Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında



Yüklə 2,3 Mb.
səhifə11/36
tarix14.02.2018
ölçüsü2,3 Mb.
#26913
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

MÜHARİBƏ CİNAYƏTLƏRİ


Maddə 114. Muzdluluq

114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə—

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

114.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə—

səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

114.3. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı—

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu fəsildə nəzərdə tutulmuş istər beynəlxalq, istərsə də daxili silahlı münaqişə zamanı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab olunur.

2. Muzdlu dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur.

Maddə 115. Müharibə qanunlarını və adətlərini pozma

115.1. Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə—

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

115.2. Bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

115.3. Bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxslərin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—

on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır .

115.4. Bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri qəsdən öldürmə—

on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır .

Maddə 116. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma

116.0. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni:

116.0.1. mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə;

116.0.2. ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma;

116.0.3. sülh məramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum etmə;73

116.0.4. hərbi əməliyyatların aparılması üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan istifadə etmə;

116.0.5. yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlb etmə;

116.0.6. hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə;

116.0.7. müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə;

116.0.8. hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə;74

116.0.8-1. hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə;

116.0.8-2. mədəni sərvəti qəsdən böyük həcmdə dağıtma və ya mənimsəmə, yaxud mədəni sərvətə münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm aktları törətmə;

116.0.8-3. mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni sərvətə mülkiyyət hüququnu başqasına vermə və ya ona xitam vermə; mədəni sərvətin bilavasitə qorunması, uçotu və ya saxlanılması tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə.75

116.0.9. müvəqqəti barışıq haqqında və ya həlak olanların və yaralıların döyüş meydanından aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması barədə sazişi pozma;

116.0.10. mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə;

116.0.11. hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq etmə, əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma;

116.0.12. dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə;

116.0.13. hərbi əməliyyatlarda birbaşa iştirakını təqsirkar üçün aşkar surətdə dayandırmış, həmçinin silahı olmayan və ya silahını yerə qoymaqla təslim olan, yaxud yaralanma və ya başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə;

116.0.14. işqal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə;

116.0.15. hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirmə;

116.0.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə;

116.0.17. zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə; 76

116.0.18. bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə, habelə prosessual hüquqlardan məhrum etmə—

yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Qeyd: Bu Məcəllənin 116.0.8-1-116.0.8-3-cü maddələrində “mədəni sərvət” dedikdə, aşağıdakılar başa düşülür:77

1. hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri; bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; həmçinin elmi kolleksiyalar və ya kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları);

2. bu “Qeyd”in 1-ci bəndində göstərilmiş, əsas və həqiqi məqsədi daşınar mədəni sərvətlərin saxlanması və ya sərgilənməsi olan binalar (muzeylər, iri kitabxanalar, arxivlər, habelə həmin bənddə göstərilmiş daşınar mədəni sərvətləri silahlı münaqişə zamanı saxlamaq üçün istifadə olunan sığınacaqlar);

3. bu “Qeyd”in 1-ci və 2-ci bəndlərində göstərilmiş mədəni sərvətlərin çox olduğu “mədəni sərvətlərin cəmləşdiyi mərkəz” adlandırılan mərkəzlər.

Maddə 117. Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə

117.1. Rəis və ya vəzifəli şəxs tərəfindən silahlı münaqişə zamanı tabeliyində olanlara bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin qarşısının alınması məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməmə—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

117.2. Döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə—

on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır

Maddə 118. Hərbi soyğunçuluq

Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama (hərbi soyğunçuluq) —

üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 119. Müdafiə olunan nişanlardan sui-istifadə

119.1. Hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə etmək hüququ olmayan şəxslər tərəfindən istifadə etmə78

iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

119.2. Ağ bayraqdan, Birləşmiş Millətlər Təşkilatının bayraq, nişan və ya geyimlərindən, o cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları ilə müdafiə olunan fərqləndirici nişanlardan sui-istifadə etmə, bu əməllər zərərçəkmiş şəxsin ölümünə və ya onun sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə