Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə22/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

8.2. Kreditin mahiyyəti
Kreditin rüşeymlərinin, köklərinin qədim dövrlərə gedib çıx­ması, bütünlükdə iqtisadi inkişafla yanaşı öz fəaliyyətini davam etdir­məklə məhsuldar qüvvələrin artmasına xidmət etməsi kreditin mahiyyə­tinə cəmiy­yətin maraq göstərməsini labüd etmişdir. Odur ki, kreditin mahiyyəti haqqında sadəcə deyilərsə – çox yazılmışdır, de­mək olar. Bununla belə, kredit bəzi elmi məsələlər kimi yalnız elmi dairələrdə müzakirə edilən məhdud və ya qapalı bir obyekt deyildir. Müasir anlamda insanların böyük əksəriyyəti kredit haqqında nə isə bilir, iş adamları isə ondan nə isə umur. İqtisadçılara gəldikdə, onlar üçün kreditin mahiyyətini dəyərli elmi mənbələrə əsasən daha mükəm­məl öyrənmək məsləhətdir.

Biz bu məsələdə seçim etməklə, mövcud müddəaların ən layiqlə­rini öz mülahizələrimizlə birlikdə nəzərə çatdırırıq.

Kreditin mahiyyətinin aydınlaşdırılmasında onun fəaliyyət gös­tər­­diyi mühitin, onunla yanaşı iqtisadiyyata xidmət edən digər iq­tisadi kateqo­riyalarla əlaqəsinin nəzərdən keçilməsi mətləbə yaxınlaş­mağa kömək edir. Kredit məhz hansı kateqoriyalar sırasında­dır, hansı münasibətləri ifadə edir kimi sualların cavablandırılması burada yerinə düşər.

Kredit münasibətlərinin pul münasibətləri ilə müqayisəsində onla­rın bir sıra fərqləri müəyyən edilmişdir. Düzdür, kredit də pul münasibətləri sıra­sındadır. Kreditlərin başlıca olaraq pul formasında hərəkət etməsi bu cəhət­dən diqqəti cəlb edir. Lakin kredit pul münasibət­lərinin yalnız bir hissəsini təşkil edir və həcm etibarilə heç də onunla tənləşə bilməz.

Pul öz funksiyalarını yerinə yetirməklə özünəməxsus mahiyyə­tini ortaya qoyur, əmtəə və xidmətlərin ödənilməsində ekvivalent kimi çıxış etməklə, cəmiyyət üçün olduqca faydalı iqtisadi alət ol­duğunu göstərir. Pulun kredit qismində hərəkəti isə tamamilə başqa münasibətləri səciyyələndirir. Əgər pul funksiyalarının yerinə yetiril­məsi konkretləşdirilmiş ifadə ilə deyilsə – satıcı və alıcı arasındakı müna­sibətləri ifadə edirsə, kredit münasibətlərində iştirak edən tərəf­lər kreditor və borcalanlar sifətilə qarşılaşırlar. Sadəcə əlahiddə alqı-satqıda iştirak edənlər arasındakı sövdələrdə, başqa şərtlər sabit qaldı­qda ekvivalentli mübadilə baş verir. Tərəflər ümumi razılıqla sağollaşıb ayrılırlar.

Kredit münasibətlərində isə, əvvələn faiz şəklində əlavə gəlir əldə edilməsi (ödənilməsi) baş verir, digər tərəfdən haqq-hesab başa çatana qədər tərəflər arasında qanunlar və ənənələrə uyğun olmaqla əlaqələr davam etdirilir. Əlbəttə ki, bu müqayisədə ayrı-ayrı kredit əqdlərinin baş verməsindən irəli gələn hərəkətlər nəzərdə tutulur. Eyni bir kreditorla kredit sövdələşməsinin başqa bir vaxtda, yaxud digər əqdlərlə təkrarlanması istisna edilmir, hər dəfə həmin əqd kredit münasibətləri xarakterində qalır. Əlbəttə ki, alıcının əmtəə satıcısı ilə vaxtdan-vaxta qarşılaşıb yeni partiya mal alması da gözlənilən hadisə­dir və bu sövdələrin neçə dəfə təkrarlanmasından asılı olmaya­raq münasibətlər pulun tədavül və tədiyyə vasitəsi funksiyalarının yerinə yetirilməsindən kənara çıxmır. Başlıcası isə dəyərin artması baş vermir, tələb və təklifin tənləşməsi fərz edilməklə əmtəə və pulun öz sahiblərini, mülkiyyətçisini dəyişməsi ilə iş tamamlanır. Alqı-satqı prsoes­lərində dəyərin qarşılıqlı hərəkəti tərəflərdən birinin lazım olan əm­təəni əldə etməsi ilə, o birinin isə pul əldə etməsi ilə nəticələnir ki, bu, mənaca tərəflərin niyyətlərinin baş tutmasını səciyyə­ləndirir.

Fikrimizcə, krediti pul kimi puldan fərqləndirən daha mühüm xüsu­siyyət bəzi istisnalar olmaq şərti ilə kreditin kapital qismində istifadə­sidir.Kreditor və borcalan kreditin təyinatı üzrə səmərəli istifa­dəsi sayəsində yaranan (əldə edilən) mənfəətdən öz paylarını al­maqla faydalanır.

Baxmayaraq ki, kredit başlıca olaraq pul şəklində verilir, bu za­man pul kreditin maddi daşıyıcısı olmaqla dəyərin kredit münasibətlə­rinə xas olan qanunauyğunluqlarla hərəkətini təmsil edir. Pul alıcıdan, satıcıya keçməklə öz tədavül (və ya tədiyyə) funksiyası­nın yerinə yetirilməsini başa çatdırır və əvvəlki sahibini həmişəlik ola­raq tərk etməklə geriyə qayıtmaz olur. Kredit sövdələş­məsi dairəsində kreditordan borcalanın sərəncamına keçən pul isə kreditin əsasların­dan biri olan şərtlərlə, artmış şəkildə geri qayıdır.

Kreditin oxşarları sifətində hallandırılan iqtisadi kateqoriyalar­dan biri də maliyyə kateqoriyasıdır. İndiki dövrdə «maliyyə» anlayışı­nın həddindən artıq yüklənməsini nəzərə alsaq, fikrimizcə, kreditin bilavasitə dövlət büdcəsi ilə, mənfəət kateqoriyası ilə ma­hiyyət müqayisəsinə istinad edilsin. Dövlət büdcəsinin öz funksiya­ları, adı-sanı var və o da gəlirlərini məhz pula toplayır, xərclərini pul şəklində istifadəyə yönəltməklə nəzərdə tutulan tədbirlərin ma­liy­yələşdi­rilməsini təmin edir. Dövlət büdcəsinin kreditdən fərqi bütün ay­dınlığı ilə dövlət büdcəsinə pulların ölkə qanunlarına riayət edilməklə müvafiq ödəyicilərdən alınması yolu ilə birdəfəlik (yaxud geri qaytarılmamaq) şərti ilə yığılması və təsdiq edilən il üçün büdcə haqqında qanunla pulların birdəfəlik (geri qaytarılmadan) xərclərə yönəldilməsindən ibarətdir.

Kreditin mahiyyətinə isə kreditorlar tərəfindən verilən vəsaitlə­rin geri qaytarılmaq şərtinə əsaslanması həkk edilmişdir. Fikrimizcə, ölkə iqtisadiyyatı və sosial həyatının pul vəsaitləri ilə təmin edilməsin­dən ibarət olan böyük gövdənin haçalanıb iki nahəng budağa ayrılması­nın əsası bunlardadır. Dəyərli anlayışlar, həm də fəaliyyət (əməliyyat) sahələri olaraq maliy­yələş­dirmə və kreditləşdirmənin yer alıb cəmiyyətdə qəbulu da həmin təkzibedilməz faktlardan irəli gəlir.

Kreditin muzdlu əməyin haqqının ödənilməsi praktikası ilə müqayi­səsinə, kommunal xidmətlərinin ödənişləri ilə, ödənişlərdə hər hansı təxirəsalmalar ilə müqayisəsinə rast gəlmək olur. Amma, bunlar­dan irəli gələn münasibətlərin kredit münasibətləri olmadığını, bu sferalarda pulun hərəkətinin kreditin hərəkəti olmadığını sübut etmək çətin deyildir. Amma sığortalama (sığor­talanma) məsələsində müqayisə mürəkkəbləşir. Burada diskussiyalı cəhət sığorta fəaliyyəti­nin maliyyə, yoxsa kredit münasibətlərinə aid edilməsindədir. Fikri­mizcə, sığorta işinin xarakterindən irəli gələn bu diskussiya nə qədər davam etdirilsə bir o qədər uzanar. Bunun qurtarması diskussiya tərəflə­rindən birinin sübutları ilə həll oluna bilməz, çünki əks tərəfin də arqumentləri vardır.

Hər halda sığortanın kreditlə eyniliyini deyil, oxşarlığını qəbul et­mək olar. Bunların qarşılıqlı əlaqəsinə gəldikdə isə, sığortalama sayə­sində topla­nan vəsaitlərin əsasən uzunmüddətli yığımlar xarak­teri daşımasından irəli gələrək, həmin fəaliyyətin kreditə müvafiq sə­viyyədə əməli dəstək verdiyini qeyd etmək olar. Çünki, bu vəsaitlər bankların cəlb edildiyi dəyanətli mənbələrdən biri ola bilər. Sığorta təşkilatları özləri borcverənlər qismində çıxış etdikdə məsələ xeyli başqa­laşır və sığorta fəaliyyətinin kreditləşdirmədən öz xeyri üçün bəhrələnməsi baş verir.

Müasir elmi müddəaların bəzilərində kreditin mahiyyətinin aş­kara çıxarılmasında kreditin təbiəti, kreditin məzmunu, habelə kredi­tin meydana gəlməsi səbəbləri ilə eyniləşdirilməsi, bəzilərində isə belə yanaşmaların inkarı hallarının olması diqqəti cəlb edir. Fikrimizcə, bunların vəhdətinə diqqəti yönəltəmək məsələnin daha dolğun iza­hına kömək edərdi.

Kreditin meydana gəlməsi üçün hər şeydən əvvəl ona əlverişli mühit olmalıdır. Onun geniş məkanı əmtəə – pul münasibətləridir. Əmtəə istehsalı və mübadiləsinin inkişaf səviyyəsi, onun məqsədləri, pul münasibətlərinin dairəsi kreditin varlığına çoxtərəfli təsir göstərir. Əmtəə pul münasibətləri kreditdən istifadə olunmasına şərait yaradır. Kreditin mahiyyəti müasir şəraitdə iqtisadiyyatın təşkili və idarə olun­ması xüsusiyyətləri ilə, dəyər qanunun tələblərinin nəzərə alın­ması ilə əlaqəlidir. Bütün təşkilat formalarında olan müəssisələrin təsərrüfat müstəqilliyi, istehsal və satışla əlaqədar xərclərin ödənil­məsi, müxtəlif təsərrüfat subyektləri ilə əlaqələrdən irəli gələn öhdə­liklərin yerinə yetirilməsi tələbləri kredit münasibətlərinin baş vermə­sinə şərait yaradır. Kreditin mahiyyət xarakteristikası onun resursları bil­dirilmədən mümkün deyildir. Kredit resurslarının yaranması və onların iqtisadiyyata yönəldilməsi bir sıra obyektiv amillərin təsiri altında olmaqla, kreditin real surətdə təsərrüfat proseslərinə xidmət etməsini şərtləndirir. Bunlardan ən başlıcası iqtisadiyyatda kapitalın dövranındakı qanunauyğunluqlarla bağ­lıdır. Vəsaitin dövranındakı qanunauyğunluqlar milli iqtisadiyyat sahələri üçün ümumi, ayrı-ayrı təsərrüfat təşkilatları üçün konkret (fərdi) xarakter daşıyır. Ümumi­likdə bütün təsərrüfat sahələri üçün kapitalın dövriyyəsi mərhələləri, dövriyyədə olan kapitalın formaları, dövriyyənin başa çatması nəticə­sində əldə olunan gəlirlər, təkrar istehsalın bu gəlirlər hesabına da­vam etdirilməsi xarakterikdir. Bunların çoxsaylı təsərrüfatlarda tə­zahürü kütləvi xüsusiyyətlərin olmasını ortaya qoyur. Kreditin ma­hiyyəti nöqteyi-nəzərindən əsas məsələ kredit verilə bilməsi üçün resursla­rın yaranması və onların səfərbərliyə alınıb kredit kimi istfia­dəyə verilməsidir. Bazar iqtisadiyyatı şəraitində bu resurslar heç də vahid mərkəzdə toplana bilməz, odur ki, «mərkəzləşdirilmiş ssuda fondu», onun bölüşdürülməsi aradan qalxır. Amma həmin resursla­rın bazar iqtisadiyyatına uyğun qaydalarda toplanıb istifadəsi mütə­madi xarakter daşıyır. İzahın sadə və aydınlığı xatirinə kredit resurs­larının yaranması və istifadəsini müəssisələr (təkrar istehsalın həlle­dici subyekt­ləri) timsalında izah etmək olar. Kredit resursları onların sərən­ca­mındakı kapitalın dövranı prosesində pul vəsaitlərinin «gəl­məsi» və «getməsi» sayəsində yaranır. Amortizasiya ayırmaları, mən­fəət, müxtəlif təyinatlı fondlar, gəlirlərin digər elementləri müvəqqəti sərbəstləşə bilir. Təbii ki, müasir idarəetmə ilə onlar bank hesabla­rında olmaqla, məhdudlaşmayan müddətdə qalır. Neçə gün qal­ma­sın­dan asılı olmayaraq sərbəstolma müddətində onlar kredit resurs­ları olaraq istifadə oluna bilir. Bunlar təcrid halında deyil, ümumi­likdə kredit üçün sanballı əsasa çevrilir. Bütünlükdə ölkə iqtisa­diy­yatında, bir şəhər, bir rayon, yaxud yüz müəssisə çərçivə­sində bank hesab­larındakı azad vəsaitlərin qalığı böyük məbləğə ça­tır.

Bu kəmiyyət dəyişikliyi sayəsində əhəmiyyətli bir keyfiyyət dəyişik­liyi baş verir ki, bu da ayrı-ayrı yerlərdə xeyli həcmdə kredit resursları yaradıb kredit fəaliyyəti ilə məşğul olmağa şərait yaradır.

İqtisadiyyatda yaranan müvəqqəti azad pul vəsaitlərinin hərəkət­siz qalması ölkə üçün böyük itki demək olardı. Kredit mü­na­sibət­­ləri təkcə müvəqqəti azad pul kapitalları və yığımlarının səfər­bərliyə alınmasını deyil, eləcə də onların məqsədəuyğun, məhsul­dar istifadə olunmasını əhatə edir. Kreditin mahiyyətində bu iki cəhət xüsusi əhəmiyyət kəsb edir. Kreditin əmələ gəlməsində digər mənbələ­rin də özünəməxsus rolu vardır ki, bunlar da kreditin mahiyyətinin daha dolğun ifadəsinə xidmət edir. Bunların sırasında dövlət büdcəsi­nin icrası prosesində əmələ gələn, əhalinin əmanətləri hesabına yara­nan, müxtəlif qeyri-maliyyə təşkilatların hesablarında qalan pul vəsait­ləri əhəmiyyətli yer tutur. Bu vəsaitlərin akkumulyasiyası və istifadəsi kredit münasibətləri dairəsində baş verir.

Kreditin mahiyyət xarakteristikasında etibar məsələsi ixtisasa aid ədəbiyyat mənbələrində vurğulanır, bəzən də bunun izahı geniş bir mənzərə alır. Burada obyektiv olan cəhət kredit sözünü latınca­dan tərcüməsindən «etibar», yaxud «inam» mənasının alınmasıdır. Fikrimizcə, kreditin mahiy­yətini heç cür etibarla eyniləşdirmək ol­maz. Etibar psixoloji yanaşmanın bir növüdür. Birinə biri etibar edir, başqası yox. Tutaq ki, nə zamanlardasa etibarla borc verilib. Axı, insan xarakterlərində dərin dəyişikliklər baş vermiş, münasibətlər də başqalaşmışdır. Hətta bunu da kənara qoyub müasir kreditləşdirmə praktikası öyrənildikdə kreditin verilməsinin əsl mənada süzgəcdən keçirilən əsaslara söykəndiyinin şahidi oluruq. Kreditin mahiy­yə­tini haradasa, nə vaxtsa etibar zəminində pul ssudası, yaxud əmtəənin borc verilməsi kimi təsadüfi hallar müəyyən edə bilməz.

Mahiyyət kütləvilik, mütləq çoxluq əsasında meydana çıxa bi­lər. Bu isə borcalanların kredit qabiliyyətinin ümumən yoxlanması ilə şərtləndirilən kreditləşdirmə prosedurlarından keçir.

Kreditin varlığı obyektiv iqtisadi amillərdən irəli gəlir. Onun ma­hiyyəti borc kapitalının hərəkətini təmsil etməsi ilə müəyyən edilə bilər. Kreditin mahiyyət xarakteristikasında bəlli olan mühüm müddəa­lar sırasında kreditin strukturu, prinsipləri və hərəkətinin ümumi əsasları mühüm yer tutur. Kreditin strukturu anlayışında kre­dit münasibətlərində qarşılıqlı əlaqədə olan tərəfləri, borc verilən vəsait­lər (dəyər daşıyıcıları) və kreditin hərəkəti mərhələləri nəzərdə tutulur. Tərəflər və onların kredit əlaqələrindəki möv­qeyi aydın su­rətdə görünməkdədir.

Ssudaları verən subyekt kreditor, ssudanı olan subyekt borca­lan adlanır. Kredit münasibətlərində iştirak edənlərin özünəməxsus yeri və vəzifələri vardır. Bazar iqtisadiyyatı ideyalarına əsasən kredi­tor və borcalan bərabərhüquqlu, maraqları qarşılıqlı surətdə uyğun gələn hüquqi və fiziki şəxslərdir. Onların kredit sövdələşməsinin ye­kunu kredit müqaviləsinin bağlanması ilə tamamlanır ki, razılaşma tərəflərin bu məsələdə vəzifələrini, hüquqlarını və məsuliyyətini müəyyən edir.

Kredit münasibətlərinin struktur elementləri olaraq səciy­yələndiri­lən məsələlərdən biri kreditordan borcalana keçən (veri­lən) obyektdir ki, o, ssuda olaraq kreditordan borcalana keçən dəyər adlandırılır.

Kreditin əsaslarından biri kimi xarakterizə edilən məsələlərdən biri kreditin hərəkəti mərhələləridir. Məlumdur ki, kredit əvvəlcə yerləşdi­rilməli olur, müəssisələr və digər borcalanlar onu alıb istifadə edir, müəyyən vaxtdan sonra krediti qaytarmaq imkanı yaranır və alınmış kredit məbləğinin (faiz əlavəsinin də) kreditora qaytarılması baş verir.

Kreditləşdirmə müəyyən prinsiplərə əsaslanmaqla həyata keçiri­lir. Xüsusi diskussiyasız surətdə kreditin aşağıdakı prinsipləri göstə­rilə bilər:

- kreditlər borclu tərəfindən kreditora qaytarılmalıdır. Dünya prakti­kasına görə benefisiarın nəzərdə tutulduğu müstəsna hallar məlum­dur;

- kredit maddi təminata malik olmalıdır. Təminatsız kreditlər müstəsna hallarda ola bilir;

- alınan kreditlərə görə haqq ödənilməlidir;

- hər bir kredit əqdinin müddət müəyyənliyi olmalıdır.

Kreditin prinsipləri haqqında digər deyilənlər, fikrimizcə, ayrı-ayrı müəllif­lərin subyektiv yanaşmalarıdır. Onların sırasında nisbətən ağlabatan kreditin məqsədli xarakter daşımasıdır. Kreditin prinsip­ləri­nin müvafiq izahları vardır.

Ümumilikdə kreditləşdirmə prinsipləri kreditin əsaslarından biri­dir.
8.3. Kreditin funksiyaları
Adətən iqtisadi kateqoriyaların öyrənilməsində onların mahiy­yətin­dən sonra funksiylarının verildiyi özünü göstərir. Maliyyə­nin funksiyaları, pulun funksiyaları, bankların funksiyaları nə dərəcədə əhəmiyyətlidirsə kreditin funksiyaları da ondan ötrü əhə­miyyətlidir.

Kreditin funksiyalarına kreditin ətraf mühitlə qarşılıqlı əlaqələri kimi baxılır. Kreditin funksiyaları kreditə xas olan elə əlamətləri özü­ndə birləşdirir ki, onlar bu kateqoriyaya xas olmaqla daimi olaraq onda qalır. Əlbəttə ki, funksiyalar da öz növbəsində inkişaf edir.

Bu cəhətləri ifadə etdiyi üçün obyektiv xarakter daşıyır, onun sabit­liyi də buna əsaslanır.

Kreditləşdirmə müəyyən bir spesifik proses olduğuna görə kredi­tin funksiyaları da öz spesifikliyi ilə fərqlənir. Kreditin funk­siyala­rına xas olan ümumi cəhətlər onun bütün formaları ilə bağlı­dır.

Funksiyalar kreditin bütün formalarının qarşılıqlı təsirlərini sə­ciy­yələndirir. Bu o deməkdir ki, kreditin ayrı-ayrı formalarının ayrı-ayrı növlərinin funksiyaları yoxdur. Funksiya vahid iqtisadi kateqo­riya olmaqla kreditin maliyyəti ilə bağlıdır.

Funksiyalar kreditin tamlığının saxlanmasına xidmət edir.

Qeyd etmək lazımdır ki, kreditin funksiyaları elmi dairələr üçün çoxdan bəri diqqəti çəkən məsələlərdən biri olmuş və ixtisas sahə­sində müxtəlif müəlliflərin yazılarında yer almışdır. Həm də kreditin funksiylarının qəbu­lunda və təhlilində fərqlər vardır. Bəzi müəlliflər kreditin iki funksiyasının üzərində dayanır, bəziləri üç, bəziləri daha çox sayda funksiyasının olmasında israr etmişlər. Nisbətən qısa müddət ərzində Azərbaycanda ixtisas fənlərinin öyrənilməsi üçün bura­xılan kitablarda da vahidlik olmadığı görünməkdədir. Aydındır ki, müəlliflər bəyəndikləri nöqteyi – nəzərlərdəki müddəaları yaz­mış­lar.

Əksər hallarda müəlliflərin göstərdiyi funksiyalar sırasında onlar­dan ikisinin öz yerini saxladığı göstərilə bilər. Bunlar kreditin yenidən böluşdürmə funksiyası və həqiqi pulların kredit əməliyyatları ilə əvəz alınması funksi­yasıdır. Həmin funksiyalar müəyyən mənada mübahisə doğurmadan kreditin xarakteristikasına yazıla bilər. Kredi­tin funksiyaları barəsində digər müddəaları burada ətraflı təftiş etmə­dən qeyd etmək mümkündür.

Kreditin yenidən bölüşdürülmə funksiyasında kredit vasitəsilə kredi­tor borcluya bir halda müvəqqəti istifadə edilmək üçün əmtəə- material dəyərliləri, başqa halda isə pul vəsaitini verir. Pul vəsaitinin borca verilməsi müasir dövr üçün daha çox xarakterikdir.

Onların arasındakı fərq obyektin müxtəlifliyindədir.

Kreditin yenidən bölüşdürmə funksiyası üçün dəyərin yenidən bölüş­dürülməsi əsasdır. Yenidən bölüşdürmə ərazi və sahə prinsipləri üzrə gedə bilər. Kredit münasibətlərinə müxtəlif hüquqi və fiziki şəxs­lər yerləşdiyi asılı olmayaraq girə bilər. Kreditor və borclunun harada ol­masından asılı ola­raq, yenidən bölüşdürmə ərazilərarası bölüş­dür­mə xarakterini alır.

Yenidən bölüşdürmə ilə bir təsərrüfat sahəsinə məxsus pul və­saiti kreditor tərəfindən başqa təsərrüfat sahəsinin borcalanına fərq qoyulmadan verilir. Müəssisələr ilə banklar arasındakı münasibətlə­rin sıxlaşdığı şəraitdə sahələrarası yenidən böluşdürmə əsas yer tutr. Bankların cəlb etdiyi vəsaitlər idarəçilik xarakterini itirir, onlar ban­kın ümumi resurslarına birləşir, bu və ya digər borcalana kredit hara daxil olan resurslardan asılı olmayaraq verir. Ümumən ərazidaxili yenidən bölüşdürmə qaytarlımaq şərtilə müəssisələr tərəfindən kredi­tin banklardan alınmasında özünü göstərir. Kredit əsaslarında və­saitlə­rin yenidən bölüşdürülməsi təsərrüfatdaxili bölüşdürülmə sayıla bilməz. Çünki, bir müəssisə daxilində kredit əqdi baş verə bil­məz. Yəni, müəssisə özü-özünə kredit verməz. Kreditin hərəkəti müstə­qil olan iki subyekt arasında ola bilər.

Kredit vasitəsilə vəsaitlərin yenidən bölüşdürülməsinə müxtəlif sə­viy­yələrdə baxıla bilər. Müəssisələr səviyyəsində onlar kredit münasi­bətlərinin subyektləri hesab edilməklə fərdi dövriyyə çərçivə­sində əmtəə-material dəyərlilər və pul vəsaitləri hərəkət edir. Xalq təsərrü­fatı miqyasında dəyərin məcmu dövriyyəsi miqyasında kredit vasitəsilə ümumi daxili məhsulun və milli gəlirin yenidən bölüş­dürülməsi təmsil olunur. İstər xalq təsərrüfatı miqyasında və istərsə də vəsaitin fərdi dövriyyəsində kredit vasitəsilə yenidən bölüşdürmə material dəyərlilərin, məhsulun və milli gəlirin hərəkəti sayəsində mümkün olur. Kapitalın pul, məhsuldar və əmtəə formaları al­ması buna şərait yaradır.

Kreditin resurslarının yenidən bölüşdürülməsinin mühüm cəhəti odur ki, o, həm yeni yaradılan dəyərə və həm də əvvəlki dövrlərdə yaradılmış dəyərə şamil edilir.

Kreditin yenidən bölüşdürülmə funksiyası vasitəsilə ümumi məh­sul və milli gəlirin yenidən bölüşdürülməsi təcrübədə maddi nemətlə­rin yenidən bölüşdürülməsinə gətirib çıxarır, bu da onun xüsu­siyyətlərindən biridir.

Kreditin yenidən bölüşdürmə funksiyasının xarakterinə gəl­dikdə göstərilə bilər ki, kreditor borc alana kredit verir, o isə bu kre­diti özündə vəsait azad olduqda qaytarır. Kreditor özündə təsərrü­fatla bağlı olan vəsaiti ssuda kimi verə bilməz. Yəni, borcalan özündə və­saitin azad edilməsi baş verənə qədər krediti qaytara bilməz.

Kreditin yenidən bölüşdürmə funksiyası dəyərin yalnız müvəq­qəti azad olan hissəsinə aid edilə bilər. Başqa bir halda bu yenidən­bölüşdürmə həm də realizasiya prosesinin davamı ola bilər.

Kreditin kommersiya formasında istehsalçı müəssisə öz məhsu­lunu alıcıya ödənişin təxirə salınması yolu ilə satır, yəni kredit əsa­sında verir. Satılan əmtəələrin nisyə verilməsi, başqa sözlə, ödənişdə möhlətin verilməsi üçün bu məhsulun dəyəri ödənilənə qədər kreditor müəssisənin özünün kifayət qədər vəsaitləri olmalıdır. Yaxud da baş­qa mənbədən vəsait almalıdır. Bütün bu hallarda yenidən bölüşdürü­lən dəyər təsərrüfatın müxtəlif halqalarında yara­dılmış dəyər­dən ibarət ola bilər.

Kreditin yenidən bölüşdürmə funksiyasının başqa bir cəhəti də nə­ticə etibarilə məhsuldar xarakter daşımasıdır. Borcluya verilən kre­dit onun vasitəsilə təsərrüfat dövriyyəsinə qoşularaq gəlirlərin yaranma­sında iştirak edir.

Müəssisələr tərəfindən alınmış ssudalar müxtəlif təsərrüfat ehtiyac­larına sərf olunur. Yenidən bölüşdürmə funksiyası üçün müvəq­qəti azad olan pulun istifadəsi də müvəqqəti xarakter daşıyır.

Bir qayda olaraq kreditlər əksər hallarda bilavasitə ssuda alana ve­rilir. Bəzi hallarda hüquqi və fiziki şəxslərdən ibarət aralıq həlqənin ol­masına təsadüf olunur.

Kreditin ikinci funksiyası həqiqi pulların kredit əməliyyatları ilə əvəz olunmasından ibarətdir.

Təsərrüfatlara kreditin verilməsi prosesində belə əvəz edilmə üçün zəruri şərait vardır. Əmtəə və xidmətlərə görə nağdsız hesab­laşma­larla bağlı olaraq bir hesabdan başqa hesaba pulun köçü­rülməsi, ödənişlərin qarşılıqlı zaçot üzrə qalıqların köçürülməsi nağd pulla ödənişləri azaltmağa, pul dövriyyəsindəki strukturu yaxşılaş­dırmağa şərait yaradır.

Məlumdur ki, indiki dövrdə tam dəyərli metal pulların tədavülü yoxdur. Tədavüldə kredit əsasında buraxılan pullar işlədilir.

Metal pulların kredit ilə əvəzlənməsi prosesi qızıl sikkələrin ye­rinə bank­notların tədavül etməsində təzahür edirdi. Lakin qızılın tam demo­netizasiyası, yəni qızıl sikkələrin banktonlarla tam əvəzlənməsi və banknotların öz qızıl əsasını itirməsi vəziyyətin buna uyğun düşmə­sinə gətirib çıxartmadı. Əksinə, kreditin artması, onun əmtəə təsərrüfatının inkişafında mühüm vasitəyə çevrilməsi nəticəsində borcala­nın cəlb edərək təsərrüfat dövriyyəsinə daxil etdiyi dəyər pula xas olan vəzifələri icra etməyə başlayır. Bunun nəticəsində ictimai kapita­lın hərəkəti sürətlənir. Tədavül vaxtı minimuma endirilir və tədavül xərclərinə qənaət edilir ki, bu da kapitalın fəaliyyət səmərəsi­nin yüksəlməsi deməkdir, çünki kapitalın məhsuldar fəaliyyəti genişlə­nir.

Yenidən bölüşdürmə əsasında kreditin təsərrüfat dövriyyəsində pulu əvəz etməsi, ümumiyyətlə pulun əvəz edilməsi deyil, iqtisadi döv­riyyədə pulun müvəqqəti əvəz edilməsi kimi anlaşılır.

Bütün hallarda yenidən bölüşdürmə əsasında təsərrüfat döv­riy­yə­sinə daxil olan kredit pula məxsus olan işləri yerinə yetir­məyə baş­layır. Ondan material dəyərlilər alınmasına, əməkhaqqının ödənil­məsinə və başqa məqsədlərə istifadə edilməsi baş verir.

Yuxarıda göstərildi ki, kreditin funksiyaları barəsində müxtəlif fərqli yanaşmalar var və bir sıra digər funksiyalar da hallandırılır. Onlar qeydsiz-şərtsiz qəbul edilməsə də diqqəti çəkir və fikirlər oya­dır. Biz həmin istiqamətdə irəli sürülən iki funksiyanı qeyd etməyi məqsədəuyğun hesab edirik: kreditin təmərküzləşmə və mərkəzləş­məni sürətləndirməsi funksiyası; müvəqqəti azad pul vəsaitlərinin akku­mulyasiyası funksiyası. Onların özünə görə mənalan­dırılması və izahı vardır. Hətta, xüsusi bir qeyd-şərt qoyulmadan bildirilir ki, kredi­tin mühüm funksiyası kapitalın təmərküzləşməsi və mər­kəz­ləşməsi­nin sürətləndirilməsi funksiyasıdır. Kredit mexanizmi­nin vasitəsilə izafi dəyərin kapitallaşması prosesi daha sürətlə baş ve­rir. Kapitalın təmərküzləşməsinin güclü amili kimi çıxış etməklə kre­dit fərdi yığımın hüdudlarını genişləndirir. Kreditin köməyi ilə fərdi kapitallar onlara digər fərdlərin kapitallarını əlavə etməklə artırılır. Bu mənada kredit fərdi müəssisələrin səhmdar cəmiyyətlərə çevril­məsi və yeni şirkətlərin yaradılması, inhisarların və beynəlxalq şirkətlə­rin meydana gəlməsi amillərindən biridir. Kapitalların mərkəzləş­dirilməsi vasitələ­rindən biri kimi çıxış etməklə kredit ondan isti­fadə edənlərin imkanlarını artırır. Buradan da onun müəssisələrdə rəqabət qabiliyyətinin güclənməsinə təsiri meydana çıxır.

Kreditin müvəqqəti azad pulların akkumulyasiyası funksiyası­nın məzmunu onunla izah edilir ki, müəyyən dövr ərzində gələcək investisiyalar üçün pul yığılması prosesi gedir. Bu vəsaitin toplanaraq müəyyən qədər yüksək səviyyəyə çatdıqda böyük məbləğlə investisiy­aya qoyulması nəzərdə tutulur. Hesab edilir ki, kreditin bu funk­siyası­nın arxasında «yığılma - investisiyalaşdırma» durur. Təd­riclə yığılan pullar onların investisiya olaraq istifadəsinə qədər azad bir şəkildə qala bilir. Buradan nəticə ondan ibarət olur ki, həmin azad vasitələr kredit resursu kimi akkumulyasiya edilə və yerləşdirilə bilər.


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə