.1677-1678) Herat bəylərbəyi təyin edilmiş Azərbaycan şairi 
Səfiqulu bəy Səfinin Tehran Universiteti Kitabxanasında saxlanan di-
vanında Azərbaycan türkcəsində 11 qəzəli, qitə və rübailəri ilə bərabər 
6 mətləsi vardır. Bunlar lirik-aşiqanə ruhlu, şairin qərib ruhundan 
danışan şeirlərdir. Yarına kənardan həsrətlə baxan şair deyir: 
Yar dodağın əmər qarşıda həlva kimi, 
Baxa-baxa ağlaram nərgisi-şəhla kimi [8, s. 300].
Başqa bir mətləsində şair onu Məcnun edən sevgilisinə ən ağır 
qarğış edir: Qoy o gözəl də bu aşiqinin gününə düşsün: 
Bəni xar eyləyən gözlər də, yarəb, xarü zar olsun, 
Deməm kim, məndən artıq, mən kimi gözlərdə xar olsun [8, s. 298].
Səfiyə görə, ağaclar da onun sevgilisinin qəddindən ötrü bir-
birinə sarmaşıb zar-zar ağlayır. Bir beytdə maraqlı bir vizual obraz 
yaradılmışdır: 
Ağaclar sarmaşıb qəddindən ayrı zar ağlarlar, 
Sızıldarlar pərirulər kimi təkrar ağlarlar [8, s. 297].
Şairin sevgilisi o qədər gözəldir ki, o, Leylini özünə ancaq gö-
zətçi, qarovulçu götürə bilər. Onun aşiqliyi o qədər yüksəkdir ki, kö-
nül quşu Məcnunun başında yuva salmışdır: 
Həbibim nazdan Leylini ancaq pasiban eylər
Bənim könlüm quşu Məcnun başında aşiyan eylər [8, s. 298].
Şah Süleyman Səfəvi taxta çıxarkən (1666) qorçubaşı, sonralar 
Qumun hakimi təyin edilmiş, təxminən h.1105-ci ildə (1693-1694) 
vəfat etmiş Mürtəzaqulu Sultan Şamlunun bizə çatmış Azərbaycan 
türkcəsində yazdığı 3 məlum müfrədi zəmanənin, cəmiyyətdəki haq-
sızlıqların tənqidinə həsr edilmişdir. Onun təkbeytlərindən birində de-
yilir ki, simuzər, var-dövlət sahibi olmaq istəyən məhək daşı kimi üzü-
qara olmalıdır. Yəni vicdanlı adamlara sərvət nəsib ola bilməz: 


168 
Əgər əhli-cəhandin simü zər əxziğə talibsən, 
Gərək səngi-məhək tək eybcuvü rusiyah olmaq [8, s. 306]. 
Şairin başqa bir təkbeytində oxuyuruq: 
Eylə ki kim, əfsari-məşru ilə qəsr olur nəmaz, 
Qıldı kutəhömr əhli-fəzli təhsili-maaş [8, s. 306]. 
Şəriətdə nəzərdə tutulan müəyyən şəraitlərdə namaz qısaldığı 
kimi, fəzilət əhlinin ömrümü də gündəlik dolanışıq qayğıları qısa edir. 
Səfəvi hökmdarlarından Şah Süleyman (1666-1694) və Şah Sul-
tan Hüseyn (1696-1722) dövrünün məşhur şəxsiyyətlərindən və dövlət 
adamlarından olan Mirzə Möhsün Təsir Təbrizinin (1655-1719) Teh-
ranın Sipəhsalar Ali Mədrəsəsi Kitabxanasında saxlanan külliyyatına 
daxil olan 447 beyt həcmində türkdilli şeirləri içində (433 beyti oxu-
maq mümkündür) 5 lirik – aşiqanə təkbeyt vardır. Bunlardan üçü 
mətlə, ikisi fərddir. Fərdlərdən biri klassik Şərq poeziyasında geniş 
yayılmış mövzuya, məşuqənin gözəllik əlaməti olan ağzının kiçikli-
yinə həsr edilib: 
Dedi bənə ol şux ki, var yaxşıca ağzım, 
Dedim: nə edəlim, heç bənim gözümə gəlməz [9, s. 54].
Məşuqə ağzının gözəlliyi ilə fəxr edir. Aşiq isə onu görmədiyini 
bildirməklə bir daha sevgilisinin ağzının gözəlliyini təsdiq etmiş olur. 
Burada şair mübaliğə poetik fiqurunun kiçiltmə növündən istifadə et-
mişdir.
Bir mətləsində şair sevgilisinə üz tutub deyir ki, şam sənin 
məclisində seçilmək istəyir, məgər bu kəlləgöz sənə bərabər ola bilər: 
Bəzmində şəm istər mümtazi-məhfil olsun, 
Bu kəlləgöz səninlən istər müqabil olsin [9, s. 54].
Şam məclislərin bəzəyi olmuşdur, klassik şeirdə vəsf edilmişdir. 
Lakin gözəllikdə şairin məşuqəsi ilə müqayisə ediləndə onun çirkinliyi 
üzə çıxır. Müəllif yumorla onu “kəlləgöz” adlandırır. Şamın kəlləgözə 
bənzədilməsi kinayə poetik fiqurunun əlamətidir. 
XVII əsr anadilli poeziyamızda təkbeyt janrında yazılmış şeirlər 
son dövrlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitu-
tunda, dünya kitabxanalarında apardığımız araşdırmalar nəticəsində 
üzə çıxmışdır. Qeyd etmək istərdik ki, nə daha əvvəlki, nə də daha 


169 
sonrakı dövrlərdə anadilli şeirimizdə bu qədər təkbeyt yoxdur (daha 
dəqiq desək, hələ ki, üzə çıxarılmayıb). XVII əsr poeziyamızda tək-
beytlərin sayca nisbətən çoxluğunun şübhəsiz ki, öz səbəbləri vardır. 
Əsərlərini nəzərdən keçirdiyimiz bütün şairlər-Saib Təbrizi, Vəhid 
Qəzvini, Məczub Təbrizi, Səfiqulu bəy Səfi, Mürtəzaqulu Sultan 
Şamlu, Təsir Təbrizi ədəbiyyatda “hind üslubu”nun nümayəndələri 
olmuşlar. İstər farsdilli, istərsə də türkdilli ədəbiyyatda “hind üslubu” 
nümayəndələri öz ideyalarını, üslublarını yaymaq üçün təkbeytlərdən 
geniş istifadə edirdilər. Məlum olduğu kimi, “hind üslubu” şairləri 
təxəyyülə, xəyal gücünə, oxucu üçün qəribə görünə biləcək obrazlara, 
gözlənilməz bədii kəşflərə əsaslanırdılar. Oxucuya ilk baxışda qəribə 
gələ bilən, gözlənilməz bədii kəşfləri isə bir beytdə etmək mümkün 
idi. Bütöv qəzəl hətta oxucunu bunlardan yayındıra da bilərdi. Fik-
rimizcə, adlarını sadaladığımız şairlərin təkbeytlərdən əvvəlki dövr-
lərlə müqayisədə daha geniş istifadə etməsinin səbəbi elə bundan iba-
rət idi. Onlar diqqəti əsas bədii nailiyyətlərinə yönəltmək istəyirdilər. 
Bir sıra təkbeytlər ayrı-ayrı şeirlərin içindən götürülərək ayrıca təqdim 
edilirdi. Anadilli poeziyamızda təkbeytlərin şeirdən götürülərək ayrıca 
təqdim edilməsinə nümunə gətirə bilərik. Mürtəzaqulu Sultan Şamlu-
nun “Biçarə ol ki, bir büti-nikü vüsalı yox” misrası ilə başlanan qə-
zəlindən aşağıdakı beyt çıxarılaraq təkbeyt kimi təqdim edilmişdir: 
Kamillərə küdurəti-dövran yetər müdam, 
Ay bədrlənməz isə küsuf ehtimalı yox [8, s. 306].
Kamil şəxslərə dövran həmişə dərd vermişdir. Necə ki, yalnız 
bədrlənmiş, kamil ayın küsuf-tutulmaq ehtimalı vardır. Burada təmsil 
poetik fiqurundan istifadə edilib. Birinci misrada ifadə edilən fikir 
ikinci misrada həyatdan, səma cisimlərinin hərəkətindən misalla izah 
edilir. 
Ədəbiyyatımızın kiçik həcmli janrı olan təkbeytlərin köməyilə 
XVII əsr poeziyamızda cərəyan edən bir sıra prosesləri izləmək 
mümkündür. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə