Azərbaycan miLLİ elmlər akademiyasi


IV Fəsil XVI ƏSRİN II YARISINDA VƏ XVII ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANIN QƏRBİ AVROPA ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİ VƏ TÜRKİYƏ



Yüklə 2,89 Mb.
səhifə9/14
tarix17.10.2017
ölçüsü2,89 Mb.
#5156
1   ...   6   7   8   9   10   11   12   13   14
IV Fəsil
XVI ƏSRİN II YARISINDA VƏ XVII ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANIN QƏRBİ AVROPA ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİ VƏ TÜRKİYƏ

4.1. XVI əsrin II yarısında Avropa dövlətlərinin Şərq sərvətləri uğrunda mübarizəsi və bu mübarizəyə Səfəvi və Osmanlı imperiyalarınnın təsiri.

XVI əsrin II yarısında Azərbaycanın geosiyasi vəziyyət hələ də ağır idi. Lakin Səfəvi–Osmanlı münasibətlərində müsbət dəyişikliklər baş vermiş və 1555-ci il mayın 29-da Amasyada iki imperiya arasında sülh müqaviləsi imzalanmışdı. Bu sülh müqaviləsinə əsasən Səfəvi şahı İraq və Şərqi Anadolu kimi dəyərli ərazilərini itirməsi ilə barışdı. Gürcü knyazılıqları da Səfəvi və Osmanlı dövlətləri arasında bölüşdürülürdü. İmereti (Açıkbaş), Minqreli (Dadiyan), Gurieli (Guria) knyazlıqları bundan sonra Osmanlı imperiyasına keçirdi. Kartli, Kaxeti və Mesxiya knyazlıqları Səfəvi dövləti tərkibində qalırdı. İndiki Batum-Axıska bölgəsi də osmanlılara keçirdi. Beləliklə, indiki Gürcüstan və indiki «Ermənistan»ın qərb əraziləri Osmanlı imperiyasının təsir dairəsinə, indiki Gürcüstanın şərq və indiki «Ermənistan»ın qalan hissələri Səfəvilər imperiyasının təsir dairəsinə düşürdü (116, c.6, 170-172; 26, 180; 64, c.2, 294-295; 140, c.2, 349-350; 197, 42). XVI əsrin II yarısı beynəlxalq ticarət sistemində də dəyişikliklərlə müşayiət olundu. Belə ki, Aralıq dənizi inhisarının aradan qaldırılması və ticarətin okeanlara yayılması ilə əlaqədar olaraq bu vaxta qədər dünyanın ən güclü ticarət imperyası sayılmış Venesiya artıq öz nüfuzunu itirdi. Onun ticarət dairəsi məhdudlaşdı. Lakin buna baxmayaraq, Venesiya ticarəti osmanlılar üçün hələ də mühüm əhəmiyyət kəsb edirdi. Bunun səbəbi isə onda idi ki, Osmanlı imperiyası Avropa-Asiya ticarətində venesiyalıların vasitəçiliyinə son qoymaqda maraqlı deyildi. Çünki XVI əsrdə və XVII əsrin birinci yarısında Venesiyanın iqtisadi cəhətdən çiçəklənməsində və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində mühüm rol oynamış bu vasitəçilik Osmanlı imperiyasının da xəzinəsinə külli miqdarda mənfəət gətirirdi. Osmanlı sultanları venesiyalıların qarşılıqlı yardımı hesabına böyük həcmdə gömrük rüsumları əldə edirdilər. Avropada o qədər də sevilməyən türklər venesiyalıların vasitəçiliyindən istifadə edir, Avropaya türk və digər Şərq məhsullarını çıxarır, Avropa sənayesinin mühüm əhəmiyyət kəsb edən əmtəələrini (silah, mahud, bər-bəzək əşyaları və s.) alırdılar (322, 119). XVI əsrin II yarısında Avropa həyatında baş verən sürətli dəyişikliklər qitənin inkişafında iri sıçrayışlarla müşayiət olunurdu. Lakin Avropanın XVI əsr boyunca xeyli uğur qazanmasına, ümumidünya tarixində rolunu artırmasına, bir çox qitələrə əl uzatmasına baxmayaraq, Asiya hələ də ən böyük, güclü, zəngin və mühüm qitə mövqeyini mühafizə edirdi. Bu dövrdə Azərbaycan Səfəvilər və Osmanlı imperiyaları dünyanın iki güclü subyekti idi. Bu imperiyalar arasında baş verən müharibələr, onların iqtisadi və siyasi həyatına zərbələr vurmuşdusa da, yüksəliş hələ də davam edirdi. Osmanlı imperiyası Anadolunu və Ərəbistanı demək olar ki, tam ələ keçirmişdi. Afrika qitəsinin ən böyük hissəsi də osmanlıların əlində idi. Azərbaycan Səfəvilər imperiyası indiki Gürcüstanın Qara dəniz sahillərini itirsə də, bütün Qafqazı əlində saxlayırdı. Osmanlı imperiyası Qafqazı Səfəvi imperiyasından qoparmağa çalışırdı. Bu dövrdə səfəvilər Osmanlı imperiyası tərəfindən Ərəbistandan tamamən çıxarılmışdılar (118, 133-141).

Avropada ilkin müstəmləkə işğalları Habsburqlar evi ətrafında qruplaşmış qüvvələrin mövqeyini möhkəmləndirdi. XVI əsrdə bu evə İspaniyadan başqa Avstriya, Hollandiya, Neapol krallığı, Milan hersoqluğu, Almaniya imperiyası, Çexiya və digər ərazilər daxil idi. V Karl özünün ayrı-ayrı yerlərdə olan ərazilərini "vahid ümumxristian imperiyasına" çevirməyə cəhd edirdi (203, 130-131; 276, 323). Habsburqların iddiaları bu dövrdə Qərbi Avropada milli dövlət yaratmağı qarşılarına məqsəd qoymuş dövlətlərin maraqları və Avropada kapitalizmin yaranması üçün ilkin ictimai–iqtisadi şərtlərin inkişafı ilə tərs mütənasib idi. XVI əsrin birinci yarısından başlayaraq Fransada mövcud olan mütləq monarxiya və geniş yayılan kilsə islahatları (XVI əsrdə Qərbi Avropada katolik kilsəsinə və Papa hakimiyyətinə, feodalizmə qarşı dini mübarizə şəklində cərəyan edən ictimai–siyasi hərəkat) Habsburqların Avropada hökmranlığına qarşı başlıca maneə idi. Fransa həyatı üçün də səciyyəvi xüsusiyyət ondan ibarət idi ki, qonşu İspaniyaya nisbətən bu ölkə XVI əsr boyunca yüksəliş dövrünü yaşayırdı. Həmin dövrdə isə İspaniyada iqtisadi, bunun ardınca isə siyasi böhran baş verdi. XI Lüdovikin dövründə təşkkül tapmaqda olan Fransa mütləqiyyəti XVI əsr boyunca və XVII əsrdə iqtisadi və siyasi çiçəklənmə dövrünü yaşayırdı. Habsburqların "ümumxristian imperiyası" yaratmaq planı qarşısında duran ikinci maneə isə Aralıq dənizində «Osmanlı təhlükəsi» və Balkan yarımadasında osmanlıların hücumu, onların Macarıstana və Avstriyaya yürüşləri idi. Bu isə avropadaxili mübarizə ilə çox yaxşı uzlaşırdı. Bir sıra Avropa dövlətlərində mövcud rejimlər də bu mübarizəni daha da şiddətləndirirdi. Tədqiqatlar sübut edir ki, XVI əsrin II yarısında Avropa dövlətləri içərisində İspaniya mütləqiyyətinin həm Avropada, həm də müstəmləkələrdə və beynəlxalq münasibətlərdə siyasəti açıq şəkildə feodal irticasını əks etdirirdi. Bu isə avropadaxili münasibətələrə ciddi təsir göstərirdi. Məhz bunun nəticəsində də İspaniya monarxiyasının siyasətinə qarşı müxalifət təşəkkül tapdı və kapitalist dəyişiklikləri daha sürətlə Hollandiyada və İngiltərədə baş verdi. Hollandiyada «burjua inqilabı» adlanan ilk «üsyan» baş verdi və ölkə İspaniya kralının hakimiyyətindən xilas oldu (203, 132-133; 198, 64-81). Hollandiyanın ardınca İspaniya ilə mübarizəyə İngiltərə qoşuldu. Buna görə də İspaniyanın Avropada hökmranlıq uğrunda mübarizəsi məğlubiyyətlə nəticələndi. Bundan sonra Hollandiyanın, İngiltərənin İspaniyanın və Portuqaliyanın inhisarında olan ticarət yolları, müstəmləkə əraziləri uğrunda mübarizəsi başlandı. XVI əsrin sonlarında Avropada ərazi dəyişiklikləri ilə birlikdə, iqtisadi proseslər də başa çatdı. Nəticədə XVII əsrin birinci yarısında iqtisadi fəallığın mərkəzi birmənalı şəkildə İtaliya və Almaniyadan Hollandiya və Böyük Britaniyaya keçdi (203, 132-139; 219, 222). Ticarət dövləti kimi İngiltərə Avropa dövlətləri içərisində siyasi səhnəyə digərlərindən daha gec çıxdı. Ada dövləti olduğuna və tutduğu mövqeyə görə İngiltərə sanki beynəlxalq ticarətdə mühüm rol oynamağa məhkum olunmuşdu. Lakin bu dövlət dənizdəki üstünlüyündən istifadə edib fəal ticarət apara bilmir, hanza və italyan tacirlərinin xidmətlərindən istifadə edirdi. Venesiyalılar, genuyalılar və florensiyalılar ingilis aristokratiyası üçün qiymətli Şərq məhsullarını gətirirdilər. İngilislər əcnəbi himayəsindən xilas olmağa çalışır, həmin ölkələrlə birbaşa əlaqələr yaratmağa cəhd edirdilər. Norveçdə ingilis tacirləri peyda olan kimi, hanzalılar onları güc vasitəsi ilə qovur və məhsullarını əllərindən alırdılar. İngilis gəmiləri Aralıq dənizində görünən zaman, genuyalılar onları dənizin dibinə batırırdılar. İngiltərə iqtisadi cəhətdən əcnəbi hökmranlığından xilas olmağın yolunu ingilis mahudunun istehsalını artırmaqda görürdü və onun ixracı ilə bağlı olaraq ilk addım atdı. Bu zamana qədər isə yun İngiltərədən əcnəbilər tərəfindən aparılırdı. Bu zamandan etibarən, İngiltərədə istehsal olunan mahudun ixracı ilə ingilis «Merchant Adventurers» şirkəti məşğul olmağa başladı. Bu şirkət özünün faktoriyasını Brüqqedə, XVI əsrdə Antverpendə yaratdı. Nəticədə ingilislər Antverpendə fəal ticarətlə məşğul olmağa başladılar. Ciddi dəyişikliklər isə XVI əsrin II yarısında-Yelizavetanın hakimiyyəti illərində başladı. Bu dövrdə italyan bankları İngiltərədən yoxa çıxdılar. Belə bir çevriliş əmtəə ticarətində də baş verdi. İngiltərənin Venesiya qalerlərində (çoxavarlı gəmilərdə) ticarət etmələrinə son qoyuldu. İngilislər artıq italyanların vasitəçiliyi olmadan ticarət etməyi bacarırdılar. Hindistana Avropadan yeni dəniz yolunun açılması ilə əlaqədar Şərqin məhsullarını onlar venesiyalılardan deyil, Lissabondan, Antverpendən əldə edirdilər. Kiçik Asiya, Azərbaycan və İran məhsulları üçün onlar Aralıq dənizinə öz gəmilərini göndərirdilər. İngilislər Venesiyada və digər italyan şəhərlərində öz konsulluqlarını təsis edir və italyanlarla əvvəllər onların şəxsi mülkiyyəti hesab olunmuş və digər dövlətlər üçün bağlı olmuş dənizlərdə mübarizəyə girişirdilər. Hanza ilə münasibətlərdə də bu cür dəyişiklik baş verdi. Hanzalıların İngiltərədə malik olduqları imtiyazlar aradan qaldırıldı. 1598-ci ildə isə Londonda hanzalılara məxsus «Stalhof» bağlandı, alman tacirlərinə İngiltərəni iki həftəyə tərk etmək tapşırığı verildi. Yelizaveta İspaniya və Portuqaliyanın «dünyanı öz aralarında bölüşdürmələri» haqqında bağladıqları müqaviləni tanımaqdan imtina etdi. İngiltərə artıq müstəmləkələr uğrunda İspaniyanın və Portuqaliyanın rəqibi kimi meydana çıxdı. İngilislər Hindistana başqa bir yolla çıxış əldə etməyə çalışırdılar. Onlar ticarəti inkişaf etdirmək üçün bütün istiqamətlərdə (Şimali Amerika və Hindistan, Moskva dövləti və Aralıq dənizi) fəaliyyəti genişləndirdilər (236, 139-140). İngiltərə dövlətinə müəyyən qədər geniş yer ayırmağımız səbəbsiz deyildir. Çünki XVI əsrin II yarısında gələcək «dünya ticarət imperiyası şəbəkəsinin» ilkin əsaslarını yaradan İngiltərə dövləti həm Osmanlı imperiyası, həm də Azərbaycan Səfəvilər dövləti ilə iqtisadi və siyasi əlaqələr saxlayırdı. Qərbi Avropa ilə Hindistan arasında birbaşa ticarət əlaqələrinin qurulması dünya ticarət sisteminin təşəkkül tapmasına əhəmiyyətli dərəcədə təsir etdi. Venesiyanın ticarət dünyası tənəzzül etməyə başladı. Beynəlxalq aləmdə Lissabonun ticarət mərkəzinə çevrilməsi ticarət məhsullarının qiymətlərində də rəqabət yaratdı. Bu mənada venesiyalı Cirolamo Priulinin məlumatları çox maraqlıdır. O, gündəliyində yazırdı ki, "Venesiya birjalarında çaxnaşma və ümidsizlik hökm sürür: ədviyyatla dolu olan gəmilər artıq Misirdən az-az gəlməyə başladılar və şərq ədviyyatına tətbiq edilmiş Venesiya qiymətləri Lissabonda müəyyən edilmiş qiymətlərlə rəqabət apara bilmirdilər. Venesiya zadəganlarının varlanmasında mühüm rol oynamış Levant ticarətinin sonu çatdı. İndi artıq qəbul etmək və qiymətləndirmək lazımdır ki, Portuqaliya karavellaları (üç və ya dörd dorlu yelkənli gəmi-D.Ə.) bizə necə böyük ziyan vurmuşlar. Onlar Hindistanın bütün ədviyyatını ələ keçirmişlər. Buna görə də ədviyyat Suriyaya daxil olmur. Bu karavellalar öz səyahətlərini təkrarlasalar, vəziyyət daha da ağırlaşacaq, onlar bütün ədviyyatı əllərində saxlayacaqlar və Suriyaya heç nə gətirmək mümkün olmayacaq" (155, 7-8).


Bu dövrdə Qərbi Avropada (Reyn çayının mənsəbində-D.Ə.) Antverpen, Amsterdam, Brügge və digər yeni ticarət mərkəzləri yarandı. Bu mərkəzlərdə sənətkarlığın və ticarətin güclü inkişafı əsasında ticarətin yeni formaları meydana çıxdı. 1531-ci ildə Antverpendə ticarət birjası yarandı. Burada tacirlər və onların agentləri ticarət etdikləri məhsulların nümunələrini göstərir, ticarət etməyə başlayırdılar. Ticarətin köhnə forması, yəni sənətkarlığa əsaslanan növü öz yerini ilkin kapitalın yaranmasına uyğun meydana çıxan ticarət növünə verməyə başladı. Digər tərəfdən, Yeni Dünyada (Amerikada-D.Ə.) çoxlu gümüş mədənlərinin kəşfi Avropanı əlvan metallarla doldurmağa başladı: 1521-1540-cı illərdə Qərbi Avropada Amerika gümüşünün payına 13 300 kq (17,9%), 1545-1560-cı illərdə 199 000 kq (75,5%), 1581-1600-cü illərdə isə 305 000 kq (88,1%) düşürdü. Beləliklə, Amerikadan gətirilən əlvan metallar Qərbi Avropada çıxarılan metallardan qat-qat artıq idi. Bu isə dünya ticarət sisteminə ciddi təsir edir, öz növbəsində "qiymət inqilabına" səbəb olurdu. Bu hal əhalinin həm zəhmətkeş təbəqəsinin, həm də tacir zümrəsinin maraqlarına ciddi zərbələr vururdu (155, 7-8). Yüksəlməkdə olan "qiymət inqilabı" Osmanlı və Səfəvi ticarətinə də ciddi təsir edir, bütün Aralıq dənizi ticarət mərkəzlərində öz mənfi nəticəsini göstərirdi (246, 164; 330, 24-26). Yaranmış vəziyyətdən uğurla bəhrələnən İngiltərə özünün iqtisadi inkişafı ilə XVI əsrin ortalarına doğru digər Qərbi Avropa ölkələrini ötüb keçdi, hətta ilkin kapitalın yaranması dövründə nəhəng müstəmləkə imperiyalarına çevrilmiş Portuqaliyanı və İspaniyanı arxada qoydu. Qeyd edək ki, İngiltərədə qoyunçulugun inkişafı ölkə daxilində əmtəə münasibətlərinin sürətli inkişafına şərait yaratmış, xarici ticarət əlaqələrinin genişlənməsinə güclü təsir göstərmişdi (155, 8). Məlumdur ki, Amerika qitəsinə digər Avropa dövlətlərindən daha tez çıxmış ispanlarla portuqallar həmin ərazilərdən əldə olunan məhsullarla ticarəti öz inhisarlarına almışdılar, Portuqaliya Afrikanın cənubundan gələn yolu tutmuşdu. Kənarda qalmış dövlətlərlə ticarət aparmaq üçün iki yol qalırdı: 1) ya əski çağların ən böyük bazarı olan Uzaq Şərqə çıxış əldə etmək üçün ispanlarla portuqalların əllərində olan yollardan fərqli bir yol tapmaq; 2) ya da Aralıq dənizi hövzəsinin yarısından artığını əlində saxlayan Osmanlı imperiyası ilə ticarət əlaqələri qurmaq, bununla da Şərqin əski karvan yollarının üzərində yerləşən mühüm ticarət mərkəzlərindən olan İstanbulda, Hələbdə, İsgəndəriyyədə olmaq. Qeyd edək ki, Fransa İtaliya uğrunda müharibələr apararkən bu istiqamətlərdən ikincisini seçmiş və diqqətini Aralıq dənizi ilə Osmanlı imperiyasına yönəltmişdi. Təbiidir ki, Fransanı buna vadar edən həm də avropadaxili münasibətlər və Osmanlı imperiyasından istifadə etməklə öz ənənəvi rəqibini sıradan çıxarmaq istəyi idi. Bu dövrdə Uzaq Şərqə çıxmaq üçün İngiltərə dövləti isə iki istiqamətdə araşdırmalara başladı: Bunlardan biri qərb istiqamətində şimala doğru hərəkət etmək idi. Lakin ingilislər müəyyən çətinliklər üzündən qərb istiqamətində şimaldan Hindistan yoluna çıxa bilmədilər. Bu halda onlar bütün ümidlərini şərq istiqamətində şimaldan bir yol aramağa bağladılar (155, 9; 59, 1-3). Bu, Moskva istiqamətindəki yol idi. Qeyd edək ki, XVI əsrin II yarısında dənizlərə birbaşa çıxışı olmayan Azərbaycan üçün də Qərbi Avropa dövlətləri ilə ticarət aparmaq baxımından bu yolun müstəsna əhəmiyyəti var idi. Həmin yol XVI əsrin II yarısında İngiltərə dövləti üçün də xüsusi əhəmiyyət kəsb edirdi. Gənc ingilis burjuaziyası Amerikaya və Hindistana gedən dəniz yollarında ağalıq edən İspaniya və Portuqaliya, həmçinin Aralıq dənizi hövzəsini öz nəzarəti altında saxlayan Osmanlı imperiyası ilə hərbi-siyasi rəqabət aparmaq iqtidarında deyildi. Buna görə də Moskva knyazlığı ərazisindən keçən Volqa-Xəzər yolu diqqəti cəlb etdi və gənc ingilis burjuaziyası həmin ərazidən keçib bu yolla, Azərbaycan və İran vasitəsilə Hindistanla birbaşa əlaqə yaratmaq qərarına gəldi. Təbiidir ki, bu plan hiyləgər ingilis siyasətinin bir hissəsi idi. Çünki eyni zamanda ingilislərlə osmanlılar arasında normal münasibətlər quruldu, iqtisadi, siyasi əlaqələr möhkəmlənməyə başladı. Bu siyasətin isə səbəbi var idi. İngiltərə burjuaziyası belə hesab edirdi ki, onların Moskva knyazlığı ərazisi, Səfəvilər imperiyası vasitəsilə Hindistana çıxmaq istəkləri son nəticədə uğursuzluqla nəticələnə bilər. Çünki Kazan (1552) və Həştərxanı (1556) işğal etmiş Moskva knyazlığı Qafqaza daha da yaxınlaşmışdı və Səfəvi imperiyası ərazisi ilə gedən ipək ticarətində vasitəçiliyi öz əlində cəmləşdirməyə çalışırdı. XVI əsrdə Şərq ticarəti Moskva knyazlığının iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edirdi. Bu ticarət artıq onun Qərblə ticarətini üstələyirdi. Həştərxan və Kazan şəhərləri Moskva knyazlığını Yaxın və Orta Şərqlə birləşdirən ticarət mərkəzləri idi. Bu dövrdə Moskva knyazlığının başlıca kontragentlərindən biri Osmanlı imperiyası idi, onun xarici aləmlə ticarət əlaqələrində bu dövlətin rolu çox yüksək idi. XV əsrin sonlarından etibarən bu iki dövlət arasında yaranmış ticarət əlaqələri artıq XVI əsrdə sabit səciyyə daşımağa başladı. Moskvalı tacirləri ardıcıl olaraq Azova, Kəfəyə, Toqata, Bursaya, İstanbula gedirdilər. Bu şəhərlərdə onlar nəinki yerli tacirlərlə, eyni zamanda Azərbaycandan, İrandan və Orta (Mərkəzi) Asiyadan gələn tacirlərlə ticarət edirdilər. Osmanlı tacirləri də tez-tez Novqorodda, Moskvada və Putivledə olurdular. XVI əsrin əvvəllərində qeyri-sabit səciyyə daşımış Moskva-Azərbaycan-İran, Moskva-Orta (Mərkəzi) Asiya ticarət əlaqələri XVI əsrin ortalarından etibarən - ruslar bütün Volqaboyunu işğal etdikdən sonra mühüm əhəmiyyət kəsb etməyə başladı. Azərbaycan, İran və Orta (Mərkəzi) Asiya ilə birbaşa ticarət əlaqələrinin qurulması Moskva tacirlərinə bu ölkələrin tacirləri ilə daimi əlaqələr saxlamağa imkan verirdi. Səfəvilər bu dövrdə Osmanlı imperiyası ilə bölgədə nüfuz uğrunda ciddi mübarizə aparırdılar. Buna görə də Səfəvi şahları Moskva knyazlığı ilə həm iqtisadi, həm də siyasi cəhətdən yaxınlaşmaqda maraqlı idilər. Onlar Moskva knyazlığına Osmanlı imperiyasına qarşı mübarizədə siyasi müttəfiq kimi baxırdılar (308, 6-7). Moskva knyazlığının beynəlxalq ticarətdə mühüm əhəmiyyət kəsb edən Kazan və Həştərxan xanlıqlarının ərazilərini işğal etməsi Osmanlı imperiyasının maraqlarına zidd idi. Çünki bu hadisədən sonra Səfəvilər imperiyası ilə Moskva knyazlığı arasında birbaşa ticarət əlaqələri yaranırdı. XVI əsrin II yarısında Həştərxanın beynəlxalq ticarətdə rolunun artması bu yaxınlaşmaya təkan vermişdi. Güclənməkdə olan İngiltərənin Moskva knyazlığı ərazilərinə xüsusi əhəmiyyət verməsi Həştərxanın rolunu daha da artırırdı. Həştərxanda olan tacirlər onlara verilən sərbəst hərəkətetmə hüququndan istifadə edir, burada daimi ticarətlə məşğul olurdular. Moskva knyazlığı ilə Səfəvi imperiyası arasında aparılan diplomatik yazışmalardan bəlli olur ki, Moskva knyazlığı Həştərxan ətrafında Şərq tacirləri üçün xüsusi olaraq iki mehmanxana (Gilan, Buxara) ayırmışdı. Bu mehmanxanalarda tacirlər öz əmtəələrini saxlayır və ticarət əməliyyatları aparırdılar (309, 42; 185, c.1, 115, 199, 279). Azərbaycan, İran və Orta (Mərkəzi) Asiya tacirləri Həştərxanda başlıca olaraq öz əmtəələri ilə ticarət edirdilər. Lakin bəzən onlar xana və şaha məxsus olan məhsulları da gətirirdilər. Məsələn, 1587-ci ildə Buxara səfiri Kadış dövlətə məxsus olan məhsulları satmaq üçün Həştəxana gəlmişdi. Gilanın məşhur tacirlərindən olmuş Həzi Əsan bir neçə dəfə Həştərxana "şah əmtəələri" gətirmişdi. O da məlumdur ki, 1597-ci ildə tacir Kərim Nurməmmədov satmaq üçün Həştərxana Şah I Abbasın məhsullarını aparmışdı. Bazar meydanında ticarət edən tacirlərin etnik tərkibi müxtəlif idi. Bütün bunlar sübut edir ki, XVI əsrin II yarısında Həştərxan Moskvanın Orta (Mərkəzi) Asiya, Osmanlı imperiyası, Azərbaycan və İranla əmtəə dövriyyəsində ötürücü məntəqə rolunu oynayırdı. Şərq ticarətinin toplandığı digər ticarət mərkəzi isə Kazan şəhəri idi. Bu şəhərə də Şərq tacirlərinin sərbəst daxil olma hüquqları var idi. Sənədlərdən məlum olur ki, Şərq tacirlərinə Moskva knyazlığı Kazan şəhərindən kənarda ticarət etməyə nadir hallarda icazə verirdi. Bu isə Moskva knyazlığının ticarəti öz inhisarında saxlamaq istəyindən irəli gəlirdi. Hələ XV əsrdə və XVI əsrin əvvəllərində xanlığın paytaxtı olmuş Kazan şəhəri varlı bir mərkəz idi və buraya xeyli rus və şərq tacirləri gəlirdi (309, 42-44; 289, 96). Hər ilin yazında Kazan çayının yaxınlığında yarmarka təşkil olunur, bu da Mosvanın şərq ölkələri ilə ticarət əlaqələrində mühüm rol oynayırdı. Məhz buna görə də Kazan xanlığının ərazisini işğal etmiş Moskva knyazlığı Kazanın şərq ölkələri ilə ticarət əlaqələrini bərpa etmək üçün ciddi tədbirlər gördü. Diplomatik yazışmalardan bəlli olur ki, XVI əsrin II yarısında Buxara, Xivə, Gilan, Şamaxı və İran tacirləri Kazanda müntəzəm ticarət edirdilər (309, 45; 185, c.1, 23,56,103,152,153,198-199,241,242,295,285,389; 186, c.2, 56-57,101,104,108). XVI əsrin II yarısında Moskva knyazlığının şərq ölkələri ilə ticarət əlaqələrinin inkişafı ilə əlaqədar Volqa çayı bu knyazlığı şərqlə əlaqələndirən, eyni zamanda şərq ölkələrini Qərblə birləşdirən başlıca ticarət yoluna çevrildi (308, 19). Moskva knyazlığının şərq ölkələri ilə, xüsusilə Səfəvi dövləti ilə ticarət əlaqələri də Osmanıl imperiyasının maraqlarına zidd idi. Yaranmış geosiyasi vəziyyətlə əlaqədar olaraq Kazanın və Həştərxanın Moskva knyazlığına ilhaq olunmasına mane ola bilməyən Osmanlı sultanı bu gerçəkliklə barışa bilmir və Moskva knyazlığına qarşı yeni strateji plan həyata keçirməyə çalışırdı. Bu strateji planın mərkəzində Osmanlı imperiyasının indiki Rusiya ərazilərinə doğru genişlənməsi nəzərdə tutulurdu. Qeyd edək ki, Osmanlı imperiyasının əzəməti ictimai həyatın dəyişməsinə yeni, güclü təkan verdi, bu isə daha mürəkkəb və sabit ictimai-siyasi sistemin yaradılmasına şərait yaratdı. XV əsrin II yarısından XVI əsrin II yarısınadək həyata keçirilmiş genişmiqyaslı fəthlər Osmanlı sultanlarına tabe olan əraziləri daha da genişləndirdi. Onların nəzarəti altında olan ərazilərin sahəsi təxminən 8 mln. kv. km oldu. Tarixçilərin hesablamalarına görə, bu ərazilərdə təxminən 25-30 milyon əhali yaşayırdı (246, 158).

1529-cu ildə Vyanın mühasirəsi zamanı ilk uğursuzluqla qarşılaşmış Osmanlı sultanı Avropaya doğru hücumlarının istiqamətini tədricən dəyişməyə başladı. Vyana həmişəlik Osmanlı imperiyasının Qərbi Avropaya irəliləyişlərində ən ucqar məntəqə olaraq qaldı. Bu şəhərə sahib olmaq arzusundan imtina etməyən Osmanlı sultanı başlıca hərbi zərbələrini tədricən Cənub-Şərqi Avropaya, Moskva knyazlığına, Cənubi Qafqaza, Azərbaycana və İrana yönəltdi. Asiyada Ərzurum, Avropada isə Azov Osmanlı imperiyasının bu dövrdə hücumlarında başlıca istinad məntəqələri rolunu oynayırdı. Osmanlı sultanları böyük bir əzm və inadkarlıqla XVI-XVII əsrlərdə Don çayının mənsəbini və Azovu əllərində saxlayırdılar. Bu ərazilər Osmanlı imperiyasının Don, Volqa çayı hövzələri, Qafqaz və hətta Azərbaycan, İran istiqamətində genişlənməsində əsas rol oynaya bilərdi. Azov limanı iqtisadi əhəmiyyətini osmanlıların dövründə də saxlayırdı. Bu limanda ticarət etməyə xarici dövlətlər ciddi səy göstərirdilər. Xüsusilə ingilislər Azovda ticarət etməyə daha çox maraqlı idilər. İngiltərənin Osmanlı imperiyası ilə bu istiqamətdə ticarət əməliyyatları aparılmasında maraqlı olması reallıqdan doğmuş bir taktika idi. Çünki bir müddət sonra yaranmış vəziyyətlə əlaqədar olaraq İngiltərənin Moskva knyazlığı ərazilərindən keçməklə Həştərxan-Xəzər dənizi-Azərbaycan-İran yolu ilə ticarət əlaqələri XVII əsrdə ciddi şəkildə azaldı. Həmin ərəfədə Hindistanla dəniz ticarəti isə hələ lazımi səmərəni vermirdi. İngiltərə Hollandiya və Fransa ilə də daim rəqabət aparırdı (293, c.1, 6-9). Belə bir məqamda İngiltərənin məhz Osmanlı imperiyası ilə ticarətə önəm verməsi uzaqgörənlikdən irəli gəlirdi. Çünki İngiltərə hakim dairələri bilirdilər ki, həm Moskva dövləti, həm də Osmanlı imperiyası ingilislərin Səfəvi dövləti ilə birbaşa ticarət əlaqələrində maraqlı deyillər. Osmanlı imperiyası ilə Səfəvilər arasındakı ziddiyyətlər İngiltərənin çağdaş Rusiya ərazilərindən keçməklə səfəvilərlə ticarət əlaqələri yaratmasına əngəl yaradırdı.

Kazanın və Həştərxanın Moskva knyazlığına ilhaq olunması Osmanlı imperiyasında böyük hüznlə qarşılandı və osmanlılar rusları hərbi yolla Volqa mənsəbindən sıxışdırıb çıxarmağı qərara aldılar. Osmanlılar bu addımla həm də səfəvilərin maraqlarına birbaşa zərbə vura bilərdilər. Çünki Osmanlı sultanının planına yalnız Volqaboyunun fəthi daxil deyildi. Sultan Şimali Qafqaz və Həştərxan tərəfdən Səfəvi imperiyasını mıhasirəyə almaq və onu Moskva knyazlığı ilə əlaqələrdən məhrum etmək istəyirdi. Həştərxan hərbi cəhətdən zərbə mövqeyi kimi düzgün seçilmişdi (293, c.1, 103). Şərqin bütün ticarət yolları uğrunda ruslarla, səfəvilərlə və portuqallarla döyüşləri nəzərə alan Osmanlı sultanı şimalın ən mühüm ticarət yollarından olan Orta (Mərkəzi) Asiya-Həştəxan və Krım yolunu da öz hakimiyyəti altına almağa çalışırdı (78, 31). Osmanlı sultanının Həştərxana hərbi ekspedisiyası (1569) (77, 41) uğursuzluğa düçar oldu. Lakin Osmanlı sultanları Qafqaza dair strateji planlarını həyata keçirməyə bütün səyləri ilə can atırdılar (309, 28).

XVI əsr və XVII əsrin əvvəli Osmanlı sultanlarının Qafqazda Xəzər dənizinin sahillərinə qədər hücumları ilə müşayiət olunmuşdu. Osmanlı siyasətinin şərq istiqamətində fəallaşmasında onun dəniz qüvvələrinin Lepanto yaxınlığında ciddi məğlubiyyətə uğraması da (7 oktyabr 1571-ci il) mühüm rol oynadı (293, c.1, 120-127).



Beləliklə, Osmanlı sultanlarının Qafqaza, Moskvaya və səfəvilərə qarşı həyata keçirmək istədikləri strateji plan Səfəvi dövləti ilə Moskva knyazlığını bir-birinə yaxınlaşdırırdı. XVI əsrin II yarısı səfəvilərin Moskva knyazlığı vasitəsi ilə Qərbi Avropa ilə ticarət əlaqələri saxlamaq istəyi onları Moskva knyazlığına xüsusi əhəmiyyət verməyə vadar edirdi. Kazanın və Həştərxanın Moskva knyazlığına ilhaq olunması (138, c.3, 150) iqtisadi baxımdan səfəvilər üçün məqbul idi. Bu məqamda söhbət Səfəvi tacirlərinin həmin şəhərlərdə malik olduqları sərbəst ticarət hüququndan və onların qısa bir yolla Avropa bazarlarına təhlükəsiz çıxışından gedir. XVI əsrin II yarısında Kazan və Həştərxan səfəvilərin iqtisadi həyatında əvəzsiz rol oynayırdılar. Kazandan və Həştərxandan yola düşən ticarət karvanları Qəzvinə, Şiraza, Hörmüz adalarına qədər hərəkət edirdi. Moskvadan Hörmüzə üç aya gedib çıxırdılar. Moskva knyazlığının Həştərxanda yaradılmış dəniz qüvvələri XVI əsrin II yarısında Xəzər dənizində fəallıq göstərir və ticarət gəmilərini mühafizə edirdi. XVI əsrin II yarısında Şərq ticarəti Moskva knyazlığı üçün çox əhəmiyyətli idi. Çünki Şərq ticarəti onun iqtisadi həyatının inkişafına təkan verirdi. Həmin dövrdə Qərb ölkələri Moskva knyazlığından yalnız xammal tələb edir, xammalı isə zinət əşyaları və kəsilmiş pullarla mübadilə edirdi (təbiidir ki, bu da az əhəmiyyət kəsb etmirdi). Şərq isə Qərb ölkələrindən hazırlanmış məmulatlar alır, Avropa sənətkarlığı üçün tələb olunan boyayıcı məhsulları göndərir, Moskva knyazlığını zinət əşyaları ilə təmin edir, ucuz qiymətə saplar, ipək və xalqın tələbatına uyğun olaraq pambıq göndərirdi. Avropa dövlətləri ilə münasibətlər məsələsində Moskva knyazları da maraqlı idilər və İngiltərə ilə həmin dövrdə əlaqələr qurmaq knyazlığın xarici siyasətinin prinsiplərinə tam uyğun idi. Qeyd edək ki, Moskva dövləti Avropa iqtisadiyyatı üçün heç bir vaxt bağlı olmamışdır. Hətta Baltik dənizində kiçik liman olan Narva ruslar tərəfindən işğal olunduqdan və ya 1553-cü ildə ingilislər Arxangelskidə peyda olduqdan sonra da ticarət həyatı normal məcrada idi (181, c.3, 454, 455-456). Bu dövrdə ingilislərin «Moskva» şirkəti çağdaş Rusiya ərazilərində uğurlu ticarət əməliyyatlarını davam etdirirdi. Bu yolun iqtisadi cəhətdən səmərəliliyini göstərmək üçün bir faktı qeyd etmək kifayətdir ki, həmin dövrdə Portuqaliyanın dəniz ekspedisiyaları Hindistana əmtəə üçün iki ildə bir dəfə getdikləri halda, ingilislər Volqa yolu ilə şərqə öz tacirlərini fasiləsiz olaraq göndərirdilər (293, c.1, 102). XVI əsrin II yarısında dünya ticarət həyatına yeni bir qüvvə kimi daxil olan ingilis burjuaziyası həmin həyata yeniliklər də gətirdi. Bundan sonra qrup ticarətinə xüsusi əhəmiyyət verilməyə başlandı. Tacirlər müəyyən etdilər ki, ticarətdə bir tacirin gördüyü işdən bir dəstə tacirin birgə fəaliyyəti daha uğurlu, təhlükəsiz və qazanclı olur. Bu halda həmin tacirlərin təhlükəsizliyini təmin etmək də asanlaşırdı. Belə bir sistem daha çox qazanc gətirirdi, çünki həmin sistem əsasında xarici dövlətlərdə geniş ticarət şəbəkəsi qurmaq mümkün olurdu. Məhz bunun nəticəsində «İngilis Fərmanlı şirkətlər» (English Chartered Companies) bu düşüncələr əsasında quruldu. Həmin dövrdə İngiltərənin Antverpendə fəaliyyət göstərən məşhur şirkətlərindən biri «Tacir sərgüzəştləri» «Merchant” Adventurers» şirkəti idi. XVI əsrdə qurulmuş «Moskva», «Venesiya», «Türkiyə», «Şərqi Hindistan» adlı şirkətlər də ingilis düşüncəsinin məhsulu idi. Bu şirkətlərin bazarlara çıxardıqları başlıca əmtəə yun parçalar idi. İngilislər geriyə dönərkən olduqları ölkənin bazarına uyğun ipək, pambıq, kürk, yaxud ədviyyat gətirirdilər. Bütün bunlar İngiltərəyə böyük uğurlar gətirirdi. XVI əsrdə qurulmuş və Uzaq Şərqdə ticarətə girişən şirkətlər sayəsində şərqdə; XVII əsrdə qurulmuş və Şimali Amerika ticarətinə girişən şirkətlər sayəsində isə qərbdə hökmranlığa başladı (59, 4-5). Bütün bu məsələləri dəqiqliyi ilə araşdırmış Adam Smit ingilis hökmranlığının başlıca səbəblərini göstərir və bildirirdi ki, «XVI əsr Avropa aləmində dünyanı öz aralarında bölüşdürən İspaniyanın və Portuqaliyanın hökmranlığı altında keçdi. XVII əsrdə bütün dənizlərdə hollandların və fransızların gəmiləri görünürdü. XVIII əsr isə İngiltərə əsri idi» (296, 17). Buna isə ingilislər yürütdükləri qlobal, ağıllı iqtisadi siyasət nəticəsində nail oldular.
Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə