Dünya iqtisadiyyatının tarixi
139
“davranış tərzindən” qaynaqlanan çətinliklərlə üzləşir. Belə ki, konkret
tarixi dövrün təhlili yalnız əldə olunan faktların araşdırılması ilə
yekunlaşmır.
Təhlilin nəticəsinin sistemliliyi və gerçəkliyi həmin dövrün
reallığının maksimum şəkildə əhatə edilməsindən, yəni mövcud faktlarla
kifayətlənməməkdən – yeni faktların aşkarlanmasına çalışmaqdan
birbaşa asılılıqdadır. Digər tərəfdən, seçilmiş faktların araşdırılan tarixi
prosesə, yaxud dövrə birbaşa yaxud dolayısı ilə aidiyyətliliyi problemi
mövcuddur. Adətən, faktların bir qismi prosesin struktur məzmununun
əsasında dayanır, digər qismi isə - birbaşa aidlik baxımından sözügedən
strukturun birmənalı şəkildə aşkarlanmayan xassələrində “gizlənirlər”.
Həmçinin, nəzərə alsaq ki, ümumdünya tarixi prosesin obyektləri
əvvəlcədən qeyri-xətti mühitdə meydana çıxır, onda aparılan bölgünü
(tarixi prosesin dövrlənməsi) ifrat müxtəlifliyinə təəccüblənmək lazım
gəlmir. Dövrlənmə - müəyyən kriterilərə (prinsiplərə) uyğun olaraq
prosesin ayrı-ayrı dövrlərə bölünməsidir. Yekunda alınan dövrlər –
müəyyən zaman sürəci kimi başa çatmış proses timsalındadır. Eyni
zamanda, tarixi mötədillik nöqteyi – nəzərindən heç bir prosesin konkret
zaman sərhədlərini birmənalı müəyyənləşdirmək mümkün deyildir.
Belə ki, konkret dövrün başlanğıcı əvvəlki dövrdə, gələcəyi, yaxud
sonu isə özündən sonra gələn dövrdə müşahidə edilir (bəzi hallarda, heç
sonun özünü birmənalı qiymətləndirmək mümkün olmur). Yəni dövrün
(konkret zaman intervalının) ayrılması, yaxud mənalandırılması
obyektivliyin yüksək dərəcəsi kimi deyil, qiymətləndirmə xarakterli
mühakimələr formasında ortalığa çıxır.
Bu anlamda ortodoksal dövrlənmə daha çox tarixi materialın yadda
saxlanılması rahatlığını doğurur. Sistemli şəkildə tarixi prosesin dərki
prizmasından isə yararsızdır. Bu aspektdən diqqət yetiriləsi məsələlərdən
biri – determinizmin “təbiətinin” dəyişməsidir. Belə ki, tarixi hadisələr
arasında əlaqənin, yaxud bağlılığının səbəb-nəticə çərçivəsində primitiv
şəkildə interpretasiyası reallıqda mövcud olan zaman, məkan və
funksional əlaqələrin (yaxud bağlılıqların) təzahür çoxluğunu ifrat
dərəcədə azaldır, “yoxsullaşdırır”.
Eyni zamanda, tarixi tədqiqatlarda müşahidə olunan digər bir
məsələ - hadisələrin yaranma səbəblərinin hadisələrarası münasibətlərin
formalaşması
səbəbləriylə
əvəzlənməsi
funksional
asılılığı
(determinizmlə müqayisədə) ön plana çıxarır. Əslində, söhbət konkret
paradoksal situasiyadan gedir. Paradoks bundan ibarətdir ki, tarixi
prosesə aid olmayan və təfəkkürün gətirdiyi “nəisə” prosesin özündən
Dünya iqtisadiyyatının tarixi
140
kənarlaşdırmağa və kriterilərdən istifadə etmədən nəzəri müddəaların
formalaşdırılmasına cəhd göstərilməsi gerçəkliyin dərk edilməsi
dərəcəsini kəskin şəkildə aşağı salacaqdır ki, bu da hər bir obyekt, yaxud
fenomenin ifrat fərdiliyi və unikallığı ilə şərtlənir.
Bir sıra tədqiqatlarda “bəşəriyyət” termini “sivilizasiya”
(Danilevski, Toynbi və s.), yaxud “dünya-sistem” (Vallerstayn, Frank və
s.) anlayışları ilə əvəz olunur. Tənqidi mövqedə dayanan tədqiqatçılar
(L.Qrinin və s.) hesab edirlər ki:
1.
Bu anlayışlar “bəşəriyyət” terminindən zaman (aqrar
dövrəqədərki və ilkin aqrar dövr kənarda qalır) və məkan
miqyaslarına görə fərqlənirlər. (Təbii ki, əgər həmin
terminlər sinonim kimi qəbul edilmirsə);
2.
Bəşəriyyəti və onun tarixi prosesini daha dar anlayışlarla
əvəzetməyə cəhd göstərilməsi, mahiyyətcə daha yüksək
ümumiləşmə səviyyəsində tədqiqatın qadağan olunması
tələbi kimi səslənir. Bu sadəcə olaraq tədqiqatın
səviyyəsinin daha dar səviyyə ilə əvəzlənməsidir. Əslində
bu yönümdə dəyişikliklərə canatma olmuşdur. Məsələn,
Milyukov ümumdünya tarixi nöqteyi-nəzərin köhnəldiyini
bəyan etmiş və onun yerinə elmi tədqiqatın təbii vahidi
kimi milli orqanizmi götürməyi məsləhət bilmişdir.
Ümumiyyətlə, tarixi prosesin dövrlənməsi probleminə yanaşmada
müşahidə edilən çoxvariantlılıq, ələlxüsus marksist və qeyri-marksist
yanaşmalar arasında prinsipial olaraq struktur fərqlilikləri yoxdur.
Sadəcə, hər iki istiqamət “yarımçıqlıq” sindromunun daşıyıcılarıdırlar.
Konseptual qiymətləndirmənin yekun nəticələri:
1.
Dövrlənmə zəruridir. Məlumatların sistemləşdirilməsi və təhlili
baxımından effektiv metoddur;
2.
Amma ... Dövrlənmə mürəkkəb hadisələrin prosessual, inkişaf
etməkdə olan və müvəqqəti tipi ilə “işləyir”, buna görə də
təxminilik və tarixi reallığın sadələşdirilməsi qaçılmazdır.
3.
Ona görə də, bəzi tədqiqatçılar dövrlənmənin əhəmiyyətini
azaltmağa çalışır, proses→mərhələ əksliyi yaradırlar. Bu cütlük
əslində yalançı dixotomiyadır. Belə ki, mərhələ - elə prosesin
“dayanacaq” nöqtəsidir. Proses – mərhələlərdən ibarətdir.
Beləliklə:
1. Tarixi-iqtisadi prosesin dövrlənməsi ilə bağlı istənilən yanaşma
birtərəfli xarakter daşıyır.