Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə7/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   2   3   4   5   6   7   8   9   10   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Açar sözlər: 
Əlyar Səfərli,
 
Azərbaycan ədəbiyyatşünaslığı,
 
orta əsrlər, “Məsihi”, 
“XVII-XVIII əsrlər Azərbaycan epik şeiri”, “Divan ədəbiyyatı sözlüyü” 
Key words: 
Alyar Safarly, Azerbaijani literary criticism, Middle Ages, “Masihi”, 
“Epic Poem of Azerbaijan in XVII-XVIII centuries”, “Vocabulary of Divan Literature” 
Ключевые слова: 
Аляр Сафарли, азербайджанское литературоведение, 
средние века, «Масихи», «Азербайджанская эпическая поэзия XVII-XVIII веков», 
«Словник литературы Дивана» 
 
Azərbaycan bədii mədəniyyətinin, söz sənətinin VIII-XVIII 
yüzilləri əhatə edən orta əsrlər dövrünün görkəmli tədqiqatçıları ara-
sında Əlyar Səfərlinin adı və imzası aydın seçilir. Milli ədəbi-elmi və 
ictimai-pedaqoji fikrimizin inkişaf tarixində o, istedadlı ədəbiyyat 
tarixçisi, mətnşünas və lüğətçi, görkəmli müəllim, dərsliklər müəllifi, 
tədris vəsaitləri və proqramların tərtibçisi kimi tanınır.
Ə.Səfərli ədəbiyyatşünaslığa XX əsrin 60-cı illərində gələn 
gənclərdəndir. O, H.Araslı, M.Quluzadə, M.Rəfili, Mir Cəlal, M.Əli-
zadə, Q.Kəndli, Q.Beqdeli, R.Azadə kimi mediyevist alimlərin da-
vamçısı, Rüstəm Əliyev, Xəlil Yusifli, Sabir Əliyev, Malik Mah-
mudov, Nüşabə Araslı, İmamverdi Həmidovun təqribi həmyaşıdı, 
arkadaşı, T.Kərimli, R.Hüseynov, M.Nağısoylu, P.Əlioğlu, F.Əzizova, 
A.Mirzəyev, L.Əlizadə və b. onlarca tədqiqatçının sələfidir. Həmkar-
larının hamısından onu fərqləndirən özgün cəhəti isə həm də görkəmli 
ictimai-siyasi xadim olmasıdır. O, dörd il (1994-98) İran İslam Res-


16 
publikasında Azərbaycan Respublikasının səlahiyyətli səfiri vəzifəsin-
də işləmiş, iki ölkə arasında dostluq münasibətlərinin, iqtisadi, ədəbi-
elmi və mədəni-siyasi əməkdaşlığın qüvvətlənməsinə, qarşılıqlı hör-
mət və anlaşmanın möhkəmlənməsinə çalışmışdır. 
Əlyar Qurbanəli oğlu Səfərli 1937-ci il iyun ayının 23-də Ordu-
bad rayonunun Anabat kəndində varlı kəndli – təsərrüfat sahibi ailə-
sində doğulmuşdur. Atası Qurbanəli Abbas oğlunun böyük şəxsi tə-
sərrüfatı: iri bağ sahələri, qoyun sürüləri, dəyirmanı və mağazası var-
dı. Anası Sahab xanım da zirək, bacarıqlı bir insan idi. Əsasən evdar-
lıqla məğul olur, eyni zamanda təsərrüfat işlərində iştirak edirdi. 
Sovet dövründə Qurbanəli kişinin var-dövləti əlindən çıxmışdı; 
kollektivləşmə zamanı o, bağlarını, qoyun sürülərini, dəyirman və 
mağazasını kolxoza vermişdi. Buna baxmayaraq, yoxsullara əl tutur, 
bacardığını onlardan əsirgəmirdi. Bir dəfə bağları suvararkən qarda-
şının kürəkəni Kor Salmanla sözləşmiş, Kor Salman kənd əhlindən 
Molla Mehdiqulu, öz qardaşları Qeyibqulu və Rəsulla birləşərək Qur-
banəli kişidən şikayət etmişdilər. NKVD rəisi S.Seyranyan şikayət-
çiləri idarəyə çağıraraq onlarla söhbətləşmiş, şikayətçilər namərdlik 
edərək Qurbanəli kişiyə böhtan atmışdılar. Guya Qurbanəli kişi 1918-
20-ci illərdə erməni-müsəlman münaqişələrini qızışdıran şəxslərdən 
olmuş, azərbaycanlılara silah paylamışdır. Əslində isə Qurbanəli ca-
maata silah paylamır, özü silahlanaraq səngərdə oturur, Anabat kəndi-
nin əhalisini daşnakların hücumlarından qoruyurdu. Bəzən o, düşmən-
lərə qarşı tək-tənha vuruşur, yeganə köməkçisi qardaşı Tağı olurdu. 
Qardaşı ona kənddən silah-sursat, çörək, su gətirirdi. 
Kənd əhli pal-paltarını yığışdırıb elliklə Arazın sahilinə yığış-
mışdı. Camaat ev-eşiyini qoyub qaçır, Güney Azərbaycana pənah 
aparmaq istəyirdi. Bir dəfə Tağı da camaata qoşulub kənddən çıxmaq 
istəmişdi. Amma Qurbanəli ona mane olmuşdu. Əlyar Səfərli avto-
bioqrafiyasında yazır: “Atam çətin anlarda Naxçıvana yardım edərək 
türk ordusunun komandiri Ədib bəylə görüşür. Türk ordusunu ərzaqla 
təmin edir, sursat alıb kəndlilərə paylayır. Özü də silahlanaraq türk əs-
gərlərinin sırasında ermənilərə qarşı vuruşurmuş. Deyirmiş ki, hər bir 
şəxs ailəsinin, yurdunun şərəfini qorumalı, erməniləri kəndə buraxma-
malıdır. Günlərin birində Ordubadın Əjnövür (Aznaur) dağında iki 
nəfər silahlı qoyun sürülərinə soxulur. Qoyunları yaralamağa, öldür-
məyə başlayır. Çoban fəryad qoparıb camaatı köməyə çağırır. Atam 
elə bilir ki, sürülərə soxulan ermənilərdir. Silah götürüb çobanın ha-
rayına qaçır. Görür ki, iki oğlan əlində bıçaq qoyunları yaralayır, öl-
dürürlər. Onlar atamla vuruşaraq tüfəngini əlindən almaq istəyirlər. 


17 
Dartışmada silah açılaraq oğlanlardan birini yaralayır. O birisi qaçıb 
gedir. Yaralı oğlan bulaqdan su içdiyinə görə ölür. Onun oğlu Nəzər 
(Yadüşəngəli) məhkəməyə müraciət edir. Türk məhkəməsində işə ba-
xılarkən deyir ki, Qurbanəlinin qoyun sürüsü alınıb ona verilsin. Belə 
də olur və Nəzər məhkəmənin qərarı ilə Qurbanəlinin qoyun sürüsünə 
sahib çıxır. 
Qurbanəli türk ordusunun komandiri Ədib bəylə dostluq edir. 
Bu ordu erməni birləşmələrini darmadağın edərək Ordubadı qoruyur. 
Sovet dövründə Ə.Səfərlinin atasını, əmisini və böyük qardaşını 
həbs edirlər. Onların yeri bilinmir. NKVD məlumat verir ki, Qurban-
əlini Komiyə sürgün ediblər. Seyranyanın casusları deyir ki, Qurbanəli 
çox qorxulu adamdır. O, geri qayıtsa, kolxoz dağılar, şura hökumətinə 
son qoyular. Və Qurbanəli heç vaxt geri qayıtmır, ömrünü Komidə 
sürgün düşərgəsində keçirir və oradakı qəbiristanlıqda dəfn olunur... 
Qurbanəli sürgün ediləndə onun sonuncu övladı Əlyar ana bət-
nində nəfəs alırmış. Atasının həbsindən bir ay sonra dünyaya gəlir. 
Beləliklə, 6 uşaq Sahab xanımın himayəsində qalır. “Atam gedəndən 
sonra, – Əlyar Səfərli deyir, – anam kolxozda işləyir, 6 yetimi bö-
yüdür. Seyranyanın casuslarından Şeytan Cabbar, Kor Salman, Rəsul 
tez-tez gəlib anamı, xalamı, balaca uşaqları qorxudur, ailəyə sıxıntı 
çəkdirirmiş. Daşnak erməni öz soydaşlarımızla birləşib ailəmizdən 
qisas alır. Belə şəraitdə Sahab xalanın uşaqları təhsil ala bilmir, azacıq 
pərvazlanan kimi onları zorla kolxoza yazır, məktəbdən ayırırdılar. 
Təkcə Əlyar məktəbə gedir. O, Anabatda ibtidai təhsil alır, Gənzə 
kəndində yeddiillik məktəbi bitirir. Ancaq bu illər də sıxıntısız keçmir. 
Ona tez-tez “qolçomaq oğlu” deyib gülürlər və yeniyetmə Əlyar bu 
acı sözləri eşitməkdən bezib məktəbdən uzaqlaşmaq istəyir. Lakin 
anasının məsləhəti və təkidi ilə o, təhsilini davam etdirir. Dərslərini 
yaxşı oxuduğu üçün Əlyar getdikcə müəllimlərinin və şagird yoldaş-
larının rəğbətini qazanır, daha ona “qolçomaq oğlu” demirlər. 
1951-ci ildə 14 yaşlı Əlyar Ordubad pedaqoji məktəbinə daxil 
olur. Məktəbdə verilən təqaüdlə dolanır, özünə pal-paltar alır. Dörd il 
burada oxuyub pedaqoji məktəbi qurtardıqdan sonra 1955-ci ildə 
imtahan verib ADU-nun Şərq fakültəsinə qəbul edilir. Ehtiyac yenə 
onun yaxasından əl çəkmir. Gənc Əlyar ağır günlər keçirir. Həmin 
günləri xatırlayaraq o yazır: “Böyük qardaşım Muxtarın üstünə şər 
atıb həbs etmişdilər. Anam nə qədər çox işləsə də, mənə pul göndərə 
bilmirdi. Hərdən bir çamadan qoz içi – ləpə göndərirdi. Biz 5 nəfər tə-
ləbə kiçik bir otaqda qalırdıq. Mən qoz ləpəsi ilə dolu çamadanı açıb 
uşaqların qabağına qoyur və deyirdim: “Ya bunu aparıb sataq, ya da 


18 
özümüz yeyək”. Tələbələr ləpəni yeməyi məsləhət bilirdilər. Mən də 
yoldaşlarıma göndərilən ərzaqdan və başqa sovqatdan yeyib-içir, tə-
ləbəliyin ilk illərini bir qarnı ac, bir qarnı tox yola verirdim”. 
İki il sonra onun vəziyyəti qismən yaxşılaşır. Əlyar tələbə yol-
daşlarından Rüstəm və Alimə qoşulub universitet prorektorunun ya-
nına gedir, acınacaqlı yaşayışları barədə prorektora məlumat verirlər. 
Prorektor onların yataqxana ilə təmin olunmasına kömək edir və Əl-
yargil yataqxanaya yığışırlar. Elə həmin semestr o, imtahanların ha-
mısından “əla” qiymət alır və ona əlaçı təqaüdü verirlər. Bir dəfə də coğ-
rafiya müəllimi ondan xahiş edir ki, Ordubaddan ona qoz ləpəsi gə-
tirsin. Əlyar müəlliminin xahişini yerinə yetirir və müəllimi Əlyara çox-
lu pul verir. Bu da tələbə gəncin maddi durumunu xeyli yaxşılaşdırır. 
1960-cı ildə universiteti bitirən Əlyar Səfərli bir neçə ay işsiz 
qalandan sonra akademik Yusif Məmmədəliyevin köməkliyi ilə Niza-
mi adına Dil və Ədəbiyyat İnstitutunun Qədim və orta əsrlər ədə-
biyyatı şöbəsinə işə qəbul edilir. “Şöbənin müdiri Mirzağa Quluzadə, 
– Ə.Səfərli xatırlayır, – çox yaxşı kişi idi. İnsanlığına, mədəniyyətinə 
söz ola bilməzdi. Mənə dissertasiya mövzusu verdi. Şöbənin əmək-
daşları: M.Seyidli, Q.Kəndli, M.Purabbas, Q.Beqdeli, Q.Cahani, 
A.Rüstəmova, A.Dadaşzadə və X.Yusifli ilə eyni şöbədə çalışırdım. 
Onların hamısı çox mehriban, qayğıkeş insanlar idi.
1966-cı ildə “Məsihi və onun “Vərqa və Gülşa poeması” 
mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi 
elmi dərəcəsi alan Ə.Səfərli 1968-ci ildə müsabiqə yolu ilə ADU-nun 
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına müəllim və-
zifəsinə qəbul edilir. 1971-ci ildə işləmək üçün SSRİ Xarici İşlər Na-
zirliyi onu Əfqanıstana göndərir. Ə.Səfərli üç il Məzari-Şərif və Şi-
birqan şəhərlərində tərcüməçi işləyir. Bu şəhərlərdə özbək, türkmən və 
taciklər də yaşayırmış. Ə.Səfərli onlarla yaxınlıq edir, dostlaşır. Xü-
susilə, Sibirqan şəhərində özbəklər Əlyara rəğbət bəsləyir, onu öz 
məclislərinə dəvət edirlər. Belə məclislərdə söhbət bədii sənətdən, 
ədəbiyyatdan, poeziyadan gedir, Füzulinin, Nəvainin şeirləri oxunub 
təhlil edilirmiş. 1973-cü ildə Əfqanıstandan vətənə qayıdan Ə.Səfərli 
ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında pedaqoji fəaliy-
yətini davam etdirir; qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı fən-
nindən mühazirələr oxuyur, seminar məşğələləri keçir, yeni tədris 
proqramı və dərs vəsaiti hazırlayır. Onun ədəbiyyatşünas Xəlil Yusifli 
ilə birlikdə yazdığı “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” 
(1982) dərsliyi bu dövrdə çap olunur. Azərbaycan ədəbiyyatının qə-
dim dövrlərdən XIX əsrə qədərki inkişaf yolu, mərhələləri, şəxsiy-


19 
yətləri, onların həyat və yaradıcılığı haqqında sistemli və əhatəli mə-
lumat, elmi bilik verən bu dərsliyin “Kitabi-Dədə Qorqud”, “Dastani-
Əhməd Hərami”, “Qazi Bürhanəddin”, “İmadəddin Nəsimi”, “Mə-
həmməd Füzuli”, “Fədai”, “Məhəmməd Əmani”, “Məsihi”, “Qövsi 
Təbrizi”, “Saib Təbrizi”, “Məhcur Şirvani”, “XVII-XVIII əsrlər ədə-
biyyatı”, “Molla Vəli Vidadi”, “Molla Pənah Vaqif”, “Məhəmmədin 
“Şəhriyar” dastanı” hissələrini Ə.Səfərli yazmış, dərslik yazılarkən 
istifadə olunmuş elmi və bədii əsərlərin siyahısını tərtib etmişdir. 
Məlumdur ki, hələ “Qədim və orta əsrlər ədəbiyyatı” çap oluna-
na qədər bu dərslikdə yer alan sənətkarlar və ədəbi abidələr haqqında 
geniş məlumat verən tədqiqat əsərləri, monoqrafiya və kitablar nəşr 
olunmuş, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”ndə onların ömür 
yolu, yaradıcılıqlarının əsas istiqamətləri haqqında kifayət qədər ətraf-
lı məlumat verilmiş, məşhur əsərləri təhlil edilərək bədii düşüncənin 
inkişafındakı xidmətləri, yeri barədə obyektiv elmi fikirlər söylən-
mişdir. Həmin fikirlərdən ustalıqla bəhrələnən Ə.Səfərli, haqqında 
söhbət açdığı sənətkarların həyat və yaradıcılığına dair öz mülahizə-
lərini də söyləmiş, bu yolla onların nəinki Azərbaycan, ümumiyyətlə 
Yaxın və Orta Şərq ədəbiyyatının inkişafında rolu haqqında dolğun, 
əhatəli elmi təsəvvür yaratmağa çalışmışdır. Bu keyfiyyət kitabdakı 
fəsillərin hər birində, o cümlədən Ə.Səfərlinin yazdığı oçerklərdə ay-
dın görünür. Ə.Səfərli “Kitabi-Dədə Qorqud” eposunu qədim “Oğuz-
namə”lərin ən böyüyü və məşhuru, Azərbaycan xalqının tarixi qəhrə-
manlıq keçmişini əks etdirən möhtəşəm sənət əsəri, yazılı ədəbiyyat 
abidəsi, “Dastani-Əhməd Hərami” məsnəvisini “XIII əsr Azərbaycan 
ədəbiyyatının ən gözəl və qiymətli nümunələrindən biri” sayır. Epos-
dakı hadisələrin uzaq tarixi keçmişlə bağlı olduğunu, “feodal münasi-
bətlərinin ilk təşəkkül dövrü ilə” səsləşdiyini bildirən tədqiqatçı “Das-
tani-Əhməd Hərami”nin də “Kitabi-Dədə Qorqud”la eyni dövrdə ya-
randığını güman edir. Bu əsərlərin ikisini də həm məzmun, həm də 
forma xüsusiyyətlərinə, estetik tamlığına görə incələyən Ə.Səfərli 
onların bədii üslubu, dillərinin leksik tərkibi, mətnlərdə işlənən söz-
lərin semantik əlamətləri üzərində apardığı elmi müşahidələrə əsasən 
bu qənaətə gəlir ki, “Kitabi-Dədə Qorqud” kimi “Dastani-Əhməd Hə-
rami” də Azərbaycan ədəbi dilinin “ilk təşəkkül dövrlərinə məxsus 
əlamət və gözəllikləri əks etdirir”. Onun lüğətində ərəb-fars sözləri 
azdır, burada “Kitabi-Dədə Qorqud” boylarında işlənən türk mənşəli 
çoxlu qədim leksik vahidlər vardır: ərən, əsən, qopuz, sağdış, soldış, 
qutlu, yörə, aytmaq, ulaşmaq, altun və s. Canlı danışıq dilindən alın-
mış belə vahidlər, həmçinin məsəl və ata sözləri əsərin estetik tə-


20 
ravətini, bədii gözəlliyini və emosional təsirini qüvvətləndirir, xəlqilik 
ruhunu artırır. Ə.Səfərlinin təhlillərində məsnəvinin epik vüsətini şərt-
ləndirən əlamətlər: fabula, süjet və kompozisiya xüsusiyyətləri, surət-
lərin xarakteri, onların ətrafında baş verən hadisələrə və insanlara mü-
nasibəti aydın görünür. Əsərin mövzusu, ideyası haqqında məlumat 
verib surətləri səciyyələndirməklə kifayətlənməyən tədqiqatçı məsnə-
vinin poetik özəllikləri barədə söhbət açır; konkret olaraq onun hansı 
xətlə yazılması, vəzni, bəhri, misraların daxili bölgüsü, təhkiyə üsulu, 
hadisələrin məkanı, xalq adət-ənənələri, mərasimləri haqqında deyi-
lənlər “Dastani-Əhməd Hərami”nin məzmun zənginliyini və bədii 
estetik gözəlliyini aydın təsəvvür etməyə imkan verir. 
Haqqında söz açdığı orta əsrlər Azərbaycan şairlərinin hər bi-
rinin bədii yaradıcılığını onların dünyagörüşü, tərcümeyi-halı, fəlsəfi 
düşüncələri, ictimai-siyasi fəaliyyəti, nəhayət, ədəbiyyatın ümumi in-
kişaf xətti ilə vəhdətdə öyrənən və izah edən Ə.Səfərli Qazi Bürha-
nəddini (1344-1398) “görkəmli Azərbaycan şairi və dövlət xadimi”, 
“doğma ana dilini bütün varlığı ilə sevən, onun qayğısına qalan və bu 
dildə yazmağa xüsusi əhəmiyyət verən şair” adlandırır, onun yaradıcı-
lığını Həsənoğlu ilə Nəsimi arasında mənəvi körpü, Nəsiminin yara-
dıcılığını “ədəbiyyat və ictimai fikir tariximizdə yeni bir mərhələ”, 
Füzulini “orta əsrlər Azərbaycan ədəbiyyatında ana dilində yaranan 
şeirin ən böyük nümayəndəsi” hesab edir. 
“Qazi Bürhanəddin”, “İmadəddin Nəsimi” və “Məhəmməd Fü-
zuli” oçerklərinin əvvəlində preambula kimi verilən bu fikirlərin hə-
qiqət olduğu öz təsdiqini Ə.Səfərlinin elmi təhlillərində, izah və şər-
hlərində tapır. Onun yazdığı portret oçerklərin hər birinin başlanğı-
cında barəsində danışılan sənətkarın kimliyi, bədii fikir tarixində möv-
qeyi göstərilir, sonra tərcümeyi-halı verilir, daha sonra yaradıcılığının 
əsas mərhələləri, əsərlərinin mövzu və ideya istiqaməti, nəhayət, sə-
nətkarlığı: klassik bədii irslə ideya-estetik əlaqələri, forma və məzmun 
baxımından ədəbiyyata gətirdiyi yeniliklər, özündən sonrakı bədii 
fikrə təsiri, xalqın, millətin öz sənətkarına ehtiramı, onun adını əbədi-
ləşdirmək üçün həyata keçirdiyi tədbirlər şərh edilir. Belə sistemli 
təhlil və şərh üsulu Əlyar Səfərliyə haqqında bəhs etdiyi şairin, yaxud 
ədibin ədəbiyyat tarixində yerini, bədii düşüncənin inkişafında rolunu 
düzgün müəyyənləşdirmək – elmi nəticələr çıxarmaq imkanı yaradır: 
“Qazi Bürhanəddin anadilli şeirimizin güclənməsində, ədəbiyyatda 
dünyəvi, real duyğuların təsvirinin geniş vüsət almasında xüsusi xid-
mətləri olan ustad sənətkarlardandır. Bütün sonrakı dövr anadilli şeiri-
mizə onun faydalı təsiri vardır” [1, s. 187]; “1973-cü ildə Nəsiminin 


21 
anadan olmasının 600 illik yubileyi əsl xalq bayramına çevrilmişdir. 
Nəsiminin vətənində ilk dəfə olaraq onun əzəmətli heykəli ucaldılmış, 
bir sıra yerlərə Nəsiminin adı verilmişdir. Nəsiminin həyat və fəaliy-
yətindən bəhs açan kinofilm çəkilmiş, İ.Hüseynovun “Məhşər” romanı 
və Qabilin “Nəsimi” poemasında ölməz şairimizin bədii surəti yaradıl-
mışdır” [1, s. 202]; “Füzuli anadilli ədəbiyyatımızda orta əsrlərin, 
daha doğrusu, intibah dövrünün yetişdirdiyi ən böyük sənətkardır”. 
Özündən əvvəlki Şərq mədəniyyətinin ən yaxşı ənənələri əsasında 
yetkinləşən sənətkar özündən sonrakı ədəbiyyata güclü təsir göstər-
miş, əsrlərlə şairlər Füzulini ötmək yox, ona yaxınlaşmaqla fəxr 
etmişlər. Qövsi, Məsihi, Saib, Vaqif, Vidadi, Nəbati, Seyid Əzim Şir-
vani, Əlağa Vahid Füzulini ustad kimi qəbul etmiş, ondan öyrən-
mişlər. Füzuli təkcə “nazimi-ustad” yox, həm də şairi-ustaddır... Fü-
zuli dünya ədəbiyyatının ən böyük simaları ilə yanaşı durmağa tam 
layiq olan sənətkarlardan biridir” [1, s. 287]. 
Tədqiqatçının elmi müşahidələrinin, ədəbi-nəzəri düşüncələri-
nin, özündən əvvəl yazılanlardan öyrəndiklərinin ümumiləşdirilmiş 
nəticəsi kimi söylənən belə fikirlər onun həmmüəllifi olduğu “Qədim 
və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyində yer alan “Fədai”, 
“Məhəmməd Əmani”, “Məsihi”, “Qövsi Təbrizi”, “Saib Təbrizi”, 
“Məhcur Şirvani”, “Molla Vəli Vidadi”, “Molla Pənah Vaqif”, “Mə-
həmmədin “Şəhriyar” dastanı” oçerklərinin də məzmununda aydın 
görünür. Ə.Səfərli Əmaninin yaradıcılığını “XVI əsrin ikinci yarısı 
üçün qiymətli bir hadisə”, Fədainin “Bəxtiyarnamə” məsnəvisini “də-
rin humanizmi, ideya məzmunu və bədii ləyaqətilə seçilən əsər-
lərdən”, Məsihinin “Vərqa və Gülşa” əsərini “ideya-bədii gözəllik-
lərinə görə XVII əsr Azərbaycan ədəbiyyatı tarixində yeni bir ədəbi 
hadisə”, Məhcur Şirvaninin “Qisseyi-Şirzad” poemasını “bədii-fikri 
keyfiyyətlərinə görə orijinal bir əsər” hesab edir, Saib Təbrizini “öz 
zəngin və dolğun yaradıcılığı ilə Yaxın və Orta şərq xalqlarının bədii 
fikir tarixində yeni səhifələr açmış” və ana dili olmayan “fars dilində 
fars şairlərinin hamısından yaxşı yazan Azərbaycan şairi”, Qövsi Təb-
rizini “Azərbaycan və fars dillərində gözəl, mükəmməl şeirlər müəl-
lifi” kimi dəyərləndirir.
“Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyində xüsu-
si yer tutan “Molla Vəli Vidadi” və “Molla Pənah Vaqif” öçerklərinin 
də müəllifi Əlyar Səfərlidir. Məlumdur ki, bu sənətkarların yaradıcı-
lığı ilə Azərbaycan ədəbiyyatı tarixində yeni səhifələr açılmış, poetik 
fikirdə orta əsrlərdən yeni dövrə keçidin əsası qoyulmuşdur. Bu dövr-
də həm klassik, həm də yeni üslub təzə bir inkişaf mərhələsinə yük-


22 
səlmiş, poeziya forma və məzmun baxımından zənginləşmiş, Füzuli 
ənənələri ümumtürk kontekstindən uzaqlaşaraq xeyli sadələşib və yığ-
camlaşıb lokal səciyyə almışdır. Vaqif və Vidadinin yaradıcılığında Fü-
zuli təsiri duyulsa da, füzuliyanəlik görünməz həddə çatmışdır. Onla-
rın ikisi də müasirlərinin çoxu kimi yaşadıqları zəmanədən və mühit-
dən yazır, həyatın gerçək gözəlliklərini və təzadlarını, insanların sevinc 
və kədərini, arzu və istəklərini, mənəvi yaşantılarını əks etdirirdilər. 
Ə.Səfərli Vaqif və Vidadinin yaradıcılığına ənənəvi yanaşıb el-
mi sələflərinin əksəriyyəti kimi Vidadi lirikasını bədbin, Vaqif şeirini 
nikbin pafoslu hesab etsə də, sonda bu konsepsiya tərəfdarlarına əks 
mövqedə dayanır. Onun qənaətinə görə, Vidadi həmişə ağlamadığı 
kimi, Vaqif də həmişə gülmür. Xüsusilə “Mən cahan mülkündə müt-
ləq doğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət 
görmədim”, – deyə yaşadığı zəmanədən ictimai mühitdən şikayətlənən 
insanlarda etibarsızlıqdan, sədaqətsizlikdən, riyakarlıqdan, böhtançı-
lıqdan başqa heç nə görmədiyi üçün kədərlənən, xiffət çəkən və cahan 
mülkündə gördüklərindən usanaraq ömrünün müdrik çağlarında “Gör-
mədim” kimi şedevr bir əsər yazan Molla Pənahın hər zaman və hər 
yerdə həyatın bütün əzablarını toy-bayram kimi qarşıladığını düşün-
mək səhvdir. Əlyar Səfərli doğru deyir ki, nikbin Vaqifin bədbin-
ləşdiyi, kədərdən üzüldüyü, hətta yaşamaqdan bezdiyi vaxtlar da ol-
muş və onun “Yoxdur”, “Görmədim”, “Bax” rədifli şeirləri belə mə-
nəvi sıxıntıların bədbin əhvali-ruhiyyənin poetik ifadəsi kimi meydana 
gəlmişdir.
“Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyi sonralar 
təkmilləşdirilərək yenidən çap edilmişdir (1998). İlk nəşr “Müəllif-
lərdən” və “Ədəbiyyat” hissələrindən başqa 6 fəslə ayrılmışdı və hər 
fəslin adı vardı: “Ən qədim dövrlərdə Azərbaycan ədəbiyyatı”, “Erkən 
orta əsrlər ədəbiyyatı” və s. Kitabın birinci nəşrindəki “Müəlliflərdən” 
hissəsi ixtisar olunmuş, onun əvəzinə elmi bir “Giriş” artırılmış, bu 
hissədə divan ədəbiyyatının özgün xüsusiyyətləri aydınlaşdırılmışdır. 
İlk nəşrdə üçüncü fəsil “XI-XII əsrlər ədəbiyyatı” adlanırdı. İkinci 
nəşrdə bu fəsil parçalanaraq iki müstəqil fəslə ayrılmışdır: “XI əsr 
Azərbaycan ədəbiyyatı”, “XII əsr Azərbaycan ədəbiyyatı”. “Xətib 
Təbrizi” və “Qətran Təbrizi” oçerkləri üçüncü fəsildə, “Məhsəti Gən-
cəvi”, “Xaqani Şirvani” və “Nizami Gəncəvi” oçerkləri dördüncü fə-
sildə verilmişdir. Qətran və Xətib haqqında oçerklərin yeri dəyişilmiş, 
ilk nəşrdəki düzgün sıralanma pozulmuşdur. İkinci nəşrdə müəlliflər 
dərsliyə orta əsrlərdə yaşamış Seyid Zülfüqar Şirvani, Hümam Təb-
rizi, Mahmud Şəbüstəri, Bədr Şirvani, Hamidi, Həqiri Təbrizi, Mirzə 


23 
Cahan şah Həqiqi və Möhsün Nəsirinin həyat və yaradıcılığını işıq-
landıran oçerklər artırmaqla həm dərsliyi məzmunca zənginləşdirmiş, 
həm də Azərbaycan ədəbiyyatının orta sərlər dövrünə dair daha dol-
ğun elmi təsəvvür yaratmağa nail olmuşlar. Elə həmin ildə (1998) bu 
kitab Tehranda, ondan beş il əvvəl (1993) isə Ankarada yayımlanmışdır. 
“Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyi müəyyən 
əlavələr və təkmilləşdirmələrlə XXI əsrdə Bakıda yenidən nəşr olun-
muşdur (2008). Bu dəfə müəlliflər kitabı Tehran nəşrində olduğu kimi 
“Azərbaycan ədəbiyyatı tarixi” adlandırmışlar. XV əsr şairi Xəlili, XV 
əsrin ikinci yarısı və XVI əsrin əvvəllərində yaşamış Süruri, Bəsiri 
haqqında yığcam məlumat verilmiş, digər sənətkarların həyat və ya-
radıcılığına dair bəzi faktlar dəqiqləşdirilmişdir. Ali məktəblərin filo-
logiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş “Qədim və orta 
əsrlər Azərbaycan ədəbiyyatı” kitabı yığcamlaşdırılaraq orta ümum-
təhsil məktəblərinin ədəbiyyat proqramına uyğunlaşdırılmış və müəl-
liflər həmin proqram əsasında orta ümumtəhsil məktəbinin IX sinfi 
üçün “Ədəbiyyat” dərsliyi yazmış, bu dərslik bir neçə dəfə nəşr edil-
mişdir (1994, 1995, 1996, 2000, 2001, 2002). 
Ümumiyyətlə, Əlyar Səfərlinin yaradıcılığında XVII-XVIII əsr-
lər Azərbaycan ədəbiyyatının, özəlliklə bu dövrün epik şeirinin tədqiqi 
mühüm yer tutur. Onun “Məsihi” və “XVII-XVIII əsrlər Azərbaycan 
epik şeiri” monoqrafiyaları Azərbaycan orta əsrlərinin son dövründə 
yaranmış epik şeirin tədqiqinə həsr edilmişdir. Bu baxımdan Ə.Səfərli 
akademik Həmid Araslının birbaşa davamçısıdır. Məlum olduğu kimi 
Həmid Araslı hələ 1930-cu illərdən başlayaraq XVII-XVIII yüzillər 
Azərbaycan ədəbiyyatının elmi tədqiqatdan kənarda qalan məsələ-
lərinə, bu əsrlərdə yaşamış sənətkarların həyat və yaradıcılığına dair 
bir sıra elmi məqalə, oçerk, icmal, nəhayət, doktorluq dissertasiyası 
yazmış, bu əsərin mətni əsasında “XVII-XVIII əsrlər Azərbaycan 
ədəbiyyatı tarixi” adlı sanballı bir dərslik hazırlayaraq nəşr etdirmiş 
(1956), həmin dövrdə yaşamış Məhəmməd Əmani, Fədai, Məsihi, 
Saib və Qövsi Təbrizilər, Məhcur Şirvani, Molla Pənah Vaqif, Molla 
Vəli Vidadi kimi şairlərin bioqrafiyası, yaradıcılıq yolu, “Bəxtiyar-
namə”, “Vərqa və Gülşa”, “Qisseyi-Şirzad” və s. epik məsnəvilər
“Şəhriyar” dastanı, habelə XVIII əsrdə yazılmış tarixi mənzumələr 
haqqında ilk elmi məlumat vermişdir. Bu məlumat XVII-XVIII əsrlər 
Azərbaycan ədəbiyyatının sonrakı tədqiqatçıları, o cümlədən Ə.Səfərli 
üçün yaşıl mayak – yolgöstərici olmuş, onlar elmin zirvələrinə bu 
yolla getmişlər.
Ə.Səfərlinin ilk sanballı tədqiqat əsəri “Məsihi” (1992) monoq-


24 
rafiyasıdır. Onun namizədlik dissertasiyasının mətni əsasında hazır-
lanan bu monoqrafiya XVI əsrin sonları, XVII əsrin birinci yarısında 
yaşamış Azərbaycan şairi Rüknəddin Məsud Məsihinin həyat və 
yaradıcılığından bəhs edən birinci kitabdır. Ona qədər Məsihinin ömür 
yolu, bədii irsi, şair sələfləri, xüsusilə Füzuli yaradıcılığı ilə əlaqəsi, 
ədəbiyyat tarixində mövqeyi barədə Həmid Araslı, Mirzağa Quluzadə 
və Mirəli Seyidov bəhs etmiş, Məsihini “Füzuli şeirləri ilə tərbiyə-
lənmiş, Füzuli irsini dərindən mənimsəmiş, onun ədəbi məktəbini 
davam etdirən bir sənətkar” (H.Araslı), “Füzuli ənənələrini yeni dövr-
də, yeni ictimai şəraitdə öz yaradıcılıq simasını parlaq surətdə göstər-
məklə inkişaf etdirən”, “öz dövrünün tarixi-ictimai həyatını əks et-
dirən və bədii yaradıcılıq təcrübəsinə yeni qiymətli keyfiyyətlər gəti-
rən şair” (M.Quluzadə), “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatında 
görkəmli yer tutan, xalq ruhuna daha çox yaxın olan sənətkarlardan 
biri” (M.Seyidov) saymışlar. 
Ədəbiyyatşünas sələflərinin Məsihi haqqında fikirlərinə dərin 
hörmətlə yanaşan, onların əməyini qədirşünaslıqla qiymətləndirən 
Ə.Səfərli yanlış mülahizələri, səhv fikirləri dözümsüz qarşılayır, belə 
fikir və mülahizələrə təshih verməklə elmi həqiqəti üzə çıxarır. Bu 
məziyyət onun məşhur türk ədəbiyyatşünası İsmayıl Hikmətin, iranlı 
alim Əmiri Firuzkuhinin fikirlərinə münasibətində aydın görünür; 
İsmayıl Hikmət “Azərbaycan ədəbiyyatı tarixi” (1928) kitabında Mə-
sihini öz dövründə gözəl rübabi şeirlər müəllifi kimi tanınan, epik 
məsnəvilərilə Şərq şairləri arasında məxsusi mövqeyi olan sənətkar 
kimi səciyyələndirsə də, onun “saraya intisab etmiş (yəni saraya mən-
sub olan – 
Z.Ə.
) və ya etməyə çalışmış mədhiyyə yazan bir şair” ol-
masını, “Vərqa və Gülşa” əsərinin mövzusunu fars əfsanələrindən 
götürüldüyünü söyləmiş, Firuzkuhi isə Məsihini İsfahan şeir mək-
təbinə mənsub olan fars şairi kimi qələmə vermişdi. Ə.Səfərli adıçə-
kilən tədqiqatçıların ikisinin də fikirlərini təkzib edərək yazırdı: 
“İngilis şərqşünası kimi İsmayıl Hikmət də Məsihinin bu poemanı 
(“Vərqa və Gülşa” nəzərdə tutulur – 
Z.Ə.
) 1282-ci hicri ilində Teh-
randa çap olunmuş “Vərqa və Gülşa” əfsanəsinin fars xalq variantın-
dan götürdüyünü iddia edir ki, bu da doğru deyildir. Onun Məsihinin 
“Saraya intisab etmiş və etməyə çalışmış mədhiyyə yazan bir şair 
olması” fikri də tarixi həqiqəti ifadə etmir” [2, s. 7]. “Firuzkuhinin 
Məsihini İsfahan məktəbinə mənsub edərək, onu bir fars şairi kimi 
qələmə verməsi, əlbəttə səhvdir... Şairin (Məsihinin – 
Z.Ə.
) əldə olan 
yeganə böyük əsəri “Vərqa və Gülşa” istər dil, istərsə də əsas qəhrə-
manlarının səciyyəsi etibarilə “İsfahan məktəbi” ilə deyil, məhz Füzuli 


25 
ənənələri, Azərbaycan nağıl və dastanları ilə yaxından səsləşir” [2, s.9]. 
Monoqrafiyada Məsihinin dövrü, həyatı, güzəranı, müasirləri 
haqqında əhatəli məlumat verilir. Əsas elmi tədqiqat obyekti isə şairin 
“Vərqa və Gülşa” məsnəvisidir. Ə.Səfərli bu əsərin bədii qaynaqları, 
ərəb şifahi ədəbiyyatında geniş yayılan əfsanə və rəvayətlər, onların 
əsasında yaranan sərgüzəştlər barədə söhbət açmaqla, “Vərqa və Gül-
şa” mövzusunun Yaxın və Orta Şərqdə, xüsusilə ərəb qəbilələri ara-
sında qədim zamanlardan məşhur olduğunu, hətta “Leyli-Məcnun” 
əfsanəsindən daha çox yayıldığını, bu mövzuda müxtəlif əsərlər ya-
zıldığını əsaslandırır. Kitabda belə qaynaqlardan biri – VII əsrdə Cə-
nubi Ərəbistan qəbilələri arasında kiçik rəvayətlər şəklində intişar 
tapan “Urva və Əfra” hekayəsi haqqında geniş söhbət açılır. Müəllif 
tədqiqat əsasında bildirir ki, zaman keçdikcə “Urva və Əfra” hekayəsi 
Yaxın Şərqdə “Vərqa və Gülşa” adı ilə məşhurlaşmış, türk, Azərbay-
can, fars, özbək, qazax, tacik, türkmən, tatar, əfqan ədəbiyyatlarında 
bu mövzuda bir sıra əsərlər yaradılmışdır. Mövzunu yazılı ədəbiyyata 
gətirən, dağınıq əhvalatları birləşdirib kamil, bitkin bədii əsərə çevirən 
ilk şair isə Əyyuqi olmuşdur. Onun böyük sənətkarlıqla nəzmə çəkdiyi 
“Vərqa və Gülşa” dastanından sonra bu mövzu Yaxın Şərqdə daha da 
populyarlaşmış, həm farsdilli, həm də türkdilli ədəbiyyatda onun 
müxtəlif variantları əmələ gəlmişdir. XIV əsrdə türk şairi Yusif Məd-
dah, XVII əsrdə Azərbaycan şairi Məsihi “Vərqa və Gülşa” mövzu-
sunda əsər yazmışlar. Bundan başqa əfqan, qazax, özbək, tacik və 
türkmən şairləri də “Vərqa və Gülşa” əfsanəsinin öz ədəbiyyatla-
rındakı variantı əsasında məsnəvi-dastanlar yazaraq, Yaxın Şərq ədə-
biyyatında “Vərqa və Gülşa” mövzusunda yazılan əsərlərin sırasını 
həm keyfiyyət, həm də kəmiyyətcə xeyli zənginləşdirmişlər.
Bütün bunları xüsusi elmi səliqə və təmkinlə şərh edən Əlyar 
Səfərli Yusif Məddahla Məsihinin “Vərqa və Gülşa”larının müqayisəli 
təhlili üzərində dayanaraq bu əsərlərin məzmun və forma qatında nə-
zərə çarpan tipoloji oxşarlıqları və fərqləri göstərir. Tədqiqatçının 
doğru qənaətinə görə Məsihi “ənənəvi mövzuda əsər yazsa da... əvvəl-
ki “Vərqa və Gülşa” poemalarından tamamilə fərqli, spesifik xüsu-
siyyətlərə malik orijinal bir əsər yaratmışdır” [2, s. 58]. Yusif Məd-
dahın “Vərqa və Gülşah”ı kimi Məsihinin də əsəri epik-lirik əsərdir. 
Onların ikisi də məsnəvi formasında yazılmış, hadisələrə, qəhrəman-
ların ovqatına uyğun lirik qəzəllər verilmişdir. Lakin Yusif Məddah 
poemasını rəməl, Məsihi isə həzəc bəhrində yazmışdır” [2, s. 59]. 
“Yusif Məddahın poeması rəvayətlər kimi məclislərə ayrılır. Poema 
altı məclisdən ibarətdir və hər məclisin adı ərəbcə verilmişdir... 


26 
Məsihinin əsəri isə klassik epik əsərlər kimi divan ədəbiyyatı qanun-
qaydalarına əsaslanır. Poemada hər bölmə mənzum şəkildə ifadə 
olunmuş, fəslin daxili məna və məzmununa uyğun adlandırılmışdır... 
Məsihinin poeması həcmcə də Yusif Məddahınkından çox böyükdür. 
Yusif Məddahın poeması 1700 beytdən ibarətdir. Məsihinin “Vərqa və 
Gülşa” poeması isə on min misraya yaxındır”... [2] “Hər iki əsər 
ənənəvi şəkildə, klassik epik şeirin ədəbi qanunlarına uyğun olaraq 
tövhid və nətlə başlanır. Lakin Yusif Məddahın əsərində rəsmi-
ənənəvi başlıqlara az yer verilmişdir: burada tövhid yeddi, nət isə üç 
beytdən ibarətdir.” 
Məsihinin “Vərqa və Gülşa”sında isə nət, tövhid, Əlinin tərifi, 
meracnamə, qələmə xitab, Şah Abbasın mədhi və saqinamə hissələri 
verilir. Bu fəsillərin həcmi əsərdə min misraya yaxındır. Belə statistik 
fərqlərin müəyyənləşdirilməsi tədqiqatçıya Məsihi əsərinin bədii 
strukturunda – süjet və kompozisiya sistemində nəzərə çarpan özünə-
məxsusluqları göstərməyə imkan yaradır və o, hər iki əsərin süjet və 
kompozisiyasını müqayisə edərək bildirir ki, Məsihinin əsərinin süjeti 
bəzi cəhətlərinə görə Yusif Məddahın əsərinə bənzəsə də, ideya-
sənətkarlıq xüsusiyyətlərinə görə tamam orijinal əsərdir. Məsihi “sü-
jetə Yusif Məddahın əsərində olmayan bir çox hadisələr əlavə etmiş, 
bəzi epizodları öz məqsədinə uyğunlaşdırmış, bəzilərini isə atmışdır” 
[2, s. 60]. “Məsihi ənənəvi süjetə qəhrəmanların nəzir-niyazla doğul-
ması, aşiqlərin şam, pərvanə və ay-ulduzlarla mükaliməsi, onların 
məktublaşması, özlərinin öz dərdlərinə çarə tapmaları, Hümam və 
arvadının xeyirxahlıqları və s. bu kimi epizodları əlavə etmişdir ki, 
bunlar “Vərqa və Gülşa” mövzusunda yazılan bəlli əsərlərin heç 
birində yoxdur” [2, s. 61]. 
Monoqrafiyada Məsihinin “Vərqa və Gülşa” əsərinin Tehranda 
və Londonda saxlanılan əlyazmalarının elmi təsviri verilir, onların ya-
zılma tarixi, xətt və kağız növü, həcmləri, fərqi göstərilir. Hər iki 
nüsxəni diqqətlə oxuyub müqayisə edən Ə.Səfərli bu qənaətə gəlir ki, 
“Vərqa və Gülşa”nın Tehran nüsxəsi daha əski və mükəmməldir. Bu-
rada London nüsxəsində olmayan dörd fəsil vardır ki: “Məsihinin 
dünyagörüşünün bəzi cəhətlərini işıqlandırmaq, əsərin ideya-bədii 
keyfiyyətlərini aydınlaşdırmaq üçün çox faydalıdır” [2, s. 82]. 
Kitabda “Vərqa və Gülşa”nın ölməz qəhrəmanları, aparıcı per-
sonajları dərin təhlildən keçirilir. Ə.Səfərli Vərqanı “Eşq və şərəf mü-
cəssəməsi”, Gülşanı “Sevgi və gözəllik örnəyi”, əsərin özünü isə ümu-
milikdə “Ölməz sevgi dastanı” hesab edərək, onun ədəbiyyat tarixin-
dəki yeri barədə yazır: “Məsihinin “Vərqa və Gülşa” poeması ictimai 


27 
məzmunu, bədii keyfiyyəti baxımından Azərbaycan epik şeirinin gö-
zəl, kamil bir nümunəsidir. Şair bu əsəri ilə Azərbaycan ədəbiyyatı xə-
zinəsinə öz təravət və rayihəsini itirməyən bir sənət əsəri gətirmiş, 
məhəbbətin yeni, möhtəşəm bir abidəsini yaratmışdır” [2, s. 82]. 
Məsihinin həyat və yaradıcılığı ilə bağlı araşdırmaları Əlyar 
Səfərliyə XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının öyrənilməmiş 
məsələləri, bu dövrün ədəbi şəxsiyyətlərinin fəaliyyəti, xüsusən epik 
poeziyanın inkişaf yolları ilə yaxından tanış olmaq, bu şeirin ideya-
məzmun və bədii xüsusiyyətlərini tədqiq etmək imkanı yaradır. Ə.Sə-
fərli 20 ilə yaxın bir zaman ərzində bu sahədə apardığı gərgin elmi 
axtarışların nəticələrini “XVII-XVIII əsrlər Azərbaycan epik şeiri” 
mövzusunda yazdığı doktorluq dissertasiyasında ümumiləşdirir və 
həmin dissertasiyanın mətni əsasında eyniadlı dəyərli bir monoqrafiya 
çap etdirir [3]. “Epik şeir və ictimai həyat”, “Romantik və fantastik 
məhəbbət poemaları”, “Həyata və insana yeni münasibət. Mənzum 
hekayənin müstəqil janra çevrilməsi...” adlı üç fəslində epik-didaktik 
əsərlərdə realizm, Cəlalilər hərəkatının epik şeirdə əksi, tarixi möv-
zuların epik təsviri, qissə-məsnəvilərin mövzu dairəsi, fantastik obraz-
larda həyat həqiqətlərinin ifadəsi kimi məsələlərin elmi izahı verilən 
bu monoqrafiyanın dördüncü fəsli dövrün bədii nəsrinin: səyyar sü-
jetlər əsasında yaranan hekayə toplularının, Möhsün Nəsirinin “Tuti-
namə”, Məhəmmədin “Şəhriyar” əsərlərinin təhlilinə həsr olunmuş-
dur. İlk baxışda kitabın adına və problematikasına paradoksal görünən 
bu fəsil əslində XVII-XVIII əsrlərdə yaranan epik ədəbiyyatı bütöv bir 
tam kimi göstərmək məqsədinə xidmət edir. Elə buna görə Ə.Səfər-
linin monoqrafiyası orta əsrlər Azərbaycan ədəbiyyatının sözükeçər – 
nüfuzlu biliciləri tərəfindən razılıqla qarşılanmış, görkəmli ədəbiyyat-
şünas-alim Mirzağa Quluzadə monoqrafiyanın nəşriyyata təqdim 
olunmuş nüsxəsinə rəyində yazmışdır: “Ə.Səfərli Azərbaycan ədəbiy-
yatında XVII-XVIII əsrlərdə inkişaf edən epik şeirimizin bir sıra əsla 
işlənməmiş və ya ötəri adları çəkilmiş maraqlı nümunələrini toplayıb 
aşkara çıxarmış, onları sistemləşdirmiş, bu sahədə olan ilk mənbələri 
diqqətlə təhlil etmişdir... Müəllif XVII-XVIII əsrlərdə Azərbaycan 
epik şeiri və bədii nəsrinin həyatla, tarixi-ictimai zəminlə sıx əlaqə-
lərini, bu əsərlərdə humanist ideyaların canlı, şairanə təsvirini, əsər-
lərin ideya-estetik məziyyətlərini elmi-metodoloji cəhətdən tamamilə 
düzgün istiqamətdə öyrənib araşdırmışdır” [3, s. 5]. 
Azərbaycan mediyevist alimlərinin əksəriyyəti kimi Əlyar Sə-
fərli də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan Azər-
baycan ədəbiyyatına mənsub əlyazmalarından xəbərdar, xətt növlərinə 


28 
bələd, mətni düzgün oxumağı bacaran, onu səbir və təmkinlə trans-
foneliterasiya və tərtib edib nəşrə hazırlamaqdan zövq alan ədə-
biyyatşünasdır. O, Qazi Bürhanəddinin “Gülşənə gəl, nigara, bülbülü 
gör” (1976), Məsihinin “Vərqa və Gülşa” (1977) kitablarının, şeirlər 
divanının, Əmani əsərlərinin, Məhcur Şirvaninin “Qisseyi-Şirzad”, 
müəllifi hələlik müəyyənləşdirilməyən “Dastani-Əhməd Hərami”, 
“Dəlinamə” məsnəvilərinin, Qazi Bürhanəddin “Divan”ının, Füzuli 
“Hədiqətüs-süəda”sının tərtibçisidir.
Doğrudur, bu kitabların bəziləri, məsələn, “Dastani-Əhməd Hə-
rami” məsnəvisi, Qazi Bürhanəddin “Divan”ının fotofaksimilesi, Fü-
zulinin və Nəsiminin əsərləri Əlyar Səfərliyə qədər Türkiyədə və 
Azərbaycanda çapa hazırlanmış, nəşr olunmuşdu. Mətnşünaslıq baxı-
mından bu nəşrlər unikal idi. Lakin onlardan oxucuların az bir qismi, 
əsasən tədqiqatçılar istifadə edə bilirdi. Əlyar Səfərlinin nəşrləri isə 
həmin əsərləri kütləvi oxucuların, hətta məktəblilərin ixtiyarına verdi. 
Alim bu kitabların hamısına elmi müqəddimə, şərh yazmış, mətni asan 
başa düşmək üçün çətin sözlərin lüğətini hazırlamış, bu yolla beş-altı 
yüz il qabaq yaşamış klassik sənətkarları çağdaş oxuculara doğmalaş-
dırmışdır.
Əlyazma mətnləri üzərində gərgin işi Əlyar Səfərliyə Azərbay-
can ədəbiyyatşünaslığında analoqu olmayan yeni bir kitabın – “Divan 
ədəbiyyatı sözlüyü” (2014; 2015) kitabının meydana gəlməsi üçün 
stimul olmuşdur. Məlumdur ki, divan ədəbiyyatının özünəməxsus 
mövzuları, dil-üslub xüsusiyyətləri, söz-ifadə arsenalı və bunların 
rəmzi mənası, zəngin simvolikası vardır. Divan ədəbiyyatında bir qay-
da olaraq maddi və mənəvi aləm, gerçək bəşəri hislərlə ilahi duyğular, 
insana və Tanrıya məhəbbət, İlahi eşq ideyaları vəhdətdə təqdim 
edilir. Axirət – dünyanın, ölüm – həyatın, yoxluq – varlığın davamı 
olaraq təriflənir. Adi – ümumişlək sözlər divan ədəbiyyatında çox za-
man semiotik funksiya daşıyır, xüsusi gizli məna bildirir. “Divan 
ədəbiyyatı sözlüyü”ndə həmin gizli mənalar izah olunur və bu izahlar 
klassik poeziyanı, Nəsimi, Füzuli, Xətai kimi klassik sənətkarların şeir-
lərində deyilən gizli sözü, həqiqi fikri düzgün anlamağa kömək edir.
Beləliklə, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, 
professor Əlyar Səfərli XX əsr Azərbaycan ədəbi-elmi fikrində gör-
kəmli ədəbiyyat tarixçisi, mətnşünas və lüğətçi-leksikoqraf kimi tanı-
nıb sevilir. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə