Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə194/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   190   191   192   193   194   195   196   197   ...   208

443 

 

sayı  çox  olduğundan,  bir  sözlə,  qaşqabaqlı,  çiskinli-qaramatlı  keçdiyindən  bu  dövr 



xalq təqvimində boz ay adlanır. Bu ayın sərtliyini, tez-tez dəyişkən olmasını hiss edən 

el-oba əbəs yerə deməyib ki, "Boz ay boz sifətin göstərir" və yaxud "Boz ay bozara-

bozara  keçər".  Həmin  ayın  qəzəbindən  qorunmaqdan  ötrü  boz  ayı  cəmlələrə,  yəni 

həftələrə  (dörd  çilləbeçəyə)  bölüblər.  Cəmlələrə  ad  da  seçiblər:  ab,  atəş,  xak,  bad. 

Həftələrin tamamı çərşənbə günlərində qeyd olunub. 

Bəllidir  ki,  çərşənbə  axşamı  ağır  gündür,  uğurlu  sayılmır.  Görünür,  çillədən 

çıxmaq,  dərd-bəlanı,  ağrı-acını  bu  ağır  günün  üstünə  tökmək  qarşıdakı  günlərə, 

xüsusən  də  ilaxır  çərşənbə  axşamından  sonra  gələn  Novruza  arınıb-durulmuş  halda, 

saf ruh, pak, sağlam bədənlə  getmək el inamınca daha uyğun bilinmişdir. Bu barədə 

görkəmli maarifçi Məhəmmədağa Şahtaxtinskinin 1880-ci ildə "Obzor" qəzetində çap 

etdirdiyi "Novruz  bayramı"  məqaləsində  də  söz açılmışdır. Həmin qaynaqda  deyilir: 

"Çərşənbə  ağır  gün,  ilaxır  -  ilin  axır  çərşənbə  axşamı  isə  ondan  betər  hesab  olunur. 

Odur  ki,  çərşənbənin  ağırlığını  yüngülləşdirmək  üçün  müxtəlif  vasitələrə  əl  atırlar. 

Deyilənə  görə,  axır  çərşənbəni  quş  kimi  ötüb  keçməyən  adam  təzə  ildə  dərd-sərə 

tutulur". 

Xalq ağır hesab elədiyi boz ayın yaz soraqlı çərşənbələrini müqəddəsləşdirmiş 

və  onların  hər  birini  ayrı-ayrılıqda  böyük  şənliklərlə,  sevinclə  qeyd  etmiş,  ilk 

çərşənbədən Novruzadək qışın qurtarması,  təbiətin canlanması  şərəfinə  özünün ayin, 

etiqad,  inanc,  oyun-tamaşa  və  mərasimlərini  yaratmışlar.  Çərşənbə  axşamlarında  od-

ocaq  çatılır,  elliklə  od  üstündən  atılhatıl  başlanır,  "ağırlığım-uğurluğum  hamısı  bu 

odun üstünə" - deyirlər. İnama görə, bununla da ilin ağrı-acısı, uğursuzluğu oda düşüb 

yanmalıdır. 

Boz ay bu müddətində havanın qəfil dəyişməsinə, gündə neçə cildə girməsinə 

aid  bir  el  söyləməsi  də  var.  Çox  qədim  zamanlarda  insanlar  ay  haqq-hesabını 

bilmirdilər, elə ona görə də günü günə, ayı aya qarışdırırdılar. Belə çaşbaşlıq insanları 

bu qənaətə gətirdi ki, ili aylara, ayları isə günlərə bölsünlər. İlə 12 ay, hər aya isə 32 

gün verdilər. Ancaq bölgü vaxtı boz aya cəmi 14 gün düşür. İnciklik olmasın deyə hər 

aydan  bir  gün  götürüb  boz  ayın  günlərinə  əlavə  edirlər.  Görürlər  ki,  bunda  da 

haqsızlıq baş verdi; hər ayın 31 günü, boz ayın isə 25 günü oldu. Onda yenidən aylara 

müraciət  edirlər  ki,  hərəniz  1  gün  də  verin.  Ayların  yarısı  razılaşır,  yarısı  isə 

razılaşmır; nəhayət, biri 1, digəri 2, fevral isə hətta 3 gününü verir. Beləliklə, boz ay 

olur 31 gün. Ancaq öz günlərini ilin müxtəlif fəsillərindən olan aylardan aldığı üçün 

günün biri hava baxımından o birisinə oxşamır. 

Boz ay xalq arasında döl ayı kimi də tanınır. "Boz ayımız bozarsa da, döl ayıdır 

ki, döl ayıdı" deyirlər. Bu ayda qoyunlar quzulayır, quzular mələyir. Ata-babalarımız 

nahaq  yerə  deməyiblər  ki,  "Döl  düşdü,  bərəkətdən  göl  düşdü".  Bir  də  belə  vaxtda 

deyirlər  ki,  "Quzuların  səsindən  qış  səksənər,  köynək-köynək  ət  tökər".  Keçmişlərdə 

dölün başlanması çobanların  sevincinə  səbəb olurdu. Uğurlu quzu almaq onlar üçün 

böyük bayram idi. Bu  münasibətlə  keçirilən şənliyə  qohum-qonşular dəvət olunardı. 

Xalq etiqadına görə, kim belə şənlik təşkil etməzdisə, onda döl bərəkətli olmazdı. 




444 

 

Dölün  uğurlu  keçməsi  ilə  bağlı  bir  sıra  inam  və  mərasimlər  keçirilir:  qovut 



hazırlayır, kətəməz və sulux bişirirlər. Qohum-qonşulara bulama payı göndərirlər. Döl 

vaxtı evin ayağı sayalı ağsaqqalı, ağbirçəyi qoçun belinə oğlan uşağı mindirib sürünün 

içinə buraxır. Dünyagörmüşlərimizin fikrincə, onda quzunun erkəyi çox olardı. 

Qoyunlar  quzulayanda  uşaqların  üzü  gülür,  bulaması  sonbeşiklərin  olardı. 

Kənd-kəsəyimizdən  süd  qoxusu  gəlir,  dələmənin,  yağın,  şorun,  pendirin,  ətin  bol 

olmasını  arzulayırlar.  Qoyun-quzu  dırnağından  başlayır  bərəkət,  -  deyirlər.  Dölçülər 

quzuları  qardan  gözləyir,  əgər  quzuları  birdən-birə  qara  çıxartsan,  deyirlər  quzunu 

yelqursaq eləyərsən. 

Mal-qaranın da, əkinin də, təsərrüfat həyatının da taleyi  həll olunur boz ayda. 

Xalq etiqadına görə, bütün ilin necə keçəcəyi məhz bu ayın necə gəlməsindən asılıdır. 

Boz ay müddətində yaz-tarla işlərinə ciddi hazırlıq görülür; ağacların dibləri bellənir, 

boşaldılıb  qurtarır.  Bağlara,  bağçalara  qulluq  edirlər,  qoyun-quzu  yatağını,  otlağını 

səliqə-sahmana  salırlar.  Bu  zaman  təcrübəli  arıçılar  qışdan  çıxmış  arıları 

qüvvətləndirmək məqsədilə onlara şirə, ruzi payı hazırlayıb verirlər. 

Suvarma  suyunu  əkinçiliyin  əsası  hesab  edən  kəndlilər  boz  ayın  ortalarında 

taxıl  əkinlərini  suvarırlar.  Bu  suvarma  gülənbər  adlanır.  Daha  sonrakı  suvarmalara 



döndərmə və çiçəksuyu deyirlər. 

Yaz  şumu  ilə  bağlı  xışı,  kotanı,  dəhrəni,  baltanı,  bıçağı,  qayçını  qaydaya 

salırlar,  öküzlər  nallanır,  səpin  üçün  saxlanan  buğda,  arpa  quyuları  açılır.  Qışlığı 

tükənənlərə dən verilir. Səməni qoymaq, qovurğa hazırlamaq üçün pay paylanır. Təzə 

bağ salmaq istəyənlər torpağa şitili boz ayda basdırırlar. Hamı bir-birinə kömək edir, 

"birlik harda, dirilik orada", "cəfa çəkməsən, səfa sürməzsən" inamları ilə yaşayırlar. 

Boz  ay  müddətində  Novruza  qədər  ev-eşiyin,  həyət-bacanın  təmizlik  işlərinə 

başlayırlar;  yorğan-döşəyin,  yastıq-mütəkkənin  üzünü  "soyub"  yuyurlar,  yununu 

çubuğa  tutur,  təzələyib  üst-üstə  yığırlar,  xalça-palazı  çaya  töküb  yuyurlar,  sərib 

qurudurlar.  Evin  üst  gözlərini  sahmana  salır,  qonağına,  qardaşlığına,  bacılığına 

hazırlayırlar. 

Ağbirçəklərimiz, qız-gəlinlərimiz boz ay müddətində bayram donluğu üçün ip 

əriyən  cəhrəyə,  evlərdə  güzəranlıq  və  bolluq  rəmzi  olan  nehrəyə  güc  verirlər.  Bu 

müddətdə  toxucu  qız-gəlinlər,  həmçinin  cəhrə  darağını  da  əyirib  qurtarırlar. 

Keçipapaqlılar,  məzhəkəçilər  qapı-qapı  gəzib  cəhrə-darağını  yığışdırmayan,  xalça-

palazı yaza qalanların darvazalarını döyüb məzəmmətlə baxar, zarafatyana deyirlər: 

Cəhrə-darağı yaza qalanın,  

Dili yansın, əli qurusun. 

Boz  ay...  Bu,  təbiətin  elə  bir  çağıdır  ki,  qış  nə  qədər  sərt,  amansız  olsa  da, 

gücdən düşür, yazın iradəsi qarşısında məğlub olur, bahar güc-qüvvətə dolur, havalar 

yavaş-yavaş mülayimləşir, bənövşə dirçəlib dünyaya bağlanmağa hazırlaşır. 

Boz  ayın  qış  nəfəsində  yazın  işartısı  sezilir.  Çayların,  göllərin  ayna  buzları 

çilinglənir,  sular  çağlayır,  bulaqlar  qaynayır,  torpağın  donu  açılır.  Çölləri,  yamacları 

turacların,  kəkliklərin,  bildirçinlərin  nəğməsi  bürüyür.  Arılar  pətəklərindən  boylanır. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə