Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,89 Mb.
səhifə10/14
tarix17.10.2017
ölçüsü2,89 Mb.
#5156
1   ...   6   7   8   9   10   11   12   13   14

4.2. XVI əsrin II yarısında Azərbaycanın İngiltərə ilə ticarət əlaqələri SəfəviOsmanlı münasibətləri.
XVI əsrin 60-cı illərində rus və ingilis tacirlərinin Volqa-Xəzər yolunu canlandırması Osmanlı sultanlarının Cənubi Qafqaza yiyələnmək planlarını daha da sürətləndirdi. XVI əsrdə Azərbaycandan Moskva knyazlığına, Avropa dövlətlərinə və Osmanlı imperiyasına əsasən ipək ixrac edilirdi. İpək ticarətinin mərkəzi bazarları Təbriz, Ərdəbil, Şamaxı və Ərəş şəhərlərində yerləşirdi. Şamaxı və Ərəş ipəyi xüsusilə şöhrətli idi. XVI əsrin sonlarına doğru Bakıdan daşınmaqla hər il Şirvandan Moskva knyazlığına, İrana, Hindistana, Osmanlı imperiyasına, İtaliya dövlətlərinə, Fransaya və Avropanın digər ölkələrinə 100 min puda yaxın xam ipək aparılırdı. Şirvanın şəhərlərindən hər pudu 15–16 manata alınan xam ipək xarici tacirlər tərəfindən onların mənsub olduqları ölkələrdə 50–60, hətta 70 manata satılırdı. Həmin dövrdə Azərbaycan ərazilərindən digər qiymətli məhsullar da ixrac olunurdu. Bunların içərisində kürü də var idi. Orta əsrlərə aid olan bəzi məlumatlara görə XVI əsrdə Azərbaycandan Moskva knyazlığına «sıxılmış» və «dənəvər» kürü çıxarılırdı. Məşhur inglis mütəfəkkiri və şairi V.Şeksprin «Hamlet» əsərində belə bir ifadə vardır: «Bu, çoxları üçün kürü idi». Bu əsərə yazılmış şərhlərdə göstərilir ki, Avropaya Moskva knyazlığı ərazilərindən gətirilən kürü həmin dövrdə çoxları tərəfindən qiymətləndirilməyən zərif yemək sayılırdı. «Sıxılmış» və «dənəvər» kürünü həmin dövrdə Avropa tacirləri Moskva knyazlığının ərazilərindən aparırdılar. Güman olunur ki, Moskva dövləti də bu məhsulu Azərbaycandan alırdı. Hesab etmək olar ki, XVI əsrdə Azərbaycandan Moskva dövlətinə digər məhsullarla birlikdə kürü də göndərilirdi. Həmin əsrin ortalarında Şərqlə ticarət əlaqələrində müxtəlif ticarət yolları fəaliyyət göstərirdi. Moskva dövləti Yaxın Şərq ölkələri ilə Volqa–Xəzər yolu vasitəsi ilə ticarət edirdi. Portuqaliya dəniz yolları, Venesiya və Fransa Osmanlı əpaziləri, İngiltərə isə öncə Moskva dövləti, sonra isə İran körfəzi vasitəsiylə şərqlə ticarətdə bulunurdular. Moskva dövləti əraziləri ilə bəzi dövrlərdə Hollandiya da Şərqlə ticarət əlaqələrinə daxil olurdu. Təbiidir ki, bu ticarət əlaqələrində başlıca yeri ipək məmulatı və xam ipək tuturdu (268, c.1, 269; 166, 32-33; 196, 100-101, 109-110; 272, 131; 232, 5). XVI əsrdə Moskvada yaşamış ingilis səfiri Cils Fletçer özünün qeydlərində Azərbaycanın Moskva dövləti ilə ticarət əlaqələrində xam ipəyin rolunu xüsusi olaraq qiymətləndirirdi. O, yazmışdı ki, bu məhsul Azərbaycanın Şamaxı və Dərbənd şəhərlərində daha çox idi. Azərbaycanı «Midiya» adlandıran bu səfir qeyd edirdi ki, «Həştərxan çarlığının yaxınlığında Şelkalı (Shelcal) və Midiya yerləşir. Oraya rus tacirləri gedirlər ki, xam ipək, tumac (dəri) və digər məhsullar alsınlar. Midiyada rus tacirlərinin ticarət etdikləri əsas şəhərlər Dərbənd və Şamaxıdır. Orada xam ipəyin saxlandığı anbarlar vardır» (196, 100-101). XVI əsrin II yarısından etibarən Qərbi Avropa və Moskva dövləti ilə səfəvilər arasında ticarətin artması bir tərəfdən səfəvilərin yaranmış iqtisadi böhrandan çıxış yolu kimi bu istiqamətə üstünlük vermələri ilə bağlı idisə, digər tərəfdən həmin əsrdə bu istiqamətdə siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar idi. Moskva çarı IV İvan Qroznının apardığı işğalçılıq siyasəti nəticəsində Kazan (1552) və Həştərxan (1556) xanlıqları Moskva dövlətinin ərazilərinə qatıldı. Beləliklə, Moskva dövləti Volqa çayına çıxmaqla Şərq ticarətinə birbaşa çıxış əldə etdi. Bu istiqamətlə Xəzər dənizi vasitəsi ilə səfəvilərlə birbaşa əlaqə saxlamaq mümükün idi (268, c.1, 269; 166, 32-33; 196, 100-101, 109-110; 272, 131; 232, 5). Hadisələrin bu cür inkişafı Azərbaycanın Şirvan vilayətinin səfəvilərin ticarət əlaqələrində rolunu daha da artırdı. Şamaxıda böyük ticarət yarmarkaları təşkil edilirdi. Bununla bağlı həmin dövrdə Şirvanda olmuş Moskva taciri Fedot Kotov göstərir ki, «Şamaxıda daşdan tikilmiş yeddi karvansara vardır. Həmin karvansaralara dağlardan daş borularla su çəkilmişdir. Karvansaralar bazarların arasında yerləşir. Bazarlarda moskvalı tacirlərlə yanaşı, digər ölkələrdən gələn tacirlər də ticarət edirlər. Bu karvansaraların bəziləri ləzgi, gilan, buxaralı və digər tacirlərə məxsusdur. Bu dövrdə Şirvan vilayətinin başqa bir şəhəri olan Ərəşin rolunun artmasında isə beynəlxalq ipək tranzit ticarətinin artması müstəsna rol oynadı» (232, 72-73). XVI əsrdə Azərbaycan Səfəvilər imperiyasının paytaxtı olmuş Təbriz şəhəri isə Ön Asiyanın iri ticarət-sənətkarlıq mərkəzi sayılırdı (267, 265-291). Həmin əsrin II yarısında Təbrizdə Şirvandan, indiki Gürcüstan ərazilərindən, Gilandan, Suriyadan daxil olan müxtəlif çeşidli xam ipəyi almaq mümkün idi (268, c.1, 269). Qərb ölkələrinin Volqa çayı və Xəzər dənizi vasitəsilə ticarətində Təbriz-Ərdəbil-Lənkəran-Bakı yolundan istifadə olunurdu. Əvvəllər Asiya və Avropa qitələri Aralıq dənizi vasitəsilə İran əraziləri və Hindistanla əlaqələnirdi. XVI-XVII əsrlərdə şimal dəniz yolu-Xəzər dənizi vasitəsilə İran-Hindistan ticarət yolu daha mühüm əhəmiyyət kəsb etdi. Bunun nəticəsində Avropa tacirlərinin şimaldan Şirvan yolu ilə Təbrizə axını üçün şərait yarandı (31, 143; 272; 162, 64-67). Təbriz tacirləri Volqa-Xəzər ticarət yolundan istifadə edərək Mərkəzi və Qərbi Avropa ölkələri, o cümlədən İngiltərə ilə ticarət əlaqələrini genişləndirdilər. Moskva knyazlığı ilə əlaqələrdə İsfahan-Qəzvin-Rəşt-Astara-Lənkəran-Bakı-Dərbənd-Həştərxan yolundan başqa Təbriz-Muğan çölü-Şamaxı-Şabran-Niyazabad-Həştərxan ticarət karvan yolu əsas tranzit yolu hesab olunurdu. Moskva knyazlığı ilə Azərbaycan, İran ticarətində əsas mərkəzlər Təbriz və Şamaxı şəhərləri idi (31, 143; 196, 108; 235, 40). XVI əsrin II yarısında ipək ticarətində beynəlxalq əhəmiyyətli birja rolunu Culfa şəhəri oynayırdı. Bu şəhərin tacirləri Avropanın mühüm mərkəzləri, o cümlədən Venesiya, Marsel, Amsterdam şəhərləri ilə ticarət edirdilər. Culfa tacirləri Səfəvi şahı I Təhmasibdən xarici ölkələrə ipək ticarəti aparmaq üçün inhisar hüququnu əldə etmişdilər. Yalnız Suriyanın Hələb şəhərinə Culfadan hər il 500 xərvar (eşşək yükü) Şirvan və Gilan ipəyi aparırdılar. Həmin yükü orada 18 min Osmanlı və Avropa sap dolağına dəyişir, satmaq üçün Təbrizə gətirirdilər. Culfa tacirləri Səfəvi şahları ilə sıx əlaqədə idilər. Avropa ölkələri ilə münasibətlərdə onlar tez-tez şahın xüsusi nümayəndəsi və ya kontragenti kimi çıxış edirdilər (268, c.1, 269). Xarici ticarətin canlanmasında Səfəvi və Osmanlı imperiyaları arasında bağlanmış sülh müqaviləsi ilə əlaqədar yaranmış sabitlik də müsbət rol oynadı. Səfəvilərin Moskva dövləti və İngiltərə ilə Qafqaz və Xəzər dənizi vasitəsilə ticarətinin canlanmasında sürətli dəyişikliklər baş verdi. İspanların və portuqalların osmanlıların Yaxın Şərq ticarətinə vurduqları zərbələrdən sonra səfəvilərin Qafqaz və Xəzər yolu ilə ticarəti canlandırması Osmanlı imperiyasını faktiki olaraq ticarət blokadasına salmışdı. Anadolu ticarətinin zəfiləməsi Qara dəniz ticarətinin tənəzzülündə ciddi rol oynayırdı. Bu isə oraya daxil olan Orta (Mərkəzi) Asiya karvanlarından məhrum olmaq demək idi. Məhz bu dövrdə osmanlılarla yaranan uğurlu fasilədən istifadə edən Şah I Təhmasib ölkəni iqtisadi cəhətdən dirçəltmək üçün bir sıra tədbirlər həyata keçirdi. Hicri 963 (1555-1556)-cü ildə Şah I Təhmasib vergilərin, mükəlləfiyyətlərin və cərimələrin miqdarının müəyyənləşdirilməsi haqqında, həmçinin mülki və hərbi işlərə aid, 96 maddədən ibarət olan qanunnamə imzaladı. Həmin dövrdə əhalidən 35 növ vergi alınırdı. Səfəvi şahı bir sıra vergiləri, o cümlədən 1565-ci ildə şəhər əhalisindən-sənətkarlardan və tacirlərdən alınan tamğa vergisini ləğv etdi (31, 146,147; 27, 36-37; 267, 265-291; 308, 39). İngiltərə ticarət şirkəti də məhz belə bir dövrdə Azərbaycana gəldi. Həmin dövrdə İspaniya və Portuqaliya şərqə və qərbə çıxış üçün əlavə yollar axtarırdılar. Lakin ingilislər Moskva dövləti ərazilərinə çıxmaq üçün şimal-şərq yoluna üstünlük verdilər və nəticədə 1555-ci ildə «Moskva» şirkəti yarandı (156, 4).

"Moskva" şirkəti XVI əsrin 60-70-ci illərində (1561-1581) Səfəvi imperiyasına 6 ekspedisiya göndərdi (I ekspedisiya-1561-1564; II ekspedisiya-1563-1565; III ekspedisiya-1565-1567; IV ekspedisiya-1568-1569; V ekspedisiya-1568-1574; VI ekspedisiya-1579-1581-ci illərdə göndərilmişdi). Orta əsrlərdə ilk dəfə olaraq Azərbaycan Səfəvilər imperiyası ilə İngiltərə arasında birbaşa ticarət əlaqələri yarandı. XVI əsrin II yarısında "Moskva" şirkətinin Səfəvi imperiyası ərazisində apardığı ticarət əməliyyatlarına dair konkret materialların araşdırılması sahəsində Y.M. Mahmudovun (17; 18; 19; 20; 21; 22; 243; 244; 245), O.Ə.Əfəndiyevin (7; 325; 326), B.Ə.Əhmədovun (8; 9; 158; 159) böyük xidmətləri vardır. Digər alimlər də öz əsərlərində həmin məsələyə bu və ya digər dərəcədə toxunmuşlar. Bunlardan Y.M.Mahmudov İngiltərə-Azərbaycan əlaqələrinə "Böyük coğrafi kəşflər»dən sonra Qərbi Avropada yaranmış geosiyasi vəziyyət və formalaşmaqda olan gənc ingilis burjuaziyasının dünya ticarət həyatına yiyələnmək istəyi baxımından yanaşmış, İngiltərənin Şərq ölkələrinə qarşı ekspansionist niyyətini açıqlamışdır.



XVI əsrin 60-cı illərində İngiltərənin Səfəvi imperiyası ilə əlaqə yaratmağa can atmasının səbəbi «Haklyut toplusuna» daxil edilmiş ən qiymətli sənədlərdən birində-ingilis kraliçası Yelizaveta Tüdorun (1558-1603) Şah I Təhmasibə göndərdiyi 25 aprel 1561-ci il tarixli məktubda (352, 454) aydın şəkildə göstərilmişdir. İngilis kraliçası Səfəvi hökmdarına yazmışdı: "Əgər bizim aramızda, dövlətlərimiz və xalqlarımız arasında xoş məramla belə müqəddəs qonaqpərvərlik hüquqları və ümumi xeyirxah insani xidmətlər müəyyən edilərsə, ürəkdən müdafiə olunarsa və bunlara möhkəm riayət edilərsə, biz ümid edirik ki, bu kiçik başlanğıcdan bizim şərəf və şöhrətimiz və xalqlarımızın böyük faydası naminə böyük nəticələr əldə olunmasına hər şeyə qadir olan Yaradanın özü yardım edər" (155, 194-195; 26, 184; 334, c.1, 113-114). İngiltərənin Şərqlə bağlı olan strateji məqsədini müəyyən etmək üçün "Moskva" şirkətinin Həştərxan şəhərindən Xəzər dənizi vasiətsilə Səfəvi sarayına yola salınmış Antoni Cenikinsona verdiyi 8 may 1561-ci il tarixli rəsmi tapşırığı nəzərdən keçirmək kifayətdir. Sənəddə əks olunan həmin tapşırıqlardan aydın olur ki, ingilis diplomatı Şah I Təhmasibdən Səfəvilər imperiyası ərazisində müxtəlif ingilis əmtəələrini satmaq və istədikləri məhsulları alıb İngiltərəyə aparmaq üçün toxunulmazlıq fərmanı almalı idi (155, 196; 334, c.1, 114-115; 364, c.6, 383-384). Həmin qiymətli sənəddən aydın olur ki, "Moskva" şirkətinin qarşısına qoyduğu son məqsəd Hindistanla birbaşa əlaqə yaratmaq idi. Bu şirkət Səfəvi sarayına göndərdiyi elçisi Antoni Cenkinsondan bunun üçün Səfəvi şahından təminat alınmasını da tələb edirdi. İngilislər şimal yolunu öz nəzarəti altına almalarını portuqallar tərəfindən Hindistana dəniz yolunun açılması ilə müqayisə edirdilər. Bununla bağlı olaraq «Moskva» şirkətinin agenti M.Lokk qeyd edirdi ki, «Moskva dövlətinin ərazilərindən keçməklə səfəvilərlə ticarət İngiltərə üçün müstəsna əhəmiyyət kəsb edə bilər. Bununla da Moskva dövlətinin və səfəvilərin ticarət məhsulları Osmanlı türklərinin təhlükəsi, italyanların və ispanların xəbəri, Portuqaliya kralının icazəsi olmadan, ingilislərin vasitəçiliyi ilə Avropa ölkələrinə yayıla bilər» (155, 196; 334, c.1, 115; 299, 8-9).

Antoni Cenkinsonun məlumatlarından o da bəlli olur ki, "Moskva" şirkəti həm də ingilis mahudunu satmaq üçün Səfəvi imperiyasının geniş ərazisindən sərfəli bir satış bazarı kimi istifadə etmək istəyirdi. Mahudu Moskva dövlətinə gətirən gəmilərə də "İrana aparılmaq üçün" 80 tay əlavə mahud yüklənmişdi (155, 195; 26, 185). A.Cenkinsonun məlumatlarından aydın olur ki, İngiltərə dövləti qiymətli Səfəvi ipəyini inhisara almaq üçün Venesiya və Osmanlı imperiyası ilə rəqabət aparır və bu rəqabətdən uğurla çıxmaq üçün bütün gücünü işə salır (155, 207-208; 334, c.1, 143-144). Bu dövrdə Volqa-Xəzər yoluna dövləti iqtisadi tənüzzüldən xilas edə biləcək bir yol kimi baxan Şah I Təhmasib ingilis ticarət sərmayəsinin nümayəndələri ilə danışıqlar zamanı Volqa-Xəzər yolu və Moskva ərazisi vasitəsilə Avropa ölkələri ilə ticarət əlaqələrinin gələcəyi ilə əlaqədar olan məsələlərə xüsusi diqqət yetirirdi (26, 186). Bu baxımdan "Moskva" şirkətinin nümayəndəsi Artur Eduardsın 1566-cı il mayın 29-da onun Şah I Təhmasiblə apardığı danışıqlar barədə verdiyi məlumatlar çox qiymətlidir. İngilis səyyahı yazmışdır:"O, (yəni Şah I Təhmasib-D.Ə.) bizim qüdrətli krallığımız və ölkəmiz haqqında, bizdən nə kimi əmtəələr alması və bizim hansı məhsulları almaq istədiyimiz barədə mənimlə sorğu-sual etdi; o, həmçinin bizimlə qonşu olan başqa ölkələr və onlarda nə kimi məhsullar olduğu haqqında da suallar verdi… Şah məndən soruşdu ki, «siz ona hər il 100000 top yun parça göndərə biləcəksinizmi?» Mən cavab verdim ki, «sizin ölkənizi 200000 top parça ilə təmin edə bilərik». Əlahəzrət buna çox şad oldu. Şahın özü çox istəyir ki, bizimlə əlaqə yaratsın. O, bizə pul, ipək, istədiyimiz məhsulları verəcək, həm də arzu edir ki, elə əmtəələr gətirək ki, onunla birlikdə qazanc əldə edə bilək" (155, 226-229; 335, c.2, 395-397). A.Eduards Azərbaycana iki dəfə səyahət etmişdir. Onun birinci səyahəti 1565-1567-ci illəri, ikinci səyahəti isə 1568-1569-cu illəri əhatə edir (279, c.1, 139-140; 19, 18-29). A.Eduardsın məlumatlarından aydın olur ki, Azərbaycan bazarı vasitəsi ilə ciddi uğurlara nail olan "Moskva" şirkəti ölkəmizlə ticarət əlaqələrini daha da artırmağa çalışırdı (359, 166-169). Bu baxımdan Azərbaycana bir-birinin ardınca ekspedisiyaların göndərilməsində də ticari-iqtisadi maraqlar əhəmiyyətli rol oynayırdı (337, 142). Səyyahların İngiltərəyə göndərdikləri məktublar Azərbaycan Səfəvi imperiyasının iqtisadi və siyasi həyatını çox dolğun əks etdirir. Həmin məktublardan ingilislərin səfəvilərlə birbaşa əlaqələr yaratmaq niyyətində olduqları aydınlaşır. Lakin bu dövrdə bir çox məhsullarla zəngin olan Azərbaycanda ingilislərin möhkəmlənməsi güclənməkdə olan Moskva dövlətini qane etmirdi. A.Eduardsın məlumatları həm də sübut edir ki, Azərbaycanla Moskva knyazlığı, İspaniya və Portuqaliya arasında geniş əlaqələr vardı (155, 224-225). Məlumatlardan bəlli olur ki, XVI əsrin II yarısından etibarən İngiltərə ictimai-siyasi həyatında yeni bir dövr başlanmışdı. XV əsrdən başlayaraq ingilislərin Aralıq dənizində olan rəqiblərinin təsir dairələrinə nüfuz etmək cəhdləri daim rəqiblərin ciddi müqaviməti ilə üzləşirdi. İngiltərənin inkişafda olan iqtisadiyyatı isə ilkin kapital yığımı dövründə yeni bazarlar tələb edirdi. Buna görə də XVI əsrdə ingilislər dəfələrlə indiki Rusiya ərazisindən keçməklə Ön Asiyaya çıxmağa cəhd göstərmiş, rəqiblərini, o cümlədən venesiyalıları sıxışdırıb çıxarmağa çalışmışdılar (310, 61). O zaman Azərbaycandan göndərilmiş məlumatlar içərisində Artur Eduardsın ikinci səyahəti zamanı ekspedisiyanın üzvü olmuş Riçard Uillsin "Qeydlər"i xüsusilə qiymətlidir. Bu sənəddə Səfəvi imperiyasına göndərilmiş dörd ekspedisiyanın fəaliyyəti yekunlaşdırılır. Həmin sənəddən aydın olur ki, ingilislərin başlıca məqsədi Səfəvi dövlətinin ərazisi ilə Hindistanla əlaqə yaratmaq, ədviyyat ticarətini ələ keçirib Portuqaliyanın inhisar mövqeyinə son qoymaq idi. R.Uillsin məlumatları içərisində onun Azərbaycanda istehsal olunan ipəyin miqdarı barədə qeydləri xüsusi əhəmiyyət kəsb edir. R.Uills qeyd etmişdir ki, «Bu yaxınlarda İrandan gələn şəxslər söyləyirdilər ki, istənilən İran şəhərində Londonda istehsal olunan mahuddan çox ipək istehsal olunur» (155, 226, 246-247, 257). Səfəvi dövləti ərazisində bol ipək istehsal olunması barədə 1568-1574-cü illərdə Azərbaycana səyahət etmiş beşinci ingilis ekspedisiyasının üzvlərinin qeydlərində də məlumatlar verilir. Bu mənada beşinci ekspedisiyanın üzvü Ceffri Deketin tərtib etdiyi sənəddə göstərilir: "İpək buraya heç yerdən gətirilmir, ipək bu ölkədə, onun sakinləri tərəfindən istehsal olunur» (155, 226, 246-247, 257). Bu məlumatlar sübut edir ki, həmin dövrdə Azərbaycanda toxuculuq yüksək səviyyədə inkişaf etmişdi və dövrün ən öncül toxuculuq dəzgahlarından istifadə olunmuşdur.

İngilis səyyah-diplomatlarının Azərbaycan haqqında tərtib etdikləri sənədlər içərisində bir sənəd xüsusilə diqqəti cəlb edir. Bu, Artur Eduardsın Azərbaycana birinci səyahəti zamanı tərtib etdiyi üç məktubdan əlavə bir sənəddir. Bu, Şah I Təhmasibin İngiltərədən almaq istədiyi əmtəələrin siyahısıdır. Həmin maraqlı sənəd ("siyahı-sifariş") hər şeydən əvvəl dövlətin, sarayın ehtiyaclarını, Səfəvi hökmdarlarının Qərb aləmi ilə yaxından tanışlığını əks etdirir. Bu "siyahı-sifariş" XVI əsrin II yarısında Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə malik olduğu çəkini əyani şəkildə sübut edir. Bu çəkini sübut edən dəlillərdən biri də Azərbaycandan Qərbi Avropaya ixrac edilən əmtəələrin idxaldan xeyli üstün olması idi. A.Eduardsın birinci səfəri zamanı onun İngiltərəyə göndərdiyi ilk məktubunun sonunda Azərbaycandan İngiltərəyə aparlımasını və İngiltərədən Azərbaycana gətirilməsini məsləhət gördüyü məhsulların siyahısını, onların satış və alış qiymətlərini təqdim etməsi buna sübutdur. Azərbaycanda ingilis səyyahlarının diqqətini cəlb etmiş mühüm məqamlardan biri də ölkədə qızıl və gümüş pulların bolluğu idi. Təbiidir ki, həmin dövrdə Azərbaycanda qızıl və gümüş yataqları yox idi. Deməli, bu, yalnız qızğın xarici ticarət vasitəsi ilə əldə edilə bilərdi. Bununla bağlı Azərbaycana 5-ci ekspedisiyanın tərkibində səyahət etmiş Ceffri Deket göstərir ki, "Səfəvi dövləti ərazisinin daxilində qızıl və gümüş yataqları yoxdur. Lakin bu ərazilərdə qızıl, gümüş, eyni zamanda xırda mis pullar vardır. Səfəvi imperiyasında saysız-hesabsız holland talerləri vardır. Onların böyük hissəsi xam ipəyin satışından əldə edilmişdir" (155, 226, 246-247, 257-258).



Tarixən Qərbi Avropa məhsulları Azərbaycana və İrana əsasən iki istiqamətdə daxil olmuşdur: Cənubdan-Aralıq dənizi, Hind okeanı və qərbdən Aralıq dənizi və Osmanlı imperiyası istiqamətlərindən. Digər bir istiqamət isə indiki Rusiya ərazilərindən keçən Volqa-Xəzər yolu idi. Cənub istiqamətindən gətirilən əmtəələr İran körfəzinə daxil olur, oradan da İrana və Azərbaycana yayılırdı. Qərb istiqamətindən gəlirilən məhsullar isə Aralıq dənizindən və Qara dənizdən keçməklə Trabzon limanına daxil olur, oradan da karvanlarla Azərbaycana və İrana yönəlirdi. Aralıq dənizindən keçməklə Beyrut və İsgəndəriyyə limanlarına daxil olan məhsullar Osmanlı imperiyası istiqamətində Azərbaycana və İrana aparılırdı (304, 30). XVI əsrin II yarısında cənub istiqaməti Portuqaliyanın, qərb istiqaməti isə Osmanlı imperiyasının nəzarəti altında idi və buna görə də onların maraqları ilə hesablaşmadan ticarət əməliyyatları aparmaq mümkün deyildi. Lakin bu yollardan fərqli olaraq Volqa-Xəzər yolu XVI əsrin II yarısında ən əlverişli yol idi. Həmin yol həm İngiltərənin, həm də Səfəvi dövlətinin maraqlarını ödəyirdi. Lakin "Moskva" şirkətinin Səfəvi şahı I Təhmasibdən və Şirvan bəylərbəyi Abdulla xan Ustacludan mühüm güzəştlər almasına, Azərbaycan ipəyi üzərində inhisara yiyələnməsinə, onu gömrük haqqı vermədən xarici bazara çıxarmağa nail olmasına baxmayaraq, bu vəziyyət uzun sürmədi. Baş vermiş geosiyasi dəyişikliklər şirkəti bu güzəştlərdən məhrum etdi. Bununla da İngiltərə XVI əsrin II yarısında özünün başlıca istəyinə nail ola bilmədi. Yəni, onun Azərbaycandan və İrandan keçməklə Hindistana quru yolla çıxmaq, ədviyyat bazarını ələ keçirmək arzusu gerçəkləşmədi. İngilislərin bu yolda uğursuzluğa düçar olmasında yolun uzunluğu da müəyyən rol oynadı. Bu amil əmtəələrin bu yol üzrə dənizlərdə, çaylarda və quru yollarda daşınmasında maneələr yaradır, onların təhlükəsizliyinin təminatı məsələsini çətinləşdirdi. Məhz bu səbəblər Azərbaycanı Qərbi Avropa ilə birləşdirən ənənəvi ticarət yolları ilə müqayisədə Volqa-Xəzər yolunu rəqabətdə davamlı etmirdi. Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, İngiltərənin cənub–şərq istiqamətində həmin dövrdə əldə etdiyi uğurlar Volqa–Xəzər ticarət yolunun əhəmiyyətini azaltdı. Çünki 1588–ci ildə İspaniyanın «məğlubedilməz armada»sı ingilis donanması tərəfindən darmadağın edildikdən sonra İngiltərənin ən qüdrətli rəqibi sıradan çıxdı, dənizlərdə ağalıq ingilislərin əlinə keçdi. Beləliklə, XVI əsrin sonlarında İngiltərənin cənub–şərq və cənub–qərb istiqamətlərində fəaliyyət göstərməsi üçün geniş imkanlar yarandı. Təsadüfi deyildir ki, İngiltərənin müstəmləkə imperiyasının əsasını qoymuş məşhur Ost–Hind şirkəti məhz XVII əsrin başlanğıcında yaranmışdı. Bundan sonra İngiltərə rəsmi dairələri Hindistanla ticarətə daha çox diqqət yetirirdilər. 1581-ci ildə Osmanlı imperiyası ilə ticarəti ələ keçirmiş «Levant» şirkətinin təşkil olunması da bu dönüşdə xeyli rol oynamışdı. Onu da nəzərə almaq lazımdır ki, şimal–şərq yolunda İngiltərənin Polşa, Hollandiya və İsveç kimi ticarət rəqibləri vardı (194, 13-14; 8, 91). Livoniya müharibəsində (1558-1583) İngiltərəni öz tərəfinə çəkə bilməmiş IV İvan ingilis tacirlərinə öncə verdiyi ticarət imtiyazlarını ləğv etdi. IV İvanın "Moskva" şirkətinə qarşı bu cür qısqanc mövqeyi həm də ingilis sərmayəsinin mövqeyinin Moskva knyazlığının bazarlarında möhkəmlənməsindən rus tacirlərinin narazı qalması ilə bağlı idi. İngiltərənin səfəvilərlə geniş əlaqələr yaratması da Moskva dövlətinin Şərqlə bağlı gələcək planlarına zidd idi. Çünki Kazanı və Həştərxanı ilhaq etmiş Moskva knyazı Xəzərə çıxış əldə etdiyinə görə ingilis ticarət sərmayəsinin Volqa-Xəzər yolu ilə Şərq ölkələri ilə ticarəti inhisara almasına yol verə bilməzdi. IV İvan Venesiya ticarət sərmayəsinin də Moskva knyazlığı ərazisindən keçib Volqa-Xəzər yolu ilə Azərbaycan və İranla ticarət əlaqələri yaratmaq planlarına razılıq verməmişdi. Ümumiyyətlə, IV İvan ingilislərin Moskva dövləti ilə İtaliya dövlətləri arasında vasitəçilik rolundan hədsiz gəlir əldə etmələrinə uzun müddət səbr edə bilməzdi. O, bununla bağlı hələ 1576–cı ildə öz narazılığını ifadə etmişdi. Həmin ildə Moskva dövləti ilə İngiltərə arasında bağlanacaq müqavilə ərəfəsindəki danışıqlar zamanı ingilis kraliçası I Yelizavetanın mövqeyindən narazı olan IV İvan ona təsir göstərmək üçün bildirmişdi ki, vasitəçilik vəzifəsini Venesiyaya və Almaniyaya verə bilər. Çünki IV İvan hesab edirdi ki, ingilislər əldə etdiklərinin az bir qismini ruslara verir (26, 189-190; 318, 25–28, 37-39). Bunu öncədən hiss edən və XVI əsrin II yarısında Volqa-Xəzər yolu ilə Səfəvi imperiyası ərazilərinə ticarət agentlərini göndərən İngiltərə rəsmi dairələri Aralıq dənizi vasitəsi ilə Osmanlı imperiyası ərazilərinə də ekspedisiya göndərmişdi. Dövlətin iqtisadi inkişafında ticarətin rolunu xüsusi qeyd edən orta əsr ingilis siyasi xadimləri dövlət quruculuğunda da onun rolunu dəyərləndirirdilər. Bu siyasi xadimlər eyni zamanda tacir idilər və ticarət əməliyyatlarına rəhbərlik təcrübəsini keçmişdilər. Buna görə də onlar ölkənin zənginləşməsi üçün bir neçə üsul irəli sürürdülər. Bu üsullardan biri dövlətin ərazisinin genilənməsinə söykənən işğallar idi. Lakin həmin üsul ziyanlı, qanlı və təhlükəli idi. İkinci üsul müstəmləkələrin yaradılmasına, idarə olunan və xüsusi strateji mövqeyə malik olan qəsəbələrin, ticarət faktoriyalarının tikintisinə söykənirdi. Bu üsul isə böyük xərclər tələb edirdi və üzücü idi. Nəhayət, üçüncü üsul ticarət (yəni, xarici ticarət) idi ki, zənginləşmək üçün daha etibarlı, asan bir yol vəd edirdi. Yuxarıda göstərilən üç üsuldan ikisi üçün xərclər və zaman tələb olunurdu. Üçüncü üsul isə bunlardan fərqli olaraq güzəştlər, imtiyazlar və tacir üçün sərbəst fəaliyyət tələb edirdi. XVI əsrin II yarısında İngiltərə rəsmi dairələri də üçüncü üsulu daha məqsədəuyğun hesab etdilər. İngiltərənin iqtisadi inkişafının əsasını mahud istehsalı təşkil edirdi. XVI əsrin sonlarına doğru İngiltərə ildə təxminən, 200 min tay parça istehsal edirdi. Mahud ingilis ixracatında başlıca əmtəə idi. Bu ixracatda ikinci yeri yun tuturdu. Ölkədə manufaktura sənayesi sürətlə inkişaf edirdi və bu sənaye xarici bazara möhtac idi. Həmin dövrdə Səfəvi imperiyası ərazilərindən başlanan, Uzaq Yaponiyaya qədər oan geniş ərazi İngiltərə əmtəələri üçün əlverişli bazar idi. Məsələn, həmin dövrdə Səfəvi imperiyasının ərazisində olan tacirlər öz ölkələrinə məlumat verirdilər ki, "bu ölkənin sadə insanlarına yun parça gətirmək lazımdır". İngiltərə dövlətinin xarici ticarətə verdiyi diqqəti müəyyənləşdirmək üçün onu qeyd etmək kifayətdir ki, ayrı-ayrı mənbələrin məlumatlarına görə, XVII əsrin əvvəllərində ingilis ticarət donanması 1,5 mindən 6,5 minə qədər gəmiyə malik idi. Müasirləri bu donanmanı həmin dövrdə mövcud olan güclü dövlətlərin hər birinin qüdrətinə bərabər olan qüvvə adlandırırdılar. Bu dövrdə yeni ticarət bazarları axtarışına çıxmış ingilis zadəganlarını gəliri artırmağın üsulları, sənayenin və ticarətin inkişafı məsələləri ciddi düşündürürdü. Məhz buna görə də həmin dövrdə ingilis burjuaziyasının əsas iqtisadi siyasəti merkantilizm (XVI-XVIII əsrlərdə Avropada ticarət təbəqəsinin mənafeyini əks etdirən iqtisadi nəzəriyyə və iqtisadi siyasət; bu nəzəriyyə ölkənin rifahını istehsalda deyil, əmtəə dövriyyəsinin və pul sərmayəsinin ölkə daxilində inkişaf etdirilməsində görürdü) oldu. "Sərvət əldə etmək üçün bizim əlimizdə xarici ticarətdən başqa heç bir vəsait yoxdur. Çünki bizim mədənlərimiz yoxdur". Bu fikirləri T.Men nəşr etdirdiyi "Xarici ticarət" traktatında ifadə etmişdi. Həmin fikirləri başqa bir müəllif D.Diqqs də "Ticarətin tənüzzülü" əsərində bu cür ifadə edirdi: "Bizim bütün sərvətimiz yalnız ticarətdən daxil ola bilər". Merkantilizm siyasətinin mühüm tərəfdarlarından olmuş L.Roberts «Ticarətin tənəzzülü–Erkən (ilkin) ingilis ticarət əsərləri» əsərində göstərirdi ki, «bizə müstəmləkələr deyil, ticarət lazımdır» və daha sonra əlavə edirdi: «İngiltərənin adını Bərbərlərdə, daha sonra Osmanlı imperiyasında, Moskva dövlətində, Ərəbistanda, İranda və Azərbaycanda, Hindistanda işğallarımız, ticarətimiz, qılınclarımız deyil, yelkənlərimiz tanıtdı" (262, 138, 139-144, 163-164).

XVI əsrin sonlarında İngiltərə həyatı üçün səciyyəvi olmuş merkantilizm siyasətinə toxunmaqda məqsədimiz bu dövlətin daxili siaysətini araşdırmaq deyil. Təbiidir ki, həmin dövrdə merkantilizmin əleyhdarları (yəni, müstəmləkəçilik siyasətinin tərəfdarları) da çox idi. Biz yalnız XVI əsrin II yarısından başlayaraq ticarətin İngiltərə həyatındakı əhəmiyyətini göstərmək fikrindəyik. Məhz bu iqtisadi siyasət əsasında İngiltərə XVII əsrin ortalarına doğru özünün iqtisadi inkişafında ciddi irəliləyişlərə nail oldu. Bu irəliləyişlər nəticəsində də hələ XVII əsrin əvvəllərində İngiltərədə və Hollandiyada istehsalın başlıca təşkilatçıları kapitalist manufakturaları oldu (203, 144). Təbiidir ki, belə bir iqtisadi inkişaf satış bazarları tələb edirdi. İngiltərənin səfəvilər və osmanlılar ilə qarşılıqlı əlaqələrində bu amil mühüm rol oynayırdı. Ona görə də Osmanlı imperiyası ilə ticarət əlaqələri yaratmış İngiltərə dövləti onun əraziləri vasitəsilə səfəvilərlə də ticarət edirdi. XVI əsrdə Osmanlı imperiyası Avropada və Yaxın Şərqdə iqtisadi və siyasi münasibətlərdə mühüm rol oynayırdı. Qərbi Avropa dövlətləri Levant ilə ənənəvi ticarət əlaqələrinin qorunub saxlanmasında maraqlı idilər. Aralıq dənizindəki Osmanlı fəthləri, eyni zamanda Afrikanı dolanmaqla Hindistana dəniz yolunun açılması şərqlə avropalıların Aralıq dənizindəki ticarətini iflasa uğrada bilmədi. Buradakı ticarətin gəlirinə görə Ümid Burnunu dolanmaqla Hindistanla ticarətdən geri qalmasına baxmayaraq, o, Qərbi Avropa dövlətləri üçün böyük əhəmiyyət kəsb edirdi. Osmanlı imperiyası Venesiya, Genuya, Fransa, Macarıstan, Avstriya, Polşa, Moskva knyazlığı və bir sıra dövlətlərlə ticarət əlaqələrini davam etdirirdi. Şərqlə tranzit ticarəti daha da genişləndirildi. Qərbi Avropa dövlətlərinin Osmanlı imperiyası ilə əlaqələri müstəqil siyasi əhəmiyyət kəsb edirdi. Belə ki, "Osmanlı təhlükəs"nə qarşı «ümumavropa ittifaqı» yaratmaq istəyi iflasa uğradığına görə, Avropanın bir çox dövlətləri Osmanlı imperiyası ilə diplomatik əlaqələr yaratdılar. Onunla siyasi ittifaq qurdular və ya bitərəf mövqelərini qoruyub saxladılar. XVI əsrin II yarısında beynəlxalq münasibətlərdə baş vermiş dəyişikliklərlə əlaqədar Osmanlı imperyiyasına təsir dairəsi uğrunda Avropa dövlətləri arasında mübarizə kəskinləşdi. Qərbi Avropa dövlətlərində kapitalist üsulunun inkişafı ticarət əlaqələrinin genişlənməsini və Levantdan daxil olan əmtəələrin artırılmasını tələb edirdi (ipək və xam pambıq, boyaq maddələri, ədviyyat və s.). Bu amil Levantda Qərbi Avropa dövlətləri arasında ticarət rəqabətini artırırdı (316, 3,4; 333, 193-194). Həmin dövrdə Levant başlıca ixracat əmtəəsi ipək olan Səfəvi imperiyası üçün də mühüm ticarət mərkəzi idi. Bu dövrdə Səfəvi dövlətinin ərazilərində bol ipək istehsal olunurdu. Yalnız onu xatırlatmaq kifayətdir ki, XVI əsrin əvvəllərində Səfəvi imperiyasının ərazisində istehsal olunmuş ipəyin 50%-ə qədəri Gilanın payına düşürdü. Sonra Mazandaran, Xorasan, Şirvan və digər vilayətlər gəlirdi (206, 130).



XVI əsrin 70-ci illərində İngiltərə də Osmanlı imperiyasında ticarət güzəştləri və siyasi təsir uğrunda mübarizəyə qoşuldu. Tezliklə ingilislər də osmanlılardan fransızların aldıqları güzəştlərə uyğun olaraq "kapitulyasiya" alıb Osmanlı sarayı ilə sıx əlaqələr qurdular. İngiltərə ilə Osmanlı imperiyası arasında diplomatik əlaqələrin qurulması bu dövlətlər arasında geniş ticarət əlaqələrinin yaranması ilə bağlı idi. Bir məsələyə də diqqət yetirmək lazımdır ki, İngiltərəyə verilmiş ticarət imtiyazında osmanlıların Lepantodakı dəniz döyüşündə məğlubiyyəti (1571) böyük rol oynadı. Məhz bunun nəticəsi idi ki, Osmanlı sultanı dəniz dövləti olan Hollandiyaya da 1612-də ticarət imtiyazları verdi. Levant limanlarında fransızlar, ingilislər və hollandlar arasında kəskin rəqabət vardı və onların hamısı Osmanlı sultanının verdiyi ticarət imtiyazlarından asılı idilər. Təbiidir ki, Osmanlı sultanı bu imtiyazı verərkən Avropanın həmin dövlətlərinin Osmanlı dövləti üçün syasi, hərbi yararlığını nəzərə almışdı. XVI əsrin sonlarına doğru bu ticarətdə ingilislər öndə, fransızlar və hollandlar isə aşağı-yuxarı olmaqla bərabər səviyyədə idilər (316, 4-5; 349, 450; 45, 760-787). Beləliklə, XVI əsrin sonlarında Hindistan ilə ticarət ehtiyacı ingilisləri «osmanlıların qapısına» gətirmişdi. İngilislər burada venesiyalılarla və fransızlarla qarşılaşdılar. Çünki əski zamanlardan imtiyazları olan Venesiya gəmiləri istisna olunmaqla, Osmanlı imperiyasına gələn bütün əcnəbi gəmilər Fransanın «himayəsində» idilər. İngilislər də bu qazanca ortaq çıxdılar. Həmin dövrdə İngiltərə ilə qarşılıqlı əlaqələr Osmanlı imperiyası üçün ciddi rol oynayırdı və bu baxımdan sultanlar "bizə hər dost olanla dostuq" siyasətini həyata keçirirdilər. Bu da osmanlılarla ticarətdə Fransanın inhisarçı mövqeyinə zərbə endirirdi. Beləliklə, XVI əsrin 80-ci illərindən etibarən İngiltərə də Osmanlı imperiyası ilə əlaqələri olan dövlətlər arasına daxil oldu və bu əlaqələr xüsusi səciyyə daşıyırdı. Osmanlı imperiyası ilə İngiltərə dövləti arasında «Türkiyə» şirkəti adlı bir ticarət birliyi yarandı (1581) (59, 3-4). Londondakı «Türkiyə» şirkəti müəyyən dövrdə bütün şirkətlərdən ən qüdrətlisi olmuşdur. Bu şirkətin rahat və səssiz gətirdiyi qazanc İngiltərə hökmdarının sarayını bəzəyirdi. Bunun nəticəsində ingilis tacirləri canfəşanlıqla osmanlılarla ticarətə başladılar. 1592-ci ildə isə «Venesiya» və «Türkiyə» şirkətləri adları altında fəaliyyət göstərən tacir qrupları yeni bir imtiyaz fərmanı əsasında «Levant» şirkəti adı altında birləşdilər. Bütün Osmanlı və Venesiya torpaqları da daxil olmaqla, Şərqi Aralıq dənizi sahillərindəki ingilis ticarəti bundan sonra «Levant» şirkətinin nəzarəti altında olmalı idi. 1580-ci ildə Hələbdə, 1583-cü ildə İskəndəriyyədə, 1589-cu ildə Patrasda və 1611-ci ildə İzmirdə ingilis konsulluqları quruldu. Afina, Selanik və Akka kimi digər önəmli ticarət mərkəzlərində isə ingilis tacirləri Fransa konsulluqlarının «himayəsi» altında fəaliyyət göstərirdilər (60, 241; 88, c,1, 430). Osmanlı imperiyası ilə ticarət edən ilk ingilis tacirlərindən biri Antoni Cenkinson idi. XVI əsrin ortalarında qurulmuş «Moskva» şirkətinin nümayəndələrindən olmuş bu şəxs 1553-cü ildə I Süleymandan aldığı fərmanla Venesiyaya və fransızlara rüsum verməkdən qurtuldu, onlar kimi sərbəst ticarət etmək hüququnu qazandı (59, 6). Lakin həmin dövrdə Səfəvi imperiyası və indiki Rusiya ərazilərindən keçməklə qurulmuş əlaqələr bu addımı ikinci dərəcəli etdi. Məhz buna görə də A.Cenkinsonun əldə etdiyi uğur ardıcıl olmadı və təqribən 20 ildən sonra ingilislər yenidən bu siyasətə qatıldılar. 1580-ci ildə Osmanlı imperiyasının İngiltərəyə verdiyi güzəştlər Səfəvi şahlarının onlara verdiyi əsaslı hüququ verirdi. 12 ingilis tacirinin 7 il şərti ilə və illik 500 ingilis lirəsi vergi əvəzində Osmanlı imperiyasında ticarət etmək hüququ qorunurdu. İngiltərənin Osmanlı imperiyası bazarlarına gəlişi rəqibsiz, mübarizəsiz olmadı. XV əsrin sonundan etibarən venesiyalılar, 1535-ci ildən sonra isə fransızlar Avropa ilə Osmanlı imperiyası arasındakı ticarəti öz əllərində saxlayırdılar. Hətta fransızlar siyasətdə də «osmanlıların dostu» kimi görünür, daha geniş imtiyazlar ələ keçirirdilər: onlar bütün Avropa ticarətini öz əllərinə almış, imperiyaya gələn gəmilərin Fransa bayrağı altında daşınmasını təmin etmişdilər. Ona görə də ingilislər İstanbulda görünən kimi venesiyalarla birgə hərəkət etməyə başladılar. Venesiyalılar Aralıq dənizində öz nəzarəti altında olan bazarlarda ingilis tacirlərinin aldığı əmtəələrin gömrük rüsumunu artırdılar. İngiltərə də bu əmtəələrin dövlət ərazisinə daxil olmasını qadağan edərək gözlənilən zərbəni önlədi. İngiltərənin Fransa ilə ticarət mübarizəsi isə daha gərgin oldu. Osmanıl imperiyasında başlamış bu mübarizə, XVIII əsrdə dünya miqyaslı bir çəkişməyə çevrildi (59, 13-14). Müttəfiqlərə ehtiyacı olan İngiltərənin və Osmanlı imperiyasının siyasi ittifaqı üçün əlverişli vəziyyəti həmin dövrdə xarici, siyasi şərait və osmanlıların ərazisindəki durum yaradırdı.

Osmanlı imperiyasını Avropa məsələlərində fəal iştirakdan 1578-ci ildə Səfəvi imperiyasına qarşı başlayan müharibə ayırdı. Məhz bu dövrdə Papa XIII Qriqori Osmanlı imperiyası ilə mübarizə üçün "Yeni Avropa" liqası təşkil etməyə cəhd etdi. Bu məqsədlə o, casuslarını yalnız Qərbi Avropa ölkələrinə deyil, Polşaya və Moskva knyazlığına da göndərdi. İspaniya kralı çöx böyük bir razılıqla bu liqada iştirak edəcəyini bildirdi. Bu dövrdə Portuqaliyanın İspaniyaya birləşdirilməsi (1581) xarici siyasət sahəsində ona xeyli üstünlüklər verirdi. Bütün bunlar İspaniyanın rəqiblərini, o cümlədən İngiltərəni və Osmanlı imperiyasını onunla mübarizədə birgə yol axtarmağa vadar edirdi. 1580-ci ildə Osmanlı sultanının İngiltərəyə verdiyi «kapitulyasiya» da digər tərəfdən bu məqsəddən irəli gəlirdi. "Əbədi dostluq, sülh və ittifaq" prinsiplərini ehtiva edən bu sənəd (kapitulyasiya) 22 maddədən ibarət olmaqla, ingilislərin ticarət hüquqlarını müəyyən edir, onların özlərinin və əmlaklarının mühafizəsinə zəmanət verirdi. Bu güzəştlər içərisində diqqəti çəkənlərdən ən vacibi-Osmanlı ərazilərində ticarət konsulunun təyin edilməsi hüququnun əldə edilməsi idi. Beləliklə, İngiltərə təbəələri fransız konsuluna tabeçilikdən azad olunurdular. Osmanlı imperiyasının nəzarəti altında olan ərazilərlə ticarət etmək İngiltərə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edirdi. Levantdan İngiltərəyə, onun iqtisadiyyatının mühüm sahəsi sayılan toxuculuq sənayesinin inkişafı üçün böyük miqdarda boyaq məhsulları (indiqo, mazı və s.) aparılırdı. İngiltərə idxalında mühüm əmtəələr siyahısına xam pambıq ipliyi, xam ipək, istiot, mixək, cövüz, zəncəfil, darçın daxil idi. İngiltərədən Levanta aparılan daimi və daha əhəmiyyətli əmtəələr sırasında yun parça, yüksək keyfiyyətli zərif mahud, qalay, qurğuşun, soyuq silah, ev dovşanının dərisi üstünlük təşkil edirdi. Bundan başqa, İngiltərədən məftil, qurudulmuş siyənək, sardina, qurudumuş balıqlar ixrac edilirdi. XVI əsrin sonunda-XVII əsrin əvvəllərində İngiltərədən Levanta hər il 15 min taya yaxın yun parça aparılırdı. Bu da ixrac olunan parçaların ümumi miqdarının təxminən 7%-ni təşkil edirdi. Qərbi Avropa ilə ticarət əlaqələrində rəqabətin kəskinləşdiyi bir zamanda bu xarici ticarət İngiltərə üçün az rol oynamırdı. İngiltərənin Levant ilə ticarətinin illik həcmi böyük idi və təxminən 100 min. ft. st-qə bərabər idi. İngiltərə və Osmanlı imperiyasında bir sıra əmtəələrin qiymətlərinin müqayisəsi göstərir ki, Levant ilə ticarət ingilis tacirləri üçün sərbəst idi və bu ticarət onların tezliklə varlanmasına şərait yaradırdı. Levant ticarətində isə Səfəvi imperiyası mühüm rola malik idi. Səfəvi imperiyasının ərazilərindən daşınan ipək və xam ipək Levantda Qərbi Avropa dövlətləri arasında ciddi rəqabətin yaranmasında az rol oynamırdı. Osmanlı imperiyası tərəfindən Səfəvi ərazilərindən gələn karvanlardan tutulan vergilər hesabına xəzinəyə külli miqdarda vəsait daxil olurdu. Buna görə də Səfəvi imperiyasının Qərbi Avropa ilə ticarət əlaqələri Osmanlı iqtisadiyyatının yüksəlişində ciddi amil idi. Bu, XVI əsr boyunca müharibələrdə xeyli maliyyə itkiləri vermiş Osmanlı imperiyası üçün çox əhəmiyyətli idi. Məsələnin ciddiliyini dərk etmək üçün bir anlığa geriyə-XVI əsrin əvəllərinə qayıdıb müqayisə aparmaq kifayətdir. Sultan I Səlimin hakimiyyəti illərinə və ondan sonrakı dövrə aid olanı yalnız Bursa gömrüyünün əldə etdiyi gəlirlər bu sahədə bizə yardım edir. Xatırladaq ki, Sultan I Səlim səfəvilərə qarşı iqtisadi qadağa tətbiq etmişdi. Əslində, bu qadağa Osmanlı iqtisadiyyatında enmələrlə müşayiət olundu. Məsələn, Bursa gömrüyünün Səfəvi dövləti ərazilərindən gələn ipək karvanlarından əldə etdiyi ümumi gəlir 1487-ci ildə 120.000 dukat, 1508-ci ildə 100.000 dukat, 1512-ci ildə 130.000 dukat, 1521-ci ildə 40.000 dukat, 1523-cü ildə 50.000 dukat, 1557-ci ildə isə 70.000 dukat olmuşdur (344, 210). Beləliklə, Sultan I Səlimdən sonra taxta çıxmış I Süleyman problemin dərinliyni anlamış, iqtisadi qadağaları aradan qaldırmış, Osmanlı imperiyasının tranzit ticarətində Səfəvi imperiyasından daxil olan ipəkdən tutulan vergilər hesabına gəlirlər artmağa başlamışdı. Bunu bir gömrük məntəqəsinə dair misal çəkdiymiz rəqəmlər də sübut edir. Vergilərə I Süleyman dövründə yönələn diqqəti sübut edən, Osmanlı və Avropa mənbələrinə istinadən verilən məlumatlardır. Məlumatlarda göstərilir ki, 1530-1537-ci illər arasında Böyük Türkün bütün Anadoludan əldə etdiyi gəlir 1.300.000 dukat, Misirdən gələn gəlir 1.600.000 dukat, Suriyadan 700.000 dukat, Mesopotomiyadan 150.000 dukat, ona yaxın olan ərazilərdən, yəni Osmanlı nəzarəti altında olan adalardan və İstanbuldan 250.000 dukat olmuşdu. Bütün bunların nəticəsində Osmanlı imperiyasının illik gəlirinin müntəzəm olaraq 1 milyon dukat olduğu göstərilir (350, 179-180). Bu cür gəlirləri görən Osmanlı sultanları XVI əsrin sonlarında Levantda yüksək qiymətləndirilən Gilan və Şirvan ipəyinə nəzarəti bütünlüklə öz əlində cəmləşdirməyə çalışırdılar. Uzaq Çindən və Orta (Mərkəzi) Asiyadan daxil olan karvanların da Bursa yolu ilə (344, 211) Levanta istiqamətləndiyini nəzərə alsaq, Osmanlı sultanının narahatlığını təsəvvür etmək çətin deyildir. Məsələn, XVI-XVII əsrlərə dair mənbələr tranzit ticarətinin əhəmiyyətini qeyd etməklə yanaşı, həm də Gilanın, Şirvanın iqtisadi potensialı barədə təsəvvür yaradır və bu vilayətləri Şərqdə xam ipəyin ən iri istehsalçısı və ixracatçısı kimi qeyd edirlər. Bununla bağlı «Moskva» şirkətinin agenti A.Eduards 1566-cı il 8 avqustda Şamaxıdan göndərdiyi məktubda yazırdı ki, "Sizi inandırıram ki, burada gürcü ipəyi hesaba alınmamaqla 50-60 batmana bir at yükü həcmində 3000 və ya 4000 at yükləmək olar. Müəyyən vaxtlarda buradan çoxlu ipək ixrac olunur. Osmanlı türkləri bir dəfəyə 400-dən 500-ə qədər at yükü aparırlar" (155, 233). A.Eduardsın göstərdiyi rəqəmləri nəzərə alsaq, Şirvanda ildə təxminən, 30-45 min pud xam ipək istehsal edildiyi nəticəsinə gələrik. Bu məsələni dərindən tədqiq etmiş M.Heydərov isə göstərir ki, həmin rəqəmlər reallığı əks etdirmir və həmin rəqəmlər müəyyən mərhələlərdə çıxarılmış ipəyə əsasən göstərilmişdir. Bunu sübut edən dəlillərdən biri yalnız Osmanlı tacirlərinin bir dəfəyə 400-dən 500-ə qədər at yükü çıxıarmalarıdır. Onlar isə Şirvan ipəyini almaq məqsədilə ildə bir neçə dəfə gəlirdilər. Şirvan ipəyinin böyük qismi Asiya və Avropa ölkələrinə və eləcə də Azərbaycan vilayətlərinə daşınırdı (192, 141-142). İngilis ticarət şirkətinin digər nümayəndəsi L.Çepmen qeyd edir ki, yalnız Culfadan beynəlxalq ticarət mərkəzi olan Hələbə ildə 500-1000 tay Azərbaycan və İran xam ipəyi (155, 247) çıxarılırdı. İpəkçilik Səfəvi imperiyasının ərazisində XVII əsrə doğru və XVII əsrin əvvəllərində özünün ən yüksək inkişaf dövrünə çatmışdı. Bunun başlıca səbəblərindən biri Qərbi Avropa ölkələrində manufaktura istehsalının yüksək dərəcədə inkişafı idi. Həmin manufakturalar isə Azərbaycan və İran xam ipəyinin əsas sifarişçiləri idilər (192, 142). XVI əsrin sonunda-XVII əsrin əvvəllərində Səfəvi imperiyasının ərazisindəki ticarət mərkəzlərinin Levant ticarətində rolunu görən Osmanlı sultanı Səfəvi imperiyasını qəti olaraq məğlub edib Azərbaycan ipəyini ələ keçirmək, Xəzər dənizi və İran körfəzi hövzələrində möhkəmlənmək planlarından əl çəkməmişdi. Osmanlı sarayında Səfəvi imperiyasına qarşı yeni müharibəyə hazırlıq görülməkdə idi. Bu bir tarixi həqiqətdir ki, okean ticarətinin inkişafı Osmanlı xarici ticarətinə ciddi zərbələr vurmuş və imperiyada iqtisadi geriləmə başlamışdı. Hollandiyanın və İngiltərənin Asiyada tədricən möhkəmlənməsi bu vəziyyəti daha da kəskinləşdirdi. Bir məsələni də xüsusi olaraq xatırlamaq lazımdır ki, Osmanlı siyasi xadimləri, ziyalıları yarana biləcək bu geriləmənin «coğrafi kəşflərin» və ticarət yollarının okeanlara yayılmasının nəticələri olduğunu Avropa siyasi xadimlərindən daha yaxşı anlamışlar. 1580-ci ildə Osmanlı ziyalıları tərəfindən III Murad üçün yazılmış kitabda avropalıların Amerikada, Hindistanda və Səfəvi dövlətinin ərazilərində yerləşmələrinin təhlükəsi, osmanlı ticarətinin iflic vəziyyətinə düşdüyü göstərilir və vəziyyətdən çıxmaq üçün Süveyş bərzəxinə kanal açılması, Hindistan limanlarının zəbt edilməsinin vacibliyi əsaslandırılırdı. Başqa bir Osmanlı ziyalısı Ömər Talip isə 1625-ci ildə yazdığı müraciətində müsəlmanlara məxsus olan Süveyşdən Hindistan, Çin məhsulları ilə dolu gəmilərin və limanların Portuqaliya, Hollandiya və İngiltərə tacirləri vasitəsilə Avropadan dünyanın digər bölgələrinə yayıldığını, İslam ölkələrində qızılın və gümüşün azalmaqda olduğunu göstərir və qeyd edirdi ki, əgər osmanlılar Yəmən sahillərini və oradan keçən ticarəti ələ keçirməzlərsə, avropalıların İslam ölkələrinə hökm edəcəklərinin qarşısını almaq mümkün olmayacaqdır. Osmanlı sultanlarının Bəsrə körfəzi ilə Xəzər dənizini tutmaq siyasəti də məhz buna əsaslanır və onların dünya ticarətinə nəzarət vasitələrini ələ keçirmək arzusuna söykənirdi. Onlar Fərat və Dəclə çaylarını daxili su hövzəsi halına gətirmək, Mesopotomiyaya (Əl-Cəzirəyə) sahib olmaq, Bəsrə körfəzinə çıxmaq istəyirdilər (26, 198; 119, 90; 116, c.6, 140-141). Bu siyasətə əməl edən Osmanlı sultanları Avropa dövlətləri arasında yaranmış ziddiyyətlərdən uğurla istifadə etmək, mövcud vəziyyətdə Osmanlı dövlətinin ticarət imperiyası istəyinə ciddi maneə olan Səfəvi dövləti ilə münasibətlərə birdəfəlik son qoymaq niyyətində idilər. Bu dövrdə geosiyasi vəziyyət də osmanlıların xeyrinə idi: Avropanı dini çəkişmələr bürümüşdü. Avropa üçün digər problem olan «Osmanlı təhlükəsi»nə qarşı mübarizədə isə arzuolunan ittifaq cəhdləri alınmırdı. Şah I Təhmasibin ölümündən (1576-cı il, may) sonra Səfəvi sarayında siyasi sabitlik pozulmuş, hökmdarın oğlanları arasında taxt-tac uğrunda mübarizə başlanmışdı. Qızılbaş dəstələri arasında hakimiyyətə yiyələnmək uğrunda qanlı toqquşmalar gedirdi (268, c.1, 271-272). Osmanlı sultanı Səfəvi dövlətini bölgənin siyasi səhnəsindən çıxarmaq üçün Avropadakı düşmənlərini bitərəfləşdirməyə çalışırdı. Lepanto qələbəsinin İspaniyaya xristian dünyasında şöhrət gətirməsinə baxmayaraq, ispan kralı Osmanlı hücumlarından ehtiyatlanırdı. İngiltərə ilə osmanlılar arasında ispanlara qarşı birgə ittifaq haqqında şayiələr bütün Avropanı bürümüşdü. Lepanto döyüşündən dərhal sonra Fransa kralı Osmanlı sultanına ittifaq yaratmaq təklifi ilə çıxış etdi. Bu münasibətlə İspaniyanın Hollandiyada olan canişini - hersoq Alba yazırdı: «Onlar bizim iki gözümüzü çıxarmaq üçün sevinə-sevinə bir gözlərini qurban verərlər". Bu ifadə Fransa-İspaniya ziddiyyətlərinin əyani sübutdur. Bundan sonra Venesiya Osmanlı imperiyası ilə birtərəfli qaydada müqavilə bağladı, ödədiyi təzminatın müqabilində özünün Levant ticarətini canlandırmağa nail oldu (317, 72). 1575-ci il avqustun 8-də bağlanmış bu müqavilə, əslində, 7 mart 1573-cü il tarixli müqaviləsini təzələdi (64, c.2, 6).

Səfəvilərlə müharibə Osmanlı sarayı üçün o qədər vacib idi ki, sultan hər dəfə diqqətini dərhal Avropadan yayındırır, bütün hərbi gücünü rəqibinə qarşı yönəldirdi. Osmanlı sultanının səfəvilərə qarşı müharibələrdə şəxsən iştirakı iki cəbhədə fəal döyüş aparmaq imkanlarını məhdudlaşdırırdı. Qeyd edək ki, vaxtilə Osmanlı sultanı I Səlimin uğur qazandığı Çaldıran döyüşü (1514) osmanlıların Avropa fəthlərinə ciddi maneələr yaratdı. V Karlın Osmanlı imperiyasına qarşı Səfəvi sarayı ilə münasibətlər yaratmaq cəhdində məhz bu döyüş mühüm rol oynadı. I Süleymanın Avropaya hücumlarının uğursuzluğa düçar olmasında onun səfəvilərə qarşı hərbi yürüşləri (1533-ci, 1548-ci və 1552-ci illər) müstəsna rol oynadı. XVI əsrin ortalarında V Karl imperiyasının səfiri, belçikalı Busbay bu münasibətlə yazırdı: «Nə vaxt ki, osmanlı türkləri səfəvilərlə münasibətlərini yoluna qoyurlar, Şərqin gücünə arxalanaraq bizim boğazımızdan yapışırlar, biz hazır olmadıqca, heç nə deyə bilmərəm"(317, 72-74). Osmanlılarla səfəvilər arasında yetişən yeni müharibə osmanlılara qarşı yönəlmiş liqaya yenidən öz qüvvələrini cəmləşdirmək imkanı verdi.



Dövlətin iqtisadi ehtiyaclarını və Levant ticarətini bütünlüklə təmin etməyi öz üzərinə götürmək istəyən Osmanlı sultanı geniş iqtisadi tədbirlər həyata keçirmək fikrində idi. Hind okeanında da osmanlıların portuqallarla toqquşmaları davam edirdi. Bu toqquşmalar elə şiddətli idi ki, artıq portuqallar osmanlılarla siyasi əlaqələr qurmağa can atırdılar (120, 409). Məhz həmin dövrdə dünya ticarətində mövqe tutmağa çalışan İngiltərə rəsmiləri yaranmış vəziyyətdən istifadə etməyə cəhd edərək «rəqiblərə qarşı okeanda mübarizə aparmaq üçün» osmanlılara «qarşılıqlı işbirliyi» təklif etdilər. Lakin ingilislərin bu cəhdi uğursuzluqla nəticələndi. XVI əsrin sonunda, XVII əsrin əvvəllərində Osmanlı torpaqları şərq ilə qərb arasında mühüm birləşdirici vasitə rolunu oynayırdı. Azərbaycandan, İrandan, Hindistandan Osmanlı ticarət limanlarına daxil olan çoxlu miqdarda məhsullar, qərbdən gətirilən məhsullarla dəyişdirilirdi. Bu ticarət Osmanlı imperiyası üçün zəngin gəlir mənbəyi idi (108, 685). Bunu sübut etmək üçün yalnız onu göstərmək kifayətdir ki, Osmanlı imperiyasının mərkəzinə və digər bölgələrə daxil olan ədviyyat dövlətin xaricinə-Suriya və Misir limanlarına çıxarılır, avropalı tacirlərə satılır, osmanlı xəzinəsinə misilsiz gəlirlər bəxş edirdi. 1554-64-cü illərdə Qırmızı dəniz limanlarına çıxarılmış ədviyyatın miqdarı ildə 20.000 ilə 40.000 kantar arasında dəyişməkdə idi. 1554-cü ildə yalnız venesiyalılar İsgəndəriyyədən 6000 kantar ədviyyat almışdılar (114, 136-137). Osmanlıların dənizlərə dair müxtəlif layihələr həyata keçirmək cəhdində bu amil mühüm rol oynayırdı. Süveyş kanalına dair layihə bu qəbildən idi. Həmin layihə 1568-ci ildə ciddi bir şəkildə osmanlılar üçün aktuallaşdı. Layihəyə görə, Aralıq dənizi ilə Qırmızı dəniz arasında kanal açılmalı və Osmanlı donanması Qırmızı dənizdən Hind okeanına daxil olmalı idi. Lakin Volqa-Don layihəsini bundan daha öncə həyata keçirmək istəyi Süveyşə dair layihənin təxirə salınmasına səbəb oldu. Buna görə də Osmanlı strateji xəttində 1578-1590-cı illər arasında başlıca yeri Səfəvi imperiyasına qarşı hərbi yürüşlər və Həştərxana səfər tutdu. Osmanlılar Volqa çayı boyunu, Şimali Qafqazı və Xəzər dənizini bir məntəqədə birləşdirməyə cəhd edirdilər (76, 46). Osmanlıların səfəvilərə qarşı növbəti hərbi yürüşlərində Həştərxan layihəsi yenidən aktuallaşdı. Bu məsələyə diqqət yetirmiş F.Braudel osmanlıların III Murad zamanında Xəzər dənizi sahillərini və Təbrizi, Asiyadan gələn önəmli ticarət yollarını və tranzit məntəqələrini ələ keçirmək məqsədlərinin olduğunu qeyd etmişdir (56, 346). Bununla da Xəzər dənizində donanmaya malik olan Osmanlı imperiyası Orta (Mərkəzi) Asiyadan (Türküstandan) gələn ticarət və tranzit yollarını nəzarət altına ala bilərdi (76, 49). Hətta osmanlıların Xəzər dənizində donanma qurmaq arzularına uyğun olaraq «Bəhr-i Kolzum komandanlığı» qurmaları bu məqsədə yönəlmişdi (100, 272). XVI əsrin sonlarına doğru Avropada iqtiasadi mərkəzin Aralıq dənizindən Atlantik okeanına keçməsi osmanlılar üçün ingilis və hollandiyalı tacirlərlə (daha doğrusu, onların ölkələrilə) daha yaxından əlaqələr qurmaq ehtiyacını doğurdu. Bu məsələyə xüsusi diqqət yetirən Mehmet Bulut F.Braudelə istinadən göstərir ki, XVI əsrin sonlarında Aralıq dənizi ticarəti xeyli artdı. Bu ticarətdə Venesiya, Fransa, İngiltərə tacirləri kimi, Hollandiya tacirləri də fəal rol oynayır, Anadoludan Azərbaycana və İrana uzanan karvan ticarətində iştirak edirdilər (58, c.3, 211-212). Həmin dövrdə isə Osmanlı imperiyası üçün Hindistandan daxil olan ədviyyat, Azərbaycan və İran ipəyi həyati əhəmiyyət kəsb edirdi. Bu dövrdə Amsterdam şəhərinin böyük bir ticarət mərkəzinə çevrilməsi, nəinki dəniz, habelə quru ticarət şəbəkəsinin də önəmini artırırdı. Bu isə Osmanlı dövlətinin ərazilərində mövcud olan ticarət şəbəkəsini canlandırırdı. Levant ticarətinə gəlincə, bu dövrdə özünün müxtəlif çeşidliliyi ilə fərqlənirdi. Bu ticarətdə ədviyyatdan başqa, dənli bitkilər, duz, şəkər, yun, pambıq və digər parçalar da önəmli rol oynayırdı. Elə buna görə də XVI əsrin sonunda Aralıq dənizi sahillərində mübadilə edilən məhsullar həmin yüzilliyin əvvələrindən çox fərqli idi: məhsulların çeşidi daha zəngin, ticarətin həcmi isə daha yüksək idi. Osmanlı imperiyası Aralıq dənizinin siyasi, ticari, iqtisadi həyatında aparıcı rolunu hələ də qorumaqda idi (142, c.3, 202-207).


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə