Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R



Yüklə 453,92 Kb.
səhifə32/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   28   29   30   31   32   33   34   35   ...   40
2. Azərbaycan Xalq Cümhuriyyəti.
1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirildi. Gürcü fraksiyası seymin tərkibindən çıxdığını və Gürcüstanın müstəqilliyini elan etdi. Müsəlman fraksiyası buna etiraz etmədi. Zaqafqaziya Seymi öz fəaliyyətini dayandırdı.
1918-ci il 27 mayda Tiflisdə keçmiş Seymin azərbaycanlı fraksiyası fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şuranın yaradılması və Azərbaycanın idarəsinin bu Şuraya həvalə edilməsi qərara alındı. Milli Şuranın sədri M.Ə.Rəsulzadə, İcraiyyə Komitəsinin sədri isə F.X.Xoyski seçildi. Mayın 28-də Azərbaycan Milli Şurası özünün ilk iclasını keçirərək 24 səslə (iki nəfər bitərəf qalmaqla) Azərbaycanın istiqlaliyyəti haqqında Bəyannamə qəbul etdilər. Beləliklə, təqribən 105 illik fasilədən sonra Azərbaycanın müstəqil dövlətçilik ənənəsi yenidən bərpa olundu. 6 müddəadan ibarət olan Bəyannamə Azərbaycanı Cənubi Qafqazda yaranmış müstəqil dövlət elan edirdi. Bəyannamədə dövlətin quruluşu Xalq Cümhuriyyəti elan olunurdu. Dövlət öz ərazisi daxilində dinindən, dilindən, milli mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara tam vətəndaşlıq və siyasi hüquqlar verirdi.
Mayın 30-da Baş nazir və Daxili İşlər naziri vəzifəsini tutan F.X.Xoyski xarici dövlətlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında məlumat verdi. Məlumatda dövlətin müvəqqəti paytaxtının Gəncə şəhəri olduğu göstərilirdi.
Seymin hakimiyyəti dövründə, 1918-ci ilin 11 mayından Batumda Türkiyə ilə Cənubi Qafqaz nümayəndə heyəti arasında danışıqlar aparılırdı. Aparılan danışıqlarda Azərbaycan tərəfi nəhayət ki, iyunun 4-də Türkiyə ilə 10 maddədən ibarət “Sülh və dostluq haqqında” müqavilə imzaladı. Türkiyə AXC-ni rəsmi tanıyan ilk dövlət oldu. Müqavilənin 4-cü bəndinə əsasən Türkiyə zərurət olduğu halda, Azərbaycana hərbi yardım göstərmək öhdəliyi götürürdü.
Türkiyə Azərbaycana düşdüyü çıxılmaz vəziyyətdə hərbi yardım etməyi öhdəsinə götürsə də bu işdə çox ehtiyatla hərəkət edirdi. Belə ki, Türkiyə tərəfi Azərbaycana qoşun göndərməklə öz müttəfiqi Almaniyanın da narazılığına səbəb olmaq istəmirdi. Buna görə də, Türkiyə höküməti qərara aldı ki, Osmanlı ordularından və azərbaycanlı könüllülərindən ibarət “İslam ordusu” təşkil edilsin. Türkiyə özünün ən yaxşı diviziyalarını – 5-ci “Çanaqqala diviziyası”nı və 15-ci diviziyanı ayıraraq Azərbaycana göndərdi. Nuru Paşanın komandanlığı altında birləşdirilən və sayı 15 min nəfərə çatan bu diviziyalar vahid adla “Qafqaz İslam Ordusu” adlandırıldı. AXC-nin Türkiyə ilə yaxınlaşmasını qısqanclıqla qarşılayan Gürcüstan hökuməti Azərbaycan Müvəqqəti Milli Şurasının Tiflisdən çıxarılmasını tələb etdi. Milli Şura iyunun 16-da Gəncəyə köçdü.
Beləliklə, “iyun böhranı” Milli Şuranın öz fəaliyyətini dayandırması ilə başa çatsa da, Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bildi. Qarşıda duran əsas vəzifə Bakını azad etmək idi. Qafqaz İslam ordusunun Gəncəyə hərəkəti Bakı XKS-ni narahat edirdi. Belə bir şəraitdə Bakı XKS-nin 13 minlik qoşunu Gəncə istiqamətində hərəkətə başladı. İyunun 16-18-də Azərbaycan-Türkiyə birləşmiş qoşunları ilə Bakı XKS qoşunları arasında döyüş Göyçayın Qaraməryəm kəndi yaxınlığında baş verdi. Düşmən Qaraməryəm kəndini ələ keçirə bilsə də onun yürüşünün qarşısı alındı. Tezliklə, Osmanlı İmperiyasından əlavə dəstələr də göndərildi. İyulun 1-də düşmən Göyçay ətrafında ilk məğlubiyyətə uğradıldı. Bakı XKS iyulun 31-də istefa verməyə məcbur oldu. Sovet Rusiyasının Bakı XKS-yə hərbi və diplomatik yardım göstərmək cəhdləri də heç bir nəticə vermədi. 1918-ci il avqustun 1-də eser-menşevik-daşnak blokundan ibarət təşkil edən “Sentrokaspi Diktaturası” da şəhərin müdafiəsini təşkil edə bilmədi. Sentyabrın 15-də qəti hücuma keçən Azərbaycan-Türk qoşunları Bakını düşməndən azad edə bildilər.
AXC hakimiyyəti ələ aldıqdan sonra daxili siyasətdə qarşıda duran əsas vəzifələrdən biri də demokratik dövlət quruculuğu istiqamətində tədbirlər həyata keçirmək idi. Demokratik dövlət quruculuğu sahəsində həyata keçirilən ən mühüm tədbirlərdən biri Azərbaycan parlamentinin təşkil edilməsi idi. Azərbaycan parlamentinin yaradılması haqqında qanun Milli Şura tərəfindən 1918-ci il noyabrın 19-da qəbul edildi. Azərbaycan Parlamenti ölkə əhalisinin (2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 deputatdan ibarət olmalı idi. Onlardan 80 nəfər türk-müsəlman əhalini, 21 nəfər erməniləri, 10 nəfər rusları, 4 nəfər alman, yəhudi, gürcü və polyak milli azlıqlarını təmsil etməli idi. Parlamentdə 3 yer Həmkarlar təşkilatlarına, 2 yer isə Neft Sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqına ayrılmışdı. Beləliklə, Azərbaycan parlamenti milli əsas üzrə təşkil edilirdi. 1918 il dekabrın 7-də saat 13.00-da H.Z.Tağıyevin qız məktəbinin binasında Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış Parlament idi.
Dövlət quruculuğu sahəsində həyata keçirilən ən mühüm addımlardan biri də 9 noyabr 1918-ci ildə üçrəngli dövlət bayrağının qəbulu oldu.
AXC ölkənin daxili sosial-iqtisadi vəziyyətini qaydaya salmaq üçün bir sıra tədbirlər həyata keçirdi. Hökumətin ilk tədbirlərindən biri zəruri ərzaq mallarının xaricə daşınmasının qarşısını almaq oldu. 1918-ci il 22 iyun tarixli qərarla taxıl, iri buynuzlu mal-qara və digər ərzaq məhsullarının ölkədən kənara çıxarılması qadağan edilirdi. 1918-ci il 27 avqustda azad ticarətə icazə verilməsi haqqında qərar qəbul edildi. 1918-ci il 5 oktyabr tarixli qərarla milliləşdirilmiş bütün sənaye sahələri öz sahiblərinə qaytarıldı. Bakı XKS-nin bütün dekret və sərəncamları ləğv edildi. Ölkənin əsas gəlir mənbəyi olan neft sənayesini qaydaya salmaq məqsədilə bir sıra tədbirlər həyata keçirildi. Bakı neftinin xarici bazarlara çıxarılması məqsədilə Batum limanından istifadə etmək hüququ əldə edildi. İlk növbədə neftin satışını və ixracını qaydaya salmaq məqsədilə Neft Sənayeçiləri Qurultayı yanında satış bürosu yaradıldı. Hökumətin əsas iqtisadi tədbirlərindən biri də aqrar sahənin qaydaya salınması idi. 1920-ci ilin martında aqrar siyasətlə bağlı qanun layihəsi hazırlandı. Qanun kənd əhalisi üçün 7 desyatindən 50 desyatinədək, şəhər əhalisi üçün 1 desyatindən 20 desyatinədək torpaq sahəsi müəyyənləşdirirdi.
AXC ordu quruculuğu sahəsində də çox mühüm tədbirlər həyata keçirdi. Hələ 1918-ci il iyunun 26-da Müsəlman korpusunun Əlahiddə Azərbaycan korpusu adlandırılması haqda qərar verildi. Bu, ilk Azərbaycan milli ordusunun yaradılması demək idi. İyulun 11-də orduya ümumi səfərbərlik elan olundu. 1918-ci il noyabrın 1-də Hərbi Nazirlik yaradıldı. AXC mədəni quruculuq sahəsində də xeyli tədbirlər həyata keçirdi. İlk tədbirlərdən biri 1918-ci il 27 iyunda dövlət dili haqqında qərarın qəbul edilməsi idi. 1918-ci il avqustun 28-də bütün ibtidai tədris müəssisələri milliləşdirildi. Müəllim kadrlarının hazırlanması işini sürətləndirmək məqsədilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü. AXC yüksək ixtisaslı milli kadrların hazırlanması və ali təhsil müəssisələrinin yaradılmasını diqqət mərkəzində saxlayırdı. 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin fəaliyyətə başlaması haqqında qanun verildi. Noyabrın 15-də Bakı Universitetində dərslər başlandı.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini üç əsas dövrə bölmək olar. 1. Türkiyə oriyentasiyası dövrü – 1918-ci ilin may-oktyabr ayları; 2. Qərb oriyentasiyası dövrü – 1918-ci il noyabr – 1920-ci il yanvar; 3. Geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü – 1920-ci il yanvar-aprel.
AXC-nin xarici siyasətində mühüm yer alan məsələlərdən biri də Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı məsələsi idi. Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiq etmişdi. Tərkibə Ə.Topçubaşov, M.Hacınski, Ə.Şexülislamov, Ə.Ağayev, M.Məhərrəmov və C.Hacıbəyli daxil idilər. Nümayəndə heyətinə Ə.Topçubaşov sədrlik edirdi. Nümayəndə heyəti 1919-cu ilin yanvarın 18-də İstanbula yola düşdü. 1919-cu il mayın 23-də Azərbaycan nümayəndə heyəti ingilis nümayəndə heyətinin üzvü ser Luiz Malletlə görüşdü. Görüşdə Cənubi Qafqazdakı hərbi, siyasi və iqtisadi vəziyyət müzakirə edildi. 1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşməyə nail oldu. Görüş zamanı nümayəndə heyəti 6 müddəadan ibarət tələbini və Azərbaycan haqqında memorandiumu V.Vilsona təqdim edə bildi. Konfransda Azərbaycan nümayəndə heyəti erməni nümayəndələrinin “Böyük Ermənistan” yaratmaq iddialarını bütün vasitələrlə dəf etməyə nail oldular, İranın Şimali Azərbaycana olan iddiaları dəf edildi, “Vahid və bölünməz Rusiya” təhlükəsinə qarşı dağlı nümayəndələri ilə birlikdə həmrəylik nümayiş etdirə bildilər.
Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına baxmayaraq onun şimal sərhədlərində təhlükəli vəziyyət yaranmışdı. 1920-ci ilin əvvəllərindən başlayaraq Sovet Rusiyasının AXC-yə diplomatik təzyiqi getdikcə artırdı.
1920-ci ilin fevral-mart aylarında yaranmış beynəlxalq və daxili siaysi vəziyyət Sovet Rusiyasının xeyirinə idi. Belə ki, Sovet Rusiyasının Azərbaycana hərbi müdaxilə planı hazırladığı bir dövrdə AXC hökumətinin tərkibində daxili ixtilaflar dərinləşməkdə idi. Sovet Rusiyasına münasibətdə F.Xoyski ilə M.Hacınski arasında gedən ixtilaf daha da artırdı. 1 aprel 1920-ci ildə N.Yusifbəylinin başçılıq etdiyi 5-ci hökumət kabineti istefa verdi. M.Hacınski tərəfindən yeni hökumət kabinetinin formalaşdırılması işi yubadıldı. Bu isə Azərbaycan hökumətinin daxili böhranını daha da kəskinləşdirdi. Hələ 1920-ci ilin 20 martında Moskvanın bilavasitə gizli dəstəyi ilə Qarabağda erməni qiyamı təşkil olundu. AXC hökuməti qoşunlarının bir hissəsini qiyamı yatırmaq üçün yönəltdi. Bütün bunlar isə AXC daxilində siyasi böhranı dərinləşdirmək və hökumətin diqqətini Rusiya işğalından yayındırmaq və Bakının müdafiəsini zəiflətmək məqsədi güdürdü.
1920-ci ilin aprelin 27-də XI Qızıl Ordu Azərbaycan sərhədlərini kobudcasına pozaraq Azərbaycana hərbi müdaxilə etdi. Azərbaycan Xalq Cümhuriyyəti xaric müdaxilə nəticəsində süqut etdi. AXC süquta uğrasa da Azərbaycan xalqının tarixində misilsiz rol oynadı.
Nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını ən mühüm tarixi əhəmiyyətindən biri də odur ki, Cümhuriyyət tarixi torpaqlarımıza sahib dura bildi. Mürəkkəb bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini tarixi Azərbaycanın 114 min km2-lik ərazisinə yaya bildi.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə