Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

31 
 
sübutu  üçün  bir  daha  mənbəyə  müraciət  edək:  Əbdi  bəy  Şirazi  yazır:  ―Mustafa 
sultan  Ustaclı  əmirül-üməralıqda  Div  sultana  şərik  oldu,  lakin  bu  vəzifədə  Div 
sultan daha üstün idi‖ [81, 252b]. 
Mənbələrdə  əmirül-üməra  mənsəbi  bəzən  vəkalət  və  divan  əmiri 
vəzifələrinin sinonimi kimi də göstərilir. Məsələn, Həsən bəy Rumlu yazır ki, Div 
sultan gəncliyində I Şah Təhmasibin əmirül-ümərası idi [65, 184]. Müəllif azacıq 
sonrakı  izahında  Divin  vəkil  olduğunu  bildirir  [65,  187—188].  ―Lübbət-təvarix‖ 
əsərində Hüseyn bəy Şamlunun I Şah İsmayılın əmirül-ümərası olduğu göstərilmiş 
[98,  137].  Sonradan  isə  o,  divan  əmiri  kimi  qələmə  verilmişdir  [98,  144].  Bu 
misaldan başqa Mir Yəhya Qəzvini yazır: ―Divan əmiri olan Çayan sultan Ustaclu 
930  (1523/24)-cu  ildə  vəfat  etdi,  onun  yerini  oğlu  Bayazid sultana  verdilər.  O  da 
bir neçə gündən sonra öldü və əmirül-üməralıq mənsəbinə Div sultan Rumlu təyin 
olundu‖ [98, 150]. Əbdi bəy Şirazi də Divin əmirül-üməra və vəkil olduğunu yazır 
[81, 253b]. 
Fikrimizcə,  əmirül-üməranın  vəkil  adlandırılması  ilə  razılaşmaq  olar, 
çünki  hakimiyyətinin  başlanğıcında  I  Şah  Təhmasibin  əmirül-üməraları  bir  növ 
onun  vəkilləri  olmuşlar  ki,  bütün  işləri  gənc  və  təcrübəsiz  şahın  adından 
aparırdılar.  Ancaq  orta  əsr  tarixçiləri  tərəfindən  əmirül-üməralığın  divan  əmiri 
mənsəbi ilə eyniləşdirilməsi düzgün deyildir ki, bu barədə ―Divan əmiri‖ bəhsində 
danışılacaqdır. 
Sədr:  Dövlətdə  tutduğu  mövqeyinə  görə  XVI  əsr  Səfəvi  dövlətində 
əmirül-üməradan sonrakı yer sədrə məxsus olmuşdur. Lakin XV əsr Qaraqoyunlu 
və  Ağqoyunlu  dövlətlərində  sədarət  mənsəbini  aparan  şəxsin  rolu  bir  əsr  sonrakı 
sədrin rolundan  fərqlənir  və  elə  böyük  üstünlüyə  malik  deyildi.  Mənbələrdə hətta 
XV əsr Azərbaycan feodal dövlətlərində vəkil və vəzirin tutduğu mövqeyin sədrə 
nisbətən  daha  üstün  olduğu  aşkar  nəzərə  çarpır  və  sədrin  fəaliyyəti,  əsasən, 
göstərilmir. 
Tarixçilərin  əksəriyyəti  bu  vəzifəni  ―yüksək  vəzifə‖  adlandırmışdır  [65, 
110;  84,  549;  97,  126].  Ümumiyyətlə,  Həsən  bəy  Rumlu  və  başqalarının 
əsərlərində Qaraqoyunlu dövlətində sədrin oynadığı rol az işıqlandırılmışdır, lakin 
Ağqoyunlu dövlət aparatında sədrin icra etdiyi vəzifənin ön plana çəkildiyinə işarə 
edilmişdir. Həsən bəy Rumlu ağqoyunlu sədri Qazi İsanı ―sədarət mənsəbi və dini 
işlər  vəzifəsinin  sahibi‖  adlandırır,  lakin  bir  müddət  sədrlik  edən  bu  şəxsin 
səltənətdə  ―ixtiyar  sahibi‖  sayılan  vəkil  Sufi  Xəlilin  fərmanı  ilə  öldürülməsi  [66, 
633;  84,  436;  88,  254]  sədarət  vəzifəsinin  XV  əsrdə  hələ  o  qədər  də  möhkəm 
mövqe tutmadığını göstərir. 
Qaraqoyunlu  dövlətinin  tərkibində  olan  Bağdad  əyaləti,  ―Əhsənüt-
təvarix‖də  göstərildiyinə  görə,  847  (1443/44)-ci  ildə  Cahanşah  tərəfindən  oğlu 
Məhəmmədi  Mirzəyə  verilmiş  və  şahzadə  azyaşlı  olduğundan  şəhər  işlərinin 
idarəsi Abdulla adlı bir şəxsə tapşırılmışdı [66, 250]. Həsən bəy Rumlu Abdullanın 
vəzifəsinin  adını  göstərmirsə  də,  onun  Məhəmmədi  Mirzənin  lələsi  və  sarayında 


32 
 
sədarət  mənsəbinin  sahibi  olduğu  bilinir,  lakin  səfəvi  sədrlərinin  XVI  əsrdə 
gördüyü  işlərin  ancaq  ikisinin  (―həll  və  əqd‖—yəni  bir  sıra  işlərin  ―açılması  və 
bağlanması‖)  qaraqoyunlu  sədri  Abdulla tərəfindən icra  edilməsi  o  zaman  sədrin 
fəaliyyətinin  məhdud  olduğuna  dəlalət  edir.  Buna  baxmayaraq,  qeyd  etmək 
lazımdır  ki,  sonrakı  əsrlərdə  olduğu  kimi,  XV  əsr  sədrlərinin  də  ən  əsas 
vəzifələrindən biri vəqf idarələrinə rəhbərlik etmək olmuşdur [69, 166]. 
Göstərmək lazımdır ki, səfəvilər dindən ―böyük bir dövlət yaratmaq üçün 
ideoloji  bir  silah  kimi  istifadə  edirdilər‖  [52,  96].  Buna  görə  də,  XVI  əsr  Səfəvi 
dövlət  aparatında  şiə  təriqəti  adından  çıxış  edib  hökümətə  böyük  köməklik 
göstərən sədarət mənsəbi görkəmli yer tuturdu. I Şah İsmayıl taxta cülus edən kimi 
sədarət vəzifəsini müəllimi olmuş Şəmsəddin Gilaniyə  vermişdi [65, 54; 61, 266; 
97, 74]. Bu səfəvi şahı yeni dövlətin möhkəmlənməsində görkəmli rol oynayan şiə 
təriqətinin daha sürətlə yayılmasından ötrü sədr mənsəbini başqa adama deyil, ilk 
növbədə məhz öz etibarlı nümayəndəsinə tapşırmışdı. Lakin sədrlər həmişə şahın 
etimadını  doğrultmurdular.  Həsən  bəy  Rumlu  bildirir  ki,  915  (1509/10)-ci  ildə 
vəzifəsindən istifadə edib ―nahaq qanlar tökən‖ sədr Qazi Məhəmməd Kaşi I Şah 
İsmayılın  əmri ilə öldürülmüş [65, 110; 98, 140; 88, 272; 77, 145] və o  vaxtdan 
başlayaraq,  həmin  vəzifə  ―yüksək  dərəcəli  seyidlərdən  başqa  heç  kəsə 
verilməmişdi‖ [65, 152 84, 549 - 550] 
Hələ səfəvi hakimiyyətinin ilk illərində sədarət mənsəbi şərikli aparılmağa 
başlandı. Bu, şah və dövlət torpaqlarına (xassə və məmalik) sədarət funksiyasının 
genişləndirilməsi  ilə  izah  olunur  [55,  48].  Məlumdur  ki,  sədrlərin  hər  ikisi  din 
adından  hərəkət  edirdi  [88,  272;  97,  126].  Mənbələrdə  yazıldığına  görə,  səfəvi 
dövləti qüvvətləndikdən sonra müxtəlif vilayətlər şəri baxımdan iki sədr arasında 
bölüşdürülmüşdü.  Belə  ki,  İraq,  Fars  və  Xuzistan  sədarətini  Mir  Şəmsəddin 
Məhəmməd  Yusif,  Xorasan,  Azərbaycan  və  Şirvan  sədrliyini  isə  Mir  Zeynəddin 
Seyid Əli 970 (1562/63)-ci ildə icra edirdilər [65, 419; 88, 308; 77, 220]
16

Beləliklə,  aydın  olur  ki,  dövlətdə  tutduqları  yer  və  daşıdıqları  vəzifənin 
səlahiyyətinə  görə  qaraqoyunlu  və  ağqoyunlu  sədrləri  səfəvi  sədrlərindən  fərqli 
olmuşlar.  ―Name-yi  nami‖  əsərində  də  müxtəlif  dövlətlərin  sədrləri  bir-birindən 
fərqləndirilir.  ―Sədrlərin  vəzifəsi  hər  dövrdə  və  hər  bir  hökmdarın  xidmətində 
müxtəlif olmuşdur‖ [69, 42]. 
Böyuk müharibələr zamanı sədrlər də döyüşə gedir, fəaliyyət göstərirdilər 
[52, 105]. 920 (1514)-ci ildə baş verən Çaldıran döyüşündə I Şah İsmayılın hər iki 
sədri osmanlılar tərəfindən öldürülmüşdü [65, 152; 77, 158]. 
Vəkil: XV-XVI əsrlər Azərbaycan feodal dövlətlərinin idarə olunmasında 
vəkilin də özünəməxsus yeri olmuşdur
17
. O, şah adından hərəkət edir, bəzi hallarda 
                                                             
16
 ―Cavahirəl-əxbar‖ əsərində bu bölgü belə verilmişdir: ―İraq, Fars, Xuzistan, Şirvan – Mir Məhəmməd 
Yusifə, Azərbaycan və Xorasan – Mir Seyid Əliyə tapşırıldı‖ [61, 329 b]. Mənbələrin əksərində Şirvan 
və Azərbaycan birgə göstərildiyinə görə, fikrimizcə, Budaq Qəzvini səhvə yol vermişdir. 
17
 O.Ə. Əfəndiyev vəkil vəzifəsinin artıq Işah Abbas dövründə olmadığını bildirir [52, 104] 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə