226
yürüşünə məcbur etdi. Belə ki, general Paskeviçin başçılıq etdiyi qoşun hissələri,
ona qoşulmuş erməni və gürcü dəstələrinin müşayiəti ilə mayın 12-də İrəvan
istiqamətində hərəkətə başladı. Paskeviçin ardınca imperator I Nikolayın razılığı ilə
təşkil edilən ilk erməni atlı alayı
*
mayın 17-də İrəvan xanlığının ərazisinə doğru
hərəkət etdi. İrəvan sərhədlərində onların sayı 1000 nəfərə çatırdı [177, 323-324].
Bütün bunlar bir daha İrəvan qalasının o zaman necə möhtəşəm qala olduğunu
sübut edir.
İyunun 8-də Üçkilsədən İrəvan qalasına doğru yönələn Paskeviç İrəvan
xanlığına məxsus qalalar haqqında kəşfiyyat məlumatları toplamağa başladı.
General Sərdarabad qalasında 1000 sərbazdan ibarət qarnizon və 500 Mazandaran
atıcısının olduğunu, qalanın torpaq səngərlərində 18 top yerləşdirildiyini və iki
aylıq ərzaq tədarükü görüldüyünü öyrənə bildi. İrəvan qalası haqda Paskeviç hərbi
əməliyyatlar jurnalında yazırdı: "İrəvan qalasının dərin xəndəklə əhatə ölunmuş
bürcləri olan iki hündür divarı var. Divarların arasındakı dar zolaq da sanki xəndək
kimi maneə rolunu oynayır. İç divarın qapalı bürclərində toplar yerləşdirilib, bayır
divar isə mazğal və bürclərdəki falkonet (kiçik çaplı top - red.) və tüfənglərdən açılan
atəşlə qorunur. Qala qarnizonu 2 min sərbazdan və təxminən bu qədər qeyri- nizami
atıcıdan ibarət idi" [93, 262-263]. Paskeviçin rəyinə görə, İrəvan qalasının müdafiəsi
kifayət qədər möhkəm idi və qala qarnizonunun yüksək əhval-ruhiyyəsi onun
əhəmiyyətini daha da artırırdı Alınmaz hesab edilən İrəvan qalasının hələ 1804-cü
ildə Sisianov 1808-ci ildə isə Qudoviç tərəfindən ələ keçirmək cəhdlərinin
uğursuzluqla nəticələndiyini [93, 263-264] Paskeviç yaxşı bilirdi və bu
uğursuzluqları təkrar etmək fikrində deyildi.
Paskeviç İrəvan qalasının ətrafına çatanda Benkendorfun Sübhanqulu
xanla (İrəvan qalasının komendantı - red.) danışıqlar apardığını öyrəndi. O, İrəvan
sərdarının yaxın köməkçisi və təbəəsi olan Sübhanqulu xana etibar etmirdi, lakin
qalanı döyüşsüz ələ keçirməyi ehtimal etdiyindən danışıqların davam etdirilməsinə
icazə verdi. Hələ bir neçə gün bundan əvvəl Sübhanqulu xan knyaz Seversamidzeyə
rus qoşunlarının baş komandanı ilə görüşmək istədiyini bildirmişdi. Paskeviç
qalanın komendantına öz gəlişi barədə xəbər göndərəndə komendantdan deyil,
sərdarın özündən cavab aldıqda Benkendorf çox təəccübləndi. İrəvan sərdarı
Hüseynqulu xan knyaz Seversamidzeyə bildirmişdi: "Əgər söhbət qalanın təslim
edilməsindən getmirsə, onda qalanın komendantına Paskeviçlə görüşməyə icazə
verirəm. Əks halda bu, mənasızdır - çünki mən qalanı heç vaxt təslim
etməyəcəyəm" [93, 264-265]. Bundan sonra Paskeviç qala ilə bütün əlaqələri
kəsməyi əmr etdi [93, 265; 132,167]. Krasovski 20-ci piyada diviziyası və iki kazak
alayı ilə İrəvan yaxınığına gəldi. Burada o, Paskeviçlə birlikdə hücuma keçməli olan
*
General Sipyagin 1826-cı ildə ermənilərin iranlıların (İrəvan xanının və Qacarlar İranının qoşunları -
red.) əleyhinə göstərdikləri xidmətlərdən fəxrlə danışırdı. Ona görə də ermənilərdən ibarət dəstələrin
yaradılmasına diqqət yetirən Sipyagin 1827-ci il mayın 24-də dəstələrə daxil olmaq istəyənlər üçün
xüsusi qaydanı imzaladı [153, 62-64].
227
Benkendorfun mühasirə dəstəsini əvəz etməli idi [177, 449].
Hava şəraiti ilə bağlı olaraq İrəvanın mühasirəsi artıq qoşunların qüvvəsi
xaricində idi. Yay bürküləri başlamış, eyni zamanda qoşunun arasında xəstəlik
yayılmışdı. Paskeviç bir günün içində İrəvanı mühasirə edən gürcü qrenadyor
alayında 240 nəfərin xəstələndiyini bildirirdi. Taborlar seyrəlməyə başlamışdı və
döyüşə biləcək əsgərlərin sayı 400 nəfərdən bir az artıq idi. Mühasirə artilleriyası
hələ gəlib çıxmamışdı (artilleriya yalnız iyunun 26-sında Tiflisdən yola düşmüşdü).
Buna görə də Paskeviç mühasirədən əl çəkərək qoşunu ərzaq və su ehtiyatı olan
dağlarda yerləşdirmək, yollara nəzarəti əldə saxlamaq və lazım gəldikdə tez bir
zamanda İrəvan, Üçkilsə və Sərdarabada yeritməyi düşünürdü.
*
Üçkilsəyə geri
dönən Paskeviç Həsən xanın 3 min süvari və sərbazla Arazı keçərək Alagöz
dağının şərq ətəklərinə yaxınlaşdığını eşitdi. Buna mane olmağa çalışan Paskeviç
iyunun 10-da Şipovun başçılığı ilə Həsən xana qarşı qoşun göndərdi. Onların
Başabarana çatdığını eşidən Həsən xan Qaracasara - Alagöz dağlarına doğru geri
çəkildi [93, 265-267].
İrəvan qalasını işğal etməyin mümkünsüzlüyünü görən general Paskeviç
Naxçıvan üzərinə yürüş etmək qərarına gəldi və qoşunlarını İrəvanın 25
verstliyində yerləşən Gərniçay kənarındakı düşərgəyə topladı. Lakin Naxçıvana
yürüşdən əvvəl İrəvan qalasının mühasirəsini möhkəmləndirmək tədbirlərini də
unutmadı. Benkendorfun yerinə general-leytenant Krasovski İrəvan mühasirə
dəstəsinin rəisi təyin edildi.
**
Paskeviç Krasovskinin dəstəsini İrəvan ətrafında
yerləşdirərək ona lazımi təlimatlar
***
verdi: havalar istiləşənədək İrəvanın
mühasirəsini davam etdirmək, sonra isə lazım olarsa, Sudakəndə doğru geri
çəkilməyi tapşırdı. Paskeviç xəbərdarlıq edirdi ki, İrəvan sərdarının, xüsusilə də
komendant Sübhanqulu xanın danışıqlar aparmaq cəhdi yalnız Krasovskini qəti
tədbirlərdən yayındırmaq məqsədi güdür. Buna görə də Krasovski onlarla mümkün
qədər az danışıqlara girsin [93, 267-273; 177, 332-333].
İyunun 19-da hərəkətə başlayan rus qoşunları ayın 21-də Dəvəli kəndinə
girdi. Kənd əvvəlcədən boşaldılmışdı [93, 273; 132,167] Qeyd olunduğu kimi,
sərdar əvvəlcədən əhalini İrəvana köçürmüş bəzi qalalarda isə mühafizə dəstəsi
qoymuşdu. Şerbatovun yazdığına görə, qalaya 18 min sakin köçürülmüşdü [93,
322; 132, 167].
İrəvanlıların güclü müqaviməti, havaların isti keçməsi və əsgərlər arasında
yayılan xəstəliklər İrəvan qalasını mühasirəyə alan rus qoşunlarının vəziyyətini
günbəgün ağırlaşdırırdı. Leytenant Krasovski iyunun 17-də gündəliyində yazırdı ki,
*
Dağlara çəkilmək fikri yalnız İrəvana hücum edən qoşuna aid idi, Paskeviç özü isə əsas qüvvələrlə
Naxçıvan üzərinə getməyi planlaşdırırdı [193,266].
**
İrəvan dəstəsində 3200-ə yaxın piyada, 1200 süvari, 16 top, əsas qüvvələrin tərkibində isə 4800
piyada, 800 nəfər nizami və 3000 nəfər qeyri-nizami süvari dəstəsi, 26 top var idi [93, 269-270].
***
Paskeviç gələcəkdə əyalətin idarə olunmasında yaxından iştirakı nəzərdə tutulan erməni
arxiyepiskopu Nersesə isə taxıl yığımına və tarlaların suvarılmasına xüsusi diqqət yetirməyi tapşırdı
[bax: 93, 273].