Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Qaqauz türkcәsindә evlənmə ilə bağlı leksik vahidlər



Yüklə 311,65 Kb.
səhifə17/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

2.1.2. Qaqauz türkcәsindә evlənmə ilə bağlı leksik vahidlər


Dünyagörüşünə, dini inancına, həyat tərzinə görə digər oğuz türklərindən fərqlənən qaqauz türklərində də toy bir neçə mərhələdən ibarət olur: toy əvvəli- söz, nişan, üzüm həftəsi, toy və gərdək (qırmızı rakı).
Digər türk xalqlarında olduğu kimi qaqauz türklərində də evlənmə formaları müxtəlifdir: qızın özü istəmədən qaçırılmasına “gelini kapmak”, istəyərək qaçırılmasına isə “kavramak” və ya “kaçkın evlenme”deyilir [190, s.75]. “Kaçkın evlenme” formasına, tədqiqatçıların fikrincə, hazırda rast gəlinmir. XIX əsrdə bu evlilik formasına nadir hallarda rastlanmışdır. “Kaçkın evlenme”, yəni qız öz istəyi ilə oğlanın evinə gəlib orada yaşamasıdır [160, s.90]. Əgər böyük övlad evlənməmiş kiçik uşaq evlənərsə, ona “böyük bacısının və ya qardaşının qismətini oğurladı” və ya “kiçik böyüü paltar qazanının altına basdı” deyirlər. Keçmişdə qaqauz gəncləri bir-birlərini çoşmada (çeşmə/bulaq), horu yerində (rəqs edilə yer), sidankalarda (gəzmək üçün çıxılan yerlər) görüb bəyənirdilər [149, s.90].“Horu// foru” sözü slavyan dilinin vasitəsilə yunan dilindən keçmişdir. Bu söz yunan dilində işlənən “xoros” sözünün fonetik cəhətdən dəyişilmiş formasıdır və “qrupla rəqs” deməkdir. “Sidanka//pridanka” sözü isə bolqar dilində işlənən “sedyanka” (“fırlatmaq”,“toplantılar”) sözündən yaranmışdır və qaqauz dilində “gəzmək” anlayışını ifadə edir [261, s.10]. Qaqauz türkləri elçiliyə gedən adama “arakı”, “kodosçu”deyirlər və qadının “çənəli”(çox danışan, işi həll edə bilən), kişinin isə “cəsur”(lazım gələndə açıq danışmaqdan çəkinməyən) olmasına fikir verilir [190, s.71]. Fikrimizcə, “kodosçu” sözü “kodoş” morfemindən yaranmışdır. “Kodoş” qaqauzca “buynuzlu, pəzəvəng” deməkdir [144, s.160]. Bildiyimiz kimi, dilçilikdə -çı4 morfemi ilə bağlı müxtəlif fikirlər vardır. Bəzi dilçilər həmin şəkilçinin isim, bəziləri isə sifət düzəldən şəkilçi olduğunu söyləyirlər. Müasir türk dillərində bu morfem, demək olar ki, adlardan sənət, ictimai münasibət, elmə, əqidəyə münasibət, xarakter, əlamət bildirən isimlər əmələ gətirir [104, s.81]. Digər türk dillərindən fərqli olaraq müasir qaqauz dilində bu şəkilçi daha çox adlardan sifət düzəldir. G.Qərənfil -çı4 affiksinin qaqauz dilində həmçinin nəslin məşğul olduğu sənətlə bağlı soyadların yaranmasında (Tuzçu, Baaçı və s.) geniş şəkildə işləndiyini qeyd etmişdir [239, s.132]. Bender uezdində elçiliyə gedən şəxsə “dünürcü başı” deyilir [254, s.101]. Evliliyin elçilikdən sonra gələn mərhələsi olan söz kəsmə “annaşma”,“yavklu etmək”,“yavklu olmak”,“söz vermək”, “laf”,“laf bırakma” terminləri ilə adlandırılır [254, s.100].“Söz kəsmə” mərasimində oğlan evi qız evinə “söz kolaçı”,“kanıska”(böyük çörək üzərində qaynanmış toyuk) gətiirir və toyun xərci və günü müəyyən olunur. Qaqauz türkləri başlıq puluna “buba hakkı”, “ana topu” deyirlər [254, s.103]. Oğlan tərəfinin qız evinə “buba hakkı”nı ödəməsi “söz” və ya “küçük nişan” adlanır [149, s.90]. Qız üçün verilən başlıq puluna Çeşməköy və Satılık Hacı kəndlərində “aarlık” deyilir [249, s.45]. “Söz”dən sonra isə oğlanın qohumları hədiyyələrlə qız evinin təyin etdiyi gün qız evinə gələrlər. Evlənəcək oğlanın qatılmadığı bu mərasimə Bolqarıstan qaqauzları “goda”, Ukrayna qaqauzları isə “çotra” adı verirlər [254, s.106]. Tədqiqatçıların fikrincə, “çotra” taxtadan hazırlanmış şərab qabı, “goda” isə bolqar dilində işlənən “godej”, “godeş”,“godyavane” adətinin adından götürülmüş sözdür [160, s.101].
Qaqauz dilinin lüğət tərkibində evliliklə bağlı bir sıra mərasim, adət adlarına rast gəlinir: “Afta emişi”- oğlanın anası “pidə//pitə” (çörək) hazırlayıb bala batırır, müxtəlif ərzaqları bir səbətə qoyub oğlan evindən olan oğlanla “izmetçi” ilə qıza göndərmə mərasimidir [149, s.91]. “Üzüm aftası” mərasimində “buba hakkı”/“ana topu” qız evinə təqdim edilir. “Güveği konuklamak” adətində “üzüm aftası” mərasiminə gələn bəy hamıdan gizlin şəkildə qızın otağında gecələyir. Səhər heç kəs görmədən öz evinə getməlidir. Əgər kimsə görsə, uğursuzluq olacağına inanılır [190, s.87].“Yavklu qız” adəti-nişan mərasimində oğlanın anasının qızın başına yaylıq bağlamasıdır ki, bu da “bu qızın sahibi var, artıq o qızı heç kəs istəyə bilməz” anlamını ifadə edir [190, s.89].“Kavil alma”,demək olar ki, hazırda yalnız qaqauz kəndlərində yerinə yetirilir. Toydan bir-iki həftə əvvəl qızın cehizlərinin oğlan evi tərəfindən incələnməsi, hər şeyin hazır olduğunu bildikdən sonra toy gününə qərar verilməsi mərasimidir [190, s.94]. Bu mərasimdən sonra isə “balli pita” mərasimi qeyd olunur [190, s.100]. “Fensa”(tac qoyma) mərasimində oğlanın bacıları tərəfindən hazırlanmış taclar gəlin və bəyin başına qoyulur [190, s.107]. Bəzi tədqiqatçılar qaqauz türklərində tacın “evliliyin qoruyucusu”, bəziləri isə “xoşbəxt evliliyi” simvolizə etdiyini bildirir.“Fensa” qaqauz türkcəsinə Slavyan dilində olan “venets” sözündən keçmişdir [160, s.120]. “Pelik örme” adəti qaqauz dilinin bəzi şivələrində (Kıpçaq kəndində) bolqar dilindən keçmiş “zasev” leksik vahidi ilə ifadə olunur. Bolqarıstanda da eyni mərasim qeyd olunur və “zasevski”adlandırılır [160, s.124]. Tədqiqatçıların fikrincə, qaqauz dilinin lüğət tərkibində hazırda “zasev” lekseminin əvəzinə “düün”və ya “kız düünü” ifadələri daha çox işlənir. “Prost olmak” mərasimi toy günü bəyin ana və atasının qarşısında diz çöküb bağışlanmasını istəməsi və valideynlərindən xeyir-dua almasıdır [190, s.115]. Bu mərasimi S.Kuroqlu “vidalaşma” [249, s.70-71], A.Şabaşov isə “əfv, üzr istəmə” [270, s.641-42] törəni olduğunu qeyd edirlər.“Gəlini donatma” toy günü gəlin üçün hədiyyələr gətirmə mərasimidir. “Maya tutulması” toydan bir-iki gün əvvəl keçirilən çörək mayasının yoğrulması mərasimdir (qaqauz türkləri yoğrulan maya ilə birlikdə yeni qurulan evin bərəkətli olacağına inanırlar) [149, s.91]. “Stenoz”//”steunoz” qaqauz türklərində kilsədə evlənmə mərasimidir. Tədqiqatçı S.Kuroqlu bu sözün qaqauz türklərinə yunanlardan keçdiyini qeyd edir. Bolqarıstanda yaşayan qaqauzların isə bu mərasimi “stefano” və ya “fensettmek” sözləri ilə ifadə etdiklərini söyləyir [249, s.74]. Qaqauz türklərində toyla bağlı mərasimlərin xüsusi özəllikləri var: “Adamak”(toy günü gəlinin bəy evinə girməsi üçün oğlanın atasından hədiyyə alma) mərasimi [190, s.127]; “Prost”(qız qoşulub qaçırsa, onun üçün keçirilən mərasim (qız gəlinlik geyinməz); “Düğün” anlaşmalı evlilikdə yerinə yetirilən mərasim; “Ballamak” mərasimi (gəlinin bəy evində qayınatası və qayınansı tərəfindən qarşılanması) [160, s.151];“Tuz ekmeğ”mərasimi (gəlinə üzərində qaynanmş toyuq və duz olan çörəyin verilməsi-bərəkətin simvolu) [190, s.130]. Bəzi bölgələrdə bu mərasimi “proşka”, “söletmak” adlandırırlar. Tədqiqatçıların fikrincə, “proşka” sözü qaqauz dilinə qonşu bolqar dilindən keçmişdir [160, s.159].“Ceyizleme” mərasimi (qızın cehizlərinin qonaqlara göstərilməsi) [160, s.157]; “Dolucak” mərasimi (toy günü keçirilən bu mərasimdə padnoslara şərab dolu qədəhlər, duz və çörək qoyub qonaqlara təqdim edirlər. Qədəhi götürüb duz-çörəyə əl vuran qonaqlar bəylə gəlinə dualar edərlər) [160, s.158]. Toydan sonra həyata keçirilən mərasimlər əksərən oğlan evində icra edilir. Bunlara “kırmızı rakı”,“çingene gezmek”,“geline iş yaptırmak” kimi adətlər aiddir. Moşkovun qeydlərinə əsasən, bu adətlərin XX əsrə qədər ayrı-ayrı keçirildiyini, XX əsrdən sonra isə hamısının bir yerdə həyata keçirdiklərini bilmək olur [254, s.122-125]. “Kırmızı rakı”/ “tatlı rakı”/ “çingene” mərasimi toyun səhəri günü icra edilir və toyun davamı hesab olunur [160, s.165]. “Kırmızı rakı” mərasimindən sonra “gelini bozmak”/“duaa almak” mərasimləri keçirilir [249, s.88]. Bəzi qaqauz kəndlərində bu mərasimin sonuna “kutladık” adəti deyirlər [254, s.125]. Tədqiqatçıların qeydlərinə əsasən, bu mərasimlər, demək olar ki, keçirilmir. Qaqauz türklərində toyla bağlı adətlərdən sonuncusu “svatuluk”, “aftalık” və ya “gerlik” adlanır [254, s.122]. Bu mərasim bir neçə yerə bölünür: “ilk aftaluk” toyun birinci həftəsində yerinə yetirilir. Bəylə gəlin oğlan adamları ilə birlikdə qız evinə qonaq gedir, evə girməmiş qızın valideynləri gələnlərə hədiyyə verir; “ikinci aftaluk”da oğlan evi qız evini qonaq çağırır; “üçüncü aftaluk”da isə bəylə gəlin oğlanın atasının evinə qonaq gedir [249, s.89-90]. Bu mərasim Rumıniya türklərində “geze”, Makedoniya türklərində isə “ilklik”, “priviçe”, “sefte” adlanır [160, s.168].
Qaqauz dilinin lüğət tərkibində evliliklə bağlı bir sıra qohumluq terminləri işlənir: “dever” bəyin sağdışı və ya köməkçisi” mənasını ifadə edir. Bolqar dilindən keçən “dever” sözü “toyda ən yaxın adam”, qaqauz dilində isə“bəyin yaxın dostu” anlamı daşıyır. “Gəlinin rəfiqələri” mənasında isə “zılvalar” termini işlənir [263, s.4].
Qədim türklərdən gələn və bütün türx xalqlarında özünü qoruyub saxlayan “hədiyyələşmə//hədiyyəvermə” qaqauz türklərində də evlilik mərasiminin əsasını təşkil edir. Hədiyyələrin adları da müxtəlifdir: “goda basması” (qız evi oğlan evinə 6 dənə yaylıq, bəy üçün köynək və gəlinlə bəyin adı yazılmış iki dəsmal) [190, s.88]; “yemiş fıstanı” (bəyin anasının“yemiş aftası” mərasimində qıza geyindirdiyi paltar); “goda” (“yemiş aftası” mərasimində qız evinin oğlan üçün hazırladıqları hədiyyə) [160, s.104]; “nişan çemberi” (nişan günü gəlinə verilən qızıl bağlanmış yaylıq); “basma”(nişanda qız evinin oğlana verdiyi hədiyyə);“nişan” (nişanda qız evinə gətirilmiş hədiyyə) [160, s.97]; “arlık//ağırlık” (“Gəlin donatma” mərasimində qızın ailəsi üçün gətirilən hədiyyə); “bosçalık”(gəlinin ziynət əşyaları) [191, s.116]; “duaklık” (“Gəlin donatma” mərasimində gəlinin əlinə verilən paltarlıq parça); “kapı parası”//“bubalık parası”(Gəlinlə bəyin qarşısını kəsən uşaqlara verilən pul); “torpaq basdı”(eyni bölgədən olmayan bəydən alınan pul). Qaqauz kəndlərində bəxşişin bu növünü müxtəlif adlarla adlandırırlar: Vinioqradovka, Çeşməköy, Vulkaneşty kəndlərində “toprak bastı”, Etuliya kəndində “hotar parası”, Beşalma, Djoltay və Kazakliya kəndlərində “sınır parası” və s [190, s.119].
Toy mərasimi ilə bağlı geyim əşyaları, geyimlə bağlı mərasimlər də qaqauz türkləri üçün xüsusi anlam daşıyır. Gəlinlə bağlı: “çatal don” (gəlin paltarı); “anteri” (gəlinin ipək köynəyi); “kontoş” (gəlinin üstdən geyindiyi qısa qol paltar); “puniş” (kilsəyə aparanda gəlinin geydiyi paltar); “kakaltu”//“kalkan”//“visulka” (gəlinin başındakı fəsin bərkidildiyi qızıl əşya); “kolan” (“gəlinin belinə bağlanan kəmər”); “nivka” (“bəyin göndərdiyi paltarların alınması” mərasimi); bəylə bağlı:“çamadan” (bəyin geyindiyi üst paltarı-pencək); “şerviyata” (bəyin qoyduğu papaq),“kuşak” (“üzüm həftəsi” mərasimindən sonra bəy papağına bağlanan qırmızı lent. Bu “yeni ailənin təməlinin qoyulması”nı ifadə edir) və s.
Q. Valentina qaqauz dilinin bəzi dialektlərində “gəlin paltarı” mənasında işlənən “anteri” ifadəsinin kişi geyimlərinə aid olduğunu və “dar qollu gödəkçə” anlamı daşıdığını vurğulayır [240, s.12]. M.V.Maruneviç “anteri”nin-dikyaxalı, darqollu gəlin paltarının eyni adla Bessarabiya moldavanlarının və bolqarlarının dilində işləndiyini qeyd edir [253, s.96.]. N.K.Dmitriyev bu leksik vahidin qaqauz türkcəsinə yunan dilindən keçdiyini qeyd etmişdir [236, s.275]. V.V. Radlov isə “anteri” leksik vahidinin Osmanlı dialektindən keçdiyini və “kaftanın üstündən geyinilən qısa don” mənasını ifadə etdiyini göstərir. V.V.Radlov leksemin birinci komponentini -“an”ı “ov quşu, ovlanabiləcək hər bir heyvan” [257, s.238]; S. Nişanyan “inkarlıq mənasını ifadə edən ön şəkilçi” [202 s.,33]; H.Eren “iki tarla arasındakı sərhəd” [135, s.11]; Sevortyan isə “ovlanabiləcək hər bir heyvan” (qırğız, noqay); “yırtıcı heyvan” (altay,kazak); “maral” (altay, tatar); “ov”(tatar dial.)[274, s.152] mənalarını ifadə etdiyini qeyd edir. Fikrimizcə, bu söz türk mənşəli olub, “an” (heyvan, ov) və “teri//deri” sözlərindən yaranmışdır. Güman etmək olar ki, qədim türklərdə dəri geyimləri dəyərli hesab olunurdu və gəlinə ondan hazırlanan paltar geyindirirdilər.
Kolan” lekseminin “DTS”də “qolan” şəklində,“bel kəməri” və “at tapqırı” [237, s.454], “DLT”də isə eyni fonetik tərkibdə yalnız “at tapqırı” [47, s.404] anlamında işləndiyi göstərilmişdir. Qaqauz türklərinin toy ilə bağlı mərasimlərində istifadə olunan bu geyim əşyası həm tək formada, həm də söz birləşməsi tərkibində (“nişan kolanı”) geniş şəkildə işlənir: “Nişan kolanımın paftası yoktu”. Anadolu dialektində “kolan” ifadəsi “yundan və ya ipəkdən hazırlanmış kəmər” anlamında işlənir. H.Eren bu leksik vahidin bir çox türk dillərində kiçik fonetik fərqlə işləndiyini göstərir: türkm. “golan”-ip, urqan; qrg. “olon”-kəmər; yak. “xolun” ; Tuva. “kolun” və s.
Qaqauz dilinin leksik fondunda toy mərasimi ilə bağlı mahnı adlarına da rast gəlinir. Düyün türkülərində qədim qaqauzların toyla bağlı yerinə yetirdikləri adətlərin izlərini görmək mümkündür. Həmin türkülər toyun əsas qəhrəmalarının şərəfinə oxunduğuna görə türkülər də iki yerə ayrılır: Gəlinlə bağlı: “Gelin türküsü”, “Humur türküsü” (toyda xüsusi “toy pitasının” hazırlanması adəti), “Halam İlyanka”, “Pelik türküsü” (Pelik hörməklə bağlı adət); Bəylə bağlı: “Traş türküsü”, “Üve türküsü” və s [149, s.597].
Qaqauz dilindəki evliliklə bağlı adət və mərasim adları, demək olar ki, nəinki oğuz qrupu türk dillərindən, hətta digər türk dillərindən də fərqlənir. Araşdırma zamanı belə nəticəyə gəlmək olur ki, qaqauz türklərində evlilik adətinin kökündə dini ayin və rituallar dayandığından evliliklə bağlı terminlərin əksəriyyəti yunan, slavyan mənşəlidir.



Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə