Azərbaycan Respublikası MƏDƏNİYYƏt və turizm naziRLİYİ


Paşan kəndinə məxsus milli adət - ənənələr



Yüklə 316,51 Kb.
səhifə4/4
tarix26.09.2017
ölçüsü316,51 Kb.
#2255
1   2   3   4

Paşan kəndinə məxsus milli adət - ənənələr
Paşan kəndi Zaqatala rayonunun Maqov sovetliyinin ərazisində yerləşir. Bu kənd 1000 ildən çox tarixi olan qədim yaşayış mərkəzlərindən biridir. Burada əsasən avar xalqının nümayəndələri yaşayırlar. Kənddə 17 - dən çox tayfa və nəsillər, 1000nəfərdən çox əhali yaşayır. Rayonumuzun hər bir ərazisində özünə məxsus adət - ənənələri olduğu kimi, avar xalqının da özlərinə məxsus bir çox adət - ənənələr, milli dəyərlər qorunub saxlanılmışdır.
Paşan kəndində hüzn – yas mərasimləri

Paşan kəndində yas mərasimlərinin keçirilməsində əsasən yaş həddi gözlənilməzdi. Molla köməkçilərlə birlikdə cənazəni yuyur, kəfənə bürüyür və bütün kənd əhli yığışaraq mərhumu kənd qəbirstanlığında torpağa tapşırılır. Molla elə oradaca mərhumun adından hamıdan halallıq istəyir, sonra dualar oxunub zikr çalınır. Paşan kəndində dəfn mərasimi bir qədər fərqli keçirilir. Rəhmətə gedənin üç günü adnalar 40 gün keçənə qədər keçirilir. 3 – cü günü zikr çalınır, ehsan verilir. Qırxın bitməsinə bir həftə qalmış ikinci dəfə zikr çalınır. Kişilər 2 adna bitənə qədər səhər – axşam mollaynan birlikdə qəbir üstə gedirlər. Qadınlar isə mərhumun evinə yığılışaraq onun ruhuna dualar oxuyurlar. Mərhumun ili yenə zikr çalmaqla yad edilir. Bu adət - ənənə indinin özündə də Paşan kəndində qorunub saxlanılır.



Paşan kəndində toy adətləri

Ta qədimdən Paşan kəndində evlənmədə, ailə qurmada ağsaqqalların, ağbirçəklərin rolu əsas sayılardı. Seçimdə oğlanlara həm də qızlara rol verilirdi. Amma böyüklərin sözü əsas idi. İlk dəfə elçiliyə qadınlar gedərdi. İkinci dəfə isə kişilər gedərdilər. Qız tərəfinin adamları razılığa gəlmək üçün, məsləhət üçün vaxt istəyərdilər. Yalnız üçüncü dəfə razılıq verərdilər və vaxtını müəyyən edərdilər. Toy məclisi həyətdə mağar qurmaqla 2 gün keçirilərdi. Bir oğlan və iki – üç qız qapı – qapı gəzib kənd cammatını toya çağırardılar. Birinci gün günortaya yaxın böyüklü – kiçikli hamı toya yığışardı. Bəyi yançıları ilə birlikdə musiqinin müşayiətiynən çölə çıxarardılar. Musiqi əsasən zurna və nağaradan ibarət olardı. Bəyin qohumları şax üçün pay alardılar. Bəy üç dəfə dövrə vurar, sonra onun üçün ayrılmış yerdə yançılarla birlikdə oturardı. Əvvəl kişilər bir – bir bəyə pul verib onu təbrik edərdilər. Daha sonra qadınlar bəyi təbrik edər, onu rəqsə dəvət edərdilər. Bəyin yaxınları toya gəlmiş qocaları, cavanları, təzə ailə qurmuş bəy – gəlini rəqsə dəvət edərdi.Axşama yaxın bəyin yaxınları gəlini gətirməyə gedərdilər. Gəlini evdən bəyin atası çıxarardı və oğlan evinə gətirərdi. Gəlin bəy evinə daxil olanda otağın ortasına bal bankasını qoyardılar. Gəlin üç dəfə bankanı dövr edərdi. Sonra xonçada bal, yağ, çörək gətirilərdi. Bəyin yaxınları xonçaya pul qoyar, gəlindən bala, yağa batırılmış çörək alardılar. Gəlinlə birlikdə onun qohumları da toya gələrdilər. Gəlinin adamları yeyib – içər, bəyi təbrik edərdilər. Axırda qız tərəfinin adamlarını yola salar, bununla birinci gün toy başa çatardı.

İkinci gün saat 12 – yə bəyin yaxınları, ağsaqqallar üzaçdıya toplaşardılar. Bəyi və gəlini süfrə başına dəvət edərdilər. Bəyin atası gəlinin qabağına pul qoyub onun örtüyünü açardı. Bismillah deyib çörək kəsərdi. Bundan sonra hamı yeyib içərdi. Gəlin bəyin adamlarına, yaxınlarına cehiz paylayardı. Günortaya kəndin cammatı yığışardı. Bəynən gəlini yengələrlə, yançılarla musiqi sədaları altında çölə dəvət edərdilər.Birinci gün olduğu kimi üç dəfə dövrə vurardılar. Bəylə qarşı – qarşıya gəlinə və yengələrə də yer ayırardılar.Gəlinin özü ilə gətirdiyi asta qazanını bəyin qabağına qoyardılar. Astanı xırdaca doğrayardılar. Camaat növbə ilə gəlinin qabağındakı xonçaya pul qoyar, yaxınları gəlini rəqsə dəvət edər, sonra gedib bəydən asta alardı. Axırda yengələr yançılarla , bəy isə gəlinlə rəqs edərdilər. Beləliklə toy axşama kimi davam edərdi. Axırda bəyin yaxını hamıya təşəkkürünü bildirər, toyun sona çatdığını elan edərdi.

Çox təəssüf ki, bu gözəl adət - ənənələr artıq tarixdə qalıb.



Milli mətbəximiz

Şabalıdlı plov, döşəməli plov, maxara, ətli qutab, şor qutabı, göyərtili qutab, qabaq qutabı, xəngəl, ətli xəngəl, məqəş xəngəl, Toyuq şorbası, kiftə lobya şorbası, südlü yayma, kələm supu, dovğa.



Paşan kəndi haqqında

Paşan kəndinin adının yaranmasına aid üç cür rəvayət söylənilir. Deyilənə görə bu kəndin ən qədim adı Hos olub. Təxminən lX-X əsrlərdə mövcud olmuş bu dağ kəndi öz xanlarına qarşı üsyan edən kəndlilər tərəfindən dağıdılır. Oradan qurtulan bir neçə nəfər Basoblar toxumunun əcdadları olduğunu söyləyirlər. Onlar birinci Carın Taxtalar kəndində məskən salıblar, oradan isə indiki Paşan kəndinə gəliblər.

İkinci rəvayətə görə Basovlar və Kaxovlar bu kəndə çox qədim zamanlarda gəldiklərini deyirlər. Kəndin adını Basovların adından götürüldüyünü söyləyənlərdə var.

Üçüncü və ən dəqiq kimi görünən isə belədir: Carın Taxtalar kəndində yaşayan iki tayfa Basovlar və Kaxovlar indiki Paşan kəndi kimi tanınan əraziyə nəzarət edirdilər. O vaxtlar Paşan kəndinin ərazisi indikindən çox böyük idi.

Şimalda Katex kəndi, Şimali qərbdə Beret binə kəndi, Cənubda Maqov kəndi, qərbdə isə Danaçı kəndləri ilə sərhədləri olub. İndiki Fındıqlı kəndi və Katexə düşən əraziləri nəzərə alsaq təxminən 2000 ha ərazi Paşana məxsus idi.

Bizə qocalardan gəlib çatan məlumata görə Carlıların ordusu gürcülərin üzərinə hücuma gedəndə indiki Paşan kəndində dayanarmış. Burada müharibədən geri dönən ordu yenə də istirahətə dayanarmış. Cardan Paşana 25 km, Paşandan Alazana qədər 25 km – dir. Beləliklə burada həmişə kafirlərə qarşı gedən və qayıdanların istirahət etdiyi məkan olub. Avar dilində Boçan adlanırmış. Bo – ordu, çan isə dayanan deməkdir. Sonralar ruslar Carı işğal etdikdən sonra “Paşan” kimi yazılmağa başlayırlar. 1828- 1830 -cu illərdə ruslar tərəfindən Car və ətraf kəndləri daşı – daş üstündə qoymadan vəhşicəsinə dağıdılır. Bundan sonra Paşana Taxtalar kəndindən gələnlər yerləşirlər. Evlər tikilir, yaşayış başlanır. Hər şeydən məhrum olan camaat aclıqdan və xəstəlikdən qırılır. 1835 –ci ildə qəbristanlıqda birinci basdırılan isə Əli adında kişi olur. Evləri taxtadan və palçıqdan tikirdilər. Üstünü isə qamışla örtürdülər . O vaxt cəmi 23 ev var idi. Daş evlər 1870 – ci ildən başlayaraq tikilir. İndi Paşan kəndinin ərazisi 6,04 ha -dır. 206 ev var. Əhalisi isə 922 nəfərdir. Böyük vətən müharibəsi illərində Paşan kəndində 29 ev var idi.

Yaxşı yol sizə dağ oğulları

Döyüşlərdə ölüm sizdən uzaq olsun

Düşmənin ürəyi qanla dolsun

Təki vətənimiz sağ olsun.

Söyləyən: Mollayev Mahmudəfəndi Mollavasi oğlu. 1934 – cü ildə anadan olub. Təqaüdçü.

Toplayan: Kiçniyeva Naimə Ramazan qızı. Kitabxanaçı. İmam Şamilin müridi olmuş Hacı Süleyman Məhəmməd oğlu 1802 – ci ildə Carın Taxtalar kəndində anadan olmuşdur. Bizə gəlib çatan məlumata görə Hacı Süleyman demək olar ki, Qafqaz döyüşünün əvvəldən axıra kimi iştirakçısı olub. Balaca boyu olan Hacı Süleyman çox cəld və güclü olduğuna görə “Klanculi” ləqəbi ilə tanınırdı. Yəni “cəld, tullanan”

deməkdir. İmam Şamil tərəfindən dəfələrlə rusların nəzarəti altında olan Cara və İlisuya kəşfiyyata göndərilmişdir. Hər dəfə zəngin məlumatla geri dönən Süleyman axırıncı dəfə 1853 – cü ildə qışda Carda rusların əlinə düşür. Lakin özünü dərəyə atan cəsur kəşfiyyatçı düşmənin əlindən qurtula bilir. 1859 – cu ildə İmam Şamil ruslara təslim olduqdan sonra Hacı Süleyman Paşan kəndində, qohumları arasında yaşayır. 1907 – ci ildə 105 yaşında burada vəfat edir və Paşanın qəbristanlığında dəfn olunur.

Söyləyən: Qaziyev Süleyman Qazıməmməd oğlu. 1948 – ci ildə doğulub. Təqaüdçü.

Toplayan: Kiçniyeva Naimə Ramazan qızı. Kitabxanaçı.

Alma

Xəstə yatan atasının yanında onun oğlu oturmuşdur.



  • Məni ancaq bir şey sağalda bilər oğlum alma...

Oğlu almanın ardınca gedir. O atasının babası tərəfindən əkdiyi ağacdan almanı gətirir. Xəstə atası almanı dişləyir, bir az vaxt aradan keçəndə deyir:

- Bu alma kimisə sağaldıb, bu alma yox...

Oğlu gedir bir başqa almanı gətirir. Bu alma babasının əkdiyi ağacdan idi.

- Bu da yox, bu alma məni sağalda bilməz...

Oğlu bu dəfə atasının əkdiyi ağacdan almanı gətirir. Qoca almanı dişləyib bir az vaxt ağzında saxlayıb deyir.:

Bu alma, mənim atamı sağaltmışdı. O da eyni ilə mənim kimi xəstə idi. Bu alma da məni sağalda bilməz. Məni buradan bir başqa alma qaldıra bilər...

Gec də olsa oğlu, atasının nə dediyini başa düşür və alma ağacı əkir.
Söyləyən: Şabanov Üzeyir Cəlalədin oğlu. 1962 – ci ildə doğulub, müəllim.

Toplayan: Kiçniyeva Naimə Ramazan qızı. Kitabxanaçı.

Kura Kali

Mosulda Kura kali –“ Qız daşı”adlı abidə var. “Qız daşı” iki daş parçasından ibarətdir: biri iri, digəri balaca. Deyilənə görə bunlar baş və bədən hissələridir. Aramsız yağışlar yağanda deyirlər ki, yəqin kimsə “Qız daşı”nın başını çevirib. Belə hesab olunur ki, “Qız daşı”nın başını tərpədəndə, çevirəndə daşa dönmüş qız ağlayır, yağışlar yaradır, daşı yerinə qoymaq lazımdır ki, yağışlar dayansın. İl quraq-keçəndə, yağışlar yağmayanda “Qız daşı”nın baş hissəsini çevirmək lazımdır.



Ucaoğlu nəsli

Rəvayətə görə ərəblər islam dinini yaymaq üçün Azərbaycana özlərinin din xadimlərini göndərirlər.Həmin dəvətçilərdən üç qardaş da Mamruxluların arasında dini təbliğatla məşğul olaraq, daim məskən salaraq böyük bir nəslin əsasını qoyublar.Güya həmin üç qardaşın üçü də şeyixlər olublar.Özləri də Şamdan, yəni Suriyadan olublar.Həmin nəslin adinı kənd arasında Ucaoğullar nəsli deyə çağırarmışlar. Uca böyük,şeyx mənasını bildirir.

Digər rəvayətə görə onların əsilləri Misirlilər olublar. Elə Mamrux kəndinin adını da onlar qoyublar. Belə ki, Misir tarixində Məmlük tayfası var və uzun illər Misir dövlətini idarə eləyiblər.

Toplayan: Qurbanov Anar Abakar oğlu Doğulduğu il: 1981-ci il Yeri : Mamrux kəndi Vəzifəsi: Diyarşünaslıq evin müdiri Milliyəti: saxor

Söyləyən:Qurbanov Abakar Muradəli oğlu Yaşı:67 Pensiyaçıdı

Armatay qalası

Mamrux Alban məbədi haqqında Mamrux babalaları ona "Armatay" qalası deyirdilər.Kənd camaatı həmin məbədə indi də "Armatay"qalası deyirlər.Deyilənə görə həmin məbəddə yeddi tiyan qızıl var.Onu da qeyd edək ki, Arma-sözü heç də gürcü mənşəli söz deyil.Bu sırf qədim Alban saxorlarının sözüdür.

Toplayan:Qurbanov Anar Abakar oğlu

Doğulduğu il:1981-ci il Yeri :Mamrux kəndi Vəzifəsi:Diyarşünaslıq evin müdiri Milliyəti:saxor Söyləyən:Qurbanov Abakar Muradəli oğlu Yaşı: 67 Pensiyaçıdır



Rəvayətlər

Armatay məbədi

Deyilənlərə görə "Armatay" qalası və qonşu kənddə yerləşən "Pəri"qala birbiri ilə əlaqəlidir.Ərazini idarə edən Pəri xanımın adına olduğunu deyirlər.Guya xanım çox vaxt Armatiyan məbədində yaşayarmış,düşməndən təhlükə gələndə isə Pəri qalaya gedərmiş. Ona görə ki,həmin qala armatiyan məbədinə nisbətən daha ehtibarlı idi.Deyilənlərə görə Pəri xanımın bir bacısı da olub. O, bacı şərq ölkələrin hökümdarlarının birində ailə sahibi olub.O xanım gözəlliyi və incəliyi ilə seçilərmiş. Bir gün əri evə qayıdanda arvadı onun əllərinə su tökərkən ərinin gözləri onun əllərinə sataşır. Görür ki,xanımın əlləri o qədər incədir ki,əllərinin bu tərəfindən baxanda o biri tərəfi görünür. Şah xanımına deyir. Görəsən dünyada səndən qeyri gözəl və incə bir xanım varmı? Xanım qeyri ixtiyari olaraq deyir.Sən hələ mənim bacımı görməmisən,o suyu içəndə boğazından gedən su görünür və məndən də gözəldir.Əri soruşur ki,o hardadır haradayaşıyır.Deyir ki,bizdən şimalda yerləşən bir ölkənin hökmüdarının xanımıdır və tez başa düşür ki,səhv edib, böyük bir sirrin üstü açılacaq və bacısı təhlükəyə düşəcək.Pəri xanıma qasid göndərir və bacısına ehtiyatlı olmasını çatdırır.Həmin gündən hökmüdar Pəri xanımı axtarmağa başlayır. Xeyli əziyyətdən sonra Pəri xanımın qalasını tapır. Xanım həmin qalada xanımlarla yaşayırmış. Hökmüdar nə qədər çalışsa da, bir fürsət tapmır xanımı görsün.Nəhayət hiyləgər şah qalayçı libasını geyir və qalanın ətrafında dolaşmağa başlayır.Təsadüfən ordan keçən Pəri xanımın xidmətçilərindən biri qalayçıları görür və xanıma çatdırır ki,evdə işlədən qabların çoxunu qalaylamaq lazımdır.Xanım qalayçıları qalaya dəvət edir və qabları qalaylamağı tapşırır. Şah xanımı görür və öz-özünə deyir. Ya Rəbbim insan da belə gözəl olarmı? Qabları qalaylayıb qurtaranda,qalayçılara hörmət əlaməti olaraq plov (aş) verir və Pəri xanım onların necə yeməyinə göz qoyurmuş. Hökmüdar da çox ehtiyatlı iş görürdü ki, Pəri xanım şübhələnməsin.Nəhayət plovu yeməyə başlayanda o xanımın üzünə tamaşa edərkən,özünü hökmüdar adətinən plovu qabın ortasından yeməyə başlayır.Pəri xanım tez qalayçıya deyir.Qalayçı qardaş plovu hökmüdar kimi yeməyə başladın nə əcəb. Şah səhv etdiyini başa düşür və cavab verə bilmir. Pəri xanım onu başa düşür və tez əmir edir ki,atları tərsinə nallasınlar.Hökmüdar qalayçı görür ki,bu dünya gözəli əldən çıxacaq ona təcavüz etmək istəyir. Pəpi xanım özünü qalanın qapısından ataraq məhv edir. Bunu da qeyd edək ki, xanım atları tərsinə nallayıb Mamrux məbədinə qaçmaq istəyirdi.Atları ona görə tərsinə nallayırdı ki,hökmüdar onun dalınca düşsəydi,nal izlərini görüb çaşmalı idi.

Toplayan: Qurbanov Anar Abakar oğlu Doğulduğu il: 1981-ci il Yeri : Mamrux kəndi Vəzifəsi:Diyarşünaslıq evin mudiri Milliyəti: Saxor

Söyləyən: Qurbanov Abakar Muradəli oğlu Yaşı: 67 Pensiyaçıdır



BAYATILAR

Əziziyəm düşüncə,

Gözəl şeydi düşüncə!

Kişiyə ölüm fərzdi,

Sözü yerə düşüncə…

Əzizim gülə bir də,

Yol gedir Güləbirdə.

Vətəndən ayrı düşən,

Çətin ki, gülə bir də….

***


Əzizim şüşə kimi,

Ürəyim şüşə kimi…

Harda cənnət məkan var –

Ağdamla, Şuşa kimi?!

***

Əziziyəm ar etməz,



Aqil sirrin car etməz…

Dərk etməsə, qanmaza,

Ha desən də kar etməz!

***


Əzizim bizi yolda,

Kim qoydu bizi yolda?!

Gör, neçə il qalmışıq

Qürbətdə gözü yolda…

***

Burda qalsan yaxşıdır,



Könlüm alsan, yaxşıdır.

Səfeh oğlun olunca,

Sonsuz olsan yaxşıdır.

***


Əzizim yaz dəyməz,

Soyuq qış yaza dəyməz!

Yüz min qeyrətsiz oğul

Qeyrətli qıza dəyməz!

***

Əzizinəm ağlamaz,



Özü yıxılan ağlamaz…

Nankor övlad heç zaman,

Bil ki, səni saxlamaz…

***


Əzizim bala vermiş,

Analar bala vermiş.

Nankor oğlu, pis qızı,

Yaradan bəla vermiş…

Əzizim Vətən sizə,

Anadır Vətən sizə.

Ay insanlar, rəhm edin,

Yurdsuza, Vətənsizə…

***

Əzizim qeyrət sizə,



Arxadır qeyrət sizə.

Hara olsa, vətəndir,

Arsıza, qeyrətsizə…

Qandax kəndinin adət-ənənələri

Toy adətləri

Əvvəllər toy üç gün olardı. Birinci günü qıza nişan aparılardı. Qızın bütün ehtiyaclarını ödəyəcək hər bir şey alınardı. Bütün qohum əqraba, dost – tanış qıza hədiyyə alardı. Bu hədiyyəyə əlavə xonça düzəldilərdi. Xonçanın içinə xonça aparan adamın adı yazılıb qoyulardı. Oğlan evinin adamları xonçanı qızın otağına aparıb qoyur, gəlinlə görüşür, onlar üçün açılmış süfrənin kənarına keçər, yeyər içər danışıb gülərdilər. Oğlan evi evlərinə qayıtmamışdan əvvəl yenidən gəlinin yanına qayıdardılar. Burada gəlin üçün gətirilmiş hər bir hədiyyə açılaraq iştirakçılara təqdim olunardı. Oğlan evinin hədiyyələri ilə bərabər dost – tanışın hədiyyəsidə təqdim olunardı. Sonra ikinci günü oğlan evi “Parça biçdinə” gələrdilər. Bu zaman gəlinə alınmış ən gözəl parça seçilərdi. Parça biçdinə gətirilmiş dərzi bu parçanı gəlinin istəyinə uyğun paltar biçərdi. Dərzi parçanı kəsmək üçün əlində tutar və deyərdi:

“Ay qızlar qayçı kəsmir” deyir, bu zaman gəlinin yengəsi dərziyə nəmər (pul) verərdi. Üçüncü günü toy olardı. Toyda ancaq şorba (bozbaş) çörək verilərdi. Süfrə günortaya qədər olurdu. Axşam mağar qurulurdu. Dəyirmi halqa şəklində camaata oturmaq üçün yer düzəldilərdi. Ağac kötüklərinin üstünə taxtalar qoyulur, taxtanın üstündə toya gələnlər oturur və toya tamaşa edərdilər. Musiqiçilər üçün yer düzəldilərdi. Bir nəfər toya başcı seçilərdi. Həmin başcı əlində qamçı və ya çubuq uşaqları ortalıqda qaçmağa qoymaz, cavanların oyun havasını çox dəyişməyinə icazə verməzdi. Toy məclisləri Koroğlu cəngisi ilə yekunlaşardı. Əgər cəngi çalınarsa toyu idarə edən yenidən başqa havanın çalınmasına icazə verməzdi.

60 – 70 – ci illər arası toya verilən nəmər xonça şəklində olurdu. Bu xonça aşağıdakı şəklində təşkil olunurdu:

Toy evinə yaxın olan qohum, qonşu, yaxın dost (əsasən oğlan evi üçün) toy həyətinə 1 stol gətirir, stola süfrə salır, stolun ortasına şax bəzəyib qoyurdular. Şaxı nə ilə bəzəyirdilər? Şaxın üstündə alma, konfet, balaca peçenya bağlaması asırdılar. Hətta pul asırdılar sovetin qırmızı onluğu, 25 manat, beş manat və.s asırdılar. İndiki kimi konvert yox idi. Toya belə hədiyyə edirdilər. Bütün bunlar həyətin ortasında qoyulurdu. Sonra oğlan bəy otururdu. Yanında sağ diş və sol dişlə dururdu. Qarşısına bir ədəd stol qoyurdular. Bütün məclisə gələnlər (ailə başçıları) gəlib bəyin boynuna parça ya kəlağayı salırdılar. Bəyin sağ dişi və sol dişi bəyin boynundakı parça çoxaldıqca götürüb stolun üstünə qoyur. Yığılmış parça o qədər çox olurki bəyin yengəsi oradan parçaları yığışdırıb evə daşıyırdı.
Əfsanələr

Qandax kəndi ərazisində Mazon çayının kənarında bir yamac-təpə (hündürlüyü yer səthindən 20 m olar) adına “Dəli şaban tapı” deyirlər. Əfsanəyə görə kənddə (Qandax) çox güclü Şaban adında bir kişi olur. Çox güclü olduğu üçün ona “Dəli” ləqəbi qoyublar. Əsrlər boyu Alazan çayı sahilində qanlı döyüşlər olub. Döyüşlərin birində onu əsgərlər mühasirəyə alıblar. Digər əsgərlərə əmr olunub onu dayandığı yerə torpaq daşıyıb töksünlər. Beləliklə onu cilovlamaq üçün nə qədər torpaq daşımalı olublar. Nəhayət böyük bir təpə alınıb. O gündən bu təpəyə “Dəli şaban” tapı deyirlər. Əlbətdə bu bir əfsanədir. İndi həmin tapın ərazisində lazım gələrsə qazıntı işləri aparılsa çoxlu insan sümükləri tapılar. Bu fakt başqa şeylərdən xəbər verir.




Yas adətləri

Meyidi ortaya qoyub qohumlar, ev sahibləri növbə ilə ağı deyib ağlayırlar. Meyid qoyulmamışdan evvəl yerə daş qoyarlar. Sonra meyidi götürüləndə yerinə qoyulmuş daşı tez atırlar. Hava isti olarsa meyid şişməsin deyə üstünə güzgü, qayçı qoyurlar.

Kəndimizdə ta qədimdən yas mərasimləri birinci gün ölünün yerə qoyulduğu gün, əksər adamlar yasa üçüncü gün səhər gəlirlər (11 – 13 arası). Günorta namazında zikr oxunur. Zikirdə mütləq 70 nəfər olmalı idi. Çünki 70 min zikir çalınmalı idi. Sonra bizdə həftə keçirilir. Həftə ölü torpağa tapşırılandan sonra 7 gün bitəndə keçirilir. Sonra 40 və 52 – si keçirilir. Yasın 3 – cü günündə ehsan üçün bişirilmiş xörəkdən ev sahibi yemir. Qohum qonşu hər axşam (3 gecə) xörək bişirib gətirirlərki ev sahibi yesin.Buna “Aza” xörəyi deyirlər. 40 gün bitəndə 40 keçirirlər. 40 günün səhəri qəbr üstə gedirlər.
Bayram adətləri

Oruc bayramında səhər saat 10 – dan axşamadək bütün qohumlar, qonşular bir – birinə qonaq gedər bayramlarını təbrik edərdilər. Axşam şər qarışandan sonra uşaqlar dəstə – dəstə gəzər, darvazaya çatanda “Allahu Əkbər” deyərdilər. Bunu eşidən ev sahibləri uşaqların torbasına şirniyyat, qoz, fındıq qoyardılar.

Bayrama üç gün qalmış ailənin qohum qardaşın (təbrikə gələcək adamların) sayı nəzərə alınaraq düyü halvasının bişirilməsi üçün hazırlıq görərdilər. Hazırlıq belə aparılardı. Düyü təmizlənir, suda qoyardılar. Bir axşam belə qalırdı. Səhər düyünü aşsüzənə töküb suyunu süzərdilər. Sonra təmiz süfrənin üstünə sərər, suyunu çəkərdilər. Biraz nəm saxlayardılar, sonra dink təknəsində döyərdilər. Hər obanın öz dink təknəsi var idi. Dink necə olur? Yoğun palıd ağacının ortasını yonur, uzun növ açırlar. Bu növün ortasından təxminən 20 sm enində ağac uzadırlar. Həmin ağacın başına daş bağlayırlar. Daşın başı yumru, özü diş – diş olur. Həmin daşın dəydiyi yeri bir qədər dərin ovub quyu şəklinə salırlar. Həmin ağacın arxa tərəfini aşağıda nov açılmış ağaca bağlayırlar. Arxa tərəfi boşluq olur. Bir nəfər çıxır ağacın üstünə boşluğa tərəf aşağı basırlar. Digər uca bağlanmış daş yuxarı qalxır. Daş yuxarı qalxan kimi tez yaxında əyləşmiş qadın həmin çalaya tökülmüş düyünü qarışdırır. Toz şəklinə düşənə kimi bu proses davam etdirilir. Düyü üyüdülür, un şəklinə salınır. Sonra unu evə aparıb təmiz süfrə üstünə sərilərək qurudulur. Səhərisi gün həmin un tiyanda qovrulur, şabalıdı rəng alana kimi qovrulduqdan sonra tiyan yerə qoyulur və üstünə şərbət tökülür. Şərbət tökülərkən tez – tez qarışdırmaq lazımdır ki xəmirləşməsin. Sonra böyük sinələrə basılaraq üstünə naxış vurulur, paxlava şəklində doğrayırlar. Bu halva bayram süfrələrinin bəzəyi sayılır.

Bir də kəndimizdə belə bir adət var və bu adət bu gündə yaşayır. Hər il may ayının 1 – 10 arası oba – oba kənd camaatı qruplaşır, pul yığılır (təkcə heyvan almaq üçün), bir mal (inək) alırlar. Həmin heyvan Alazan çayının kənarındakı “Həsən Soltan baba” ziyarətinə hərlədib gətirirlər və kəsirlər. Bütün oba camaatı bir gözəl fındıq bağına yığışır. Evdən hamı Allah verəndən gətirib, həmin heyvanın ətindən (hamısını) bişirirlər.Burada yeyib – içir, danışıb gülür,

görüşür, qaynayıb qarışırlar. Uşaqlar müxtəlif oyunlar oynayır, qocalar söhbətləşirlər. Bu tədbiri camaat “Sadağa” adlandırsada bir növ ünsiyyət bayramıdır.

Qandax kənd sakini Muradova Mürvət İslam qızının bayatıları

Bu kağız hara kağız,

Basması qara kağız.

Yazıram hər dərdimi,

Çatarsan “Gülnigara kağız”.

Yorğan üzü qırmızı,

Kim bilir, kimin qızı

Elə xoşuma gəlir

“Sədri Qurbanın qızı”.

Araxçını milli yar,

Tapançası güllü yar.

Söylətdim söyləmədi,

Ağzı şirin dilli yar.

Şalvarı yaşıl oğlan,

Geymə yaraşır oğlan.

Ötmə bizim məhlədən,

Anam savaşır oğlan.

Stol üstə vaz nədir,

Əlimdəki saz nədir.

Sən ki məni sevirsən,

Yanındakı qız nədir.
Bezar oldum canımdan,

Quşlar doymur avazımdan.

Bilmirəm, nə iş oldu,

Qızlar getdi yanımdan.


Qanıxdan keçən oğlan,

Sərin su içən oğlan.

Salam dua deyirəm,

Böyrümdən keçən oğlan.


Qar yağır xırda-xırda,

Gözəl qızlar yuxuda.

Deyəsən sözüm qaldı.

Gözüm oğlana düşüb,

Mənə sən yol aç xuda.
Otaqda sazım qaldı,

Üstə qotazım qaldı.

Dayan sənə söz deyim,

Qərənfiləm ləçəksiz,

Qələmim yoxdu sənsiz.

Yorğanına od düşsün,

Necə yatırsan mənsiz.
Aşığam, yazma məni,

Yazırsan, pozma məni.

Yazırsan gözələ yaz,

Xüryata yazma məni.


Dibində yaşıl xalı,

Məhlədə arı balı,

Toylarda kim oynasın,

Oyunçu Murtuzalı.


Malları sürdüm göyə,

Otladı gəldi öyə.

Uzaq yerə gedən qardaş,

Niyə gəlmirsən öyə.


Arxın suyu qurusun,

Xoruz dilin qurusun.

Şuaya güllə atan,

İki qolun qurusun.


Bu dağda maral azdı,

Ovçu çox maral azdı.

Ağlama əziz yarım,

Ölmərəm yaram azdı.

Su gəlir arxa nə var,

Tökülür çarxa nə var.

Dost mənim, arxa mənim,

Qırılmış, xalqa nə var.


Saray yandı, kül oldu,

Külü gözümə doldu.

Sarı Pirin duası

Canıma məlhəm oldu.


Bu dağdan aşdım ancaq,

Başımda sarı sancaq.

Qız oldum, gəlin oldum,

Od düşüb, yandım ancaq.


Yandım-yandım su varmı,

Xəstə sudan doyarmı.

Xəstə sudan doysa da,

Ahım səni qoyarmı.


Aynamızdan gün düşdü,

Gün düşdü, bağrım bişdi.

Yaşıl şalvar, yad oğlan,

Gəldi, yadıma düşdü.


Məhlədə otun taya,

Gün gəldi günortaya.

Qız səni alasıyam,

Əsgərdən gələn aya.


Yaylıq aldım yumağa,

Buludlaşdı yağmağa.

Mən özüm gedər oldum,

Salamat qalın daha.


Bu dağlar olmasaydı,

Saralıb solmasaydı.

Bir ayrılıq, bir ölüm,

Heç biri olmasaydı.


Bağçada quş otursun,

Quş-quşa tuş otursun.

Vayısın məhləsində

Qara bayquş otursun.


Qanığın qaraxları,

Qızıldan qarmaxları

Qızıl gülə oxşayır

Yarımın yanaxları.


Qara saçı öpməzlər,

Məni sənə verməzlər.

Gəl qoşulub, bir gedək,

Qaranlıqda görməzlər.

Tumay qatıq, dar doqqaz,

Çöl içinə, düşdü qaz.

Aman Allah, can Allah,

Sevəni-sevənə yaz.


Samovar qoydum düzə,

Gözümü süzə-süzə.

Bu yana bax sevgilim,

Məndəki ala gözə.


Saraldım meşə kimi,

Soldum bənövşə kimi.

Yarım məni sındırdı

Onluğun şüşə kimi.


Qaş qaytar, qara qaytar,

Uzun saç, başdan atar.

Aman Allah, can Allah,

Sevəni-sevənə qaytar.


Stol üstə dörd ayaq,

Yarımı gördüm bayaq.

Ha yüyürdüm çatmadım,

Qurusun belə ayaq.


Ayaqqabım oğrandı,

Xırda-xırda doğrandı.

Mən yarımı tanıyıram,

Qələm qaşlı oğlandı.


Başında ağ şalı var,

Ağ şalın oxşarı var.

Özü gürcü balası,

Müsürman oxşarı var.


Ağ kağız üstü qara,

Yarpağı para-para.

Gülürüm. söyləyirəm,

Yarımın qəlbi qara.


Ağ bulaqlar aşanda,

Çaylar, sular daşanda,

Bal yesən, zəhər olur,

Qərib yerə düşəndə.


Qırmızı at minmağa,

Canım qurbandı sağa.

Başına dönüm ay qız,

Sən nə deyirsən mağa.


Başında cuna əzməzmi,

Əsdirəndə əsməzmi,

İkimiz bir kəndçiyik,

Küsdürəndə küsməzmi.

Bir od çıxdı canımdan,

Buynuzların gümüşdən.

Ay qız, mənə pay eylə,

Qoynundakı güşümdən.


Dağıstan dağ yeridir,

Gülüstan bağ yeridir.

Zaqatala, Balakən

Qızların cağ yeridir.

Seyvanlar sizə səmtdir,

Aşırma, gümüş bənddir.

Yar sevmək asan işdir,

Ayrılmaq yaman dərddir.


Qırmızı at minirsən,

Oğlan, niyə gülürsən.

Mən səni istiyəni,

Zarafatmı bilirsən.


Həyrəmə məhləm çəvir,

Bundan yaxşıdır qəbir.

Şükür olsun Allaha,

Yenə də verir səbir.

Qandaxda binalar var,

Barmaqda xınalar var.

Qandağın ayağında

Əcayib sonalar var.


Papirosum yana-yana,

Od düşdü şirin cana.

Qoyub vallah gedərəm,

Qalarsan yana-yana.


Məhləmizdən ötən yar,

Təzə aşna tutan yar.

Sevdin, ala bilmədin,

Gəlmə bizə, utan yar.


Suya gedən ikimiz,

Suya batır yükümüz.

Maxmur döşək, gül yastıq,

Soyun yataq ikimiz.


Əlimdəki gülüm yar,

Ağzındakı dilim yar,

Dur səhərdən bizə gəl,

Çəkmələrin silim yar.


Çəpər basdım, yol aşdım,

Qızıl gülə dolaşdım.

Sevgilimə əl eylədim,

Anası gəldi, qaçdım.


Su gəlir axmağıynan,

Qayalar yıxmağıynan.

Gözəldən, kim doyar,

İraxdan baxmağıynan.


Dağdan əndərdin qarı,

Tavağa düzdüm narı.

Küsdürüb yola saldım

Şamama boylu yarı.


Hündür dağda qarsanmı?

Əziz, mənə yarsanmı?


Mən durmuşam iraqda

Sən varmısan ilqarda?


Evləri dağ dibində,

Özləri kol dibində.

Şirin konfet olaydım,

Yarımın sağ cibində.


Armud ağacı haça,

Əlim dolaşdı saça.

İgid ona deyərəm,

Qızı götürüb qaça.


Stəkanın ağ olsun,

İçi dolu yağ olsun.

Sən çalan, mən çağıran,

Eşidənlər sağ olsun.


Ağ atın nalı neylir,

Üstündə xalı neylir.

Gözəl yarı olanlar

Dünyada malı neylir.


Axtafa axa qaldı,

Gözləri baxa qaldı.

Hündür boy, enli kürək

Gözlərim baxa qaldı.


Arxalığım şaldı yar,

Dərd canımı aldı yar.

İkimizin həsrəti

Qiyamətə qaldı yar.


Dağlar başı mərd olsun,

Olmayan namərd olsun.

Gəl ikimiz dost olaq,

Düşmanlara dərd olsun.

Buradan atlı keçdi,

Atın oynatdı keçdi.

Gün kimi parıldadı,

Ay kimi baxdı keçdi.


Dam üstə damımız,

Qoşadır xırmanımız.

Sən ordan çıx, mən burdan,

Kor olsun düşmənimiz.


Alma atdım bir dəfə,

Düzdüm onu irəfə.

Aydın-aydın görəydim,

Yarım səni bir dəfə.


Məhlədəki güllərə

Oxuyan bülbüllərə.

Bacılar qurban olsun,

Qardaş deyən dillərə.


Ağa atın qara basma,

Ayağın yerə basma.

Düşmənlər çoxalıbdır,

Amandır, qulaq asma.


Su gəlir lilləndirir,

Dost gəlir gülləndirir.

Mən dillənən deyildim,

Dərd məni dilləndirir.


Qara köynək yaxası,

Nə boyum var baxası.

Güldən köynək tikərəm,

Bənövşədən yaxası.


Qandağın öz adamı,

Yandırır köz adamı.

Geymə güllü köynəyi

Tez kəsər göz adamı.


Bostanın tağı yandı,

Torpaq üstə dayandı.

Bu bayatıları yazıram,

Oxuyana ayandı.


Gedirdim Balakənə,

Rast gəldim güləkənə.

Mənsiz yatan yorğanın,

Dönsün qara tikana.


Dostum çal balabanı,

Asta çal balabanı.

Hamının yarı gəldi,

Bəs mənim yarım hanı.

Süfrə düyün olaydı,

Düyüm-düyüm olaydı.

O mənim keçən vaxtım,

Günü, bu gün olaydı.


Barmaqda üzük,

Qolda bilərzik.

Nə məni incidirsən

Ay beli nazik?


Məmmədova Nazxanım Kamil qızının

bayatıları

Məşədi atdan düşdü,

Ol xudadan yapışdı.

Məşədi vurulanda,

Bütün dağlar alışdı.
İyli sabun cibində,

Darvazanın dibində.

Şuayı vurubdular,

Hansı qozun dibində.


Aş payı taxçadadı,

Paltarı buxçadadı.

Şuayı vurubdular,

Hədinin baxçadadı.

Sədri durdu danışdı,

Lampaları alışdı.

Kolxozdakı bacılar,

Gəldi bizə qarışdı.


Çayda balıq yan gedir,

Açma yaram qan gedir.

Yüz min həkim gəlsə də,

Yar gəlməsə can gedir.


Oğlan adın Yaqubdu,

Dağlara gün doğubdu.

Sən verən qızıl üzük,

Barmağımı boğubdu.


Başımda sarı sancaq,

Bu dağı aşdım ancaq.

Qız oldum, gəlin oldum,

Od tutdum yandım ancaq.


Ağzımın dili qardaş,

Əlimin gülü qardaş.

Bacılar dayağısız,

Ölməsin heç biri qardaş.


Sandıq üstə çil fərə,

Gedin deyin Cəfərə.

Qardaşım kiçikdir,

Aparmayın cəbhəyə.


Ay qardaş, fağır qardaş,

Çəkməsi ağır qardaş.

Komandir marş verəndə,

Allahı çağır qardaş.


Qardaş demə qan olar,

Yel əsər tufan olar.

Qardaş gəzən yollara

Bacılar qurban olar.

Bir dünyadı bayatı

Söz rüzgarı bayatı

Keçmişin amanatı

Yadigardı bayatı


Bayatı laylay deyər

Ağı- laylay söyləyər

Keçmişlərdən bu günə

Deyər söylər göynəyər.


Qəlb ruhumdu bayatı

Keçmiş izim bayatı

Xalqın söz əmanəti

Bir dünyadı bayatı


Əzizim gülə bir də,

Yol gedir Güləbirdə.

Vətəndən ayrı düşən,

Çətin ki, gülə bir də….


Deyimlər

●Yun saplardan cürbəcür toxumaların hazırlanması kütləvi şəkil alırsa, müharibənin başlanması ehtimalı var.

●Göydə quyruqlu ulduz görünərsə, müharibə ola bilər.

●Təndir çörəyinin ətri yeddi qat ərşə çıxar. Təndirdən çörək çıxaranda ilk çörəyi kəsib ya itə, pişiyə, ya da toyuqlara verməlisən. Əks halda Allaha xoş gəlməz.

●Çörək yaparkən əvvəl nazik lavaş yapıb qonşulara, yol ötənlərə verməlisən. Bu savabdır.

●Çörək yapanda kişi tayfası təndirə yaxınlaşıb içəri baxarsa çörəklər küt düşər (tökülər).

●Çörək yaparkən çörəklərin biri yapışmayıb düşərsə, bu yaxşı sayılır. Bu itin payıdır deyirlər.

●Xoruz yaxın məsafədən üzü evə tərəf yaxud adama tərəf durub tez – tez banlayarsa, xeyir gətirməz.

●Süpürgəni qapıya söykəməzlər.

●Şər qarışanda, ya da gecə vaxtı qaynar suyu çölə atmazlar, yaxşı deyil.

●Qonaqdan bir şeyi əsirgəsən, evin bərəkəti qaçar.

●Gecə evi süpürüb zibili çölə atmazlar, kasıblaşarsan



Ağılar

Yarım indi də izləyir məni,

Qibləyə yatıb gözləyir məni.

Yuxuma girib dinləyir məni.

Mən də ora gedəcəyəm,

Bu dünyanın lanpası,

Yardan xəbər gələn zaman,

Qara torpağın çırağı.

Ağa bürünüb gedəcəyəm.

Hələ çürüməyib o,



İnanclar

Gecə vaxtı ev süpürmək həmin evə kasıblıq, kədər və matəm gətirər.

***

Gəlin köçmüş qızı görməyə gedəndə adətən ata evində qıza məxsus nə varsa hamısını apararlar. Ancaq ayaqqabıdan başqa. Əgər aparsalar gəlinin ər evində yeri dar olar.



***

Gəlinin ayağı altında qab sındıranda ayağı düşərli olar.

***

Gəlin gedən qız əlinə düyü alıb rəfiqələrinin adını çəkərsə, onların da bəxti açılar.



Gözün səyriyirsə əziz adamın səni arzulayır.

***


Gözün yol çəkirsə, uzaqdan yaxın adamın gələcək.

***


Gün tutulanda mis qabları döyəcləyərlər.

***


Gəlini qapıda əyləşdirib qucağına oğlan uşağı verərlər ki, ilki oğlan olsun.

***


Güzgünün sınması nə isə bir bədbəxtlik olacağını göstərir.

***


Günəş tutulanda tüfəng atarlar.

***


Güllə ilə ölmüş adamın qəbrindən daş, torpaq götürüb suya salsan yağış yağar.
Gecə ulduzların görünməsi gündüz günəşli hava olacağını göstərir.

***


Göz dəyməsin deyə evdən üzərlik asarlar.

***


Lal axan sudan keçməzlər.

***


Lala gülməzlər.

***


Maşanı oynatmazlar, aclıq olar.

***


Meşəyə tək getməzlər.

***


Meşədən çinar kəsməzlər.

Məscidə ayaqqabı ilə girməzlər.


Lətifələr və zərb məsəllər

Bir nəfər qonağını gəzməyə çıxarır. Çayın kənarından keçəndə qurbağa qurulduyur. Kişi qonağa sataşmaq məqsədi ilə deyir: “Ə, bu oxuyan bülbüldümü, nə gözəl oxuyur?!”.Qonaq özünü o yerə qoymayaraq deyir: “Bülbül olmağına bülbüldü. Amma ya ana bülbüldü, tükü tökülüb, ya bala bülbüldü, tükü çıxmayıb”.

* * *

– Ata, xalçanı çırpanda pul tapdım.



–Bir də çırp, oğul.

* * *


–Damiri damira vuranda danq eliyur, nadandu?

–Damirin damira olan muhabbatundandu!


-Sizdə qaluşa vuran mix varmu?



Yüklə 316,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə