Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,89 Mb.
səhifə11/14
tarix17.10.2017
ölçüsü2,89 Mb.
#5156
1   ...   6   7   8   9   10   11   12   13   14

4.3. XVI əsrin sonlarındaXVII əsrin I yarısında Qərbi Avropa-Azərbaycan qarşılıqlı əlaqələrində ticarətin rolu Səfəvi-Osmanlı münasibətlərində ticarət amili.

Səfəvi şahı I Təhmasibin ölümündən sonra Azərbaycan Səfəvi imperiyası ərazilərində hərc-mərcilik təqribən on bir il davam etdi. Səfəvilərin rəqibləri bundan istifadə etməyə cəhd etdilər. 1578-ci ildə Osmanlı sultanı III Muradın qoşunlarının hücumları xüsusilə təhlükəli idi (303, 43). Yaranmış vəziyyətdən bəhrələnməyə çalışan İspaniya kralı II Filipp (1576-1621) Portuqaliyanı öz dövlətinin tərkibinə birləşdirdikdən sonra portuqalların Afrikadakı müstəmləkələrindən keçməklə «Osmanlı təhlükəsi»ndən qurtulmaq naminə səfəvilərlə daha sıx əlaqələr qurmağa tələsdi və bəzi məlumtlara görə, səfəvilər üçün mahir top ustaları göndərdi. 1585-ci ildə isə Habsburqların əleyhdarları arasında II Filipplə Səfəvi şahı arasında gizli müqavilə bağlandığına dair şayiə yayılırdı. Həmin müqaviləyə görə, dünya həmin dövlətlər arasında nüfuz dairəsinə bölünürdü (Avropa İspaniyaya, Asiya isə səfəvilərə çatırdı). Yaranmış geosiyasi vəziyyətlə əlaqədar olaraq «Səfəvi amili» XVI əsrin sonlarında-XVII əsrin əvəllərində və Avropada otuzillik müharibələr dövründə yenidən aktuallaşdı (317, 74). Səfəvilərlə müharibəyə hazırlaşan Osmanlı sultanı 1578-ci ilin avqustun 9-da Çıldır düzündə rəqibini ağır məğlubiyyətə uğradıb Tiflisə yiyələndi. Sentyabrda osmanlılar Şimali Azərbaycanın ərazilərinə hücum etdilər, qısa vaxtda Şəki, Ərəş, Qəbələ, Şamaxı, Bakı, Şabran, Dərbənd, Salyan, Mahmudabad məntəqələrini ələ keçirdilər (268, c.1, 272-274; 326, 149-200; 26, 199). Belə bir vəziyyətdə qızılbaş əmirlərinin bir dəstəsi Xorasan hakimi, gənc Abbası şah elan etdilər. Səfəvi taxtına əyləşən Şah I Abbas bir neçə cəbhədə döyüşməyin çətin olduğunu başa düşdüyündən rəqiblərini təkbətək məğlub etməyi qərara aldı. XVI əsrin sonunda-XVII əsrin əvvəllərində əlli ilə qədər fasilələrlə əsasən Azərbaycan ərazilərində davam etmiş müharibələr ölkənin iqtisadi həyatına ağır zərbə vurmuşdu. Dövlətin iqtisadiyyatını bərpa etmək məqsədini qarşısına qoymuş Şah I Abbas Səfəvi imperiyasında şəhər həyatının dirçəldilməsinə xüsusi fikir verməyə başladı. Buna görə də ipək istehsalı və satışı ciddi şəkildə dövlət inhisarına alındı. Bu məsələyə toxunmuş İsgəndər Münşi (Türkman) göstərir ki, ipəklə ticarət dövlət inhisarında idi və həmin ticarət şah xəzinəsinə böyük həcmdə gəlir gətirirdi (281, 20). Osmanlı-Səfəvi müharibəsinin davam etdiyi bir vaxtda dövlətin iqtisadi həyatında uğurlar əldə etmək mümkün deyildi. Buna görə də 1590-cı ildə Osmanlı imperiyası ilə sülh müqaviləsi imzalandı. Beləliklə, qərbdə osmanlıların hücumundan daha çox şərqdə özbəklərin tez-tez Səfəvi sərhədlərini pozmasından, onların əyalətləri talan etməsindən narahat olan Şah I Abbas Osmanlı imperiyası ilə sülh imzalanmasını vacib saymışdı. 1590-cı ilin martın 21-də bağlanmış İstanbul müqaviləsinə əsasən, təqribən bütün Cənubi Qafqaz, Təbriz, Azərbaycanın Təbrizlə bağlı bölgələri, Şirvan, indiki Gürcüstan əraziləri, Loristan, Şəhrzor Osmanlı imperiyasının nəzarəti altına düşdü. Yaranmış fasilədən istifadə edən Şah I Abbas özbəklərin hücumlarının qarşısını aldı, 1599-ci ildə onları Xorasandan çıxararaq darmadağın etdi. Bütün Səfəvi imperiyasını geniş islahatlar bürüdü. Bu islahatlar ilk növbədə mərkəzi hakimiyyətin möhkəmləndirilməsinə yönəldilmişdi. Şah I Abbas yaranmış vəziyyətdən istifadə edərək Osmanlı imperiyası ilə yeni müharibəyə hazırlaşmağa başladı (268, c.1, 274; 106, 198; 79, c.2, 195; 304, 44). Təbiidir ki, Şah I Abbasın islahatlarında ticarət, xüsusilə xarici ticarət məsələləri mühüm yer tuturdu. Azərbaycan yenə də intensiv xarici ticarət və tranzit ticarəti aparırdı. Azərbaycanın həmin dövrdəki iqtisadi həyatına xüsusi diqqət yetirmiş Rafael dyu Man qeyd edirdi ki, "Səfəvilər dövlətinin ərazisi iki qapısı olan karvansaraya bənzəyir. Bu qapılardan biri Osmanlı imperiyasına, digəri isə Bəndər-Abbasa (İran körfəzinə), yəni Hindistana açılır" (194, 56).

Səfəvi dövlətinin ərazilərində tranzit ticarətinə, xarici ticarətə, xüsusilə bu yolların təhlükəsizliyinə daim geniş fikir verilirdi. Hələ Şah I İsmayılın dövründə bu məsələ daha ciddi idi. Onun dövründə görülmüş xüsusi tədbirlər həmin sahədəki problemləri xeyli dərəcədə aradan qaldırmışdı. «Aləmarayi - Şah İsmayıl» əsərində göstərilir ki, müsəlman və ya kafir olmasından asılı olmayaraq hər hansı bir tacir karvanının qarət olunmasına qarşı sərt cəza tədbirləri görülür, tacirləri öldürənlər tutulub edam edilirdilər (382, 596). Bu isə səbəbsiz deyildi: tacir karvanları tez-tez quldur basqınlarından əziyyət çəkirdilər. Bu cür hallar qarışıqlıqlar dövründə xüsusilə artırdı. Buna görə də tranzit ticarəti yollarının keçdiyi dövlətlərin xarici və ölkədaxili siyasi vəziyyətini nəzərə alan tacirlər öz əmtəələrini aparmaq üçün iqtisadi cəhətdən, təhlükəsizlik baxımından daha əlverişli olan yollar axtarırdılar. 1539-cu ilin aprel ayında Ərzincan yolu ilə «Qızılbaş yurduna» tacir kimi gəlmək istəyən venesiyalı çapar Mikel Membrenin yol qeydləri də bunu sübut edir: «Bu zaman buraya (Çankırı şəhərinə-D.Ə.) Əcəm sərhəddi olan Ərzincan istiqamətindən karvan gəldi. Bu karvanda İstanbula ipək malları aparan çoxlu türk və erməni (həmin dövrdə Azərbaycana gələn səyyahlar xristian tacirləri erməni adlandırırdılar. Bu da əhalisi xristian olan, ərəblər tərəfindən Ərməniyyə adlandırılan bölgənin adından götürülmüşdür-D.Ə. ) tacirləri var idi. Bu adamlardan öyrəndim ki, Əcəmin içərilərinə karvan keçirməyə icazə verilmir. Eləcə də osmanlılar Əcəmin bu yerlərindən gələnlərin mallarını qaçaq mal kimi müsadirə edirlər. Həm tacirlər, həm də zavallı qəriblər o sərhəddə görünən kimi onlardan zəmanət istəyirlər. Bu zəmanəti verə bilməyənləri həbsxanaya salırlar. Beləliklə, bu torpaqlarda böyük qarışıqlıq hökm sürür…Bu sözləri eşitdikdən sonra bu yolla getməyin qeyri-mümkün olduğu qərarına gəldim. Lakin Böyük Tanrı mənim üçün digər ən təhlükəsiz Qara dəniz yolunu açdı"» (212, 50; 28, 77; 37, 31). Bu məsələyə Şah I Abbas dövründə də xüsusi fikir verilirdi. Çünki XVII əsrin əvvəllərində Osmanlı imperiyasının ərazilərindən keçən tranzit yolu daha təhlükəli olmuşdu. Tacirləri nəinki qarət edirdilər, onlar həm də Osmanlı dövlətinin ərazilərində vilayət hakimlərinin basqınlarına məruz qalırdılar (385, c.2, 153-154; 242, 70). Göründüyü kimi, karvan yollarının təhlükəsizliyi orta əsrlərdə çox ciddi problemə çevrilmişdi.



Şah I Abbasın imperiya daxilində apardığı islahatlar tezliklə öz nəticələrini verdi: Şah I Təhmasibin ölümündən sonra mərkəzi hakimiyyətdə möhkəmlənmək uğrunda başlanmış tayfa çəkişmələrinə son qoyuldu, ölkə daxilində siyasi sabitlik bərpa olundu, məhsuldar qüvvələr canlandı, Səfəvi imperiyası iqtisadi və hərbi-siyasi cəhətdən möhkəmləndi. Səfəvi dövlətinin ərazilərindən kənara qızıl axınının qarşısını almaq üçün həcc ziyarətinə belə məhdudiyyətlər qoyuldu. Şah I Abbasın dövründə Səfəvi imperiyası ərazilərində faydalı qazıntıların hasilatı, emalı artdı. Dəmir, mis, qurğuşun və gümüş faydalı qazıntılar sırasında idi. Dövlət ərazisində keyfiyyətinə görə digər ölkələrdən gətirilən poladdan fərqlənməyən polad istehsal olunurdu. Ən yaxşı polad məmulatı isə Hindistandan gətirilirdi. Fransız səyyahı Jan Şarden Səfəvi dövləti ərazisində faydalı qazıntıların çıxarıldığı bölgələri çox dəqiqliklə təsvir edir. Məsələn, mis Sarda, Mazandaranda, indiki Əfqanıstan ərazisində, Qəzvin ətrafında, qurğuşun Kirmanda, gümüş İsfahan yaxınlığında və digər ərazilərdə hasil, emal və istehsal olunurdu. Şahın nəzarəti altında xeyli at yetişdirilən mərkəzlər var idi. Həmin mərkəzlər bilavasitə şahın inhisarında idi. Aparılmış iqtisadi islahatlar nəticəsində hərbi sahənin təkmilləşdirilməsinə xeyli pul ayrılmışdı. Həmin dövrün Avropa müəlliflərinin məlumatına görə, Səfəvi imperiyasında hərbi sahəyə 13 milyon tümən ayrılırdı. Buna görə də J.Şarden Şah I Abbası «dünyanın ən böyük monarxı» adlandırırdı (249, 348; 14, 21; 216, c.3, 111).

Osmanlı imperiyasına qarşı mübarizədə Şah I Abbas Moskva dövlətinin də köməyindən yararlanmaq fikrində idi. Yaranmış beynəlxalq vəziyyət səfəvilərin xeyrinə dəyişdi, lakin Şah I Abbas qonşu Moskva dövlətinin daxili və xarici səbəblərdən böhran keçirdiyini (182, 8) görüb ondan Osmanlı imperiyasına qarşı mübarizədə istifadə edə bilməyəcəyini başa düşdü və öz müttəfiqlərini yalnız Avropa dövlətləri arasında axtarmağa başladı. Buna görə də o, Avropa dövlətlərinə münasibətdə «açıq qapı» siyasəti yürüdürdü. Şah I Abbas İngiltərənin nümayəndəsi Antoni Şerliyə qiymətli hədiyyələr verdi, Səfəvi nümayəndələrini Avropada müşayiət etmək üçün onun razılığını aldı. Səfəvi nümayəndəliyi dövlətin mənafeyinə uyğun məsələlərdə Avropa dövlətləri, xüsusilə Almaniya, İtaliya, İspaniya, Venesiya, Fransa, İngiltərə, Şotlandiya ilə razılıq əldə etməli idi. İngiltərənin qüdrətinin artdığını görən Şah I Abbasın onlara ticarət sahəsində güzəştlər təklif etməsi də uzaqgörən siyasətin əlamətlərindən idi. O, Osmanlı imperiyasına qarşı mübarizədə ingilislərin köməyinə ümid bəsləyirdi. Şahın Avropaya göndərdiyi nümayəndələrin sırasında A.Şerlidən başqa onun xüsusi səfiri Hüseynəli bəy və daha dörd gizli müşavir də var idi. Onlardan biri Oruc bəy idi ki, bu səfər haqqında bizə qiymətli məlumatlar əmanət etmişdir (190, 14; 228; 361, 6,7; 386, 29). Şah I Abbasın Avropa dövlətləri ilə ciddi ittifaq yaratmağa nail olduğunun bariz nümunələrindən biri 1599-cu ildə verdiyi fərmanla Səfəvi dövlətinin ərazisində xristianlığın təbliğinə razılıq verməsi idi. Həmin dövrdə nəinki xristianlığın, habelə iudaizmin Səfəvi imperiyasının ərazisində yayılması üçün heç bir maneə yox idi. Çünki Avropa ilə ticarət əlaqələrində yəhudi tacirləri mühüm rol oynayırdılar (233, c.6, 891-892). Səfəvi dövlətinin ərazilərində kilsələrin və sinaqoqların vəziyyəti xeyli yaxşılaşdı. Dövlətin ərazisində karmelitlərin (katolik rahib ordeninin üzvlərinin-D.Ə.) fəaliyyəti genişləndi (276, 359). Xüsüsilə qeyd etmək lazımdır ki, XVII əsrin əvvəllərində səfəvilər imperiyasına karmelitləri göndərmiş Papa VIII Kliment (1592-1604) onların qarşısında mühüm bir məsələ qoymuşdu: Şah I Abbasın etimadını qazanıb onu Osmanlı imperiyasına qarşı ittifaqa cəlb etmək (239, 20). Bütün katolik Avropasının ideya rəhbəri olan Papalıq Qərb dövlətlərinin Osmanlı imperiyasına qarşı çıxışlarının ilhamvericisi sayılırdı (320, 2). Karmelitlər və onların Səfəvi imperiyası ərazisindəki fəaliyyəti barədə «Karmelitlərin salnaməsi» adlı mənbədə geniş məlumat almaq mümkündür. Həmin mənbədə naməlum müəllif birtərəfli qaydada göstərir ki, guya onların şərqdə meydana çıxmasına başlıca səbəb Şah I Abbasın istəyi idi, Səfəvi şahı avropalılarla Osmanı türklərinə qarşı ittifaqa can atırdı. Həmin müəllif öz fikrini təsdiq etmək üçün Şah I Abbasın Roma papasına göndərdiyi səfirlərin adlarını sadalayır və göstərir ki, bu yardım sayəsində öz ordusunu təkmilləşdimiş, Avropa ilə əlaqələrini daha da gücləndirmək istəyən Şah I Abbas 1599-cu ildə Səfəvi imperiyasının ərazisində xristianlığın təbliğinə icazə verdi, VIII Klementə müraciət etdi ki, Səfəvi dövlətinin ərazisinə özünün daimi səfirliyni göndərsin. Onun bu müraciəti Papa tərəfindən məmnuniyyətlə qarşılandı və 1604-cü ilin 4 iyulunda İsfahan şəhərinə karmelit ordeninin bir dəstə ayaqyalın rahibi göndərildi. Göndərilən ilk karmelitlər (Taddeus, Simon və Vinçent) indiki Rusiya ərazilərindən keçdilər, Səfəvi dövlətinin paytaxtına 1607-ci ilin sentyabrının əvvəlində gəlib çatdılar. İsfahanda Şah I Abbasın əmri ilə onlara çox gözəl bir daimi qərargah verildi. Bu barədə rahib Faustin ordenin katibinə belə hesabat vermişdi:" Əziz qardaş, mənə inan. Bizə elə bir qərargah verilmişdir ki, Avropadakı monastrların heç yarısı buna tay ola bilməz" (290, 94-95). İsfahanda yerləşən monastr karmelitlərin bu imperiyadakı mərkəzinə çevrildi. Avropadan gəlmiş rahiblərin hesabına Səfəvi dövlətinn ərazisində onların böyük şəbəkəsi yarandı. Təbiidir ki, karmelitlərin Səfəvi imperiyasının ərazisinə göndərilməsində başlıca rolu Roma Papası oynamışdı. Papalıq Səfəvi imperiyasının gücündən istifadə etməklə Osmanlı imperiyasını sıradan çıxarmaq və Avropanı onun təhlükəsindən xilas etmək istəyirdi. «Karmelitlərin salnaməsi»ndə bu məsələ birtərəfli şəkildə təqdim olunur, lakin mətnlərdən aydın olur ki, Papalıq Şah I Abbasa böyük ümidlər bəsləyirdi.

XVI əsrin sonlarına doğru fəal xarici siyasət yeridən Şah I Abbas Səfəvi imperiyasının dirçəldilməsi üçün qarşısında üç başlıca vəzifə qoymuşdu. O, həmin vəzifələrin hamısını yerinə yetirdi: 1) Şeybanilər dövləti məğlub edildi və Xorasan geri alındı; 2)1578-1590-cı illərin müharibəsi nəticəsində Osmanlı imperiyası tərəfindən ələ keçirilmiş Səfəvi torpaqları geri qaytarıldı; 3) İran körfəzində Portuqaliyanın hökmranlığına son qoyuldu. Səfəvilərin Hind okeanına çıxışı təmin olundu. Bu problemə xüsusi diqqət yetirmiş Y.Mahmudov Şah I Abbasın uzaqgörən bir dövlət başçısı olduğunu tutarlı dəlillərlə təsdiqləyir. 1599-cu il iyulun 27-də Şeybanilər dövlətini məğlub etmiş, Xorasanı yenidən Səfəvi ərazilərinə qatmış Şah I Abbas ikinci vəzifəni həyata keçirmək üçün böyük xarici siyasət strategiyasını reallaşdırmağa başladı. Onun başlıca məqsədi qarşıdakı müharibədə Osmanlı imperiyasını məğlub etmək idi. Orta əsr üzrə tədqiqatçılar bir fikirdə həmrəydirlər ki, Uzun Həsəndən sonra Ağqoyunlu və Səfəvi imperiyalarının bütün tarixi ərzində Qərbi Avropa ölkələri ilə ən geniş əlaqələr Şah I Abbasın hakimiyyəti illərində qurulmuşdu. Monqolların və Teymurilərin dövründə olduğu kimi, Şah I Abbasın sarayına Avropa ölkələrinin səfirləri tez-tez gəlirdilər (26, 204; 336, 60-61). Şah I Abbasın dövründə səfəvilərin Avropada diplomatik fəaliyyəti Osmanlı dövləti əleyhinə ittifaqın yaradılmasına və Osmanlı imperiyası ilə mübarizədə yardım almağa nail olmağa yönəlmişdi (304, 44). Səfəvi sarayının səfirləri məhz bu məqsədlə İngiltərəyə, Hollandiyaya, Fransaya, İspaniyaya və Avropanın digər ölkələrinə göndərilmişdilər (376, 324; 386, 25). Səfəvilərin qüdrətinin artması Avropa dövlətlərini onunla canlı siyasi və ticari münasibətlərinə sövq edirdi. Portuqaliya kralı öz səfirini məhz bu məqsədlə Səfəvi sarayına göndərdi. Bu dövrdə Hollandiyadan və İngiltərədən zərbələr almış, qüdrəti zəifləmiş Portuqaliya bütün gücü ilə rəqiblərinin İran körfəzində görünmələrinə mane olmağa çalışırdı. Problemin həllində isə portuqallar Səfəvi sarayının köməyinə ümid bəsləyirdilər. Şah I Abbas sarayını İspaniyanın səfirləri daha çox ziyarət edirdilər. Beləliklə, Şah I Abbasın dövründə osmanlılara qarşı səfəvilərdən istifadə etmək meyli avropalıların xarici siyasətində aparıcı yer tuturdu. Təqribən bir əsrdən artıq idi ki, səfəvilər avropalıların osmanlılardan qorunmasında həlledici rol oynayırdılar. Ona görə də Avropa dövlətləri, Moskva knyazlığı Səfəvi dövlətinin möhkəmlənməsində maraqlı idilər. Avropanın digər dövlətləri (İngiltərə, Hollandiya və Fransa) Osmanlı və Portuqaliya tacirlərinin vasitəçiliyndən yan keçərək Səfəvi dövləti ilə birbaşa ticarət əlaqələrində maraqlı idilər. XVI əsrin sonlarında - XVII əsrin əvvəllərində həmin ölkələrdə Ost-Hind şirkətlərinin yaradılması bu dövlətlərin Portuqaliyanın İran körfəzində və Hindistanda ədviyyat üzərindəki inhisarına qarşı çıxması idi. Bu məqsədlə onlar Səfəvi imperiyasına öz səfirlərini göndərirdilər (304, 44-45; 332, 150-164; 356, 192-202; 386, 25; 336, 60-61; 339, 96). Səfəvi sarayı ilə əlaqələrdə İngiltərə xüsusilə fəal idi. İngiltərə sənaye və ticarət burjuaziyası üçün başlıca məsələlərdən biri də Portuqaliya, İspaniya, Hollandiya, Fransa ilə rəqabət aparmaqla yanaşı, dənizsahili ölkələrə çıxış əldə etmək idi. Təbiidir ki, bunun üçün yeni dəniz ticarət yollarına yiyələnmək lazım gəlirdi. Çünki köhnə ticarət yolları ya Osmanlı imperiyasının, ya da ərəblərin nəzarəti altında idi. Qüdrətini artırmaqda olan ingilis burjuaziyasının arzusu tezliklə yerinə yetdi. Şərqi Hindistanda ticarət, müstəmləkə ekspansiyası başlandı, bunun nəticəsində isə İngiltərədə kapitalist münasibətləri təşəkkül tapdı. 1599-cu ilin 25 sentyabrında Şərqi Hindistanda ticarət əlaqələri qurmaq istəyənlər Gizli Şura vasitəsilə kraliçaya ərizə təqdim etdilər. 1599-cu ilin 22 sentyabrında isə Londonda, Faunder-hollda yığışmış 101 nəfər Şərqi Hindistana səyahət etmək üçün sənəd imzaladı. 1600-cü ildə Hollandiya ədviyyat bazarını inhisara almaq məqsədilə istiotun qiymətini artırdı. Bu isə yaradılmış şirkətə xartiya təqdim etməklə İngiltərə hökuməti tərəfindən onun rəsmi tanınmasını sürətləndirdi (259, 5-10). Ost-Hind şirkətinin yaradılması İran körfəzində ticarət inhisarını əldə etmək uğrunda ingilis-portuqal rəqabətini gücləndirdi. İlkin mərhələdə Portuqaliya inhisarına qarşı birgə çıxış edən ingilis-holland birliyi İran körfəzindən Portuqaliyanı tamamilə sıxışdırıb çıxarmaq istəyirdi. Bununla da həmin şirkətlərin zəngin sərvətli Səfəvi dövləti ərazilərinə və Hindistan ədviyyatına birbaşa çıxışı təmin edilirdi (374, c.1, 94-140; 367, 128-143; 384, c.4, 172-196). Yaranmış vəziyyət səfəvilər üçün əlverişli idi və Səfəvi dövləti tarixində özünün rasional və ardıcıl siyasəti ilə seçilən Şah I Abbas bu vəziyyətdən istifadə etməyə başladı. Osmanlı imperiyası ilə müharibədə yaranmış fasilədən bəhrələnən Şah I Abbas özünün 3-cü məqsədinin (İran körfəzindən portuqalları sıxışdırıb çıxarmaq) gerçəkləşdirilməsinə başladı və bununla da Səfəvi dövlətinin ticarət blokadası vəziyyətindən çıxarılmasına qərar verdi. Bu vaxta qədər Səfəvi dövlətinin Avropa ilə ticarət əlaqələri Osmanlı imperiyası əraziləri ilə (Təbriz-Trabzon-Bağdad-Hələb) həyata keçirilirdi. Təbiidir ki, Səfəvi dövləti ilə Osmanlı imperiyası arasında baş verən uzunmüddətli müharibələrin kökündə ticarət yollarına sahib olmaq istəyi əsas yer tuturdu. XVI əsrin sonlarında - XVII əsrin əvvəllərində Azərbaycanda ticarət yüksək sürətlə inkişaf edir və bunun nəticəsində şəhər həyatı yenidən canlanırdı. Həmin dövrdə yalnız Azərbaycanda 50-dən artıq şəhər var idi. Şəhər əhalisinin əksəriyyəti sənətkarlardan və tacirlərdən ibarət idi. Sənətkarlıq və ticarətlə yalnız şəhərlər deyil, xeyli qəsəbə və kənd də məşğul idi. Ticarətin və sənətkarlığın, əmtəə-pul münasibətlərinin inkişafı bu sahə ilə məşğul olanları əsasən beynəlxalq, qismən isə yerli bazara ünvanlanan məhsulları istehsal etməyə məcbur edirdi. Bu tələbatı ödəmək üçün ən yaxşı təsisat «karxana» idi. Şah I Abbasın apardığı mərkəzləşdirmə siyasəti öz əksini həm də onda tapdı ki, şəhərlərdə iri sənətkarlıq mərkəzləri olan «karxanalar» və ticarət-sənətkarlıq birlikləri yarandı. Həmin karxanaların və birliklərin fəaliyyəti xarici bazarla əlaqədar idi. Bu isə həmin birliklərin inkişafına müsbət təsir göstərirdi. Böyük həcmdə sərmayəyə malik olan ayrı-ayrı feodallar artıq mövcud gəlirlərlə kifayətlənmir və sənətkarlıq mərkəzləri, karvansaraları olan böyük bazarlar tikdirirdilər. Jan Şardenin buna dair məlumatları qiymətlidir. O, göstərir ki, Səfəvi şahının və ayrı-ayrı feodalların şəxsi karxanaları var idi ki, orada ticarət üçün lazım olan bütün məhsullar istehsal olunurdu. Bunlar çox böyük sənətkarlıq mərkəzləri idi və Fransada olan Luvr qalereyasını xatırladırdı. Digər fransız səyyahı Jan Tavernyenin məlumatlarına görə, həmin mərkəzlərdə daha çox qızıl və gümüşlə naxışlanan xalçalar, qızıl saplar, məxmər, tafta və ipək parçalar istehsal olunurdu. Fərdi fəaliyyət göstərən sənətkarlar isə yaraq-əsləhə, kaman, ox və digər silah növləri istehsal edirdilər. Mənbələrin verdiyi məlumatalra görə, XVII əsrdə bu cür böyük sənətkarlıq mərkəzləri Təbrizdə, Ərdəbildə, Şamaxıda, başqa iri və orta səviyyəli şəhərlərdə var idi (282, 128; 194, 128-129; 361, 49; 193, 90-91). Ticarət yollarındakı çətinliklərə və təhlükələrə baxmayaraq, həmin dövrdə Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Yeni Culfa və digər Azərbaycan şəhərlərinin tacirlərini Asiya və Avropanın bütün ölkələrində görmək mümkün idi. Səfəvi dövlətinin ərazilərinə xeyli əcnəbi tacir gəlirdi (194, 66-67). Onlara yerli tacirlərin malik olduqları hüquqlar verilirdi. Bu məsələyə diqqət yetirmiş A.Oleari Azərbaycanda olan əcnəbi tacirlərin malik olduqları hüquqları Moskva knyazlığında olan vəziyyətlə müqayisə edərək yazırdı ki, "Moskva çarlığında əcnəbi tacirlərin giriş və çıxışı çar hakimiyyəti tərəfindən nizamlanır. Səfəvi dövləti ərazilərində isə ticarət yolları bütün əcnəbi tacirlərin üzünə açıqdır: onlar heç bir maneə olmadan bu dövlətə öz əmtəələrini gətirə və bu dövlətdən yerli məhsulları apara bilərlər. Bunun üçün sadəcə olaraq vergi ödəmək lazımdır" (257, 791). Osmanlı imperiyasına qarşı iqtisadi və siyasi amilləri nəzərə alan Səfəvi şahı XVI əsrin sonlarında - XVII əsrin əvvəllərində Avropa dövlətləri və Moskva knyazlığı ilə intensiv danışıqlar aparırdı. Bu məqsədlə Qərbi Avropaya Hüseynəli bəyin rəhbərliyi altında səfirlik göndərildi. Bu addımın əsas məqsədi Osmanlı dövlətinə qarşı müharibədə Avropa dövlətlərinin dəstəyinə nail olmaq idi. 1598-ci ildə Qəzvinə - Şah I Abbasın sarayına Antoni və Robert Şerli qardaşlarının rəhbərlyi altında 27 ingilisdən ibarət dəstə gəldi (190, 14; 360, 79-82). Onlar texnika sahəsində Şah I Abbasa ingilislərin yardımını təklif etdilər. Həmin ingilislər Şah I Abbasın etimadını qazanmaq üçün bütün vasitələrdən istifadə etdilər. Antoni Şerli ilə görüşən Şah I Abbas hərbi və ticarət planlarını həyata keçirmək üçün onlardan istifadə etməyi qərara aldı. Bunun müqabilində Şah I Abbas Avropa tacirlərinə böyük güzəştlər verdi. Həmin güzəştlər şahın xüsusi fərmanı ilə təsdiq edildi (194, 14; 190, 14). İngilis tarixçisi P.Sayks göstərir ki, Şah I Abbas ingilislərlə görüş zamanı onlara bildirmişdi ki, Səfəvi dövləti ilə ticarət etmək istəyən xristian tacirlərə ən münasib güzəştlər veriləcək (359, 177). Şah I Abbasın əcnəbi tacirlərlə bağlı verdiyi fərmanda deyilir ki, bütün «xristianlara» (əcnəbi tacirlərə) Səfəvi dövləti ərazilərində və ona tabe olan ölkələrdə gömrük rüsumu vermədən ticarət etmək hüququ və dini azadlıqlar verilir. Şah özünün şərq ticarətində birinciliyini bərpa etmək istəyən Venesiya tacirlərinə də belə bir hüquq verdi (322, 123). Səfəvi şahları Venesiya ilə ticarətə mühüm əhəmiyyət verirdilər. Bütün Səfəvi şahları, o cümlədən Şah I Abbas Ağqoyunlu hökmdarı Həsən padişah dövründən Venesiya ilə yaranmış ənənəvi ticari, siyasi əlaqələri genişləndirmək istəyirdilər. Bu, Şah I Abbasın XVI əsrin 80-90-cı illərində Venesiya dojuna göndərdiyi məktublardan da görünür. Hicri tarixi ilə 999-cu ildə (1590/91-ci il) yazılmış məktubda ənənəvi, səmimi arzular bildirildikdən sonra şah bir müddət bundan əvvəl bəzi məhsullar alıb gətirmək üçün Venesiyaya göndərdiyi ticarət nümayəndəsi Hacı Fəthidən bəhs edir. Məktubda qeyd olunur ki, Hacı Fəthi Osmanlı imperiyası ərazilərinə daxil olduqdan sonra apardığı malları geri qaytarmışdır. Çünki həmin dövrdə osmanlılarla səfəvilər arasındakı münasibətlər daha da kəskinləşmişdi. Daha sonra şah qeyd edir ki, özünün himayəsində olan tacir Xoca Səfəri Culfadan göndərir ki, həmin məhsulları siyahı əsasında geri alsın. Lakin həmin ildə doja göndərilmiş digər məktubdan aydın olur ki, İstanbulda şah tacirlərinin əmtəələri müsadirə edilirmiş. Venesiyada qalmış bəzi əmtəələri geri almaq üçün Culfadan şahın himayəsində olan daha bir tacir göndərilmişdi (194, 68). Göründüyü kimi, Şah I Abbas Venesiya ilə ənənəvi ticarət əlaqələrinin canlandırılmasında maraqlı idi. Məhz buna görə də 1599-cu ildə ingilis elçisi Antoni Şerli və Hüseynəli bəy Bayatın başçılığı ilə Avropaya göndərilmiş nümayəndə heyəti Venesiyada da danışıqlar aparmalı idi. İran tarixçisi N.Fəlsəfinin fikrincə, bu, Şah I Abbas tərəfindən Venesiyaya göndərilmiş ilk diplomatik heyət idi. Ümumiyyətlə, Səfəvil dövləti iə Venesiya arasındakı diplomatik münasibətlər tarixi iki dövrə bölünür. Bu məsələyə toxunmuş İtaliya tarixçisi Giorgio Rota göstərir ki, həmin münasibətlərin XVI əsrə qədər davam etmiş birinci dövründə hər iki dövlət bir-birini osmanlılara qarşı müttəfiq kimi görməkdə idi. Bu dövrdə hər iki dövlət arasında diplomatik mübadilələr olmuşdur. Lakin bu dövlətlərin hər birində Osmanlı imperiyasına qarşı birgə döyüşə uyğun ola biləcək şərtlər heç bir zaman eyni vaxtda meydana çıxmadı. Buna görə də həmin dövlətlərin ittifaqı baş tutmadı. Həmin münasibətlərin ikinci dövrünə isə XVI əsrin sonu - XVII əsr daxildir. Bu dövrdə Venesiyaya göndərilmiş Səfəvi təmsilçiləri şah adından bu şəhərdə ticarət etməli olacaq tacirlər idilər. Şah onlar vasitəsilə Venesiya Respublikasına olan səmimi dostluq hisslərini ifadə edən məktublar da göndərmək yolunu seçmişdi. Həmin məktubları bizə təqdim edənlərdən biri - Bershet onları daha çox siyasiləşdirir. Əslində, Venesiyaya həmin dövrdə göndərilən şəxslər yanlarında əmtəələr, yaxud hədiyyələr aparan səfirlər deyildilər. Bershetdən öncəki və sonrakı başqa tədqiqatçıların bizə çatdırdıqlarından aydın olur ki, həmin dövrdə Venesiya Respublikasına göndərilmiş Fəthi bəy orada müəyyən siyasi görüş keçirməmişdi. Bu məsələyə münasibət bildirmiş İran tarixçisi N.Fəlsəfi də eyni ifadələri işlədir və bildirir ki, Şah I Abbasın dövründə Səfəvi-Venesiya münasibətləri daha çox ticari və iqtisadi mahiyyət daşımışdır (33, 190; 72, c.6, 903). Şah I Abbasın Venesiyaya göndərdiyi məktublardan aydın olur ki, həmin dövrdə Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasında münasibətlər ciddi şəkildə kəsinləşmişdi. Çunki Osmanlı sultanı Şah I Abbasın Osmanlı iqtisadi həyatına zərbə vurmaq istəklərindən xəbərdar idi. Hərbi-strateji məqsədlərini həyata keçirən Şah I Abbas osmanlıların ticarətinə zərbə vurmaq üçün Səfəvi imperiyası ərazisində ticarətin mərkəzini, xüsusilə ipək ticarətini İsfahana keçirmək məqsədini güdürdü. Bu məqsədlə o, dövlətin tacirlərinin əksəriyyətini İsfahana və onun ətrafına köçürürdü. Təbiidir ki, dövlətin paytaxtının İsfahana köçrülməsi zamanı (375, c.2, 325) təhlükəsizlik məsələləri və İsfahanın İran körfəzinə yaxınlığı nəzərə alınmış5dı. Vaxtilə Şah I Təhmasib də imperiyanın paytaxtını Təbrizdən Qəzvinə göçürmüşdü. Bu köçürülmədə paytaxtın təhlükəsizliyi məsələsi mühüm rol oynamışdı. Çünki Təbriz Osmanlı imperiyasının sərhədlərinə çox yaxın bir şəhər idi. Qəzvin isə Təbrizdən quş uçuşu ilə 360 km cənub-şərqdə idi. Qəzvin şəhərinin osmanlılar tərəfindən işğalı asan məsələ deyildi. Şah I Abbas da paytaxtı İsfahana köçürərkən həm bu məsələni, həm də iqtisadi amili ciddi surətdə nəzərə almışdı. Lakin buna baxmyayraq, həm Şah I Təhmasib, həm də Şah I Abbas dövründə Təbriz şəhəri Səfəvi imperiyasının ən böyük mərkəzi mövqeyini qoruyub saxlamışdı. Azərbaycan bu imperiya tərkibində ən mühüm vilayət olaraq qalırdı. Azərbaycanın hakimi həm də bütün Səfəvi ordusunun baş komandanı idi. Türk dili orduda və şah sarayında aparıcı mövqe tuturdu. Səfəvi şahları və onların əhatəsində olan əyanlar sülalənin hakimiyyətinin sonunadək türk dilində danışırdılar (116, c.6, 144; 15, 116). Fransız səyyahı Pyer Davitin XVII əsrin əvvəllərinə dair məlumatları çox maraqlıdır. Həmin səyyah bu dövrdə Təbrizlə bağlı qeydlərində göstərir ki, «bu şəhərdə çoxlu qızıl mahud, bahalı ipək və müxtəlif çeşiddə parçalar istehsal olunduğu üçün buraya Hindistandan, Baldax və ya Bağdaddan, Moxul və ya Mosuldan tacirlər gəlirlər. Bu şəhər həmçinin qiymətli daş-qaşlar məskənidir və xarici tacirlər bundan böyük qazanc əldə edib varlanırlar. Təbrizə başqa yerlərdən də mallar-ravənd, müşk, göydaş, Hörmüz mirvarisi, hər cür ədviyyatlar, mahud, hər növ qətran gətirilir. Amma Suriyaya, Avropaya aparılan mallar-mahud, qırmızı ipək əsasən Təbrizin özündə istehsal olunur» (32, 19-20). Şah I Abbasın ən böyük məqsədlərindən biri ənənəvi ipək ticarəti yolunun istiqamətini dəyişdirmək idi. Bununla da o, ipək ticarətinə nəzarəti Osmanlı imperiyasının və onun məmurlarının nəzarətindən çıxarmaq istəyirdi. Qeyd edək ki, bu yoldan yəni, Hələbdən və İstanbuldan Avropaya yönələn ipək ticarəti yolundan daşınan məhsullardan Osmanlı məmurları böyük həcmdə rüsumlar alır, bəzən isə Səfəvi tacirlərinin əmtəələrini müsadirə və ya qarət edirdilər. Onlar hətta Avropa ölkələri ilə geniş ticarət aparan şah kontragentlərinin əmtəələrini də müsadirə və ya qarət etməkdən çəkinmirdilər. Bu problem xüsusilə Şah I Abbas dövründə daha da ciddiləşmişdi. Bu da onun Osmanlı imperiyasına qarşı yürütdüyü fəal, çevik siyasətindən irəli gəlirdi. Məsələn, bir məlumatda deyilir ki, Vanın hakimi Əhməd paşa 1602-ci ildə Xassey-i Şərifin tacirlərindən birinin əmtəələrinə tamah salaraq onu öldürmüş, Xassey-i Şərifin (şahın şəxsi əmtəələrini daşıyan tacirin) şəxsi əmtəələrinə sahib olmuşdu. "Tarix-i aləmara-yi Abbasi"də bununla əlaqədar xeyli misallar vardır. Məsələn, Şirvan Osmanlı imperiyasının nəzarəti altına keçdikdən sonra Səfəvi şahının qul və ov quşları almaq üçün indiki Dağıstan ərazilərinə getmiş mülazimləri osmanlılar tərəfindən tutulmuş və onların əmlakları qarət edilmişdi (386, 440). Osmanlı imperiyası ərazilərindən keçən ticarət yollarında bu vəziyyət illərlə davam edirdi. İsgəndər Münşi əsərinin digər bir yerində qeyd edir ki, Osmanlı imperiyasının sərhəd vilayətinin hakimi Abaza-Paşa Rum (Türkiyə) torpaqlarından çoxlu məhsullarla geri qayıdan Əcəm (Səfəvi) tacirlərini tutmuş, acgözlükdən özünü saxlaya bilməyərək həmin bədbəxt tacirlərin bütün əmlaklarını mənimsəmişdi (383, 725). Baş vermiş bu hadisələr Səfəvi imperiyasıının iqtisadiyyatına ciddi zərbələr vururdu. Həmin problemləri həll etməyə çalışan Şah I Abbas isə bütün diqqətini xarici ölkələrlə ticarət əlaqələrinə yönəltmişdi və Səfəvil dövlətinin iqtisadi blokadasını aradan qaldırmağa çalışırdı. Bu münasibətlər Səfəvi imperiyası ilə Osmanlı imperiyası arasında qərarlaşmış sülh şəraiti zamanında (1590-1603-cü illər) daha da kəskinləşdi. Onu da xüsusilə qeyd etmək vacibdir ki, XVI əsrin sonlarında Avropa dövlətlərinin Səfəvi imperiyası ərazilərində satış bazarı uğrunda başlanmış mübarizəsi XVII əsrin əvvəllərində daha da gücləndi. Hollandiya, Venesiya, Portuqaliya və İngiltərə sərmayəsinin şərq bazarı uğrunda mübarizəsi onunla nəticələndi ki, Venesiya sərmayəsi arxa plana keçdi. Məlumdur ki, Venesiyanın iqtisadi həyatı ticarət sərmayəsinə əsaslanırdı və bu ticarətin həcminin artımı Şərq və Avropa ölkələri arasındakı ticarətdə vasitəçilikdən xeyli dərəcədə asılı idi. XVII əsrin əvvəllərindən Şərqdə satış bazarlarında təsir dairəsi uğrunda mübarizə Avropanın üç dövləti-İngiltərə, Portuqaliya və Hollandiya arasında davam edirdi. XVI əsrin II yarısında–XVII əsr boyunca Qərbi və Şərqi Avropanın inkişaf istiqamətlərinin bir–birindən kəskin şəkildə fərqlənməyə başlaması bunun ən böyük səbəblərindən biri idi. Avropanın qabaqcıl ölkələrində (xüsusilə Hollandiyada və İngiltərədə) kapitalist manufakturaları inkişaf edir, yeni şəhərlər yaranır, gəmiçilikdə və dənizçilikdə böyük uğurlar əldə edilir, ilkin kapital yığımı prosesi baş verirdi. Hollandiya ticarət sərmayəsi də yaranmış vəziyyətdə rəqabətə davam gətirmək üçün 1602-ci ildə vahid «Ost-Hind şirkəti» adı altında birləşdi. Bu şirkət təxminən 20 il ərzində İran körfəzində demək olar ki, bütün ticarət sahələrində inhisarçı mövqeyini əlində saxladı. Məhz bu dövrdə qarşısına mühüm strateji məqsədlər qoymuş ingilis ticarət sərmayəsi yaranmış uğurlu vəziyyətdən çıxış edib, Şah I Abbasın onlara xoş münasibətindən istifadə etməklə həmin mövqeyi ələ keçirməyə çalışdı. Ost-Hind şirkətinin səfəvilərlə yaratdığı əlaqəyə qədər ingilis-Səfəvi ticarəti başlıca olaraq İngilis-Osmanlı şirkəti tərəfindən həyata keçirilirdi. Bu zaman ingilis əmtəələri və səfəvilərin onlara göndərdiyi məhsullar Osmanlı dövlətinin yüksək məbləğdə gömrük rüsumları ilə üzləşirdi. Buna görə də Osmanlı şəhərlərində xam ipək Səfəvi dövlətinin ərazilərinə nisbətən çox baha idi. İngilis Ost-Hind şirkətinin işçisi Riçard Stilin verdiyi məlumatlara görə, XVII əsrin 18-20-ci illərində xam ipək Səfəvi dövlətinin ərazilərində Hələbdə satılan ipəkdən 50% ucuz idi (194, 68-69; 270, 13; 209, 69; 378, 197).

Avropa dövlətləri ilə münasibətlərini lazımi məcraya yönəltməyə bacaran Şah I Abbas İran körfəzini portqullardan geri almaq məqamının yetişdiyini qət etdi. Şah I Abbas portuqalların İran körfəzindəki iştirakından və onların müsəlmanlara qarşı tətbiq etdikləri zülmdən narahat idi və körfəzin tezliklə geri qaytarılmasını vacib hesab edirdi. Bu, onun üçün digər bir arzusunu da həyata keçirmək (yəni, bahalı Azərbaycan ipəyini İran körfəzi ilə Avropaya çıxarmaq) baxımından vacib idi. Orta əsr mənbələrindən məlum olur ki, Şah I Abbas əzm və iradə sahibi, fəal və ağıllı bir hökmdar, mahir bir siyasi xadim idi. O, qarşısına qoyduğu hər bir problemi həll edə bilirdi. Şübhəsizdir ki, Şah I Abbasın 40 ildən artıq davam etmiş hakimiyyəti monqol hökmranlığı dövründən bəri Azərbaycanda mövcud olmuş bütün hakimiyyətlərin ən səmərəlisi idi (93, c.5, 115; 254, 394-395).



XVI əsrin sonunda-XVII əsrin əvvəllərində Səfəvi imperiyasının başlıca ixrac məhsulu yenə də ipək idi. Avropada ipəyə olan tələbat bu sahədə Şah I Abbası daha çevik tədbirlər görməyə məcbur edirdi. Yalnız onu demək kifayətdir ki, bu dövrdə özünün yüksək inkişaf mərhələsini yaşayan İngiltərədə (XVI əsrin 90-cı illərində) böyük miqdarda ipək tələb olunurdu. XVII əsrin 20-ci illərində isə ipək İngiltərənin ən böyük idxal məhsuluna çevrildi. 1617-də ingilis ipəktoxuma sənayesinin illik ehtiyacı təxminən 300-600 tay xam ipək idi. Bu mənada digər bir Avropa dövlətinin - Hollandiyanın sənayesinin xam ipəyə olan illik tələbatı 1200 tay idi. İngilislər və hollandlar bu dövrdə artıq Venesiyanın və Genuyanın yerini tutmaqda idilər. XVII yüzilliyin ortalarına doğru ipək artıq idxal olunan məhsullar içərisində ən qiymətlisi olmuşdu. Yüksək dəyəri olan ipək karvanları isə Səfəvi dövlətinin ərazisindən Osmanlı imperiyasına daxil olur, oradan isə Avropya üz tuturdu. Osmanlı imperiyasına gətirilən ipəyin az bir qismi orada saxlanılır, böyük əksəryyəti isə Avropaya aparılırdı. Osmanlılar da bundan böyük gəlir əldə edirdilər. 1600-cü ildə Hələb ən önəmli ipək ixracatı bazarına çevrildi. Venesiya tacirləri Səfəvi və Suriya xam ipəyinin yarısını (ildə təxminən 140 ton, pulla dəyəri təxminən, 1,5 milyon dukat) burada alırdılar. İpəyin digər yarısı isə başqa Avropa ölkələrinə daşınırdı. İpəyin XVII əsrin əvvəllərində Avropa sənayesi üçün əhəmiyyətini göstərmək üçün aşağıdakı rəqəmlərə nəzər salaq. XVII əsrin 30-cu illərində Avropanın illik Səfəvi ipəyinə olan ehtiyacı təxminən belə idi: Marsilya-300 tay, Venesiya 1500 tay, İngiltərə-600 tay, Hollandiya-500 tay, Genuya, Lukka, Messina və Florensiya-400 tay. Ümumi rəqəm 6000 tayı əks etdirir. Bu rəqəmlər Səfəvi dövlətinin Avropanın bəzi dövlətlərinin həyatında oynadığı iqtisadi rolu əyani şəkildə göstərir. İpəkdən 0smanlı xəzinəsinə daxil olan gəlirləri təsəvvür etmək üçün yalnız onu göstərmək kifayətdir ki, Hələb şəhərindən Osmanlı xəzinəsinə ildə 300.000 dukat gömrük gəlirləri daxil olurdu. Hər il Suriyadan İstanbula göndərilən 460.000 dukat maliyyə vəsaitinin böyük qismi Hələb gömrüyündən daxil olurdu. Hətta Osmanlı-Səfəvi müharibələri zamanı da Hələbdən daxil olan gömrük gəlirləri o qədər də aşağı düşməmiş və ildə 200.000 dukat təşkil etmişdir. Lakin buna baxmayaraq, bu dövrdə də Osmanlı dövlətinin ərazilərinə daxil olan Səfəvi ticarət karvanlarının təhlükəsizliyi təmin edilmirdi. Buna görə də həm Osmanlı iqtisadiyyatını çökdürmək, həm də Azərbaycan və İran ipəyini əlverişli yolla Avropaya çıxarmaq məqsədlərini qarşısına qoymuş Şah I Abbas ənənəvi ticarət yolu ilə ipək ixracının qarşısını aldı (92, c.1, 18-19; 88, c.1, 299-301).

Səfəvi dövlətinin ərazilərindən Anadoluya daxil olan ipək əsasən Mazandaran, Gilan və Şirvan ərazilərindən toplanırdı. Hər bir karvan 300-400 baş yük heyvanından ibarət olurdu. Onlar da orta hesabla 200 yükə qədər ipək daşıyırdı (bir yük təxminən 154 kq idi). İpək ticarəti hər iki türk dövlətinin həyati məsələsi olmuşdu. Bu ticarət Osmanlı xəzinəsinə ildə 70.000 altun miqdarında gəlir gətirirdi (94, c.22, 363). Məhz buna görə də XVI əsrin sonlarında-XVII əsrin əvvəllərində baş vermiş Osmanlı-Səfəvi müharibələrinin səbəblərinin mərkəzində beynəlxalq ticarət yolları üzərində nəzarət dayanırdı. Bu problem Şah I Abbas dövründə daha kəskin səciyyə aldı. Öz dövlətinin hərbi-siyasi və iqtisadi qüdrətinin gücləndirilməsində ciddi nailiyyətlər əldə etmiş Şah I Abbas itirilmiş ərazilərin geri qaytarılmasını qarşısına ümdə vəzifə kimi qoydu. 1602-1603-cü illərdə Şah I Abbas Avropa dövlətlərinin etirazlarına baxmayaraq, hərbi yürüşə başladı. Səfəvi dövlətinin tarixi ərazilərini qaytarmaq istiqamətində xeyli uğur qazandı (294, c.2, 3; 357, 30). Şah I Abbasın islahatları nəticəsində güclənmiş Səfəvi imperiyası 1603-1612-ci illər müharibəsində Osmanlı dövlətinə ağır zərbələr vurdu. Səfəvi-Osmanlı müharibələri tarixində ilk dəfə olaraq təşəbbüs səfəvilərin əlinə keçdi. Osmanlı imperiyası 1578-1590-cı illər Səfəvi-Osmanlı müharibələri nəticəsində ələ keçirdiyi ərazilərdən məhrum oldu. Bununla Osmanlı sultanlarının Səfəvi imperiyasını məğlub etmək, Cənubi Qafqaz ərazisini, o cümlədən Azərbaycanı ələ keçirmək, Xəzər dənizi hövzəsində və İran körfəzində möhkəmlənmək siyasəti qəti olaraq iflasa uğradı (26, 221). 1612-ci ilin 17 oktyabrında (1021 h. 21 şaban) İstanbulda imzalanmış müqaviləyə görə, Sultan Şah I Abbasın şərtlərini qəbul etdi: 1555-ci ilin Osmanlı-Səfəvi müqaviləsinin şərtləri yenidən bərpa edilirdi. Bu məsələyə toxunmuş Türkiyə tarixçiləri göstərirlər ki, Səfəvi tərəfi həm də öhdəlik götürürdü ki, hər il Osmanlı Türkiyəsinə 200 yük ipək verəcək (282, 118). Əsərlərində həmin məsələyə diqqət yetirmiş Gürcüstan tədqiqatçısı M.X.Svanidze də 200 yük rəqəmini təsdiqləyir (287, 186). Lakin İsgəndər bəy Münşi bu fakt barədə məlumat vermir. Ehtimal etmək olar ki, həmin danışıqlarda bu cür razılıq həqiqətən olmuşdur. Çünki Osmanlı imperiyasının Səfəvi ipəyinə böyük ehtiyacı var idi. Səfəvilərin başlıca ixrac məhsulu olan ipək karvanlarla Toqata və Hələbə göndərilirdi. Osmanlı dövlətinə gətirilən ipəyin böyük bir qismi də Hələbdən Avropaya aparılırdı. Yəni, Səfəvi ipəyi Osmanlı-Avropa münasibətlərində mühüm rol oynayırdı. Bu məsələdə Osmanlı tarixçilərinin istinad etdikləri cəhət həm də ondan ibarətdir ki, Şah I Abbas dövründə Səfəvi şahları da Osmanlı dövlətinin ərazisinə Avropadan gətirilən məhsulları almaqda maraqlı idilər. Osmanlı imperiyası ərazilərindən gətirilən məhsullar içərsində Səfəvi sarayının misə xüsusilə böyük ehtiyacı var idi. Səfəvilər misdən top düzətmədə, digər əsləhə hazırlanmasında istifadə edirdilər. Buna görə də Şah I Abbas Osmanlı imperiyası ilə ticarəti tamamilə kəsə bilməzdi (90, c.1, 18-19). Görünür, Türkiyə tarixçiləri də buna istinad etmişlər. Əslində, osmanlılara ildə 200 yük ipək təzminatı məsələsi 1590-cı il müqaviləsində öz əksini tapmışdı ki, bu şərt daha sonra 100 yükə endirilmişdi (94, c.22, 363). Təbiidir ki, Osmanlı tərəfi bu maddənin 1612-ci ildə imzalanan müqavilədə əksini tapmasını istəyirdi. Lakin məsələ ondadır ki, həmin «təzminat problemi» Şah I Abbasın dövrünə aid olan ən dəyərli mənbədə - "Tarix-i aləmara-yi Abbasi"də öz əksini tapmır. Görünür, Türkiyə tarixçiləri bu məsələdə müəyyən qədər şişirtməyə yol vermişlər. Yəni, 1612-ci il müqaviləsində göndərilməsinə razılıq verilmiş ipəyin miqdarı haqqında konkret fikir söyləmək çətindir. Məsələn, Cunabadi bununla bağlı olaraq göstərir ki, bu danışıqlarda 60 xərvar həcmində ipək göndərilməsinə razılıq verilmişdi. Bu məsələyə məşhur Türkiyə tarixçisi X.İnalcıkın münasibəti də maraq doğurur. Avropa mənbələrindən geniş istifadə etmiş bu müəllif göstərir ki, 1514-cü ildə Sultan I Səlimin səfəvilərə qarşı yeritdiyi iqtisadi qadağa siyasətini Şah I Abbas (1587-1629) 1603-29-cu illərdə tətbiq etdi. Yəni, Şah I Abbasın planı ipək yolunu Osmanlı torpaqlarından Hind okeanına yönəltməkdən ibarət idi. Şah I Abbas ingilislərin və holandların bu məsələdə onu dəstəkləyəcəklərini yaxşı bilirdi. Çünki onlar Osmanlı dövlətinə böyük həcmdə vergi ödəyirdilər. Beləliklə, Səfəvi-Osmanlı münasibətlərində ikinci dəfə olaraq iqtisadi qadağaya yol açan bir siyasət aparıldı. Səfəvilər Osmanlı dövlətinin ərazilərinə ipək ixracatını dayandırdıqları bir zamanda osmanlılar Səfəvi dövlətinin ərazilərinə daxil olan qızılın və gümüşün qarşısını aldılar. Şah I Abbas bu məsələni Bəndər-Abbasda şimallılara böyük miqdarda ipək satmaqla həll etməyə çalışdı. Buna cavab olaraq 1617-ci ildə Hindistan səfiri Tomas Roe İngiltərə kralının əmri ilə ipək ticarətini osmanlıların əlindən çıxarmaq üçün Səfəvi sarayına bir təmsilçi göndərdi. İngilislər Osmanlı dövləti ərazilərindən keçməyən bir yolla daha ucuz ipək əldə etmək arzusunda idilər. İngilislərin bu addımı ispanlar və portuqallar tərəfindən qısqanclıqla qarşılandı və onlar İngiltərə ilə Səfəvi dövləti arasındakı ticarət sövdələşmələrini kəsə biləcək tədbirlər gördülər. Buna görə də ingilislər ipəyin Hind okeanı yolu ilə deyil, Moskva dövləti ərazilərindən gətirilməsi barədə düşünməyə başladılar. Osmanlı imperiyası ağır bir vəziyyətlə üzləşmək ərəfəsində idi. X.İnalcıkın tədqiqtalarından daha sonra bəlli olur ki, səfəvilər doğrudan da Osmanlı dövlətinin ərazilərinə ildə 200 tay ipək göndərilməsinə razı olmuşlar. Bu isə 1618-ci ildə imzalanmış sülh müqaviləsindən (1618-də imzalanmış Sərab sazişi) sonra baş vermişdir. Sülh müqaviləsinə görə, osmanlılar Qafqazdakı fəthlərinə son qoymalı, bunun müqabilində isə səfəvilər ildə 200 tay ipək göndərməli idilər. Əslində, bu şərtin özü Osmanlı iqtisadiyyatını çökdürmək baxımından cidd əhəmiyyət kəsb edir. Bununla bağlı olan məlumatlardan aydınlaşır ki, ipəyin və ədviyyatın Səfəvi dövlətinin ərazilərindən Osmanlı imperiyasının ərazilərinə aparılmasının qarşısının alınması ilə Osmanlı xəzinəsi XVII əsrin əvvəllərində ildə təxminən, 300.000 dukat gömrük gəlirlərindən məhrum olmuşdu. Bunun müqabilində Səfəvi ipəyinin böyük əksəriyyəti Bəndər - Abbas üzərindən İngiltərəyə daşınmaqda idi (282, 123; 88, c.1, 302-305). Buna baxmayaraq, Osmanlı imperiyası üçün göstərilən rəqəmlər müqabilində göndərilən ipəyin müstəsna əhəmiyyəti var idi. Çünki şiddətli ictimai, hərbi və maliyyə böhranı keçirən bu imperiya XVII əsrdə artıq XVI əsrdəki vəziyyətdə deyildi. Bununla da Osmanlı tarixinin birinci (klassik) dövrü beləcə başa çatdı. Bu dövrdə artıq imperiya ərazilərində Osmanlı ağçası yerinə Qərbi Avropa pulları, xüsusilə İspaniya realları (riyal) və Hollandiya riksdalleri hakim olmuş və Osmanlı iqtisadiyyatı tədricən Avropa merkantilist sisteminə tabe olan bir iqtisadiyyat səviyyəsinə enmişdi. Osmanlı imperiyası davamlı və xeyli maliyyə vəsaiti tələb edən müharibələrin və Anadoludakı sarsıdıcı qarışıqlıqların yükü altında əzilmiş, inkişaf imkanlarını tükətmişdi. İmperiyanın maddi və mənəvi dəyərləri tənəzzülə uğradığından yeni bir sistem üçün ehtiyac duyulan islahatları həyata keçirə bilmədi (90, c.1, 135).

Səfəvi imperiyasının Şah I Abbas dövrü ilə əlaqədar dünya tarixşünaslığında xeyli tədqiqat əsərləri yazılmışdır və bu sahədə araşdırmalar hal-hazırda da davam edir. Məsələ ondadır ki, Şah I Abbas qısa bir zaman ərzində məğlub dövləti qalib dövlətə çevirdi və beynəlxalq aləm səfəvilərin qüdrəti ilə hesablaşmağa başladı. C.Brockelman bu məsələ ilə bağlı qeyd etmişdir ki, Böyük Abbas 43 illik səltənət müddətində səfəvilərin qüdrətini ən yüksək zirvəyə çatdırdı. Bununla bağlı Fransa tarixçisi F.Brodel italyan səyyahlarının məlumatlarına əsaslanaraq yazır ki, Şah I Abbasın dövlətinin ərazisini fasiləsiz olaraq dörd aya qət etmək mümkündür (57, 300; 181, c.3, 467). Şah I Abbasın qüdrətini sübut edən amillərdən biri onun əlverişli vəziyyətdən yararlanaraq XVII əsrin əvvəllərində 100 ilə yaxın davam etmiş «İran körfəzi məsələsini» həll etməsi idi. İran körfəzinin Portuqaliyanın nəzarəti altında olması səfəvilərin beynəlxalq aləmlə ticarətinə ciddi zərbələr vururdu. Körfəzdə aparılan bütün ticarət portuqalların nəzarəti altında idi. Körfəzdə ən işlək ünsiyyət vasitəsi portuqal dili idi. Bu dildən körfəzin bütün əhalisi istifadə edirdi. Çünki körfəz uzun müddət portuqalların nəzarəti altında olmuş, burada xeyli sayda portuqal məskunlaşmışdı. Tutduğu coğrafi mövqeyi sayəsində körfəzdə Qombrun (Gamron, Bəndər–ölkələr açarı) şəhəri sürətlə inkişaf etdi. Əvvəllər balıqçı qəsəbəsi olmuş bu məkan tezliklə farsların, türklərin, ərəblərin, hollandların və fransızların fəaliyyət göstərdikləri böyük ticarət şəhərinə çevrildi. Portuqallar buranın yeganə hakimi–mütləqi idilər. Səfəvi tacirləri İran körfəzində əmtəələri portuqalların təyin etdiyi qiymətə alır və onları Portuquliya gəmilərində daşıyırdılar. XVII əsrin əvvəllərində İran körfəzində azad ticarət bölgə üçün ən mühüm iqtisadi problem idi (304, 45; 299, 337–339). Unutmayaq ki, bu məsələ Şah I Abbas üçün ipək karvanlarının Osmanlı dövlətinin ərazilərindən keçməsinin qarşısını almaq baxımından da aktuallıq kəsb edirdi. Bu yöndə ciddi tədbirlər görən Şah I Abbas İran körfəzi istiqamətindəki yolun ucuz olduğunu sübut etmək üçün 1610-cu ildə oradan 200 yük ipəyi Lissabona göndərdi. Daha sonralar ingilislərlə anlaşan Şah I Abbas osmanlı torpaqlarına ipək ixracatını tamamilə qadağan etdi (94, c.22, 363; 333, 196-197). O, Portuqaliya hökmranlığını darmadağın etmək üçün körfəzdə yerləşən ingilis və holland hərbi gəmilərindən istifadə etmək qərarına gəldi. Bu məsələdə o, Hollandiya və İngiltərə rəqabətindən yararlanmağa çalışırdı. Məhz bu baxımdan həmin dövrdə şah sarayına gəlmiş ingilis Stilin və holland Visnixin fəaliyyətinə nəzər salmaq lazımdır. 1615-ci ildə şah Ost-Hind şirkətinin agentləri olan Stilə və Qlouzerə körfəzdə faktoriya təsis etməyə icazə verən fərman imzaladı (304, 45). Məhz həmin ildə ingilis əmtəələrinin ilk hissəsi (başlıca olaraq yun) Eduard Konnokom tərəfindən körfəzə gətirildi (182). Üç il keçdikdən sonra isə Şah ingilis Tomas Bekkerin qismində İngiltərəyə ipək ticarətində inhisarçılıq hüququ verdi. (375, c.2, 97; 377, 98-110). Bu, ingilislərə hava və su kimi lazım idi. Çünki şərq ölkələri ilə ticarət İngiltərənin Ost-Hind şirkətinə ağlasığmaz dərəcədə böyük qazanc gətirirdi. Bunu təsəvvür etmək üçün İngiltərə tarixçisi Karinqtonun məlumatlarına istinad etmək kifayətdir. O, göstərir ki, dumanlı Albion adasında 2948 f. st.-ə alınmış darçın Londonda 36827 f. st.-ə satılmışdı. İran körfəzinə çıxışın bu şirkət üçün əhəmiyyətini bu faktla təsəvvür etmək olar. Bu baxımdan aşağıdakı fakt daha maraqlıdır: ilk 9 ekspedisiyanın gedişində həmin şirkət İngiltərədən 200000 f. st.-dən çox dəyəri olan əmtəə aparmış, İngiltərəyə isə 1 milyon f. st. dəyərində yalnız ədviyyat və ipək gətirmişdi (9, 34). Səfəvilərlə ingilislər arasındakı danışıqlarda portuqallara qarşı səfəvilərə donanma ilə yardım məsələsi xüsusi yer tuturdu. 1619-cu ildə Bəndər - Abbasda, Şirazda, İsfahanda və Caskda ingilislərin ticarət faktoriyaları yarandı. Şah ingilislərə əvvəllər verilmiş güzəştləri yenidən təsdiq etdi (304, 45). Beləliklə, Şah I Abbas ingilislərə istədikləri yerdə ticarət etmək hüququ verdi və Konnokomun verdiyi məlumata görə, o, kralı «özünün böyük qardaşı» adlandırdı. Təbiidir ki, Şah I Abbas Hörmüzü qaytarmaq üçün özünə müttəfiq axtarırdı və o, bildirirdi ki, «ingilislər yalançılıq və hiyləgərlikdən azad xalqdır, portuqaliyalılar isə 20 il ərzində bir dəfə də düz söz danışmamışlar» (9, 70). Şah demək olar ki, eyni vaxtda hollandlara da ticarət güzəştləri verdi. 1623-cü ildə isə o, ingilislərin qızğın müqavimətinə baxmayaraq, holland gəmilərinin İran körfəzində sərbəst üzməsinə dair müqaviləni imzaladı. Hollandları ingilislərə qarşı qoymağa çalışan şah ingilislərin İran körfəzində ticarət inhisarını bütünlüklə ələ almalarına qarşı çıxır və onu məhdudlaşdırmağa səy edirdi. Belə bir diplomatik siyasət yürüdən Şah I Abbas həm də ingilisləri portuqallara qarşı fəallaşdırmağa cəhd edirdi (304, 45). Məlumdur ki, körfəzdə hollandların nüfuzunun artması ingilislərin maraqlarına zidd idi. Şah I Abbas bu diplomatik siyasəti nəticəsində ingilislərin köməyi ilə portuqalları İran körfəzində malik olduqları fövqəladə imtiyazlardan məhrum etdi, 1622-ci ildə Hörmüz adasını onlardan geri aldı (347, 187; 379, 473-543). Beləliklə, Səfəvi imperiyasının İran körfəzinə çıxışı təmin edildi. Siyasi cəhətdən böyük qələbə əldə etmiş Şah I Abbas ingilis, fransız, portuqal, holland, rus diplomatiyasının səfəvilərlə bağlı maraq toqquşmalarından uğurla istifadə etdi. Hörmüzün portuqallardan geri alınması Avropada böyük əks-səda doğurdu və səfəvilərin nüfuzunu xeyli yüksəltdi. Bu isə öz növbəsində Səfəvi dövlətinin Avropa ilə diplomatik əlaqələrini daha da canlandırdı (276, 358-359). Şah I Abbas ingilis və holland Ost-Hind şirkətlərinin güclü köməyi sayəsində XVII əsrin əvvəllərində Azərbaycan və İran xam ipəyinin böyük hissəsini Hörmüz vasitəsilə Avropa ölkələrinə göndərə bildi (194, 71). Həmin dövrdə Avropada xam ipəyə tələbat çox yüksək idi: bu tələbat on min pudlarla ölçülürdü və bu sahə ilə ticarət xeyli gəlir gətirirdi. Məsələn, London bazarında bir funt xam ipək şəraitdən asılı olaraq 12 şillinqdən 26 şillinqə qədər idi. Həmin dövrdə yerli bazarda onun qiyməti 8 şillinq idi. Bu ticarətdən Səfəvi xəzinəsinə həddən artıq gəlir daxil olurdu. Məsələn, bu məsələ ilə bağlı ingilis Tomas Herbert (XVII əsrin 20-ci illəri) və Səfəvi imperiyasına gəlmiş digər avropalılar qeyd edirlər ki, bu imperiyanın gəlirlərini dəqiq hesablamaq mümkün deyildir. Buna görə də onlar bu imperiyanın gəlirləri barədə dəqiq məlumatlar vermkdə çətinlik çəkirlər. Lakin onların məlumatlarından aydın olur ki, Şah I Abbasın dövründə xəzinəyə daxil olan gəlirlər 8 milyon, digər hesablamalara əsasən isə 14 mln. florin=357000 tümən (1190000 funt sterlinq) təşkil edirdi. Maraqlıdır ki, bu rəqəmlər 1633-cü ildə Səfəvi imperiyasına gəlmiş hollandların da məlumatlarında öz əksini tapmışdır. Onların məlumatlarından o da aydın olur ki, həmin gəlirlərin əksər hissəsi xam ipək, pambıq satışından və gömrük rüsumlarından daxil olurdu. Məsələn, Səfəvi imperiyasında üç şəhər üzrə tütün ixracatı xəzinəyə 72000 tümən xalis gəlir gətirirdi: İsfahan-40000, Təbriz-20000, Şiraz-12000 tümən (238, 59-60; 194, 132-134; 361, 179). Şah I Abbasın 1621-ci ildə ingilis tacirlərinə verdiyi imtiyazlara görə, onlar xam ipəyi başlıca satıcıdan ala bilərdilər. Lakin bu imtiyaz yerli tacirlərə Şah I Abbasın ölümündən sonra - Şah I Səfinin (1629-1642) vaxtında verildi (220, 98). Bu isə ondan irəli gəlirdi ki, Şah I Abbasın dövründə ölkənin bütün strateji məhsullarının satışını dövlət öz əlində cəmləşdirmişdi və istehsal olunan bütün məhsullar ilkin olaraq dövlətə satılmalı idi. İpək satışında bu məsələ xüsusi əhəmiyyət kəsb edirdi. Bununla da dövlət ticarətdə mərkəzləşmiş bir sistem yaratmışdı. Şahın icazəsi olmadan ipəyi dövlətin ərazisindən çıxara bilməzdilər. Beləliklə, Şah I Abbasa qədər xam ipəyin alışı və satışı Şah xəzinəsi tərəfindən inhisara alınmamışdı və yerli tacirlərlə əcnəbi tacirlər onu birinci əldən alırdılar (194, 73–74). Ticarətdə gəlir gətirən digər sahələr də dövlət inhisarında idi. Məsələn, bununla bağlı Y.Streys bildirir ki, «Xəzər dənizi bol balıq ehtiyatlarına malikdir. Balıq mövsümü aprel ayından başlayır, sentyabra qədər davam edir. Bu müddət ərzində də dövlətə müəyyən miqdarda pul vermək müqabilində xüsusi şəxslərə balıq ticarətindən vergi toplamaq hüququ verilirdi. Xəzər dənizində balıqlardan karp, çapaq, qızılbalıq, siyənək, nərə və digər balıqlar ovlanırdı. Xəzər dənizinin balıq ehtiyatları üzərində xüsusi nəzarət var idi. Dəniz müəyyən ərazilərə bölünmüşdü. Həmin ərazilərdə icazəsiz balıq ovlamaq ölümə bərabər idi. Lakin bu ərazilərdən kənarda balıq ovu azad idi, halbuki həmin ərazilərdə demək olar ki, balıq yox idi» (299, 233).

Beləliklə, Şah I Abbasın mərkəzləşdirmə siyasəti özünün geniş əksini başlıca olaraq iqtisadiyyatda tapdı. Şahın gördüyü bu tədbirlər şəxsi ticarət sərmayəsinin artımının qarşısını da alırdı. 1629-cu ildə dövlət xəzinəsinin xam ipək üzərində inhisarı ləğv edildikdən sonra tacirlər xam ipəyi əsas satıcıdan almağa imkan əldə etdilər. Bu da şəxsi ticarət sərmayəsinin həm daxili, həm də xarici bazarlarda xeyli dərəcədə fəallaşmasına şərait yaratdı. Təbiidir ki, XVII əsrdə də Azərbaycanın xarici ticarətində əsas yeri xam ipək tuturdu. Şirvandan, Qarabağdan və ölkənin digər ərazilərindən Osmanlı imperiyasına, Moskva knyazlığına, Polşaya, Qərbi Avropa ölkələrinə böyük həcmdə xam ipək aparılırdı. Xam ipəklə ticarət ən gəlirli sahə idi. Belə ki, XVII əsrin ortalarında bir pud yüksək keyfiyyətli xam ipəyin qiyməti Moskva bazarında 40 manat idi. Həmin dövrdə bir pud xam ipəyin qiyməti Şamaxı bazarında 22-25 manat idi (194, 73-74). Moskva knyazlığının ərazilərinə aparılan xam ipəyin böyük hissəsi Moskvada və Arxangelskdə əcnəbi tacirlərə satılırdı (209, 83-84). Buna görə də xarici ölkələrə gedən bütün azərbaycanlı tacirlər müəyyən olunmuş həcmdə xam ipək aparırdılar. Məsələn, 1620-ci ildə Moskva knyazlığının ərazilərində ticarət edən Şamaxı tacirlərinin ixtiyarında aşağıdakı həcmdə xam ipək vardı: tacir Xudaverdi Vəliyevdə-886, Məhəmməd Məstəliyevdə-11, Məmmədəli Maqsudovda-80, Nadir Hüseyn Məhəmmədovda-163, Məhəmməd Şərifovda 328 ansır (ansır-çəki vahididir, 1 funtdan 1,3 funta qədərdir) xam ipək olmuşdur. Bu, əsasən Ərəş ipəyi idi (187, c.3, 640-641). Osmanlı imperiyasının XVII əsrə aid olan sənədlərində Azərbaycan və İran tacirlərinin İstanbul, Bursa, Ərzurum və Osmanlı imperiyasının digər şəhərlərinin bazarlarında olmalarına dair xeyli məlumatlar öz əksini tapmışdır. Məsələn, Osmanlı sultanı ilə Bursanın qazısı arasındakı 1600-cü, 1607-ci, 1621-ci, 1622-ci, 1634-cü və 1687-ci illərə aid olan yazışmalarda tövsiyə olunur ki, əcnəbi tacirlər kimi Səfəvi tacirlərindən ticarət vergisi ilə yanaşı, digər vergilər də tutmalıdır. Azərbaycandan və İrandan xam ipəyin ixaracatında Osmanlı tacirləri də iştirak edirdilər. Məsələn, Hacı Mustafa adlı bir Bursa taciri (1621) məlumat verir ki, o, Səfəvi dövlətinin ərazilərindən Bursaya 42 yük xam ipək gətirmişdir. Məlumatın mətnindən bəlli olur ki, o, həmin ticarətdə təcrübəlidir və bir neçə dəfə ticari əməliyyatlarda iştirak etmişdir. 1622-ci ilə aid sənəddə isə qeyd olunur ki, bu məhsullardan 40 yük xam ipək Venesiyaya göndərilmişdir. Məhsulların qalan hissəsi isə Bursada satılmışdır (194, 74, 77-78). XVII əsrdə Azərbaycanın Moskva dövləti istiqamətində Avropa ilə ticarət əlaqələri başlıca olaraq Arxangelskdə cəmləşmişdi. Səfəvilərin oraya ixracatında başlıca yeri ipək, daha çox isə Moskva knyazlığında və Avropada yüksək qiymətləndirilən Gilan ipəyi tuturdu (demək olar ki, ipək məhsullarının 50%-ni təşkil edirdi). İpək ixracatında Gilandan sonra Mazandaran, Xorasan, Şirvan vilayətləri və Gürcü knyazlığı gəlirdi. Həmin dövrə aid məlumatlardan aydın olur ki, Gilandan Hörmüzə qədər məsafəni 80-90 günə qət etmək olar. Hər bir dəvə ikidən artıq yük götürə bilmirdi. Bu da həmin dövrün qiymətləriylə orta hesabla 2 manat 63,5 qəpik təşkil edirdi. Gilandan Xəzər dənizi ilə Həştərxana məsafə qısa müddətə qət edilirdi və həmin yükün qiyməti də təxminən 1,5 manat artıq olurdu. Əlbəttə, məhsulların Moskva knyazlığının ərazilərindən Avropaya aparılması da müəyyən qiymət təşkil edirdi. Beləliklə, dənizlə Hörmüzdən Avropaya məsafə o qədər də yaxın deyildi. Quru ərazliərdə isə Osmanlı imperiyası tərəfindən toplanan vergilər həddindən artıq idi və çətinliklər yaradırdı. Bir rus taciri qeyd edirdi: «İngilislər və hollandlar Osmanlı dövlətinin ərazilərindən Qızılbaşlar torpağına gəlir və Qızılbaş ipəyinin bir pudu onlara 15 və ya 16 manata başa gəlir. Onlar bu məhsulları Osmanlı dövlətinin ərazilərindən apararkən onlardan ipəyi aldığı qiymətin miqdarında vergi alırlar (100% həcmində). Lakin o dövlətin tacirləri Qızılbaş ipəyinin bir pudunu 15 və ya 16 manata alır, Yaroslavl şəhərinə gətirir, orada almanlara 50 və ya 60 manata , Arxangelsk şəhərində isə bir pudu 70 manata və ya daha artıq qiymətə satırlar" (206, 130, 131). Bu məlumatda bir məsələ şübhə doğurur ki, o da ingilis və holland tacirlərinin Osmanlı dövlətinin ərazilərində 100% vergi vermələridir. Məsələ ondadır ki, Osmanlı sultanı ingilislərə və hollandlara vergi güzəştləri vermişdi. Ona görə də həmin məlumat həqiqəti tam əks etdirmir. Lakin bir həqiqət var ki, əcnəbi tacirlər Azərbaycan və İran ipəyini Səfəvi dövlətinin ərazilərindən ucuz qiymətə alırdılar. Amma həmin yollar içərisində Moskva dövlətini Avropa ilə birləşdirən yolla çıxarılan əmtəələrin maya dəyəri digər yollarda daşınan məhsulların maya dəyərindən az idi və bu yol iqtisadi cəhətdən daha səmərəli idi. İndiki Rusiya əraziləri ilə tranzit ticarət yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edirdi. Osmanlı imperiyası Avstriya imperiyasının Dunay çayının mənsəbinə çıxışını bağlamış, Şərqi Avropanı əsas ticarət yolundan məhrum etmiş və Moskva dövlətinin Qara dənizə çıxışının da qarşısını almışdı. Baş vermiş uğursuzluqalara baxmayaraq, Osmanlı imperiyası XVII əsrdə qərbdə bir sıra dövlətlər ( özünün yaxın qonşuları olan Avstriya və Polşa), şərqdə isə Səfəvi dövləti üçün güclü rəqib oaraq qalırdı. XVII əsrin I yarısında Moskva dövləti isə Osmanlı imperiyası ilə dinc münasibətlər qurmuşdu. Yalnız 1637-ci ildə Azovun rus kazakları tərəfindən işğal edilməsi iki dövlət arasında hərbi toqquşma ehtimalı yaratdı. Lakin müharibə baş vermədi (206, 130, 131). XVII əsrdə Azərbaycandan Osmanlı dövlətinə və Avropa ölkələrinə xeyli miqdarda pambıq, yun, düyü, boyaq məmulatı, xüsusilə boyaq otu ixrac olunurdu. Azad (Azadabad) şəhəri və onun ətrafı dünyada boyaq otunun ən böyük tədarükçüsü kimi tanınırdı. Hindistandan Hörmüzə daxil olan gəmilər geri qayıdarkən bütünlüklə Azərbaycandan aparılan boyaqotu ilə yüklənirdilər. Ümumiyyətlə, XVII əsrin əvvəllərində Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi daha da artdı. XVII əsrdə Hindistan məhsulları Qərbi Avropaya və Moskva knyazlığına Volqa–Xəzər yolu ilə çatdırılırdı. XVII əsrdə bu ticarətdə başlıca mərkəzlər Bakı, Şamaxı, Şabran, Ərdəbil və Təbriz şəhərləri idi. Hindistan tacirləri Azərbaycanın xarici ticarətində mühüm rol oynayırdılar. Onların burada çoxlu ticarət məntəqələri var idi. A.Oleari və J.Tavernyeyə görə, Səfəvi dövləti ərazisində onların sayı 10–12 min, J.Şardenə görə isə 20 min idi. Y.Streys də öz məlumatlarında Şamaxıda yüzə qədər hind tacirini gördüyünü qeyd edir. Bu dövrdə Bakıda və Şirvanın digər şəhərlərində əmtəə–pul münasibətlərinin inkişafını sübut edən faktlardan biri də bu ərazilərdə XVI–XVII əsrlərə aid iri həcmdə mis pulları xəzinəsinin aşkar olunmasıdır (31, 143; 166, 33; 299, 276-277; 280, 98–126). Bu dövrdə Azərbaycandan həm də meyvə ixrac olunurdu. İxracat içərisində toxuculuq və sənətkarlıq məmulatı, neft və duz da azlıq təşkil etmirdi. Səfəvi dövləti ərazisində olan Avropa səyyahları göstərirlər ki, bu dövlətdən Hindistana, Yaponiyaya, Moskva knyazlığına və Polşaya qiymətli dərilər (şahran, safyan) ixrac olunurdu. Onları Moskva knyazlığının ərazilərindən və Polşadan Avropanın müxtəlif ölkələrinə aparırdılar. Şahran və safyan Hollandiya və Səfəvi imperiyası arasında ticarətdə əsas əmtəə sayılırdı. Holland tacirləri Azərbaycan və İran dərilərinin Hindistana və Yaponiyaya ixracında vasitəçi rolunu oynayırdılar. Ölkədən ixrac olunan məhsullar içərisində metal əşyalar da az deyildi. Yaraq-əsləhə (qalxan, hərbi geyim və s.) və soyuq silah ixracatda üstünlük təşkil edirdi. 1589-cu ildə Boris Qodunovun yaraq-əsləhəsindən 10 ədəd dəbilqə Azərbaycan silah ustaları tərəfindən hazırlanmışdı. Onlardan səkkizi Şamaxı silah ustalarına məxsus idi. Xarici bazarın tələbatına uyğun olaraq metal məmulatı istehsalı Təbrizdə, Şamaxıda, Gəncədə, Ərdəbildə, Bakıda və Ordubadda daha çox inkişaf etmişdi. XVII əsrdə ixrac olunan əmtəələr sırasında sənətkarlıqda xüsusi yer tutmuş keramika (dulusçuluq) məmulatı az deyildi (194, 78-96). Beləliklə, XVII əsrdə Səfəvi imperiyasının Avropa ilə ticarət əlaqələrində indiki Rusiya əraziləri müstəsna rol oynayırdı (31, 143). Halbuki XV əsrin II yarısında bu əlaqələr cüzi idi. Bu mənada səfəvilərlə Moskva knyazlığı arasında siyasi, iqtisadi münasibətlərə toxunmuş N.İ.Kostomarov bu əlaqələrin XVI əsrdə daha yüksək səviyyədə olduğunu göstərir və qeyd edir ki, yalnız XVI əsrin əvvəllərində Moskvadan cənub-şərqə doğru böyük ticarət karvanları yola düşürdü (184, 36; 230, 259, 260). Moskva knyazlığı ilə ticarətin canlanması daha çox XVI əsrin 80-ci illərini əhatə edir. Məhz həmin dövrdə Sultan Məhəmməd Xudabəndə (1578-1587) öz səfiri Andi bəyi Moskvaya göndərmiş, 1586-1596-cı illərdə bu dövlətlər arasında səfir mübadilələri olmuşdu. 1576-1590-cı illərdə osmanlılarla müharibələrdə bir sıra məğlubiyyətlərə uğramış Şah Məhəmməd Xudabəndə Moskva knyazlığını öz tərəfinə çəkmək istəyirdi. O, hesab edirdi ki, Bakı və Dərbəndin osmanlılar tərəfindən tutulması Moskvanın da maraqlarına toxunur. Çünki Moskvadan Volqa çayı ilə Səfəvi dövlətinə və Orta (Mərkəzi) Asiyaya gedən ticarət yolu osmanlıların nəzarəti altına düşürdü (183, 55,36). Lakin Moskvanın Livoniya müharibəsində məğlubiyyəti, onun həm də iqtisadi və siyasi cəhətdən zəif olması Osmanlı imperiyasına qarşı səfəvilərlə birgə çıxışa mane oldu. Lakin Şah I Abbasın həyata keçirdiyi islahatlar və Osmanlı imperiyasına qarşı yürütdüyü uğurlu siyasət Moskva knyazının diqqətini cəlb etdi və Moskva rəsmiləri onunla osmanlılara qarşı hərbi ittifaq bağlamaq qərarına gəldilər. Bu məqsədlə 1597-ci ilin mayında V.V.Tyufkin və S.Yemelyanov Səfəvi sarayına göndərildilər. Səfəvi imperiyasına səfir rütbəsində göndərilmiş V.V.Tyufkinin dəstəsində 75 nəfər var idi. Moskvanın Qafqaza, o cümlədən Səfəvi dövlətinə qarşı işğalçılıq niyyətləri bu nümayəndəliyə verilmiş tapşırıqda çox gözəl ifadə olunur. Rus elçiləri Səfəvilərlə hərbi ittifaqın müqabilində Dərbənd və Bakı şəhərlərinin Moskva knyazlığına verilməsini təmin etməli idilər. Bu tapşırıqlarda Moskva knyazının Şamaxıya olan iddiaları da öz əksini tapmışdı. Verilmiş tapşırıqlar içərisində mühüm əhəmiyyət daşıyan maddələrdən biri də ticarət məhsullarının iki dövlətdən üçüncüyə ötürülməsi idi. İmzalanacaq müqavilədə həm də iki dövlət arasında sərhədlərin toxunulmazlığı prinsipi də öz əksini tapmışdı (332, 55-58). Moskva knyazı elə hesab edirdi ki, yaranmış çətin vəziyyət Səfəvi sarayını asanlıqla onun təklifləri ilə razılaşdıracaq. Bu məsələyə xüsusi diqqət yetirmiş İ.P.Petruşevski göstərirdi ki, bu dövrdə Osmanlı imperiyasının hücumları doğrudan da güclü idi və osmanlıların qarşılarına qoyduğu hərbi-strateji planlardan həlledicisi Cənubi Qafqaza yiyələnmək, Xəzər sahillərini ələ keçirmək idi. Bununla da osmanlılar əsas ticarət yoluna sahib ola bilərdilər (183, 47-48; 269, 265). Yaranmış çətin vəziyyətə baxmayaraq, Şah I Abbasın uzaqgörən siyasəti rus təklifinin rədd edilmiəsində böyük rol oynadı.

XVII əsrin əvvəllərindən etibarən, Səfəvi və Osmanlı dövlətləri arasında hökm sürən sabitlik Azərbaycanın Avropa ölkələri ilə ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərdi. Bu sabitlik səfəvilərin Aralıq dənizi limanları vasitəsilə Avropa ölkələri, o cümlədən Venesiya, Genuya və digər ticarət şəhərələri ilə yenidən ticarət etməsinə şərait yaratdı. Səfəvi dövlətinin iqtisadi həyatında böyük irəliləyişlər baş verdi. İpək istehsalında ciddi nəticələr əldə olundu. Bunu sübut etmək üçün XVII əsrdə Səfəvi dövlətinin ərazilərində ipəyin istehsalı ilə bağlı Azərbaycana gəlmiş A.Olearinin və J.Şardenin verdiyi məlumatları müqyaisə etmək kifayətdir. Məsələn, A.Olearinin məlumatlarında göstərilir ki, 1638-ci ildə aşağıdakı əyalətlər üzrə bu qədər ipək istehsal olunurdu: Gilan-1.728000 kq, Mazandaran-432.000 kq, Xorasan-648.000, Qarabağ-432.000 kq, Şirvan-648.000 kq. Ümumi istehsal isə 3.888.000 kq təşkil edir. J.Şardenin məlumatında isə bu rəqəmlər 22 ildən sonra (yəni 1660-cı ildə), belə dəyişir: Gilan-2.760.000 kq, Mazandaran-552.000 kq, Xorasan-828.000 kq, Qarabağ-552.000 kq, Şirvan-828.000 kq. Ümumi istehsal isə 5.520.000 kq edir (358, 52-53). Bu rəqəmlərin müqayisəsi göstərir ki, səfəvilərlə-osmanlılar arasında hökm sürən sabitlik ipək istehsalınının artımına müsbət təsir göstərdi. Həmin dövrdə ticarətdə ən mühüm alqı-satqı obyektlərindən biri də minik və yük heyvanları idi. O dövrə aid ədəbiyyat və mənbələrdə göstərilir ki, həmin dövrdə Azərbaycanın ticarət tərəfdaşları və Osmanlı imperiyası bu ticarətə xüsusi əhəmiyyət verirdilər. Həmin dövrdə bacarıqlı çapar (poçt) və hərb atları Marağada, Mərənddə, Qarabağda və Muğanda yetişdirilirdi. Həmin atlar Osmanlı imperiyasında baha qiymətə satılırdı. Bununla bağlı J.Şarden göstərir ki, hər bir çaparın qiyməti 1000 frankla 1000 ekyu arasında dəyişirdi. Bu ticarət şah sarayının inhisarında olmuşdur. Azərbaycandan Osmanlı imperiyasına hər il xeyli dəvə ixrac edilirdi (283, 180). Həmin illərdə Avropanın siyasi xəritəsində Azərbaycanla iqtisadi əlaqələrə can atmayan dövlət yox idi. Dünya xəritsəinə yeni ruhla gəlmiş Hollandiya bu sahədə xüsusilə fəal idi. 1580-ci ildə İspaniyadan və Portuqaliyadan ayrılaraq öz müstəqilliyni elan etmiş bu dövlət XVII əsrdə "nümunəvi kapitalist ölkəsi" oldu, "1648-ci ildə özünün ticarətinin ən yüksək zirvəsinə çatdı" (206, 134-148). 1623-cü ildə Səfəvi dövlətinin ərazisinə (cənubdan) çıxmış hollandlar artıq XVII əsrin ortalarında Səfəvi bazarında birinci yeri tuturdular. Bununla əlaqədar Hollandiya səyyahı Y.Streys göstərir ki, Şərqin hər yerində bizim tacirlərə rast gəlmək mümkündür. O, böyük razılıq hissilə bildirir ki, «Qombrunda (Bəndər - Abbasda–D.Ə.) bizim tacirlər bütün qəbul edilən tacirlərdən üstündürlər və Səfəvi şahı hollandlara iri həcmdə ticarət apardıqlarına görə müttəfiq və dost kimi baxır. Bu mənada onun Səfəvi dövlətinin ərazilərində yerli tacirlərlə etdiyi söhbətlər maraqlıdır. Həmin söhbətlərdən məlum olur ki, Hollandiyadan Xəzər dənizi vasitəsilə Səfəvi imperiyasının ərazilərinə qalay, sink, civə, mahud, atlas və s. kimi holland məhsulları gətirib Dərbənddə, Şamaxıda və Ərdəbildə çox sərfəli qiymətlərə satmaq olar. Bunun üçün də səfəvilərin bütün ipək ticarətini Hollandiyaya istiqamətləndirmək lazımdır. Bu istiqamətdə isə ən sərfəli yol Xəzər dənizi, Volqa vasitəsilə Arxangelskdən keçən ticarət yoludur. Bu yolla hər il Gilandan, Şirvandan və digər Xəzər sahili şəhərlərdən 30 min tay ipək daşımaq olar (206, 134-148; 299, 337-342, 232). İngilis-Səfəvi ticarət əlaqələrini dərindən öyrənmiş hollandlar 1638-ci ildə Səfəvi dövlətinin ərazilərində ədviyyat üzərində inhisara nail oldular, 1640-cı ilə yaxın isə İran körfəzində gedən bütün ticarət onların nəzarəti altına düşdü. İdxal etdikləri əmtəələrin qiymətini azaltmaqla və səfəvilərdən xam ipəyi baha qiymətə almaqla buna nail olan hollandlar tezliklə Səfəvi dövləti ərazisində əksər bazarları ələ keçirdilər» (378, 165-167). İlkin vaxtlarda Fransa Şərqə qarşı müstəmləkəçilik ekspansiyalarında bir o qədər də əhəmiyyətli rol oynamırdı. Bu müddət ərzində Fransa yalnız Levant ölkələrində öz mövqelərini möhkəmlədə bildi (1535-ci və 1581-ci illərin "kapitulyasiya"larını yada salaq). Fransa müstəmləkə imperiyası isə XVII əsrdə yarandı. Məhz buna görə də 1664-cü ildə yaradılmış Fransa Ost-Hind şirkəti fəaliyyət dairəsinə görə holland və ingilis şirkətlərindən geri qalırdı. XVII əsrdə Avropanın digər qabaqcıl dövlətlərinə nisbətən səfəvilərlə ticarətdə Fransanın mövqeyi zəif idi. Həmin əsrdə Danimarka krallığı da Moskva knyazlığı ərazilərindən istifadə etməklə Səfəvi dövlətilə ticarət əlaqələri yaratmağa çalışırdı. XV əsrin II yarısında Qara dənizin «Osmanlı dənizinə» çevrilməsilə əlaqədar olaraq Polşa oradakı bazarlarından məhrum oldu. Onun Şərqlə ticarəti öz əhəmiyyətini itirdi, lakin Krımla ticarət köhnə yol ilə davam etməyə başladı. Tədqiqatçıların fikrincə, həmin dövrdə Dnepr çayı yolundan başqa ikinci bir yol da var idi. Bu yol Varşavadan başlanır, Lyublini, Yassını, Qara dənizi, Cənubi Qafqazı keçərək Səfəvi dövlətinin paytaxtı İsfahana çıxırdı. Həmin yolla Polşaya şərq məhsulları ilə dolu karvanlar hərəkət edirdi. Bəzi tədqiqatçılar Polşanın indiki Rusiya əraziləri vasitəsiylə Səfəvi dövlətilə ticarət əlaqələrini Polyanovsk müqaviləsi imzalandıqdan sonrakı dövrə (1636-cı ildən sonra), digər tədqiqatçılar isə Şah I Abbasın hakimiyyət illərinin başlanğıcına aid edirlər. Onlar buna misal kimi Polşa kralı Sigizmundla Şah I Abbas arasındakı yazışmaları göstərirlər. Hanza dəniz ticarəti ittifaqının dağılması Avropanın Baltikyanı ölkələrində İsveç üçün böyük imkanlar açdı (206, 134-148). İsveçlilər XVII əsrdən də əvvəl indiki Rusiya ərazilərindəki bazarlara maraq göstərirdilər (323, 5). XVII əsrin əvvəllərində İsveç sənaye yüksəlişi dövrünə qədəm qoydu, tezliklə o, güclü sənaye dövləti səviyyəsinə yüksəldi (319, 7; 222, 206-214). 1557-ci ilin sülh müqaviləsinə görə, İsveç tacirləri Novqorodda, Moskvada, Kazanda, Həştərxanda ticarət etmək hüququ əldə etmişdilər. Onların səfirləri indiki Rusiya ərazilərindən istifadə etməklə Hindistana və Çinə gedə bilərdilər (206, 148). XVII əsrdə indiki Rusiya ərazilərindən keçməklə Səfəvi ipəyi üzərində inhisar mövqeyini əldə etmək uğrunda İsveç, Holştiniya (Holstayn) və Hollandiya arasında kəskin rəqabət gedirdi. Holştiniyanın bu məsələdə Moskva dövlətində malik olduğu üstünlüklər İsveçin vəziyyətini çətinləşdirən amil idi. İsveç Holştiniyanı bu bazardan sıxışdırıb çıxarmaq üçün bütün gücünü sərf edirdi. Holştiniya üçün Moskva bazarı Səfəvi dövlətilə tranzit ticarəti yaratmaq baxımından vacib idi. İsveç nümayəndəliyinin məlumatlarından aydın olur ki, XVII əsrdə Səfəvi dövlətinin ərazisində ipək ticarətində inhisar mövqeyi heç bir Avropa dövlətinin tam nəzarəti altında deyildi və bu hüquq ipəklə ticarət etmək istəyən təbəələrin hamısına verilmişdi. Ona görə də Səfəvi dövləti miqyasında ipək ticarətini bir əldə cəmləşdirmək çətin bir məsələ idi. Məlumatlardan bəlli olur ki, həmin dövrdə Hollandiyanın Ost-Hind şirkəti Səfəvi dövləti ərazisində yüksək səviyyədə ticarət aparırdı. İsfahanda onların daimi ticarət məntəqələri vardı, hollandlar il ərzində oraya müxtəlif çeşiddə ədviyyat və digər əmtəələr çatdırır, orada satır, ipəyə və ya digər məhsullara dəyişirdilər. İdxal olunan əmtəələr il ərzində 14 mindən 15 minə qədər yük təşkil edirdi. Səfəvi hökmdarları dövlət ərazilərindən İskəndəriyyəyə il ərzində yüzlərlə karvan göndərirdilər. Bu karvanlar ipəklə və digər məhsullarla yüklənirdi. Həmin əmtəələr İskəndəriyyədə satılır və ya holland, italyan, fransız məhsullarına dəyişdirilirdi. Məlumatlarda bu dövrdə Səfəvi imperiyasından Hələbə və Moskva knyazlığına çıxarılan ipək haqqında da faktlar vardır. Göstərilir ki, ümumi şərtlərdən asılı olaraq Səfəvi dövləti ərazisində bazara 6 min tay ipək çıxarılırdı. Bu ipəyin bir qismi Ost-Hind şirkəti tərəfindən Hələbdə, qalan hissəsi isə Moskva knyazlığının ərazilərində satılırdı. Bu məlumatlar əsasında belə bir nəticə çıxarmaq olar ki, XVII əsrdə Səfəvi imperiyasında 3,5 milyon kiloqrama qədər ipək satışa çıxarılırdı (324, c.1, 97-111).

XVII əsrdə Səfəvi dövlətinin Moskva knyazlığı və Avropa dövlətləri ilə ticarət əlaqələrindən bəhs edərkən Culfa tacirlərinin rolunu qeyd etmək vacibdir (206, 150-161). Culfa tacirləri haqqında həm xarici, həm də Azərbaycan elmi ədəbiyyatında geniş məlumatlar vardır. Təəssüf ki, elmi ədəbiyyatda bu məsələ indiyədək birtərəfli şəkildə işıqlandırılmışdır. Culfa tacirlərinin rolunu yüksək qiymətləndirən Şah I Abbas başa düşürdü ki, bu şəhər 1590-cı il müqaviləsinə əsasən Osmanıl imperiyasının nəzarəti altına keçdikdən sonra Culfa tacirlərindən öz məqsədlərini həyata keçirmək üçün istifadə edə bilməyəcəkdir. Dövlətin iqtisadi və siyasi maraqlarını üstün tutan Şah I Abbas osmanlıların gəlişinə qədər Culfa sakinlərinin köçürülməsinə qərar verdi, onları İsfahan yaxınlığında yerləşdirdi. Bununla da həm mühüm ticarət sərmayəsinin toplandığı bir mərkəzin osmanlıların əlinə keçməsinə mane oldu, həm də orada yaşayan və beynəlxalq ticarətdə mühüm rolu olan «ermənilərdən» (həmin «erməniləri» müasir ermənilərlə eyniləşdirmək düzgün deyil) istifadə etdi. Sənədlərə «erməni» kimi düşmüş bu tacirlər alban əsilli xristianlar idilər. Qərb tacirləri xristian olduqlarına görə albanlara da «erməni» deyirdilər. Bu ad isə ərəblərin gəlişi ilə, «Rum» («Roma» sözünün təhrifindən yaranan «rumlular» mənasını verən, əsasən xristian əhaliyə şamil olunan əski adından qalmışdır-D.Ə.) öz siyasi məqsədləri üçün istifadə etdi (168, 8-16). Bununla bağlı olaraq İ.P.Petruşevski qeyd etmişdir ki, Şah I Abbasın beynəlxalq ticarət mərkəzlərindən sayılan ipək ticarətini İsfahan ətrafında cəmləşdirmək arzusu ipək ticarətini İran körfəzi ilə aparmaq istəyinin nəticəsi idi. Bu məsələyə münasibət bildmiş N.N.Sobolev göstərir ki, Səfəvi dövlətinin ərazi bütövlüyü bərpa edildikdən sonra paytaxt İsfahana köçürüldü və burada monqol ustalarının ənənələrini mənimsəmiş və onu daha da dərinləşdirmiş əsl toxuculuq, bədii–sənətkarlıq məktəbi yaradıldı. XVII əsrin Avropa səyyahları Səfəvi imperiyasının ərazisində ipək istehsalının müxtəlifliyindən heyran olduqlarını gizlətmirdilər. Onlar burada hazırlanmış bütün saplar barədə məlumatlar vermişlər (267, 82; 297, 120-147). Məhz buna görə də dünyanın hər yerindən İsfahana tacirlər axışırb gəlirdilər. Bunların içərisində avropalı tacirlər çoxluq təşkil edirdilər. İsfahanda təqribən 12 min hind taciri məskunlaşmışdı. Bu şəhərdə hind tacirləri ilə yanaşı tatar, osmanlı, yəhudi, «erməni», gürcü, ingilis, danimarkalı, fransız, italyan və ispan tacirləri yaşayırdılar (338, 668-669). İsfahanda yaradılmış məktəbin təsirini dərk etmək üçün XVII əsrin II yarısında burada olmuş J.Şardenin məlumatlarını nəzərdən keçirmək kifayətdir. Səfəvi dövlətinin ərazisini qarış–qarış gəzmiş bu səyyah göstərir ki, Təbrizdə əcnəbilərin sayı həmişə son dərəcə çox olur. Şəhər pambıq, ipək üzrə sənətkarlarla və zərgərlərlə doludur. Şəhərin əsas tacirlərindən eşitdim ki, orada hər il altı min top ipək istehsal edilir. Yəzddə, Kaşanda və İsfahanda bir gezi və ya arşını 50 tümən olan qızılı parçalar hazırlanır. Bunu franka və metrə çevirəndə həmin parçanın bir metri təqribən 5500 frank edir. Şah I Abbasın vaxtında yaradılmış toxuculuq məktəbi yüksək qiymətləndirilən bir çox parça növü yaratdı ki, hal-hazırda həmin nümunələr böyük həcmdə dünyanın bir çox muzeylərində saxlanılır (34, 75; 297, 120-147). Şah I Abbasın bu cür planlar həyata keçirməsini həmin dövrdə Səfəvi dövlətinin Yaxın və Orta Şərqdə tutduğu mövqe və dövləti çətin vəziyyətdən çıxarmaq üçün onun yeritdiyi xarici siyasət şərtləndirirdi. Xristianlığın geniş hücumlara başladığı bir dövrdə «ermənilərə» beynəlxalq ticarətdə verilmiş imtiyazlar bu baxımdan anlaşılandır. Burada bir məsələni də nəzərə almaq lazımdır ki, həmin dövrdə müsəlman tacirlərinə nisbətən xristian tacirlər daha çox xarici ticarətə cəlb olunurdular. Bu isə Avropa dövlətlərinin xristian tacirlərə daha xoş münasibəti ilə bağlı idi. Məhz buna görə də Şah I Abbas onları («erməni» tacirlərini) İsfahan ətrafına köçürdü və öz himayəsi altına aldı. Şah özünün ticarət əməliyyatlarında onlardan məqsədəuyğun şəkildə istifadə edirdi. Şah I Abbasın nəzarəti altında olan «ermənilər» Avropa və Şərq ölkələri ilə qızğın ticarət aparırdılar. Xaricə göndərilən «erməni» tacirlərinin yanında mütləq onlara nəzarət etməli olan türk taciri olurdu. «Ermənilərin» Şah I Abbasdan çəkinmələri barədə məlumatları ingilis tacirlərinin məlumatları da təsdiqləyir. Onlar göstərirlər ki, «əgər despotik şahdan qorxmasaydılar, ermənilər adi qiymətlərlə ipək gətirməzdilər». Bəzi mənbələrdə bilavasitə Şah I Abbasın nəzarəti altında İsfahanda yaradımış ticarət şirkətinin təsisçilərinin də «erməni» olduğu göstərilir (377, 106; 206, 150-161; 9, 78; 328, 320). Həmin mənbələrdə onların adları Stepan Romodanovski və Qriqori Lusikov kimi verilir. Təbiidir ki, bu adlar «erməni» adları deyildir və verilən məlumatlar tarixi gerçəkliyi əks etdirmir. İsfahanın Səfəvi dövlətinin paytaxtı olduğunu və Şah I Abbasın ipək satışını birbaşa öz nəzarəti altında saxladığını nəzərə alsaq, «ermənilər» haqqında yazılanların birtərəfli olduğu qənaətinə gələrik. Paytaxıtın məhz Hörmüzə yaxın olan bir yerə (İsfahana) köçürülməsi də Şah I Abbasın planının tərkib hissəsi idi.

XVII əsrdə istehsal olunmuş xam ipəyin 90%-i xarici ölkələrə aparılırdı. Bunu statistika da sübut edir. 1636-1638-ci illərdə Azərbaycanı qarış-qarış gəzmiş alman «səyyahı» Adam Oleari qeyd edirdi ki, bu illərdə Səfəvi dövlətinin ərazilərində ildə 20 min taya qədər xam ipək yığırdılar, onun cəmi 1000 tayı dövlətin ərazisində qalırdı, qalan hissəni isə "müxtəlif tələbatları" ödəmək üçün xarici ölkələrə aparırdılar. İran tarixçisi Əhməd Tac Bəxşin məlumatlarına görə, bu dövrdə "hollandlar Səfəvi dövlətinin ərazilərindən ildə 6 min taya qədər xam ipək aparırdılar ki, bu isə ingilislərin apardıqlarından xeyli dərəcədə çox idi. Qalan bütün xam ipək taylarını şahın ciddi nəzarəti altında «erməni» tacirləri xaricə çıxarırdılar (257, 791; 378, 152). XVII əsrdə Səfəvi dövlətinin Avropa ölkələri ilə iqtisadi əlaqələrinə bir daha nəzər saldıq, bu imperiyanın iqtisadi baxımdan Avropanın həyatına göstərdiyi təsiri mənbələrin və elmi ədəbiyyatın imkan verdiyi səviyyədə müəyyənləşdirməyə çalışdıq. Bu, tarixi gerçəklikdir ki, XVII əsrin I yarısı Səfəvi imperiyasının iqtisadi həyatının, onun qüdrətinin ən yüksək məqamı idi, Səfəvi imperiyası ilə ticarət əlaqələri bütün XVII əsr boyu Avropa dövlətlərinin, Moskva knyazlığının iqtisadi və siyasi həyatında mühüm rol oynamışdır.




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə