Azərbaycanda Neolit dövründə daha da inkişaf edən maldarlıq
təsrrüfatı, xüsusilə qoyunçuluğun yerli əhalinin həyatında oynadığı
aparıcı rol toxuculuq sənətinin inkişafına da zəmin yaratmışdır. Mis,
Tunc, İlk Dəmir dövründə toxuculuğun inkişafı yeni geyim növlərinin
yaranmasına və çoxalmasına səbəb olmuşdur. Arxeoloji materiallar və
tarixi qaynaqlarda Manna, Midiya, Atropatena və Albaniyada çeşidli
geyim dəstlərinin olması haqqında məlumatlar vardır.
Artıq ilk orta əsrlərdən etibarən toxunan rəngarəng, çeşid-çeşid
parçalardan kişi, qadın və uşaq geyimlərinin hazırlanması haqqında
arxeoloji materiallarda, yazılı qaynaqlarda, xalq yaradıcılığı
nümunələrində, şairlərin və səyyahların əsərlərində nisbətən dolğun
məlumatlara rast gəlinir.
Kitabda parça toxuculuğu və çeşidli geyim istehsalının daha çox
Təbriz, Ərdəbil, Marağa, Şamaxı, Gəncə, Ordubad və başqa
Azərbaycan şəhərlərində inkişaf etdiyi qeyd olunur. Ərazimizdə yunun,
pambığın, ipəyin, kətanın, dəri və gönün yetərincə olması geyimlərin
növ müxtəlifliyinə şərait yaratmışdır. Bir qayda olaraq, Azərbaycanda
milli xalq geyimləri üç tipə bölünür: qadın, kişi və uşaq geyimləri.
Kitabda təbii olaraq qadın geyimlərinə geniş yer verilir,
onun üstün cəhətləri göstərilir. Ənənəvi qadın geyimləri özünün zərif,
incə toxunuşu, rəng əlvanlığı, zəngin naxış çalarlığı, dəbdəbəliyi ilə
diqqəti cəlb edir. Bu kitabda qadın geyimlərinin bölgələr üzrə növ
müxtəlifliyi geniş şərh olunur və geyimlərdə bölgələr üzrə növ
müxtəlifliyi və oxşar cəhətləri müəyyənləşdirilir. Qadınların mövsümi,
gündəlik, şənliklərdə, toy və bayramlarda geydikləri mərasim geyim
dəstlərinə xüsusi yer verilir.
Qadınlarda olduğu kimi, kişilərin də ənənəvi geyim dəsti
olmuşdur. Kitabda kişi geyim dəstinin lokal-məhəlli səciyyə daşıyan
cəhətləri qeyd edilir, həm də alt, üst, ayaq və baş geyimlərinin
əhəmiyyəti və rolu göstərilir. Təsərrüfatla bağlı, mövsümlə əlaqədar,
sinfi mənsubiyyəti ilə fərqlənən geyimlər tarixi aspektdə işıqlandırılır.
Burada uşaq geyimlərinin növ müxtəlifliyi haqqında da ətraflı
məlumatlar vardır.
Bu kitabda kişi, qadın və uşaq geyimlərini tamamlayan, onlara
xüsusi yaraşıq və gözəllik bəxş edən bəzəklər xoronoloji prinsipə uyğun
şəkildə işıqlandırılır, bəzək zinət əşyalarının əsrlərcə istehsalı dəlil-
sübutlarla təqdim edilir. Mahir zərgərlərimizin incə zövqlə
hazırladıqları sırğa, üzük, bilərzik, sinəbənd, asmamöhür, medalyon,
sancaq, telbasan, kəmər, toqqa və s. bəzəklər öz yaraşığı, zərifliyi, göz
oxşaması, könül xoşlaması ilə diqqəti cəlb edir.
İnsanların bəşər sivilizasiyasına verdiyi ən böyük kəşflərdən
biri əkinçilik mədəniyyətdir. Azərbaycanda ən qədim və aparıcı
təsərrüfat sahəsi taxılçılıq olmuşdur. Burada insanlar taxılın
becərilməsi, döyülüb saxlanılması qaydaları ilə yanaşı, onun
üyüdülməsini də mənimsəmişlər. Dənin üyüdülməsi çörəkbişirməyə
hazırlıq mərhələsi hesab olunur. İnsanlar hələ Neolit dövründə dən
üyüdülməsində sadə dən daşlarından istifadə etmişlər. Əkinçiliyin
sonrakı inkişaf mərhələsində daha əlverişli və mürəkkəb quruluşlu dən
daşları meydana gəlmişdir. Sadə dən daşlarından daha təkmil dən
daşlarına keçiddə əl dəyirmanları (kirkirə) əsas rol oynamışdır. İlk
sinifli cəmiyyətin yarandığı dövrdən etibarən taxılçılığın daha geniş
miqyas alması nəticəsində zaman-zaman su, yel dəyirmanları, qoşqu və
buxar mühərriki ilə hərəkətə gətirilən dəyirmanlardan da istifadə
edilmişdir.
Dənüyütmə qaydalarından sonra çörəkbişirmənin üsul və
vasitələri xronoloji ardıcıllığa uyğun olaraq şərh olunur. Minilliklərdən
üzü bəri xalqımız çörəkbişirmədə sadə çalalardan, daş ocaqlardan,
müxtəlif quruluşlu yeraltı və yerüstü təndirlərdən, səngək kürəsindən
istifadə etmiş, güzəran keçirmişdir. Gil və metaldan hazırlanan müxtəlif
quruluşlu saclar maldar əhali arasında daha çox yayılmışdır.
Kitabda çörəkbişirmə, unun ələnməsi və xəmirin
yoğurulmasında istifadə edilən ələk, kəsdi, xərək, külçəbasan və s.
vasitələr haqqında ətraflı məlumatlar verilir.
Müqəddəs nemət sayılan çörəyi vətənlə, torpaqla, ellə, obayla
müqayisə etmişlər. Çörəkbişirmə ilə bağlı maraqlı adət-ənənələr, xalq
deyimləri xüsusi maraq doğurur: “İstəyirsən bol çörək, al əlinə bel
kürək”. Çörək təkcə ruzi deyil, heçnə ilə əvəz edilməyən, dərin məna
kəsb edən ən əziz nemət hesab edilmişdir: “El basılar, çörək basılmaz”,
“Hər şeydən keçilər, çörəkdən keçilməz”, “Övlad atılar, çörək atılmaz”.
Təsadüfi deyildir ki, “Torpaq haqqı, çörək haqqı” deyirik. Çörək
dindi, bərəkətdi: “Qılınc kəsməyəni çörək kəsər”, “Çörək itirəni çörək
tutar”, “Çörək çörəyə borcludur”, “Bir dəfə çörək yediyin yerə min dəfə
baş əy”.
Bəşər tarixinin ilk çağlarından insanlar təbii tələbatlarına uyğun
yemək və içkilərdən istifadə etmişlər. Hələ ibtidai icma quruluşu
dövründə insanlar yaşamaq üçün topladıqları yabanı bitki və meyvəni,
ovladıqları vəhşi heyvanların ətini və balıqları yemiş, güzəran
keçirmişlər.
Zaman keçdikcə, dövran dəyişdikcə, minilliklər arxada qaldıqca,
əsrlərə qovuşduqca Azərbaycan xalqı çeşid-çeşid yeməklər, növ-növ
içkilər hazırlamışdır. Xalqımızın zəngin mətbəxi özünün növ
müxtəlifliyilə geniş ərazidə şöhrət qazanmışdır. Bu üstün cəhət və
seçim indi də dünya xalqları tərəfindən tanınır və qəbul edilir. Kitabda
Azərbaycan mətbəxinə dair maraqlı mülahizələrin verilməsi təbiidir.
Xalqımızın yaratdığı, inkişaf və davam etdirdiyi müxtəlif çeşidli
yeməklər və içkilər əsrlərcə qazanılan zəngin təcrübəyə və ənənəyə
əsaslanır. Kitabda qənnadı məlumatı və şirniyyatlar, xəmir, düyü, süd,
ət, quş, balıq, bostan-tərəvəz yeməkləri, şorbalar, şirələr, şərbətlər və
digərləri haqqında da dolğun məlumatlar verilir. Yeməklərin yüksək
keyfiyyətlə hazırlanmasında duz, bal, turşular, habelə istiot, darçın,
zəncəfil, hil, mixək, zəfəran, sarıkök, sumax, nanə və s. ədviyyatdan
istifadə edilməsi şərh edilir. Burada yeməklərin və içkilərin hazırlanma
qaydaları, istifadə edilən qablar haqqında məlumatlar da xüsusi maraq
doğurur. Yeməklər və içkilər haqqında verilən məlumatlar təkcə elmi
deyil, həm də praktik əhəmiyyət daşıyır.
Maddi mədəniyyətin əsas tərkib hissələrindən biri də xalq
nəqliyyatı vasitələridir. Nəqliyyat vasitələrinin yaranması,
təkmilləşməsi və müxtəlifliyi təbii-coğrafi şərait və ərazinin relyefilə
sıx bağlıdır. Azərbaycanlılar bu şəraitə uyğun olaraq minilliklər boyu
sadədən mürəkkəbə doğru bir sıra nəqliyyat vasitələri yaratmış,
təsərrüfatda, maddi və mənəvi həyatın müxtəlif sahələrində geniş
istifadə etmişlər. Ərazidə ilk sadə nəqliyyat vasitələrinin tarixi ibtidai
icma quruluşu dövrünə aiddir.
Dostları ilə paylaş: |