Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,89 Mb.
səhifə2/14
tarix17.10.2017
ölçüsü2,89 Mb.
#5156
1   2   3   4   5   6   7   8   9   ...   14

1.2. Tədqqat əsərləri

Ümumdünya tarixinin orta çağlarında mühüm rol oynamış Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları nəinki bölgənin ictimai-iqtisadi, siyasi, mədəni həyatının, həm də beynəlxalq aləmin mühüm subyektləri olmuşlar. Həmin dövrdə bu imperiyaların bilavasitə iştirakından, təsirindən kənarda heç bir beynəlxalq məsələ həll oluna bilməzdi. Buna görə də həmin imperiyaların tarixinin öyrənilməsinə tədqiqatçılar həmişə səy göstərmişlər və bu istiqamətdə araşdırmalar hal-hazırda da davam edir. XV əsrin ikinci yarısından XVII əsrin birinci yarısına qədərki tarixi gerçəkliklər həm xarici, həm də Azərbaycan tədqiqatçılarının əlaqələrində müəyyən dərəcədə öyrənilmişdir. Bu imperiyalar haqqında bir sıra sanballı monoqrafiyalar yazılmış, məqalələr işıq üzü görmüş və ümumiləşdirilmiş əsərlərdə məlumatlar verilmişdir. Həmin əsərlərdə əsas diqqət bu imperiyaların bir-biri ilə və Qərbi Avropa dövlətləri ilə qarşılıqlı əlaqələrinə yönəlmişdir. Orta əsrlərdə Osmanlı imperiyasının Qərbi Avropa ölkələri ilə iqtisadi əlaqələri Türkiyə tarixşünaslığında lazımi səviyyədə öyrənilmişdir. Vətən tarix elmində isə Azərbaycanın orta əsrlərdə iqtisadi əlaqələrinə dair xüsusi tədqiqat əsəri mövcud deyildir. Bu halın bir sıra səbəbləri vardır. Nəzərdən keçirilən dövrdə Ağqoyunlu və Səfəvi imperiyalarının iqtisadi əlaqələri barədə lazımi qədər faktların olmaması həmin sahədə araşdırmaların aparılmasında böyük çətinliklər yaradır. Məlumdur ki, Ağqoyunlu sülaləsinin və Səfəvi şahlarının Azərbaycan və İran ərazlərində hakimiyyətləri möhkəm iqtisadi və siyasi təmələ əsaslanırdı. Məhz bunun nəticəsində yalnız Səfəvi imperiyası 230 ildən artıq bir müddət ərzində (1501-1736) fəaliyyət göstərə bildi. Lakin səfəvilərin hakimiyyətindən sonra həmin imperiyanın ərazilərində baş vermiş çoxsaylı müharibələr, siyasi çəkişmələr, döyüşlər bir çox arxivlərin dağıdılmasına səbəb olmuş və yaxud arxivlər davam edən müharibələrdə qalib gəlmiş dövlətlər tərəfindən mənimsənilmişdir. Buna görə də Ağqoyunlu və Səfəvi dövlətlərinin iqtisadi həyatından bəhs edərkən, başlıca olaraq həmin imperiyaların ərazilərində olmuş Avropa, rus səyyahlarının, diplomatlarının məlumatlarına istinadlanmalı oluruq. Bu məlumatların həqiqəti nə dərəcədə əks etdirdiyini dəqiq söyləyə bilmərik. Buna görə də onların məlumatları Ağqoyunlu və Səfəvi imperiyalarının ictimai-iqtisadi həyatını bütünlüklə əks etdirə bilməz. Vaxtilə həm Qərb dünyasının, həm də Osmanlı imperiyasının varlığında mühüm rol oynamış bu imperiyaların ictimai-iqtisadi həyatı çox zəngin olmuşdur. Bu baxımdan Osmanlı imperiya arxivinin qorunub saxlanması Ağqoyunlu və Səfəvi imperiyalarının ictimai-iqtisadi həyatını öyrənmək üçün çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də tədqiqat işində imkan daxilində Azərbaycan tarixçilərinn Ağqoyunlu və Səfəvi imperiyalarının iqtisadi və siyasi həyatından bəhs edən elmi məqalələrindən, monoqrafiyalarından, Qərbdə və Türkiyədə, İranda nəşr olunmuş tədqiqat əsərlərindən istifadə etmiş, həmin imperiyaların iqtisadi həyatı haqqında aydın təsəvvür yaratmağa çalışmışıq. Ağqoyunlu və Səfəvi imperiyalarının iqtisadi həyatında isə əsas yeri xarici ticarətin tutduğunu nəzərə alsaq, Qərb arxivlərində həmin imperiyaların iqtisadi həyatı ilə bağlı olan sənədlərin mövcudluğu şübhəsizdir.

Azərbaycan tarix elmindən bəhs edərkən Ağqoyunlu və Səfəvi imperiyaları tarixinin, xüsusilə onların ictimai-iqtisadi tarixinin ayrı-ayrı məsələlərinin araşdırılmasına İ.P.Petruşevskinin böyük təsirini qeyd etmək lazımdır. Onun Ağqoyunlu və Səfəvi imperiyalarının tarixinə həsr olunmuş əsərləri Vətən tarixşünaslığında bu sahə ilə maraqlananlar üçün ciddi faktlar mənbəyi olmuşdur. Bu isə öz növbəsində Azərbaycan tarixşünaslığında Ağqoyunlu və Sə3fəvi tarixi ilə bağlı olan elmi məqalələrin və monoqrafiyaların meydana çıxmasına şərait yaratmışdır. Həmin müəlliflər də bu tarixi dövrü araşdıran zaman Ağqoyunlu və Səfəvi imperiyalarının ticarət əlaqələrinə müəyyən dərəcədə diqqət yetirmişlər. Bu baxımdan Azərbaycan tarixşünaslığında C.M.İbrahimovun (12; 211; 212), O.Ə.Əfəndiyevin (7; 325; 326) araşdırmaları diqqəti cəlb edir. O.Ə.Əfəndiyevin araşdırmalarının mühüm cəhəti ondan ibarətdir ki, o, elmi axtarışlarında Şərq mənbələri ilə yanaşı, Qərb mənbələrinə də geniş yer vermiş və bu istiqamətdə sanballı elmi əsərlər nəşr etdirmişdir. Səfəvi-Osmanlı münasibətlərinə xeyli yer ayırmış O.Ə.Əfəndiyev Azərbaycan tarix elminə, bu imperiyalar arasındakı ticarət əlaqələrinə, xüsusilə Səfəvi-Qərb ticarətinə dair yeni, qiymətli mənbə məlumatları əlavə etmişdir. Problemin öyrənilməsinə yardım edən elmi araşdırmalar arasında digər Azərbaycan tarixçiləri Ə.Ə.Rəhmaninin (281; 282; 283) və M.Heydərovun (192; 193; 194) əsərlərini xüsusi olaraq qiymətləndirmək lazımdır. M.Heydərov Azərbaycanın nəzərdən keçirilən dövrdəki iqtisadi və ictimai həyatına həsr etdiyi əsərlərində ölkənin bölgədəki və beynəlxalq aləmdəki iqtisadi mövqeyinə aydınlıq gətirmişdir. Onun Azərbaycanın orta əsrlər şəhər həyatına dair əsərləri dünyanın orta əsr şəhərlərinin iqtisadi həyatına həsr olunmuş araşdırmalar arasında müstəsna yer tutur. Orta əsrlərdə Azərbaycanın ticarət həyatının araşdırılması sahəsində Y.M.Mahmudovun da xüsusi əməyi vardır. Ağqoyunlu və Səfəvi imperiyalarının qarşılıqlı əlaqələrini mənbələr, yerli və xarici ədəbiyyat əsasında araşdırmış Y.M.Mahmudov bu iki imperiyanın Qərb ölkələri və Osmanlı imperiyası ilə ticarət əlaqələrinə də geniş yer vermiş, Azərbaycanın Osmanlı imperiyasının və Qərbi Avropa ölkələrinin iqtisadi həyatına mühüm təsir göstərdiyini sübut etmişdir. Y.M.Mahmudovun bu dövrlə bağlı olan bir çox əsərləri Azərbaycan tarix elmini xeyli zənginləşdirmişdir (17; 18; 19; 20; 21; 22; 23; 24; 25; 26; 243; 244; 245). Y.Mahmudovun Azərbaycanın Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələrinə dair xeyli məqaləsi də vardır. O, həmin məqalələrdə Azərbaycanın xarici ticarət əlaqələrinə geniş toxunmuş, ipəyin ticarət əlaqələrində əvəzsiz rol oynadığını göstərmişdir. Ölkəmizin səfəvişünas alimlərinin müəllimi sayılan Ə.M.Şahmalıyevin (320; 321; 322) də Azərbaycanın Qərbi Avropa ölkələri ilə qarşılıqlı ticarət əlaqələri barədə qiymətli əsərləri vardır. Bu cəhətdən B.A.Əhmədovun Azərbaycanın İngiltərə ilə ticarət əlaqələri barədə əsərlərini də xüsusi qeyd etmək lazımdır (8; 9; 158; 159; 160). Nəzərdən keçirilən dövrü mənbələr əsasında araşdırmış müəllif İngiltərənin Ost-Hind şirkətinin Şərq ticarətini ələ keçirmək üçün həyata keçirdiyi niyyətləri aşkara çıxarmış və bu şirkətin İran körfəzində işğalçılıq məqsədi güddüyünü göstərmişdir.

O.Ə.Əfəndiyev, M.X.Heydərov və Y.M.Mahmudov tərəfindən zənginləşdirimiş Azərbaycan medievistikasının mühüm məsələləri XX əsrin 70-ci illərindən Vətən tədqiqatçılarının diqqət mərkəzindədir. Bu baxımdan S.M.Onullahinin əməyi xüsusilə diqqətəlayiqdir. Onun "Təbriz şəhərinin tarixi" (31) monoqrafiyasında Azərbaycanın xarici ticarət əlaqələri çoxsaylı mənbələr əsasında araşdırılmışdır. S.B.Aşurbəylinin (1; 162; 163; 164; 165; 166; 167), Ş.F.Fərzəliyevin (11), A.M.Fərzəliyevin (308), S.Ə.Vəzirovun, A.S.İsayevin (39), Ş.K.Məmmədovanın (27), S.A.Məmmədovun (242) əsərlərində də Azərbaycanın xarici ticarət əlaqələrinə dair məlumatlar az deyildir. Azərbaycanın xarici ticarət əlaqələrinə dair məlumatlar D.Həsənzadənin (190; 190а), Y.Gözəlovanın (11a), R.Muğanlinckinin (252a), Z.Həsənəliyevin (11b), Ç.Qurbanovanın (238; 239), Ş.M.Mustafayevin (253), E.Mirzəyevanın (28; 248a) və digərlərinin məqalə və monoqrafiyalarında da vardır.



Ağqoyunlu və Səfəfi imperiyaları tarixinin ayrı-ayrı məsələləri daim xarici ölkə tarixçilərinin diqqət mərkəzindədir. Yalnız onu qeyd etmək kifayətdir ki, ötən bir neçə ildə ABŞ-da, Avropa ölkələrində, Rusiyada, İranda və Türkiyədə orta əsrlərlə bağlı olan xeyli ədəbiyyat işıq üzü görmüşdür. Azərbaycanın hüdudlarından kənarda nəşr olunmuş həmin əsərlərdə Ağqoyunlu və Səfəvi imperiyalarının tarixinə də geniş yer verilmişdir. Bu isə Ağqoyunlu və Səfəvi imperiyalarının orta əsrlərdə beynəlxalq aləmdə baş vermiş proseslərdə ciddi rol oynadıqları faktı ilə bağlıdır. Dünya dövlətlərinin bir qismi bu impreiyalarla əlaqələrdə siyasi, digər hissəsi isə iqtisadi maraqlar güdürdü. Buna görə də xarici ölkə tarixçiləri orta əsrlər tarixini araşdırarkən həmin imperiyalara münasibətdə də özəl yanaşma tərzini nümayiş etdirirlər. Təbiidir ki, xarici tədqiqatçılar obyektivliyə tam əməl etmirlər, lakin onların əsərlərində Vətən tarixi üçün qiymətli olan materiallar vardır. Bu müəlliflərin əlimiz yetməyən mənbə və sənədlərdəki məlumatlara əsaslanan əsərləri faktiki material baxımından bizə yardımçı olur. Xarici ölkələrin tarixşünaslığında da Avropa ölkələrinin Azərbaycanla ticarət əlaqələri xüsusi tədqiqat obyekti olmamış və həmin problemə qarşılıqlı münasibətlər çərçivəsində toxunulmuşdur. Həmin əsərlərdə başlıca olaraq dünya bazar sisteminin yaradılması prosesi diqqət mərkəzində olmuş, "Avropa və Dünya iqtisadiyyatı"ının təşəkkülündə Şərqin rolu xüsusilə qeyd olunmuşdur. Şərq dünyasında isə Azərbaycanın rolu danılmazdır. Bu cür yanaşma İ.P.Petruşevskinin (267; 268), M.A.Abidovanın (151), V.A.Zarinin (203) əsərlərində öz əksini tapmışdır. Onlar nəzərdən keçirilən dövrdə Qərb və Şərq iqtisadi həyatında baş vermiş uyğunsuzluğun səbəblərini araşdırmağa çalışmışlar. Həmin problemlər fransız alimi F.Brodelin "Maddi sivilizasiya" əsərində daha geniş təhlil edilmişdir. O, bir çox tarixi mərhələlərdə baş vermiş proseslərdə sıx bağlılıq görmüş (180) və bunun nəticəsində dünya bazar sisteminin təşəkkülünü izah etmişdir. Qərb-Şərq münasibətlərinə F.Brodelin sonrakı əsərlərində də (56; 181 ) geniş yer verilmişdir. O, həmin əsərlərdə dünya iqtisadiyyatının inkişafında beynəlxalq bazarın yaranma prosesinə toxunmuş, bu bazarın yaranmasında bir sıra əmtəələrin həlledici rol oynadığını göstərmişdir. Məlum olur ki, nəzərdən keçirilən dövrdə dünya iqtisadiyyatında həlledici rol oynamış başlıca əmtəələr ədviyyat, ipək, duz və neft olmuşdur. Qeyd edək ki, bu sərvətlərin hamısı Azərbaycanda vardı və xarici ölkələrin bazarlarına çıxarılırdı. F.Brodel Avropa-Şərq münasibətlərində Osmanlı imperiyasının roluna xüsusi yanaşmış, Konstantinopolun (İstanbul) osmanlılar tərəfindən fəthindən (1453-cü ildə) sonra dünya iqtisadi sistemində baş vermiş əsaslı dəyişiklikləri göstərmişdir. O, qeyd etmişdir ki, həmin dövrdə Osmanlı imperiyası Qərbin Şərqlə ticarətində bir maneəyə çevrilmiş və Qərb ölkələrinin əlləri Hindistanla quru yolla davam edən ticarətdən üzülmüşdü. F.Brodel belə bir qənaətə də gəlmişdir ki, məhz Konstantinopolun osmanlılar tərəfindən fəthi bəzi Avropa dövlətlərini Hindistana çıxış üçün yeni yollar axtarmağa vadar etmiş və nəticədə "Böyük coğrafi kəşflər" baş vermişdi. O, Levant ticarətinə toxunaraq qeyd etmişdir ki, bu ticarət özünün ənənəvi, üstün əhəmiyyətini "Böyük coğrafi kəşflər"dən sonra bir qədər itirdi, lakin tarixi əhəmiyyətini bir neçə əsr ərzində qoruyub saxladı və Avropanın okean ticarətinə çıxışı olmayan dövlətləri üçün başlıca ticarət, sərvət mənbəyinə çevrildi. Qeyd edək ki, əsrlər boyu Levant ticarəti Azərbaycandan geçən karvan yollarının hesabına da fəaliyyət göstərirdi. Beləliklə, F.Brodel Konstantinopolun fəthi ilə dünya iqtisadi istemində baş vermiş dəyişiklikləri əks etdirmiş və avropadaxili münasibətlərdə bunun mühüm rol oynadığını qeyd etmişdir. Bu baxımdan A.M.Svanidzenin (286), M.X. Svanidzenin (287) Osmanlı imperiyasının iqtisadiyyatına həsr etdikləri əsərləri xüsusilə diqqtəlayiqdir. A.M.Petrovun (264) və A.A.Petrovun (263) Avropa ilə Asiya arasındakı ticarət balansına dair dəyərli əsərləri vardır. Müstəmləkəçilik dövründə Qərb dövlətlərinin iqtisadi həyatı və bu dövlətlərin beynəlxalq ticarəti İ.M.Kulişerin əsərlərində (236; 237) öz əksini tapmışdır. Məlumdur ki, Səfəvi dövlətinin iqtisadi həyatında İran körfəzinin müstəsna əhəmiyyəti var idi. XVI əsrin əvvəllərində yaranmış geosiyasi vəziyyətdən istifadə edən qüdrətli dəniz dövləti Portuqaliya bu körfəzdə möhkəmləndi və təqribən 100 il orada ağalıq etdi. Bu məsələlər A.M.Xazanovun (312), V.L.Bodyanskinin (179) N.N.Tumanoviçin (303) əsərlərində özünün geniş əksini tapmışdır. Y.S.Zevakinin (205; 206) əsərlərində Səfəvi-Avropa və Səfəvi-Osmanlı iqtisadi münasibətlərinə geniş toxunulmuş və müəllif həmin dövrdə Levant ticarətinin beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb etdiyini açıqlamışdır. Məlumdur ki, orta əsrlərdə müasir İtaliya ərazisində mövcud olmuş dövlətlər Şərqlə, o cümlədən Azərbaycanla sıx iqtisadi əlaqələrə malik idilər. Azərbaycandan keçən ticarət karvanlarının əksəriyyəti İtaliya ərazisindəki dövlətlərə doğru istiqamətlənirdi. Həmin dövlətlərin iqtisadi və siyasi həyatını Azərbaycandan kənarda təsəvvür etmək qeyri-mümkün idi. Bu baxımdan C.Luççatto (241)-nun və N.P.Sokolovun (298) əsərləri ciddi əhəmiyyət kəsb edir. Orta əsrlərdə dünya ticarət bazarının təşəkkülündə müstəmləkəçilik mühüm rol oynamışdır. Buna görə də müstəmləkəçiliyin tarixi mərhələlərinin öyrənilməsi Qərb və Şərq iqtisadi sisteminin inkişaf xüsusiyyətlərinin də nəzərdən keçirilməsini labüd edir. Bu baxımdan M.O.Mnatsakanyanın (250), S.N.Sıromyatnikovun (300), M.Tomaranın (303), Q.İ.Çıpurinanın (315; 316), V.P.Oltarjevskinin, T.E.Beydinin, Q.A.Voronkovun (259), L.A.Semyonovanın (290) əsərləri də az əhəmiyyət kəsb etmir. Orta əsrlərdə Azərbaycan-Moskva ticarət əlaqələri ölkənin Avropa ilə münasibətlərində müstəsna rol oynayırdı. Baş ticarət yollarının bir xətti də Volqa-Xəzər yolu idi. Hələ qədim zamanlardan müasir Rusiya ərazilərində olan dövlətlərlə Azərbaycan arasındakı ticarət orta əsrlərdə daha da intensivləşdi. Azərbaycanla - Moskva knyazlığı arasında böyük ticarət dövriyyəsi var idi. Azərbaycandan bu ölkəyə xam neft, duz, ipək və digər mallar ixrac olunurdu. Bu məsələlər K.V.Kostrinin (231), M.A.Polievktovun (272), M.V.Fexnerin (309), N.Q.Kukanovanın (235), N.İ.Kostomarovun (230) əsərlərində öz əksini tapmışdır. Osmanlı-Avropa və Osmanlı-Səfəvi iqtisadi əlaqələrinə dair məlumatlara N.A.İvanovun (213), M.S.Meyerin (246) əsərlərində də rast gəlmək mümkündür. Bu baxımdan S.F.Oreşkovanın redaktəsi və digər müəlliflərin iştirakı ilə nəşr olunmuş tədqiqat əsərləri (260) də aktuallıq təşkil edir. Lakin bu istiqamətdə Türkiyə tarixçiləri müstəsna mövqeyə malikdirlər. Onlar Türkiyənin həmin dövrünün iqtisadi həyatını ayrıca tədqiqat obyekti kimi araşdırmışlar. Bu elmi əsərlərdə Osmanlı-Səfəvi-Avropa ticarət əlaqələrinə də geniş yer verilmişdir. Bu baxımdan İ.H.Uzunçarşılının əsərləri xüsusilə fərqlənir. Onun əsərlərində (137; 138; 139; 140) Osmanlı-Səfəvi, Osmanlı-Avropa iqtisadi münasibətlərinə də diqqət yetirilmişdir. Osmanlı-Avropa münasibətlərində Osmanlı sultanlarının iqtisadi sahədə həyata keçirdiyi güzəşt siyasəti Avropa dövlətlərinin bu imperiyaya qarşı birləşməsinə başlıca əngəl olmuşdur. Həmin məsələlər Cahit Doğanın (65) əsərlərində daha incə şəkildə işıqlandırılmışdır. Bu problemlər Ahmet Akgündüzün, Said Öztürkün (40), Sabahaddin Zaimin (150), Halil İnalcıkın (83; 84; 85; 86; 87; 88; 89; 90; 91; 215), Fahri Dalsarın (63), Şerafettin Turanın (133; 134), İsmayil Soysalın (124), Halil Yınanç Mükrimin (111), Neşet Çağatayın (61), Hakı Aydının (78), Mehmet Bulutun (58), Salih Özbaranın (114), Ahmet Tabakoğlunun (129), Zekeriye Kitapçının (101), Öztüna Yılmazın (115; 116; 117; 118), Fahrettin Kırzıoğlunun (100), Orhan Burianın (59), Abdullah Gündoğdunun (76), İmmanuel Vallerştein-Faruk Tabakın (142), Bekir Kütükoğlunun (106), Atasoy Nurlanın (45), Göknur Gögebakanın (73), Sennur Şenelin (128), İlhan Ekinçinin (68) əsərlərində öz əksini tapmışdır.

Osmanlı-Avropa, Osmanlı-Səfəvi iqtisadi münasibətlərinə dair xeyli material xaricdə nəşr olunmuş digər əsərlərdə də vardır. Bu materialların tədqiqi həm Osmanlı, həm də Səfəvi imperiyalarının iqtisadi qüdrəti barədə nəticələri aşkara çıxarır. Təqdim olunan tədqiqat işində həmin əsərlərdən istifadə etməklə bu nəticələr barədə aydınlaşdırmalar aparmağa cəhd etdik. Bu əsərlər ingilis, fransız, italyan, fars dillərindədir və dissertasiyanın sonunda - ədəbiyyat siyahısında təqdim olunmuşdur (328-368; 369-373; 374-386).




II FƏSİL

XV ƏSRİN II YARISINDA AZƏRBAYCANIN QƏRBİ AVROPA ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİ VƏ OSMANLI DÖVLƏTİ
2.1. XV əsrin II yarısında Azərbaycanın iqtisadi həyatı və Azərbaycan-Qərbi Avropa münasibətlərində iqtisadi amilin rolu.
Azərbaycan qədim zamanlardan Şərq-Qərb istiqamətində təşəkkül tapmış, inkişaf edən ticarət sisteminin tərkib hissəsi sayılırdı. Qədim dövrdə və orta əsrlərdə Şərq ölkələri ilə Avropa arasında ticarət əlaqələri başlıca olaraq Qara dəniz və Aralıq dənizi sahillərindəki ticarət mərkəzləri vasitəsilə həyata keçirilirdi (22 , 24). Dünyanın ən məşhur ticarət yolları, Çindən Aralıq dənizi sahillərinə yönəlmiş "Böyük ipək yolu" Azərbaycan ərazisindən keçirdi (25, 53-57; 22, 24). Tarixdə mühüm rol oynamış "Böyük ipək yolu" Avropa ilə Asiya arasında ticari, iqtisadi və mədəni əlaqələrin inkişafına əsaslı təkan vermiş, həmin ərazilərdə yerləşən dövlətlərin başlıca gəlir mənbəyinə çevrilmişdi. Bizim e.ə. təxminən, ikinci əsrdə yaranmış bu əlaqələr "Böyük coğrafi kəşflər"in başlanması, dünya ticarətinin dəniz yolları vasitəsilə həyata keçməsi nəticəsində öz əhəmiyyətini bir qədər itirdi. Təsadüfi deyildir ki, müasir dövrdə "Böyük ipək yolu" yeni əsaslarda bərpa edilir. Enerji ehtiyatları ilə zəngin olan, Şərq və Qərb aləminin diqqət mərkəzində qalan bu yola Qərb dövlətləri həm də Şərq dövlətləri ilə hərtərəfli əlaqələrin davam etdirilməsinin mühüm bir vasitəsi kimi yanaşırlar. Qlobal siyasətin həyata keçməsində xüsusi əhəmiyyətə malik olan, əsrlərin sınağından çıxmış bu yol həmin ərazilərdə yerləşən Şərq dövlətlərinin də bir-biri ilə yaxınlaşmasında həlledici rol oynaya bilər. Bu dövlətlərin qovuşma nöqtəsi isə Xəzər dənizidir. Azərbaycan Avropa və Asiya arasında daim qovuşma məntəqəsi olmuş və bu mövqeyini hal-hazırda da qorumaqdadır.

Şərqlə Qərb arasında ticarət əlaqələrinin tarixi çox qədimdir, lakin mənbələrdə bu əlaqələrin əks olunması intensivliyi b.e.ə. ikinci əsrə təsadüf edir. Bu isə qədim Roma ədəbiyyatında məhz həmin dövrdə ticarət əlaqələrində əsas gəlir mənbəyi hesab edilmiş ipəyin adının çəkilməsi ilə bağlıdır. Tədqiqatçılar güman edirlər ki, burada adı çəkilmiş ipək parçalar Çin mənşəlidir. Buna qədər isə Şərqdə toxuculuq sənəti özünün intensiv inkişaf dövrünü keçirirdi. Hələ bizim eradan bir neçə min il əvvəl Şərqin qədim xalqları (türklər, misirlilər, hindlilər, çinlilər) nəinki incə ipək, kağız, yun sapların alınmasında xeyli uğurlar qazanmış, habelə boyanmasında və toxunmuş parçalar üzərində müxtəlif rəsmlərin təsvirlənməsi sahəsində böyük nailiyyətlər əldə etmişdilər. Toxuculuq məhsulları tədricən məhz bu ərazilərdən bütün dünyaya yalılmağa başlamışdı (274, 3-5; 300, 3).

Orta əsrlərə aid olan elmi ədəbiyyat və mənbələr sübut edir ki, Şərqlə Qərb arasında Pamir dağları və Amur çayı ətrafından keçən Böyük Transasiya ticarət yolunda (207, 112), Avropa-Çin əlaqələrində Orta və Ön Asiyanın tacirləri kimi, Azərbaycan tacirləri də əsrlər boyu əvəzsiz rol oynamışlar. Təbiidir ki, bu cür əlaqələr Azərbaycanı qədim və orta əsrlərdə beynəlxalq əlaqələrin və ticarət yollarının kəsişdiyi bölgəyə çevirmişdi (288, c.1, 6). Elə buna görə də Azərbaycanın Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri dərin iqtisadi köklərə malikdir (245, 33). Azərbaycan ticarət əlaqələrinin həyata keçməsində ən əlverişli məntəqə sayılırdı. Çünki Asiyaya daxil olmaq üçün Qafqaz dağlarından keçən ən faydalı yol Azərbaycan ərazisindən keçirdi. Qədim zamanlardan dünya ticarət əlaqələrində özünəməxsus yer tutmuş Azərbaycana maraq böyük idi. Bu maraq, orta əsrlərdə dünyada baş vermiş dəyişikliklər Azərbaycana gələn səyyahların sayını da artırmışdı. Həmin səyyahlar isə öz qeydlərində Azərbaycanın qədim iqtisadi əlaqələri haqqında qiymətli məlumatlar vermişlər.

XV əsrin II yarısında Azərbaycan Ağqoyunlu imperiyasının güclənməsi elə bir zamana təsadüf etmişdi ki, bu tarixi məqamda Şərqdən mənimsənilmiş bilgilər və təcrübələr hesabına Avropa ölkələrində sürətli dəyişikliklər baş verir, dənizçilik elmi inkişaf edirdi. Avropada tərəqqi elə həddə çatmışdı ki, kompas avropalılar üçün «kəşf» olunmuşdu. Tədqiqatçılar Avropada sürətli dəyişikliklərin baş verməsinin bir sıra amillərlə bağlı olduğunu qeyd edirlər. Onların bir qismi belə hesab edir ki, Avropada istehsal vasitələrinin inkişafı və Qərbi Avropa dövlətlərinin yaşayış tərzinin yüksəlişi həmin sürətli tərəqqinin səbəbləri idi. Araşdırıcıların bir qismi isə Xaç yürüşlərini (1096-1270) bu yüksəlişin səbəbi hesab edir (264, 180-181). Lakin bəzi tədqiqatçıların (məsələn, İ.Herderin) fikrincə, avropalılar hələ Xaç yürüşlərinə qədər ərəblərlə ticarət etmişlər. İ.Herderin fikrincə, XII-XIII əsrlərdə Avropa tacirlərinin Levant ticarətində geniş əməliyyatlar aparmasının səbəbi həmin dövrdə Avropada latın dövlətlərinin dünya iqtisadi və siyasi səhnəsinə çıxması olmuşdur. Bu isə inkişafa güclü təkan vermiş və Avropa həmin əsrlərdə böyük iqtisadi uğurlar qazanmışdı (195, 592-595). Bu yüksəliş, inkişaf prosesi XV əsrə qədər davam etdi. XV əsrin ikinci yarısında isə osmanlıların Şərqi Aralıq dənizində üstünlüyə tam yiyələnmələri Qərbi Avropanın yeni inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynadı. Yəni, XV əsrdə baş vermiş həmin dəyişikliklər nəticəsində avropalılar Afrikanı dövr etməklə Hindistana gedib çıxdılar. Azərbaycan tarixində də məhz bu məqamdan etibarən xüsusi bir dövr başlandı. Avropa-Azərbaycan qarşılıqlı əlaqələri müntəzəm hala çevrildi.

Orta əsrlərdə Azərbaycan-Avropa qarşılıqlı əlaqələri xeyli intensivləşdi. Bu, bir tərəfdən Avropada baş vermiş dəyişikliklərlə bağlı idisə, digər tərəfdən Azərbaycanın coğrafi mövqeyi, dünya ticarətində xüsusi tələbata çevrilmiş əmtəələrin (məhsulların) ölkədə qədim zamanlardan hasilatı, istehsalı ilə bağlı idi. Belə bir vəziyyətin yaranmasında Azərbaycanın hələ XV əsrə qədər müəyyən dərəcədə vahid siyasi sistem hüdudlarında olması mühüm rol oynadı. XI-XII yüzilliklərdə Azərbaycanın da daxil olduğu böyük bir ərazi Səlcuqların (1038-1157) hakimiyyəti altında olmuşdur. Səlcuqlar dövründə daxili və beynəlxalq ticarətə ciddi əhəmiyyət verilirdi. Pambıq, yun, ipək və digər yerli məhsullar dünyanın əksər ölkələrində başlıca tələbata çevrilmişdi. Bu məhsulların içərisində isə ipək XIII yüzillikdən XVIII yüzilliyə qədər Avropada dövlətlərarası dəyişikliklərinin və zənginliklərinin başlıca qaynağı olmuşdur. Xam ipək və ipək parçalar beynəlxalq ticarətdə ən nüfuzlu bir mövqe tuturdu. Məlumdur ki, səlib (xaç) yürüşləri nəticəsində Qərblə Şərqi birləşdirən ticarət yolları Suriya, Fələstin və Misir ərazilərindən keçirdi. Lakin XIII əsrin II yarısında səlibçilərin Şərqi Aralıq dənizi hövzəsində öz mövqelərini itirməsi ilə ticarət yolları hissə-hissə Azov dənizinə və Qara dənizə keçməyə başladı (152, 154-155; 88, c.1, 269). Amma buna baxmayaraq, Qərbi Avropa ilə ticarət əlaqələri hələ lazımi səviyyədə deyildi. Həmin əlaqələr müasir Rusiya ərazisində mövcud olmuş dövlətlərin ərazilərinin də qatıldığı Çingiz xan imperiyası dövründə geniş vüsət aldı (288, c.1, 13). Bu dövrdə Ön Asiya ilə Çin arasında karvan ticarəti özünün inkişafında elə bir mərhələyə çatdı ki, nə bundan öncə, nə də sonra belə bir inkişaf səviyyəsi olmamışdır (174, c.6, 189-191).

Monqolların hərbi–siyasi fəallığı dövrünə qədər isə Qərbi Avropa rəsmi dairələri Uzaq Şərqlə o qədər də maraqlanmırdılar. Monqollar tarix səhnəsinə meydana çıxdıqdan sonra avropalı səyyahlar və tacirlər Şərqi Avropanı və Qızıl Orda imperiyasının ərazisini keçərək Çinə gedirdilər (4, 77). Bu dövrdə avropalıların dünyanın böyük ərazilərinə sahib olmuş monqol hökmdarları ilə yaxınlaşmasında digər bir amilin rolu vardı: Avropalılar Misirin müsəlman sultanlarına düşmən münasibət bəsləyirdilər. Həmin dövrün karvan ticarətində Misirin mühüm rolu var idi. Bu bölgə güclü müsəlman sultanlarının nəzarəti altında olduğuna görə, ona sahib olmaq müşkül məsələ idi. Bu maneə aradan qaldırılardısa Avropa tacirləri və missionerləri yalnız Orta (Mərkəzi) Asiyadan keçən karvan yolundan deyil, İran ərazilərindəki limanlardan istifadə etməklə dəniz yolu ilə Hindistana və Çinə çıxa bilərdilər. Həmin dövrdə Avropa ölkələri sürətli inkişaf yoluna çıxmışdılar, lakin mədəni üstünlük hələ müsəlman dünyasına məxsus idi (174, c.6, 191).

Monqolların hökmranlığı dövründə karvan ticarətinin yüksək inkişaf mərhələsində olduğunu məşhur siyasi xadim və tarixçi Fəzlullah Rəşidəddin (1247-1318) də təsdiq edir (307, 5-360). Elə bunun nəticəsi idi ki, İran və Azərbaycan şəhərlərində ictimai münasibətlər monqol hakimiyyəti dövründə ciddi dəyişikliklərə məruz qaldı, fasiləsizlik şəhər həyatının yüksəlişində başlıca təmayülə çevrildi, bu isə istehsalda və ticarət həyatında özünü göstərdi, şəhər əhalisinin, xüsusilə sənətkarların təşkilatlanmasında ciddi rol oynadı (175, 121). Vahid monqol imperiyası dağıldıqdan sonra İran və Azərbaycan ərazilərinin də daxil olduğu Hülakülər (Elxanilər) dövründə də ictimai-iqtisadi həyatda bu proseslər davam edirdi (153, 55–56). Elxanilər dövründə ticarətin inkişafına təkan vermiş amillərdən biri də hökmdar nəzarəti altında olan ərazilərdə dövlət sərmayəsinə əsaslanan Ortaq ticarət şirkətlərinin dövlətin hər tərəfində eyni əsaslara və eyni qanunlara tabe olması şərtilə təsis edilməsi idi. Dövlət xəzinəsindən kredit alan Ortaqlar bütün dörd Ulusda hakim olan, ciddi ticarət müəssisələri idilər (130, 309).


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə