Azərbaycan Respublikası MƏDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 316,51 Kb.
səhifə1/4
tarix26.09.2017
ölçüsü316,51 Kb.
#2255
  1   2   3   4

Azərbaycan Respublikası

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi

Zaqatala rayon

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

описание: zaqatala1

Zaqatala rayonunun kəndlərinin qədim adət-anənələri
Zaqatala-2016

Azərbaycan Respublika Mədəniyyət və Turizm Nazirliyi
Zaqatala rayon Mədəniyyət və Turizin Şöbəsi

Zaqatala rayon MKS


Zaqatala rayonunun kəndlərinin qədim adət-anənələri.

(Məlumat toplusu)


Zaqatala rayon N.Gəncəvi ad.Mərkəzi kitabxana. - Zaqatala, 2016.-89s.

Kitabçada Zaqatala rayonunun kəndlərinin qədim adət-ənənələri: toy və yas mərasimləri, dini bayramları, əsgər yolasalmaları, milli xörəkləri, bayatıları ,ağıları, inancları, deyimləri, rəvayət və zərb məsələləri haqqında məlumat əldə edə bilərsiniz. Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Rayonda müxtəlif xalqların nümayəndələri yaşadıqlarına görə və bu nümayəndələr yaşayan kəndlərin adət-ənənələri bir-birindən qismən fərqləndiyinə görə məlumatlar ayrı-ayrılıqda verilmişdir.




Zaqatala rayon N.Gəncəvi adına Mərkəzi kitabxana, 2016

Bəhmədli kəndinin toy adət - ənənələri

Hər kəndin hər bir obanın öz adət -ənənəsi olduğu kimi kəndimiz də öz adətləri ilə fərqlənir.Toy adətlərinin öz milli xüsusiyyətlərini tam dolğunluğu ilə bu günə qədər gəlib çatmasa da, böyüklərdən eşitdiklərim və öz uşaqlıq yaddaşımda qalanlarını sizlərlə bölüşürəm. Belə ki, oğlunu evləndirmək istəyən valideyn oğlunun dostlarından onun bir istəklisi , bəyəndiyi qızın olub-olmadığını öyrənər, ya da ata-ana ğözlərinə xoş gələn ismətli, yaxşı iş bilən qızı oğluna məsləhət görər və qızla tanış olub fikrini söyləmək lazım olduğunu deyərlər.Əyər qız razıdırsa oğlan tərəfi elçiliyə bir ağsaqqal göndərir.Elçi gedən adam qızın atasına-əmisinə və s. öz fikrini söyləyər və onlardan da bir cavab gözlədiyini deyərdi. Qızın atası da öz həyat yoldaşına bu haqda məlumat verər və qızın fikrini öyrənməsini və ataya məlumat verməsini söylərdi. Qızın razılığın bilmək üçün oğlan tərəfi ikinci dəfə qız evinə yenə elçi gedir.Bu dəfə hə cavabını alıb şad-xürrəm geri dönərdi.Məsləhət-məşvərətdən sonra üçüncü dəfə qız evinə yollanar və nişan mərasimi üçün günün təyin olunmasını bildirərdilər.Əvvəl qız evi başlıq adlandırdığımız pulun miqdarını qız toyunda xərclik üçün ət-yağ və s. oğlan evindən istəyərdilər.

Oğlan tərəfi də bu razılaşmadan sonra nişan mərasiminə hazırlıq görərdilər.Əvvəlcə qızıl üzük alınar , bir dəst libas alınar.Sonra qız evinə göndərmək üçün şirniyyat (nazik,ovma-şirin çörək,düyü unundan halva qovrular siniyə basılar) hazırlanardı.Oğlan tərəfin yaxın qohumları nişana dəvət olunar, onlar da gəlinləri olacaq qıza donluq parça və s. alar və nişan günü hədiyyə verərdilər.

Nişandan sonra oğlan tərəfi də qız tərəfi də toya hazırlaşardı.

Qız evi cehizlik ayın-oyun toplayar,yorğan-döşək salar,oğlan tərəfi də toy üçün lazım olan qızıl ziynət əşyalarını gəlinin əyin-başı üçün lazım olanları alardı.Bütün hazırlıq işlərini görəndən sonra toy gününün təyin olunması üçün qız evinə gedərək toyun hansı günün olacağını müəyyənləşdirib qayıdardılar. Artıq toy günü dəqiqləşdi, oğlan evi zurnaçılar dəstəsini həmin gün üçün sifariş verərdi.

Toya bir həftə qalmış qohum-əqraba yığışar , yenə nişandakı kimi şirniyyat hazırlayar, toya kənd əhlini dəvət etmək üçün 2-3 cüt oğlan uşaqları ayırırlar . Onlar həftənin 3-cü günü ev-ev,qapı-qapı gəzib olacaq toya çağırardı və belə söyləyərdilər. ( Məni göndəriblər filankəs ,yəni oğlanın atası,ya qızın atası) sizi oğlu filankəsin toy məclisinə dəvət edir,ailə üzvləri ilə birlikdə. Həftənin 4-cü günü parça biçdisi - 6-cı bazar günü toydur. Parça biçdi günü oğlan tərəfi qıza alınmış pay-örüşlə, şirniyyat xonçaları ilə qız evinə yollanar, yeyib içər. Sonra qıza geyinmək üçün bir parçadan don biçilərdi, həmin mərasimdə qız evindən bir uşaq qayçını əlinə götürər və ucadan söylərdi: qayçı kəsmir.,qayçı kəsmir. Belə söyləyəndən sonra oğlan evindən gəlmiş adamlar ona pul verərdi. Həmin gün qohumlarda gəlin üçün hədiyyə olaraq donluq parça gətirərdilər.

Nəhayət 6-cı gün yəni bazarın əvvəlki günü saat 5 radələrində kəndi nağara –zurna səsi bürüyərdi. Hələ toy evinə çatmamış çala-çala həyətə daxil olardılar. Yavaş-yavaş kənd əhli toy evinə toplaşar, çalıb oynamaq başlayardı.Toyu aparmaq üçün bir yaxşı oyunçu təyin olunardı, həmin adam toya gələnləri növbə ilə oyuna dəvət edərdi.

Gecə saat 12-yə 1-ə kimi çalıb oynayardılar.Səhərisi yenə saat 12-də toy, çal- çağır davam edərdi.Toya dəvət olunub gələnlər yeyib-içər toyda rəqs edər,toyçulara da nəmər qoyub gedərdilər.

Yaxınlar, cavanlar isə oğlan toyunda bəy durma mərasiminə kimi, gəlin gətirmə vaxtına kimi qalardılar.Oğlan toyuna gələn qadınlar, şax bəzədib üstünə bəyin boynuna salmaq üçün aldıqları baş örtüyünü salıb əllərində gətirib gələrdilər.Toyda çardaqçı adlanan adam gətirilən şaxları çardağa qoyar sonra bəy duran vaxtı həmin şaxları yiyələrinə verərdilər.Artıq saat 5-dir.Bəy durma vaxtıdır.Bəyin sağ diş adlandırdığımız dostu ilə yaxın qonşunun evindən çala-çala bəy stolunun arxasına gətirərdilər.Qadınlar gətirdikləri şaxların üstündəki baş örtüyünü bəyin boynuna salar,kişilər isə bəyə kömək üçün erkək qoyun kəsərdilər .Qoyun kəsiləndə müsiqiçilər həmin havanı səsləndirərdilər.Sonra gəlin gətirməyə gedəndə də gəlin havası çalınardı.

Qız evinə çatan oğlan evinin adamları qıza qırmızı paltar geydirər başına qırmızı kəlağayı salar və gəlin havasının sədaları altında maşına mindirib geri oğlan evinə yola düşərdi.Bu vaxt bir gənc maşınını tez sürüb oğlan anasına müştuluq edərdi ki,gəlin gəlir,ana da ona nəmər verərdi.

Oğlan evinə gəlib çatmış toy adamları gəlini düşürər öz otağına yerləşdirərdilər.Toyda olanlardan kimsə gəlib gəlinin qucağına bir oğlan uşağı verərdi ki,onun da qucağı dolu olsun,uşaqlı olsun.Toy gününün səhəri qız evindən bəyə və gəlinə xüsusi olaraq bəy aşı adlandırdığımız toyuqlu aş bişirilər. Günorta yeməyini qızlar,gəlinlər oğlan evinə aparardılar.Oğlan da aşı yeyib sonra onun boşqabına pul qoyardı.Həmin gün kim bəyin ayaqqabısını,papağını gizlindən aparıb gəlinə versə bəyin sağ dişi cərimə verərdi.Həmin gün toy günündən də maraqlı olardı.Toyun 3-cü günü isə gəlin üzüörtülü səhərdən ev-eşiyi süpürər,silər sonra samovar qaynadardı.Toydakı hər kəsə çay süzərdi.Gəlinin tökdüyü çayı içənlər nəlbəkiyə pul qaytardılar.Qoy hamının evində toy olsun .

Zaqatala rayonu Kəpənəkçi kəndinə məxsus milli adət-ənənələr.

Öncə qeyd edək ki, Kəpənəkçi kəndi Zaqatala rayonunun qədim yaşayış məskənlərindən biridir.Bu kəndə məxsus sahəsi hektarlarla ölçülə biləcək dörd məzarlıq söylədiklərimizin təsdiqi üçün əsas ola bilər. Kəpənəkçinin min ildən çox tarixi vardır.

Hazırda Kəpənəkçi kəndində on beşdən çox tayfa və nəsillər yaşayır ki,bunlar mənşəcə qədim türk tayfalarıdır. Rayonumuzun hər bir yaşayış məntəqəsində olduğu kimi Kəpənəkçi ulusunda da bu kəndə məxsus,lakin unudulmaqda olan bir çox adət-ənənələr, milli dəyərlər qorununb saxlanılmaiıdır. Sözü gedən,unudulmaqda olan məhz Kəpənəkçi ulusuna daha çox aid olan milli- mənəvi dəyərlərlə, adət-ənənələrə qısa nəzər yetirək.

Kəpənəkçi kəndində Novruz bayramının qeyd olunması.

Ta qədimdən kəpənəkçililər Novruzun gəlişini qeyd etməyə mart ayında ilk göy gurultusunun eşidilməsi,qaranquşların kəndə,evlərə “qonaq” gəldiyi andan başlayardılar. Novruz günləri təxminən 7-10 gün qeyd olunardı. Kəpənəkçi sakinləri Novruz bayramını ailədə başlar,kəndə məxsus mənzərəli bağ-bağçada,çöl-çəməndə keçirərdilər. Qız-gəlinlər,analar,eyni zamanda kiçik yaşlı oğlanlar,gənclər və ortayaşlı başıpapaqlılar ayrıca qeyd edərdilər.Novruz süfrəsi geniş,rəngarəng,çeşidli təşkil olunardı.Süfrəyə qoyulan nemətləri hər kəs imkanı daxilində evdən gətirərdilər.bir zaman yasaq edilməsinə baxmayaraq,Kəpənəkçi ulusunda Novruz bayramı təntənəli,iştirakçıların sayı çoxlu olmaqla aparılardı.Müxtəlif oyunlardan,məsələn Topqalaq , Kəməralma, Yalagirmə,Xoruz döyüşü,Beldən tullanma,Gizlənpaç, Çilingağac, Yelləncəkdə uçunmaq, Əlüstə kimin əli və s.oyunlardan gün ərzində istifadə edərdilər.



Kəpənəkçi kəndində toy

Binayi qədimdən Kəpənəkçi kəndində evlənmədə,ailə qurmada azad sevgi,gənclərin qarşılıqlı məhəbbəti əsas götürülüb.Evlənən gənclər hansı nəsildən,hansı tayfadan olmaları fərqinə varmamışlar. Görünür bu azad,qarşılıqlı sevginin nəticəsidir ki,Kəpənəkçi kəndi üzrə son əlli-yüz il ərzində uğursuz ailələr demək olar ki,qeydə alınmamışdır.

Kəpənəkçidə evlənən gənclərin toy mərasimi ad etmədən,nişandan başlardı.Bu prosses adqoyma,bəlgə aparma,nişan aparma,bayram sovqatlarının hər iki ailəyə aparılması və nəhayət toy şənliyinin keçirilməsi əsas mərhələlər idi.Toy şənliyi 3 gün,əsasən həftənin şənbə günü,günün ikinci yarısında başlardı.Bazar günü gecə yarısına qədər davam edər,həftənin birinci günü sabah aşının aparılması ilə tamamlanardı.Gəlin bir həftə üzüörtülü qalardı.Örtüyünün açılması ilə gəlin evində fəaliyyəti başlayardı.Gəlin ərinin valideynlərilə, qardaş bacılarıyla söhbət etməzdir.Onu dindirməyə çalışanlarla başının hərəkəti ilə”cavab verərdi”.

Kəpənəkçidə toy şənliyi qara zurna,ney,kiçik nağara və böyük kosun sədaları altında davam etdirilərdi.Milli musiqi toy şənliyini bəzərdı.İki-iki oynardılar.Əsasən bir oğlan,bir qız yaxud bir kişi ,bir qadın oynardılar.Bəyin yaxın adamlarından ortayaşlı,bir başıpapaqlı əlində mahir bir pinəçi tərəfindən hazırlanmış qamçıdan istifadə edərdi.Tək tənha hallarda məclisin ahəngini pozmağa cəhd edən ,yaxınlıqdakı ağaca kəndirlə bağlanardı.Tabe olmaq istəməyən şəxs qamçı da yeyərdi.

Toy şənliyinin əsas mərhələsi bazar günü,günortaya yaxın bəyin və gəlinin yaxınları tərəfindən xonçaların məclisə gətirilməsi ilə yadda qalardı.Musiqiçilərdən biri xonçaya düzülmüş nemətləri, təamları, yaxşı hesab etdiyi xonçanı özünə götürərdi.Təkcə xonçadakı pul toy sahibinə verilərdi.
Kəpənəkçi kəndində hüzn-yas mərasimləri

Kəpənəkçi kəndində yas mərasimlərinin keçirilməsində əsasən yaş həddi gözlənilməzdir.Qoca da, cavan da, uşaq da eyni ehtiram və hörmətlə kənd qəbristanlığında torpağa tapşırılır.Dəfn mərasimi kənd imamının nəzarəti,rəhbərliyi,kənd dindarlarının iştirakı ilə aparılır.Dəfn olunan şəxsin üç günü,bir adnası və cümə günündən səhər qəbr ziyarəti,qırx,əlli ikisi,ili ayrıca qeyd olunardı.,mərasimdə ehsanların verilməsinə imam nəzarət edir israfçılığa yol verilmir.



Milli mətbəximiz.

Xan aşı və şah plov.

Şabalıdlı plov,döşəməli plov,qablamalı plov,çüçə plov,bal-qabaq plov,şüyüd plov,qozlu plov,ləvənğili plov.



Xəmir xörəkləri.

Fəsəlli,pişi çörəyi,maxara,köpbəcə,qutab kətə,ətli kətə, şor kətəsi,göyərti kətəsi,balqabaq qutab,eyvaz kətə,sıxma ,xəşil.



Xəngəl.

Ət xəngəli,şor xəngəli,gicitkən xəngəli,cirt lobya xəngəli,sürhüllü(eşmə xəngəl),çığırtmalı xəngəl,qiyməli xəngəl,əriştə,düşbərə,buğlu xəngəl.



Duru xörəklər.

Toyuq çığırtması, küftə, lobya şorbası, mərcimək şorbası, Südlü yayma,düyü supu,kələm supu,dovğa.

Buğlama, basdırma, tikə kabab, lülə kabab, gicitkən çığırtması, pencər, balba, lobya çığırtması, unnuca,cincilim,isba naq,kələm dolma, yarpaq dolma, badımcan dolma, katlet, düyü halva,tər halva.
Şirniyyatlar.

Mütəkkə(rulet)siqaret,paxlava,şəkərbura,şəkərçörəyi, piroq meyvəli və şakaladlı,tort meyvəli və şokaladlı,şor qoğal,badambura,şirin çörək,keks.



Mürəbbələr.

Zoğal,albalı,ağ balı,gilənar,alma,armud,balqabaq,pomidor,alça,qoz,gül,gavalı,şaftalı,ərik,üzüm,çiyələk,heyva,moruq,qarağat,xurma,tut,əncir,

yarpız.

Turşular .

Gavalı,zoğal,alça,əzgil,göyəm,cır bali turşusu.

Duzlu,sirkəli şorabalar.

Xiyar,kələm,pomidor,bibər,badımcan,zoğal,gavalı,alça,əzgil,

göyəm.

Sirkələr

Üzüm,alma.tut.

Kəpənəkçi kəndinə məxsus qədim adət-ənənələri yazdı:

Asif Falayev adına Kəpənəkçi kənd mədəniyyət evinin müdiri Tamam Kərimova



Muğanlı kəndi

Bizim kəndimizdə əvvəlki dövrdə toylarımız həyətlərdə keçirildi.Toylar həyətlərdə çalınar, buna da açıq toy deyilirdi.O vaxtlar keçən toylar çox maraqlı olurdu.Həyətlərdə böyüklər ocaq başında oturar,uşaqlar qaçışırdı.Yolnan keçən insanlar deyirdilər ki,bu həyətdə toy var.İndiki toylar saraylarda keçirilir.Heç həyətlərdə düzgün insanlar olmur..Hamı çağırılan saatda şadlıq sarayına gəlir.Əvvəlki toynan indiki toyun arasında fərq çoxdur. İndi zəmanə dəyişib toy etmək çətinləşib. Kəndimizdə keçirilən yas mərasimlərində elə bir fərq yoxdur.Bizim kəndimiz bu yas mərasimində yaxından iştirak edir.Bir-birilərinə maddi dəstək dururlar.

Novruz bayramı da kəndimizdə keçirilir.Novruz bayramı əvvəllər keçirilmirdi.Bu son dövrlərdə keçirilməyə başlayıb.Azərbaycan Respublikası öz süverenliyini əldə etdikdən sonra bu bayramlar keçirilməyə başlayıb.Biz də bu bayrama kəndimizdə çox gözəl hazırlaşırıq.Bu bayramda şirniyyatlar hər bir evdə bişir, böyükdən kiçiyə hamı sevinir.ən çox da uşaqlar sevinir.Çünki onlar ev-ev gəzib papaq atır,qodu payı istəyirlər.

Keçmişdə qızlar öz cehizlərini özlər hazırlayardılar. Adi ağ parça alıb onun üzərinə rəngli iplərdən naxışlar , tikmələr tikərdilər. Özlərinə süfrə,yorğan, yastıq, döşək üzləri tikərdilər,qəşəng bəzək vurardılar. 30-40 cüt corab toxumalıydılar.Ondan əlavə oğlan evinin qohumlarına corab, tikmələr aparmalıydılar,hamısına hədiyyə etməliydilər.Tikməsi-corabı olmayan gəlini lağa qoyardılar,ayıb edərdilər.

Toya bir həftə qalmış nişanlı qızı yengəsi özlərinə aparardı və ordan hər gün bir qohumu qızı qonaq çağırardı.Axırıncı gün xına gecəsi günü qız evinə gedərdi.Həyətdə əkilən xınanı oğlan yengəsi döyüb hazırlayardı.Oğlan evi xınanı da ,çalğıçıları da gətirib gəlirdilər qız evinə.O vaxtı paltar o qədər də çox yox idi. Hamı qohumlar qıza parça,yaylıq hədiyyə gətirirdilər.Qız da bütün cehizini açarmış,gələnlər qızın əl işlərinə baxıb qiymət verərmişlər. Toy xına gecəsindən başlayaraq 3 gün çəkərdi. Gəlini aparardılar.Atı gözəl bəzəyərdilər.Alnında gəşəng bəzədilmiş havoğ olurdu.Atın sağ tərəfində oğlan,sol tərəfinə qız evi qəşəng kəlağayı bağlayırdı.Gəlinin başında da kəlağayı olmalıyd..Gəlini evdən çıxaranda qız evi bu bayatını deyərdi:

At gəlir aparmağa

Qapılar qoparmağa

Yığılın qohum-qardaş,

Qoymayın aparmağa

Gəlini ata mindirəndə oğlan evindən 2 oğlan uşağını-birini gəlinin arxasına,birini də qucağına oturdardılar,qucağı boş qalmasın deyə.Oğlan evinə çatana kimi düşürməzdilər.Keçmişdə gəlinin qayınatası imkanlı idisə gəlinin belinə qızıl daş-qaşnan bəzədilmiş kəmər taxardılar .İndi də bəzi yerlərdə var.Bizim kənddə beşikkəsmə adəti çox yayılıbmış.Kənara qız verməz,kənardan qız almazdılar.Ancaq qohum-qohumnan evlənər,ərə gedərmişlər.

Havalar çox quraqlı keçəndə,camaat yığılıb Məscidin həyətində sulu xörəklər bişirib Allahın yoluna çoxlu dualar edərək yağış istəyirlər,bir-birini sulayardılar,səhər tezdən durub dağda ziyarət var,ora qalxardılar və Allahdan yağış istəyərdilər.Yağışlı keçəndə yenə həmçinin maxaralar bişirib dualar edirlər.Allahın yoluna ehsan verirlər.Oruc bayramında,qurban bayramında qohum oldu olmadı hamı böyüklü kiçikli kəndin ayağından başlayıb-kəndin başına kimi hər bir evi gəzərək hamını təbrik edirlər.

Makov kəndi

Toy mərasimi: Toy dörd gün davam edirdi.Birinci gün-qohumlar yığışıb halva –çörək bişirirdilər.İkinci gün bəy toyu olurdu. Bəy üçün yastıq bəzəyib, taxta qoyub yançılarnan otururdu və toy çalırdılar.Bütün toy əhli bəyin əlinə pul verirdilər.Sonra gəlin gətirməyə gedirdilər.Axşam üstü gəlini gətirirdilər.Gəlin pilləkəndə boşqab sındırıb evə girirdi.Yaxın qohumlar bal-çörək verirdi.Üçüncü gün ümumi toy,bəy və gəlin zurna və nağaranın sədaları altında həyətə düşüb toya başlayırdılar.

İndi bütün toy əhli gəlinin əlinə pul verib bəydə onlara halva paylayırdı.Bütün qohumlar əlində samovar,güzgü,xonça, başı bəzədilmiş şaxnan həyəti dövrə vurardılar.Dördüncü gündə üzaçdı olardı,bəyin atası gəlinin kəlağayısını açıb onun ağzına bal çörək qoyur və məclisə başlayırdılar.yeyib-içirdilər və axşam estü məclisi bağlayırdılar.

Yas mərasimi: Yas mərasimi üç günlüknən başlayıb beş adnaynan qurtarırdı.Üç gün camaat başsağlığına gəlib qadınlar evdə zikr çalır,kişilər həyətdə oturardılar,onlara başsağlığı orda verirdilər.Hər həftənin cümə axşamı yaxın qohumlar yığışıb ölənin ruhuna Quran oxuyub dua edirdilər.Qırxı bitəndə bütün qohum-əqraba ölünün qəbr üstünə gedirlər.


Yolayrıc kəndi

Kəndimizin köhnə toy adət-ənənələri:

Toy mərasimi keçirilərkən gəlini oğlan üçün valideynlər seçərdi.Gəlin bəyi birinci dəfə toy gecəsi görərdi.Kəndin ağsaqqalları elçiliyə gedər və qızın həsini alardılar.Toy üç gün keçirilərdi.Birinci günü düyü halvası,şirin çörək təndirdə yapılardı.Beşinci günün axşamı xına gecəsi keçirilərdi.Qızın əllərinə,ayaqlarına xına yaxılardı.Xına gecə oğlan tərəfindən gələnlərə xüsusi hədiyyələr verilərdi.Toyun ikinci günü zurna balabanla toy çalınardı.Camaat böyükdən kiçiyə toya gələrdilər.İkinci günün axşamı gəlingətirməyə gedərdilər.Gəlin üçün qızıldan,gümüşdən kəmər,boyunbağı,üzüklər alardılar.Toyun ikinci günü gəlini yengələrin ,bəyi sağ diş,sol dişin müşayiəti ilə həyətə düşürərdilər.Qohumlar onlara aldıqları hədiyyələri nümayiş etdirərdilər.Gəlin üçün xüsusi şax hazırlayardılar.Birinci günü oğlana,ikinci günü gəlinə şabaş verərdilər.Toya gələn, böyukdən kiçiyə kimi camaata yemək içmək verərdilər.Toy axşam üstü qurtarardı.

Yas mərasimi:

Yas mərasimində 40 gün ölünün yasını tuturlar.Yasın üç günü camaat yasa gəlir.Üç gündən sonra qohum-qonşu səhər axşam yas olan evə əlhəm oxumağa gəlirlər.40 gün bitənə qədər cümə axşamlar keçirilir.Yasa gələn camaata çay,çörək verirlər.40 gün bitəndən sonra kişi,qadın bir yerdə cümə günü qəbr üstə gedirlər.


Yuxarı Tala kəndi

Adət və ənənələrimiz

Adət və ənənələrimiz cəmiyyətin qayda qanunlarıdır.Uluların təcrübəsindən çıxmış ağır sınaqlardan əldə edilib,həyatda mövcudluğa haqqı çatdığını sübut etmiş,bu qayda –qanunlar insanları təkrar-təkrar onlara müraciət etməyə məcbur edir.,zəmanənin üzərində hakim olurlar.

Adət-ənənə insanların yaşam tərzinin sübutudur.Adət-ənənəyə əməl etmək,onu qoruyaraq gələcək nəsillərə ötürmək hər kəsin borcudur.

İnsan doğulandan son günə qədər adətlərin sıralanaraq həyatının nizamladığını görür.

Adətləri xeyir-şər,bayram adətlərinə bölmək olar.Əslində tərbiyə də,adətin bir növüdür.Böyüklərimiz xeyir-dua verəndə,evladlarınızı adət-ənənəyə uyğun yetişdirin ,böyüdün deyiblər.

Hər millətin, xalqın varlığının sübutu da,adət-ənənəsidir.

Uşaq doğulanda,qurban kəsmək,qırx suyu tökmək,oğlansa sünnət etmək,onu gələcəyin kişisi kimi tərbiyə etmək,vətənini sevmək,onu qorumaq,ata-anaya,böyüklərə hörmət etmək,mərd ,güclü,düzgün və s. xüsusiyyətlər tərbiyə şəklində adət-ənənənin bir növüdür. Mövlud oxutdurmaq,sadağa vermək də adət-ənənə sayılır.Oğlan uşağı əsgərə gedəndə,təzə evə köçəndə mövlud

oxutmaq,uşağı olmayanlar sadağa verib niyyət edər,qurban kəsər ki,bu da ,adət-ənənəmizdir.

Bayram adət-ənənələrimiz xalqımızın ən çox sevdiyi və əməl etdiyi adətlərimizdəndir.

Oruc bayramı,qurban bayramı,Novruz bayramı-

Bir ay oruc tutub 3 gün bayram etmək,uşaqların qapı-qapı gəzib bayram payı istəməsi-əsrlərdən keçib gələn adətlərimizdəndir.

Qurban bayramı- Halal pulla zəhmətlə işləyib ildə bir dəfə qurban kəsərək,yoxsullara yardım etmək ən gözəl adətimizdir.

Novruz bayramı-xalqımızın ən gözəl bayramı,ən sevimli bayramı.Bütün adət-ənənələri özündə birləşdirən,zəmanəmizə qədər gəlib çatan,uşaqları,böyükləri,hər kəsi bu bayrama aid hər adətə sövq edən bayram.Novruz falları,boyanan yumurtalar,papaq atmalar,rəngli şamlar,şirniyyat dolu xonçalar,səmənilər,şəkərbura,paxlava,şorqoğal-bunların sayəsindən insanların daxildən və xaricdən təmizlənib pak olması bu həm də yaz bayramıdır.

Xalqın toy kimi gözəl adəti var.Qız,oğul evləndirmək istəyən hər kəs toy adət-ənənələrinə əməl edirlər. Lakin zəmanəmizə qədər gəlib çıxmayan,sıradan çıxan bəzi toy adətlərimiz var.

Məsələn,Atalıq pulu,qapı tutmaq, ərə gedən qızın yorğan-döşəyə girib gizlənməsi,və qız evi üçün toy xərci vermək.və s.

Nişan,toy,xınayaxdı,qonaqlıqlar,təzəbəylə gəlini qonaq çağırıb qohum-əqraba ilə tanış etmək.Təzə evlənənlərə yardım üçün ”üz açdı” mərasimi keçirərək pul toplamaq və s.

Yas mərasimi də adət-ənənədir. Dünyaya gəlişimizi necə adətə uyğun qarşılayırıqsa,dünyadan gedişimizi də,adətincə yerinə yetirməyə çalışırıq.

Adətə uyğun yas tutmaq,adna,üçü-qırxı,əlliikisi, ili və s.adətlərimizə bugün də əməl olunur.Ölüyə ağlamaq,quran oxumaq,dualar etmək,ehsan vermək,40 gün qara bağlamaq,saqqal saxlamaq,cümə günü qəbrüstə getmək.

Bu günümüzə gəlməyən,keçmişimizdə qalan adət-ənənələrimiz də var ki,bu adətlərin bəziləri sınaqlara dözməmiş,bəziləri də əhəmiyyətini itirmişdir.Vaxtı ilə məhsul bayramları da adət-ənənə şəkli almışdır.Artıq bu adətə heç kim əməl etmir.İməcilik kimi adətimiz də vardı ki,tütün,findıq,barama,qarğıdalı kimi məhsulların yığımı iməciliklər şəklində həyata keçirilirdi.Bu zaman çalıb-oxumaq,oynamaq da şərt idi.Artıq bu məhsulların kütləvi şəkildə istehsalı olmadığı üçün bu adət-ənənələrimiz də,unudulub.

Quraqlıq olanda,yağış yağsın deyə kəndin oba-oba yığışaraq,əriştə bişirərək sadağa paylanması və yaxud ,güclü yağışlar yağanda günəş şəkilli maxaraların bişirilib bütün kəndin əhalisinə paylanması kimi bu adətlər yaddan çıxmaq üzrədir.

Əslində bütün adət-ənənələr xalqın rifahı,firavanlığı,xoşbəxtliyi,təsəlli ,ümid yerləridir.Hər şeydən əvvəl öz xoşbəxtliyimiz,səadətimiz üçün bu adət-ənənələrimizi qoruyaq.

Aşağı Cardaxlar kəndi qədim el adətləri

Azərbaycan çox sayda millətlərin yaşadığı bir ölkə kimi tanınır. Ölkədə yaşayan hər bir millətin hər bir kəndin, elin – obanın özünə xas adət – ənənələri vardır. Bu adət ənənələr ta qədim zamanlardan yaranmış və nəsildən – nəsillərə ötürülmüşdür. Aşağı Çardaxlar kəndində yaşayan əhalinin əksəriyyəti avarlardır. Elə buna görədə Zaqatala bölgəsində yaşayan avarların adətlərində müəyyən oxşarlıqlar vardır. Bu adətlər əsasən milli yeməklərdə daha çox özünü büruzə verir. Maxara, xingal, sürhüllü, kətə və başqa yeməkləri buna misal göstərmək olar.

20-ci əsrdə kəndimizdə toy mərasimləri daha rəngarəng, maraqlı yadda qalan olub. Əsrin əvvəllərində kənddə avtomobil olmadığına görə gəlinin bəy evinə gəlin gətirilməsi at vasitəsi ilə həyata keçirilib. Kəndin bütün əhalisi xüsusi bəzədilmiş atlar vasitəsi ilə bəy evinin qohumu ya da ki, bəyin yaxın dostları tərəfindən toya dəvət edilirdi. Toy iki gün və iki gecə davam edərdi. Toyun çalınması üçün tanbur, zurna və nağara çalanlar dəvət olunurdu. Toyda qayda – qanun yaratmaq üçün bir nəfər toya rəhbər təyin olunardı. Onun icazəsi olmadan heç kim özbaşına rəqs meydanına girərək oynaya və ya oyun havası sifariş edə bilməzdi.

Musiqi sədaları altında əvvəl toy sahibləri sonra isə ağsaqqallar və ağbirçəklər rəqs edərdi. Adətə görə gəlin gətirən atı qız tərəfin adamı idarə edərdi. Müəyyən olunmuş pulu və payı almamış gəlinin atdan götürülməsinə icazə verilməzdi. Gecələr çalınan toylar uşaqlar üçün olduqca maraqlı olardı. Onlar öz məharətlərini ancaq bu zaman nümayiş etdirə bilirdilər.Baharın gəlişindən sonra, yəni martın 22- dən sonra qar yağdıqda olduqca maraqlı bir adət həyata keçirilərdi.

Bir dəstə kişi qəribə geyimlərdə bir nəfər isə qadın geyimində tanburda ya da zurna, nağarada musiqi çalaraq həyətlərə daxil olar, orada rəqs edər müxtəlif oyunlar göstərər və ev sahibindən qışdan qalmış quru ət, alma, armud, xurma

və hətta pul istəyərdilər. Heç kəs onları boş qaytarmazdı. Axşam yığılmış ərzaq və puldan istifadə edərək süfrə açılar, çalıb oynamaq olardı. Bu əyləncəli oyunun mənası yazın gəlişindən sonra yağan qarın müvəqqəti olması anlamına gəlirdi.

Gözəl adətlərdən biri də yeni evin bünövrəsinin qoyulması olub. Kəndin ağsaqqaları, qohumlar və ustalar təməl daşının qoyulması mərasiminə dəvət olunardı. Bu zaman qoç kəsilər bünövrəyə dəmir pullar qoyulardı. Bunlar evin bərəkətli, əmin amanlıq üzərində qurulmasına işarə idi.

Bundan başqa kəndimizdə toy hazırlıqları zamanı yunun təmizlənməsi, didilməsi, yorğan ,döşəklərin hazırlanması kimi adətlərdə mövcuddur. Bütün kənd qış üçün müxtəlif azuqələr yığar, əksəriyyət evlərdə heyvanlar kəsilər, ət qurudular, qohumlar və qonşular tərəfindən müxtəlif yeməklər bişirilərək süfrəyə dəvət olunardı.

Qədim zamanlardan qalmış adətlərdən uzun müddətli quraqlıq və əksinə uzun müddət yağış yağdıqda kəndin adamları bir yerə yığılar müxtəlif xəmir xörəkləri bişirər, quraqlıq olubsa bir – birinin üzərinə su atar, heç kəs bundan inciməz əksinə allaha dua edərək yağış istəyərdilər.

Bu və digər qədimdən qalmış lakin son zamanlar unudulmaqda olan adətləri yaşatmaq onları təbliğ etmək texniki tərəqqi dövründə çox çətindir. Amma onları qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək olduqca vacibdir.

Bağdayev Məhəmməd Əhməd


Yüklə 316,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə