Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,89 Mb.
səhifə3/14
tarix17.10.2017
ölçüsü2,89 Mb.
#5156
1   2   3   4   5   6   7   8   9   ...   14

Orta əsrlərdə intensivləşmiş karvan ticarəti dənizçiliyin inkişafına da təsir göstərirdi. Tarixi məlumatlara görə, həmin dövrdə Qara dənizdə gəmiləri olan genuyalılar bir müddətdən sonra Xəzər dənizində də göründülər. Onlar burada müəyyən müddət ərzində ticarətlə məşğul oldular. Genuya tacirlərinin ən çox alıb-satdıqları əmtəə isə əsrlər boyu beynəlxalq ticarətdə əsas yeri tutan Gilan ipəyi idi. Ümumiyyətlə, İran və Azərbaycan ipəyi XIII yüzilliyin ortalarına qədər genuyalılar tərəfindən İtaliyaya daşınırdı. 1300-cü ildən etibarən isə italyan dövlətlərinin ipəktoxuma sənətində işlənən xam ipəyin çoxu artıq İranın və Azərbaycanın Xəzər boyu əyalətlərindən aparılırdı. 1400-cü ilə qədər tərtib olunmuş səyahətnamələrdə Gilan, Şamaxı və Qarabağ Şimali Azərbaycanın ən önəmli ipəkçilik mərkəzləri kimi xatırlanır. Bir qədər də qədimə gedərək göstərmək olar ki, məşhur ərəb tarixçisi əl-İstəxri hələ X yüzillikdə Gilanda olan Lahican məntəqəsindən xam ipəktoxuma mərkəzi kimi bəhs etmişdir (4, 85; 88, c.1, 270). Orta əsrlərdə gəmilərdə daşınan məhsullar arasında neft və duz da üstünlük təşkil edirdi. Ümumiyyətlə, Azərbaycanda hasil, istehsal olunmuş, daxili və xarici bazarlara çıxarılmış məhsullar müxtəlif çeşiddə olmuşdur. Bu sərvətlərin içərisində qızıl, gümüş və mis də azlıq təşkil etmirdi. Bunlar Azərbaycanda qədim zamanlardan emal olunurdu. Azərbaycanın Naxçıvan ərazisində metal mədənlərinin olması barədə Məhəmməd Naxçıvani (XIV əsr) məlumatlar vermişdir (153, 29).

Müasir dövrdə ticari və siyasi əlaqələrdə mühüm amilə çevrilən xam neftin rolunu həmin dövrdə xam ipək və ədviyyat oynayırdı. Azərbaycanın müxtəlif adda olan zərif ipəyə və ipək məmulatlarına Avropada xüsusi tələbat vardı. Bu baxımdan orta əsrlərin məşhur səyyah və diplomatlarının, o cümlədən Marko Polonun Azərbaycanın iqtisadi həyatına dair məlumatları çox qiymətlidir. Azərbaycanda Marko Polonun diqqətini daha çox cəlb edən gerçəklik ipəyin və ipək məmulatlarının bolluğu olmuşdur. Onun Azərbaycanda ipəkçiliyin inkişafına dair qiymətli məlumatları ölkəmizin ipəkçiliyin ən qədim ocaqlarından, vətənlərindən biri olduğunu sübut edir (274, 19, 20).

Azərbaycanda ipəkçiliyin dərin tarixi köklərə malik olduğunu Alban tarixçisi Musa Kalankatuklu da "Albaniya tarixi" əsərində qeyd etmişdir (13, 16-17). Bunu sübut edən faktlardan biri də bir sıra Azərbaycan şəhərlərinin ipək istehsalında ixtisaslaşması idi. Təbiidir ki, həmin şəhərlərdə ipəkçilik qədim, ənənəvi sənət sahəsi olmasaydı, orta əsrlərdə bu sahədə nəzərəçarpacaq yüksəliş olmazdı. Orta əsrlər boyunca Avropa səyyahlarının və diplomatlarının Azərbaycanda ipəkçilik haqqında maraqlı qeydlərini izlədikcə, xam ipəyin və ipək parçaların Avropa dövlətlərinin daimi diqqət mərkəzində olduğunu görürük. Belə bir münasibət qiymətli Azərbaycan ipəyini ələ keçirmək arzusundan irəli gəlirdi. Orta əsrlərdə Azərbaycanın bütün iri şəhərlərində ipək parçalar istehsal olunurdu. Xam ipək isə əsasən Gilanda, Şirvanda, Qarabağda, Mazandaranda və Azərbaycanın cənub vilayətlərində hasil və emal edilirdi. «Şərbafi», «xalvari», «lejim» adlanan ipək növləri Avropa ölkələrində də şöhrət qazanmışdı (31, 102–104).

Monqol hücumları ipəkçiliyə ciddi ziyan vurdu, lakin onlar Azərbaycanda hakimiyyətdə mönkəmləndikdən sonra bu sahə sürətlə inkişaf etməyə başladı. Hələ X-XIII əsrlərin coğrafiyaşünasları və tarixçiləri toxuculuq sənayesinə nəzər yetirərkən Azərbaycanda şəhərlərin inkişafından bəhs etmiş, burada istehsal olunan müxtəlif növ ipək parçaları və qiymətli sapları qeyd etmişlər (153, 49). Orta əsrlərdə "kənar" adlı Qarabağ ipəyi daha məşhur idi. Bu dövrdə Şamaxıdan, Gəncədən və Tiflisdən Təbrizə iki növ ipək gətirilirdi. Onların bir növü zərif idi, «şərbafi» adlandırılırdı, digəri isə Ərəş mahalının adı ilə "ərvəş ipəyi" kimi tanınmışdı (31, 102, 104). Çox əlverişli coğrafi mövqedə-karvan yolları qovuşuğunda yerləşən Təbriz şəhəri Şərqi və Qərbi Avropa ölkələrinin bir sıra sənətkarlıq və ticarət mərkəzləri ilə ticarət əlaqələri saxlayırdı. Təbrizdən Kiçik Asiyanın müxtəlif şəhərlərinə və Aralıq dənizi limanlarına al rəngli ipək parçalar ixrac olunurdu.

Azərbaycan və Osmanlı tacirləri Avropa ölkələrindən Təbrizə yun parçalar, mahud və s. gətirirdilər. Təbrizin bazarlarında Şirvan və Gilan ipəyi satılırdı. Xam ipək və ipəkdən hazırlanmış zərif parçalar İsveçə, Polşaya, Danimarkaya ixrac edilirdi. Təbrizdə bir neçə iri bazar var idi. Həmin bazarlar ipək məhsulları ilə zəngin idi. Onlardan ən məşhuru Ağqoyunlu hökmdarı Həsən padişahın inşa etdirdiyi «Qeysəriyyə» bazarı olmuşdur (27, 35).

Azərbaycanda istehsal olunan müxtəlif növ ipək parçalar arasında "ərvəş" ipəyi çox qalın olurdu. İstehsal olunan ipək növləri qiymət baxımından bir-birindən fərqlənirdi. Mənbə məlumatlarına görə, "şərbafi" növ ipək 18, "ərvəş" isə 10 eküyə idi (31, 102-104). Azərbaycanda ipək istehsalının ildən-ilə artmasının nətcəsində bir qədər sonra (yəni, XVII əsrin 30-cu illərində), artıq Şirvanda ildə 3, Qarabağda 2, Gilanda 8, Mazandaranda 2 min bağlama ipək istehsal edilirdi (192, 142). Ümumilikdə Azərbaycanda ipəyin istehsalını və satışını izləmək üçün məşhur alman səyyahı və diplomatı Adam Olearinin məlumatlarını nəzərdən keçirmək kifayətdir. Adam Olearinin məlumatına görə, hər bir ipək bağlamasında 216 funt ipək olurdu. Təbriz daşı ilə bir batman 16 funta bərabər sayılırdı. Bu hesabla hər il Şirvandan 108 min, Qarabağdan 12 min, Gilandan 288 min, Mazandarandan isə 12 min batman ipək əldə edilirdi (257, 791).

Azərbaycanda ipəkçilik üzrə geniş tədqiqatlar aparmış mütəxəssislərdən sayılan M.X.Heydərov ölkədə göstərilən rəqəmlərdən daha çox ipək istehsal olunduğunu və satışa çıxarıldığını qeyd etmişdir. O, Adam Olearinin qeyd etdiyi rəqəmlərlə digər məxəzlərdəki rəqəmləri müqayisə edərək bunu sübut etməyə çalışmışdır (192, 48). Bu məlumatları bir daha təsdiq etmək üçün həmin dövrün ilk tədqiqatçılarından olan O.Ə.Əfəndiyevin gəldiyi qənaəti göstərmək xüsusilə əhəmiyyətlilir. O, qeyd edir ki, məlumatlara görə ən iri ipəkçilik mərkəzlərindən biri olmuş Şamaxıda hər il 20 min xərvara yaxın ipək satılırdı. Məhz buna görə də şəhər ipəkçilik mərkəzinə çevrilmişdi. Şamaxı şəhəri bu dövrdə xarici ölkə bazarlarını xam ipək, parça və hazır paltarlarla təmin edirdi. Şirvan Səfəvi imperiyasının tərkibində olarkən beynəlxalq ticarətin mühüm mərkəzlərindən birinə çevrilmiş Şamaxı Şirvan bəylərbəyliyinin baş şəhəri idi. Əcnəbi tacirlər xam ipək almaq üçün Şamaxıya gəlirdilər. Şamaxı ipəyi və məmulatı yüksək keyfiyyəti ilə fərqlənirdi. Bu şəhərdə İngiltərənin "Moskva kompaniyası"nın daimi nümayəndəsi var idi. Həmin nümayəndəyə Şirvan bəylərbəyi Abdulla xan Ustaclu xüsusi himayə göstərirdi. Azərbaycanda şəhərətrafı kəndlərdə də ipək istehsalı xeyli inkişaf etmişdi. Ölkənin Təbriz, Şamaxı, Bakı, Gəncə, Ərdəbil, Naxçıvan, Marağa və s. kimi şəhərlərinin ətraf kəndləri əmtəə münasibətlərinə cəlb edilmişdi. Bu, ölkənin xarici bazara xam ipək göndərən kənd mahallarına da aid edilə bilər (7, 183; 27, 35).

Göstərilən faktlardan məlum olur ki, Azərbaycan həmin dövrdə Yaxın Şərqin ən iri ipəkçilik mərkəzlərindən biri idi (192, 144) və Avropa dövlətlərinin Şərq siyasətində özünəməxsus yer tuturdu. Bu dövlətlər arasında Azərbaycan ipəyinə yiyələnmək uğrunda başlanmış rəqabət tədricən güclənirdi. Orta əsrlərdə Avropada iri dövlətlərin meydana çıxması və zəngin Şərq ölkələrinin iqtisadi bazarını ələ keçirmək uğrunda mübarizə bu rəqabətin səbəbləri idi.

Nəzərdən keçirilən dövrdə Osmanlı sultanları da Asiyadan Qara dənizə və Aralıq dənizi sahillərinə gələn karvan yollarını tamamilə öz nəzarətləri altına almaq, Avropa–Asiya ticarətində vasitəçiliyi ələ keçirmək üçün ipəkçiliyin ocaqlarından sayılan Azərbaycanı, habelə Cənubi Qafqazı, İran ərazisini Osmanlı imperiyasının tərkibinə qatmaq niyyətində idilər (3, c.3, 103).

Azərbaycanın Şərq ölkələri içərisində mühüm rol oynamasının başlıca səbəbi xarici bazar üçün qiymətli olan məhsulların əksəriyyətinin burada cəmlənməsi, istehsal olunması idi. İpəkdən başqa əhəmiyyətli məhsullar, mallar sırasına neft və duz daxil idi. Ədviyyat, ipək, neft və duz həmin dövrün beynəlxaq iqtisadiyyatının ticarətinin əsasını təşkil edirdi. Neftdən əsasən hərbi yürüşlərdə, təbabətdə və sarayların işıqlandırılmasında istifadə olunurdu. Məhz buna görə də orta əsrlərdə neft dövlətin mühüm gəlir mənbələrindən birinə çevrildi. (39, 13-15). Bu dövrdə artıq neftdən istifadə dairəsi genişlənirdi. Neftdən məişət və təsərrüfat ehtiyaclarının ödənilməsində istifadə edilir, ondan müxtəlif dərmanlar hazırlanırdı. Təbiidir ki, neft daha çox hərbi məqsədlərin həyata keçirilməsi vasitəsinə çevrilmişdi. Neftdən hərbi sahədə istifadə üsulları ən çox yunanlara, farslara, ərəblərə, səlcuqlara, monqollara və digər xalqlara məlum idi. Neftdən qalaların mühasirəsi və onların müdafiəsi zamanı istifadə olunurdu. Mənbələrdən məlum olur ki, həmin dövrdə hərbi əməliyyatlarda yanar nefti atmaq vəzifəsini yerinə yetirən xüsusi şəxslər də iştirak edirdilər (153, 29).

Bakı neftinin əhəmiyyətini təsdiq etdən onlarla orta əsr mənbələrini göstərmək mümkündür. M.Kalankatuklu "Albaniya tarixi" əsərində neftdən də bəhs etmişdir (13, 16-17). Onun məlumatlarından bəlli olur ki, Abşeronda neftin və duzun hasilatının qədim tarixi vardır (167, 64). Neftin və duzun çıxarılması, onun uzaq ölkələrə daşınması haqqında orta əsr müəlliflərinin və coğrafiyaşünaslarının əsərlərində dəyərli məlumatlar vardır (169, 20; 248, 49). Məlumatlar onu da bir daha sübut edir ki, Bakı nefti Azərbaycan sərhədlərindən xeyli uzaqlarda tanınırdı. Neftin hasilatı elə həddə çatmışdı ki, onu arabalarla nəinki ölkənin ayrı-ayrı bölgələrinə, habelə xarici ölkələrə aparırdılar (25, 44). Ağ neft ən qiymətli hesab olunurdu. Bu barədə ən dəqiq məlumatı ərəb coğrafiyaşünası əl-İstəxri 930-cu ildə vermiş, Bakıda ağ və tünd-sarı neftin çıxarıldığını qeyd etmişdir (167, 107-108). Orta əsr müəllifləri Bakıdakı neft mənbələrindən, quyularından da dəqiq məlumatlar vermişlər (165, 105,106; 25, 44; 188, 36; 38, 136).

XIII əsrdən etibarən Bakıda Qərbi Avropa səyyahları görünməyə başladılar. Həmin səyyahlar neft haqqında qiymətli məlumatlar verirlər. Bu barədə məşhur venesiyalı səyyah Marko Polonun məlumatları xüsusilə diqqətəlayiqdir. 1271-95-ci illərdə Orta (Mərkəzi) Asiya vasitəsilə Çinə səyahəti zamanı Bakı nefti haqqında qeydlər etmiş bu səyyah neftin əhəmiyyətini və xaricə daşınmasını göstərir (227, 56,57; 274, 18). Neft haqqında maraqlı məlumatları Venesiya səyyahları, o cümlədən İosafato Barbaro və Ambrozio Kontarini (XV əsrin II yarısı) də vermişlər (167, 18).

Neft Azərbaycan-Moskva əlaqələrində də başlıca ixrac məhsulu kimi mühüm yer tuturdu. Mənbələrdə Moskva knyazlığına xeyli miqdarda neftin daşındığından bəhs olunur (231, 116–117). İpək və neft Moskva tacirləri vasitəsilə Qərbi Avropa ölkələrinə aparılırdı. Gilan tacirləri Bakı neftini dənizlə Manqışlaq məntəqəsinə çatdırır, oradan isə neft karvan yolu ilə Xivəyə və Buxaraya, habelə Orta (Mərkəzi) Asiyanın digər şəhərlərinə göndərilirdi (7, 216). Bu barədə ən dəiqiq məlumatı «üç dəniz araxasına» səyahət etmiş məşhur Tver səyyahı Afanasi Nikitin vermişdir (3, c.3, 101). A.Nikitinin səyahətnaməsindən məlum olur ki, onun, habelə onunla olan digər tacirlərin əmtəələri qarət olunmuş, ruslar geri qayıtmaq istəmişdi. Lakin Moskva knyazlığına qayıtmaq üçün onların əllərində heç bir vəsait qalmamışdı. Səyyahın məlumatına görə, ruslar pərən-pərən düşmüşdülər. Bəziləri vətənə qayıtmış, borclu olanlar səfil hala düşmüş, digərləri isə Bakıya - işləməyə yollanmışdı. A.Nikitinin səyahətnaməsində deyilir: «Mən isə Dərbəndə, oradan da sönməz alovlar yurduna - Bakıya getdim. XIII əsrə kimi Bakı çox da böyük olmayan şəhər idi. XIII–XV əsrlərdə isə o Xəzər dənizində başlıca liman şəhərinə çevrildi. Bakı yaxınlığında hər gün 200 xərvar neft çıxarılırdı. Çıxarılan neft isə gəmi vasitəsi ilə Bakıdan daşınırdı» (314, 190–246). (Bəzi məlumatlara görə, bir xərvar 25 puda (yəni, 400 kiloqrama bərabərdir (Ərəb–fars sözləri lüğəti. Bakı: 1985, s. 693), digər məlumatlara görə isə bir xərvar 300 kq.–dır. (Персидско–русский словарь. М.: 1960, с.192)). (Qeyd etmək lazımdır ki, bir xalvar–bir eşşək yükünə bərabər də götürülür-D.Ə.). Bu zaman Bakı şəhəri Xəzər dənizində əsas ticarət limanı idi. Afanasi Nikitin hələ Dərbənddə olarkən eşitmişdi ki, Bakıda yerdən «yağ» çıxarırlar, bu yağ uzaqlara – gürcülərin məskunlaşdığı ərazilərə, Osmanlı Türkiyəsinə, İrana, Buxaraya və başqa yerlərə aparılır. Həmin yağı çıxarmaq üçün xeyli insan tələb olunur və yoxsul insanlar hər yerdən Bakıya - pul qazanmağa gəlirlər. Ruslar da o zaman Bakını liman şəhəri kimi tanıyırdılar. A.Nikitin «Xürrəm» adlı bir nəfərin köməyi ilə Suraxanıda işə qəbul edilmiş və neft quyularında işləməli olmuşdu. XV əsrdə Bakıda müxtəlif peşə sahələrinin tərəqqisi və qonşu ölkələrlə aparılan ticarətlə bağlı olaraq gəmiçilik də əvvəlki dövrlərə nisbətən müəyyən inkişaf dövrü keçirirdi. Gəmiçiliyin bu cür inkişafı Bakının liman şəhəri kimi əhəmiyyətini artırırdı (2, c.1, 387; 12, 21).

Həmin dövrdə Bakıda neft hasilatı xeyli inkişaf etmişdi. Suraxanıda, Binəqədidə böyük neft mədənləri fəaliyyət göstərirdi. Hər bir mədəndə isə xeyli sayda işçi çalışırdı. A.Nikitin də həmin mədənlərdə çalışaraq pul qazanmış və bu pul hesabına vətəninə qayıtmışdı.

Bakı nefti, onun şöhrəti haqqında ən dəyərli məlumatları Şamaxıda doğulmuş, XIV əsrin sonunda - XV əsrin əvvəllərində Bakıda yaşamış məşhur Azərbaycan coğrafiyaşünası və böyük sufi (din alimi) şeyxi Əbdürrəşid əl–Bakuvi vermişdir. O, qeyd etmişdir ki, «burada qətran (qır) yataqları var və hər gün iki yüz dəvə yükündən çox neft hasil olunur» (6, 117; 1, 337). Bu barədə xeyli sonralar qeydlər aparmış alman səyyahı Adam Oleari göstərir ki, «orta əsrlərdə Bakının iqtisadi həyatı neftlə sıx bağlı idi» (258, 477). 1572–ci ildə ingilis ticarət şirkətinin Bakıya gəlmiş nümayəndələri də Bakı neftinə böyük maraq göstərmişlər. Bu nümayəndələrdən biri-Ceffri Deket özünün qeydlərində Bakı yaxınlığında külli miqdarda neft hasil olunduğunu göstərir. Deket qeyd edir ki, çıxarılan neft ölkə sərhədlərindən xeyli uzaqlara daşınır. Səyyah daha sonra əlavə edir ki, «çıxarılan qara neftin yaxınlığında xüsusi bir yağ da çıxarılır ki, «ağ neft» adlandırılır. Bu yağ həddindən artıq qiymətlidir, qara neftin xüsusiyyətlərinə malikdir və bizdə «petroleum «(«dağ yağı») adlanır» (155, 219–238).



XVII əsrin I yarısında (1601-ci ildə) Bakıda olmuş Əhməd ər–Razi neft haqqında daha dolğun məlumat verərək qeyd etmişdir ki, Bakı ətrafında (yəni, Abşeronda) bu zaman 500–ə yaxın neft quyusu var idi və bu quyulardan ağ və qara neft çıxarılırdı. 1618-ci ildə Bakıda olmuş digər italyan səyyahı - Petro della Valle də Bakının yaxınlığında hasil olunan qara neftdən bəhs etmiş və göstərmişdir ki, çıxarılan qara neft çox ucuz satılır və şah xəzinəsinə hər il böyük gəlir gətirir. Bu dövrdə Bakıda ağ neftin hasil olunması barədə Osmanlı müəllifi Dal Məhmət Asəf–paşa da qiymətli məlumatlar vermişdir. Bu müəllif göstərir ki, minlərlə yük həcmində çıxarılan bu neftdən əldə olunan gəlir ildə on yük agça edirdi. Məlumdur ki, bir Osmanlı yükü 100000 agçaya bərabər idi. On yük gümüş pul 60000 manat və ya 6000 tümən edirdi (167, 224–225).

Neft haqqında ən qiymətli məlumatları 1647–ci ildə Bakıda olmuş Osmanlı səyyahı Övliya Çələbi özünün «Səyahətnamə» əsərində vermişdir. Bu müəllif qeyd etmişdir ki, «neft dövlətin əsas gəlir mənbəyidir. Şaha ildə 7000 tümən ağca (gəlir) gətirir. Neft istehsalı ilə məşğul olan adamlar gündüz nefti novdanların içinə axıdaraq, oradan nefti yığıb keçi tuluqlarına doldururlar. Sonra tacirlər nefti alıb, diyar–diyar aparıb satırlar. Neft səkkiz rəngdə olur. Lakin ən yaxşısı sarı neftdir. Qara neft şahın xüsusi malı hesab olunur. Bu nefti Əcəm diyarı, Özbəkistan, Hindistan, İraq, gürcülərin və kürdlərin məskunlaşdığı ərazilər, həmçinin Dağıstan və Osmanlı ölkəsi sərhədlərində yerləşmiş qalalara aparıb ondan işıq kimi istifadə edirlər. İstanbulda sarayda yanan məşəllərin hamısı Bakı nefti ilə yanır. Neftin gecə–gündüz gözətçiləri vardır. Çünki neftə od dəyərsə, sona qədər yanıb sönmək bilməz. Şəhərin yaxınlığında yeddi yerdə neft mədənləri vardır ki, qara və sair rəngdə neft çıxır. Moskvalılar daim Bakıya gəlib duz, neft, zəfəran, ipək alıb Moskvaya aparırlar» (5, 68–70; 163, 1-3). XVI əsrdə və bundan əvvəlki dövrdə çıxarılan neftin miqdarına dair rəqəmlər təqribidir, lakin XVII - XVIII əsrlərdə səyyah və diplomatların quyuların sayı, bu quyulardan hasil olunmuş gündəlik neft və gəlir barədə verdikləri məlumatlar əsasında dəqiq rəqəmlər əldə etmək mümkündür. Neft şah xəzinəsinə böyük gəlir gətirirdi və buna görə də o dövlətin əsas strateji sərvəti sayılırdı. Neft quyularının əksəriyyəti şah xəzinəsinə məxsus idi. Bəzi neft quyuları vəqf kimi dini mərkəzlərə verilmişdi. Məsələn, Bibi–Heybət türbəsinə verilmiş quyunun gəliri xəzinəyə daxil olmurdu (267, 172, 174). Bəzi neft quyuları xüsusi şəxslərin ixtiyarında idi. Neft hasilatı, emalı, istehsalı tarixinin tədqiqi təsdiq edir ki, orta əsrlərdə bu sahənin yüksələn xətlə inkişafı XV–XVI əsrlərə təsadüf etmişdir. XV əsrdə yüksələn xətlə inkişaf etmiş neft sahəsinə artıq XVI əsrin əvvəllərində daha qayğı ilə, maraqla yanaşılırdı. Dövlət neft istehsalının artırılmasına səy göstərirdi. Bu isə səfəvilər dövründə neftə xüsusi münasibət ilə bağlı idi. Həmin dövrdə illik neft hasilatı 25,3 min t. təşkil edirdi. XVI əsrdə İsveçrənin Bazel şəhərindəki ticarət mərkəzinin güclənməsi Bakı neftinin, əsasən onun distillatıının böyük həcmdə satışı sayəsində mümkün olmuşdu. Bakı ticarət mərkəzi ilə Bazel ticarət mərkəzi arasında əlaqələrin intensivləşməsi Bazel Universitetinin təbiət elmləri şöbəsində Bakı nefti haqqında mühazirələrin oxunmasına gətirib çıxarmışdı. XVI əsrdə İsveçrə geoloqları və coğrafiyaşünasları Abşeron yarımadasında olur, neft yataqlarının geologiyasına dair topladıqları məlumatlarla geologiya mühazirələrini zənginləşdirirdilər. Təbiidir ki, bu dövrdə Abşeron neft yataqlarının geologiyası o qədər də dəqiq deyildi, lakin həmin bilgilər o dövr üçün məqbul idi və kitablarda cəmləşdirilərək yayılırdı. Bazel kredit–sələm əməliyyatı iştirakçılarından Bakı neftinə maraq göstərənlərin sayı artırdı. Əsrin sonunda neftə həsr olunmuş yazılı mənbələr yaradıldı. Neft artıq 30–40 m dərinlikdən çıxarılırdı. Neftin illik hasilatı 56,7 min tona qədər artmışdı. Bakı neft hasilatı tarixində XVII əsr neftin elm sahələrinə nüfuz etməsi ilə səciyyəvidir (39, 13–15).

Orta əsrlərdə beynəlxalq iqtisadi sistemdə əsas alqı–satqı vasitələrindən biri də duz idi. Azərbaycanda duz hasilatının, emalının qədim tarixi vardır. Hal-hazırda da duzun Xəzər dənizindən bəsit üsullarla yığılması bunu subut edir. Duz hasilatı əsasən kiçik sahibkarların əlində cəmləşmişdi (180, c.2, 322). Onun daşınması və satışı isə tacirlərin əlində idi. Moskva dövlətinə və Avropaya gedən ticarət karvanlarında duz məhsulları xüsusilə üstünlük təşkil edirdi. Mənbə məlumatlarına görə, Moskva dövlətində duza ehtiyac daha yüksək idi. Bakıdan duzla yüklənmiş karvanlar dəniz yolu ilə Həştərxana çatdırılır, oradan isə Moskvaya aparılırdı. Duz İrana və digər ölkələrə də daşınırdı (5, 69). Dünyanın bir çox ticarət mərkəzlərində Bakıdan gətirilmiş duza rast gəlmək mümkün idi. Həmin mərkəzlərdə Bakını həm liman, həm də yaxşı, mənfəətlə satıla bilən məhsulların olduğu şəhər kimi tanıyırdılar. Bunu bütün orta əsr müəlliflərinin məlumatları təsdiq edir. Həmin müəlliflərin neftlə bağlı olan bütün məlumatlarında Abşeronda duz müəssisələri haqqında da məlumatlar verilir, duzun Xəzər dənizi vasitəsi ilə xaricə daşınması göstərilir. Bu məsələyə xüsusi əhəmiyyət vermiş ingilis səyyahı və diplomatı Artur Eduards Xəzər dənizi, onun sərvətləri haqqında məlumat verərkən qeyd edir: «Hər yay Volqa ilə üzüaşağı Yuxarı Volqa boyundakı bütün yerlərdən 500 iri və xırda gəmi üzür. Onların bəzilərinin su basımı 500 tona bərabərdir. Bu gəmilər duz və nərə balığı gətirmək üçün gedirlər» (155, 235–236). Bu məlumat Xəzərin beynəlxalq ticarət üçün böyük əhəmiyyət daşıdığını göstərir. Bu səyyahın nərə balığı haqqında məlumatı xüsusilə diqqətəlayiqdir. Həmin məlumat Qərb səyyahlarının Xəzərin zəngin balıq ehtiyatlarına malik olması barədə XIII əsrdən müşahidə edilən məlumatlarını təsdiqləyir və orta əsrlərdə Volqa (İdil) çayının Xəzər hövzəsi ölkələri arasında ticarət əlaqələrinin yaradılmasındakı rolunu nəzərə çatdırır (153, 26). Nəzərdən keçirilən dövrdə üzümçülük xüsusilə inkişaf etmişdi. Azərbaycanda mis mədənlərinin istismarı silah istehsalı üçün geniş imkanlar yaradırdı. Bu istehsal sahəsi nəinki daxili, eləcə də xarici bazar üçün fəaliyyət göstərirdi (153, 47). Azərbaycanda təsərrüfat əhəmiyyətli və xarici bazar üçün nəzərdə tutulan məhsullardan biri də zəfəran idi. Ölkənin təsərrüfat sistemində xüsusi rolu olan bu məhsulun becərilməsinin, emalının və satışının qədim tarixi vardır (153, 39–40).

2.2. XV əsrin II yarısında Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Ağqoyunlu-Osmanlı münasibətlərində ticarət amili.
Orta əsrlərdə Qərbi Avropanın ticarət, sənaye sahələrində və şəhər həyatında əsaslı dəyişikliklər baş verdi. Adriatik və Aralıq dənizlərinin sahillərində meydana gəlmiş zəngin itaylan ticarət respublikaları əzəmətli dövrünə qədəm qoydular. Bu yüksəliş nəticəsində Şimali İtaliya şəhərlərində əmtəə–pul münasibətləri inkişaf etməyə başladı. Bu proses həmin dövrdə beynəlxalq aləmdə öz nüfuzları ilə daha çox seçilən Venesiya və Genuya arasında ticari, siyasi rəqabətə gətirib çıxardı. Həmin rəqabət o zaman Azərbaycan üçün də aktual idi və buna görə də bu məsələyə daim diqqət yetirməli olacağıq. Həmin dövlətlərin xarici ticarətdən gələn hədsiz artıq qazanca yiyələnmək uğrunda apardıqları mübarizə Qafqazda, Xəzər dənizi hövzəsində və Yaxın Şərqdə italyan tacir–missionerlərinin və dəniz quldurlarının peyda olması ilə nəticələndi (288, c.1, 16; 300, 6-7).

Şərqdə baş verən dəyişikliklər isə özünəməxsus cəhətləri ilə Avropadakı proseslərdən fərqlənirdi. Orta əsr Şərqinin bənzərsiz xüsusiyyətlərindən biri ondan ibarət idi ki, Şərqdə yaranan müstəqil dövlətlərdən hər biri fatehlik vəzifəsini öz üzərinə götürür, böyük bir ərazidə hökmranlığa can atırdı. Budaq Qəzvini "Cəvahir əl-Əxbar" əsərində bu barədə haqlı olaraq qeyd edirdi ki, əgər padişah dünyaya sahib olmaq istəyirdisə, o, Şərqdən Qərbə qədər bütün əraziləri ələ keçirməli idi ki, hər hansı bir şəxsin ona qarşı çıxması mümkün olmasın (265, 114). Bu baxımdan Şərqin əzəmətli hökmdarları ticarət yollarının kəsişdiyi Konstantinopola qədər olan ərazilərə sahib olmaq niyyətini güdürdülər. XIII–XIV əsrlərdə Yaxın və Orta Şərqdə baş verən siyasi hadisələr buna güclü təkan verdi. Azərbaycanın ictimai-siyasi, iqtisadi potensialı əsasında meydana çıxmış Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri də həmin obyektiv prosesin nəticəsi idi (268, c.1, 153-210).

XV əsrin II yarısında Şərqdə Ağqoyunlu dövlətinin güclənməsi bəzi Qərbi Avropa dövlətlərinin diqqətini özünə cəlb etdi. Bu diqqətin başlıca səbəbi Osmanlı sultanlarının Avropaya doğru genişlənmək planları olmuşdur. «Osmanlı təhlükəsi» Avropa hökmdarlarını daim narahat edirdi. Venesiya rəsmiləri, Habsburq imperatorları, İspaniya və Portuqaliya kralları üçün «Osmanlı təhlükəsi» daha aktual idi. Məhz buna görə də həmin dövrdə Ağqoyunlu sarayı həmin dövlətlərin səfirlərinin ən çox pənah gətirdikləri ümid məkanı idi. Dəniz ticarətindən kənarda qalmış bəzi Avropa dövlətləri isə osmanlılarla normal münasibətlərin tərəfdarı idilər. Onlar bu mövqeyi ilə həm Avropanın dəniz ticarətində hökmranlıq edən Venesiyanı zəzərsizləşdirməyə can atır, həm də Osmanlı ərazilərindən Avropaya yönəlmiş tranzit ticarətinə sahib olmağa çalışırdılar. Biz orta əsrlər boyunca bu mübarizənin şahidi oluruq. Bu baxımdan Ağqoyunlu sarayında olmuş avropalı səyyah-diplomatların gündəlikləri xüsusi əhəmiyyət kəsb edir. Öz hökmdarlarının tapşırıqlarını yerinə yetirən bu səyyah-diplomatlar Ağqoyunlu imperiyasının iqtisadi potensialı, rolu barədə də məlumatlar toplayırdılar. Ağqoyunlu sarayında uzun müddət məskən salmış bu avropalı diplomatlar (A.Kontarini, K.Zeno, Ramuzio, İ.Barbaro və s.) Ağqoyunlu hökmdarlarını Osmanlı imperiyasına qarşı çıxmağa təhrik edir, qeydlərində Azərbaycan, onun iqtisadi həyatı haqqında qiymətli məlumatlar verirdilər (288, c.1, 18).

Həmin dövrdə beynəlxalq aləmdə baş verən dəyişikliklər Şərqə də öz təsirini göstərirdi. Məlumdur ki, bu dövrdə Qərbdə feodalizmin süqutu prosesi gücləndi, manufaktura istehsalı daha da inkişaf etdi, nəticədə Avropanın iqtisadi və siyasi vəziyyətinə uyğun olaraq Qərb dövlətlərinin xarici siyasətində müstəmləkəçilik, ekspansiya xətti qalib gəldi, kapitalizmin ilkin əlamətləri meydana çıxdı. Okean ticarətinin yaranması isə Qərbi Avropanın inkişafı üçün yeni təkan idi. Okean ticarətinə çıxışı olmayan Avropa dövlətləri ilə bu ticarətə nəzarət edən dövlətlər arasında Şərqə münasibət məsələsində ziddiyyətlər yarandı. Okean ticarətinə nəzarət edən dövlətlər üçün başlıca məqsəd həmin dövrdə tədricən güclənən və hərbi əməliyyatları ilə bütün Avropanı sarsıdan Osmanlı imperiyasının Avropaya doğru irəliləməsinin qarşısını almaq, onu zəiflədib sıradan çıxarmaq idi. Okean ticarətindən kənarda qalmış Avropa dövlətlərinin başlıca məqsədi isə Şərqlə iqtisadi əlaqələri inkişaf etdirmək, özlərinin zəruri ehtiyaclarını ödəmək, gücləndikdən sonra qarşıya qoyulmuş digər strateji planlarını həyata keçirmək idi. Bu baxımdan hər iki düşərgəyə daxil olan Avropa dövlətləri Şərqdə yaranmış dövlətlərlə qarşılıqlı əlaqələrin davam etdirilməsində çox maraqlı idilər. Bir tərəf bu məsələdə əsasən siyasi, digər tərəf isə iqtisadi-siyasi maraqları önə çəkirdi.


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə