Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,89 Mb.
səhifə6/14
tarix17.10.2017
ölçüsü2,89 Mb.
#5156
1   2   3   4   5   6   7   8   9   ...   14


Aparılmış iqtisadi və siyasi islahatlar nəticəsində XVI əsrin sonunda Osmanlı imperiyası dünyanın ən böyük güc mərkəzinə çevrildi. Osmanlı imperiyası XVI yüzillikdə Qara dəniz hövzəsinə, Aralıq dənizinin böyük bir qisminə və Orta Avropaya qədər geniş bir əraziyə hökm edən əzəmətli imperiya idi, eyni zamanda mühüm quru və dəniz yollarına nəzarət edirdi. Bu imperiya üç qitəni əhatə edirdi (150, c.3, 32–33; 55, 732). Osmanlı imperiyasının iqtisadi həyatına toxunarkən Anadoluda ipəkçiliyin inkişafı məsələlərinə nəzər yetirməmək mümkün deyildir. Anadolu qədim çağlardan ipəyin bol olduğu bölgə kimi tanınmışdır. XIII yüzillikdə (yəni böyük Monqol imperiyası dövründə) Anadolu Şərq-Qərb ticarətində əsas yola çevrildi. Bu zaman Ərzurum, Ərzincan, Sivas yolu ilə Təbrizi Konyaya bağlayan əsas yol aparıcı idi. Sivasla Konya arasında XIII əsrdən indiyədək üç karvansaranın mövcud olması bunu sübut edən əlamətlərdəndir. Bu dövrdə Şərq-Qərb ticarətində başlıca alqı-satqı məmulatları əsasən kübar təbəqənin geyindiyi fransız və italyan parçaları, Çin, İran və Azərbaycan ipəkləri idi. XIII əsrdə Anadolu Avropanı yalnız Şərqə bağlamamış, Şərqi Avropadakı Qızıl Orda ilə Ərəb ölkələri arasındakı şimal-cənub ticarətində də mərkəz rolunu oynamışdır. Anadoluda Cənubun cürbəcür parçaları, ədviyyatı və şəkəri Şimalın kürkü və kölələri ilə mübadilə edilirdi. İtalyan tacirlərinin dəniz yolu ilə daşıdıqları bu məhsulları müsəlman tacirlər quru yolu ilə Antalyadan Konyaya və Sivasa, Hələbdən Kayseriyə, Sivasa, Sinopa və Samsuna daşıyırdılar. Həmin dövrdə Sivas, Aksaray, Konya, Amasya və Ankara kimi Orta Anadolu şəhərləri başlıca ticarət mərkəzlərinə çevrilmişdi. XIV əsrdə əsasən İran və Azərbaycan ərazilərini öz hüdudlarında birləşdirmiş Elxanilər imperiyasının süqutu (1335) və Qərbi Anadoluda osmanlıların siyasi səhnəyə çıxması ilə (1300-1360) siyasətin və ticarətin ağırlıq mərkəzi Qərbi Anadoluya keçdi və bu ticarət yollarının nizamında da dəyişikliklərə səbəb oldu. XIV əsrin sonunda Osmanlı dövlətinin həm siyasi, həm də ticari mərkəzi olmuş Bursa Anadolunun ən mühüm ticarət mərkəzi və Şərq-Qərb ticarəti üçün vacib bir anbara çevrilmişdi. Bursanın beynəlxalq bir bazar mövqeyinə yüksəlməsi XIV yüzilliyin ortalarına təsadüf edir. 1352-ci ildə genuyalılara verilmiş ticarət güzəştləri, 1354-cü ildə Ankaranın osmanlılar tərəfindən fəthi bu yöndə mühüm hərbi, siyasi uğurlar idi. Sultan I Bəyazid öz hakimiyyətini Amasya və Toqat yolu ilə şərqdə Ərzincana qədər genişləndirdi, bu karvan yolunun gəlirinə də sahib oldu. Osmanlıların şərqə doğru uzanan ipək yolunun başlıca mərkəzlərini - Ankaranı (1354, 1362), Osmancıkı (1392), Amasyanı (1392) və Ərzincanı (1401) ələ keçirmələri bu istiqamətdə qazanılmış ən böyük uğurlardan idi. İrandan və Azərbaycandan daxil olan ipək karvanları artıq Trabzondan keçən dəniz yoluna deyil, quru yolla Bursaya yönəlməyə üstünlük verirdilər. Osmanlı sultanı I Bəyazidlə Əmir Teymuru üzü-üzə qoymuş Ankara döyüşü (1402) də Təbrizə gedən ipək yolu üzərindəki nəzarəti ələ keçirmək istəyinin nəticəsi idi. Bu yol üzərindəki Amasya və Toqat şəhərləri XIV əsrdə Bursadan sonra Anadolunun ən önəmli iqtisadi və mədəni mərkəzləri idilər. Bitlis-Diyarbəkr-Mardin xətti ilə Azərbaycandan və İrandan gələn karvanların boşaldığı Hələb şəhəri ipək ticarətində Bursa ilə rəqabət apara biləcək ticarət mərkəzi idi. I Bəyazid 1399-cü ildə Hindistan və Ərəbistan məhsullarının Cənubi Anadoluda cəmləşdiyi başlıca limanlar olan Antalyanı və Alanyanı ələ keçirdi. Bu ticarət Adana və Konya yolu ilə Hələbdən Konstantinopola gedən qədim quru yolu vasitəsilə aparılırdı. Osmanlılar Bursanı cənubla bağlayan həmin yolun tam gəlirinə 1468-ci ildə Qaraman bəyliyi fəth edildikdən sonra sahib olmuşdular. Müsəlman tacirlər artıq Ərəbistandan, İrandan və Azərbaycandan Osmanlı dövlətinin ərazilərinə keçərək Bursaya rahatca gedirdilər. Bursa Şərqi Aralıq dənizi ticarətinin ən önəmli mərkəzi olan Konstantinopolda və Qalatada yerləşmiş Venesiya, Genuya, Florensiya tacirləri üçün şərq əmtəələrini satın almaq, Avropa parçalarını satmaq üçün ən yaxın bazar idi. Bu bazar Azərbaycan və İran tacirləri üçün də əlverişli idi. Onlar Bursada əldə etdikləri nağd pul hesabına körfəzdən gətirilmiş inciləri, Misirdən və Kiprdən gətirilmiş şəkəri, hətta Hindistan ədviyyatını da satın alırdılar. Beləliklə, Anadolu bölgəsi hərbi və siyasi cəhətdən Osmanlı imperiyasının həyat uğrunda mübarizəsində önəmli yer tuturdu, bir çox sənətlər sahəsində də dövlətin ehtiyaclarına tam şəkildə cavab vermək iqtidarında idi. Həmin dövrdə isə sənətkarlıq sahələrindən olan toxuculuq Anadoluda yüksəliş dövrünü keçirirdi. XV–XVII əsrlərdə Anadolunun ipəkçilik üzrə ən böyük mərkəzi rolunu Bursa şəhəri oynayırdı. Bursada ipəkçiliyin qədim ənənələri vardı. XV yüzilliyin başlanğıcında alman səyyahı İ.Şiltberger də buna dair qeydlər etmişdir. R.G. de Klavixo da Bursada ipəkçiliyin inkişafı barədə bəhs etmiş, həmin məntəqəni ipək ticarəti və ipək parçaları üzrə «dünya mərkəzlərindən biri» kimi qiymətləndirmişdi (322 а, 33-41; 89, 127-130; 141, c.10, 771; 75, c.3, 86-94; 346, 21–57). Tanınmış Türkiyə tədqiqatçısı X.İnalcık da bu məsələyə geniş toxunmuşdur. O, qeyd edir ki, XVI əsrin başlanğıcında Bursada ipəktoxuma dəzgahları vardı. 1501–ci ildə Florensiya tacirlərinin təmsilçisi Bursada ipəktoxuma sahəsinin gündəlik 310 kq həcmində xam ipək tələb etdyini göstərir. Osmanlı səyyahı Övliya Çələbi də ipəkçilikdə Bursanın əhəmiyyətindən bəhs etmiş və burada müxtəlif növ tut ağaclarının yetişdirildiyini göstərmişdir. Türkiyə tarixçisi F.Dalsarın əsərlərində XV–XVII yüzilliklərdə Bursada ipəkçilyin inkişafı barədə məlumatlar daha genişdir. F.Dalsarın araşdırmalarına görə, XVI–XVII yüzilliklərdə bursada 28 cür ipək parça toxunurdu (89, 127-130; 141, c.10, 771; 75, c.3, 86-94; 346, 21–57). X.İnalcık isə yazır ki, XIV yüzillikdə Bursa İrandan və Azərbaycandan Avropaya ixrac edilən dəyərli Astrabad ipəyi hesabına beynəlxalq ticarət mərkəzinə çevrilmişdi. Bursaya hər il 5–6 ipək karvanı gəlirdi. Hər karvan isə orta hesabla 200 yük ipək gətirirdi. Hesablamalar nəticəsində bəlli olur ki, həmin dövrdə Florensiyada bu ticarət sayəsində hər yükdən 70–80 dukat qızıl pul qazanılırdı. Bursa gömrüyündə 1479–cu ilə doğru ipəkdən ildə 15 min dukat qızıl pul əldə edilirdi. Xarici mənbələrdə Bursanın 1487-1638-ci illərdə əldə etdiyi gəlirlər barədə verilən məlumatlar xüsusi əhəmiyyət kəsb edir. Bu həm Osmanlı imperiyasının həyatında Bursanın rolunu, həm də Səfəvilər imperiyasından ixrac olunan ipəyin həcmini əks etdirir. Rəqəmlərdən bəlli olur ki, bu gəlirlər 1487-1512-ci illərdə ən yüksək həddə olmuşdur: 1487-ci ildə-6 milyon ağça, 1508-ci ildə-5.45, 1512-ci ildə-7.35, 1513-cü ildə -7.30, 1521-ci ildə-2.10, 1523-cü ildə -3.00, 1531-ci ildə-3.10, 1540-cı ildə-2.90, 1542-ci ildə-3.80, 1557-ci ildə-4.20, 1558-ci ildə-4.10, 1577-ci ildə-2.38, 1598-ci ildə-4.55, 1606-cı ildə-5.20, 1638-ci ildə isə 3 milyon ağça olmuşdur. Təbiidir ki, 1512-ci ildən sonra gəlirlərin azalmasında Osmanlı-Səfəvi müharibələri və Sultan I Səlimin (1512-1520) səfəvilərə qarşı tətbiq etdiyi ticarət qadağası mənfi rol oynamışdır. Beləliklə, XV əsrin II yarısında Bursa Ərəbistan və Hindistan məhsullarının satıldığı beynəlxalq mərkəzə çevrilmişdi. Məsələn, florensiyalılar Bursada ədviyyatı gümüşlə dəyişməyi, Misirdə və Suriyada onu qızıl pulla almaqdan daha əlverişli hesab edirdilər (87, c.1, 77; 88, c.1, 274-278). Osmanlı imperiyasının digər şəhərlərində də ipəktoxuma çiçəklənmə dövrünü keçirirdi. Bu şəhərlərdən biri də Osmanlı imperiyasının paytaxtı İstanbul idi. İstanbul Bursadan sonra Anadolunun ən böyük ipəktoxuma mərkəzi kimi dövlət xəzinəsinə böyük gəlir gətirirdi (75, c.3, 86-94). Bu barədə Övliya Çələbi də məlumat vermişdir. 1478–ci ilin rəsmi məlumatlarına görə, İstanbulda 3667, Qalatada 260 dükan vardı (87, c.1, 79). Həmin dövrdə Ədirnədə, Manisada, Ərzurumda, Urfada, Mərəşdə, Alaşəhərdə, İzmirdə də ipək parçalar toxunurdu (75, c.3, 86-94). Adı çəkilən şəhərlər içərisində İzmir xüsusilə seçilirdi. Bu şəhər tutduğu mövqeyə görə Anadolunun hər tərəfi ilə münasibətlər qura bilirdi. Səfəvi ipək ticarətinin mərkəzi olan İsfahandan başlayan yol Kaşandan, Qumdan, Tehrandan, Rumdan, Tokatdan, Ankaradan və Afyondan keçərək İzmirə qədər uzanırdı. Sənədlərdən bu yolla irəliləyən karvanlarda bəzən 2000 tay ipək aparıldığı məlum olur. Hətta bir sənəddə göstərilir ki, 1670-ci ildə İzmirdən digər yerlərə yalnız 380.000 kq Səfəvi ipəyi ixrac edilmişdir. İzmirin qonşuluğunda yerləşən Çeşmə və Quş adası da dövlətin ticari həyatında mühüm rol oynayırdı. İpək ticarətinin əsas mərkəzlərindən biri də Hələb şəhəri idi. Buradakı ticari həyat avropalıların Ümid Burnuna səyahətlərindən sonra da tənəzzülə uğramamış, Avropa daxilində baş verən proseslərə uyğun öz mövqeyini qoruyub saxlamışdı (51, 93-96).

Anadolu yalnız karvan yollarının kəsişdiyi ərazi deyildi. O, həm ipəkçilyin mərkəzlərindən biri, həm də Avropa bazarlarına çıxış üçün ən münasib strateji ərazi idi. Məhz bu amillər Ağqoyunlu–Osmanlı, Səfəvi–Osmanlı ziddiyyətlərində başlıca rol oynamışdır (104, c.1, 269).



Okean ticarəti inkişaf etdikcə Anadolunun əhəmiyyəti daha da artırdı. Çünki Levant bazarına yönələn münasib yol buradan keçirdi. Hörmüzün portuqalların əlinə keçməsi səfəvilər üçün dənizə çıxışı bağlamışdı. Suriyaya və Aralıq dənizinə çıxışın yolu isə Anadolu (Kiçik Asiya) yarımadasından keçirdi. Anadolunun Osmanıl imperiyası üçün ciddi əhəmiyyət kəsb etdiyini bilən sultanlar yarımadanı bütünlüklə dövlətin ərazilərinə qatmağı başlıca vəzifə hesab edirdilər. Bu baxımdan Çaldıran (1514) döyüşü Anadolu tarixində bir dönüş məqamıdır. Qazanılmış zəfər nəticəsində Şərqi Anadolu bütünlüklə Osmanlı dövlətinin əlinə keçdi (87, c.1, 90). Həmin dövrdə Osmanlı sultanı I Səlim Yavuzun planı əsasında Anadolunun hal-hazırda Türkiyə Respublikasına aid olan 217.000 kv.km.-lik böyük bir qismi Osmanlı imperiyasına qatıldı (135, c.28, 344-345). Orta əsrlərdə Anadoluya sahib olmaq həm Azərbaycan dövlətləri, həm də Osmanlı dövləti üçün bir neçə problemin eyni zamanda həlli demək idi. Buna görə də Anadolu məsələsi Azərbaycan dövlətlərinin və Osmanlı dövlətinin dövlətçilik məsələlərində ən öndə olanı, ümdəsi idi. Bu məsələyə toxunmuş Türkiyə tarixçisi Faruk Sümer qeyd edir ki, "Ərdəbil şeyxləri şeyxlikdən şahlığa yüksəlmək üçün maddi və mənəvi gücü İranda deyil (Türkiyə tarixçiləri Azərbaycanın tarixi ərazilərini də «İran» adı altında təqdim edirlər. Əslində, Şərqi Anadolu da qədim Azərbaycan ərazisi sayılır-D.Ə.), Anadoluda əldə etmişdilər. Şah İsmayıl sanki bir Anadolu türkü kimi 907 h/t (1501-1502 miladi)-ci illərdə Ərzincanda Anadolu türk kənd və şəhərlərindəki tərəfdarlarını toplamış, İrana daxil olaraq öz dövlətini qurmuşdu"(125, 86). Anadolunun böyük strateji və ticari əhəmiyyətini təsəvvür etmək üçün onu göstərmək kifayətdir ki, 1514-cü ildəki Çaldıran döyüşündən sonra Təbrizə daxil olmuş Sultan I Səlim Anadolunun fəthi başa çatmadığına görə Təbrizi tərk edərkən Azərbaycanda hərbi qüvvə saxlamamışdı (135, c.28, 344-345). Şərq və Cənub siyasətinin tərkib hissəsi kimi Şərqi Anadolu şəhərlərinin alınması ilə osmanlıların bölgədəki nüfuzu artmış, zülqədərlilər Osmanlı hakimiyyətinə tabe edilmiş, dağlıq ərazilərdəki keçidlər ələ keçirilmiş və beləliklə, Misir məmlüklərinin ərazilərinə gedən yol açılmışdı. Şərqi Anadolunun fəthi osmanlılara Anadoludan Qafqaza, Suriyaya, İrana açılan önəmli strateji keçidləri əllərində saxlamaq, həmin ölkələrə hərbi yürüşlər təşkil edərək həyata keçirmək imkanları vermiş, bununla da Azərbaycan və İraq yolunda dayanacaq məntəqəsi yaradılmışdır. Şərqi Anadoludan keçən Təbriz-Hələb və Təbriz-Bursa ipək yolu Osmanlı nəzarəti altına düşmüş, Misir Məmlük torpaqlarının alınması ilə Süveyşə qədər beynəlxalq ticarət yolları Osmanlı imperiyasının əlinə keçmişdi. Beləliklə, bu iki yol üzərində zəngin ticarət və sənətkarlıq şəhərlərinin, xüsusilə o zaman Mesopotamiya ilə İran, Anadolu ilə Hələb arasındakı ticarət yollarının birləşdiyi Diyarbəkrin fəthi Osmanlı xəzinəsinə böyük bir gəlir qaynağı bəxş etdi. Yalnız onu qeyd etmək kifayətdir ki, Diyarbəkr əyalətinin gəliri 1528-ci ildə 25 milyon ağça ilə bütün Balkan ölkələrindən alınan gəlirin səkkizdə birinə qədər yüksəlmişdi (73, c.9, 467; 87, c.1, 91). Bu mənada həmin dövrün tədqiqatçısı Cahit Doğanın qeydlərini xatırlamaq zəruridir. Tədqiqatçı göstərir ki, əldə olunmuş gəlirlər hesabına "imperatorluq o dönəmlərdə o dərəcədə qüvvətli idi ki, osmanlılar xarici dövlətlərlə andlaşmaları təktərəfli olaraq yazır və qarşı tərəfə tərcüməsini oxumaq imkanı vermədən imza etdirirdilər" (66, c.2, 130). Yəni, qarşı tərəf hansı sənədi imzaladığını və üzərinə hansı öhdəliklər götürdüyünü yalnız sənəd imzalandıqdan sonra öyrənə bilərdi.

XV əsrin ortalarından başlayaraq Osmanlı imperiyası Azərbaycanın Avropa ölkələri ilə ticarət əlaqələrinin həyata keçməsində ən təhlükəli maneəyə çevrildi. XV əsrin sonlarına doğru isə Osmanlı imperiyası qədim zamanlardan Avropaya Şərq məhsullarının keçdiyi Asiya sahəsini tam nəzarət altına aldı. Bu tarixi «İpək Yolu» və «Ədviyyat yolu» idi. Hələ qədim zamanlardan ticarət yollarına nəzarətdən əldə olunan gəlir və yığılan gömrük rüsumları Asiya hökmdarlarının xəzinəsinin mühüm ənənəvi maliyyə qaynaqları sayılırdı. Bu baxımdan Osmanlı sultanlarının, xüsusilə Sultan II Məhəmmədin ağır gömrük siyasəti Ağqoyunlu imperiyasının başlıca gəlir mənbələrindən təcrid edilməsinə gətirib çıxara bilərdi. Bu, problemin bir tərəfi idi. Problemin digər tərəfi isə konkret şəkildə Ağqoyunlu və Osmanlı imperiyaları arasında ticarət ziddiyyətlərinin mövcudluğu ilə bağlıdır. Ağqoyunlu-Osmanlı münasibətlərinin gərginləşməsində ticarət mənafelərinin toqquşmasının mühüm rolu olmuşdur. XV əsrin II yarısında beynəlxalq əhəmiyyətli karvan yolları Ağqoyunlu imperiyasının ərazilərindən keçirdi (30, 119). Bu yollar isə Osmanlı imperiyasının ərazilərindən Aralıq dənizi sahillərinə yönəlirdi. Əgər Təbriz şəhərinə gətirilmiş ipəyin və digər Şərq məhsullarının bir qismi karvanlarla Trabzona və Hələbə göndərilirdisə, digər qismi isə Osmanlı imperiyasının venesiyalı və digər avropalı tacirlərin qızğın ticarət etdikləri toxuculuq və ticarət mərkəzlərinə çatdırılırdı. Azərbaycan, xüsusilə Gilan ipəyi Osmanlı imperiyasının toxuculuq mərkəzlərinin xammalla təmin olunmasında həlledici rol oynayırdı. Yalnız Təbrizdən Osmanlı imperiyasına doğru iki vacib karvan yolu yönəlirdi: Təbriz-Diyarbəkr-Mardin-Mərəş-Qeysəriyyə-Ankara-Əskişəhr-Bursa və Təbriz-Ərzurum-Ərzincan-Toqat-Amasiya-Ankara-Bursa. Toqatdan, Təbriz-Bursa istiqamətindən, Şirvandan, Gəncədən, indiki «Ermənistan» və indiki Gürcüstan ərazilərindən gələn ipək karvanları qovuşur və Bursaya yönəlirdi. Bursaya yönələn hər bir ipək karvanında həmin dövrdə 300-400-ə yaxın yük heyvanı olurdu (216, c.3, 87; 23, 10-14). Məhz buna görə də X.İnalcık göstərir ki, XV əsrin II yarısında Bursa şəhəri Hələb şəhəri kimi Aralıq dənizi hövzəsində ipək ticarətinin həyata keçirilməsində əsas ticarət mərkəzi rolunu oynayırdı. Təbriz ilə Bursa arasındakı ipək yolunun nəzarəti uğrunda gedən mübarizə osmanlılarla ağqoyunlular və osmanlılarla səfəvilər arasında XV-XVI əsrlər boyunca davam etdi. 1472-ci ildə Həsən padişah Osmanlı sultanı II Məhəmmədin himayə etdiyi qeyri-qanuni ticarətə xidmət edən, yeni gömrükxananın təsis edildiyi Toqat şəhərini yerlə yeksan etdi. Bununla belə ipək ixracatı ildən-ilə artırdı. Şərqdə sülhü pozmamaq siyasəti yeritmiş II Bəyazidin dövründə isə Osmanlı imperiyasına ipək idxalı ən yüksək səviyyəyə çatdı. XV-XVI əsrlərdə Ağqoyunlu, sonra isə Səfəvi imperiyaları ərazilərindən Bursaya ipək gətirmiş tacirlərin əksəriyyəti Azərbaycan türkləri və farslar idilər. Həmin tacirlər əsasən Təbriz, Şamaxı, Çuxur-Səəd, Gilan, Qəzvin, Yəzd, Şiraz, İsfahan, Kaşan və Səbzivar şəhərlərindən gəlmişdilər, bəziləri Bursada məskən salır, orada qalırdı. Təbriz kimi Bursa şəhəri də Ağqoyunlu, sonra isə Səfəvi tacir və sərraflarının qərargahına çevrilmişdi (85, 51; 362, 209; 88, c.1, 279, 281). Bursada Azərbaycan ipəyinin əsas alıcıları Avropa tacirləri idilər. Burada Şimali İtaliya şəhərlərinin, xüsusilə Venesiyanın və Florensiyanın ticarət şəbəkələri qızğın fəaliyyət göstərir, ipəyi alır və Avropaya göndərirdilər. Əsasən Azərbaycanın Təbriz, Şamaxı, Şəki, Gəncə şəhərlərindən gətirilən ipək Bursanın bazarlarında avropalı tacirlər arasında rəqabət yaradırdı. İtalyanlar Astrabad ipəyinə xüsusi maraq göstərir və onu "Sette Strava" adlandırırdılar. X.İnalcığın fikrincə, təkcə Təbrizdən Bursaya hərəkət edən hər bir karvanda orta hesabla 200 yük heyvanı olurdu (85, 53). Azərbaycan şəhərləri arasında Şamaxı Bursa ilə daha geniş ticarət əlaqələri ilə fərqlənirdi. Ümumiyyətlə, Şamaxı şəhərinin Azərbaycanın iqtisadi həyatında çox böyük əhəmiyyəti vardı. Bu isə XV əsrin II yarısından etibarən Xəzər dənizinin beynəlxalq ticarətdə rolunun artması ilə bağlı idi. Vəziyyətin bu cür dəyişməsi Bakını Xəzər dənizi hövzəsinin əsas liman şəhərinə çevirdi (Dərbənd bir liman şəhəri kimi bu dövrdə artıq öz əhəmiyyətini itirmişdi). Venesiyalı səyyah Donato da Leze bununla bağlı öz qeydlərində göstərir ki, Bakı şəhəri ticarət əməliyyatlarında mühüm əhəmiyyətə malik idi. Səyyah qeyd edir ki, ədviyyat Hindistandan böyük şəhər olan Şamaxıya daxil olur, buradan isə dörd günlük məsafədə Xəzərin sahillərində yerləşən Bakı şəhərinə doğru yönəlir. Ədviyyat Bakıda gəmilərə yüklənir və Volqa (İtil) çayının sahillərində yerləşən «tatar» şəhəri Həştərxana çatdırılır. Ümumiyytlə, Şirvan XV əsr boyunca iqtisadi və siyasi çiçəklənmə dövrünü yaşamışdır. Şirvanda irəkçilik sahəsi əsasən beynəlxalq ticarətə ünvanlanmışdı. Xam ipək ticarəti Şirvanı Moskva knyazlığı, Osmanlı imperiyası və Qərbi Avropa ilə qarşılıqlı əlaqələrə cəlb etmişdi. Genuya və Venesiya tacirlərinin də Şirvan ipəyinə marağı artdı. Məhz bu amil onların öz gəmilərini Xəzər dənizinə keçirməsində, orada öz faktoriyalarını qurmalarında ciddi rol oynadı. Şirvan ipəyi Dəməşqə, Kaşana və digər şəhərlərə aparılır və həmin sənətkarlıq mərkəzlərində Şirvan ipəyindən qiymətli parçalar toxunurdu. Bu ipəkdən Venesiyada və Lukkada «əla növ məxmər» hazırlayırdılar. Bu barədə Y.Şiltberger ətraflı məlumat vermişdi. Onun məlumatlarından həm də aydın olur ki, Şirvandan başqa Astarada və Şəkidə də xeyli ipək istehsal olunurdu (164, 33; 154, c.1, 155–162; 21, 14; 196, 81–82). Bu zaman Moskva knyazlığı artıq Volqaboyunda fəallaşmışdı. Xam ipəyə ehtiyacı olan Moskva knyazlığı Şirvan baraması ilə maraqlanmaya bilməzdi. Buna görə də Şirvanın sərvətləri Moskva knayazlarını özünə daha çox cəlb edirdi. Həmin dövrdə Şamaxı baraması dünya bazarlarında əhəmiyyətli rol oynayırdı. Moskva knyazları ilə Şirvan arasındakı ticarətdə Həştərxan tacirləri vasitəçi rolunu oynayırdılar. XV əsrdə Şirvanda əsas ticarət mərkəzləri Dərbənd, Bakı və Şamaxı şəhərləri idi. Beləliklə, XV əsrdə Şamaxı Azərbaycanın iqtisadi həyatında müstəsna rol oynayır, Cənubi Qafqazda əsas ticarət mərkəzi hesab edilirdi. Buraya Avropa və Şərq ölkələrinin ticarət sərmayəsinin nümayəndələri gəlirdilər. Şamaxı bazarı cürbəcür məhsullarla zəngin idi. Burada həm yerli əmtəələrə, həm də qonşu ölkələrdən gətirilmiş xarici məhsullara rast gəlmək mümkün idi. Şirvanın ticarət əlaqələrində Moskva knyazlığının xüsusi yeri vardı. Yazılı mənbə məlumatlarına görə, Şirvan Moskva knyazlığı ilə ticarət əlaqələrini XV əsrin II yarısından, yəni Şirvanşah Fərrux Yəssarın hakimiyyəti dövründən (1462–1500) daha da gücləndirməyə başlamışdır. Bu barədə qısa, lakin çox mühüm məlumata XV əsrdə Hindistana qədər gedib çıxmış Tver taciri və səyyahı Afanasi Nikitinin yol xatirələrində rast gəlirik. Bu məlumatlardan ən maraqlısı Moskva knyazlığının səfiri olmuş Marko Rufun İtaliya səfiri A.Kontarini ilə Şamaxıdan keçdikləri zaman etdikləri yol qeydlərində A.Kontarinin məlumatıdır. A.Kontarinin məlumatına görə, onlar Həştərxana daxil olan kimi 300 tacir tərəfindən təşkil olunmuş karvana qoşuldular. Onlar Moskva bazarına at ilxıları və Şərq məhsulları aparırdılar. Bu məhsulların içərisində ən qiymətli Şirvan ipəyi, ipək parçalar, düyü və cürbəcür ədviyyat olmuşdur. Həmin məhsulların hamısını Moskva bazarlarında mübadilə etməyə aparırdılar. Şirvandan aparılan mallar sırasına neft, duz, düyü, bez, qumaş, çit, tumac (dəri növü), dəri, ədviyyat (zəfəran, mixək, zəncəfil, müşk), cürbəcür quru meyvələr, qiymətli daş–qaşlar və sairə daxil idi. Şirvan əmtəələrini başqa məhsullarla dəyişdirilməsi məsələsinə toxunmuş M.Çulkov göstərir ki, «1475–ci ildə venesiyalı səfir A.Kontarini Ağqoyunlu dövlətindən qayıdarkən onunla bir yerdə Xəzər dənizi vasitəsi ilə Həştərxana qayıdan tacirlər aşağıdakı məhsulları aparırdılar: düyü, ipək və ipək pərdələr. Onlar həmin məhsulları Moskva və Həştərxan tacirlərinə satmağa və ya onların əmtəələri ilə dəyişməyə aparırdılar. Həmin vaxtlarda Həştərxanda böyük bir yarmarka var idi. Bu yarmarka sonralar öz ticarət əlaqələrini Şirvana qədər genişləndirə bilmişdi» (164, 33; 154, c.1, 155–162; 21, 14; 196, 81–82). Beləliklə, XV əsr boyunca Şirvanda yüksəliş davamlı olmuşdur. Buna görə də Şamaxıda istehsal olunmuş ipəyin Avropa və Şərq ölkələrinə ixracı sürətlə artırdı. X.İnalcıkın əsərində göstərilir ki, yalnız «Xoca Əbdürrəhim» adlı Şamaxı taciri 1467-ci ildə Bursaya qiyməti 220 min ağça (və ya 5.000 dukat) dəyərində olan 4400 ipək tayı gətirmişdi (29, 103–106; 200, 93; 85, 53; 211, 88). XV əsrin ortalarına doğru Bursada və Osmanlı imperiyasının digər şəhərlərində xam ipəyə (xamnaya) tələbat sürətlə artdı. Bu, bir tərəfdən Şimali İtaliyada ilkin kapitalist münasibətlərinin meydana çıxması, digər tərəfdən isə Bursada və digər şəhərlərdə toxuculuq sahəsinin yüksək sürətlə inkişafı ilə bağlı olmuşdur. Sultan II Məhəmmədin siyasəti Şərqdən gətirilən xam ipəyin Osmanlı əpazilərində emal olunmasına, imperiyanın Avropaya hazır məhsul ixrac edən tərəfə çevrilməsinə səbəb oldu. Bursadan Avropa tacirləri vasitəsilə çıxarılan ipəyə görə yüksək gömrük vergisi alınırdı. Azərbaycan tacirləri Osmanlı imperiyası ərazisində ipək məmulatını Osmanlı tacirlərinə əlverişsiz şərtlərlə satmağa məcbur edilirdilər. Qərb ölkələri ilə bilavasitə əlaqə yarada bilməyən Azərbaycan tacirləri Osmanlı imperiyasında olan bazarlara üz tutur və burada iki qat gömrük rüsumları ödəyirdilər. Həmin rüsumu Toqatda ödəyən azərbaycanlı tacirlər Bursada da yüksək gömrük rüsumuna məruz qalırdılar (85, 52). II Məhəmməd Fatehin tətbiq etdiyi qanunlara görə, xam ipəkdən və ipək parçalardan hər 100 ağçaya 2 ağça hesabı ilə gömrük rüsumu alınırdı (158, 79-80). Beləliklə, bu rüsum həmin məhsulun 4 % - ni təşkil edirdi. Ümumiyyətlə, Bursada ticarət gömrüyündən əldə edilən 3 mln. ağçadan 2 mln. ağçası ipəkdən əldə edilirdi (85, 57). Osmanlı imperiyasının Bursa gömrüyündən əldə etdiyi mənfəəti aşağıdakı rəqəmlər daha aydın göstərir: 1460-cı ildə 180.000 ağça, 1492-ci ildə 661.000 ağça, 1494-cü ildə isə 5500.000 ağça. Bu rəqəmlər Trabzonun süqutundan sonra Qara dəniz ticarətindən məhrum olmuş Ağqoyunlu tacirlərinin Bursaya daha çox axışdığını da sübut edir (23, 14). Digər tərəfdən, bu sənədlərdən Azərbaycan ipəyinin Bursa şəhərinin ticarət həyatında oynadığı böyük rol da əyani şəkildə məlum olur (245, 50). Osmanlı imperiyasının sərt gömrük siyasətini sübut edən dəlillərdən biri də dövlət tərəfindən gömrük rüsumlarının yığılmasının ayrı-ayrı şəxslərə baha qiymətə satılması idi. Bu isə ipək ticarəti sahəsində böyük çətinliklər yaradırdı. Məsələn, 1492-ci ilə aid olan bir sənəddə göstərilir ki, Bursada gömrük yığılması hüququ 3 il müddətinə «İsgəndər Sandıqçıoğlu» adlı bir şəxsə 661 min ağçaya satılmışdı. Bu isə gözlənilən illik gəlirdən 500 ağça baha idi (245, 50).

Beləliklə, XV əsrin ortalarından etibarən ağqoyunlularla osmanlılar arasında dərin ticarət ziddiyyətləri yarandı. Osmanlı sultanlarının iqtisadi siyasəti Ağqoyunlu imperiyasının suqutuna səbəb ola bilərdi. Ağqoyunlu imperiyasının Qərb ölkələri ilə, o cümlədən Venesiya ilə diplomatik əlaqələrinin əsasında dayanan başlıca səbəblərdən biri də bu təhlükə idi. Uzun Həsənin 1472-ci ildə Osmanlı imperiyasına qarşı müharibəyə başlaması da əsasən bu təhlükə ilə izah olunmalıdır (23, 14).



Qısa müddətdə bütün Balkan yarımadasına sahib olmuş Osmanlı türkləri üç qitədə-Avropada, Asiyada, Afrikada nəhəng bir imperiya yaratdılar. 1526-cı ildə Osmanlı türkləri macarları məğlubiyyətə uğradaraq, onların ərazilərinin böyük bir qismini ələ keçirdilər. Qeyd edək ki, Osmanlı həmlələrinə qədərki dövrdə macar hökmdarları daim Balkan yarımadasına iddia edir və həmin yarımadada katolik dinini yayırdılar. Balkan yarımadasının türklər tərəfindən fəthi bu bölgə xalqlarının əvvəlki dini inanclarının yaşamasında da müstəsna dərəcədə rol oynadı. 1529-cu ildə Sultan Süleymanın qoşunları Vyana şəhərini mühasirəyə aldılar. Osmanlı türklərinin Vyana ətrafında Avropanın birləşmiş hərbi qüvvələri tərəfindən məğlubiyyətə uğramasına baxmayaraq, «Osmanlı təhlükəsi» Mərkəzi Avropanın üzərində təqribən 150 il də aktual olaraq qaldı (202, 104-105). XV əsrin II yarısından etibarən Avropanın hərbi, siyasi, xarici iqtisadi əlaqələrinin təhlükəsizliyi Qərb hökmdarları üçün ciddi bir problemə çevrilmişdi (214, 68-84). Şimali Serbiyanın (1459), Bosniya və Herseqovinanın (1463-1466), Çernoqoriyanın və Albaniyanın (1470) Osmanlı fəthindən sonra Papa II Piy bildirmişdi: "Mən üfüqdə yaxşı bir şey görmürəm" (203, 116). Avropa qitəsinin Şərq qismində-Moskva dövlətində təqribən 250 il davam etmiş monqol hakimiyyətinə son qoyuldu (1480), İspaniya vilayətləri siyasi cəhətdən birləşərək Pireney yarımadasında-Qrenadada sonuncu ərəb məntəqəsini sıradan çıxardı (1492). Lakin «Osmanlı təhlükəsi» aradan qalxmamışdı. Bunu dəfələrlə ərəb, bərbər həmlələrinə məruz qalmış İspaniyada və Portuqaliyada çox gözəl anlayırdılar.

Tarix elmində belə bir fikir geniş yayılmışdır ki, tarixə Avropa dövlətlərinin "Böyük coğrafi kəşflər"i kimi düşmüş Şərqə doğru yönəlmənin, Qərbi Avropanın ticarət müdaxiləsinin və müstəmləkəçilik ekspansiyasının başlıca səbəbi Hindistana gedən ticarət yollarının Osmanlı türkləri tərəfindən blokadaya alınması olmuşdur. Əslində isə, «Böyük coğrafi kəşflər»in baş verməsində əsas, aparıcı yeri orta əsrlərin son mərhələsində Avropa ölkələrinin inkişafda olan iqtisadi həyatı, qərb hökmdarlarının bu tələbatı ödəmək üçün şərq ticarətinə yiyələnmək istəkləri tuturdu. Bəzi tədqiqatçıların fikrincə, bu məsələdə Avropa ölkələrinin iqtisadi inkişafı başlıca amil idi. Bu inkişaf isə Qərbi Avropada XV əsrin sonlarında «Böyük coğrafi kəşflər»in başvermə zərurətini doğurdu. Bu kəşflər nə üçün məhz həmin zamanda həyati tələbata çevrildi? Qeyd edək ki, Qərbi Avropa ilə Ön Asiya, Hindistan, Çin və digər Asiya ölkələri arasındakı ticarətin təqribən 1500 illik tarixi vardır. Bu ticarət əlaqələri gah artır, gah da azalırdı. Həmin ticarət Xaç yürüşləri zamanı daha böyük həcmə malik oldu. Həmin dövrdə Avropa xalqları Ön Asiyanın maddi mədəniyyəti və müxtəlif Asiya məhsullarıının istehsalı ilə birbaşa tanış oldular. XIV–XV əsrlərdə şərq məhsulları Avropa ticarət əlaqələrində mühüm yer tuturdu. Bu isə həmin məhsulların tərkibi ilə izah olunur. 1453–cü ildə Konstantinopolun və Balkan yarımadasının bir hissəsinin Osmanlı türkləri tərəfindən tutulması Qərbi Avropanın bu ərazilərdə ticarətini, həmin ərazilərdən keçən tranzit ticarətini iflic vəziyyətinə saldı. Qərbi Avropanın Asiya ilə ticarəti üçün yalnız bir istiqamət qalmışdı. Bu yol isə Qırmızı dənizdən və Süveyş körfəzindən keçirdi. Həmin ərazidə isə ərəblər hökmran idilər. Ərəblər yaranmış uğurlu vəziyyətdən istifadə edərək gətirdikləri Asiya məhsullarının qiymətlərini artırırdılar. Həmin dövrdə bu cür vəziyyət yalnız Venesiyaya və Genuyaya sərf edirdi. Bu Şimali İtaliya dövlətlərinin Aralıq dənizinin şərq sahillərində müstəmləkəçilik ekspansiyaları onların şərq ölkələri ilə ticarətini hədsiz dərəcədə genişləndirdi. Bu da italyanlara bütün Qərbi Avropada Asiya ticarəti üzərində inhisar mövqeyini qoruyub saxlamaq imkanı verirdi. XV əsrdə bu ticarətdə Florensiyanın da rolu çox yüksək idi. Bu vəziyyətdə İtaliya tacirləri baha qiymətə aldıqları Asiya məhsullarını sərfəli qiymətə sata bilirdilər. Lakin Avropanın digər dövlətlərinin tacirləri isə bu ticarətdə maneələrlə üzləşir və qiymətləri qaldırmaqda çətinliklər çəkirdilər. Buna görə də Asiya ticarəti onlar üçün əvvəlki səmərəliliyini itirirdi. Bu isə onları Asiyaya daxil olmaq üçün yeni yollar axarmağa vadar edirdi. Həmin məsələ isə beynəlxalq aləmdə baş vermiş əsaslı dəyişikliklərlə həll olundu: Amerikanın «kəşfi» və Asiyaya yeni ticarət yolunun açılması beynəlxalq ticarət münasibətlərinin, əlaqələrinin həcmini də dəyişdirdi. Dünya ticarəti təşəkkül tapmağa başladı. Bu dövrdə mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də «Böyük coğrafi kəşflər»dən sonra ticarət yollarının Aralıq dənizindən Atlantik okeanına keçməsi idi. Artıq şərq məhsulları Hindistandan birbaşa Aralıq dənizinə deyil, Hind okeanı vasitəsi ilə Qərbi Avropanın Atlantik okeanı sahillərinə gətirilirdi. Bundan sonra Genuyanın və Venesiyanın, bütün Şimali İtaliyanın süqutu layihəsi başlandı. «Böyük coğrafi kəşflər» nəticəsində İtaliya və Almaniya ərazilərini iqtisadi böhran bürüdü. Tədqiqatçıların irəli sürdükləri bu fikir tarixi həqiqətə uyğundur, lakin həqiqəti tam əks etdirmir. Çünki «Böyük coğrafi kəşf»lərdən sonra da qitələrarası ticarət yollarının keçdiyi Misir ərazisi 1517-ci ildə Osmanlı türkləri tərəfindən tutuldu (203, 116; 251, 7-8; 252, 32-34). Okean ticarətindən kənarda qalmış bəzi Avropa dövlətləri üçün Levant ticarəti mühüm əhəmiyyət kəsb edirdi. Bu ticarətdə inhisarçılıq isə Venesiyaya məxsus idi. «Böyük coğrafi kəşflər»ə təkan vermiş amillər arasında bu inhisarçılıq və Avropada Portuqaliya kimi dəniz dövlətinin qəflətən güclənməsi idi. Bu amillər ona gətirib çıxardı ki, təxminən 1530–cu ilə doğru Asiya ədviyyatı portuqalların nəzarəti altına keçdi, Lissabon qısa müddətdə dünya ticarətinin mühüm mərkəzinə çevrildi. Nəticədə Portuqaliya təxminən, 100 il ərzində Ost-Hind ticarətini öz nəzarətində saxladı (240, 20; 295, 328). Buna qədər isə Avropanı ədviyyatla təmin edən yeganə ticari qüvvə Venesiya idi. Doğrudur, Konstantinopolun fəthi (145, c.1, 110) (1453) Venesiyanı ağır vəziyyətlə üzləşdirdi, yaranmış vəziyyət onu gerçəkliklə barışmağa vadar etdi (180, c.2, 134). Osmanlı sultanları da bu dövrdə Avropa dövlətlərini bir–birinə qarşı qoymaq, onlar arasındakı iqtisadi ixtilafları gücləndirmək, bununla da Osmanlı dövləti əleyhinə ittifaqı parçalamaqdan ötəri Venesiya ilə müqavilə imzalayaraq qarşı tərəfə ticarət sahəsində xeyli güzəştlər vermək xəttini yeridirdilər. Belə ki, 1454-cü il aprelin 18-də Osmanlı imperiyası ilə Venesiya arasında müqavilə imzalandı (245, 66). Sultanın verdiyi imtiyaz fərmanında Venesiya Bizans imperiyası dövründə malik olduğu güzəştlərdən istifadə edir, Osmanlı bazarlarında azad ticarət imkanlarını saxlayır, imperiyanın ərazilərindən sərbəst giriş və çıxış kimi istifadə edə bilərdi. Bunun müqabilində hər iki istiqamətdə daşınan əmtəələrin dəyərinin 2%-i vergi qismində ödənilirdi. Venesiya hökuməti İstanbulda öz konsulluğunu da aça bilərdi. Sultan verdiyi bu fərmanla yaranmaqda olan Osmanlı əleyhinə ittifaqı parçalamış və Qərbə qarşı gələcək planlarını həyata keçirmək üçün əlverişli bir şərait hazırlamışdı. Əvvəlki güzəştlərini bərpa etmiş Venesiya Respublikası müvəqqəti olaraq Osmanlı imperiyasına qarşı hərbi plandan əl çəkmiş, Avropa hökmdarlarının Osmanlı dövləti əleyhinə danışıqlarına qatılmamışdı. Beləliklə, dövrün ən güclü dəniz dövləti zərərsizləşdirilmiş, malik olduğu mənfəətləri itirmək istəməyən Venesiya, hətta Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı planları barədə qarşı tərəfi xəbərdar etmək öhdəliyini də götürmüşdü (66, c.2, 139-140). Mənbə məlumatlarına görə verilən bu imtiyaz fərmanı Osmanlı imperiyası ilə Venesiya Respublikası arasında ilk fərman deyildi. İki dövlət arasında qarşılıqlı əsaslara söykənən ticarət sərbəstliyi hələ 1416–1418-ci illərin Osmanlı–Venesiya müharibəsindən sonra yoluna qoyulmuşdu. 1419–cu ilin 6 noyabr fərmanına əsasən isə Venesiya tacirlərinə verilmiş ticarət sərbəstlyi Osmanlı tacirlərinə və təəbələrinə də şamil edilmişdi (133, 247–254). 1454-cü il aprelin 18-də Venesiya Respublikasına verilən imtiyaz fərmanı da əvvəlki fərmanların davamı idi. Bu dövrdə sülh müqaviləsi Osmanlı imperiyası üçün digər bir tərəfdən də əhəmiyyətli idi: XV əsrin ortalarında Osmanlı hərbi dəniz qüvvələri Venesiyanın donanmasından geri qalırdı, osmanlılar dənizdə venesiyalılarla döyüşə hazır deyildilər. Buna görə də Sultan II Məhəmməd Egey dənizi və Aralıq dənizi hövzələrindəki gələcək fəthlərində Venesiya dəniz qüvvələrindən istifadə etmək niyyətində idi (244, 66).

Şərq ölkələri, o cümlədən Azərbaycanla ticarət əlaqələrinin inkişaf etməsində maraqlı olan Venesiya Respublikası, XV əsrin 60–cı illərinədək nəinki Qərb dövlətlərinin çağırışlarına cavab vermədi, əksinə Osmanlı imperiyası ilə bağladığı 1454–cü il müqaviləsini 1460–cı ildə yenilətdi (26, 77; 234, c,1, 155). Lakin bu müvəqqəti sabitlik dövrü, Osmanlı sultanının həyata keçirmək istədiyi strateji planın bir hissəsi idi. Sultan II Məhəmməd Venesiya Respublikasını Asiya–Avropa ticarətində vasitəçilikdən məhrum etmək, hətta Venesiya da daxil olmaqla bütün İtaliyanı fəth etmək niyyətlərini güdürdü (48, 53, 59). Osmanlı imperiyasının qüdrəti artdıqca Qərb dövlətləri arasında Osmanlı imperiyası əleyhinə blokun yaradılması barədə danışıqlarda fəallıq artır, osmanlılara qarşı birgə mübarizə cəbhəsinə yeni dövlətlər qoşulurdu.

XV əsrin 60–cı illərinin əvvəllərində Osmanlı imperiyasının Balkan yarımadası və Egey hövzəsində möhkəmlənməsi ilə Osmanlı–Venesiya ziddiyyətləri son həddə çatdı. Venesiyanın Balkan yarımadasındakı mülkləri osmanlıların əlinə keçdi. Osmanlı qoşunları Venesiya Respublikasını Moreyanın sahil məntəqələrindən, ümumiyyətlə, Egey hövzəsindən də sıxışdırıb çıxarmaqda idi. Beləliklə, şərq ticarətində vasitəçilikdən əli üzülən Venesiya Respublikası vaxtı ilə Aralıq dənizi və Egey dənizi hövzələrində ələ keçirdiyi mühüm hərbi–strateji məntəqələri də itirməyə başladı. Bu isə 1463–cü il iyulun 28–də 16 ilə qədər davam etmiş (1463-1479) Venesiya–Osmanlı müharibəsinin başlanması ilə nəticələndi. Venesiya Respublikasının Osmanlı imperiyası əleyhinə müharibəyə başlaması Qərbdə düşmən ittifaqın yaradılmasına yönəlmiş danışıqlarda müəyyən canlanma əmələ gətirdi. Lakin Osmanlı imperiyası əleyhinə yönəlmiş ittifaqda Venesiya həlledici dövlətə çevrilə bilmədi. Bu bir tərəfdən onun şərq ticarətində öz inhisarını qoruyub saxlamaq üçün danışıqlara üstünlük verməsi ilə bağlı idisə, digər tərəfdən osmanlıların yeritdiyi xarici siyasətin başlıca prinsipi olan, Avropa dövlətlərini parçalamağa yönələn «güzəşt və təcridetmə» xətti ilə bağlı idi. Buna görə də həmin dövrdə Osmanlı imperiyası əleyhinə hərbi–siyasi ittifaqın təşkilatçısı kimi Venesiya Respublikası deyil, Roma papaları çıxış etməyə başladılar. Bu isə təsadüfi deyildi. Osmanlıların qərbə doğru irəliləməsi, Balkan yarımadasındakı fəthlər Roma papalarının da mənafeyinə toxunurdu (26, 77, 78-79). Qeyd edək ki, həmin dövrdə italyan dövlətləri içərisində Papalıq özünəməxsusluğu ilə seçilirdi. Papalıq öz hüdudlarında Latsiumu, Markanı və Romanyanı birləşdirirdi. Papalar əsasən tanınmış italyan nəsillərinə mənsub olan şəxslər arasından seçilir və nəcabətlərindən öz hakimiyyətlərinin genişlənməsində istifadə edirdilər (292, 158).

Beləliklə, XV əsrin II yarısında Qərbi Avropa «ikinci Roma» adlandırılan, əski Bizansın və ya «Şərqi Romanın» ərazisində meydana gəlmiş Osimanlı imperiyası ilə üzbəüz qalmışdı. Bu isə Qərb ölkələrində «Roma imperiyasını dirçəltmək» ideyasını doğurmuşdu. Bu ideyanın tərəfdarları bütün Qərbi Avropanı vahid bir ərazidə birləşdirərək, «universal dövlət», «müqəddəs ümumixristian Roma imperiyasını» yaradıb onu Osmanlı imperiyasına qarşı qoymaq istəyirdilər. Həmin ittifaqın əsasını isə Habsburq (Avstriya) imperiyası təşkil etməli idi. Bu plana əsasən Habsburqlar sülaləsinin hökmdarları Avropanın katolik imperatorlarına çevrilməli idilər (277, 407). Buna görə də katolik kilsəsinin başçıları (papalar) «həyəcanlı» çağırışları ilə Avropa dövlətlərini, o cümlədən Balkan xalqlarını «artmaqda olan təhlükəyə» qarşı vahid cəbhədə «səlib yürüşü»nə çağırırdılar (201, 9, 10, 23).



Hələ 1439–cu ildə Florensiyada Şərq və Qərb xristian kilsələri arasında bir müqavilə imzalandı. Papa xristian hökmdarlarını Bizansa yardıma dəvət etdi: «Hamınız xristianlığın Şərq qalasını müdafiə etməyə borclusunuz» (271, 122). Konstantinopolun fəthindən dərhal sonra - 1453–cü il sentyabrın 30–da Roma papası xüsusi fərmanla (bulla) ilə bütün Avropa xalqlarını «kafirlər»ə (türklərə) qarşı «səlib yürüşü»nə çağırdı (271, 122; 140, c.2, 5; 26, 77; 97, 89). Lakin papaların bütün səyləri XV əsrin 50–ci və 60–cı illərinin əvvəlində Avropada osmanlılar əleyhinə ittifaqın yaradılması ilə nəticələnmədi (245, 68). Bu uğursuzluğun bir neçə səbəbi vardı. Əvvəla, Qərb dövlətləri arasında dərin ixtilaflar var idi. I Maksimilianın dövründə «müqəddəs Roma imperiyası» yaratmaq adı altında həyata keçirilməsi nəzərdə tutulan planın baş tutmaması da bununla bağlı idi. Bu plan Qərbi Avropanın siyasi inkişaf meyllərinə zidd idi. Həmin plan Avropanın ictimai iqtisadi inkişafının qarşısını almaqla, kapitalizmin yaranmasına maneçilik törədə bilərdi. Buna görə də milli mütləqiyyət quruluşuna qədəm qoyan Qərbi Avropa dövlətləri bu planın həyata keçirilməsində ciddi maneəyə çevrildilər. Bundan sonra isə bütün Qərbi Avropanı parçalayan, qitəni barışmaz düşərgələrə bölən və həmin ideyanın qarşısını alan Reformasiya (XVI əsrdə Qərbi Avropada katolik kilsəsinə və Papa hakimiyyətinə qarşı dini mübarizə şəklində cərəyan etmiş feodalizmə qarşı yönəlmiş ictimai–siyasi hərəkat) baş verdi. Məhz 30 illik müharibə (1618-1648) bu hərəkatın son mərhələsi idi. Həmin mərhələni «birinci ümumavropa müharibəsi» adlandırırlar. Təbiidir ki, Habsburqların rəqibləri (daha doğrusu Avropanın Habsburq–katolik imperiyası şəklində birləşdirilməsinin əleyhdarları) belə bir vəziyyətdə Osmanlı imperiyası və onun cənub–şərqi Avropadakı vassalları ilə əlaqə yaratmaq üçün fürsətdən istifadə etdilər (277, 407–408). Yaranmış şəraitdən ustalıqla istifadə edən Osmanlı sultanı da düşmən ittifaqını parçalamq üçün xeyli iş gördü. Osmanlılar əleyhinə ittifaqın baş tutmamasının digər səbəbi Osmanlı fəthlərinə məruz qalmış Balkan slavyanları, yunanlar arasında katolik məzhəbinə olan dərin nifrət hissi idi. Bu uğursuzluğun daha bir səbəbi XV əsrdə Roma papalarının artıq əski nüfuzlarını itirməsində idi (245, 68; 229, 143). Qərbi Avropa dövlətlərinin vahid cəbhədə birləşməsi üçün tarixi zəmin artıq mövcud deyildi. Bu problemlə geniş məşğul olmuş tədqiqatçılar qeyd edirlər ki, Qərbi Avropada baş vermiş dəyişikliklər də ümumdünya proseslərinə əks təsir göstərdi. Bu isə adi məsələ deyildi. Həmin dövrdə avropalıların dənizdə hökmranlıq uğrunda rəqabət aparmasına baxmayaraq, Asiyanın müəyyən qədər inkişaf etmiş dövlətləri qeyri fəallığa məhkum idilər. Bu məsələyə xüsusi olaraq toxunmuş V.Bartold göstərirdi ki, dənizdə avropalıların hökmranlığına qarşı müsəlmanların atdığı addımların iflasa uğraması həmin dövrdə müsəlman dünyasının Avropa ilə müqayisədə geri qalmalarının göstəricisi idi. Bu isə özünü gələcək siyasi mübarizədə əyani şəkildə büruzə verdi (203, 118; 171, 26). Nəticədə şərq ölkələri beynəlxalq ticarət mərkəzlərindən avropalılar tərəfindən sıxışdırılıb çıxarıldılar. Onlar Avropa hökmdarlarının hücumlarına qarşı yalnız vahid cəbhədən müqavimət göstərə bilərdilər. Beynəlxalq ticarət yollarında avropalıların hökmranlıq istəyinə yeni yaranan kapitalist təmayüllərinin boğulması, Qərbi Avropada Habsburq–katolik imperiyasının yaranması son qoya bilərdi. Təbiidir ki, bürokratik kilsə hakimiyyəti dünya bazarının təşəkkülünün qarşısını alaraq, Avropa dövlətləri arasında hərbi texnika, dəniz qüvvələri sahəsində yaranmış rəqabətə son qoya bilərdi. Bu halda dünya tarixi ayrı bir istiqamətdə inkişaf edəcəkdi. Tədqiqatçıların fikrincə, həmin təmayülün həyata keçməməsinin səbəbi yalnız Böyük Britaniyada və Hollandiyada kapitalist münasibətlərinin sürətli inkişafı deyil, həm də Avropada baş vermiş milli parçalanma ilə bağlı idi. XVI əsrdə dini parçalanma bu prosesi tamamladı. Milli, iqtisadi və ideoloji amillər Habsburqların imperiya iddialarının qarşısını aldı. Çində mövcud olmuş imperiya forması buna görə Avropada təşəkkül tapa bilməzdi. Bu mənada «birlik deyil, məhz parçalanma və daimi daxili müharibələr avropalıların Asiyadakı uğurlarına və Osmanlı imperiyasının üzərindəki qələbələrinə şərait yaratdı» (203, 118–119) fikri özünü doğruldur. Lakin buna baxmayaraq Venesiya Respublikasının Osmanlı imperiyası əleyhinə ittifaq yaratmaq çağırışına səs verənlər oldu. Macarıstan bu çağırışa səs vermiş dövlətlərdən biri idi (83, 345). XV-XVI əsrlərdə Avropada baş vermiş hadisələr çəkişən tərəflərin diqqətini Macarıstana da yönəltdi. Macarıstanın qazandığı bir neçə hərbi zəfər Avropa dövlətlərində osmanlı türklərinə qarşı ondan istifadə etmək arzusunu gücləndirdi. Bu zamana qədər Avropa hökmdarları macarları «Avropaya yad» sayır, Macarıstana düşmən münasibət bəsləyirdilər. Təbiidir ki, bunun başlıca səbəblərindən biri avropadaxili ziddiyyətlər və onların «Osmanlı təhlükəsi»nə qarşı birləşə bilməmələri idi. Bununla bağlı macar alimi Benda Kalman özünün «Xristian birliyi və XV əsrdə Osmanlı imperiyası-Macarıstan münasibətləri» adlı məqaləsində həmin dövrə aid olan bir sənədə istinad edərək göstərir ki, Diyet məclisinin üzvü Aenas Silvius bunları yazmışdır: «İngilislərlə fransızları kim toqquşdurub, Araqoniya və Genuya arasında anlaşmanı kim təmin edə biləcək, çexlərlə macarlara qarşı Almaniya hiddətini kim qaydasına qoya biləcək? Venesiya sadəcə olaraq yardım vəd edir, ingilislər və fransızlar bir–birlərindən qorxurlar və onlardan heç biri öz məmləkətini sərbəst tərk etmir, Almaniyanı daxili ixtilaflar bürüməkdədir. Avstriya İsveçə düşməndir, İskoçya (Şotlandiya-D.Ə.), Danimarka, İsveç, Norveç çox uzaqdadırlar və yerlərindən belə tərpənmək istəmirlər. Çexiya kralı Burqundiya hökmdarı ilə müharibə vəziyyətindədir. Macarıstanda və Polşada da vəziyyət ürəkaçan səviyyədə deyildir». B.Kalman daha sonra naməlum bir müəllifin yazdıqlarına istinad edir: «İstanbulun süqutunun ikinci ili tamam oldu. İntiqam yerinə ağlımıza ehtimalmı, yoxsa korluqmu və yaxud dəlilikmi gəlir?» (97, 95, 105). Belə bir vəziyyətə baxmayaraq 1463–cü il sentyabrın 12–də Venesiya ilə Macarıstan arasında osmanlılara qarşı ittifaq bağlandı (26, 79; 140, c.2, 111-112). Bu ittifaq Balkan ölkələrindən Serbiyanı, o cümlədən Bolqarıstanı daha çox qane edirdi. Çünki hələ XIV əsrin əvvəllərində osmanlı türkləri qərbdən və şimaldan Bizans imperiyasını hədələdikləri bir məqamda Serbiya və Bolqarıstan hökmdarları yaranmış vəzyyətdən istifadə edərək Bizans əraziləri hesabına öz sərhədlərini genişləndirmək xəyalında idilər (42, 283–284).

1463–cü il dekabrın 9–da Osmanlı imperiyasına qarşı Venesiya Respublikası, Papalıq və Burqundiya hersoqluğu arasında ittifaq bağlandı (48, 69; 84, c.7, 522). Venesiya Respublikası 1463–cü ildə Albaniya ilə də müqavilə imzaladı. Yaxın və Orta Şərqin siyasi həyatında baş vermiş dəyişiklikləri də izləyən Venesiya Senatı həmin il dekabrın 2–də Osmanlı imperiyasına qarşı Asiyada Qaraman bəyliyi ilə ittifaq yaratmağı qərara aldı (26, 79 (102, 104)). Venesiya Respublikası və Qaraman bəyliyi arasında hələ 1453–cü ildə bir müqavilə bağlanmışdı. Konstantinopolun fəthindən sonra Bosfor və Dardanel boğazlarının Osmanlı imperiyasının əlinə keçməsi ilə Qara dəniz ticarətindən sıxışdırılmış Venesiya həmin müqaviləyə əsasən Qaraman bəyliyinin ərazisi vasitəsilə şərqlə geniş ticarət imtiyazları əldə etmişdi. Y.Mahmudlu Osmanlı imperiyasından narazı olan hər iki dövlət arasında bağlanmış bu müqavilənin siyasi səciyyə daşıdığını göstərir (26, 80). Türkiyə tarixçiləri İ.H.Uzunçarşılı və S.Tansel də Venesiya diplomatı Covanni Moçeniqo və Qaraman əmiri İbrahim bəyin imzaladıqları 1453–cü il müqaviləsini yalnız zahirən ticarət müqaviləsi, əslində isə osmanlılara qarşı bir ittifaq kimi qiymətləndirirlər (137, 124; 121, 283). İtalyan mənbələri bu müqaviləni yalnız ticari sənəd kimi dəyərləndirirlər (26, 80, 104). Təbiidir ki, bu yaxınlaşmada tərəflərin iqtisadi mənafeləri uzlaşdırılırdı, lakin həmin sənədi osmanlılara qarşı ittifaqın yaradılması istiqamətindəki tədbir kimi də qiymətləndirmək mümkündür. Səlib yürüşləri iflasa uğradıqdan sonra (XIV əsrdən etibarən) osmanı türklərinin Balkan yarımadası, Qara dəniz və Aralıq dənizi istiqamətində irəliləyişləri Venesiyanı daha çox narahat edirdi və bu dövlət Osmanlı imperiyasına qarşı yönəlmiş bütün planlarda həvəslə iştirak edirdi. Osmanlı irəliləyişinə qarşı Bizans imperatorları, Balkan ölkələrinin və Macarıstanın xristian hökmdarları, Qərbdən yeni xaç yürüşlərinin təşkil olunması xəyalına düşdülər. Papalıq bu xəyalı ciddi şəkildə müdafiə etdi. Lakin əvvəlki xaç yürüşlərinin acı xatirələri, papaların nüfuzunun aşağı düşməsi, həmin dövrdə Fransanın İngiltərə ilə yüz illik müharibəyə (1337-1453) girişməsi, Fransanın və Hollandiyanın digər Avropa dövlətləri ilə ziddiyyətləri, Şərqdən gələn bu təhlükəyə qarşı vahid bir cəbhənin yaradılmasına mane olmuş və ittifaq alınmamışdı. Konstantinopolun fəthindən sonra Qərbdə bu ideya yenidən aktuallaşmış və yeni bir layihə meydana çıxmışdı. 1457–ci ildə meydana çıxmış bu layihəyə görə Avropa hərbi qüvvələri dənizdən boğazlara hücum etməli, İstanbulu zəbt etməli idilər. Papa II Piy də bu təşəbbüsü müdafiə edirdi (124, 1–2). Bu şəraitdə həmin dövrdə Venesiyanın Qaraman bəyliyi ilə hərbi ittifaq yaratmaq istəyi təbii idi. Amma Venesiya həmin dövrdə osmanlılara qarşı hərbi cəhətdən açıq çıxış etmirdi. Lakin bu o demək deyildi ki, onun belə bir arzusu yox idi. Venesiya rəhbərləri başa düşürdülər ki, Osmanlı imperiyasına qarşı çıxmaq üçün ələ düşən məqamı əldən vermişlər (181, c.3, 134). Benda Kalman da göstərir ki, Venesiya öncə müharibə etməyə qərar vermiş, lakin sonra sülhü daha faydalı hesab etmişdi. Buna görə də Venesiya rəsmiləri heç bir Türk əleyhdarı ilə ittifaqa girməyəcəklərini bəyan etdilər və Osmanlı dövləti əleyhinə çıxanlara yardım da etmədilər (97, 104). Bu həm də onunla izah oluna bilər ki, hər iki dövlət arasında razılaşmaya əsasən ticarət sərbəstliyi hüquqları 1416–1418-ci illərin Osmanlı–Venesiya müharibəsindən sonra nizama salınmışdı (133, 249). Lakin bu razılaşma müvəqqəti səciyyə daşıyırdı. Venesiya rəhbərləri başa düşürdülər ki, Qara dəniz və Aralıq dənizi boyu hücuma keçmiş Osmanlı imperiyası ilə tezliklə qarşıdurma baş verəcəkdir.

Osmanlı dövləti əleyhinə Avropa və Asiya dövlətlərinin ittifaq yaratmalarına Ağqoyunlu hökmdarları da fəal surətdə can atırdılar. Çünki Osmanlı imperiyası Ağqoyunlu hökmdarı Uzun Həsənin xarici siyasətində mühüm yer tuturdu. Qaraqoyunlu dövlətinin süqutundan sonra Şərq bölgəsində Ağqoyunlular üçün ən böyük rəqib olan Osmanlı imperiyasının fəthləri Uzun Həsəni ciddi narahat edirdi (268, c.1, 172). Beynəlxalq ticarət yolları üzərində Osmanlı nəzarəti gücləndikcə ağqoyunluların Avropa ilə ticarət əlaqələri çətinləşirdi. Məhz bu amil onların Avropa dövlətləri ilə osmanlılara qarşı birləşməsində aparıcı rol oynayırdı. Uzun Həsən Osmanlı torpaqlarını da öz ərazilərinə qatmaqla beynəlxalq ticarət yollarına nəzarəti əlinə keçirmək istəyirdi. Osmanlı imperiyası ilə mübarizədə Uzun Həsən digər dövlətlərin də imkanlarından istifadə etməyə çalışırdı (151, 48). İberiya üzərinə uğurlu hərbi yürüşlər etmiş, məhəlli bəyliklərin çoxunun varlığına son qoymuş Uzun Həsən 1467–ci ildə Qaraqoyunlu Cahanşahı, 1468–ci ildə Cahanşahın oğlu Həsənəlini, 1469–cu ildə Teymuri hökmdarı Əbu Səidi məğlub etdi, Xorasana hərbi qüvvə göndərdi, qısa bir zamanda imperiya qurdu. Uzun Həsənin bu yürüşlərindən sonra Ağqoyunlu imperiyasının hüdudları Sivasdan başlamaqla Bəsrəyə və Qafqaza qədər uzanırdı (36, 17, 201, 209; 43, 296 (40)-303 (47); 126, 23–24). Uzun Həsən Misir və Osmanlı ərazilərini də fəth etmək, Şərqdə yenilməz bir imperiya qurmaq arzusunda idi. O, osmanlıları siyasi səhnədən uzaqlaşdırdıqdan sonra imperiyanın ərazilərini daha da genişləndirəcəyini, Balkan yarımadasını da avropalılardan ala biləcəyini düşünürdü. Dərin tarixi düşüncəyə sahib olan Uzun Həsən hələ Şərqi Anadolu siyasətini həyata keçirərkən yaxşı bilirdi ki, bu əraziyə sahib olmadan bütün Anadolu yarımadasına hakim olmaq mümkün deyildir. Onun ən böyük arzusu Türk Cahan Hakimiyyətini gerçəkləşdirmək idi. Onun yazdığı məktub da bunu sübut edir. O, məktubunda «Azərbaycanı, Əcəmi və Ərəb İraqını, Farsı, Kirmanı, Luristanı, Sistanı və Xorasanı ələ keçirdiyini, bundan sonra Allahın izni ilə qərbə qayıtmaq qərarını verdiyini» bildirmişdi (131, 400). Bununla da dünya ticarətinin bütün məntəqələri onun əlinə keçə bilərdi. Beləliklə, Şərqdə baş vermiş hadisələr iki Türk hökmdarını qarşı-qarşıya gətirmişdi. Uzun Həsənin Avropa ilə əlaqələri dərin bir strateji plana əsaslanırdı. Bu məsələyə münasibət bildirən Seyfettin Erşahin göstərir ki, Uzun Həsən bəyin xristianlar ilə olan əlaqələri həm siyasi, həm də iqtisadi əsaslara istinadlanırdı (131, 400; 70, 259). O, hərbi-siyasi məqsədlərini də həyata keçirmək, odlu silahlar tədarük etmək üçün Avropa dövlətləri ilə siyasi münasibətlər qurmuşdu (111, 32). Avropa hökmdarları da Ağqoyunlu imperiyası ilə münasibətlərdə maraqlı idilər. Çünki «Osmanlı təhlükəsi» və rəqibi əzmək ümidi bir çox Avropa dövlətlərinin Azərbaycanla münasibətlər qurmasında xüsusi rol oynamışdır (72, c.6, 899). Avropalılarla Ağqoyunlu imperiyası arasında vasitəçi rolunu Trabzon dövləti oynayırdı. Tezliklə Osmanlı təhlükəsi ilə üzləşəcəyini yəqin etmiş Trabzon Rum imperatoru 1457-ci ildə Osmanlı dövlətinə qarşı müttəfiq aramaq üçün Diyarbəkrə, Uzun Həsənin yanına elçi göndərdi. Qeyd edək ki, bu iki dövlət arasında əlaqələr əvvəldən də yaxşı idi. Uzun Həsən bu dəniz sahili dövləti vasitəsilə Venesiya, Genuya və Roma ilə əlaqələr saxlayırdı. Ağqoyunlu hökmdarları Trabzon Rum imperatorunun ailəsindən qız almış, bu ailə ilə qohum olmuşdular (61, 44-45). Qeyd edək ki, ağqoyunlular Qərb ölkələri ilə hələ Azərbaycanda hakimiyyətə gəlməzdən xeyli öncə əlaqə yaratmışdılar. Bu məsələyə xüsusi diqqət ayıran tarixçi Y.Mahmudlu Ağqoyunlu-Avropa əlaqələrini iki dövrə bölür: Birinci dövrə ilk diplomatik əlaqələr dövrü aiddir. Bu vaxtlarda Ağqoyunlular hələ Azərbaycanda hakimiyyətə gəlməzdən öncə Qərb dövlətləri ilə diplomatik əlaqələr saxlayırdılar. 2) İkinci dövrə isə Ağqoyunlu hakimiyyətinin Avropa ölkələri ilə geniş diplomatik əlaqələri dövrü daxildir. Uzun Həsənin Qaraqoyunlu Cahan Şah (1467) və Teymuri hökmdarı Əbu Səid (1469) üzərindəki qələbələrindən sonra Qərb dövlətləri ilə müntəzəm əlaqələri bu dövrün gerçəkliklərindəndir. Trabzon imperatorları həm osmanlılara qarşı Qərb ölkələri ilə geniş əlaqələr saxlayır, həm də sülalə qohumları olan ağqoyunluların da Avropa dövlətləri ilə əlaqələrində vasitəçilik rolunu oynayırdılar (26, 80-81). Ağqoyunlu-Trabzon münasibətlərində mühüm amillərdən biri də Trabzon imperiyasının tutduğu coğrafi mövqe, bu dövlətin beynəlxalq ticarətdə mühüm mərkəzlərdən biri olması idi. İmperiyanın paytaxtında (Trabzonda) beynəlxalq ticarətdən əldə olunan zəngin sərvət toplanmışdı. Trabzonun meydanlarında hər zaman Avropaya Şərq məhsulları daşıyan karvanlara, Avropa əmtəələri ilə Azərbaycana, İrana, Orta (Mərkəzi) Asiyaya, Uzaq Şərqə yönələn karvanlara rast gəlmək mümkün idi (306, 4). Beləliklə, həmin dövrdə ən iri tranzit ticarəti Avropa ilə Asiya arasında körpü rolunu oynayan Trabzona toplanmışdı (223, 1). O zamankı Trabzonun ticari həyatını alman tarixçisi Fallmerayer belə təsvir edir: "İranın, hətta İraqın qumlu çöllərini aşaraq buraya doğru karvanlar gəlir, bütün dünya üçün vacib olan məhsullar Trabzonda təmərküzləşirdi. Trabzon imperiyası tranzit mərkəz, baş qərargah və dünya ticarətinin mərkəzi nöqtəsi idi" (95, 120-121(117-126)). Şərqdə ağqoyunluların güclənməsi "Osmanlı təhlükə"sindən qorunmağa çalışan Trabzon imperiyası üçün ümidverici gerçəklik idi. Trabzon imperatorlarının ağqoyunlularla ittifaqa can atması məhz bununla izah olunmalıdır. Trabzon ilə ittifaq qurulmasında Uzun Həsənin də marağı var idi. Şübhə yoxdur ki, Uzun Həsənin güddüyü əsas məqsədlərdən biri böyüyən Ağqoyunlu imperiyasının cənubdan və şimaldan təhlükəsizliyni təmin etmək idi. Qara dənizdə mühüm bir məntəqə olan Trabzon dövlətinin görünüşü «qurulmuş və çəkilmiş yaya» bənzəyirdi ki, onun girişi Qara dəniz, arxası isə uca dağlar idi. Təhlükəsizlik baxımından bu dövlətin girişi və çıxışı çox əhəmiyyətli idi. Uzun Həsən çox gözəl anlayırdı ki, Osmanlı imperiyası Trabzon kimi zəif bir imperiyanın üzərinə gec-tez hücuma keçəcək. Qarşılıqlı mənfəətlər Trabzon imperatorunu və Uzun Həsəni bir-birlərinə daha da yaxınlaşdırmış, Kalo İoannes siyasi mənfəət naminə qızı Katerinanı (Dəspinə xatunu) Ağqoyunlu hökmdarına ərə vermək qərarına gəlmişdi. Beləliklə, Sultan II Məhəmmədin iqtidara gəlişindən sonra yaranmış vəziyyətdə ilk dəfə olaraq Trabzon-Ağqoyunlu ittifaqı yaranmış, sonra bu ittifaq osmanlı təhlükəsinə qarşı Qərb-Xristian dünyası ilə əlaqə qurmuşdu (136, 127; 149, 130-136).

Konstantinopolun fəthindən sonra Trabzon imperatorları "Osmanlı təhlükəsi" qarşısında Qərb ölkələri ilə əlaqələri daha da gücləndirmişdilər. Bu məqsədlə Ağqoyunlu imperiyası da həmin münasibətlərə cəlb olunmuşdu. Bu zaman Osmanlı imperiyasına qarşı Avropada qızğın səlib yürüşü təbliğatı aparan Roma papaları III Kalikst (1455-1458), II Piy (1458-1464) və II Pavel (1464-1471) osmanlıların arxasında-Kiçik Asiyada olan bir sıra türk islam dövlətlərini də Osmanlı imperiyasına qarşı qaldırmağa çalışır, bunun üçün ilk növbədə ağqoyunlularla danışıqlar aparırdılar (26, 81). Roma papası bu zaman öz elçisi boloniyalı Lüdoviqi Trabzona göndərərək, Osmanlı imperiyasının arxasında Uzun Həsənin başçılığı altında bir ittifaq yaratmağa çalışırdı (306, 136; 146, 296). II Məhəmmədin Konstantinopolu fəthindən sonra Avropa ölkələri ilə ticarət münasibətləri məhdudlaşmış gürcü knyazları (247, 32; 217, c.1, 263; 368, 258) da Ağqoyunlu-Papa-Trabzon ittifaqına qoşuldular (119, 263; 51, 236). Uzun Həsənin bu ittifaqa böyük əhəmiyyət verdiyini 1460-cı ildə Lüdoviklə Romaya gedən Şərq elçiləri arasına özünün «Məhəmməd» adlı bir elçisini əlavə etməsi də sübut edir. Bizans mənbələrinə görə, yaranmış uğurlu bir dövrdə Katerinanı qəbul etmiş Uzun Həsən imperator Davidin xahişi əsasında Osmanlı sarayına bir elçi göndərmişdi (1459). Həmin elçi vasitəsilə Trabzon sarayının osmanlılara ödədiyi xəracın ləğv edilməsi üçün Fateh Sultan II Məhəmmədə təşəbbüs göstərməsi xahiş olunmuşdu. Elçi Əmir Teymurun ölümündən bəri Ağqoyunlu sarayına göndərilməyən hədiyyələrin də cəm halında verilməsini tələb etmiş, ayrıca olaraq Dəspinə xatuna cehiz olaraq verilmiş Kapadokiya (indiki Qeysəriyyə) bölgəsində osmanlıların heç bir haqq iddiasında olmamasını istəmişdi. Bu tələblər Fateh Sultan II Məhəmmədi bərk qəzəbləndirmişdi. Osmanlı mənbələri Türkiyə tarixçilərinin yazdıqları bu hadisələrdən bəhs etmirlər, lakin həmin tarixçilər bu məqamda yalnız Ə.Tehraninin məlumatına istinad edirlər. Ə.Tehrani göstərir ki, Uzun Həsən İstanbul sarayına elçiləri 1459-cu ilin yazında göndərmişdi (136, 127; 69, c.4, 372; 149, 130-136).



Beləliklə, XV yüzilliyin ortalarında Osmanlı sultanı Fateh II Məhəmməd ilə Ağqoyunlu hökmdarı Uzun Həsən arasında Anadoluya hakim olmaq uğrunda şiddətli rəqabət başlamış və rəqabətdə başlıca yerlərdən birini də Trabzon imperiyası tutmuşdu. İstanbul fatehinin Asiya torpaqlarında ən güclü və ən təhlükəli rəqibi Uzun Həsən idi. Bu məğrur hökmdar Anadolunun şərq bölgələrini, İranın qərb hissələrini, Azərbaycanı öz hökmü altına almış, geniş imperiya yaratdıqdan sonra özünü «Əmir Teymurun xələfi» hesab etmişdi və türk dünyasının ən böyük hökmdarı saylılırdı. Anadolu uğrunda iki güclü hökmdar arasında çarpışmalar labüd zərurətə çevrilmişdi. Şübhəsizdir ki, Uzun Həsənin başlıca arzularından biri də Qara dəniz sahillərinə qədər genişlənərək həmin əraziləri öz imperiyasının tərkibinə qatmaq idi. Yaranmış situasiyada Uzun Həsən bir tərəfdən Trabzon məsələsində sahib kimi çıxış edir, bu məqsədlə Osmanlı sultanını hədələyirdi. Eyni zamanda, Trabzondan tələb olunan vassallıq əlaməti kimi illik vergidən sultanın imtina etməsini istəyir, digər tərəfdən Osmanlı hökmdarından Əmir Teymur zamanında təyin olunmuş hədiyyələri tələb edir, onu «öz himayəsi altına almaq» istəyirdi (53, 145-149; 306, 136). Osmanlı tarixçisi Xoca Sadəddin Əfəndi çoxcildlik "Tacüt-təvarix" əsərində Uzun Həsənin Osmanlı sultanına qarşı saymazyana hərəkətlərini onun II Məhəmmədin qüvvəsini "yanlış dəyərləndirməsi ilə izah etmişdir" (81, c.3, 46). Bu tarixçinin fikrində müəyyən həqiqət vardır, lakin Uzun Həsənin sultanla kobud davranışının səbəbini onun Osmanlı imperiyasının düşmənlərinin təqribən hamısını öz tərəfinə çəkməsində, sultana qarşı böyük bir ittifaq yaratmasında görmək lazımdır. Uzun Həsənin həm öz gücünə, həm də müttəfqlərinin qüvvəsinə böyük inamı vardı (11, 69).

Bizansla hərbi-siyasi meydanda hesablaşmış Sultan II Məhəmməd Fatehin Trabzon Rum imperiyasını nəzərdən qaçırdığını düşünmək düzgün olmazdı. II Məhəmməd Osmanlı taxtına çıxdığı zaman Trabzon Rum imperatoru Kalo İoannesə «dostluq təminatı» vermişdi. Lakin baş vermiş arzuolunmaz hadisələrdən sonra o, bu «dostluq təminatını» pozdu. Məlumdur ki, Konstantinopolun süqutundan sonra bu şəhərin bir çox sakinləri, adlı-sanlı ailələri Trabzona sığınmışdılar. Məsələn, Paloloqos ailəsinin oraya pənah aparması Trabzondakı Komminos ailəsinin yunanlar arasındakı nüfuzunu artırdı. Trabzon imperiyasının hərbi qüvvələrinin osmanlılar üçün bir təhlükə sayılmamağına baxmayaraq, bütün yunanların, habelə digər xristianların bu imperiyaya ümid bağlaması Fateh Sultan II Məhəmmədi narahat edirdi (122, 243). Bu dövrdə isə osmanlıların Qara dəniz fəthləri davam edirdi: Amasyadan və Sinopdan sonra sırada Trabzon dururdu (71, 163). Osmanlı sultanının Trabzona hücum edəcəyi şübhəsiz idi. Sultan bu hücumun gerçəkləşdirilməsi üçün məqamın yetişməsini gözləyirdi. Tezliklə belə bir məqam yetişdi. Başda ağqoyunlular olmaqla şərqdəki dövlətlərin, gürcü hakimlərinin, candaroğullarının, qaramanoğullarının, Trabzonla birlikdə bir sıra Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı beşillik ittifaq müqaviləsini bağlaması Sultan II Məhəmməd Fatehi hərbi fəallıq göstərməyə tələsdirdi. Hərbi fəallığı zəruriləşdirən səbəblərdən biri də Ağqoyunlu imperiyasının tədricən güclənməsi və zəfərlər qazanması idi. Müharibəyə ciddi hazırlaşan Uzun Həsən də belə hesab edirdi ki, Sultan II Məhəmməd Fatehi məğlub etmək iqtidarındadır. Lakin Uzun Həsən onu da yaxşı anlayırdı ki, Osmanlı imperiyası indiyədək məğlub etdiyi dövlətlərdən müqayisə olunmaz dərəcədə güclüdür (123, 173; 95, 121). Avropa dövlətləri baş verən hadisələri ciddi şəkildə izləyirdilər. Xüsusilə, Venesiya və Genuya Trabzon Rum imperiyası ilə sıx əlaqələr saxlayır, bu məntəqənin osmanlıların əlinə keçməməsi üçün bütün tədbirlərə əl atmağa hazır olduqlarını nümayiş etdirirdilər. Ağqoyunlu dövlətinin güclü imperiyaya çevrilməsi və Ağqoyunlu-Osmanlı ziddiyyətləri planlaşdırdıqlarını həyata keçirmək üçün onlara şərait yaradırdı. Öz gücünə arxayın olan Uzun Həsən Sultan II Məhəmməd Fatehin yanına elçilər göndərərkən sultanın qəti etiraz edəcəyini güman etmirdi. Sultanın qəti etirazı və təhdidlə dolu cavabı Trabzon Rum imperatorunu sarsıtdı, lakin Avropa dövlətlərinin bu hadisədən istifadə edərək Uzun Həsəni Osmanlı imperiyasına qarşı daha da qızışdırması üçün şərait yaratdı. Xatırladaq ki, Papanın məkrli nümayəndəsi Lüdovik Uzun Həsəni Avropa-Trabzon ittifaqına cəlb etmək üçün min cür dona girmişdi. Uzun Həsən Fatehdən aldığı son, qəti cavabdan sonra Avropa ilə ittifaqı məqbul hesab etmişdi. Osmanlı tarixçilərinin yazıdığına görə, Uzun Həsən Trabzon imperatoru Davidə etibar etmirdi, qarşı tərəf də Uzun Həsənə güvənmirdi. Bu qarşılıqlı etimadsızlığın nəticəsində onların hər ikisi Avropa hökmdarlarının ardınca getməyə məcbur oldu. Osmanlı tarixçilərinin qeyd etdikləri digər bir məqam ondan ibarətdir ki, Uzun Həsən Osmanlı imperiyası ilə təkbaşına mübarizə etmək istəmirdi. Çünki Ağqoyunlu hökmdarı Osmanlı imperiyasının qüdrətini görürdü. Trabzon imperiyasının hərbi qüvvələrindən bu yöndə istifadə olunması müsbət nəticə verə bilməzdi. Qaraman bəyliyinin və İsfəndiyaroğullarının hərbi yardımı kifayət deyildi. Uzun Həsən bütün bunları təhlil etdikdən sonra Avropa dövlətləri ilə ittifaqı öz mənfəətinə daha uyğun hesab etdi. Ağqoyunlu hökmdarı belə hesab edirdi ki, onlarla ittifaq qurub Osmanlı sultanını devirəcək, sonra isə Trabzon ərazisini ələ keçirəcək. Roma xalqını heyrətə salmış mühüm cəhət Uzun Həsənin Trabzon imperiyasından və gürcü knyazlarından başqa «müqəddəs» xristian mərkəzinə - Romaya da elçi göndərməsi idi (71, 164-166). Osmanlı-Ağqoyunlu münasibətlərinin kəskinləşməsində "Qoyluhisar hadisələri" xüsusi yer tutur. Mühüm strateji mövqeyə malik olan bu qala İstanbuldan Toqata, Ərzuruma və Trabzona yönələn əsas yol üzərində yerləşirdi və nə osmanlılara, nə də ağqoyunlulara tabe deyildi, kiçik bir əmirliyin mərkəzi idi. Həm osmanlılar, həm də ağqoyunlular mühüm strateji məntəqədə yerləşən bu qalanı ələ keçirmək istəyirdilər (53, 150-151). Əslində bu qala «Trabzonun açarı» sayılırdı. Sinopdan sonra Trabzonu ələ keçirməyi qarşısına məqsəd qoymuş Osmanlı sultanı bununla Qara dənizi özünün "daxili dənizi"nə çevirmək, onun bütün qapılarını Avropa ölkələrinin üzünə bağlamaq istəyirdi. Bu məqamda osmanlı tarixçilərinin belə bir fikri ilə razılaşmaq olar ki, Fateh II Məhəmməd ağqoyunlularla döyüşməyi qarşısına məqsəd qoymamışdı. Sultan sadəcə olaraq Trabzonun Osmanlı imperiyası tərkibinə qatılması üçün əlverişli məqamın yetişdiyini hiss etmişdi. O, bilirdi ki, bu məqamda Uzun Həsən ona qarşı çıxış etməyəcək. Lakin Osmanlı sultanı yenə də ehtiyat edirdi. Buna görə də o, Trabzona hərbi yürüşü boyunca Uzun Həsənin arxadan ona hücum edə biləcəyini güman etdiyindən Uzun Həsənin Osmanlı sarayına elçi kimi gəlmiş anası Saray xatunu özü ilə aparmışdı. Əslində bu plan da sultan tərəfindən əvvəlcədən qurulmuşdu. Bu mənada Əbubəkr Tehraninin verdiyi məlumat çox əhəmiyyətlidir. Ə.Tehrani göstərir ki, Sultan II Məhəmməd "sülh üçün Saray xatun gələrsə, Trabzondan vaz keçərəm" demişdi. Bu şərtlə Saray xatunu öz sarayına cəlb etmiş Sultan II Məhəmməd Uzun Həsənə dirsək göstərmişdi (146, 311). Uzun Həsən yaranmış vəziyyətdə Fatehə qarşı çıxış edə bilməmiş və nəticədə Trabzon imperiyasının itkisi ilə barışmalı olmuşdu. Uzun Həsəni bu addımı atmağa vadar etmiş digər bir səbəb də vardı: O, həm də düşmənləri olan Qaraqoyunlu Cahanşahın və Teymuri hökmdarı Əbu Səidin ona arxadan hücum edə biləcəklərindən ehtiyat edirdi. Həmin vəziyyətdən yeganə çıxış yolu kimi Şərqin görkəmli şəxsiyyətlərindən və diplomatlarından sayılan Saray xatun Fatehin sarayına göndərilmişdi ki, o, sultanı bu hərbi yürüşdən çəkindirsin. Fateh Saray xatunu yüksək səviyyədə qarşıladı və onlar bir-birlərinə "ana və oğul" deyə müraciət etdilər, lakin bu diplomatik səfər müsbət nəticə vermədi. Uzun Həsənin tədbirləri siyasi və hərbi məğlubiyyətə uğradı. Osmanlılar Trabzon imperiyasına hücum etdilər, imperator David Komneni taxtdan saldılar, mühüm ərazini tutdular. Beləliklə, Trabzon şəhəri 1461-ci il oktyabrın 26-da süqut etdi (268, c.1, 172; 306, 137-138; 40, 98; 327, 98-107). Fateh Trabzonu süquta uğratdıqdan sonra imperatorla yaxın qohum olan Ağqoyunlu hökmdarının «könlünü ələ almaq» məqsədi ilə Trabzon xəzinəsində olan sərvətin bir qismini ona verdi (11, 71). Lakin Uzun Həsən Anadoluya hakim olmaq istəyindən və Osmanlı sultanı ilə rəqabət aparmaq fikrindən əl çəkmədi. Osmanlı sultanı Anadolunun şərqinə doğru irəliləmək siyasətini davam etdirdi. Qaramanla bağlı baş vermiş hadisələr bunu sübut edir. Trabzonun süqutu nəticəsində ağqoyunlular yalnız müttəfiqlərini və qohumlarını deyil, həmçinin Qara dənizə yeganə çıxış yolunu da itirmişdilər. Qaraman bəyliyinin ərazisi Anadoluda son dərəcə önəmli bir bölgə idi. Fateh Sultan II Məhəmməd və Uzun Həsən orada baş verənlərə biganə qala bilmirdilər. Qaramanoğlular Uzun Həsənin köhnə müttəfiqi idilər. Ağqoyunluların cənub qonşuları olan Misir məmlükləri də Qaraman ilə yaxın əlaqədə olmuşlar (52, 264). Beləliklə, XV əsrin 70-ci illərində Ağqoyunlu - Osmanlı toqquşması labüd zərurətə çevrildi. Sultan II Məhəmmədin Avropada və Asiyada həyata keçirdiyi bir sıra hərbi tədbirlər Ağqoyunlu imperiyasını Qara dəniz və Aralıq dənizinə çıxış yollarından məhrum etmiş, Azərbaycanın Qərb ölkələri ilə ticarət əlaqələrini məhdudlaşdırmış, Avropa-Şərq ticarətini xeyli çətinləşdirmişdi. Qərb ölkələri ilə ipək ticarətinin zəifləməsi Ağqoyunlu imperiyasına ağır iqtisadi zərbə vururdu. Ağqoyunlu-Osmanlı toqquşmasında Türkiyə, Azərbaycan, İran və Avropa tarixçilərinin mövqeləri fərqlidir. Tarixçilərin bir qismi bu qarşıdurmada əsas səbəkar kimi Fatehi, digər qismi isə Uzun Həsəni göstərirlər. Təbiidir ki, qarşıdurmanın gedişində hər iki səbəb özünü büruzə verir və buna görə də bu cür fikirlər meydana çıxır və bəzən də bunun nəticəsində birtərəfli müddəalar irəli sürülür. Trabzonu fəth etmiş Fateh Qara dənizi "daxili dənizə" çevirməklə Ağqoyunlular tərəfindən Osmanlı dövlətinin təhlükəsizliyini təmin etdi. Fatehin Avropaya, xüsusilə italyan dövlətlərinə qarşı xüsusi planları var idi. Ona görə də bu məqamda Osmanlı sultanının ağqoyunlularla açıq qarşıdurmaya girmək istəyi inandırıcı deyildir. Məhz Ağqoyunlu-Osmanlı toqquşması italyan dövlətlərini Fatehin hücumundan xilas etdi. 1481-ci ilin aprel ayından başlayaraq «İtaliya səfərinə» hazırlaşan Fateh bu planı həyata keçirə bilmədi (117, 16-17).

Sultan II Məhəmməd dövründə yaranmış vəziyyət Ağqoyunlu hökmdarlarını daha çox Osmanlı imperiyasına qarşı döyüşməyə vadar edirdi. Uzun Həsən Osmanlı sultanı ilə labüd toqquşmaya hazırlaşmağa başlamışdı (268, c.1, 172; 26, 93). Təbiidir ki, Osmanlı və Ağqoyunlu imperiyalarının toqquşmasında mühüm rol oynamış səbəblərdən başlıcası «Anadolu məsələsi» idi. Anadolunun əldən çıxması Ağqoyunlu imperiyasının dənizlərə çıxışını bağladı, böyük bir ticarət şəbəkəsinə malik olan ərazi itirildi. Dünya okean ticarəti mövcud olmadığından Anadoluya sahib olmaq «beynəlxalq aləmə təsir mexanizmlərini öz əlində saxlamaq» demək idi. Yəni, Anadoluya sahib olmaq «Dünyaya sahib olmaq» demək idi. XV əsrdə, xüsusilə həmin əsrin II yarısında Anadolu ticarət baxımından dünyanın mühüm ərazisi sayılırdı. Tacirlər Anadoluda, Azərbaycanda və Rumelidə emal edilən müxtəlif çeşidli yunu, ipəyi və pambıq parçaları, xüsusilə İstanbul, Selanik və Bosna çuxalarını, Ankara və Kastamon yunlarını, Bursa, Gilan, Şirvan, Qarabağ, Təbriz yun və ipək parçalarını, Qərb və Anadolu pambıq parçalarını Balkan ölkələrinə və Anadoluya aparırdılar. Anadolunun şərq hissəsinə bütünlüklə nəzarət edən ağqoyunlular bu yarımadanın əhəmiyyətini çox gözəl anlayırdılar. Ağqoyunlular bu ərazilərdə baş verən ticarətdən hədsiz gəlir əldə edirdilər. Ağqoynlu imperiyasında qüvvədə olan vergi tarifləri və ona uyğun hazırlanan Qanunnamələr ipək ticarətindən əldə olunan gəlirlərə hesablanmışdı (78, 29,30; 261, 149-185). Həmin dövrdə Avropadan da Anadoluya xeyli əmtəə daşınırdı və bu əmtəələr Anadolu ərazilərinə yayılırdı. Həmin məhsullar buradan müxtəlif ölkələrə aparılırdı. Beləliklə, XV əsrdə - XVI əsrin əvvəllərində Anadolu Dünya ticarətinin mərkəzinə çevrilmişdi. Ona görə də Anadolunun tamamilə itirilməsi Ağqoyunlu imperiyası üçün sarsıdıcı bir zərbə ola bilərdi. Uzun Həsənin Osmanlı imperiyasına qarşı geniş müharibə hazırlığına başlamasında bu amil ciddi rol oynadı. Təbrizdə-Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında Osmanlı imperiyasının Kiçik Asiyanın siyasi səhnəsindən çıxarılması planı hazırlandı (26, 92). Uzun Həsən Osmanlı imperiyasının iştirakı olmadan Avropa ilə birbaşa ticarət əlaqələrinin möhkəmləndirilməsində maraqlı idi. Bəllidir ki, Osmanlı sultanlarının fəthləri və gömrük siyasəti Avropa dövlətləri içərisində daha çox Venesiyanın maraqlarına toxunurdu. Venesiya Respublikası 16 il ərzində (1463-1479) osmanlılarla müharibə etmişdir. Venesiya ilə Uzun Həsənin əlaqələri osmanlılarla düşmən münasibətdə olan iki qonşu müsəlman dövləti - Qaraman əmirliyi və xristian krallığı olan Kipr vasitəsilə həyata keçirilirdi. Uzun Həsənin Venesiya və Roma papası ilə münasibətləri tədricən ardıcıl səciyyə almağa başladı. Nəticədə XV əsrin 70-ci illərində Roma papası IV Sikst (1471-1484) Osmanlı imperiyası əleyhinə ittifaq yarada bildi. Onun tərkibinə Papalıq, Venesiya Respublikası, Neapol krallığı, Macarıstan, Ağqoyunlu imperiyası, Kipr krallığı və Qaraman bəyliyi daxil idi. Qaraman bəyliyinin ərazisi tezliklə osmanlılar tərəfindən işğal olundu. Qeyd etmək lazımdır ki, XV əsrin II yarısında müxtəlif Asiya və Avropa dövlətlərinin Osmanlı imperiyasının əleyhinə ittifaqda birləşməsinə dair elmi ədəbiyyatda bir sıra fikirlər mövcuddur. İ.P.Petruşevski XV əsrin 70-ci illərində Roma papası IV Sikst (1471-1484) başda olmaqla «Güclü liqa» yaradıldığını qeyd etmişdir (268, c.1, 173). Ondan fərqli olaraq C.İbrahimov osmanlılara qarşı ittifaq yaratmaq planının ümumiyyətlə baş tutmadığını göstərmişdir. O, bunu "Osmanlı təhlükəsi"nə qarşı mübarizə aparmış dövlətlər arasında kəskin ziddiyyətlərin olması ilə izah etmişdir (212, 43). Bu problemə daha dərindən toxunmuş Y.M. Mahmudlu həmin dövrü ciddi şəkildə tədqiq edərək qeyd etmişdir ki, XV əsrin II yarısında Osmanlı imperiyasına qarşı Asiya və Avropa dövlətlərinin vahid hərbi-siyasi ittifaqının yaranması tarixi faktdır. Lakin o, qeyd edir ki, bu ittifaq "güclü liqa" deyildi. Bu tarixçilərin elmi nəticələrinə hörmətlə yanaşaraq qeyd edək ki, "Osmanlı təhlükəsi"nə qarşı ittifaqın baş tutmamasının başlıca səbəblərindən biri də Osmanlı sultanı II Məhəmməd Fatehin uğurlu xarici siyasəti idi. Məhz bu xarici siyasət nəticəsində həmin ittifaq "güclü liqa"ya çevrilə bilmədi. Sultan II Məhəmməd Fateh Avropa dövlətləri arasındakı ziddiyyətlərdən istifadə edərək, onların bəzilərinə güzəştlər verərək yarana biləcək ittifaqı parçaladı.

Sultan II Məhəmməd Fateh artıq bütün diqqətini ağqoyunlulara qarşı çevirmişdi. Belə şəraitdə Uzun Həsən Avropa ölkələri ilə əlaqələrini daha da genişləndirdi. Onun başlıca məqsədi isə qüdrətli Osmanlı imperiyasının hərbi qüvvələrini iki cəbhəyə parçalamaq və Avropadan odlu silahlar almaq idi (26, 94). Uzun Həsən bu tədbirləri həyata keirmək məcburiyyəti qarşısında qalmışdı (113, 307). Ağqoyunlu hökmdarı belə bir mühüm hərbi-siyasi vəzifəni yerinə yetirmək məqsədi ilə Venesiya hökuməti, Roma papası və başqa Qərb hakimləri ilə danışıqlar aparmaqdan ötəri həmin dövrdə Təbrizdə olan Venesiya səfiri Lazaro Kvirinonu öz elçisi Murad bəylə birlikdə Avropaya yola saldı. 1471-ci ilin fevralında Venesiyaya çatmış Murad bəy Uzun Həsənin məktubunu Venesiya hökumətinə təqdim etdi. Venesiya hökuməti Ağqoyunlu diplomatını yaxşı qarşıladı, lakin ona dərhal cavab vermədi. Çünki bu zaman Osmanlı imperiyasının bütün hərbi qüvvələrini ağqoyunlulara qarşı çevirmək qərarına gəlmiş Sultan II Məhəmməd Fateh Venesiyanı bitərəfləşdirmək üçün ona qarşı hərbi əməliyyatları müvəqqəti dayandırmış, Venesiya hökumətini sulh danışıqlarına dəvət etmişdi. Venesiya hökuməti də bu danışıqlarda maraqlı idi. Buna görə də birinci elçinin fəaliyyəti ilə kifayətlənməyən Uzun Həsən ikinci elçini də Avropaya göndərdi. Lakin bütün bunlara baxmayaraq, Ağqoyunlu-Venesiya danışıqları yalnız Venesiya Respublikası ilə Osmanlı imperiyası arasında İstanbulda aparılan sülh müzakirələri pozulduqda konkret nəticə verdi (26, 94-95, 96). Venesiya daha çox Uzun Həsənin hərbi qüvvələrinə ümid edirdi. Hələ Ağrıboz adasının süqutundan sonra Venesiya rəsmiləri ağqoyunluları canfəşanlıqla hərəkətə gətirməyə çalışmış, lakin buna nail ola bilməmişdilər. Lakin 1472-ci ilə doğru ağqoyunlularla müttəfiqlər arasındakı hərbi-siyasi birlik gerçəkləşdi. Ağqoyunlu hərbi qüvvələri Yusufça Mirzənin rəhbərliyi altında qaramanoğullarına yardım etmək məqsədilə məhz bu məqamda Qaraman bəyliyinin torpaqlarına daxil oldular. Müttəfiq xristian donanması osmanlılar əleyhinə hərəkət etmək üçün hazırlanmağa başlandı. Bütün bunlara baxmayaraq, Fateh Sultan II Məhəmməd ağqoyunlulara dair planlarından əl çəkmədi. Çünki artıq aşkar idi ki, Ağqoyunlular qarşıdakı müharibədə təşəbbüskar mövqedə olacaqlar. Ona görə də bu məqamadək ağqoyunlulara münasibətdə müdafiə mövqeyində olmuş Fateh Sultan II Məhəmməd birdən-birə hücum etmək qərarına gəldi. Onun əsas məqsədi düşmənlər içərisində ən güclüsü sayılan ağqoyunlulara əsaslı zərbə vurmaq, bundan sonra isə digər düşmənlərını sıradan çıxarmaq idi (102, 290). Osmanlı-Ağqoyunlu münasibətlərinin daha da kəskinləşməsində venesiyalı diplomat Katerino Zenonun xüsusi «xidmətləri» olmuşdu. Məlumdur ki, Venesiya hökuməti Osmanlı imperiyası ilə münasibətlərini müəyyənləşdirmədiyinə görə, Ağqoyunlu diplomatına dərhal cavab verməmişdi. Lakin bu münasibətlər müəyyənləşdikdən sonra Venesiya hökuməti Ağqoyunlu diplomatı Murad bəyə qəti cavab verməyə məcbur oldu. Bununla əlaqədar Venesiya Senatının xüsusi yığıncağı keçirildi (359, 140-141). Senat Murad bəylə birlikdə Ağqoyunlu sarayında xidmətə görə 1000 dukat məvacib vermək şərtilə bir nəfər səfir göndərmək barədə məxfi qərar qəbul etdi (26, 96 (6)). Lakin Ağqoyunlu sarayına gediş-gəliş yolları son dərəcə təhlükəli idi. Buna görə də osmanlıların əlinə keçməkdən qorxan diplomatlardan heç biri (Françesko Mikell və Cayomo Medi) Təbrizə yola düşməyə razı olmadı. Nəhayət, Venesiya hökuməti bu diplomatik vəzifəni Katerino Zenoya həvalə etdi. Katerino Zenonun Azərbaycana səfir göndərilməsi təsadüfi deyildi. Şərq aləmi ilə yaxından tanış olan Katerino Zeno həm də Ağqoyunlu sarayı ilə qohum idi (134, 204-205; 26, 96). Bu cəhət Venesiya diplomatına tapşırılmış hərbi-siyasi vəzifənin yerinə yetirilməsinə müsbət təsir göstərə bilərdi. Venesiya hökuməti bu məqsədlə Katerino Zenoya iki yazılı təlimat vermişdi. Göstərilən təlimatlardan birincisi hələ 1471-ci ilin mayın 18-də Senatda müzakirə və təsdiq olunmuşdu (26, 96 (108-111)). Lakin o zaman Venesiya hökuməti Senat üzvü Aloizi Donatonun təklifi ilə öz müttəfiqinin (Ağqoyunlu sarayının) xəbəri olmadan İstanbuldan dəqiq xəbər alınana qədər Katerino Zenonun Azərbaycana göndərilməsini təxirə salmışdı. Məhz bu məqamda Osmanlı türkləri ilə müharibədə Venesiyanın vəziyyəti xeyli ağırlaşdı. 1470-ci ilin yayında Osmanlı türkləri 264 ildən bəri Venesiyanın işğalı altında olan Ağrıboz (Eubel) adasındakı Nerroponta sahib oldular və İtaliyaya gedən yol onların qarşısında açıldı. Venesiya hökuməti Osmanlı qüdrətini sarsıtmaq üçün mühasirə (blokada) üsuluna uyğun əzəmətli bir hərbi plan hazırlamağa başladı. Həmin plana görə, İstanbul mərkəzdə olmaqla bütün Osmanlı əraziləri ələ keçirilməli idi. Şərqdən Ağqoyunlular, şimaldan Böyük Orda, dənizdən Venesiya donanması hücum etməli idi. Bu plana görə, Ağqoyunlu padişahı Uzun Həsənlə danışıqlar aparmaq Venesiyanın ən təcrübəli senyorları-Katerino Zenoya və İosafato Barbaroya tapşırılmışdı (170, 75-76; 380, 115, 139-140). Venesiya hökumətinin 18 may 1471-ci il tarixli məxfi təlimatında Uzun Həsənlə hərbi-siyasi ittifaq bağlamaq və onu tezliklə Osmanlı imperiyasına qarşı müharibəyə qaldırmaq üçün səfir Katerino Zenonun Ağqoyunlu sarayında atacağı təqribən hər bir addım öncədən müəyyən olunurdu. Venesiya diplomatı arzuolunan məqsədlərə nail olmaq üçün bütün imkanlardan istifadə etməli idi. Katerino Zeno hətta Uzun Həsənin həyat yoldaşı-keçmiş Trabzon imperatoru IV İoannın qızı Dəspinə xatunla (Teodora və ya Feodora ilə) sıx əlaqə yaratmalı, Ağqoyunlu imperiyasını osmanlılara qarşı müharibəyə qaldırmaqda onun köməyindən istifadə etməli idi (26, 97; 57 233; 373, 492-493). Ağqoyunlu imperiyasının qüdrətli hökmdarının sarayında işə başlamış təcrübəli venesiyalı diplomat İosafato Barbaronun da fəaliyyətində bu prinsiplərə əməl olunmalı idi. Qeyd edək ki, bu dövrdə beynəlxalq aləmdə mürəkkəb siyasi vəziyyət hökm sürürdü. Həm Avropada, həm də Ön Asiyada beynəlxalq münasibətlər dəyişkən idi. Bu münasibətlər Osmanlı türklərinin siyasi, hərbi fəallığından asılı idi. II Məhəmmədin rəqiblərinin düşərgəsinin daxilində ziddiyyətlər artmaqda idi. Avropanın bir sıra dövlətlərinin Osmanlı türklərinə qarşı öz hərbi qüvvələrini göndərmək istəməməsi məhz bu halın göstəricisi idi. Müttəfiqlərin bir qismi hesab edirdi ki, Osmanlı türkləri üzərində qələbə Venesiyaya qeyri-adi uğurlar gətirə bilər, çünki Venesiyanın Uzun Həsən kimi güclü bir müttəfiqi var idi (170, 76).

Osmanlı imperiyasına qarşı təşəkkül tapmış "hərbi liqa"nın uğursuzluğa düçar olacağı labüd idi. Bunu Venesiya rəhbərləri də başa düşürdülər. Onlar müharibənin bütün ağırlığını ağqoyunluların üzərinə salmaq istəyirdilər. Osmanlı və Ağqoyunlu imperiyaları arasındakı toqquşmanı sürətləndirmək Ağqoyunlu sarayına göndərilmiş bütün diplomatlara verilmiş başlıca tapşırıq idi. Məhz bunun nəticəsində osmanlıları ağqoyunluların gücü ilə məğlub etmək siyasəti yeridən Venesiya Respublikası başçıları Avropadakı digər müttəfiqlərlə əldə olunmuş razılığın əksinə olaraq osmanlılara qarşı ağqoyunlularla eyni zamanda hərbi əməliyyatlara başlamadılar. Sultan II Məhəmməd Fateh isə bundan məharətlə istifadə etdi. O, Ağqoyunlu qoşunlarının Venesiyanın, digər Avropa dövlətlərinin hərbi qüvvələri ilə birləşə biləcəyi və Uzun Həsənin qərbdən göndərilən odlu silahları ələ keçirəcəyəi yeganə hərbi-strateji məntəqə olan Qaramanın fəthini başa çatdırdı (82, 298-316). Beləliklə, Ağqoyunlu imperiyasının Aralıq dənizi sahilində Avropadakı müttəfiqləri ilə birləşmək, odlu silahlar ələ keçirmək imkanı aradan qaldırıldı. Məhz bu məqamdə osmanlılara qarşı gələcək müharibədə qələbə qazanmaq imkanı da əldən çıxdı. Hadisələrin sonrakı inkişafı göstərdi ki, aparılan danışıqlara baxmayaraq, Ağqoyunlu imperiyası Osmanlı türkləri ilə müharibədə yalqız qaldı. Uzun Həsənin bəzi gümanları özünü doğrultdu. Çünki o, Avropa dövlətlərinin verdikləri vədlərə şübhə ilə yanaşırdı. Venesiya səfiri Katerino Zenonun Ağqoyunlu hökmdarının Ərzincandakı hərbi düşərgəsindən İtaliyaya göndərdiyi 27 iyul 1473-cü il tarixli məktubu da bunu sübut edir. Məktubdan aydın olur ki, Uzun Həsən qarşıdakı hərbi əməliyyatlar zamanı Qərb dövlətlərinin Osmanlı imperiyasına qarşı Avropadan vahid cəbhədə hücuma keçəcəklərinə hələ də arxayın deyildi (372, sən: 11, 131). Lakin buna baxmayaraq Uzun Həsən müttəfiqlik öhdəliklərinə sadiq qaldı. Osmanlıları Qaramandan çıxarmış Ağqoyunlu qoşunları Aralıq dənizi sahilnə çıxdılar. Avropadakı müttəfiqlərlə birləşmək, Qərbdən odlu silahlar, habelə artilleriya mütəxəssisləri-topçular gətirmək üçün əlverişli imkan yarandı. Lakin Uzun Həsənin qərbdəki müttəfiqləri əldə olunmuş razılığın əksinə olaraq Aralıq dənizi sahilinə hərbi qüvvə və odlu silah göndərmədilər. İkiüzlü siyasət yeridən və ağqoyunluların hərbi uğurlarından istifadə edib dinc yolla osmanlılaradan ticarət imtiyazları qoparmaq ümidində olan Venesiya Respublikası müşahidəçi mövqeyində qaldı. Beləliklə, Vətəndən uzaq düşmüş, sayca az olan Ağqoyunlu hərbi qüvvələri müttəfiqlərin xəyanəti nəticəsində ağır vəziyyətə düşdülər. Ağqoyunlular qısa müddət ərzində əldə etdikləri böyük uğurlardan bəhrələnə bilmədilər. Qaraman ərazisi yenidən osmanlıların əlinə keçdi (26, 102-103). Təbiidir ki, Ağqounlu imperiyasının Aralıq dənizi sahilində müttəfiqləri ilə birləşmək planı Fatehi də dərindən narahat edirdi. Buna görə də o, Azərbaycana qoşun yeritmək qərarına gəldi. Avropa dövlətlərinin məkrli diplomatik siyasəti nəticəsində iki türk imperiyası müharibəyə ciddi hazırlaşırdı. Ağqoyunlu hökmdarı Osmanlı imperiyasını sıxışdırıb bütün Anadoludan çıxarmaq, dənizlərə çıxış əldə etmək istəyirdi. Fateh isə özünün arxasında olan güclü Ağqoyunlu imperiyasını sarsıtmaq, yenidən Avropaya hücum etmək qərarında israrlı idi. Ağqoyunlu padişahı öz niyyətini gerçəkləşdirmək üçün səfirlərini yenidən Avropa dövlətlərinin saraylarına göndərməyə başladı. Avropa dövlətləri, o cümlədən Venesiya Respublikası təcrübəli diplomatları vasitəsilə hər iki türk imperiyası arasında olan ziddiyyətləri daha da dərinləşdirdi. Bu diplomatik səylər öz nəticəsini verdi. 1473-cü il avqustun 1-də Malatya yaxınlığında, Fərat çayı sahilində ağqoyunlularla osmanlılar arasında qanlı döyüş baş verdi və ağqoyunlular parlaq qələbə əldə etdilər. Lakin Malatya döyüşündən 10 gün keçdikdən sonra, 1473-cü ilin avqustun 11-də Ərzincanla Ərzurum arasında - Üçağızlı dərəsində, Tərcan düzündə (bəzən bu döyüşü «Tərcan döyüşü» də adlandırırlar), Otluqbeli adlanan yerdə qeyri-bərabər döyüş baş verdi və səkkiz saat davam etmiş həmin döyüşdə ağqoyunlular məğlubiyyətə uğradılar. Bu döyüşdə Osmanlı qoşunları da xeyli tələfat verdilər. Beləliklə, Otluqbeli döyüşü ilə Ağqoyunlu-Osmanlı müharibəsi (1472-1473) sona yetdi. Sultan II Məhəmməd ən təhlükəli rəqibi üzərində gözlənilmədən əldə etdiyi həlledici qələbədən sonra müharibəni davam etdirmədi. O, ağqoyunlularla sülh bağlayaraq İstanbula qayıtdı (82, 368; 26, 111-113). İki türk imreriyaları arasında baş vermiş müharibələr onların həyatına ağır təsir göstərdi. Bu müharibələrdən sonra özünə gələ bilməyən Ağqoyunlu imperiyasını Uzun Həsənin ölümündən sonra daxili münaqişələr bürüdü. Bu da Ağqqoyunlu imperiyasının süqutunda mühüm rol oynadı (331, 135-136). Canlı qüvvə və hərbi sursat cəhətdən ciddi itkilərlə üzləmiş Osmanlı imperiyasının isə Avropa ölkələri ilə bağlı olan hərbi planlarının həyata keçirilməsi yolunda əngəllər yarandı. Sultan II Məhəmməd Fatehin «İtaliya səfəri» baş tutmadı. Beləliklə, italyan dövlətləri Osmanlı hücumundan xilas oldular. Osmanlı-Ağqoyunlu müharibələrində ən çox qazanan Avropa dövlətləri oldular. Baş verən qarşıdurmasının nəticələri sonralar bir çox Şərq xalqlarının həyatına özünün mənfi təsirini göstərdi.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə