|
Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universitetiIV FƏSİL. Müasir beynəxalq və regional inteqrasiyanın nəzəriyyə konsepsiyaları
|
səhifə | 6/20 | tarix | 24.12.2023 | ölçüsü | 0,78 Mb. | | #159298 |
| Drs vsaiti.MP.IV FƏSİL. Müasir beynəxalq və regional inteqrasiyanın nəzəriyyə konsepsiyaları
“Konstruktivist”, Federalizm, Funksionalizm” inteqrasiya nəzəriyyələri, “Dövlətlərarası”, “Beş pilləli inkişaf”, “İnstitusionalizm” konsepsiyaları
“Bazar”, “Dirijizm”, “Neofunksionalzim” inteqrasiya nəzəri yanaşmaları
“Struktur” və “Marksist” inetqrasiya nəzəriyyələri
1) İnteqrasiya prosesləri intensiv şəkil aldığı vaxtdan etibarən müəyyən dövrlərdə müxtəlif templərlə davam etmişdir. Bəzən daha sürətlə, bəzən isə mərhələlər üzrə izlənməsi, problemin təhlili, ən müxtəlif nəzəri konseptual şərhlərin meydana çıxmasına səbəb olmuşdur. Bir mərhələdə təklif edilən, optimal hesab edilən konsepsiya növbəti mərhələ üçün məqbul olmamış, yeni yanaşmalara təkan vermişdir. Nəticədə bu gün bütöv bir beynəlxalq inteqrasiya nəzəriyyələri kompleksinin formalaşmasından danışmaq olar. Bu nəzəriyyələr problemə politoloji yanaşmalar kimi səciyyələndirilir. Belə ki, inteqrasiyanın erkən iqtisadi amillərlə şərtlənən mərhələsi ilə müqayisədə növbəti, daha yüksək – siyasi inteqrasiya mərhələsinə qədəm qoyması zərurəti tamamilə yeni, ziddiyyətli məsələləri aşkara çıxartdı. İnteqrasiyanın politoloji konsepsiyalarında iqtisadi amillərə də mühüm əhəmiyyət verildiyi üçün onları siyasi və iqtisadi yanaşma da adlandırmaq olar. Mövcud mövqelərin müxtəlifliyi hətta inteqrasiya termininə verilən fərqli şərhlər səviyyəsində də müşahidə olunur. Anlayışın lüğətdə izahına görə inteqrasiya elmi-texniki tərəqqinin sürətləndiyi dövrdə dövlətlərin və xalqların qarşılıqlı asılılığını artırır. Əksər şərhlərdə prosesin təməlində, hər şeydən əvvəl, iqtisadi amillərin durması vurğulanır: Beynəlxalq inteqrasiya prosesləri – ümumdünya əmək bölgüsü prosesi olub, mikro və makro səviyyələrdə ardıcıl şəkildə bir-birinə “açılmasının” nəticəsi olub, onların pillə-pillə bütöv bir məkanda bir araya gəlməsi, zaman keçdikcə yeni, daha səmərəli iqtisadi orqanizmdə strukturlaşmasını ifadə edir. İnteqrasiyanı “neqativ” və “pozitiv” məzmunlu proseslər kimi təhlil edən “dirijizm” (Yan Tinbergen) nəzəriyyəsi də mövcuddur. Y.Tinbergenə görə neqativ inteqrasiya yalnız vahid iqtisadi məkan yaratmağa mane olan bütün maneələrin aradan qaldırılmasını nəzərdə tutursa, pozitiv inteqrasiya siyasi-iqtisadi proseslərin tənzimlənməsinin vahid qurumlarının yaradılmasına istiqamətlənmişdir.
“Konstruktivist” inteqrasiya nəzəriyyəsi dövlətlərarası əməkdaşlığın sosial aspektini ən vacib amil kimi önə çəkir. Dövlətlərin sosial maraqları elə sahədir ki, burada cəmiyyətdə ictimai fikir ayrılığı, demək olar ki, minimum səviyyədədir. Avropa Birliyi məhz vahid sosial dövlət quruluşu kimi göstərilir. İdeya baxımından “kommunikasion” yanaşma ilə yaxınlıq təşkil edən bu nəzəriyyə inteqrasiyanı qlobal proses kimi qəbul edir. Regional inteqrasiyanı onun tərkib hissəsi kimi qəbul edir.
İnteqrasiya proseslərinin praktik təhlili baxımından Avropa Birliyi modelinin nəzəri ümumiləşdirilməsi olan “mərhələli beşpilləli inkişaf konsepsiyası” çox geniş yayılmışdır. Beşpilləli sxemə görə (azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi maliyyə ittifaqı, siyasi inteqrasiya) hər növbəti pillə əvvəlki kimi obyektiv məntiqi davamı ərsəyə gətirir. İnteqrasiyanın istiqaməti-iqtisadi birlikdən siyasi ittifaqa doğru yönəlmişdir.
Lakin XX əsrin sonu ilə XXI əsrin əvvəllərində beynəlxalq təcrübə, gerçək inteqrasiya proseslərinin öz daxili ziddiyyətlərinə görə bu qədər ardıcıl və rəvan getmədiyini aşkara çıxartdı. XX əsrin 90-cı illərində Şimali Amerikada, Latın Amerikasında, Afrika, Avrasiya-Sakit okean bölgəsində yaradılan çoxsaylı regional bloklar, vahid sosial-iqtisadi məkan və dövlət maraqlarının müxtəlifliyini tam qabarıqlığı ilə üzə çıxardı. Regionlaşma, beşpilləli sxem müəlliflərinin düşündüyü kimi, qlobal inteqrasiyanın pilləsi deyil, ona simmetrik olan mürəkkəb bir inkişaf meyilli olduğunu göstərdi. Regional inteqrasiyanın prinsiplərinin Avropadakı mədeldən əhəmiyyətli dərəcədə fərqləndiyi məlum oldu.
“Dövlətlərarası yanaşma” konsepsiyası inteqrasiya proseslərində dövlətin rolunun alternativsiz olduğunu israr etməklə, neofunksionalizm təliminə tənqidi təhlilini verən konsepsiyadır. Həmin cərəyanın əsas rəqibi kimi “dövlətlərarası yanaşma nəzəriyyəsi milli dövlətin öz suverenliyinə aid olan heç bir məsələdə səlahiyyətlərinin heç bir quruma verilmədiyini mütləq prinsip kimi vurğulayır. Dövlətin inteqrasiya proseslərində rolu alternativsizdir. Birincisi ona görə ki, formal, suveren inteqrasiya həmişə qeyri-formal inteqrasiyadan daha önəmli, əhəmiyyətlidir. İkincisi, yalnız suveren formal inteqrasiya sonrakı qeyri-formal qurumların təşəkkülü üçün bütün şəraiti yarada bilər”. Dövlət qərar qəbulunun bütün səviyyələrdə həlledici subyektidir və bunu milli maraqlar çərçivəsində həyata keçirir. “Dövlətlərarası yanaşma” konsepsiyasının müəllifi S.Hoffman və bu konsepsiyanı dərinləşdirən digər alimlər: R.Hansen, E.Moravçik, A.Milvord belə ümumi bir müddəadan çıxış edirlər ki, inteqrasiyanın həlledici iştirakçıları milli elitalar olduğu üçün onlar milli dövləti hər vəchlə möhkəmləndirməyə çalışırlar. Əgər dövlət müəyyən səlahiyyətləri ötürsə də, bu yalnız milli inkişafda uğurlar əldə etmək məqsədini daşıyır. İnteqrasiya nəzəriyyələrinin hamısında milli dövlət və onun yeni reallıqda funksiyaları mövzusu qırmızı xətt kimi keçir. Hətta, demək olar ki, suveren dövlətin roluna verilən şərhlər bu nəzəriyyələrin təşəkkülü və əsas fərqlərini şərtləndirmişdir. Bu baxımdan “dövlətlərarası nəzəriyyəsi” problemi daha konkret müstəviyə keçirməklə reallığa yaxın mənzərəni əks etdirir. A.Milvord gəldiyi qənayətə görə, milli dövlət qərarları vakuum mühitdə qəbul etmir və inteqrasiya onu ümumi sistemdə rəqabətə davamlılığını təmin etməsi, resurslarını səfərbər etməsi üçün faydalıdır.
Dövlətüstü qurumlar olsa da, inteqrasiya siyasətində əsas prioritetlər seçimi yalnız milli dövlət səviyyəsində edilir və buna görə də bu gün dövlətin öz mövqelərini itirməsindən danışmaq tezdir. İnteqrasiyanın inkişafını dövlətlərarası səviyyələrdə qəbul edilən qərarlar, razılaşmalar müəyyən edir.
“Yeni institusionalizm” konsepsiyası qarşılıqlı əməkdaşlıq münasibətlərində əsas rolunu siyasi, iqtisadi, hüquqi, mədəni və başqa sahələrdə fəallığın mərkəzi olan institutların üzərinə düşür. Onun müəllifləri K.Telen və S.Steynmoya görə institutlar nəinki inteqrasiyanın vasitəsidirlər, həmçinin inteqrasiya missiyasının aktorları kimi əvəzsiz rola malikdirlər.
“İnstitisionalizm nəzəriyyəsi” geniş yayılmış çoxşaxəli istiqamətlər doğurmuşdur. “Yeni institusionalizm”, ”rasional institusionalizm”, “tarixi, sosioloji, hüquqi institusionalizm” və s. kimi cərəyanlar bu nəzəriyyəni əhəmiyyətli müddəalara söykəndiyinə, real modellərin təhlilinə yönəldiyinə dəlalət edir və kifayət qədər geniş elmi paradiqma olmağa iddialıdır. Ümumi prinsip kimi bu yanaşmada institutların (birliklər, fondlar, qurumlar, mərkəzlər və s.), dövlətin ümumi maraqlarına və strategiya seçiminə dəstək olması, proseslərin daha intensiv getməsinə, xalqların bir-birini tanımasına yardım etməsi ideyasını göstərilir.
Üstqurum institutları çevik şəkildə qarşılıqlı inteqrasiya proseslərinin məsafə, dəyər, müddət və vaxt itkisi baxımından optimal meyarlarını müəyyənləşdirməklə dövlətə yardımçı olurlar. İnstitusionalistlər inteqrasiyada dövlətin prioritet rolunu qəbul edirlər.
Dünyada gedən inteqrasiya proseslərinin təhlilində son dövrdə yaranan yanaşma kimi “çoxsəviyyəli idarəetmə konsepsiyası”nı qeyd etmək olar. ÇİK-in yaradıcıları və müəllifləri kimi K.Blank, Q.Maks, L.Houq kimi alimlər tanınmışdır. ÇİK müasir dünyanın inteqrasiya proseslərini nə dövlətin, nə də beynəlxalq münasibətlərin eyni olmayan tam fərqli prosesi kimi nəzərdən keçirir. İnteqrasiya prosesləri nəhəng sosial-siyasi, iqtisadi sistemlərin təşəkkülünə gətirib çıxarır və belə sistemdə ayrılıqda heç bir subyekt nə müstəqil qərar qəbul edə, nə də bu miqyasda lazımi səlahiyyətlərə malik ola bilmir. Çünki söhbət yeni reallıqdan, dinamik və fövqəlmürəkkəb mahiyyətli yeni sosial qlobal təmizləmədən gedir. Çoxçaxəli idarəetmə səviyyələri, aktorların iyerarxiyası və siyasi qüvvələr nisbəti şəraitində hər subyekt bir neçə müvafiq səviyyələrdə qərar qəbul edir, müxtəlif iştirakçı və səviyyələrdən əlavə dinamik dəyişən siyasət istiqamətləri, tənzimləmə sxemləri mövcuddur. Çoxsəviyyəli idarəetmədə inteqrasiyanın strukturu fövqəladə dinamizmə, üfüqi və şaquli müstəvilərdə simmetrik tənzimləmə mexanizmlərinə malikdir.
Bu inteqrasiya modelində dövlətin roluna münasibət aydındır. İstər fövqəlmilli, istərsə də submilli iştirakçıların fəaliyyət sistemini dövlət özü müəyyənləşdirir. İnteqrasiya müxtəlif səviyyələrdə müstəqil siyasi faktorların qarşılıqlı siyasi məzmunu prosesidir. Bu nəzəriyyə tərəfdarlarının fikrinə görə çoxsəviyyəli idarəetmə modeli dünyada yenicə təşəkkül tapmaqdadır. Ötən əsrin 80–90-cı illərindən inkişaf etmiş inteqrasiya bloklarında intitutsionallaşma mərhələsində yaradılmışdır. Məsələn, D.Ruqqiyə görə Çoxsəviyyəli inteqrasiya modelinin predmetini “postmodern beynəlxalq siyasi reallıq formaları”nın öyrənilməsi təşkil edir. AB-nin əsas xüsusiyyəti məhz çoxsəviyyəli siyasi hakimiyyət formalarının çoxçalarlılığı, dinamizmi, qeyri-müəyyənliyidir.
Sadalanan inteqrasiya nəzəriyyələrini əhəmiyyətli edən, onların müasir dövrün taleyüklü problemlərinə, dövlətlərin təhlükəsiz dünyada mövcudluğunun və səmərəli iqtisadi inkişafının təmin edilməsi məsələlərini diqqət mərkəzinə gətirməsidir. Müasir dövrdə milli dövlətin rolu, funksiyaları və gələcək taleyi problemlərini ciddi təhlil etməsidir. Həm də, bütün qeyd olunan nəzəriyyələr inteqrasiyanı müsbət proses kimi qəbul edir. Gətirilən misallarda bütövlükdə inteqrasiya nəzəriyyəsinin əsas məsələsi aşkar görünür. Bu nəzəriyyələrin təhlil etdiyi proseslərin mahiyyəti və məqsədi nədən ibarətdir? Başqa sözlə, inteqrasiya prosesdir, yoxsa artıq nəticədir? Onun hərəkətverici qüvvəsi nədir: tarixən mövcud olan obyektiv ideya, subyektiv iqtisadi fayda, yoxsa siyasi maraqlar?
Bu məsələlərə münasibətdə bütün nəzəriyyələri birləşdirən əsas cəhət odur ki, təhlil predmetini suveren dövlətlərin dinc şəraitdə, iqtisadi-texnoloji baxımdan ümumi təməllər üzərində qarşılıqlı vəhdəti təmin edən birlik sisteminin qurulmasını dərk etməsi təşkil edir. Bunun hansı real modellərdə həyata keçirilməsinə isə müxtəlif yanaşmalar var. Əksər nəzəriyyələr dünyada mövcud olan konkret inteqrasiya modellərinin tədqiqi üzərində qurulur. Bu gün üçün ən inkişaf etmiş inteqrasiya modeli isə Avropa Birliyidir
Nəzəriyyələrin icmalının yekunu kimi nə demək olar? Dünyada və Avropada inteqrasiya prosesləri nə qədər mərhələlər qət edirsə, o qədər yeni konsepsiyalar, nəzəriyyə meydana gəlir və o qədər də çox fıkir müxtəlifliyi yaranır. Həm də get-gedə inteqrasiya ən müxtəlif elmlərin təhlil predmetinə çevrilməkdədir. Nəticədə maraqlı bir “nəzəriyyələrin inteqrasiyası” paradoksu, problemi də yaranır. Çünki hər bir yanaşma ayrıca bir aspekt üzərində diqqət cəmlədiyi üçün onlarm heç biri inteqrasiyanın bütöv mənzərəsini yarada bilmir.
Belə olduqda bu gün heç bir konsepsiya bitkin inteqrasiya nəzəriyyəsi hesab edilə bilməz. Çünki inteqrasiya fasiləsiz, dünya birliyinin bütün sahələrinə nüfuz edən bir prosesdir. Hər mərhələdə inteqrasiyanın: prioritetlər, resurslar, istiqamətlər, mexanizmlər, prinsiplər, vasitələr və s. dinamikası baş verir. Məsələn, keçən əsrin ortalarından əsas prioritet dövlətlərin dinc yanaşması idisə, son dövrdə qloballaşma proseslərinin intensivliyi ilə yaranan asimmetrik inkişaf meyilli regionlaşma, regional inteqrasiyanı önə çıxarmışdır. Milli dövlətlər qlobal rəqabətdə davamlı mövqe tutmaq üçün regional iqtisadiyyatın potensialını artıran “tərəqqi, rifah zonaları”, qurumlar yaradırlar.
İnteqrasiyanın bütün sahələrdə reallığa çevrilməsi üçün onun elmi əsaslandırılmış strategiyası olmalıdır. Bu baxımdan inteqrasiyanın yalnız mütləq müsbət xarakterli proses olduğunu qeyd edən nəzəriyyələr çoxluq təşkil edir. Əks mövqelərə çox az rast gəlinir. Məsələ prosesin lehinə və ya əleyhinə olan mövqelərdə durmaqdan deyil, Avropada gerçəkliyə çevrilən real modelin uğurları ilə yanaşı, onun üzləşdiyi problemlərə də dərindən bələd olmaqdan gedir. Başqa sözlə, inteqrasiyanın uğuru bizim bu prosesə hansı bilgilərlə getməyimizdən də çox asılıdır.
2) Bazar iqtisadiyyatlı ölkələrin inteqrasiyasının inkişafının praktiki zəruriliyinin dərk edilməsi və nəzəri cəhətdən əsaslandırılmasına hələ XX əsrin 50–60-cı illərində bir sıra Qərb ölkələrinin iqtisadçıları tərəfindən cəhd olunmuşdur. Ənənəvi məktəbin nümayəndələri adlandırdığımız bir qrup iqtisadçılar (J.Rueff, R.Şuman,V.Halşteyn, M.Paniç, E.Benua, J.Monne, P.Robson və b.) bu məsələnin təhlilində, ancaq gömrük ittifaqı daxilində iqtisadi şərtlərə (ticarət maneələrinin aradan götürülməsini, müəyyən koordinasiyaedici reqlamentlərin tətbiqi və sairə) baxmağı əsas götürürlər.Amerika alimi Cekob Vaynerin (iqtisadi inteqrasiya, xüsusilə də gömrük birliyi nəzəriyyəsinin formalaşmasını onun adı ilə bağlayırlar) analizinin əsasında ölkələrin hər birinə məxsus gömrük tarifinin mövcudluğu şəraitində və onlar arasında gömrük birliyi haqqında sazişin (hansı ki, bu saziş qarşılıqlı ticarətdə tarifləri aradan qaldırır) imzalanması şəraitində ölkələr arasında ticarətin müqayisəsi durur. Burada inteqrasiya nəticəsində bazarların genişlənməsi mümkün olur ki, bu da əmtəə axınının artmasına səbəb olur. Bu nəzəriyyə çərçivəsində iki yeni anlayış – “ticarət prinsiplərinin işlənib hazırlanması, əmtəə axınlarının yaradılması” və “ticarətin diversifikasiyası, əmtəə axınlarının diversifikasiyası” anlayışları müəyyənləşdirilmişdir. Bu nəzəriyyəyə görə inteqrasiya prosesi nəticəsində inteqrasiya qrupuna daxil olan ölkələr arasında yeni əmtəə axınları yaradılır ki, bu da öz növbəsində ölkə daxilində analoji məhsulların bahalı istehsalını ixtisar etməyə imkan verir. Tədricən inteqrasiya qrupu daxilində istehsal olunan məhsullar üçüncü qrup ölkələrdən idxal olunan məhsulları əvəz etməyə baslayır. Beləliklə, inteqrasiva daxilində belə “xalis əmtəə axınlarının yaradılması istehsal hecminin artmasına, əhalinin həyat səviyvəsinin yüksəlməsinə, inteqrasiyaya daxil olan ölkənin isə ixtisaslaşma səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin bu nəzəriyyə müəyyən nöqsanlara malikdir. Əslində bu standart şəraitin olmasını nəzərdə tutur. Təcrübədə isə real şərait əksər hallarda tamamilə fərqləndiyindən inteqrasiyada iştirak edən dövlətlərdən heç də hamısı eyni dərəcədə səmərə götürə bilmirlər. Ticarət siyasətinin bir modeli kimi gömrük birliyinə beynəlxalq iqtisadiyyatda birmənalı müsbət hadisə kimi baxmaq olmaz. Azad ticarət siyasətindən sonra ikinci elə bir alternativ ticarət siyasəti yoxdur ki, onun beynəlxalq rifaha təsiri birmənalı surətdə müsbət olsun. İngilis iqtisadçısı C.Mid tərəfindən 1955-ci ildə irəli sürülmüş ideya da ele bu fikrə əsaslanır. Oun nəzəriyyəsinə görə, məcmu rifahın birmənalı surətdə yüksəlməsinə aparan azad ticarətdən başqa, bu cür birmənalı surətdə məcmu rifahın artımını təmin edə biləcək heç bir ticarət siyasəti variantı mövcud deyildir. İnteqrasiya ticarət siyasətinin ən yaxşı variantı olmasa da, inteqrasiyanın çoxsaylı tədqiqatları göstərir ki, əksər hallarda inkişaf nəticəsində meydana gələn müsbət effektlər mənfi effektləri üstələyir.
Digər məktəbin nümayəndələri (L.Keohan, P.Robson, M.Dyuvatripon və başqaları) inteqrasiya prosesində hakim mövqe tutan amil kimi qeyri-iqtisadi xarakterli amillər üstünlüyünü siyasi amillərə üstünlük verilməsini əsas götürmüşlər. Bu konsepsiyaya görə inteqrasiya qrupu iştirakçı dövlətlərə daha inamlı müdafiə qabiliyyəti yaratmağa imkan verir ki, bu “elit qruplara” daxil olmaq milli qürur hesab olunur. Digər yanaşmaya görə isə, inteqrasiya sistemlərinin yaradılması, ümumi məqsədlərin müəyyənləşdirilməsinə və onlara nail olmağa imkan verir (məsələn, işsizliyin aradan qaldırılması, istehsalın həcminin artırılması, sosial sabitliyin təmin olunması və sairə). Qeyd olunur ki, inteqrasiya olunmuş sistemlər daxilində dövlətin rolunun artırılması, onların köməkliyi ilə ümumi bazarların varadılmasına, optimal qərarların qəbul edilməsinə köməklik göstərir ki, bu da əmtəə istehsalının səmərəliliyinin artmasına gətirib çıxarır. Beləliklə, inteqrasiya olunmuş dövlətlərin azad ticarət siyasəti yeritməsindən həmin dövlətlərin gömrük birlikləri siyasətini yürütməsi daha məqsədəuyğundur. Bu konsepsiyanı tənqid edənlər göstərirlər ki, iştirakçı dövlətlər öz ölkələrinin mənafelərinə daha çox üstünlük vermələrindən, öz ölkələrində səmərəliliyin daha yüksək olmasına çalışmalarından, belə birliklərdə müəyyən narazılıqlarsız ötüşmək mümkün olmayacaqdır. Ümumiyyətlə, regional iqtisadi inteqrasiyaya həsr edilmiş müxtəlif konsepsiyalar mövcuddur ki, bunların da təsnifatını şərti olaraq aşağıdakı kimi vermək olar:
Bazar konsepsiyasının tərəfdarları iqtisadiyyatın tənzimlənməsində bazarın ən səmərəli vasitə olması fikrini əsas götürürlər. Buna görə də, inteqrasiyanı bir neçə ölkənin ərazisi çərçivəsində vahid bazar məkanının yaradılması kimi başa düşürlər. Bu vəziyyətin yaranması üçün də xarici ticarət və valyuta sferalarında dövlət müdaxiləsi olmamalıdır. İnteqrasiya blokuna daxil olan ölkələr arasında bazar subyektlərinin fəaliyyəti üzərindən bütün məhdudiyyətlər götürülməli və nəinki hazır məhsul və xidmətlərin, eləcə də istehsal amillərinin blokdaxili sərbəst hərəkəti təmin olunmalıdır. Beynəlxalq ticarətin neoklassik nəzəriyyəsinin prinsiplərini rəhbər tutmaqla bazar konsepsiyasının tərəfdarları regional inteqrasiyanı istehsal amillərinin sərbəst hərəkətini təmin edən ən əlverişli vasitə kimi qəbul edirdilər. Buna görə də həmin istiqamətdə aparılan nəzəri tədqiqatlarda əsas mövqe gömrük ittifaqı konsepsiyasına məxsusdur ki, bunu da C.Vayner hazırlamışdır.
Bazar institusional konsepsiyası inteqrasiya prosesində bazarın öncül rolunu inkar etməməklə yanaşı, həmin prosesin səmərəli gedişi üçün fövqəl hökumət komitə və komissiyaların yaradılmasını nəzərdə tutur. Blokdaxili ölkələr öz milli müstə-qilliklərini saxlamaqla yanaşı, iqtisadiyyatın əlaqələndirilmiş proporsiyalarına uyğun idarəetmə sferasında bəzi səlahiyyətlərini həmin qurumlara həvalə edirlər. Başqa sözlə, inteqrasiya prosesi nəinki milli bazarların birləşdirilməsinə gətirib çıxarır, o həm də təsərrüfat siyasətinin müxtəlif cəhətlərinin dövlətüstü orqanlar tərəfindən əlaqələndirilməsinə də səbəb olur. Bazar institutsional konsepsiyası bazar mexanizmindən fərqli olaraq bir sıra problemlərin həllini də nəzərdə tutur. Bunlara – iqtisadiyyatda durğunluğa yol verməmək, iqtisadiyyatda məşğulluğa nail olmaq, geri qalmış rayonları inkişaf etdirmək, milli və beynəlxalq korporasiyaların fəaliyyətini tənzimləmək və sairə.
Dirijist konsepsiyanın tərəfdarları kimi tanınan tədqiqatçıları (R.Kuper, A.Marşall, Q.Murdal, Y.Tinberqen) neoliberal cərəyanın əsası kimi istifadə olunan beynəlxalq ticarətin neoklassik nəzəriyyəsinə kəskin tənqidi münasibət birləşdirir. Onların fikrincə, birləşmiş, inteqrasiva olunmuş bazarda mal və istehsal amillərinin sərbəst hərəkəti inteqrasya prosesinin əsas hərəkətverici qüvvəsi kimi qəbul edilə bilməz. Bu konsepsiyanın görkəmli nümäyəndələrindən olan Q.Murdal dünya bazarının inkişaf etməkdə olan ölkələrə mənfi təsirini önə çəkərək siyasi amillərin inkarına əsaslanan “xalis” iqtisadi nəzəriyyənin əleyhinə çıxış etmişdir: “...Milli siyasi mənafelər istehsal amillərinin real surətdə yerləşməsinə təsir göstərə bilməz. Bazar mexanizminin tam sərbəst fəaliyyəti şəraitində bu hal regionun inkişaf etmiş ölkəsinin surətli tərəqqisinə və digərlərinin iqtisadi-sosial vəziyyətinin pisləşməsinə gətirib çıxaracaqdır”. Başqa sözlə, azad rəqabətə əsaslanan birləşmiş bazar öz-özlüyündə resursların səmərəli yerləşdirilməsi və tarazlaşdırılmış inkişafı üçün kifayət deyildir. Bu fikrini davam etdirərək Q.Murdal belə bir nəticəyə gəlir: “...Real məzmunlu bevnəlxalq inteqrasiya üçün dünya bazarında azad rəqabətin formalaşması deyil, şansların bərabərliyi zəruridir ki, bu da dövlətin bazar proseslərinə aktiv müdaxiləsi olmadan qeyri-mümkündür. Dirijist kon-sepsiyanın digər nümayəndəsi Y.Tinberqen azad rəqabətli bazar mexanizmini həm sosial, həm də iqtisadi nöqteyi-nəzərdən optimal inkişafa nail olmasının mümkünsüzlüyünü qeyd edərək “pozitiv” və “neqativ” inteqrasiya terminlərini iqtisadi leksikona daxil etmişdir. Onun fikrincə yalnız məhdudiyyətlərin ləğvinə və bazar mexanizminin sərbəst fəaliyyətinə əsaslanan inteqrasiya neqativ inteqrasiyadır. Tinberqene görə tam iqtisadi inteqrasiya yalnız bloka daxil olan ölkələrin fövqəlmilli səviyyədə iqtisadi siyasət ünsürlərinin mərkəzləşdirilməsi sayəsində mümkündür. Göstərilən istiqamət inteqrasiyanın subyekti kimi dövlətin özünü ön plana çəkməklə, onun obyektini son dərəcə daraldır. İnteqrasiya prosesi hüquqi normativlərə uyğun olaraq dövlətlərarası əməkdaşlıq formalarını, makrosəviyyəni əhatə edir. Müasir dövrdə inkişaf etmiş ölkələrin inteqrasiya qruplaşmalarının təcrübəsi göstərir ki, dirijist konsepsiyanın mövqeləri getdikcə zəifləməkdədir. Lakin, bu heç də o demək deyil ki, regional iqtisadi proseslər tam bazar mexanizmi əsasında gedir və dövlət müdaxiləsi həyata keçirilmir. Rəqabət şəraitinin sağlam əsaslarla formalaşmasında dövlətin adekvat müdaxilə üsul və metodlarının seçilməsindədir.
3) Struktur konsepsiyanın əsası Y.V.Şişkov tərəfindən formalaşdırılmışdır. Bu konsepsiya öz mahiyyəti etibarı ilə dirijist yanaşmanın təməl prinsipinə əsaslanır. Bu yanaşmada başlıca diqqət inteqrasiya prosesində inhisarların yeri və roluna, eləcə də onların fəaliyyəti nəticəsində meydana çıxan struktur problemlərə yönəldirilir.
Marksist konsepsiyası haqqında isə yalnız retrospektiv səpkidə danışmaq mümkündür. Marksist konsepsiya inteqrasiya prosesinin mərkəzləşdirilmiş direktiv idarəedilməsinə əsaslanır və bu prosesdə bazar mexanizminin rolunu təmamilə inkar edir. Marksist iqtisadçılar inteqrasiyanın əsas prinsiplərindən biri kimi proletar beynəlmiləlçiliyini önə çəkirdilər. Marksist iqtisadçılardan olan Y.S.Şiryayev inteqrasiyanın 3 mərhələsini – region ölkələrinin əməkdaşlığının ilkin iqtisadi və təşkilati strukturlarının yaradılması, struktur inteqrasiyası, yəni qarşılıqlı iqtisadi tamamlanmanın planauyğun surətdə genişləndirilməsi və inkişafı və funksional inteqrasiya, başqa sözlə, regiondaxili vahid xalq təsərrüfatı kompleksinin formalaşmasını – fərqləndirir. Marksist konsepsiya iqtisadi inteqrasiyanın region ölkələrinin milli müstəqilliklərinin itirilməsi və vahid mərkəzdən asılılığana gətirib çıxarır. Buna misal kimi keçmiş Sovet Sosialist Respublikaları İttifaqını göstərmək olar.
Dostları ilə paylaş: |
|
|