108
İctimai və dövlət
mənafeyinə zərər vuran, gəlir məqsədilə bilərəkdən yalan reklam sifariş edən, istehsal edən və
yayan fiziki və vəzifəli şəxslər müvafiq məsuliyyətə cəlb olunurlar.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 oktyabr 1997-ci il
№ 376-IQ
19
Mədəniyyət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərini,
vətəndaşların hüquq və azadlıqlarını, milli mədəniyyət sərvəti obyektlərinin qorunub saxlanmasının və inkişafının,
mədəniyyət sisteminin demokratik əsaslarla təşkili və idarə olunmasının, mədəniyyət sahəsində fəaliyyətin hüquqi
əsaslarını və beynəlxalq əlaqə formalarını müəyyən edir.
Bu Qanun bütün xalqların mədəni özünəməxsusluğunun mənbəyi olan şifahi xalq yaradıcılığının, adət-
ənənələrin qorunmasına və inkişafına, daha çox insanın mədəni irsdən və mədəniyyət sərvətlərindən istifadəsini
təmin etmək məqsədilə bu sərvətlərin yaradılmasına, artırılmasına və yayılmasına təkan verir, habelə yaradıcı
işçilərin sosial müdafiəsini təmin edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 .
Mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri və vəzifələri
Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
sosial və maddi vəziyyətindən, milli, irqi, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq hər kəsin mədəniyyət
sərvətlərinin yaradılmasında, istifadəsində və yayılmasında hüquq bərabərliyi;
hər kəsin istedadının, əqli imkanlarının üzə çıxarılmasının və yaradıcılıq azadlığının təmin edilməsi;
milli mədəniyyətin bəşər mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilməsi.
Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin vəzifələri aşağıdakılardır:
mədəni həyat tərzinin formalaşdırılması;
milli və dünya mədəniyyəti sərvətlərinə qovuşmağa yönəldilən təhsil sisteminin inkişaf etdirilməsi;
mədəniyyət sahəsində inhisara yol verilməməsi;
dövlət mədəniyyət sisteminin müxtəlif mənbələrdən maliyyələşdirilməsinin uzlaşdırılması;
yaradıcılıq fəaliyyətinin bütün sahələr üzrə yüksəlişi üçün şərait yaranmasına kömək etmək məqsədilə ictimai
müzakirələrin müxtəlif formalarından, ekspertiza və müsabiqələrdən istifadə etməklə mədəniyyətin inkişaf
istiqamətlərinin hazırlanması;
mədəniyyət sərvətlərinin qorunması və artırılması;
Azərbaycan Respublikasının mədəniyyət potensialının inkişafına, mühafizəsinə və ondan hərtərəfli istifadə
olunmasına, mədəniyyət sahəsində geniş miqyaslı beynəlxalq əməkdaşlığa şərait yaradılması;
dövlət mədəniyyət sisteminin elmi və mütərəqqi metodlarla idarəçiliyinin təmin edilməsi;
tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması, qorunması və bərpası üçün müvafiq tədbirlərin
görülməsi;
mədəniyyətin inkişafına dair milli proqramların hazırlanması və həyata keçirilməsi, beynəlxalq proqramların
hazırlanmasında iştirak edilməsi;
görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülməsi;
mədəniyyətin inkişafı fondlarının yaradılmasının təmin edilməsi;
Azərbaycan Respublikasında milli mədəniyyətin tərəqqisi və müasir dünya mədəniyyəti ilə inteqrasiyasını,
milli ənənələrin dirçəldilməsi və inkişafını, əhalinin mənəvi tələbatının ödənilməsini təmin edən mədəniyyət
əsərlərinin yaradılması üçün həvəsləndirici tədbirlərin görülməsi;
109
mədəniyyət və incəsənətin nailiyyətlərindən istifadə edilməsində vətəndaşların konstitusiya hüquqlarının,
əhalinin zəngin milli və dünya mədəniyyəti sərvətlərindən faydalanmasının təmin edilməsi;
mədəniyyət təsisatlarının normal fəaliyyətinin, onların maliyyələşdirilməsinin və maddi-texniki bazasının
möhkəmləndirilməsinin təmin edilməsi;
mədəniyyətin ixtisaslı kadrlara olan ehtiyacının təmin edilməsi.
M a d d ə 2 . Azərbaycan Respublikasının mədəniyyət sahəsində qanunvericiliyi
Mədəniyyət sahəsində qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi
aktlarından ibarətdir.
Mədəniyyət sahəsini tənzimləyən normativ hüquqi aktlarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
M a d d ə 3 . Tarix və mədəniyyət abidələrinin qorunması
Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumağa
borcludurlar.
Tarix və mədəniyyət abidələrinin qorunmasının qaydaları Azərbaycan Respublikasının müvafiq qanunu ilə
müəyyən edilir.
M a d d ə 4 . Mədəniyyət sahəsində yerli özünüidarə orqanlarının səlahiyyətləri
Yerli özünüidarə orqanları bu Qanundan irəli gələn bütün hüquqların və azadlıqların sərbəst həyata
keçirilməsinə şərait yaradırlar.
M a d d ə 5 . Mədəniyyət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Mədəniyyət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının mülki,
cinayət, inzibati və digər qanunvericiliyi ilə müəyyən edilir.
I I f ə s i l
MƏDƏNİYYƏT SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN HÜQUQLARI,
AZADLIQLARI VƏ VƏZİFƏLƏRİ
M a d d ə 6 . Mədəniyyət hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin mədəni
həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.
Mədəni sərvətlərdən istifadə hüququ yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
hallarda və qaydada məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının ərazisində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
vətəndaşları ilə bərabər mədəniyyət hüququna malikdirlər.
M a d d ə 7 . Yaradıcılıq azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin yaradıcılıq
azadlığı vardır.
Hər kəs öz maraqlarına və qabiliyyətinə uyğun istənilən yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq hüququna
malikdir. Bu hüquq həm peşəkar, həm də həvəskar əsasda həyata keçirilə bilər. Müəlliflik hüququ, əqli mülkiyyət
hüququ, yaradıcılıq fəaliyyətinin nəticələrindən sərbəst istifadə etmə və dövlət tərəfindən dəstəklənmə baxımından
yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər bərabər hüquqludurlar.
Hər kəsin özünün yaradıcılıq fəaliyyətinin nəticələrinə mülkiyyət hüququ vardır. Bu hüquq Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası vətəndaşı-
nın özünün yaradıcılıq fəaliyyətinin nəticələrini nümayiş etdirmək, satmaq, habelə bu məqsədlər üçün xarici
ölkələrə aparmaq hüququ vardır.