Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,89 Mb.
səhifə8/14
tarix17.10.2017
ölçüsü2,89 Mb.
#5156
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

qarşısında iki ciddi maneə dayanmışdı: 1) İran körfəzinə çıxışı əldə saxlayan gənc Azərbaycan Səfəvilər imperiyası; 2) Qırmızı dənizdə və Hind okeanının ərəb sahillərindəki limanlara nəzarət edən, lakin tənəzzül etməkdə olan Misir məmlükləri dövləti. Beləliklə, orta əsrlər müsəlman dünyasının üç nəhəng imperiyasının maraqları bir–biri ilə toqquşurdu. Bu mənada Türkiyə tarixçisi X. İnalcıkın qənaəti çox obyektivdir. O, qeyd edir ki, Osmanlı fəthlərinin şərqə doğru istiqamətini məhz ticarət yolları müəyyənləşdirdi (204, 134; 253, 29; 85, 51). Belə bir şəraitdə, XVI əsrin əvvəllərində yaranmış Azərbaycan Səfəvilər imperiyası o qədər də asan bir durumla üzləşməmişdi. Azərbaycanda mərkəzləşdirilmiş imperiyanın yaradılması istiqamətində ciddi tədbirlər Şah I İsmayılın dövründə (1501-1524) görüldü. Böyük bir siyasi-ideoloji sistemin təməli üzərində yeni dövlət qurmuş Şah I İsmayıl Ağqoyunlu imperiyası hakimlərinin apardıqları daxili və xarici siyasətinə qarşı ümumxalq narazılığından istifadə edərək onun varlığına son qoymuş və 1499-1508-ci illər ərzində Azərbaycanı, təqribən bütün İranı, indiki «Ermənistan» və indiki «Gürcüstan» ərazilərini, Ərəb İraqını əhatə edən güclü bir imperiya yaratmışdı (26, 129-130; 268, c.1, 201-210, 225-235; 7, 39-59; 359, 158-159; 352, 1025a; 345, 179-206). Səfəvilər elə bir dövrdə hakimiyyətə gəlmişdilər ki, artıq beynəlxalq aləmdə ciddi, əsaslı dəyişikliklər baş vermiş, avropalılar Hindistana yeni yol açmaqla tarixə ümumdünya səciyyə vermiş, Yeni Dünya nizamı təşəkkül tapmağa başlamışdı. Avropada baş vermiş hadisələr həm dövlətçiliyə, həm də beynəlxalq aləmə münasibətdə bu bölgədəki dövlətləri iki fərqli düşərgəyə parçalamışdı. Avropanın bir sıra dövlətlərinin şərq siyasətində XVI əsrdə ən qüdrətli dövrünə daxil olmuş Osmanlı imperiyası ciddi maneəyə çevrilmişdi. Buna görə də Avropa dövlətləri ona qarşı şərqdə güclü bir müttəfiq tapmağa can atırdılar. Çünki XVI əsrdə Osmanlı imperiyası Avropa dövlətlərinin ekspansiyasına və onların dünya iqtisadi ehtiyatlarına nəzarət vasitələri məcmusuna qarşı çıxa bilən yeganə qüvvə idi (215, c.5, 73). XVI əsrin əvvəllərində əsasən Azərbaycan və İran ərazilərini özündə birləşdirən güclü Səfəvilər imperiyası bu baxımdan Avropanın bir sıra dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan Səfəvilər dövlətinin strateji planlarına bələd olan Avropa hökmdarları artıq yəqin etmişdilər ki, iqtisadi və siyasi maraqları toqquşan bu iki türk imperiyası tezliklə üz-üzə gələcəklər. Qərb rəsmiləri belə qənaətdə idilər ki, bu dövlətlərin arasındakı münasibətləri sadəcə olaraq kəskinləşdirmək lazımdır. Məlumdur ki, Səfəvilər imperiyasının siyasi xətti öncə şərqdə möhkəmlənməyə, sonra isə qərbə doğru genişlənməyə xidmət edirdi (132, 419). Avropada «milli mənafelərə xidmət edən» mütləq monraxiya tipli dövlətlər isə yaranmış vəziyyətdən bəhrələnmək, Osmanlı imperiyasının gücündən istifadə edərək Avropadakı rəqiblərini sıradan çıxarmaq istəyirdilər. Onlar habelə, Azərbaycan və İran ərazilərindən istifadə etməklə Hindistana çıxaraq qısa yolla zəngin olan şərq ölkələrinin məhsullarını Avropaya daşımağa cəhd edirdilər.

XV əsrin sonlarında Hindistana dəniz yolunun açılması Avropanın bu ticarətə birbaşa çıxışı olmayan digər dövlətlərini yeni yollar axtarmağa məcbur etdi. Bu, Şərqi Avropanı keçməklə Ağ dənizdən başlayan, Şimali Dvina çayını, Volqa çayını və Xəzər dənizini keçməklə Azərbaycandan İrana, oradan isə Hindistana gedən ticarət yolu idi. Hömin dövrdə böyük həcmdə ipəyin istehsal olunduğu Azərbaycan və İran beynəlxalq ticarətdə mühüm əhəmiyyət kəsb edirdi. XVI əsrin əvvəllərində Azərbaycanın iri şəhərlərində qızğın ticarət gedir və bu şəhərlərdə xarici ölkələrdən gəlmiş tacirlər məskən salırdılar. Bu dövrdə yaranmış vəziyyətlə əlaqədar Şamaxı bölgəsi beynəlxalq ticarətdə xüsusi çəkiyə malik idi. Bakıda və Şamaxıda xeyli sayda Hindistan taciri yaşayırdı. Bu Hindistan-Avropa ticarət əlaqələrində Azərbaycanın mühüm rolunun bariz nümunəsidir. Hindistandan gəlmiş tacirlər Azərbaycan şəhərlərində karvansaralara malik idilər və ölkədə geniş ticarət şəbəkəsi yaratmışdılar. Bakı şəhərinin qədim hissəsində-İçəri şəhərdə yerləşən, XV-XVI əsrlərə aid olan Multanı karvansarası bunu sübut edən abidədir. Bu karvansara Hindistanın Multan şəhərindən gəlmiş tacirlərinin fəaliyyəti ilə bağlı olmuşdur. Şamaxıya və Bakıya gələn hind tacirləri ədviyyatdan başqa, Azərbaycana Kəşmir parçalarını da gətirirdilər. «Tirmə» adlanan bu parçalar qızıl pula satılırdı və ona böyük tələbat var idi. Bakı və Şamaxı şəhərlərindən bəhs edərkən həmin dövrdə Xəzər dənizinin əhəmiyyətindən danışmaq vacibdir. Xəzər dənizi hələ XV əsrin II yarısında beynəlxalq ticarətdə mühüm əhəmiyyət kəsb edirdi. Dərbəndin bir liman kimi əhəmiyyəti azaldığından, Bakı Xəzər dənizinin əsas liman şəhərinə çevrildi. XV əsrin sonunda Azərbaycanda olmuş venesiyalı səyyah Donato da Leze Bakının ticarət əhəmiyyətindən qeyd edirdi: «Hindistandan gətirilən ədviyyat Şamaxıya, oradan da Bakıya daxil olur. Şəhərdə qızğın ticarət gedir. Əmtəələr gəmilərə yüklənir və Həştərxana yola salınır» (164, 92-96). Bakıdan aparılan əsas əmtəə məhsulları xam ipək, neft və duz idi. Bu məhsullar Şimali İrana, Orta (Mərkəzi) Asiyaya, Hindistana, Həştərxan vasitəsi ilə Moskva knyazlığına, oradan isə Avropa ölkələrinə aparılırdı. XVI əsrdə beynəlxalq tranzit ticarətində Azərbaycanın Ərəş şəhərinin çəkisi xüsusilə artdı. Mənbə məlumatlarına görə bu şəhərdə 800-ə yaxın dükan və xeyli karvansara var idi. Ərəş şəhəri Gəncə istiqamətində-Xaldan yaxınlığında yerləşirdi və Şamaxıdan oraya dəvə ilə dörd günlük yol qət etmək lazım idi. Bu şəhər XVI əsrin ticarət münasibətlərində Şamaxını geridə qoyurdu. Ərəşə xeyli əcnəbi tacir gəlirdi. Onların üçərisində Osmanlı türkləri, suriyalılar və hindlilər daha çox idi. Hindistan tacirləri buraya boya məhsulları və ədviyyat gətirirdilər (164, 92-96). Səfəvilərin hakimiyyəti dövründə beynəlxalq ticarətdə Azərbaycanın baş şəhəri olan Təbriz şəhərinin çəkisi xüsusilə artmışdı. Təbriz şəhəri yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə mühüm ticarət mərkəzlərindən biri hesab olunurdu. Səyahət və ticarət məqsədilə Təbrizə gəlmiş avropalılar onu «ticarət şəhəri" adlandırırdılar. Həmin dövrdə Şirvan və qiymətli Gilan ipəyi əsasən Təbriz vasitəsi ilə digər ölkələrə, o cümlədən Avropaya aparılırdı. Moskva dövləti vasitəsilə Avropa ölkələri ilə ticarət, Təbrizin də iqtisadi həyatında mühüm rol oynayırdı. Qeyd edək ki, həmin dövrdə Avropa manufakturalarının xammala, xüsusilə ipəyə, pambığa, dəriyə böyük ehtiyacı var idi. Bu məhsulların satış bazarı Təbrizdə cəmləşmişdi. Təbriz həmin dövrdə də Şərqin ən böyük toxuculuq şəhəri olmuşdur. Bu barədə XVI əsrin I yarısında Səfəvilər dövlətinin ərazisində olmuş venesiyalı tacir M.Membre də öz «Səyahətnamə»sində geniş məlumat verir. O, göstərir ki, səfəvilər dövründə Təbrizdə sənətkarlıq sahələri içərisində toxuculuq özünün yüksək inkişaf mərhələsinə çatmışdı. Qərb ölkələri üçün Moskva dövləti vasitəsi ilə Asiya ilə ticarət daha əlverişli idi. Onlar Volqa çayı və Xəzər dənizi vasitəsilə ticarətdə Təbriz-Ərdəbil-lənkəran-Bakı yolundan istifadə edirdilər. XVI-XVII əsrlərdə Şimal dəniz yolu-Xəzər dənizi vasitəsilə İran-Hindistan ticarət yolu daha mühüm əhəmiyyət kəsb edirdi. Bunun nəticəsində okean ticarətindən kənarda qalmış Avropa tacirlərinin şimaldan Şirvan yolu ilə Təbrizə axını üçün şərait yarandı (31, 136-143; 16, 116; 162, 64-67). Azərbaycanın Qərbi Avropa ilə ticarət əlaqələrində Moskva tacirləri də mühüm rol oynayırdılar. Moskva tacirləri Qərbi Avropaya xam ipək, ipək parçalar, Hindistandan daxil olan ədviyyatı daşıyır, ölkədən Azərbaycan neftini də aparırdılar. XVI əsrə dair «Ticarət kitabları»nda bu barədə məlumatlar vardır. Həmin kitablara əsasən belə bir nəticəyə gəlmək olar ki, neft Moskva tacirləri vasitəsilə Şirvandan Qərbi Avropaya daşınırdı. Şamaxıya Xəzər dənizi vasitəsilə gələn Moskva tacirləri Muğan düzünü keçib Cavad şəhərinə daxil olur, oradan da Ərdəbilə gedirdilər. Onlar Ərdəbildən iki istiqamətdə hərəkət edirdilər. Bu yollardan biri Təbrizə yönəlirdi. Digər yol isə Cənub-Şərq istiqamətində - Qəzvinə və Kaşana gedirdi. Həmin dövrdə bu şəhərlərdə qızğın ticarət gedirdi. Qəzvində və Kaşanda müxtəlif növ ipək parçalar, ədviyyat, mirvarı və qiymətli daş-qaşlar olurdu. Kaşan həm də böyük sənətkarlıq mərkəzi idi. Bu şəhər hələ qədim dövrlərdən gil və mis məmulatı, ipək toxuculuğu sahəsinə görə fərqlənirdi. Təbrizə daxil olan Moskva tacirləri oradan Osmanlı imperiyası ərazilərinə də gedirdilər. Onlar Azərbaycan və İran əraziləri vasitəsilə Hörmüzə də gedib çıxırdılar. Moskva tacirlərinin və səyyahlarının məlumatlarında da Hörmüzün ticari əhəmiyyəti barədə qiymətli materiallara rast gəlmək mümkündür. Hörmüz illər boyunca Hindistanın Avropa və Yaxın Şərq ilə ticarətində xüsusi rol oynamışdır. Bununla belə qeyd etmək lazımdır ki, XVI əsrdə Moskva tacirlərinin fəaliyyəti əsasən Şamaxıda, Təbrizdə, Qəzvində, Kaşanda və digər şimal şəhərlərində cəmləşmişdi (309, 26-27). XVI əsrdə dünyada təşəkkül tapan yeni münasibətlər sistemində Azərbaycanın xüsusi yeri vardı. Lakin ölkə çətin bir geosiyasi vəziyyətlə üzləşmişdi. Aralıq dənizi və Qara dəniz ticarəti bütünlüklə Osmanlı türklərinin əlinə keçmiş, Hörmüzdə isə səfəvilər həmin dövrdə Hind okenanında bütün ticarəti öz əlində cəmləşdirməyə çalışan portuqallarla üz-üzə qalmışdı. Birbaşa dəniz və okean ticarətindən məhrum olmuş Azərbaycan Səfəvilər imperiyasının Qərbi Avropa ölkələri ilə əlverişli şərtlərlə ticarət əlaqələri aparması üçün yalnız Moskva dövləti ərazisi qalmışdı. Bu yol isə o qədər də etibarlı deyildi. XVI əsrdə tədricən güclənən Osmanlı imperiyası Həştərxan şəhərini ələ keçirməklə bu yola da nəzarət etmək istəyirdi.

Beləliklə, XVI əsrin beynəlxalq siyasət və ticarət sistemində Azərbaycan Səfəvilər imperiyasının xüsusi yeri var idi. Həmin dövrdə bu imperiya beynəlxalq proseslərin mühüm subyektlərindən olmuşdur. Lakin malik olduğu önəmli strateji və iqtisadi mövqeyə baxmayaraq, yaranmış geosiyasi vəziyyət bu imperiyanı Avropa ölkələri ilə birbaşa qarşılıqlı əlaqələrdən məhrum etmişdi. Buna görə də Azərbaycan Səfəvilər imperiyasının banisi Şah I İsmayıl ilkin mərhələdə dövlətin qüdrətini artırmaq üçün babası Uzun Həsən kimi bütün Anadolu yarımadasına sahib olmaq, Qara dəniz və Aralıq dənizi ticarətini öz əlinə keçirmək istəyirdi. Digər tərəfdən, o, Bəhreyn adalarında möhkəmlənmək, İran körfəzi istiqamətində Hind okeanı ticarətini öz nəzarətində saxlamaq məqsədini güdürdü. Bu baxımdan «Anadolu siyasəti» səfəvilər üçün də ilkin sırada dayanırdı. Çünki Anadolu bölgəsi hələ də dünyaya nəzarət imkanlarının cəmləşdiyi bir məkan idi. Ümumiyyətlə, səfəvilər sülaləsi siyasi hakimiyyətə gəldiyi gündən Anadoluya xüsusi diqqət ayırmış, ciddi fəaliyyət nəticəsində bu bölgə əhalisinin əksəriyyətini öz təsiri dairəsində saxlamışdı (104, c.1, 269; 80, 97-116). Anadoluya yiyələnmək Şah I İsmayıl üçün gələcək strateji planların gerçəkləşdirməsinin ilk mərhələsi olmalı idi. Onun əsas məqsədi vahid bir ərazidə böyük bir imperiya yaratmaq və Avropa ilə üz-üzə dayanmaq idi. Bu məsələyə geniş yer ayırmış İ.P.Petruşevsiki qeyd edirdi ki, "əgər Şeyx Heydər öz qarşısında Azərbaycanı birləşdirmək məqsədini qoymuşdusa, qonşu ölkələrdə və vilayətlərdə müridlərinin fəal çıxışlarına arxayın olan İsmayıl qarşısına daha böyük bir məqsəd qoymuşdu. Buna görə də o, 1501-ci ildə mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratdıqdan sonra öz tərəfdarlarının arzularını gerçəkləşdirmək üçün Azərbaycandan kənarda olan bir sıra ölkələri öz dövlətinin tərkibinə birləşdirməklə şiə imperiyası yaratmaq məqsədi güdürdü" (268, c.1, 228). Bütün Qafqaz, Anadolu və Afrika qitəsindəki bir sıra ölkələr bu sıraya daxil idi. Bunlardan biri də Misir məmlüklərinin dövləti idi. Bu dövlət Hind okeanı ticarətində xüsusi mövqeyə malik olduğuna görə Səfəvilər imperiyasının planında xüsusi yer tuturdu. Tutduğu geostrateji mövqeyə görə hələ XV əsrin II yarısında Uzun Həsən də bu dövlətə xüsusi əhəmiyyət verirdi. O zaman (1470) Osmanlı imperiyası ilə toqquşma olacağını anlayan və bunun üçün Venesiya ilə münasibətlər qurmuş Uzun Həsən Avropa ölkələrinin Kipr ətrafında dolaşan donanması ilə əlaqə yaratmaq üçün Misiri və Suriyanı fəth edərək Aralıq dənizi sahillərinə qədər irəliləmək məqsədini güdürdü. Bu arzu ağqoyunluların 1472-1473-cü illərdə uğradıqları müvəffəqiyyətsizliklərə görə həyata keçmədi. Lakin Misir məmlükləri Uzun Həsənin oraya hərbi yürüş edəcəyindən daim ehtiyat edirdilər. 1478-ci ildə Uzun Həsənin ölümü Misir sultanını bu narahatçılıqdan xilas etdi (80, 97-116). Ağqoyunlulardan sonra Azərbaycanda hakimiyyətə gəlmiş səfəvilər Misir məmlükləri ilə normal münasibətlər qurdular, lakin Səfəvi şahları həmin ərazilərə çıxışı özlərinin strateji məqsədlərindən biri hesab edirdilər. Təbiidir ki, güclü, mərkəzləşdirilmiş Səfəvilər imperiyasının planları Osmanlı sultanlarına da məlum idi. Kiçik Asiyada tədricən artan Səfəvi ardıcıllarının fəaliyyəti Osmanlı sarayı üçün ciddi bir təhlükə idi. Osmanlı sultanı II Bəyazidin dövründə qüdrətli Səfəvi imperiyasına qarşı birbaşa çıxmaq mümkün deyildi, lakin rəqibin qüdrətini sarsıtmaq üçün Osmanlı sarayında kompleks tədbirlər planı işlənib hazırlanmışdı. Bu planlar sırasına hərbi, siyasi, iqtisadi və mədəni təsir tədbirləri daxil idi (104, c.1, 276). Osmanlı sultanları Qafqaz bölgəsini ələ keçirmək, Xəzər dənizinə çıxmaq, Moskva dövlətinin cənuba, Səfəvi imperiyasının isə şimala (Qafqaza) və şərqə (qərbi Türküstana) doğru yayılmasına mane olmaq, Şeybanilər dövləti (1500-1598) ilə siyasi və hərbi ittifaq qurmaq, Moskva dövlətindən və Səfəvi imperiyasından gələn təhlükəni aradan qaldırmaq, imperiyanın təhlükəsizliyini qorumaq məqsədlərini güdürdülər. Onları narahat edən problemlərdən biri də Azərbaycan Səfəvilər imperiyasının Moskva dövləti əraziləri ilə Qərbi Avropa ölkələriylə ticarət əlaqələri idi. Çətin vəziyyətdə bu marşruta üstünlük verən Səfəvi şahları həmin istiqamətdə yeritdikləri ticarət siyasəti ilə Osmanlı imperiyasının iqtisadiyyatına ciddi ziyan vururdular. Osmanlılar heç cür razılaşa bilmirdilər ki, "İpək yolu"na nəzarət bütünlüklə səfəvilərin əlinə keçsin. Çünki artıq şərq ölkələrindən gələn ticarət məhsulları Osmanlı imperiyasının vasitəçiliyi ilə Avropa ölkələrinə deyil, Qafqazdan keçərək Moskva dövlətinin vasitəçiliyi ilə Avropaya ötürülürdü. Bu isə Osmanlı-Səfəvi ziddiyyətlərini kəskinləşdirən amillərdən biri idi. XVI-XVIII əsrlərdə Osmanlı-Səfəvi münasibətlərinin xarakterini müəyyən edən amillər arasında geosiyası, iqtisadi və dini amillər eyni dərəcədə özünü göstərmiş və iki imperiyanın arasında ziddiyyətlərin baş verməsində önəmli yer tutmuşdur (109, c.1, 502-503; 353, 437-439 (3-5)). Bütün bunlar isə XVI əsr boyunca Azərbaycanda, indiki Ermənistan və indiki Gürcüstan ərazilərində böyük və kiçik fasilələrlə Azərbaycan Səfəvilər imperiyası ilə Osmanlı imperiyası arasında uzunmüddətli müharibələrin baş verməsinə səbəb oldu. Dini şüarlar altında aparılan bu müharibələr siyasi və iqtisadi səbəblərdən törəmişdi. Çünki Osmanlı sultanları Qafqaza və Azərbaycana sahib olmaq, buradan keçən ticarət yollarına və ipəyin istehsal olunduğu mərkəzlərə yiyələnmək istəyirdilər (266, 239). Osmanlılar şərq-qərb ticarətinə nəzarət edə bilmək üçün üç ticarət bölgəsinə xüsusi önəm verirdilər. Bu bölgələrdən ikisi dəniz, digəri isə quru ticarəti ilə bağlı idi. Dəniz ticarət bölgələrindən birincisi ölkənin qərb bölgələrində qalan Egey dənizi və Adriatik dənizi sahilləri boyunca uzanan və Avropaya açılan bölgə idi. F.Braudelin təhlilində xüsusi əhəmiyyət verilmiş buğda ticarəti bu bölgədə önəmli yer tutmaqda idı. İkinci bölgə isə Aralıq dənizinin şərq sahilləri ilə Hind okeanı tərəfdəki ticarəti əhatə etməkdə idi. Bu ticarət yolu İstanbuldan başlanır Şimali Afrikadakı limanlardan Ciddəyə, oradan da Hindistan sahillərinə və Malakkaya qədər uzanırdı. Bu bölgə ticarətində toxuculuq və ədviyyat məhsulları ilə birgə digər dəyərli əmtəələr də daşınırdı. Üçüncü bölgə isə dövlətin həyatında mühüm rol oynayan İstanbuldan başlanır, Orta və Şərqi Anadoluya, oradan Suriyaya (Hələbə) və Azərbaycana, İrana qədər uzanır, «Şərq-Qərb karvan yolu» adlandırılırdı. Bu bölgədə də daşınan əmtəələr içərisində toxuculuq məhsulları, ədviyyat ticarəti və o dövrdə ticarətdə mühüm əhəmiyyət daşıyan müxtəlif məhsullar üstünlük təşkil edirdi (58, c.3, 210-211). Həmin ticarət yollarına əhəmiyyət verən Osmanlı sultanları İslam dünyasının yeganə hökmranı olmaq istəyirdilər. Bu məsələyə münasibət bildirmiş və tədqiqatlar nəticəsində mühüm nəticəyə gəlmiş Robert Mantran qeyd edir ki, Osmanlı sultanları İslam dünyasının yeganə siyasi, sonra isə dini başçısı olmaq istədilər və Bəsrə körfəzindən, Qırmızı dənizdən Aralıq dənizinə uzanan karvan yollarının sahibi vəziyyətinə gələrək Avropa ilə Asiya arasındakı ticarətin başlıca yolunu ələ keçirdilər (107, 1435). Osmanlı imperiyasının İslam dünyasının siyasi, sonra isə dini başçısı olmaq istəyi də səfəvilərin arzusu ilə toqquşurdu. Qızılbaşlıq (sufilik) təlimini dövlət səviyyəsində qanuniləşdirmiş səfəvilər İslam cəmiyyətində İslam peyğəmbəri(s.ə.s)-nin vəfatından sonra pozulmuş və imam Əli(ə)-nin dövründə bərpa olunmuş müvazinəti bərpa etmək istəyi ilə «İslam dünyasının varisləri» kimi çıxış etmək iddiasında idilər. Səfəvilərin qədim Azərbaycan və İran torpaqlarında dövlətə sahib olmalarını da buraya əlavə etsək, onların Osmanlı imperiyası üçün ciddi təhlükə təşkil etdyini təsəvvür etmək çətin deyildir. Osmanlı sultanları və Səfəvi şahları «dünya imperatoru» adına iddialı idilər. Tarixi ədəbiyyatda «Dünya imperiyası»na baxış məsələsində fikirlər haçalanır. Avropa tarixçiləri «Dünya imperiyası» kimi Romanı qəbul etlikləri halda, Ərəb tarixçiləri «Dünya imperiyası» kimi İran və Azərbaycan ərazilərində olmuş imperiyaları qəbul edirlər. Onların fikrincə, bu ərazilərdə olmuş imperiyalar hərbi, siyasi, iqtisadi, mədəni sahələrdə daha çox irəliləmişdilər. Məhz buna görə də uşaqlıqdan yüksək təfəkkür sahibi olmuş Şah I İsmayıl özünü «türk və müsəlman dünyasının varisi» hesab edir, Osmanlı dövlətinin ərazilərinə də «öz torpaqları» kimi yanaşır və həmin torpaqları səfəvilərin ərazilərinə qatmaq, qərblə şərq arasında yeganə güc mərkəzinə çevirilmək, gələcəkdə Avropaya qarşı mühüm bir strateji planla çıxış etmək istəyirdi. Bu isə həmin illərdə dünyaya nəzarət vasitələrini ələ keçirmək istəyən Osmanlı sultanlarının planları ilə ziddiyyət təşkil edirdi. Onu da qeyd edək ki, əslində Osmanlı imperiyası «İslam dünyasının varisi» kimi çıxış edirdi. Bu məsələ Osmanlı sultanı I Səlimin İslamın müqəddəs şəhəri Məkkəni fəth etdikdən sonra onun «İslam dünyasının xəlifəsi» elan olunması ilə daha da ciddiləşdi (302, 39; 267, 70). Sultan I Səlimin Məmlük sultanı Tuman bəyə yazdığı məktubunda özünün Böyük İsgəndər kimi həm şərqin, həm də qərbin hökmdarı olmaq istəyində olduğunu ifadə etməsini buna misal göstərmək kifayətdir (114, 82). Konstantinopolu fəth etmiş osmanlılar Bizans imperiyasının da varisi kimi çıxış edirdilər. Bu isə qohumluq baxımından Bizansa əlaqələri çatan Səfəvi şahının iddiaları ilə ziddiyyət təşkil edirdi. Osmanlı sultanı səfəvilərə qarşı müharibəni «islama dönük çıxanlara qarşı mübarizə» kimi təqdim edir, əhalidə səfəvilərə qarşı pis əhvali-ruhiyyə aşılamağa çalışırdı. Həyata keçirmək istədiyi planla Osmanlı sultanı ilk növbədə səfəvilərlə müttəfiq ola biləcək müsəlman dövlətlərini zərərsizləşdirmək istəyirdi. Bütün bu amillərlə yanaşı, 1516-1574-cü illər arasında osmanlıların Qırmızı dənizdə möhkəmlənmək istəyi hesabına, Osmanlı imperiyasının hərbi quruluşunda ciddi dəyişikliklər baş verdi: hücum xəttinin ağırlıq mərkəzi Suriyadan tutmuş Yəmənə və İraqdan başlayaraq Əlcəzairə qədər Ərəb ölkələrinə keçdi (302, 39). Misir Məmlük sultanlığının Osmanlı sultanı tərəfindən fəth edilməsi Hind okeanında başlayan Portuqaliya işğalı üçün ciddi təhlükə oldu. Çünki Portuqaliya Suriyanı və Misiri ələ keçirməklə Levant ticarətini də bütünlüklə öz nəzarəti altına almaq istəyirdi. Məmlük sultanlığını ələ keçirməklə Osmanlı sultanı Qırmızı dənizdə portuqallara qarşı hərbi əməliyyatlar aparmaq üçün yeni imkanlar əldə etdi. Məhz bunun nəticəsi idi ki, osmanlılar 1538-ci ildə Hindistana hərbi ekspedisiya göndərdilər, lakin bu səfər uğursuz oldu. Misir məmlüklərini aradan qaldırmaqla Misirə, oradan isə Qırmızı dənizə çıxmış osmanlılar portuqallarla Hind okeanında hökmranlıq uğrunda yalnız vuruşdular və uğursuzluğa düçar oldular. Osmanlılar şərq sularında da «Portuqaliya maneəsini» aşa bilmədilər. Portuqaliya gəmiçiliyinin Atlantik okeanının sərt şərtlərinə, Osmanlı gəmiçiliyinin isə Hind okeanının sakit sularına görə təşəkkül etməsi bunun ən önəmli səbəbi idi. Top və dənizçilikdə müasir texnologiyaya sahib olan portuqallar Osmanlı gəmiçiliyini Hind okeanından uzaqlaşdırdılar (260, 36; 68, 567; 119, 89). Osmanlı ordularını Suriyaya və Misirə qarşı siyasi və hərbi əməliyyatlara vadar etmiş səbəblərdən biri də Ərəb ölkələri ilə Anadolu bölgəsi arasında mövcud olan ticari əməliyyatlar idi. Hələbdən və Şamdan ədviyyat, saqqız və digər ticarət məmulatları Konya və Kütahya vasitəsilə karvanlarla Bursaya gətirilirdi. Venesiyalı tacirlərin burada ədviyyat aldıqları da məlumdur. Misir Məmlük donanması üçün gərəkli materiallar Osmanlı tacirləri tərəfindən Antalyadan aparılırdı (114, 83; 342, 109-110). Meşə materialı, dəmir və başqa materiallar öncə İskəndəriyyə limanına gətirilir, oradan Nil çayı vasitəsilə Qahirəyə və sonra isə dəvələrlə Süveyşə və Tura daşınırdı. 1507-ci ildə florensiyalı bir tacir Valensiyadakı təmsilçisinə göndərdiyi bir məktubunda meşə materialı ilə yüklənmiş 20 gəminin Osmanlı imperiyası sahillərinə getdiyini bildirmişdi. Çaldıran (1514) döyüşündən sonra Şərqi Anadolunu bütünlüklə Osmanlı imperiyası ərazilərinə qatmış Sultan Səlim 1516 və 1517-ci illərdəki hərbi səfərlərində Misiri fəth etməklə Hind okeanına açılan Qırmızı dənizə çıxdı (114, 83; 340, 55-76; 371, c.1, 219).

XVI əsrin əvvəllərində yaranmış geosiyasi vəziyyətlə əlaqədar olaraq Osmanlı imperiyasının xarici siyasətinin əsas istiqamətlərindən biri də Asiya qitəsi oldu. Bu, həm də "Böyük ipək yolu" ilə aparılan ticarəti nəzarət altına almaq istəyi ilə bağlı idi. Osmanlı imperiyası bu yoldan rəqiblərinə siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı (260, 37). Bu baxımdan Osmanlı və Səfəvi imperiyalarının "İpək yolu" üzərində yerləşmələri də onların normal münasibətlərinə əngəllər yaradırdı (109, c.1, 502). Beləliklə, XVI əsrin əvvəllərində meydana gəlmiş Azərbaycan Səfəvilər imperiyası ağır, çətin bir vəziyyətlə üzləşdi. Hind okeanı və Anadolu üzrə strateji planlarını həyata keçirmək istəyən Şah I İsmayıl iki istiqamətdə döyüşlər aparmaq fikrində deyildi. Çünki həm Portuqaliya, həm də Osmanlı imperiyaları özlərinin ən qüdrətli dönəmlərini yaşayırdılar. Məhz buna görə də Şah I İsmayıl Portuqaliyanın Hörmüzdə möhkəmlənməsinə mane ola bilmədi: Hörmüz portuqallar tərəfindən işğal edildi və portuqallar orada hərbi qala qurdular (347, 183-184; 363, 334). Lakin Səfəvi dövlətinin banisi portuqalların Bəhreyn adalarında tamamilə möhkəmlənməsinə imkan vermədi. Şah I İsmayıl onları hərbi əməliyyata başlamaqla hədəldi, Bəhreyn adasını Şah I İsmayılın dəniz qüvvələri tutdular, buna görə də portuqalların Bəhreyn adasını istila etmək planları iflasa uğradı. Məhz buna görə də Hörmüz əmiri də vaxtilə müəyyən edilmiş xəracı Albukerkinin buraya göndərdiyi qardaşı oğluna (Pedru Albukerkiyə-D.Ə) vermədi. Hind okeanında Osmanlı imperiyası ilə toqquşan Portuqaliya Səfəvi dövləti ilə ziddiyyətlərin dərinləşdirilməsində maraqlı deyildi. Portuqaliya üçün qüdrətli Səfəvi imperiyasının mövcudluğu isə əslində sərfəli idi. Yəni, bu dövlət Osmanlı imperiyasına qarşı Portuqaliyanın güclü müttəfiqi ola bilərdi. Beləliklə, Osmanlı imperiyasına qarşı mübarizə əzmi Şah I İsmayılı Portuqaliya ilə yaxınlaşdıran başlıca səbəb idi. Yəni, Şah I İsmayıl Portuqaliya ilə əlaqələrə bir Avropa dövlətinin köməyi, hökmranlığı ilə Osmanlı imperiyası əleyhinə mübarizəyə hazırlaşmaq, silahlanmaq istəyinə görə diqqət yetirmişdi (179, 32; 40, 235, 236). Digər tərəfdən, Portuqaliya ilə əlaqələri nizama salmaq istəyən Şah I İsmayıl onun Hörmüzdə möhkəmlənməsi nəticəsində zəifləmiş İran körfəzi ticarətini qaydaya salmağa çalışırdı. Çünki Səfəvi imperiyasının Hind okeanı hövzəsindəki ölkələrlə ticarət əlaqələrinin məhdudlaşdırılması Hörmüz-Təbriz-Şamaxı-Xəzər-Volqa ticarət yolu vasitəsi ilə Moskva dövləti, Avropa ölkələri ilə saxlanılan iqtisadi əlaqələrə ağır zərbə vurdu. Bu, Azərbaycanın xarici ticarət əlaqələrini daha da zəiflətdi. Çünki Azərbaycan tacirləri Hörmüzü Aralıq dənizi, Qara dəniz və Volqaboyu ilə əlaqələndirən karvan yolları vasitəsi ilə ədviyyat ticarətində vasitəçilikdən böyük mənfəət əldə etdilər. XVI əsrin əvvəllərində Osmanlı fəthləri və Portuqaliya işğalları nəticəsində Səfəvi imperiyası əslində iqtisadi mühasirəyə salınmışdı. Bu mühasirəni yarmaq üçün eyni zamanda iki istiqamətdə müharibə aparmaq qeyri-mümkün idi. Buna görə də Şah I İsmayıl Çaldıran döyüşü ərəfəsində Osmanlı imperiyasına qarşı Portuqaliya ilə hərbi ittifaq bağlamağa və İran körfəzi vasitəsilə bu dövlətdən odlu silahlar, artilleriya mütəxəssisləri almağa da cəhd göstərdi (26, 149, 150). 1514-cü ildə Hindistanda Portuqaliyanın vitse-kralı olmuş Albukerki ilə aparılmış danışıqlar nəticəsində Hörmüzdə mühüm maddələri əks etdirən müttəfiqlik müqaviləsi imzalandı. Bu müqavilə ilə «İran körfəzinin açarı» hesab edilən Hörmüzün işğalından sonra portuqaliyalılar orada öz mövqelərini möhkəmləndirdilər, İran körfəzinin digər məntəqələrində nüfuzlarını genişləndirmək fikrinə düşdülər. Bunun nəticəsində onlar Geamburun (indiki Bəndər Abbas-D.Ə.) limanını işğal etdilər, orada İran körfəzinin Bəhreyn və Qətif kimi məntəqələrində ticarətxanalar tikdirməyə başladılar. Hörmüzün əhəmiyyəti və mövqeyi o dərəcədə yüksək idi ki, Albukerki bütün İran körfəzində və Hörmüzdə öz mövqelərini tamamilə möhkəmləndirmək üçün Şah I İsmayılla «dostluq əlaqələrini hifz etmək» qərarına gəldi. Bu məqsədlə o, öz nümayəndə heyətini qiymətli hədiyyələrlə Səfəvi sarayına göndərdi. Onlara belə bir göstəriş verilmişdi:" Mənim adımdan Şah İsmayıla deyəcəksiniz ki, mən onun əzəmətli məqamı, şöhrəti xatirinə və saysız-hesabsız səylərinə görə bu elçilər heyətini onun görüşünə göndərirəm. Şah İsmayılın osmanlılarla müharibəyə aid olan təklifi haqqında: Portuqaliya dövləti bir qədər hərbi gəmi, əsgər və artilleriya göndərməklə ona kömək edir və bizim məzhəb firqəmizdən olub sizin sarayınızda yaşayan məsihilər (xristianlar-D.Ə.) bizim vasitəçilərimiz olacaqlar. Portuqaliya yolu ilə onların vasitəsilə Rum sarayından da istifadə etmək mümkündür" (40, 238-239). Bu elçi heyəti ilə Albukerki tərəfindən Şah I İsmayıla qiymətli hədiyyələrdən əlavə 3 at, 6 tüfəng, 2 top, 4 mancanaq və çoxlu sayda başqa vəsait göndərilirdi. Portuqaliyanın səfəvilərə bu münasibəti onun səfəvilərlə əlaqələrə nə dərəcədə əhəmiyyət verdiyini nümayiş etdirir (40, 238-239). Lakin bu müqavilənin Səfəvi imperiyası üçün heç bir gerçək nəticəsi olmadı. Çünki vitse-kralın əsas məqsədi səfəvilərə yardım etmək deyildi. Onun səyləri Osmanlı imperiyası ilə toqquşmaq istəməyən Səfəvi şahının portuqallara ərazi güzəştlərinə getmə ehtimalına yönəlmişdi. Həmin səylər öz bəhrəsini verdi. Şah I İsmayıl portuqallar tərəfindən göstəriləcək yardım müqabilində Hörmüzü müvəqqəti olaraq onlara güzəştə getdi. İran körfəzində portuqalların yüzillik hökmranlığı dövründə Hörmüz onların inzibati-siyasi, ticari və hərbi bazasına çevrildi. Hörmüz işğal olunduqdan 15-20 il sonra onlar artıq məntəqənin bütün təsərrüfat həyatında ağalıq etməyə başladılar. Müstəmləkəçilər Hörmüzdə vergi yığımını da öz əllərinə aldılar. Səfəvi taxtında şahların əvəzlənməsi İran körfəzində mühüm dəyişikliklərə səbəb olmadı. 1524-cü ildə taxta çıxmış Şah I Təhmasib yarım əsrlik hakimiyyəti dövründə (1524-1576) portuqallara qarşı mübarizəni təşkil edə bilmədi. Bu dövrdə Osmanlı sultanının Səfəvi imperiyası ərazilərinə hərbi yürüşləri də portuqalların İran körfəzində ağalıq etmələrinə münbit şərait yaradırdı. Buna görə də XVI əsrin ikinci rübündə onlar Ərəb dənizində heç kəslə hesablaşmadan hökmranlıq edirdilər. Portuqallar burada özlərinin təsir dairəsini genişləndirdilər (304, 36-38).

Hind okeanı və ona bağlı olan dənizlər XVI əsrə qədər müsəlmanların nəzarəti altında olmaqla «müsəlman dənizi» adlandırılmışdır. Başda ərəblər olmaqla, müsəlman gəmiləri bu dənizlərdə dolaşır, müxtəlif əmtəələr daşıyırdılar. XVI əsrdə isə Portuqaliya böyük bir dəniz dövlətinə çevrildi. Onun başlıca məqsədi Hind okeanına sahib olmaq, Asiya məhsullarını Avropaya daşımaq, həmin əmtəələri Lissabondan bütün Avropaya paylamaq idi. Lakin onlar Osmanlı imperiyasının digər müsəlman dövlətlərinə nisbətən ciddi dəniz qüdrətinə malik olduğunu gördükdə özlərini itirdilər. Tarixi məlumatlar sübut edir ki, portuqaliyalılar yaxaladıqları müsəlman gəmilərinin bütün heyətini işgəncə verməklə öldürür, müsəlmanların Hind okeanına çıxmasını əngəlləməyə çalışırdılar. Məlumdur ki, Asiya ölkələrindən aparılan məhsullar Avropada 20 qat bahasına satılırdı. Portuqallar Hind okeanını nəzarətə aldıqdan sonra osmanlıların əlində yalnız bir quru ticarət yolu qaldı. Bu yol isə Səfəvi dövlətinin ərazisindən keçirdi. Beləliklə, osmanlıların dəniz yolu ilə Asiyanın uzaq ölkələrindən əmtəələr gətirmək üçün tranzit vasitəçiliyindən faydalanmaq işi çətinləşdi. Venesiya və Genuya ticarəti də ciddi sarsıntılara məruz qaldı (118, 94-95). Bu məqama qədər isə Osmanlı imperiyası dünya ticarətində yeganə aparıcı dövlət idi. F.Braudel bu dövrlərlə bağlı Osmanlı imperiyasını «dünya iqtisadi sisteminə təsir edən dövlət» kimi dəyərləndirir. Vallerşteyn isə onu «dünya imperiyası» kimi təqdim edir. Onu bu nəticəyə gətirən həmin dövrdə dünya iqtisadi sistemində Osmanlı imperiyasının roludur (58, c.3, 210). Bu məsələnin əsasında Osmanlı iqtisadi sisteminin başlıca olaraq tranzit ticarətinə əsaslanması dayanırdı. Doğrudan da həmin dövrdə Osmanlı imperiyasının ərazilərini dəvə karvanları olmadan təsəvvür etmək mümkün deyildi. İki və ya bir hörgüclü dəvələrdən ibarət olan karvanların fəaliyyət dairəsi Cəbəllütariq boğazından Hindistana və Şimali Çinə, Ərəbistandan Kiçik Asiyaya, Həştərxana və Kazana qədər olan əraziləri əhatə edirdi. Osmanlı iqtisadiyyatının hərəkət məkanı təsvir edilən bu ərazilərlə birbaşa bağlı idi və hətta bu ərazilərin mərkəzi bölgəsi sayılırdı (181, c.3, 488-489). Beləliklə, osmanlıların ən parlaq dövrü kimi qəbul edilən dövrdə (XV-XVI yüzilliklərdə) onun qüdrəti sadəcə olaraq fəthlərdən, ərazi genişlənməsindən deyil, eyni zamanda beynəlxalq ticarət bölgələrinə nəzarət etmələrindən, bu bölgələrdən keçən ticarət karvanlarından topladıqları vergilərdən asılı idi və bu qüdrətin əldə edilməsində yuxarıda sadalanan amillər önəmli rol oynamışdı. Aralıq dənizindən Hind okeanına qədər uzanan ticarət bölgəsinin əhəmiyyəti osmanlılar tərəfindən ciddi qəbul edilirdi. Buna görə də Osmanlı sultanları həmin bölgələrdə ticarəti nəzarətdə saxlamaq üçün dəniz qüvvələrini də gücləndirməyə önəm vermişlər (58, c.3, 210). Beləliklə, beynəlxalq ticarətə nəzarət, beynəlxalq ticarət yollarında baş vermiş dəyişikliklər Osmanlı-Portuqaliya-Səfəvi ziddiyyətlərini daha da dərinləşdirmiş və onlar arasında müharibələrə gətirib çıxarmışdı.

XVI əsrin əvvəllərindən etibarən Ümid Burnu yolu ilə gətirilməyə başlanan «Portuqaliya istiotunun» Yaxın Şərq limanları və Venesiya vasitəsi ilə Avropaya daşındığını bilirik (370, 399). Bu baxımdan F.Braudelin fikirləri XVI əsr boyunca baş vermiş hadisələrə tam aydınlıq gətirir. Avropa arxiv sənədlərinə istinad etmiş F.Braudel göstərir ki, "XVI əsrdə Osmanlı imperiyasının bazarına zərbə endirmək üçün özünün agentlərini İstanbula, Romaya, İsgəndəriyyəyə, Beyruta göndərmiş, onlara müşahidələr aparmağı tapşırmış portuqalların əsas məqsədi həmin mərkəzlərdə satılan və alınan əmtəələrin qiymətini öyrənmək və vergi haqlarını müəyyən etmək idi. Onlara Venesiyanın daşıdığı ədviyyat haqqında statistik məlumatlar toplamağı xüsusi olaraq tapşırmışdılar. Məhz bu statistik rəqəmlər əsasında Osmanlı imperiyası ilə rəqabət planı yaradılmışdı» (369, 447; 370, 399-400). F.Braudel bu mənada göstərir ki, "əmtəələrin daşındığı XVI əsr boyunca davam etmiş əsaslı amil yalnız yolların qısalığı və ya nəqliyyat məsrəflərinin azlığı və ya çoxluğu deyildir. Bu xüsusda əsas yeri tutan məsələlərə ədviyyat ticarətinin və nəqliyyatının hər iki yol üzərində təşkilatlanma işləri və ticarət üsulları, ədviyyat məhsulları müqabilində pulların miqdarı və satıla bilinəcək əşyaların hansı miqdarda tədarük edilməsi, istiotun tərkibi, ehtiyatlar və nəhayət, Avropadakı siyasi hadisələr və müharibələrə müvafiq olaraq bu işlərlə məşğul olan kapitalist istehsalına qədəm qoyan təşkilatların maliyyə vəziyyəti və digər amillər daxildir" (369, 447; 370, 399-400). Aralıq dənizi ticarətinin iflasa uğramasında məhz bu amillər ciddi rol oynamışdır. Bütün bu araşdırmalardan sonra F.Braudelin Osmanlı imperiyasından keçən şərq ticarət məhsullarının aqibəti haqqında gəldiyi nəticə budur: Aralıq dənizindən keçən ticarət yollarının tamamilə boşalması XVII əsr boyunca Hollandiya və İngiltərə Hindistan yarımadasını əhatə edən dənizlərə hakim olduqdan sonra, həmin dövlətlər tərəfindən ədviyyatın istehsal və istehlak məntəqələrinin portuqaliyalılardan daha artıq bir şəkildə nəzarət altına alınması və bu dövrdə Aralıq dənizində baş vermiş böyük maliyyə böhranına qarşı həmin millətlərin Hindistan bazarlarında tələb olunduğu qədər bol gümüş pullar ödəmə sürəti ilə alıcı vəziyyətinə gəlməsi nəticəsində mümkün olmuşdur. F.Braudel Hollandiyanın və İngiltərənin başqa tip gəmilərlə və digər əsaslara söykənən üsullarla öncə buğdanı, sonra isə qalayı, qurğuşunu, dəmiri, barıtı, topu satmaq üçün həmin əsrin sonunda Aralıq dənizinə gəlmələrini, Osmanlı imperiyasından imtiyazlar (capitulation-D.Ə.) almağa başlamalarını, 1581-ci ildə Yaxın Şərq şirkətinin qurulmasını və Aralıq dənizindəki Venesiya ticarətinin başa çatmasını Aralıq dənizi hövzəsində Osmanlı imperiyasının iqtisadi böhranının nəticəsi kimi göstərir (369, 447; 370, 399-400). Hind okeanında baş vermiş dəyişikliklər bizim də tədqiqat obyektlərimizdən biridir. Çünki bu dəyişikliklər Avropa-Azərbaycan və Səfəvi-Osmanlı ziddiyyətlərində müstəsna rol oynamışdır. Okean ticarətindən kənarda qalmış Avropa dövlətlərində manufakturaların inkişafı ipəyə olan ehtiyacı tədricən artırırdı. Buna görə də Avropanın həmin dövlətləri Azərbaycanla sıx əlaqələrdə maraqlı idilər. Ümumiyyətlə, XVI əsrdən başlayaraq Azərbaycan Avropanın bir sıra ölkələrinin iqtisadi və siyasi həyatına ciddi təsir göstərirdi. Bu baxımdan, Azərbaycanın beynəlxalq aləmdə həm iqtisadi, həm də siyasi cəhətdən xüsusi çəkisi vardı. Ona görə də bir sıra Avropa dövlətləri özünün inkişafında müəyyən dərəcədə Azərbaycana borcludur. Çünki Azərbaycan ipəyi Avropanın bir sıra dövlətlərində manufakturaların inkişafında əvəzsiz rol oynamış, kapitalizmin inkişafında xüsusi əhəmiyyət kəsb etmişdir. Lakin bu əlaqələr Azərbaycana asan başa gəlməmiş, Osmanlı-Səfəvi münasibətlərində özünü büruzə vermişdir. Səfəvi-Osmanlı ziddiyyətlərində Osmanlı imperiyasının maraqları az rol oynamırdı. Aralıq dənizindən Hind okeanına çıxmağa, Portuqaliyanı bu hövzədən sıxışdırıb çıxarmağa çalışan Osmanlı sultanları, habelə Azərbaycan ərazilərinə sahib olmaq, "İpək yolu" ticarətinə nəzarəti tam şəkildə ələ almaq, Azərbaycanın ipək bazarını ələ keçirmək istəyirdilər. Beləliklə, XVI-XVII yüzilliklərdə Osmanlı imperiyasının həyatı hər şeydən öncə Aralıq dənizi, Orta Avropa (107, 1433) və Asiya ilə sıx bağlı olmuşdur. Səfəvi və Osmanlı imperiyaları arasında XVI əsrin II onilliyindən başlayan müharibələr hər iki dövlətin beynəlxalq münasibətlərində əsas amil idi. Onların rəqabətində başlıca meyl isə Avropa-Asiya ticarətindəki ənənəvi karvan yollarına sahib olmaq istəyi idi (260, 37). Aralıq dənizində Avropa ölkələrinin iqtisadi maraqlarının güclənməsi Osmanlı imperiyasının tənəzzülündə müəyyən rol oynamışdır. Çünki yaranmış geosiyasi vəziyyətlə əlaqədar olaraq bu dövlətlərin bəzilərinə Osmanlı sultanları tərəfindən güzəştlər verilmiş, onlar isə bundan istifadə edərək Osmanlı iqtisadi sisteminə nüfuz etmiş, bu bazarda mövqe qazanmışdılar. Avropa «birliyini» bir-birinə qarşı qoymaq üçün Osmanlı sultanlarının tətbiq etdikləri bu siyasət dövlətin zəifləməsində də xeyli rol oynadı. Şərqi Aralıq dənizi ticarətinin varlığı, inkişafı Osmanlı imperiyasında və Avropada baş vermiş siyasi hadisələrin axarı, qərb dövlətlərinin iqtisadi inkişafı ilə bağlı olmuşdur. Bu ticarətin varlığı və inkişafı Osmanlı imperiyasının Aralıq dənizindəki üstünlüyünə tədricən son qoymuşdu. Osmanlı torpaqlarına tədricən artan əmtəə ixracı isə həmin qərb dövlətlərinin dəniz ticarətinin və sənayesinin inkişafı ilə bağlı idi. Yəni bu ticarətdə avropalıların mənafeyinə xidmət etmiş önəmli amillərdən biri də osmanlıların öz imkanları ilə istehsal və yaxud tədarük edə bilmədikləri sənaye məhsullarına olan ehtiyacları idi. Digər tərəfdən, siyasi şərtlərin Osmanlı imperiyası əleyhinə olduğu dövrdə İngiltərə, Hollandiya və Fransa beynəlxalq aləmdə baş verən proseslərə uyğun olaraq məhz Osmanlı dövlətinin daxili bazarına girişmələri sayəsində siyasi yüksəliş dövrünə qədəm qoymuşdular. Bu əsrdə Osmanlı imperiyasının torpaqları şərq ilə qərb arasında əvəzolunmaz əmtəələrin paylaşdırıldığı bölgə rolunu oynayırdı. Azərbaycandan, İrandan, Qafqazdan və Hindistandan Osmanlı ticarət limanlarına xeyli miqdarda gətirilən məhsullar, qərbdən gətirilən əmtəələrlə dəyişdirilirdi. Bu ticarət Osmanlı imperiyası üçün əvəzolunmaz bir gəlir mənbəyi idi (108, 685). Məhz bu gəlir mənbəyi Osmanlı sultanlarını yeni strateji planlar həyata keçirməyə məcbur edirdi. Bu baxımdan XVI yüzillikdə I Səlimin və I Süleymanın hakimiyyətləri dövründə Osmanlı sultanlarının Yaxın Şərqdəki Ərəb ölkələrini öz torpaqlarına qataraq dövlətin ərazisini genişləndirdiklərini unutmaq olmaz: Suriya, Fələstin, Misir, İraq və Ərəbistan fəth olunmuş yeni ölkələr idilər (107, 1434). Bundan başqa, XVI əsrin əvvəllərindən osmanlılarla müharibə vəziyyətində olan Səfəvi dövlətinin bir sıra əraziləri də (Anadolunun cənub-şərq əraziləri) Osmanlı imperiyasına birləşdirildi. Şah I İsmayılın Səfəvi dövlətinin sərhədlərini Kiçik Asiyaya doğru genişləndirmək planı süquta uğradı. Səfəvilərlə Avropa və Asiya dövlətlərinin Osmanlı dövlətinin əleyhinə ittifaq yaratmaq cəhdləri də baş tutmadı. Əksinə, Şah I İsmayılın Misir Məmlük sultanlığı ilə «isti münasibətlərini» bəhanə edən I Səlim məmlüklərə qarşı hərbi müdaxiləyə başladı. Lakin bu müharibənin başlıca məqsədi Qırmızı dənizdə nəzarəti ələ alıb oraya fasiləsiz olaraq ədviyyat və digər Hindistan məhsullarının daşınmasını təmin etmək idi (260, 37-38). Eyni zamanda, I Səlim Səfəvi orduları üzərində Çaldıranda əldə etdiyi qələbə nəticəsində Təbrizi ələ keçirdi və onun Azərbaycana yolu açıldı. Doğrudur, tezliklə o, Təbrizi tərk etdi, lakin bütün Şərqi Anadolunu Osmanlı imperiyası ərazilərinə qatdı və bununla da Şərqdən gələn əsas ticarət yolu üzərində nəzarəti gücləndirdi. 1534-də Bağdad, 1546-cı ildə isə Bəsrə Osmanlı dövlətinə qatıldı və İraq Sultan I Süleymanın hakimiyyəti altına düşdü. Beləliklə, osmanlılar bir tərəfdən Aralıq dənizindəki bütün islam limanlarına, digər tərəfdən Qırmızı dənizə, Bəsrə körfəzinə açılan «qapılara» sahib oldular, Qara dənizdən və səfəvilərin şimalından gələn karvan yollarını da öz nəzarətləri altına aldılar. Bizans imperiyasının dağılmasından bəri yalnız bir dövlət Hind okenanından Aralıq dənizinə yönələn bütün yollar üzərində nəzarət qurmuşdu (107, 1433-1434). Qırmızı dəniz vasitəsi ilə Hind okeanı ticarətinə çıxış əldə etmiş Osmanlı sultanı Hörmüzə sahib olmaqla İran körfəzindəki ticarətə də yiyələnmək istəyirdi. Baş verən "Böyük coğrafi kəşflər" Osmanlı sultanlarını buna doğru sürükləyirdi. Bu baxımdan XVI yüzillikdə Hind okeanı ilə Şərqi Aralıq dənizi hövzəsindəki ölkələr Avropanın iqtisadi tarixi çərçivəsinə cəlb olunmuş, «kəşflərin» sonunda Qırmızı dəniz, Bəsrə körfəzi yolları ilə Avropaya gedən ədviyyatın ayrı-ayrı yollardan daxil olması nəticəsində Venesiyada və digər Qərb ölkələrində iqtisadi böhran üçün şərait yaranmışdı. «Portuqaliyalılar Hindistana çıxdıqdan sonra ədviyyat artıq Şərqi Aralıq dənizi limanlarına gətirilmirdi», bununla «Venesiya iqtisadi tənəzzülə uğradı» kimi müddəalar yeni dəlillərin yardımı ilə meydana çıxmış bəzi araşdırmalarda öz əksini tapmışdır. Ədviyyat məhsullarının ayrı-ayrı yollarla daşınmasına baxmayaraq, XVI yüzillikdə də davam etdiyi, lakin həmin əsrin sonlarında hollandların, sonra isə ingilislərin Hind okeanında görünmələrindən sonra Şərqi Aralıq dənizinin Hind okeanı hövzəsinin məhsullarından məhrum olduğu sübut edilmişdir. ABŞ tarixçi F.C.Lane XVI əsrin 60-cı illərində Portuqaliyanın Papalıq nəzdindəki elçisi Lourenço Pires de Tavornenin raportlarına istinadlanaraq Venesiya Respublikasına Levant yolu ilə gətirilən ədviyyatın artdığını bildirərək Aralıq dənizinin Şərq qismində ticarətin canlandığını sübut etmişdir. Fransa tarixçisi F.Braudel isə bu canlanmanın daha öncə baş verdiyini göstərərək, Osmanlı hakimiyyətindəki Misir, Suriya və İraq kimi Ərəb ölkələrində gedən ticarət fəaliyyətini ilkin qaynaqlara əsasən işıqlandırımışdır. Danimarkalı tədqiqatçı Niels Steensgard isə özünün araşdırmalarında bu fikri irəli sürür:"Asiyaya gedən dəniz yolunun kəşf olunmasının ənənəvi qitələrarası ticarət yolları üzərində meydana gətirdiyi sarsıdıcı təsirlər yalnız yüz il keçdikdən sonra hiss edilmişdir. XVI əsrin əvvəllərində baş vermiş durğunluqdan sonra Orta Şərq boyunca uzanan ticarət yolları əski əhəmiyyətini yenidən qazandı və XVI yüzilliyin sonunda qitələrarası karvan ticarəti bunun tarixi nəticəsi olaraq özünün yüksək nöqtəsinə çatdı. Karvan ticarətinə qəti zərbə şimal-qərbi Avropanın ticarət şirkətləri - 1595-ci ildən sonra Hollandiyanın Vorkompagnieen, 1600-cü ildən East India Company və 1602-ci ildən de Dutch United East India Company (VOC)-nin yaranmasından öncə dəyməmişdir" (114, 68,69). Bu istiqamətdə daha dərin araşdırmalar aparmış, portuqal və italyan dillərində olan qaynaqlara əsaslanaraq Orta Şərqin Osmanlı ərazilərindən keçən Asiya-Avropa ticarətini XVI yüzillik çevrəsində çox ətraflı surətdə işıqlandırılmış və bu baxımdan Osmanlı imperiyasının cənub siyasətini və bunun iqtisadi tarixindəki yerini aydınlıqla göstərmiş araşdırıcı - Portuqaliya tarixçisi V.Magalhaes Godinyo olmuşdur. Bu tarixçi "Kəşflər və dünya iqtisadiyyatı" adlı ikicildlik əsərində portuqal salnaməçiləri Marino Sanudo və Piriulinin statistik məlumatlarından bəhrələnərək Osmanlı tarixinə və həmin dövrdə Aralıq dənizində gedən ticarətə müəyyən aydınlıq gətirmişdir (114, 68,69). Beləliklə, həm yerli, həm də əcnəbi mütəxəssislərin əsərlərində XVI əsrdə Aralıq dənizi limanlarında ticarətin azalmadığı göstərilir. Belə bir sual meydana çıxır: avropalılar tərəfindən Hindistana dəniz yolunun açılması bu ticarətə mühüm təsir etmişdirmi? Problemin ciddi şəkildə araşdırılması sübut edir ki, bu bazara ciddi zərbə dəymədi, lakin ona təsirsiz də ötüşmədi. Əvvəla, ədviyyat Avropaya iki istiqamətdən daşınmağa başlandı. İkincisi, beynəlxalq münasibətlər sistemində baş vermiş proseslər Aralıq dənizi limanlarında ticarətin inkişafına təkan verdi. Çünki Avropa dövlətləri iki yerə parçalanmışdı. Kapitalizmin ilkin rüşeymlərinin yarandığı bəzi Avropa milli dövlətləri öz sənayelərinin xammala olan tələbatını ödəmək üçün Aralıq dənizi sahillərinə üz tutmuşdular. Osmanlı sultanlarının bu istiqamətdə həmin dövlətlərə verdiyi ticarət güzəştləri də həmin ticarətin inkişafında rol oynayırdı. Digər tərəfdən, Portuqaliya da Hindistandan daşıdığı ədviyyatın böyük bir qismini Aralıq dənizi sahillərinə göndərirdi. XVI əsr Portuqaliya-Osmanlı-Səfəvi münasibətlərində həlledici mərhələ idi. Avropada baş verən siyasi hadisələri də buraya əlavə etsək, XVI əsrdə beynəlxalq münasibətlər sistemində gedən prosesləri həmin dövlətlərin iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. XVI əsr boyunca beynəlxalq ticarətə nəzarət uğrunda Hind okeanında Osmanlı-Portuqaliya müharibələrini, Asiya istiqamətində isə Osmanlı-Səfəvi qarşıdurmasını izləyirik. İqtisadiyyatı tranzit ticarətinə əsaslanan Osmanlı imperiyası üçün hər iki istiqamət önəmli idi. Bu mənada Osmanlı dövlətinə qarşı Səfəvi və Portuqaliya maraqları üst-üstə düşürdü. Hörmüzün portuqallar tərəfindən işğal edilməsi və səfəvilərin Moskva dövləti ərazisi vasitəsilə Avropa ilə ticarət əlaqələri saxlaması Osmanlı iqtisadi maraqlarına ağır zərbə idi. Bir daha qeyd edək ki, Hörmüzün portuqallar tərəfindən işğalı beynəlxalq ticarət sistemində ciddi dəyişikliklərlə müşayiət olunurdu. Strateji baxımdan çox mühüm əhəmiyyət daşıyan Hörmüzü ələ keçirib orada əsgərlərini yerləşdirmiş Albukerki Qırmızı dəniz istiqamətində baş verən ticarətə əsaslı zərbə vurmuşdu. Hindistan məhsulları Lissabona daşınmağa başlanmışdı. Qahirə tam iqtisadi sıxıntı halında idi. Venesiya Respublikasının ticarəti lflic olmuşdu. Misirin fəthinin osmanlılar üçün əhəmiyyətini təsəvvür etmək məqsədilə aşağıdakı rəqəmlərə müraciət edək. 1527-1528-ci illərdə Osmanlı büdcəsinə dair bir mənbədə imperiyanın 477.431.168 ağça olan ümumi gəlirinin 116.538.994 ağçası Misirin payına düşürdü. Misir Məmlük torpaqlarına varis çıxmış Osmanlı sultanları Qırmızı dənizdə və Hind okeanında güclü bir donanma yaratmaq niyyətində idilər. İstanbul Başvəkalət arxivində 1530-1531-ci illərə aid olan bir mühasibat dəftərində Süveyşdə liman inşa edilməsi üçün xəzinədən 1.996.732 ağça ayrılması qeyd olunmuşdur (114, 79-95). Bütün bunlar sübut edir ki, Hindistana dəniz younun kəşf edilməsi, Aralıq dənizində Şərq ticarətinə ciddi zərbə vura bilməmiş, Aralıq dənizi limanlarında qiymətli əmtəələrin həcmi uzun zaman azalmamışdır. Əmtəələrin Avropaya daşınmasında üstünlük tədricən Osmanlı və Venesiya gəmilərindən Qərbi Avropa tacirlərinə məxsus olan gəmilərə keçdiyindən XVIII əsrdə Qərbin tam üstünlüyü artıq gerçəkliyə çevrildi (67, c.1, 390).

XVI əsr osmanlıların Afrikadakı fəaliyyəti baxımından da ən önəmli dövrdür (98, c.1, 423). Osmanlıların Yavuz Səlimin 1517-də Misiri fəth etməsi ilə başlanan Afrika hakimiyyəti sonralar Həbəşistan və Sudan da daxil olmaqla bütün Şimali Afrikanın (əski "xilafət ölkələri"nin) Osmanlı hakimiyyətini qəbul etməsi ilə ən yüksək bir səviyyəyə çatdı, bu hakimiyyət XX əsrin əvvəllərinə qədər davam etdi (101, c.1, 413). Fəaliyyətlərini digər istiqamətdə davam etdirən Osmanlı sultanları Don və Volqa çaylarının bir-birinə 50 km. yaxınlaşdıqları yerdə bir kanal açmaqla Qara dənizlə Xəzər dənizini birləşdirmək istəmişdilər. Sultan I Süleymanın bu sahədəki əməlləri daha önəmli idi. Beləliklə, Qara dənizdən Azov dənizinə, oradan da Don çayına daxil olacaq Osmanlı gəmiləri, Volqa çayı vasitəsilə Xəzər dənizinə çıxa bilərdi. Bu kanalın inşası başa çatdıqda 950 km-lik Azov-Həştərxan çay yolunun açılması planlaşdırılırdı. Bu kanalla Osmanlı imperiyası və Azərbaycan bir-birinə bağlana bilərdi. Bununla da Moskva dövləti vasitəsilə Avropa ilə ticarət aparan səfəvilərin ticarət bazarı osmanlıların əlinə keçə bilərdi. Bu, siyasi və hərbi baxımdan önəmli olduğu qədər iqtisadi baxımdan da çox əhəmiyyətli bir layihə idi. Süleyman Qanuni sağlığında ikən bu layihə gerçəkləşmədi. Osmanlı taxtında onu əvəz edən II Səlim həmin layihəni yenidən həyata keçirmək istədi və 1569-cu ildə buna təşəbbüs göstərdi. Osmanlı donanması Qasım paşanın başçılıgı altında səfərə çıxdı, lakin müsbət nəticə əldə olunmadı. (Bu layihə SSRİ imperiyası zamanında, 1952-ci ildə gerçəkləşdi) (150, c.3, 33). XVI əsrin ortalarına doğru osmanlılar İran körfəzində fəallaşdılar. 1534-cü ildə səfəvilərdən Bağdadı alan osmanlılar daha sonra Qatara və Bəsrəyə sahib oldular. Bu, bütün Ərəbistan yarımadasını, o cümlədən İran körfəzinin qərb və cənub-qərb sahillərinin Osmanlı imperiyasına qatmaq planının ilkin addımları idi.



Dünya ticarət sistemində öz nüfuzunu saxlamağa çalışan və bu ticarətdən əldə edilən gəlirlərdən məhrum olmaq istəməyən Osmanlı sultanları XVI əsrdə Afrika istiqamətində Hind okeanı ticarətinə mane olmağa çalışır, Hörmüz ticarətini əldə saxlamağa cəhdlər göstərir, Avropa və Azərbaycan-İran istiqamətində müharibələr aparırdı. Cənubdan şimala qədər bütün Şərqi Afrika sahillərinə sahib olmaq Ümid burnu yolunu kəsməyə xidmət edirdisə, Osmanlı sultanının Misir yürüşünün əhəmiyyəti daha yüksək idi. Qırmızı dəniz və Bəsrə yolu ilə gətirilən «Şərq məhsulları» XVI əsrin sonlarına qədər Qahirədə və Hələbdə öz müştərisini gözləyirdi (66, 147-148). Osmanlı xarici siyasətinin mühüm istiqamətlərindən biri də Şərqi Anadolu idi. Səfəvi şahları Anadolunu özlərinin tarixi ərazisi saymış, həmin əraziyə varislik iddialarını irəli sürmüş və dünyanın ən mühüm gəlir mərkəzlərindən birinə çevrilən bu məntəqəyə sahib olmağa, Aralıq dənizinə və Qara dənizə çıxmağa can atmışlar. Yaranmış əlverişli geosiyasi vəziyyətdən istifadə edən Səfəvi şahları bütün Anadolu ərazilərində siyasi təbliğat aparırdılar. Səfəvilər Osmanlı imperiyasına qarşı bütün hərbi-siyasi ittifaqlarda mərkəzi mövqe tuturdular. Türkiyə tarixçisi T.Y.Öztuna həmin dövrün tarixini tədqiq edərək belə bir nəticəyə gəlmişdir ki, "Osmanlı cahan dövlətini yalnız başqa bir türk dövləti devirə bilərdi" (115, c.4, 167). Səfəvilərin Anadoluya dair geniş strateji planlarını anlayan Osmanlı sultanları bu güclü rəqibin varlığını «imperiya üçün ciddi daxili təhlükə» hesab edirdilər. Buna görə də Sultan I Səlim səfəvilərə qarşı yürüş zamanı arxadan (Avropadan) təhlükəsizliyini təmin etmək üçün 1513-cü ildə Qərb dövlətləri, o cümlədən Venesiya Respublikası və Macarıstanla bağlanmış bütün sülh müqavilələrini yeniləşdirdi və Misir sultanı ilə sülh müqaviləsi bağladı (26, 154; 64, c.2, 6). Lakin həmin dövrdə Osmanlı sultanı Misir sultanını səfəvilərə qarşı ittifaqa cəlb edə bilmədi. Məmlük sultanı səfəvilərin təklifinə də biganə qaldı. Çünki iki güclü rəqibin bir-birini zəiflətməsi Məmlük sultanlığının xeyrinə idi. Misir Məmlük sultanları islam dünyasında birinciliyi saxlamaq üçün eyni dərəcədə həm Osmanlı, həm də Səfəvi imperiyasının güclənməsini istəmirdilər (213, 5-10, 23-42). Osmanlı sultanı I Səlim səfəvilərlə müharibə ərəfəsində Anadoluda, həmçinin Rumelidə rəqib dövlətin tərəfdarı olan əhaliyə divan tutdu: təqribən 40 min nəfər qızılbaş qətlə yetirildi (268, c.1, 240; 325, 112; 64, c.2, 7; 354, 13-17; 381, 10-30). Beləliklə, Sultan I Səlim Səfəvi imperiyası ilə həlledici toqquşma ərəfəsində Şah I İsmayılın Avropa dövlətlərini arxadan Osmanlı imperiyasına qarşı qaldırmaq və Anadoludakı xalq üsyanlarından istifadə etməkdən ibarət olan hərbi planını poza bildi və qarşıdakı müharibədə ilk qələbə imkanı əldə etdi (26, 154). İki dövlət arasındakı ziddiyyətlərin mühüm səbəbi isə osmanlıların Azərbaycan ipəyini ələ keçirmək istəyi idi. Anadolunun toxuculuq emalatxanaları başlıca olaraq Azərbaycan və İran ərazilərindən daxil olan xammal hesabına işləyirdi. Azərbaycan və İranla olan ipək ticarəti Osmanlı imperiyasını zənginləşdirən başlıca qaynaqlardan biri idi. XVI əsrin əvvəllərinə doğru yalnız Bursada 1000 dəzgah civarında ipək toxunurdu (86, 164). Anadoluda toxunan ipək parçalara bazarlarda xüsusi tələbat vardı və bu məhsullar əsasən Avropa bazarlarına çıxarılırdı (139, 250). Bursa ipək parçaları Polşada, Avstriyada və Venesiyada xüsusilə arzulanan məhsul idi (150, c.3, 41). 1501-ci ildə Florensiya tacirlərinin təmsilçisi, vəkil Françesko Maringhi Bursa ipək emalatxanalarının gündəlük 310 kq xam ipək tələb etdiyini bildirirdi. O, göstərirdi ki, hər il Azərbaycan və İran ərazilərindən Bursaya xeyli ipək karvanı gəlir. İl ərzində altı ipək karvanının gəldiyini təxmin etsək, onda daxil olan xam ipəyin həcminin 1.200 tay olduğu qənaətinə gələrik. Bu, 120 ton xam ipək deməkdir. XVI əsrin əvvəllərində Azərbaycan və İran ərazilərindən Bursaya daxil olan xam ipəyin yarısından dörddə üçünə qədəri İtaliyaya aparılırdı. F.Maringhinin məktublarından bəlli olur ki, italyanlar bu karvanları Bursada səbirsizliklə gözləyirlər. Bursada xarici tacirlər arasında şiddətli rəqabət vardı. Florensiyalıların Bursada 1501-ci ildə satın aldıqları 60 tay ipək, Genuya və yəhudi tacirlərinin aldıqlarından iki dəfə artıq idi. İtaliyada bir fardello (=79,821 kq) ipək yetmiş-səksən dukatlıq bir gəlir gətirirdi. XVI əsrin əvvəllərində Bursada 1000 dəzgah beş fardello xam ipəyi emal edirdi. Buna görə də ipəyin qiyməti sürətlə artırdı. Müqayisə üçün göstərək ki, 1467-ci ildə hər fardelloya ipək əlli ağçadan 1488-ci ildə yetmiş ağçaya, 1494-cü ildə səksən iki ağçaya çıxmışdır. Müqayisə üçün bir daha xatırladaq ki, orta böyüklükdə olan bir karvan 200 fardello xam ipək gətirirdi. İpəkdən əldə olunan gəlirin həcmini müəyyən etmək üçün XVI əsrin əvvəllərində Bursanın bir ipək karvanından əldə etdiyi gömrük gəlirlərinə nəzər salaq. Bu gəlirlər 1487-ci ildə 40.000 dukat, 1508-ci ildə 33.000 dukat, 1512-ci ildə 43.000 dukat, 1521-ci ildə 13.000 dukat, 1523-cü ildə 17.000 dukat, 1557-ci ildə 24.000 dukat təşkil etmişdir. Bursa haqqında dərin məlumatlar verən osmanlı səyyahı Övliya Çələbi Bursanı ipək və rəngarəng parçalar toxunan şəhər kimi təqdim etmiş, onun beynəlxalq aləmdə ipəyə və qiymətli parçalara görə tanındığını qeyd etimişdir. İstanbul Osmanlı imperiyasının paytaxtına çevrildikdən sonra da Bursa şəhəri imperiyanın başlıca ticarət mərkəzlərindən biri kimi mövqeyini daha 100 il qoruyub saxlamışdır. Bu dövrdə Hələb şəhəri də önəmli bir ipək ticarəti mərkəzi idi və Bursa ilə rəqabət aparırdı. Azərbaycan və İran ərazilərindən gətirilən ipək Hələbə ya Ərzurum yolu və Fərat vadisi boyunca, ya da daha çox Van, Bitlis, Diyarbəkr və Birecik yolu ilə daxil olurdu. Osmanlılar 1516-1517-ci illərdə Hələbi fəth edərkən bu yolun nəzarətini ələ keçirdilər. Həmin vaxtdan etibarən Azərbaycan və İran ipəyinin avropalılara bütün məlum çıxış nöqtələri artıq osmanlıların əllərinə keçdi. Məhz buna görə də qazanılmış uğurlarla kifayətlənməyən Osmanlı sultanları XVI yüzilliyin sonlarında Şirvan və Gilan ərazilərindəki ipək toxuma mərkəzlərini də öz imperiyasına qatmağa çalışırdılar. Bu plan baş tutarsa, Bursanın nüfuzu daha da arta bilərdi. XVI əsrdə Bursa xarici, xüsusilə italyan parçaları ilə uğurlu rəqabət apara bilmişdir. Sənədlərdən bəlli olur ki, yalnız 1513-cü ildə bir karvanda ən azı 220 min altun dəyərində 400 yük (24600 kq) ipək daxil olmuşdu. Səfəvi dövləti ərazilərindən gəlmiş tacirlərin əksəriyyətini bu dövrdə də Gilandan, Şirvandan, Təbrizdən və Naxçıvandan olan müsəlman tacirlər təşkil edirdi. XVI əsr boyunca Bursa istiqamətində fəaliyyət göstərmiş tacirlərin içərisində ermənilərin adı hallanmır. Ümumiyyətlə, həmin əsrdə onlar ticarətdə azlıqda idilər. Azərbaycan tacirləri italyan və Osmanlı tacirləri qarşısında xüsusi nüfuz qazanmışdılar. Həmin tacirlər arasında bu işə böyük sərmayə qoyanlar çox idi. Səfəvi bəzirganlarının başqalarına aid olan ipəkləri də əmanət olaraq gətirib satdıqları haqqında məlumatlar vardır. F.Maringhi göstərirdi ki, Bursada italyan firmalarını təmsil edən nümayəndələr və yəhudilər Səfəvi dövləti ərazilərindən gələn karvanları səbirsizliklə gözləyirdilər. Səfəvi imperiyasının ərazilərindən gələn karvanlar gecikəndə Bursada ipəyin qiymətləri kəskin şəkildə qalxırdı. Hər bir karvan gələn kimi isə ipəyi dərhal alıb İtaliyaya göndərməyə çalışan italyan şirkətləri arasında güclü rəqabət yaranırdı. Bursada Səfəvi və Avropa tacirləri arasında osmanlı tacirləri vasitəçilik edirdilər. Avropalılar özlərinin şərqdə, o cümlədən Səfəvi dövləti ərazilərində və Orta (Mərkəzi) Asiyada çox yüksək qiymətləndirilən incə yun parçalarını Bursada Səfəvi ipəyi ilə ya dəyişir, yaxud nağd pulla alırdılar. Bursa tacirlərinin Avropanın yun parçalarını, Səfəvi ipəyini və ya Hindistandan gətirilən istiotu, digər ədviyyatı, boyaları, yaxud Anadolunun parçalarını Balkan ölkələrinə, Dunay və Qara dəniz limanlarına apardıqları həmin limanların gömrük dəftərlərində əks olunmuşdur. Həmin dəftərlərdə tacirlərin etnik mənsubiyyətləri də göstərilmişdir. Bu dəftərlərdən bəlli olur ki, müsəlman tacirlərin Avropaya getmədikləri barədə yazılanlar özünü doğrultmur. Əslində, Avropaya gedən tacirlərin böyük əksəriyyəti müsəlmanlar olmuşlar. Bu məlumatlar XVI əsr boyunca izlənir (75, c.3, 89; 45, 772; 90, c.1, 188-189; 89, 130-131; 88, c.1, 279-280).

Mənbə məlumatlarından aydın olur ki, Anadolunun iqtisadi həyatında Azərbaycan tacirlərinin əvəzolunmaz xidmətləri olmuşdur. Lakin bütün bunlara baxmayaraq, Səfəvi imperiyasını çökdürməyi qarşısına məqsəd qoymuş Sultan I Səlim rəqibinə zərər verə biləcək hər bir tədbirə əl atırdı. Bu tədbirlərdən biri də iqtisadi blokada idi. XV-XVI yüzilliklərdə Azərbaycanın ən önəmli gəlir qaynağı olan ipək Avropaya aşağıdakı yollarla daşınırdı: 1) Bursaya və İstanbula qədər davam edən quru yolunu sonradan ya dəniz yolu əvəz edir, ya da quru yol Balkan yarımdasını əhatə etməklə Adriatik dənizinə çıxırdı; 2) Hələbə qədər davam edən quru yol Suriyaya gedir, oradan İsgəndəriyyəyə çıxır, dəniz yolu ilə davam edirdi; 3) İzmir şəhərinə qədər davam edən quru ticarət yolu daha sonra dənizlə davam etdirilirdi; 4) Xəzər dənizi vasitəsilə Həştərxana gedən yol. Bu yolla daşınan məhsullar ya Rəştdə, ya da Niyazabadda yüklənirdi. Həmin məhsullar Volqa (İtil) çayı vasitəsi ilə Moskvaya çatdırılır, oradan da quru yolla Mərkəzi Avropaya və ya Baltik, ya da Ağ dəniz vasitəsi ilə Hollandiyaya və İngiltərəyə aparılırdı; 5) İran ərazilərindən başlanan quru yol İsfahandan keçir, Bəndər-Abbasa çıxır, oradan da dəniz yolu ilə davam etdirilirdi. Bu dövrdə Levant yolu Səfəvi ipəyinin ixracında başlıca vasitə idi. Bu həm də onunla izah olunur ki, Levant ticarəti bir neçə yolu özündə birləşdirirdi (Bursa, Hələb və İzmir). Beləliklə, müxtəlif yollarla Qərbi Avropaya çoxlu miqdarda Azərbaycan və İran ipəyi daşınırdı. Onun miqdarını dəqiq müəyyən etmək çətindir. Buna çətinlik yaradan səbəblərdən biri Səfəvi dövləti iqtisadiyyatına dair məlumatların az olmasıdır. Səfəvilərin arxivi darmadığın edildiyinə görə bu yöndə tədqiqatçıların işi xeyli çətinləşmişdir. Qərbi Avropa səyyah və diplomatlarının məlumatları isə Səfəvi dövlətinin iqtisadi həyatını tam əks etdirmir (365, 61-79). XVI əsrdə ticarət yolları içərisində isə başlıca yer Təbriz-Bursa yoluna məxsus idi. Azərbaycan və İran ipəyi Təbriz-Bursa karvan yolu ilə Aralıq dənizi vasitəsilə Avropaya göndərilirdi. Sultan I Səlim Azərbaycan və İran ipəyinə qadağa qoymuş, bu tədbirlə Səfəvi dövlətini iqtisadi baxımdan çökdürmək fikrinə düşmüşdü. Bunun üçün o, ipək ticarətini və tacirlərin Azərbaycana və İrana gedişini qadağan etmişdi (104, c.1, 276). Sultan I Səlim Azərbaycanın Avropaya ipək ixracatının qarşısını tamamilə almaq üçün Misir məmlüklərinin nəzarəti altında olan Ərəb ölkələrini də bu qadağa siyasətinə qatmışdı. Şəxsiyyətindən asılı olmayaraq Azərbaycanla ipək ticarəti edən hər bir tacirin əmtəələri müsadirə olunurdu. Onun bu qərarı Misir məmlükləri ilə osmanlılar arasında ziddiyyətlərə səbəb oldu. Həmin dövrdə tətbiq olunmuş qadağa çox sərt qərar idi. Sultanın bu qərarı osmanlı ictimaiyyətində qəbul olunmurdu. Osmanlı tarixçiləri bununla bağlı yazmışlar ki, Sultan I Səlim başa düşürdü ki, bu qərar qeyri-hüquqi səciyyə daşıyır. Ona görə də müsadirə olunan əmtəələr siyahıya alınır və anbarlara yığılırdı. Əmtəə sahiblərinə həmin məhsulların qaytarılacağı barədə vədlər verilirdi. Beləliklə, Osmanlı sultanının əsas məqsədi əmtələrin müsadirə olunması deyil, düşmən saydığı səfəviləri əsas gəlir mənbəyindən məhur etmək idi. Osmanlı torpaqlarında yaxalanan Səfəvi tacirləri Rumeliyə sürgün edilir, orada nəzarət altına alınırdılar. 1518-ci ildə isə Osmanlı torpaqlarında xam ipək satışı tamamilə qadağan edildi. Bu əmri pozan Osmanlı təbəələrinin satdıqları əmtəələrdən əldə olunmuş gəlirlər xəzinə üçün müsadirə olunmağa başlandı. Səfəvi dövlətinə qarşı tətbiq edilmiş bu qadağa Osmanlı imperiyasının iqtisadi sisteminə də müəyyən zərbə vurmuşdu. Yəni, bu qadağa yalnız Səfəvi tacirlərinə deyil, osmanlı və italyan tacirlərinə də ciddi ziyan vurdu. Bursada ipək satan tanınmış firmalar birdən-birə sıradan çıxmış, ipək toxuculuq sənəti də böyük əngəllərlə üzləşmişdi. Qadağa nəticəsində Bursada işsizlik artmışdı. Nəticədə iqtisadi sahədə geriləmə baş vermişdi. Sultan I Səlimin qadağa siyasəti italyan sənətkarlığına da xeyli zərbə vurmuşdu. İtaliyada təlaş əhvali-ruhiyyəsi yaranmışdı. Genuyalılar artıq Astrabad-Xəzər dənizi-Həştərxan ticarət yolunun canlandırılması haqqında düşünməyə başladılar. Osmanlı imperiyasının qüdrətinin artdığı bir dövrdə həmin tədbirə əl atmış Sultan I Səlim səfəvilərə qarşı tətbiq edilən iqtisadi blokadanın Anadolunun iqtisadi həyatına bu dərəcədə təsir edəcəyini güman etmirdi. Osmanlı taxtına yenicə əyləşən I Süleymanın səfəvilərə qarşı tətbiq edilən "İbrişim yasağı" adlanan ipək ticarəti qadağasını aradan qaldırmağı bu tədbirlərin gerçəkliklərə zidd olduğunu bir daha göstərdi. I Süleymanın dövründə bu qadağadan zərər çəkmiş tacirlərə dəyən ziyanın əvəzi ödənilmiş, ticarət sərbəstləşdirilmişdir. Sultan I Səlim dövründə osmanlı tacirlərinin səfəvilərə mis, dəmir, qızıl, gümüş, odlu silah satmaları da qadağan edilmişdi. Türkiyə tədqiqatçısı F.Dalsar «İbrişim yasağı»-nın Osmanlı imperiyasının iqtisadi həyatına mənfi təsiri barədə qeyd edir ki, Sultan I Səlimin Bursada tətbiq etdiyi bu qadağanın məmləkət üçün bir neçə təsiri olmuşdur. Həmin tədbirlərdən başlıcası odur ki, şərq ölkələrindən gəlməkdə olan ipək axını birdən-birə dayanmış, o zamana qədər Bursadakı ipəktoxuma dəzgahları bu yoldan aldıqları xam ipəyi almadıqlarından böhran keçirmişlər. Buna görə də ipəyin qiyməti qalxmış, ipək ticarəti gizli şəkildə həyata keçirilmiş, Osmanlı ərazilərində ipək qaçaqmalçılığı inkişaf etmişdi. Osmanlı imperiyasında ipəktoxuma sənəti böhranla üzləşdiyi bir zamanda, ölkəyə Avropa ipəyi daxil olmağa başlamış və yerli toxumalarla rəqabət etməyə, onları sıxışdırmağa başlamışdı (88, c.1, 281-282; 99, 85-86; 64, c.2, 61; 126, 23; 63, 131-133). Səfəvi şahları isə xarici aləmlə əlaqələri itirməmək üçün Volqa-Xəsər yoluna daha çox üstünlük verməyə başladılar. Doğrudur, Sultan I Süleymanın dövründə Səfəvi dövləti ilə ticarət əlaqələri istiqamətində müsbət işlər görüldü, lakin ticarətin əvvəlki mövqeyi bərpa oluna bilmədi. Bu ticarət əlaqələrinə dövlətlərarası düşmənçilik ciddi mane olurdu. Bu düşmənçilik nəticəsində 1513-1620-ci illər arasında Azərbaycan və İran ipək ticarəti Bursa yolunda ciddi surətdə aşağı düşdü və Osmanlı xəzinəsi xeyli zəiflədi. Bu tarixi məqamda xeyli miqdarda Səfəvi ipəyi Xəzər dənizi ilə Həştəxan limanına, oradan isə Qərbə yayılmağa başladı (355, 59). Səfəvi potensialının imperiyanın iqtisadi cəhətdən inkişafında rolunu qiymətləndirən I Süleyman Sultan Səlimdən fərqli olaraq rəqib dövlətə qarşı daha mülayim siyasət yeritməyi qərara aldı. I Süleymanın taxta çıxdığı vaxtda Osmanlı imperiyası iki cəbhədən birini seçmək zərurəti qarşısında idi. Eyni zamanda, həm Qərblə, həm də səfəvilərlə döyüşmək asan deyildi. Beynəlxalq aləmdə baş verən hadisələr, dəyişən şərtlər Sultan I Süleymanın diqqətini Qərbə yönəltdi (99, 86). XVI-XVII əsrlərin Osmanlı-Səfəvi qarşıdurması yalnız regional deyil, habelə beynəlxalq aləmdə baş verən iqtisadi, siyasi dəyişikliklərin nəticəsi idi. Bu qarşıdurma dini şüarlar altında, iqtisadi, siyasi, ideoloji sahələrdə baş vermişdir. Həmin iki müsəlman, türk dövlətinin rəqabəti, həm Misir Məmlük sultanları, həm də Qərbin xristian hökmdarları tərəfindən diqqətlə izlənirdi (112, 503-504). Məhz buna görə də Osmanlı-Səfəvi münasibətlərini Avropada baş verən hadisələrdən kənarda təsəvvür etmək qeyri-mümkündür. Məlumdur ki, ticarət yollarında baş verən dəyişikliklər Avropanın siyasi vəziyyətinə də təsir etmişdi. Bu siyasi vəziyyətin dəyişməsi Avropada sonsuz müharibələrə səbəb olmuş və Qərb dövlətlərinin xarici siyasətinə özünəməxsus çalarlar bəxş etmişdir. Bu zamandan etibarən Avropanın Aralıq dənizindəki, Baltik dənizindəki və Atlantik okeanı sahillərindəki ticarət mərkəzlərinə yaxın olan dövlətləri beynəlxalq münasibətlərdə başlıca rol oynamağa başladılar. Portuqaliya, İspaniya, Hollandiya, Fransa və İngiltərə bu dövlətlər sırasına daxil idilər (218, c.1, 167). XVI əsrin əvvəllərindən həmin yüzilliyin ilk onilliklərinə qədər ispanlar Mərkəzi və Cənubi Amerikanın nisbətən inkişaf etmiş bütün ərazilərini işğal etdilər. Portuqallar isə Afrika sahillərində olduğu kimi, Asiya sahillərində də zəncirvarı şəkildə qalalar qurub ticarət faktoriyaları (mərkəzləri) yaratdılar (203, 133). İspan zadəganları müharibələri və hərbi qənimətlərin əldə olunmasını özlərinin başlıca məqsədləri sayırdılar. Böyük Karlın imperiyasının xarabalıqları altından dirçəlmiş Fransa monarxiyası da təbiətinə görə ispan mütləqiyyətinə bənzəyirdi, lakin onları fərqləndirən cəhətlər var idi. İspanlara məxsus olan mənbələr Fransa monarxiyasının və zadəganlığının əlində yox idi. Fransa nə Amerika qızıl ehtiyatlarına, nə Potosi mədənlərinə, nə də varlı holland tacirlərinə malik idi (292, 145-146; 177, 22). Ona görə də XVI əsrin əvvəllərində Fransa Şərqə qarşı müstəmləkəçilik ekspansiyasında ciddi rol oynaya bilmədi. Bu illərdə Osmanlı imperiyasından aldığı "güzəştlərə" (1535 və 1581-ci illər) əsasən Fransaya yalnız Levant ölkələrində möhkəmlənmək qismət oldu (206, 137). Həmin dövrdə Qərbi Avropada İngiltərənin vəziyyəti isə tamam fərqli idi. Bu ölkə XVI əsrin birinci yarısında kiçik bir ərazidə - Avropa siyasətində ikinci dərəcəli rol oynayırdı (284, 147). XVI əsrin ortalarına qədər İngiltərə ticarət mərkəzlərindən kənarda yerləşirdi və yalnız həmin yüzilliyin ortalarından başlayaraq canlanmağa başladı (206, 132). Müəyyən dövrdə qərarlaşmış siyasi sabitlik isə ingilis xarici siyasətində realizmin başlanğıcı idi ki, İngiltərə xarici siyasəti sonrakı əsrlərdə də bu cəhəti ilə fərqlənirdi. Bu, onunla izah olunur ki, İngiltərədə zadəganlığın böyük hissəsi kənd təsərrüfatı sahibkarına çevrilir, yun və digər kənd təsərrüfatı məhsullarını əvvəlcə Flandriyaya ixrac edir, XV əsrdən isə bu məhsullarla daxildə sənətkarlığın inkişafını təmin edirdi (292, 147). Qeyd edək ki, ingilis ticarəti sənətkarlıqla (başlıca olaraq mahud istehsalı ilə), eyni zamanda kənd təsərrüfatı ilə sıx bağlı idi (206, 132-133). Qərbi Avropa dövlətləri içərisində Avstriyanın siyasəti daha mürəkkəb səciyyə daşıyırdı. XVI əsrin sonlarına qədər Avstriya «alman xalqından ibarət müqəddəs Roma imperiyası"nı təmsil edən, müəyyən mənada geniş əraziyə malik olan dövlət idi. XVI əsrin əvvəllərində mürəkkəb dövlət quruluşuna malik olan Avstriya çoxmillətli mütləq monarxiyaya çevrilməyə başladı. Bu halın başlıca səbəbi Qərbi Avropa dövlətlərini, "bütün xristian dünyası"nı cənub-şərqdən hədələyən «Osmanlı təhlükəsi» idi. Bu təhlükə Çexiyanı və Macarıstanı Avstriyaya birləşməyə məcbur etdi, Avstriyanın bütün diqqətini cənub-şərqə yönəltdi. XVI əsrin mürəkkəb beynəlxalq münasibətləri şəraitində İspaniya ilə birgə Osmanlı tüklərinin Aralıq dənizinin qərb qismində görünmələrinə qarşı Habsburqların apardıqları siyasət onların qüvvələrinin parçalanması ilə nəticələndi və Qərbi Avropada hökmranlıq uğrunda mübarizənin gərgin vaxtında Avstriyanın diqqəti şərqə yönəldi. XVI əsrin əvvəllərində «Osmanlı təhlükəsi» Avropa hökmdarlarını daha güclü şəkildə qayğılandırdı. I Süleymanın hakimiyyət illəri (1520-1566) Osmanlı imperiyasının ən qüdrətli çağları idi. 1526-cı ildə çex-macar qoşunlarının Mohaç ətrafında darmadağın edilməsi, osmanlıların Vyana divarları yanında peyda olması (1529), Macarıstanın böyük hissəsinin onlar tərəfindən tutulması-cənub-şərqi Avropa dövlətlərini Avstriya ətrafında birləşməyə məcbur etdi. Qərbin hakim dairələri həm də ondan ehtiyat edirdilər ki, Avropa zəhmətkeşləri kəndli müharibələrinin yatırılmasından sonra Osmanlı türklərinin gəlişini bir qədər bundan əvvəl xalq üsyanlarında iştirak etmiş utopistlərin söylədikləri «Allahın Avropa knyazlarına göndərdiyi cəza» kimi qəbul edir və bu gəlişi alqışlayırdılar (292, 145-150). Beləliklə, XV əsrin sonunda - XVI əsrin əvvəllərində Avropanın siyasi səhnəsində baş verənlər bizə həmin dövr haqqında təsəvvür yaratmağa kömək edir. Osmanlı-Avropa-Səfəvi münasibətlərində məhz bu hadisələr ciddi rol oynamışdır. Hələ XVI əsrin əvvəlləri idi və dünyada baş verən yeni siyasi, iqtisadi dəyişikliklərə uyğun olaraq yeni proseslər başlanmışdı. Yeni proseslərə uyğun xarici siyasət yeridə bilən Avropa dövlətləri həmin proseslərdən uğurla çıxdılar (66, 148-149). Həmin dövrdə Osmanlı imperiyasının qüdrətinin artması Avropanın bir sıra dövlətlərinin, xüsusilə Fransanın maraqlarına tamamilə uyğun idi. Fransa bu hesabla ənənəvi düşməninə sarsıdıcı zərbələr endirə bilərdi (292, 156).

Avropanın bu vəziyyətini dərindən dərk edən I Süleyman Osmanlı imperiyasının iki cəbhədən birində döyüşməsini vacib hesab etdi. Məhz səfəvilərə qarşı onun mülayim siyasət yürütməsində iqtisadi amil az rol oynamadığı kimi, bu amil də ciddi rol oynadı. Buna görə də I Süleyman Avropa səfərlərinə başlamazdan öncə səfəvilərlə dostluq münasibətləri qurmaq niyyətinə düşdü, Səfəvi tacirlərini sərbəst buraxdı, onlara dəyən on milyon ağçaya yaxın zərəri ödəyib irəliyə daha bir addım atdı, özünün taxta çıxması münasibəti ilə Səfəvi şahına bir məktub göndərdi, ona Qərbin «kafirlərinə" qarşı dostluq və işbirliyi təklif etdi. Bəzi tədqiqatçıların fikrincə, bu təklif Şah I İsmayıl tərəfindən qəbul edilsəydi, həm osmanlılar, həm də səfəvilər tərəfindən çoxlu itkilərlə müşayiət olunan müharibələrin qarşısı alına bilərdi. I Süleyman Şah I İsmayıla göndərdiyi məktubda padişahlara məxsus olan ləqəb və ünvanları qeyd edir, «Nitekim, hər dövün bir xəlifəsi vardır və onun vəzifəsi İslamı müdafiə etmək, kafirlərə qarşı cihad etməkdir» sözlərindən sonra Səfəvi səltənətinin davamlı olması üçün dualar edirdi. Lakin bu təklif Şah I İsmayıl tərəfindən müsbət qarşılanmadı. Şah I İsmayıl hətta Sultan I Səlimin vəfatından sonra taxta çıxmış I Süleymanı təbrik etməmişdi. Səfəvi şahı onu yalnız iki ildən sonra, osmanlılar Belqradı (1521) və Rodosu (1522) fəth etdikdən sonra təbrik etdi (99, 86- 88). Qeyd etmək lazımdır ki, Sultan I Səlimin dövründə Səfəvi-Osmanlı ziddiyyətləri xeyli dərinləşmişdi. Çaldıran döyüşü zamanı və bu hadisədən sonra Sultan I Səlimin yol verdiyi qeyri-etik hərəkətlər Osmanlı-Səfəvi ziddiyyətlərinin daha da dərinləşməsinə səbəb olmuşdu. Eyni zamanda, barışıq məsələsi səfəvilərin starteji planlarına uyğun gəlmirdi və yaranmış iqtisadi çətinliyə görə I İsmayıl osmanlıları cəzalandırmaq niyyətində idi. Çaldıranda baş vermiş uğursuzluğa baxmayaraq, Şah I İsmayıl Aralıq dənizinə qədər bütün əraziləri səfəvilərin hakimiyyətinə qatmaq, onu Şərqdə yeganə imperiyaya çevirmək istəyirdi. Məlumdur ki, Sultan I Səlimin işğalları Avropa ölkələrinə nisbətən Səfəvi imperiyasının vəziyyətini daha çox ağırlaşdırmışdı. Tezliklə Suriyanı və Misiri ələ keçirən Osmanlı sultanı Səfəvi imperiyasına daha bir ağır zərbə vurdu. Trabzonu (1461) və Kəfənı (1475) ələ keçirməklə Azərbaycan və İran tacirlərini Qara dəniz ticarətindən məhrum etmiş Osmanlı sultanı II Məhəmmədin siyasətini davam etdirərək Suriya, Livan və Fələstin ərazilərini fəth etməklə (1516) Səfəvi tacirlərinin Aralıq dənizi sahillərinə çıxış yolunu da öz nəzarəti altına saldı. Bununla da səfəvilərin Qara dəniz və Aralıq dənizi vasitəsilə Qərbi Avropa ölkələri ilə qədim tarixə malik olan ənənəvi ticarət əlaqələrinə sonuncu, ağır zərbə endirildi. Səfəvilər imperiyası XVI əsrin əvvəllərində Qərb ölkələrinin müstəmləkəçilik siyasətinin də ilk zərbəsinə sinə gərməli oldu. Portuqaliyanın Hind okeanında möhkəmlənməsiylə Səfəvi imperiyasının dəniz yolu ilə Hindistan, Seylon, cənub-şərqi Asiya ölkələri və şərqi Afrika ilə ticarət əlaqələri də təqribən kəsildi. Bununla da Azərbaycan tacirlərinin Hindistanla Moskva dövləti və Avropa ölkələri arasında ədviyyat ticarətində vasitəçilikdən əlləri üzülmüşdü (289, 159). Bu mənada Sultan I Süleymanın Şah I İsmayıla «birgə mübarizə» haqqındakı müraciəti daha çox özünün bir istiqamətdə təhlükəsizliyini təmin etmək istəyindən irəli gəlmişdi. Çünki I Süleyman çox gözəl bilirdi ki, Şah I İsmayıl ağqoyunluların varisi kimi çıxış edir, Anadoluda Osmanlı hakimiyyəti altına keçmiş torpaqlara varislik iddialarını irəli sürür. Sultanı narahat edən ən böyük problemlərdən biri də Sultan I Səlimin vəfatından sonra da qızılbaşların Anadoluda fəaliyyəti idi. Sultan I Süleymanın Macarıstana hərbi yürüşü zamanı Səfəvi qızılbaş rəhbərlərinin Anadoluda təşkil etdikləri çoxsaylı üsyanlar zəncirvari partlayışları xatırladırdı. Təbiidir ki, Səfəvi şahının məqsədi Osmanlı imperiyasını daxildən parçalamaq, Anadolunu bütünlüklə Səfəvilər imperiyasına birləşdirmək idi. Bununla da I Süleymanın şərqə (səfəvilərə) qarşı hərbi yürüşə başlamaq niyyəti gerçəkləşirdi. Lakin 1525-ci ilin sonlarında qərarlaşdırdığı Azərbaycan-İran hərbi yürüşünü dayandırmağa məcbur oldu. Çünki Macarıstan, Avstriya və Almaniya üzərinə yürüşlər etmək istəyən I Süleyman həm bu dövlətlərin Osmanlı imperiyasına qarşı hərbi ittifaqını pozmaq istəyir, həm də onların səfəvilərlə yarana biləcək hərbi-siyasi əməkdaşlığını pozmağa çalışırdı (99, 92; 140, c.2, 449). Bu addımlar üçün real şərait də yaranmışdı. Çünki Avropada Fransa-Almaniya ziddiyyətləri hədsiz dərəcədə kəskin idi. Onlar ararsında İtaliya şəhərlərinə sahib olmaq uğrunda mübarizə gedirdi. Yaranmış vəziyyətdə Fransa da Osmanlı qüdrətindən Almaniyaya qarşı istifadə etməyə çalışırdı. 1525-ci ilin 6 dekabrında İstanbula - Sultan I Süleymanın sarayına ilk Fransa elçisi gəldi. Almanlarla osmanlılar arasında rəqabət obyektinə çevrilmiş Macarıstana almanların hərbi yürüşə hazırlığı haqqında xəbərlər də gəlmişdi. Bu xəbəri Osmanlı sarayına fransız elçiləri gətirmişdilər (64, c.2, 112; 100, 127). Osmanlı imperiyası ilə Fransa arasında münasibətlər öncə Sultan I Süleyman zamanında quruldu. Bu vaxt Almaniyada vəziyyət daha da ağırlaşdı. Martin Lüterin fəaliyyəti almanlar arasında dini parçalanma yaratmışdı. Osmanlı sultanının da dəstəklədiyi M. Lüterin fəaliyyəti sayəsində dini baxımdan iki hissəyə parçalanmış Avropanın siyasi cəhətdən də parçalanması üçün şərait yaranmışdı (66, 154-155; 349, 449).

XVI əsrin əvvəllərində Osmanlı sultanının sistemli xarici siyasəti və onun bəzi qərb dövlətlərinə güclü güzəştlər etməsi sayəsində Osmanlı imperiyası beynəlxalq aləmdə lider dövlət səviyyəsinə yüksəldi. Yaranmış əlverişli vəziyyətdən istifadə etmək istəyən Osmanlı sultanının iki cəbhədə eyni vaxtda müharibə aparmaq istəməməsi təbii idi. Buraya Portuqaliya ilə münasibətləri də əlavə etsək, vəziyyət dərhal aydınlaşır. Çünki bu dövrdə Sultan I Süleyman gözlərini Hind okeanına da dikmişdi (105, 1434). 1522-ci ildə xristianlığın Şərqi Aralıq dənizindəki qalası olan Rodosun fəthindən sonra məqsədinin «altun əldə etmək, zəngin olmaq deyil, zəfər və şan qazanmaq, əbədi bir şöhrətə sahib olmaq» olduğunu və imperiyanı genişləndirmək üçün döyüşdüyünü elan etmiş I Süleymanın (114, 93-94) tezliklə Asiya istiqamətində hərbi yürüşə çıxacağı aşkar idi. Onun ən çox çəkindiyi hərbi-siyasi qüvvə Səfəvilər imperiyası idi. Çaldıran döyüşündə (23. VIII. 1514) ağır zərbə almış Səfəvi dövləti Şah I İsmayılın ölümündən (1524) sonra daha da zəifləmişdi, imperiyada iqtisadi tənəzzül dərinləşməkdə idi. Qara dəniz, Aralıq dənizi, İran körfəzi və Hind okeanı vasitəsilə xarici ticarət əlaqələrinin kəskin surətdə pisləşməsi imperiyanın iqtisadi vəziyyətinə çox mənfi təsir göstərirdi. Şah I İsmayılın hakimiyyətə gəlmiş azyaşlı oğlu Təhmasib Mirzənin (1524-1576) təcrübəsizliyi də dövlət işlərinə mənfi təsirini göstərirdi. Qızılbaş tayfa başçıları hakimiyyətdə möhkəmlənmək uğrunda silahlı mübarizəyə qalxdılar. Səfəvilər imperiyası təqribən on ilə qədər davam edən (1524-1534) vətəndaş müharibəsi dövrünə qədəm qoydu (326, 69-74; 268, c.1, 263-264). Lakin buna baxmayaraq, Sultan I Süleyman bu imperiyadan, onun ideoloji qüdrətindən və Anadoludakı tərəfdarlarından ciddi surətdə ehtiyatlanırdı. Osmanlılar səfəviləri Şərqi Anadoludan tamamilə uzaqlaşdırmaqda qərarlı idilər. Onlar Bəsrə körfəzi ilə Xəzər dənizi arasındakı əraziləri də ələ keçirmək istəyirdilər. Yenidən üz-üzə gəlmiş Osmanlı və Səfəvi dövlətlərinin çəkişmələri dini-məzhəb qarşıdurması deyildi. Hər iki hökmdar sahib olduğu siyasi və strateji mövqeləri qorumaq, İslam-türk aləmində böyük, güclü, şəriksiz bir səltənət qurmaq istəyirdi. Onlar üz tutduqları məzhəb sayəsində isə tərəfdar və dəstək qazanırdılar (99, 91-100; 349, 444-448). Osmanlı imperiyası Avsrtiya ilə "əbədi sülh" müqaviləsi (22. VI. 1533) bağladıqdan 4 ay sonra -1533-cü il oktyabrın 21-də Səfəvi imperyasına qarşı hərbi əməliyyatlara başladı. Bu əməliyyatlarda əsas məqsəd iki dövlət (Osmanlı və Səfəvi) arasındakı sərhəd münaqişəsindən istifadə edərək əvvəlcə Bağdad da daxil olmaqla Ərəb İraqını ələ keçirmək, İran körfəzinə yol açmaq, bundan sonra isə hərbi əməliyyatı davam etdirib Səfəvilər imperiyasını qəti məğlubiyyətə uğratmaq idi. Lakin 1533-1535-ci illər müharibəsi zamanı Osmanlı sultanı Səfəvi ordusunu, rəqibin dövlət müstəqilliyini aradan qaldıra bilmədi. Osmanlı imperiyası canlı qüvvə və hərbi texnika cəhətdən ağır itikilərə məruz qaldı. Təqribən 50 il davam etmiş Səfəvi–Osmanlı müharibələri osmanlıların bütün Avropada fəthlərinin daha da genişlənməsinin qarşısını ala bildi. Osmanlı sultanı I Süleyman öz hakimiyyəti illərində xarici ölkələrə qarşı 13 dəfə hərbi yürüşə çıxmışdısa, Səfəvi imperiyasına qarşı aparılmış üç hərbi əməliyyat qalan 10 müharibədən daha uzun çəkmişdi. Bu müharibələr həm də Qərbi Avropa dövlətlərinin Şərqlə, o cümlədən Yaxın və Orta Şərq ölkələri ilə əlaqədar müstəmləkəçilik planlarının həyata keçirilməsi üçün əlverişli şərait yaradırdı. Təsadüfi deyildir ki, həmin müharibələr Portuqaliyanın İran körfəzində daha da möhkəmlənməsinə imkan verdi. 1547-1554-cü illərdə isə Osmanlı sultanının Portuqaliyanı İran körfəzindən sıxışdırıb çıxarmaq üçün apardığı hərbi dəniz əməliyyatları da istənilən nəticəni vermədi (26, 174, 180). Ən başlıcası isə ondan ibarət idi ki, bu müharibələr hər iki imperiyanın həyatında sonralar öz mənfi nəticələrini üzə çıxardı. Yəni, həm Osmanlı, həm də Səfəvi imperiyalarının iqtisadi həyatı Qərbi Avropa iqtisadiyyatından asılı vəziyyətə düşdü. Şərqin ən böyük imperiyalarının iqtisadi sistemi dağıldı və bu iqtisadi tənəzzül hər iki türk dövlətinin zəifləməsində müstəsna rol oynadı.


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə