121
1623-cü ildən səyahətə çıxan Moskva taciri Fyodor Afanasyeviç Kotov
Azərbaycanda çoxlu karvansaranın olduğu barədə məlumat verir. XVII əsr rus
zadəganı, dini-siyasi xadim Artemi Suxanov Gəncədə nahar edib karvansarada
qaldığını qeyd
edir. XVIII əsr rus dövlət xadimi Artemi Petroviç Volınski də həmçinin
karvansaralar haqqında məlumat vermişdir[35].
1684-cü ildə Azərbaycanda olmuş alman alimi Kempferin Binə kəndinin
camaatı tərəfindən necə qarşılandığı barədə verdiyi məlumat maraq doğurur: "Axşam
düşəndə biz Binə camaatının qonaqpərvərliyinin şahidi olduq. Onlar bizi karvansarada
gecələməyə qoymadılar. Kənddə əhali bizi çox mehribanlıqla qarşılayıb xalçalarla
bəzədilmiş mənzilə apardılar. Biz içəri girən kimi kənd əhalisi salamlaşmaq üçün
axışıb gəldi. Gələnlər özləri ilə üzüm, alma, nar və başqa yeməli şeylər gətirirdilər.
Gecədən xeyli keçənə qədər əhali bizimlə söhbət etdi, musiqi çaldılar, xorla mahnılar
oxudular, kollektiv rəqs etdilər və s."[36].
Kənd mühitində qonaqpərvərliyin icrası haqqında Abdulla Şaiq "Köç"
hekayəsində məlumat verir. O, yaylağa köç edən bir ailədən söhbət açır. Bu ailə hələ
öz alaçığını qurmadığından ondan əvvəl köç edənlərdən birinin alaçığına qonaq
düşməli olur. Hekayədə ailənin necə mehribanlıqla qarşılanmasından, dərhal bütün
qadınlar və uşaqların yığışmasından, gülərüz və mehriban münasibətlərindən bəhs
edilir. Kərim babanın dili ilə "Qonaqları incitməyin, yoldan gəliblər, qoyun bir az
rahat olsunlar", deməsi qonağa münasibətin təzahürüdür[37]. El qaydasına görə,
qonağı qəbul etdikdən sonra onu müəyyən müddət tək buraxmaq məsləhətdir ki, bir
qədər dincini alsın, rahatlansın və yorğunluğu çıxsın. Bu vaxt qonaq təkbaşına qalıb
sərbəstləşir, düşdüyü yeni mühitə uyğunlaşmağa başlayır. Lakin bu müddət də çox
uzun olmamalıdır. Çünki qonağa qarşı laqeyd qalmaq olmaz.
Xalqımıza xas olan qonaqpərvərlik kirvələr arasında da mövcud idi. Hətta
kirvələr yaxın qohumdan belə irəli, qardaşdan da yaxın adam və əziz sayılırdılar. Bu
münasibətlər çox vaxt nəslən davam etdirilirdi. Kirvələr bəzi hallarda başqa xalqların
nümayəndələrindən olurdu. Kirvə tutulan adam evin ən əziz və hörmətli qonağı
sayılırdı. Kirvə ailə üzvlərinin razılığı ilə sayılıb-seçilən ailə başçılarından biri olurdu.
Kirvəliyi qəbul edənlə onu seçən ailə arasında xüsusi hörmət əlaməti olaraq qonaqlıq
mərasimi keçirilir və hədiyyə təqdim edilirdi.
XVII əsrin türk səyyahı Evliya Çələbinin məlumatına görə, Bakıda qonaqları
qarşılamaq üçün xüsusi mehmandar vəzifəsi olmuşdur.
Azərbaycanda qonağa çox böyük hörmət bəslənilir. Qonağın yüksək təsir
gücünə malik olması bu və ya digər məsələyə münasibətdə mühüm əhəmiyyət kəsb
edir. Bəzi hallarda qonaq müşahidə etdiyi müəyyən hadisənin təsiri altında məsələyə
müdaxiləni və öz nüfuzundan istifadə etməyi zəruri sayır. Bu məsələ "Səyahətnamə"
əsərində öz əksini tapıb. Evliya Çələbi Təbriz xanının yanında olarkən necə
qarşılandıqlarını təsvir etmişdir. O yazır ki, "...xan yerindən qalxıb "Səlamü əleyküm",
- dedi. Çünki əski Əcəm adəti belədir ki, otağında oturan ev sahibi içəri girən müsafirə
salam verir. Daha əvvəldən qanunları bildiyimə görə, "Vəəleykum səlam, şanı böyük
122
xanım", - dedim. Ardınca sıra Mustafa paşa ağasına gəlincə, ona da salam verildi. O
da salamı aldı. Və hər birimiz Təbriz divanxanasında yerimizi tutduq... Xana
həddindən çox lütfkarlıq, itaətkarlıq göstərib xoş rəftarla yarınmağa çalışdım"[38].
Sözlərinə davam edərək müəllif qeyd edir ki, xana salamlar və cəvahirli xəncərlə
yanaşı, iki cins at göndərildiyini bildirdikdə, Təbriz xanı qiymətli daşlarla bəzədilmiş
xəncəri divan əhlinə göstərib kəmərinə taxdı və bər-bəzəkli yüyən və gəmli, yəhərli,
qayışlı köhlən atları görüb sevindi və dedi ki, haqq bərəkət versin... və nəhayət, atları
minib bir neçə dəfə dolaşdı. Bu görüşdə Evliya Çələbigilə ziyafət hazırlanır. Ziyafətdə
Evliya Çələbi xandan xahiş edir ki, "bu bədbəxt xanı da, zəncirli olsa da, yeməyə
çağırın". Evliya Çələbinin xahiş etdiyi adam Urmiya xanı idi ki, o, Təbriz xanının
dediklərini yerinə yetirə bilmədiyinə görə qandallanıbmış. Evliyagil bu mənzərəni
görüb çox məyus olurlar. Şah qonağının sözünü yerə salmır və "İran torpağı
qanununda bu, mümkün deyildir"[39] - desə də, istər-istəməz qonağın xahişini qəbul
edir. Bu fakt onu göstərir ki, qonağın qəlbini qırmaq olmaz, onun ricası nə qədər
qəbuledilməz və ümumi qanuna zidd olsa belə, onu nəzərə almamaq və qulaqardına
vurmaq özü də bir o qədər qonaqpərvərlik adətinin qaydalarına ziddir. Deməli,
qonağın xahişi hər şeydən üstündür.
Qonaqpərvərlik zamanı özünü göstərən müəyyən qaydalar hökm sürmüşdür.
Məsələn, yeməkdən qabaq və yeməkdən sonra əllər yuyulmalı və dəsmalla
silinməlidir. Həm də Qərbdən fərqli olaraq, müsəlman Şərqində qonaqlar əl yumaq
üçün xüsusi otağa və ya guşəyə çəkilmirlər, məhz süfrə başında əyləşən qonaqlara
zərif qabda su və ləyən gətirirlər. Süfrə başında oturmazdan əvvəl əl və üz
yuyulmalıdır. Qonaqlar yerlərindən qalxmadan əllərini yuyurlar. Yeməkdən sonra da
aftafa-ləyən gətirilir. Yeməkdən əvvəl əlini axırıncı yumuş qonaq yeməkdən sonra
əlini birinci yuyur. Bir qayda olaraq, qonaqların əlinə suyu xidmətçi, yaxud ev
sahibinin yetkinlik yaşına çatmayan qızları və ya oğulları tökürlər. Xüsusi hörmət
əlaməti olaraq fəxri qonaqlara suyu ev sahibinin özü gətirir. Burada sinfi etika öz
ifadəsini tapır. Yüksək vəzifəli kübar özündən aşağı zümrəyə mənsub adamın evinə
qonaq gəlmişdirsə, onun əllərini yuması üçün suyu ev sahibinin özü gətirir.
Ev sahibi hamıdan əvvəl yeməyə başlamalı və hamıdan sonra yeməkdən əl
çəkməlidir. Yeməyə başlamazdan əvvəl Allahın adını çəkib "bismillah" deyirlər. Əgər
süfrəyə müxtəlif xörəklər gətirilirsə, hər dəfə Allahın adı ayrıca çəkilir. Qaydadır ki,
başqalarına nisbətən süfrədən çox tez əl çəkmək olmaz, digər qonaqlar da yeyib
qurtarana qədər səbir edib gözləmək lazımdır. Əgər başqaları əlini çəkibsə, mütləq
digərləri də ac olsalar belə, əllərini süfrədən çəkməlidirlər. Qonaq yanında yaxşı
davranış, mövcud şəraiti düzgün qiymətləndirmək, mehmana layiq olduğu səviyyədə
qulluq göstərmək, vəziyyətin incəliklərini duymaq ev sahibinin üzərinə düşən
məsuliyyətdir.
Müxtəlif mərasim və bayram şənliklərində təzahür edən qonaqpərvərlik adəti
xalqımızın xarakterini, onun mənəvi zənginliyini aydınlaşdırmağa imkan yaradır.
Uzun sürən tarixi dövrlər ərzində qonaqpərvərlik mövcud olmuş, əsrlər boyu