Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə24/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

X FƏSİL. KREDİT NƏZƏRİYYƏLƏRİ
10.1. Kreditin tədqiqində nəzəri cərəyanların

metodoloji əsasları
Müxtəlif kredit konsepsiyalarının ümumiləşdirilməsi və sistemləş­diril­məsi elm və praktikanın aktual nəzəri prob­lemlərin­dəndir. Lakin göstərilən məsələlərə hətta, yerli tədris ədə­biy­yat­larında da çox nadir hallarda rast gəlinir.

Kreditin mahiyyətini açmaq üçün prinsipcə mühüm məsələlərdən biri hər hansı bir ayrılıqda götürülmüş dövlətin iqtisadi sisteminə kreditin təsiri barədə təsəvvürlərin təkamülünü aşkar etməyə imkan verən tarixi və məntiqi vahidlik prinsipinə riayət olunmasıdır. İlkin irad kimi qeyd edək ki, kreditin təhlilinin başlanğıc bəndi pul və kreditin ayrılmazlığı haqqındakı və istehsala, ümumi ictimai məhsulun bölüşdürülməsi və yenidən bölüşdürülməsi pro­sesinə xidmət sahəsində bir-birini tamamlamaq barədə müd­dəa­lardan ibarətdir. Bununla belə, kredit iqtisadi kateqoriya kimi digər iqtisadi anlayışlardan ayrılmalı, kateqoriyanın strukturu açılmalı, onun mahiyyətindəki başlıca cəhət göstərilməlidir.

Kreditin əsas fərqləndirici xüsusiyyəti faizdir. Kredit nəzə­riyyə­ləri məhz bu baxımdan təhlil edilir.

Kreditin sosial-iqtisadi əhəmiyyətinin şərhində dörd nəzəri istiqa­məti göstərmək olar:

1) kredit sosial-iqtisadi sistemə bütövlükdə təsir edir;

2) kredit sosial-iqtisadi sistemə olduqca müsbət təsir göstərir, fasiləsiz və hədsiz iqtisadi artımı təmin edir;

3) kredit iqtisadi sistemə münasibətdə neytraldır;

4) kredit iqtisadi sistemdə investisiyaların fasiləsiz təmin edilməsinin ayrılmaz bir elementi kimi çıxış edir.

Kredit nəzəriyyə­lərinin şərhində başlıca məqamlara aşağı­dakıları aid etmək olar:

1) kreditin təyinatı (kreditin iqtisadi mahiyyətinin açılmasında etimadın rolu) və onun maddi nemətlərin istehsalına mənsubiyyəti;

2) pulun mahiyyətinin, pul-kredit emissiyası ilə pul tədavülü qanunları arasındakı qarşılıqlı əlaqənin şərhi;

3) kreditin yaradıcı potensialının sərhədlərinin açılması;

4) kreditin inkişaf etməkdə olan nəzəriyyəsinin xüsusiyyətləri və digər baxışların tənqidindəki mühüm cərəyanlar;

5) kredit sisteminin təşkili prinsiplərinin səciyyələn­dirilməsi;

6) kreditin sosial əhəmiyyətinin şərhi.

Kreditin tədqiqində elmi cərəyanların əsasını pul kon­sepsiyaları təşkil edir. Kredit nəzəriyyəsindəki hər bir cərəyanın özünə uyğun «pul» nəzəriyyəsi var idi. Birinci cərəyan adətən əmtəə pullar və əmtəə pul sistemləri ilə; ikinci cərəyan - tam dəyərli pullar və onların təmsilçiləri ilə; üçüncü cərəyan – metal pul sistemləri ilə; dördüncü cərəyan isə dəyişdirilməyən pullar və fidusiar pul sistemləri ilə bağlı idi.

Müxtəlif nəzəriyyələrdə kreditləşmə prinsipləri də müxtəlif cür şərh edilir. Kreditləşmə prinsiplərinin ən geniş siyahısına təminatlılıq, məqsədlilik, müddətlilik, qaytarılmaqlıq, ödənişlilik prinsipləri daxildir.

Kredit nəzəriyyəsində hər bir cərəyan ödənişlilik prinsipini özünəməxsus tərzdə şərh edir. Birinci cərəyan olduqca yüksək faiz­lərin və qətiyyən real istehsal ilə əlaqəsi olmayan bir faizlərin alınması təcrübəsi ilə bağlıdır; ikinci cərəyan – əsas diqqəti faiz gəlirinə deyil, formalaşan kredit mənbələrinin həcminə yönəldir; üçüncü – faiz gəlirinin dinamikasını sənaye tsiklinə müvafiq əks etdirir; dördüncü – minimum faiz dərəcələrini əsaslandırır.

Kreditin kapitalyaradıcı nəzəriyyəsi kreditin sosial-iqtisadi sistemə müstəsna olaraq müsbət təsiri olduğunu israr edir, belə ki, kredit kapitalyaradıcı effektə malikdir və genişlənmiş təkrar istehsala təkan verir.

Tarixi baxımdan bu cərəyan ilkin kapital yığımı dövrü ilə əlaqədar idi.

XVIII əsrin əvvəllərində kapitalyaradıcı nəzəriyyələrin praktiki olaraq reallaşdırılmasında ən məşhur şəxs Con Lo (1671-1729) idi. XIX əsrdə İngiltərədə bu konsepsiyanın tərəfdarı Q.D.Makleod idi. XX əsrdə Y.Şumpeter onu təbliğ etməyə çalışırdı, A.Qan və b. isə onun praktiki olaraq tətbiq edilməsini təklif edirdilər.

Con Lonun «sistemi». o, Şotlandiya parlamentinə regionun iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə ipoteka bankı təsis etməyi, daşınmaz əmlakla təmin edilmiş qiymətli kağızlar buraxmağı təklif etmişdi.

Con Lonun mühakimələrinin ilkin bəndini metal pulların təh­lili təşkil edirdi. Burada əsasən iki fakta diqqət yetirilirdi: birinci, me­tal sikkə, təbii xüsusiyyətlərinə görə kortəbii surətdə ayrılmış və likvid­liyə malik olan əm­təədir. Bununla bərabər pul metalı əlavə dəyər əldə etmiş olur. Əgər metaldan sikkə kəsilməsi dayandırılarsa, metal sahibləri ciddi itkilərə məruz qalarlar. Ona görə də, kağız pul­lar metal sikkələrə nisbətən daha sərfəlidir, çünki onlar əlavə dəyərə malik deyillər. İkinci fakt: metal pullar əmtəə mübadiləsində nəinki ümumi vasitəçidir, o həm də əmtəələrin dəyər ölçüsüdür. Daxili dəy­ərə malik olan pul materialı (yəni metal) əmtəələrin qiymətinə təsir göstərir ki, bu da ticarətə mənfi təsir edir. Praktiki nəticə aşağıdakın­dan ibarətdir: uzunluğu ölçən arşının, çəkini ölçən daşın nədən hazırlan­dığının (fərqi) əhəmiyyəti olmadığı kimi, əmtəələrin dəyər ölçüsünün də nədən hazırlandığının heç bir əhəmiyyəti olmamalıdır. Kağız ucuz materialdır, kifayət qədər vardır və əlavə dəyərə malik deyildir. Kağız pullar əmtəələrin qiymət tərəddüdlərinin səbəblərin­dən birini aradan qaldırar.

C.Lo pulun hər cür istifadəsinin gəlir gətirdiyini (faiz gətirir) is­rar edərək, belə nəticəyə gəldi ki, tədavüldəki pulun miqdarının artırıl­masında ən yaxşı vasitə emissiya banklarıdır. Əgər bankdakı metal ehtiyatı 15000 livrdirsə və bank biletlərinin miqdarı 75000 liv­rdirsə, bu pul metalının 60000 artımına bərabər olması deməkdir. Yəni, bank nə qədər çox kredit verirsə, bir o qədər də ölkəyə gəlir gəti­rən sikkələrin sayı artır; eyni zamanda nəinki məşğulluq artır, tica­rət genişlənir, həm də bank gəlir əldə edir.

C.Lonun maliyyə fəaliyyəti 5 il, 1716-cı ildən 1721-ci ilə qədər da­vam etdi. Bunun nəticəsində bəziləri onu fırıldaqçı və işbaz, digər­ləri isə maliyyənin dahisi adlandırdılar.

«Lo sistemi»nin ən mənfi nəticəsi o oldu ki, Fransanın ma­liyyə sistemində hər hansı islahata qarşı qəti şəkildə nifrət yarandı.

C.Lonun sistemi iflasa uğradıqdan sonra kreditin kapitalyaradıcı nəzəriyyəsi uzun müddət yaddaşlardan silindi. C.Lo nəzəriyyəsinin yenidən dirçəlməsi Britaniya Kral Bankının direktoru Q.D.Makleodun (1821-1902) adı ilə bağlıdır.

Öz əsərlərində Makleod iddia edir ki, «kommersiya mühitində bankın fəaliyyəti insan orqanizmində ürəyin fəaliyyətinə bənzəyir. Bank kapitalı cəlb edir, bunlar ticarətin həyat şirəsidir, hər isti­qamətdən, hətta ən kiçik bulaqlardan onları ehtiyat anbarına yığaraq sonra onları ticarətin bütün kanallarına axıdır və bununla da ticarəti canlandıraraq, qidalandıraraq bütün ticarət orqanizminə güc və can verir.

Kreditin təsərrüfat baxımından əhəmiyyətini nəzərdən keçirən Q.Makleod kreditdən istifadənin nəyə gətirb çıxardığını belə qeyd edirdi:

1) qiymətləri bərabərləşdirir, onlara daha çox sabitlik gətirir;

2) əmtəə təklifini artırır.

Kredit bank fəaliyyətinin məhsuludur və bank tərəfindən yaradılan kapitaldır. Banklar özləri isə pul və kredit fabrikləridir.

Y.Şumpeter (1883-1950) Avstriyada anadan olmuşdur. Onun praktiki karyerası çox uğursuz olmuşdur. 1924-cü ildə onun rəhbərlik et­diyi bank iflasa uğrayır – bütün varidatını itirən Y.Şumpeter bütün diqqətini müəllimlik fəaliyyətinə yönəldir. Onun kreditin kapitalyara­dıcı nəzəriyyəsi barədə irəli sürdüyü əsas müddəaları 1912-ci ildə nəşr edilmiş «İqtisadi inkişaf nəzəriyyəsi» əsərində öz əksini tapır. Makle­oda görə sahibkarlıq istehsal amillərinin köhnə tətbiq sferalarından çıxarılması yolu ilə həyata keçirilir. Bu halda pul və digər ödəniş vasitə­ləri onların tətbiq sahələri arasında yenidən bölüşdürülməsində əhəmiyyətli rola malikdir. Kredit nemətlərin bir sahədən çıxarılaraq digər sahəyə ötürülməsi vasitəsidir. Kreditin mahiyyəti yaradılan alıcı­lıq qabiliyyətinin sahibkara ötürülməsi kimi meydana çıxır, lakin bu, artıq mövcud olan alıcılıq qabiliyyətinin mövcud məhsullara görə kredit ödəniş vasitələri şəklində sahibkara sadəcə ötürülməsi deyildir. Kredit sahibkarlara xalq təsərrüfatı nemətləri axınına onların bunu əldə etmək hüququ olmamışdan əvvəl yol açır; deməli, müəyyən vaxt ərzində hüquq görüntüsü sahibkar üçün real hüququ əvəz etmiş olur. Bu mənada kreditin verilməsi bir növ, xalq təsərrüfatına, sahibkarın məqsədlərinə uyğunlaşmaq, ona lazım olan nemətləri əldə etmək əmri kimi, məhsuldar qüvvələrin ona etibar olunması kimi özünü göstərir. Yalnız bu halda iqtisadi inkişaf prosesi gedə bilər. Kreditin məhz bu funksiyası müasir kredit sisteminin ən mühüm məsələsidir.

Albert Hann (1889-1968) faşistlərin hakimiyyətə gəlməsindən so­nra ABŞ-a emiqrasiya etmiş alman bankiridir (bank Frankfurt Maynda idi). O, öz konsepsiyasını «Kreditin xalq təsərrüfatı nəzə­riyyəsi» əsərində vermişdir. 1920-ci illərdə A.Hannın nəzəriyyəsi geniş po­pulyarlıq qazandı. Onun ilkin bəndi aşağıdakı müddəadan ibarət idi: tələb istehsala nisbətən ilkindir, onu banklar yaradır və bankların qüdrəti (hökmranlığı) məhz buradan irəli gəlir.

A Hanna görə kredit etibar əsasında müəyyən edilirdi. O dey­irdi: «pul və kapital bazarları mahiyyət etibarilə bazardır, bu bazarda kredit alınıb-satılır, hərfi mənada isə etibar alınıb-satılır». Banklar etibar məsələsində vasitəçidirlər. Buna müvafiq olaraq da verilən kreditlə­rin həcmi prinsipcə sərbəstdir və heç nə ilə məhdud deyildir, məhz bu etibarın olmasında kök salan ideal məqamdır.

A.Hann ənənəvi bir fikrə qarşı olan bir tezis irəli sürür. Bu ənə­nəvi fikir aşağıdakından ibarətdir: bankın əməliyyatlarının həcmi bankın xüsusi kapitalının həcmindən asılı olan və təkrar istehsal prose­sində meydana gələn əmanətlərin həcmi ilə müəyyən olunur. A.Hannın irəli sürdüyü tezisə «banklar kredit yaradır, kredit kapital­dır və bununla da banklar kapital yaradır» müddəası ilə müqayisədə yeni idi.

A.Hannın fikrinə görə bankların əmanətləri aktiv əməliyyatla­rın yekunu, bank tərəfindən yaradılan kreditin və ya etibarın nəticəsi idi. Bu halda bank müştərisinin cari hesabına verilən kreditin köçürülməsi nəticəsində yaranan törəmə əmanətlərlə (depozit emissiy­ası) əməliyyat aparmış olur. Aktiv əməliyyatların üstünlüyü A.Hannın bank fəaliyyətinin «onurğa sütunu» adlandırdığı kontokor­rent kreditdə əks olunur. Kontokorrent kredit nəticəsində yaranan depozitlər real depozitə qoyulmuş həqiqi əmanətlərdən fərqli olaraq «törəmə» əmanətlərdir. Kontokorrent kreditlər banklara tö­rəmə əmanətlər yaratmağa imkan verdiyindən A.Hann belə nəticəyə gəlir ki, banklar «inflyasiya törədən kredit» yaratmaqda hədsiz imkan­lara malikdir və bu iqtisadiyyat üçün heç bir təhlükə törətmir. A.Hanna görə kredit inflyasiyası olmadan xalq təsərrüfatının inkişafı lə­ngiyər və yaxud tamamilə mümkünsüz olar.

Kontokorrent kredit müştəri ilə əməkdaşlığın yalnız ilk mər­hə­lə­sində qısamüddətli olur. Sıx və uzunmüddətli əlaqələrin qurul­ması onun daim prolonqasiya edilməsinə səbəb olur və onu uzun­müddətli kreditə çevirir. Bun­dan başqa, kontokorrent kredit adə­tən blank kreditidir. Bu kreditlərin veril­məsinin dayandırılması təhlükəsi onu bankların əlində sənayeyə təzyiq gös­tərmək vasitəsinə çevirir. Belə ki, kredit müəyyən əhəmiyyətli həddə çatdıqda onu sə­naye mülkiyyətindən pay verməklə, səhm buraxılışı ilə ödəmək olar.

Faiz dərəcələrini dəyişməklə bank istehsala uzunmüddətli irəli­ləmə imkanı verə bilər. A.Hann hesab edirdi ki, banklar arasın­dakı rəqabəti ləğv etmək və limitsiz kredit vermək yolu ilə iqtisa­diyya­tın böhransız inkişafına nail olmaq olar.

Kreditin mahiyyətinin naturalist klassikləri belə bir mühüm qə­naətə gətirib çıxardı ki, kredit – cəmiyyətdəki maddi nemətlərin, yəni nağd ictimai kapitalın yenidən bölüşdürülməsi üsuludur. Bu, D.Rikardonun 1819-cu ildə Lordlar palatasının komitəsinin iclasın­dakı çıxışından daha aydın şəkildə görünür: «Mən təsəvvür etmirəm ki, əmtəələrin istehsalında kreditin hər hansı bir rolu olsun; əmtəələr xammal, maşın və əməyin köməyi ilə istehsal olunur və bu söylədiyim so­nuncular haradasa istifadə olunursa, onların başqa bir yerdən əldə edilməsi zərurətdir. Kredit, faktiki mövcud kapitalın növbə ilə bir şəx­sdən digər şəxsə ötürülməsi vasitəsidir; kredit kapital yaratmır, o yalnız bu kapitalın necə istifadə olunacağını müəyyən edir; kapitalın bir istfadə sahəsindən digər istifadə sahəsinə keçirilməsi həm çox sər­fəli, həm də çox zərərli ola bilər». D.Rikardo belə bir sual ortaya qoyur: «Hər hansı bir adam bankdan kredit götürüb, bu kreditlə əlavə sayda maşın və ya xammal ala və ya yarada bilərmi və əlavə fəhlələ­rin pulunu digər sahədə artıq tətbiq olunan (istifadə olunan) kapitalı cəlb etmədən ödəyə bilərmi? Və o qəti şəkildə cavab verir: «bu mümkün deyil! Hər hansı bir şəxs kredit vasitəsilə istehsal alətləri və s. ala bilər, lakin onları yarada bilməz»45.

Klassiklər metal pullara qənaət edilməsində kreditin rolunu gö­stərdilər. Belə ki, A.Smit metal pulları şose yolu ilə müqayisə edirdi; bu yolla bazara çörək və buğda daşınır, amma bu yol onları istehsal etmir. O, bank əməliyyatlarını hava yollarına bənzədirdi, hansı ki, «ölkə yollarının çoxunu yaxşı otlaqlara və taxıl tarlalarına və bununla da torpağın və əməyin illik məhsuldarlığını yüksəltməyə imkan yaradardı»1.

Konsepsiyanın ilkin bəndinə görə kredit verilən pullardan səmə­rəli istifadə olunduğuna görə A.Smit borc verilən kapitala görə alınan faizi əldə olunan mənfəətlə bağlayır və başqasının kapitalın­dan istifadəyə görə normal ödəniş haqqı hesab edirdi. «Bəzi ölkə­lərdə, - o qeyd edirdi, - faiz alınması qadağan edilmişdir. Lakin pul­dan hər hansı bir şəkildə istifadə olunması gəlir gətirdiyindən bu istifa­dəyə görə də haqq ödəmək daha doğru olardı»46.

Sahibkarın faizi ödədikdən sonra əldə etdiyi mənfəətə gəlincə, A.Smit onu mükafat adlandırırdı, lakin bu kapitaldan istifadə za­manı yaranan risk və əməyin müqabilində çox zəif mükafatdır»47. A.Smitə görə faiz əldə olunan gəlirin bir hissəsi olduğundan faiz nor­ması gəlir normasından asılı olmalıdır. Bu asılılığı o belə əsaslandı­rırdı ki, kapital gəlir əldə etməklə istifadə üçün borc götürülür, həm də borcalanlar sağlam düşüncəli adamlar olduğundan əldə etdikləri gəlirin müəyyən bir hissəsini kapitaldan istifadəyə görə haqq olaraq ödəyə bilərlər. Buradan da Smit faiz normasının və gəlir normasının paralel hərəkəti qənaətinə gəlir. O yazırdı ki, «əgər kapital qoyuluşun­dan əldə edilən gəlir azalırsa, …onda kapitaldan istifadəyə görə ödənilən haqq, yəni faiz norması da mütləq azalmalıdır».

Klassik siyasi iqtisadçıların əsas xidməti ondan ibarətdir ki, ilk dəfə onlar kreditlə istehsalın qırılmaz bağlılığını göstərdilər. Smit və Rikardo ədalətli olaraq göstərdilər ki, kredit verilən pul digər pullar­dan fərqlənir, belə ki, onların hərəkəti məhsuldar kapitalın hərəkətin­dən ayrlıqıda ola bilməz və borc götürülən pullar bu və ya digər iş üçün istifadə olunduğundan faiz gətirir. C.Lodan fərqli olaraq klas­sik iqtisadçılar kreditə yeni kapital yaradıcısı kimi deyil, iqtisa­diyyatda artıq mövcud olan kapitalın yenidən bölüşdürülməsi üsulu kimi baxırdılar. Onların inkarolunmaz xidməti o idi ki, onlar faizin borcalan – sahibkar tərəfindən əldə edilən gəlirin bir hissəsi olduğunu və faiz norması ilə gəlir norması arasındakı asılılığı göstərdilər. Zama­nına görə bu, iqtisad elminə çox mühüm töhfə idi və onun kre­dit nəzəriyyəsinin sonrakı inkişafına təsiri bu problemin tədqiqi ilə məşğul olan alimlərin əsərlərində birneçə onilliklərərzində öz əksini tapmışdır.

D.Rikardonun məşhur ardıcıllarından biri olan C.S.Mill klas­sik iqtisadi nəzəriyyəçilər tərəfindən kreditin öyrənilməsi üzrə bilgi­lərə müəyyən bir yekun vurdu. Klassik nəzəriyyəçilərin ardınca Mill də kreditin kapitalyaratma nəzəriyyəsinin tənqid edirdi. O yazırdı: «Kredit böyük gücə malikdir, lakin o bir çoxlarının hesab etdiyi kimi sehrli gücə malik deyil və o heçdən bir şey yarada bilməz. Çox vaxt kreditin genişlənməsini kapitalın yaradılmasına bərabər tuturlar, hətta onunla eyniləşdirirlər. Qəribədir, lakin deməyə məcburuq ki, kredit – başqa şəxsə verilən kapitaldan istifadə üçün yalnız icazədir, istehsal vasitələri kredit vasitəsilə başqalarına btürülə bilər, artırıla bilməz… Eyni bir məbləğ həm sahibi, həm də onu borcalan başqası tərəfindən kapital kimi istifadə oluna bilər. Onun əməkhaqqında, əmək vasitələrində və materiallarda ifadə olunan tam kəmiyyəti iki qrup işçiləri eyni vaxtda təmin edə bilməz»48.

C.Mill həm də ictimai istehsalda kredit və bankların əhə­miyyəti barədə ideyanı bir qədər də inkişaf etdirdi. Onun fikrincə, kredit, xüsusən də bank krediti cəmiyyətdəki məhsuldar qüvvələrdən istifadənin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan yara­dır. O qeyd edirdi ki, «kredit ölkənin məhsuldar ehtiyatlarını artır­masa da, məhz onun sayəsində istehsal fəaliyyətində daha dolğun şə­kildə istifadə olunur. Etimadın artması ilə ən xırda kapital hissəcik­ləri belə: hər bir insan tərəfindən yığılan (saxlanılan) məbləğ də isteh­sala cəlb edilə bilir. Bunun üçün başlıca alət depozit banklarıdır… Beləliklə, kredit, ölkənin bütün kapitalının məhsuldar kapitala çevril­məsi üçün zəruri olmaqla, həm də ölkənin məhsuldar ehtiyatlarından daha yaxşı istifadə vasitəsi kimi çıxış edir.

C.S.Mill kreditin tədavüldəki pulların əvəzlənməsi üçün isti­fadə olunduğu dörd üsul və ya formasını nəzərdən keçirmişdir. O ya­zırdı: «Ticarət kitabında hər hansı kredit formasının kredit gücü yal­nız bir alqı üçün əsas verir, vekselin verilməsi həmin kredit vahidinə vekselin sahibi neçə dəfə dəyişərsə, o qədər də alqı üçün imkan yara­dır; hər banknot buraxılışı bankirin kreditini bu banknotun kimin əlinə keçməsindən asılı olmayaraq alıcılıq qabiliyyəti ilə təmin edir». O sonra qeyd edirdi ki, «kredit verilməsinin dördüncü forması da var­dır – bankirin adına verilən çeklər, yaxud bank kitabları üzrə köçür­mələr də, hansı ki, bütün xüsusiyyətlərinə görə banknotları xatırla­dır, kreditin genişləndirilməsi üçün imkan açır…». Bu konsep­siya Millin sayəsində geniş yayıldı və daha geniş kredit nəzəriyyələri üçün əsas oldu və bu nəzəriyyə K.Marks tərəfindən işlənib hazırlandı.

Böyük depressiya dövründə ABŞ hökuməti heç də asan olmayan bir müəmmanı həll etmək məcburiyyətində qaldı: durğunluq vəziyyətində olan və bununla belə tam tarazlıq halına çatmış milli iqtisadiyyatı necə hərəkətə gətirmək? Firmalar özünü maliyyə­ləşdirmir, ev təsərrüfatları heç nə yığmırlar, heç kim kredit vermir, irimiqyaslı xarici investisiyalar yoxdur. Bəs onda iqtisadiyyatın real sektoruna investisiyaların kütləvi şəkildə cəlb edilməsi, ev təsərrü­fatlarının fəaliyyətində əhalinin yığıma cəhdləri hansı amillərdən asılıdır?. C.Keyns üç belə amilin olması qənaətinə gəldi:

Birinci amil – bu insanların psixologiyasıdır. Yığıma təsir edən fundamental psixoloji amillər aşağıdakılardır: 1) istehlaka olan psixoloji meyil; 2) likvidliyin qavranılması; 3) kapital aktivlərindən gözlənilən gəlirlərin psixoloji olaraq qiymətləndirilməsi.

İkinci amil – yığım birbaşa gəlirdən asılıdır, hər şeydən əvvəl isə əmək haqlarından, hansı ki, sahibkar və işçi arasında sövdələşmə ilə müəyyən edilir.

Üçüncü amil – ümumi iqtisadi vəziyyətə məcbu tələb təsir edir, ona isə pulun miqdarı təyinedici təsirə malikdir ki, bu da mərkəzi bankın fəaliyyətindən asılıdır.

Göstərilən amillər sisitemli şəkildə təsir etdikdə böhrandan çıxış yoluna və iqtisadi artıma gətirib çıxara bilər ki, bu da borc iq­tisadiyatının yara­dıl­ması hesabıan baş verir: hökumət saxta tələb for­malaşdırır və bunun sayəsində gəlirlər artır, istehlaka meyil güclənir, kapital əmlakından gözlənilən gəlir yüksək qiymətləndirilir.

Əhalinin gəlirləri iki hissəyə bölünür: bir hissə istehlaka, digər hissə isə yığım üçün ayrılır. C.Keynsin mühakimələrinin ümumi əsasını (BVF tərəfindən Rusiya və digər zəif inkişaf etmiş ölkələr üçün şərh edilən monetarizm konsepsiyasından fərqli olaraq) əhalinin əldə etdikləri pul gəlirlərinə görə alıcılıq qabiliyyətinin stimul­laş­dırılması təşkil edir.

Ehtiyatlılıq, Tədbirlilik, Qənaətcillik, Yaxşıya can atmaq, Müstəqillik, Təşəbbüskarlıq, Məğrurluq və Xəsislik kimi xüsu­siyyətlər yığıma meyil stimulları ola bilər.

Yığım ikinci dərəcəlidir, istehlakdan törəyir. Əgər gəlir aşağıdırsa, o, bütövlükdə istehlak olunacaq və yığım sıfra bərabər olacaq.

C.Keyns hesab edirdi ki, yığımların likvidliyi və yığıma görə faiz bir-biri ilə tərs mütənasibdir: likvidlik nə qədər yüksəkdirsə, gəlirlik bir o qədər aşağıdır. Doğrudan da, əgər siz pulu evdə «corabın içində» saxlasanız, o sizə faiz gətirməyəcək. Tələb olu­na­nadək əmanət minimal faiz gətirir, müddətli əmanət isə müddət artdıqca və müvafiq olaraq likvidlik aşağı düşdükcə faiz artır.

Qeyd edək ki, likvidliyə üstünlük verilməsi dünyanın bütün xalqlarına xas olan xüsusiyyət deyildir. Məsələn, hiperinflyasiya şərai­tin­də insanların davranışlarında əsas psixoloji amil ka­pital­laşmaya deyil, sər­vəti qorumağa cəhd etməkdir. Nəticədə inflyasiya gözləmələri inves­ti­si­ya qoyuluşlarının artımasına deyil, istehlak məhsullarına tələbin sürətlə artmasına səbəb ola bilər. O zaman pul yığımları real yığıma çevrilmə­yə­cək.

Ölkə iqtisadiyyatının tipindən və inkişaf səviyyəsindən asılı olaraq sərvətin yüksək likvidli deyil, azlikvidli (daşınmaz əmlak) və ya hətta qeyri-əmtəə formalarına üstünlük verilə bilər. Yalnız kifayət qədər sabit pul tədavülü şəraitində inkişaf etmiş əmtəə istehsalı zamanı sərvətin yüksəklikvidli formalarına üstünlük verilir.


10.2. Faiz haqqında iqtisadçıların nəzəri düşüncələrinin təhlili
Faiz nəzəriyyəsi mak­roiqtisad elminin tədqiqat mövzuları içində ən ziddiyyətli və mürəkkəb məsələlərindən biridir.

10.2.1. Klassiklərin faiz haqqında nəzəri düşüncələri
Klassiklərin faiz nəzəriyyələri haqqında əsərlərində - faiz həddi kapital ba­zarında, tələb edilən sərmayə ilə təklif olunan sər­mayə miqdarları tə­rə­fin­dən təyin edilməklə, sərmayə təklif və tələbinin kə­siş­diyi nöqtəni isə tarazlı faiz həddi olaraq qəbul etmişlər. Sərmayə təklifi yı­ğıma bərabər olub, yığım bir fədakarlığın qarşılığında gözlənilən mü­ka­fa­ta bağlıdır. Faiz həddi yük­səl­di­yi zaman, gözləmə və fədakarlığın mükafat həd­di artacağından yığım da av­to­matik artacaqdır. Faiz həddi endiyi zaman göz­ləmə və fədakarlıq kifayət də­rə­cədə müka­fat­lan­dı­rıl­madığından, yığım da azalacaqdır. Başqa bir sözlə, yı­ğım faiz həddindəki dəyişmələrə qarşı həs­sasdır. Bazar tazazlığı sərmayə tək­li­fi ilə sərmayə tələbinin bərabər ol­du­ğu faiz həddində meydana gəlir. İn­ves­ti­si­ya tələbi (I), yığım təklifi (y) və faiz həddi (F) hərfi ilə göstərilirsə, klassik faiz nəzəriyyəsinin funksional mü­nasibətini aşağıdakı kimi göstərə bilərik: F= f (I,y) bərabərliyi ilə ifadə edilir.

Klassik faiz nəzəriyyəsində faiz həddi finans ba­zarında, yəni tələb edilən sərmayə ilə təklif olunan sərmayə miqdarları tə­rə­­fin­dən təyin edilməkdədir. Ümumiyyətlə, faiz, sərmayə təklif və tə­lə­bin kə­siş­diyi nöqtədədir. Hər hansı bir bazarda sərmayənin istifadəsi üçün ödə­nilən bir qiy­mətə faiz deyilməkdədir. Sərmayə təklifi yığıma bərabər olub, əmanət bir fə­da­karlığı, gözləmə külfətinə qatlanmağı gərəkdirir. Faiz yük­səldiyi zaman, göz­ləmə və fədakarlığın mükafatı artmış olacağından yı­ğım artar. Faiz həddi düş­dü­yü zaman gözləmə və fədakarlıq yetər dərəcədə mü­kafat­landırılmamasından do­layı yığımı azaltmaqdadır. Bunu başqa bir cüm­lə ilə ifadə etsək, yığım faiz həd­dindəki dəyişmələrə qarşı elastikdir. Sə­r­ma­yə tələbi şirkətlərin inv­es­ti­si­ya­la­rı­na, dövlət və istehlakçıların sərmayəyə olan ehtiyaclarına bağlı olub, investisiyadan əldə edilməsi nəzərdə tutulan gəlir­liyinin böyüklüyünə bağlıdır. Bu baxımdan sərmayə tələbi faiz həddindəki dəyişmələrə qarşı elastikdir. İn­ves­tisiya tələbi (I), yığım təklifi (S) və faiz həddini (Q) hərfi ilə göstərsək klassik faiz nəzəriyyəsinin funksional münasibəti Q=F(I,s), bərabərliyi ilə ifadə edilir.

Beləliklə, klassik iqtisad nəzəriyyəsinə görə, faiz, yığımın, yəni is­te­h­la­kın qənaətinin qarşılığıdır. Bu nədənlə, faiz həddi ilə yığım həcmi arasında bir bağlantı, yəni funksional bir ilişki vardır. Bu bağlantı iq­tisadiyyat dilin­də, yığım həcminin faiz həddi qarşısında əsnək (elastik) olduğu mənasında da ifadə edilir. Buradakı fikir, yığım həcminin faiz həcminə bağlı olaraq artıb və ya azalmasıdır. Buna görə, fərdlərin və dolayısı ilə ölkənin yığım mey­li sabit ikən, faiz həddi yüksəlirsə yığım miqdarı artar, istər isə yığım miq­darı azdır. Əgər bir ifadə ilə, faiz yığımın təklif qiymətidir. İqtisad dərs­lə­rindən bildiyiniz kimi, hər hansı bir malın qiyməti artdıqca və əksilincə tək­lifi də artar (ya da əksilirsə), eyni formada, faiz yüksəlincə ya da düşüncə yı­ğım həcmi də artar (ya da azalar).


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə