79
12
Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I B Ö L M Ə
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Qanunun məqsədi
Bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ),
habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və
istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
M a d d ə 2 . Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik
Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu qanundan, digər müvafiq
normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydalar bu
Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.
M a d d ə 3 . Qanunun tətbiq sahəsi
Bu Qanunun müddəaları aşağıdakılara şamil edilir:
1) Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri
olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya
əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar;
2) Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm, ədəbiyyat və incəsənət əsərləri
və ya fonoqramlar. Əsər və fonoqram Azərbaycan Respublikasının hüdudlarından kənarda ilk dəfə dərc edildikdən
(buraxıldıqdan) sonra 30 gün keçənədək Azərbaycan Respublikası ərazisində dərc edildikdə Azərbaycan Respub-
likasında da ilk dəfə dərc edilmiş (buraxılmış) sayılır;
3) Azərbaycan Respublikası ərazisində ilk dəfə edilmiş ifalar, yaxud bu maddənin ikinci bəndinin müddəa-
larına uyğun surətdə qorunan fonoqrama yazılmış ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu
maddənin dördüncü bəndinə uyğun surətdə qorunan verilişinə daxil edilmiş ifalar;
4) Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs sayılan və verilişlərini Azərbaycan
Respublikası ərazisində yerləşən ötürücülərin köməyi ilə həyata keçirən yayım təşkilatlarının verilişləri;
5) Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri;
6) Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq qorunan digər elm, ədə-
biyyat və incəsənət əsərləri, ifalar, fonoqramlar və yayım təşkilatlarının verilişləri.
7) Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqa-
vilələrə uyğun olaraq elə əsərlərə və əlaqəli hüquqlar obyektlərinə qorunma tətbiq edilir ki, mənşə ölkəsində həmin
obyektlər üçün müəyyən edilmiş qorunma müddətləri bitməmiş olsun.
Azərbaycan Respublikasının ərazisində müəlliflik hüququ və əlaqəli hüquqların qüvvədə olma müddəti mənşə
ölkəsində müəyyən edilmiş qorunma müddətlərindən çox ola bilməz;
8) bu qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq
və ya qarşılıqlı prinsiplər əsasında Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə də şamil edilir.
M a d d ə 4 . Əsas anlayışlar
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaya malikdir:
“müəllif” – əsərin yaradıcısı olan fiziki şəxs,
“audiovizual əsər” – bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə
görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan, təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olunmayan)
əsər; audiovizual əsərlərə ilkin və sonrakı yazılma üsulundan asılı olmayaraq kinematoqrafiya əsərləri və kine-
matoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (tele-, videofilmlər, diafilmlər və s.) aiddir;
80
“məlumat bazası” – materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və
kompüterin (HEM-in) köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistemləşdirilmiş məlumatların (məqalələrin,
hesablamaların, faktların və başqa materialların) məcmusu;
“surətçıxarma” – əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən
səs və videoyazı şəklində hazırlanması. Əsərlərin və ya fonoqramların elektron (rəqəmli də daxil olmaqla), optik və
ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır;
“yazılma” – texniki vasitələrin köməyi ilə səslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini
çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması;
“audiovizual əsər istehsalçısı” – belə əsərin hazırlanması təşəbbüsünü və məsuliyyətini üzərinə götürmüş
fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda audiovizual əsərdə adı adi qaydada göstərilmiş fiziki və ya
hüquqi şəxs audiovizual əsərin istehsalçısı sayılır;
quruluşçu rejissor – audiovizual əsərlərin quruluşçusu və teatr, sirk, kukla, estrada, televiziya tamaşası və
digər tamaşanın quruluşunu həyata keçirən və ya bu cür tamaşalara quruluş verən şəxs;
pirat məhsul – müəllifin və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan hazırlanmış (istehsal edilmiş) əsər
və fonoqram nüsxələri;
“fonoqram istehsalçısı” – ifanın və ya digər səslərin ilk dəfə yazılması təşəbbüsünü və məsuliyyətini üzərinə
götürmüş fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda həmin fonoqramda və (və ya) onun qoyulduğu qutuda
adı adi qaydada göstərilmiş fiziki və ya hüquqi şəxs fonoqram istehsalçısı sayılır;
“ifaçı” – rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən, musiqi aləti çalan və ya ədəbiyyat və incəsənət
əsərlərini başqa şəkildə (o cümlədən estrada, sirk və ya kukla teatrı nömrələri) ifa edən aktyor, müğənni, musiqiçi,
rəqqas və ya digər şəxs;
“kompüter” (hEM) – informasiyanı işləməyə qadir olan elektron və ya ona oxşar qurğu;
“kompüter proqramı” (HEM üçün proqram) – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və
ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məc-
musu. Kompüter proqramına həmçinin onun hazırlanması gedişində əldə edilən hazırlıq materialları və onun
doğurduğu audiovizual təsvirlər də daxildir;
“kollektiv əsər” – fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə və rəhbərliyi altında onun öz adı ilə nəşr edilmək
şərti ilə iki və ya daha çox fiziki şəxsin yaratdığı əsər;
törəmə əsər – tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnə-
ləşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi;
“toplu” – materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil
əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir;
“ənənəvi biliklər” – ənənəyə əsaslanan əqli fəaliyyətin nəticəsi olan və nəsildən-nəslə ötürülərək
qorunub
saxlanılan elmi, ədəbi, bədii sahələrdə və sənaye sahələrində yeniliklər və yaradıcılıq nəticələri;
“əsərin açıqlanması” – müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə dərc edilməsi,
kütləvi nümayiş etdirilməsi, kütləvi ifa olunması, efirə verilməsi və başqa üsullarla edilən hərəkət;
“dərc edilmə” (istifadəyə buraxılma) – əsərin müəllifinin və ya fonoqram istehsalçısının razılığı ilə əsərin,
fonoqramın kütlənin tələbatını ödəmək üçün dövriyyəyə buraxılması, elektron-informasiya sistemləri vasitəsi ilə
əsərdən və fonoqramdan istifadəyə imkan yaradılması da dərc edilmə sayılır;
“yayım təşkilatının verilişi” – efir və ya kabel yayımı təşkilatının özünün və ya onun vəsaiti hesabına başqa
təşkilatın yaratdığı veriliş.
“tətbiqi sənət əsəri” – əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik
istifadə əşyalarına köçürülən incəsənət əsəri;
“fotoqrafiya əsəri” – fiksajlama texnologiyasından (kimyəvi, elektron və s.) asılı olmayaraq işıq şüalanmasının
və ya başqa şüalanmanın təsvir yaratmağa imkan verən üsulla fiksajlanması. Audiovizual əsərlərin ayrıca
götürülmüş kadrı “fotoqrafiya əsəri” sayılmır;
“kütləvi ifa” – əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatlarının verilişlərinin həm canlı ifada, həm də
müxtəlif texniki vasitələrin və proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) deklamasiya,
oyun, oxu və başqa üsulla elə tərzdə təqdim edilməsidir ki, ailə dairəsinə və ya ailənin yaxın tanışları sırasına daxil
olmayan şəxslər tərəfindən qavranıla bilsin;
“kütləvi nümayiş” – əsərin, ifanın yayım təşkilatının verilişinin orijinalının və ya bir nüsxəsinin bilavasitə,
yaxud plyonkanın, slaydın, kadrın, yaxud başqa qurğuların və ya proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə