Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi



Yüklə 311,65 Kb.
səhifə16/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   12   13   14   15   16   17   18   19   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

Bayrak asma –mərasimindən sonra Türkiyə türklərində qədim forması “çaba” kimi bilinən “şaba geleneği” keçirirlər. Toyda çalğıçılar pul almaq üçün müəyyən gülməli fiqurlar göstərir, gələn qonaqlara müəyyən cəzalar verir. Bunun əvəzində toya gələn qonaqların çalğıçılara verdikləri pul və ya şirinlik “şaba\\çaba” adlanır [124,s.61].
Dokuzu düzüv// dokuz düzmək”- türkmən adətlərinə görə, evin çölünü oğlan tərəfi, içərisini qız tərəfi düzər. Qız evi evə lazım olan doqquz əşyanı cehiz olaraq oğlan evinə aparır [198,s.75].
Nişan atma” mərasimində türkmənlər gəlinin başına duvağının üstünə güzgü qoyurlar və gələn qonaqlar da ora pul və ya müxtəlif hədiyyələr qoyurlar [209,s.14]. Bu mərasimə Makedoniya türklərində də rast gəlinir. “Nişan atma” ifadəsi digər oğuz türklərində semantik cəhətdən dəyişilmiş formada işlənir və “nişanı pozma” anlamı daşıyır.
Betaçar”- “gəlinin üzünün açılması” adəti gəlinin bəyin ailəsi və qohumları ilə tanışlığını, qohumların yeni qurulan ailəyə məsləhət və arzularını simvolizə edir. Bizim fikrimizcə, “betaçar” ifadəsi əsl türk mənşəli olub, “bet+açar” sözlərinin birləşməsi nəticəsində yaranmışdır. Sözün ikinci komponenti “açmaq” feili, demək olar ki, əksər türk dillərində kiçik fonetik fərqlənməyə baxmayaraq ümumişlək xarakter daşıyır. “Bet” sözü, fikrimizcə, qədim türkcədə “üz” mənasında işlənib. Aparılan tədqiqat işlərinə əsasən demək olar ki, müasir türk dillərində bu söz özünün müstəqil leksik mənasını itirmiş, yalnız bir tərəfi ayrılıqda leksik məna daşımayan mürəkkəb söz formasında işlənir: “bet beniz kül kesilmek” (həyəcandan rəngi qaçmaq, üzü saralıb solmaq); “bet bereket kalmamak” (istifadəsiz hala gəlmək) və s [114,s.65], “Bet beniz kül gibi olmuş uçarak nu-i şebab, O yanaklar iki solgun güle dönmüş, bitab” [141,s.12]. Bu sözə bəzi türk xalqlarında da kiçik fonetik dəyişikliklə rast gəlmək olur. Belə ki, qazax türkləri bu ifadəni “betaşar” şəklində “gənc gəlinə yeni ailəsində, evində qaydaları öyrədən adət” [265,s.99] və “gəlinin üzünün açılması haqqında mahnı” [265,s.93], qırğızlar isə “betaçar”- “üz açmaq” mənasında işlədirlər [218,s.110].
Yüz gördü dabarası” adlanan mərasimdə gəlin evində oğlan tərəfinə ziyafət verilir. Bu, demək olar ki, gəlinin bəyin qohum-əqrəbası ilə tanış olmasıdır. “Baş salma” və ya “baş danmak” nikahdan iki gün sonra gəlinin qadınlığın rəmzi olan “hasaba” və ya “börük” taxma mərasimidir [209,s.11]. “Guşak çözdürmek” qədim türkmən adətlərindən biridir. Toy günü bəyin belinə möhkəm bağladığı quşağın gəlin tərəfindən açılması mərasimidir: “Artık ona guşak çözdürmekden, adik çıkartmakdan keçib, bir baş yüzükçülerin yanına bardı” [97,s.549].
Türkmənistanda toydan sonra qızın valideynlərinin ziyarətinə getmə adəti “qaytarma” adlanır [278,s.77; 97,s.454]. Tədqiqatçıların fikrincə, türkmən dilinin bəzi dialektlərində “qaytarma” termini semantik cəhətdən dəyişilərək mənfi mənada, yəni “qızın ata evinə qaytarılması” anlamı daşıyır. Həmin qızları türkmənlər “çuvalqız” adlandırırlar [267,s.112]: “Sen ahli çuvalğızlarımızı qaytardın” [97,s.237]. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində türkmən dilindən fərqli olaraq nişandan sonra oğlan evinə xonça göndərmək “qaytarma” adlanır.
Qədim türkmənlərdə, o cümlədən də hazırda bəzi türkmən bölgələrində toy üç gün keçirilir. Türkmənlər toyun birinci gününə “yalan çelpek” deyirlər və bu gündə yalnız qohumlar iştirak edir. Qadınlar “çelpek” deyilən şirniyyat hazırlayırlar. Həmin axşam oğlan evindən bir qrup qadının qız evinə getməsi mərasiminə “atkulak” və ya “vecer” deyilir [97,s.68]. Toyun ikinci günü “çın çelpek” adlanır və demək olar ki, qız evində keçirilir. Bu toyda artıq yad qonaqlar da iştirak edir. Üçüncü günə “gelin alcı” deyilir [209,s.12; 97,s.463]. Türkmən türkləri nikah gününə “toy sahedi//sahad günü” (“sahad” sözü dinlə bağlı söz olub, mənası “bir işin başlanması üçün əhəmiyyətli hesab edilən gün, vaxt, zaman”, “uğurlu gün”dür), nikah zamanı içilən şərbətə isə “süycülük suvu” deyirlər.
Türkmən dilinin lüğət tərkibində işlənən evliliklə bağlı leksik vahidlərin bir çoxu digər oğuz türklərindən fonetik cəhətdən fərqlənsə də, semantik cəhətdən eyniyyət təşkil edir, bir qismi isə həmin türklərin ədəbi dillərində deyil, yalnız dialekt və şivələrində özünü göstərir.



Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə