52
Nəsib bəy bu çətin vəziyyətdən çıxmaq yolunu tapmışdı. Və demişdi ki,
bundan sonra siyasət adamları din işlərinə, dindarlar da siyasət adamlarının işinə
qarışmasın. Nəsib bəyin bu təklifi qəbul edilmişdi.
Məmməd Əmin Rəsulzadə dostu Nəsib bəyin çətinliklərini, hansı
qüvvələrlə toqquşub, sıxıntılar keçirdiyini yaxşı bilirdi. Sonradan vətənindən
didərgin düşəndə, azad Azərbaycan hökumətinin bütün rəhbərləri dünyaya göz
yumanda, yalnız o sağ qalanda dostu Nəsib bəy Yusifbəylinin ölüm günündə
xatirəsini yada salmaq üçün hər il Ankaradakı milli kultur mərkəzinə gələcək,
Azəri gənclərinə «müsavatçı» dostundan ağrı və səmimiyyətlə danışacaqdı.
Məqalələrinin birində isə Nəsib bəyin Gəncədəki o çətin, amma şərəfli
fəaliyyətindən belə yazacaqdı:
«Nəsib bəyin Azərbaycan istiqlalındakı və istiqlal hərəkatındakı rolu sadə
nazirliklə və baş vəkalətdə bulunduğunu söyləməkdə ifadə edilə bilməz. Onun
hərəkatındakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən çox daha əvvəl
başlamışdır. Bu rol onun Gəncədə 1917-ci ildə «Türk ədəmi mərkəziyyət xalq
firqəsi» namiylə təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs
etməsiylə başlayır. Azərbaycan ideyasını siyasi bir mətləb maddəsi şəklində
formula etmək şərəfi mərhum Nəsib bəyindir».
1917-ci ilin iyun ayında «Müsavat» partiyası ilə «Türk ədəmi mərkəziyyət»
partiyası birləşib «Türk ədəmi mərkəziyyət partiyası müsavat» adlandı. Partiyanın
mərkəzi Bakıda qaldı. Gəncədə isə bir şöbə olaraq fəaliyyətini davam etdirdi.
Birləşmiş «Müsavat» partiyasının birinci qurultayını keçirib yeni proqramını qəbul
etmək lazım idi.
Məmməd Əmin Rəsulzadəni indi ən çox narahat edən «Müsavat»ın iş
xəttini dəyişən zamana uyğunlaşdırmaq idi.
«Müsavat» partiyasının ilk qurultayı 1917-ci ilin oktyabr ayında oldu.
Qurultayda 500-ə yaxın nümayəndə iştirak edirdi. Qurultay 76 maddədən ibarət
partiyanın yeni proqramını qəbul edirdi. Partiyanın proqramında bu məsələlərə
üstünlük verilmişdi: 1) Dövlət və muxtariyyət; 2) Milli məsələlər; 3) Dini
məsələlər; 4) Həqqi əhliyyət; 5) İqtisad və maliyyə işləri; 6) Torpaq məsələsi; 7)
İşçi məsələsi; 8) Ədliyyə məsələsi.
«Müsavat»ın proqramında dövlət və muxtariyyət təşkilati məsələsi kəskin
olaraq bu şəkildə qoyulmuşdu:
«Rusiya dövlətinin şəkli idarəsi, milli-məhəlli muxtariyyət əsası üzərinə
qurulu xalq cümhuriyyətindən ibarət olmalıdır».
«Müsavat» partiyasının proqramı böyük tərəqqi və inkişaf proqramına
bərabər idi. Burda illərdən bəri əsarətdə çırpınan xalqın arzu və istəkləri, yaşamaq
haqqı, elm, bilik qazanmaq cəhdi qabarıq şəkildə verilmişdir.
..Beş yüz adamın iştirak etdiyi «Müsavat» partiyasının birinci qurultayında
otuz üç yaşlı Məmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilir.
53
İslami əsaslı müsavata türkçü bir quruluş verən Məmməd Əmin Rəsulzadə
lideri seçildiyi partiyanın qurultayında deyir:
«Yalnız din birliyi müasir məna ilə bir millət təşkil edə bilməz. Milliyyəti
təşhis edən müştərək əlamətlərin başlıcası dil, din, adət və ədəbiyyatdır. Bu
nöqteyi-nəzərdən bütün türklər bir millətdir. Təbii milli olduğu, milliyyətində
yalnız dinlə deyil, başlıca din üzərinə müstənit hərsən təəssüs eylədiyi qənaətiylə
biz bu günkü haliylə müttəfiq bulunan geniş türk dünyasının bir gün gəlib müttəhit
və müttəfiq bir türk aləmi təşkil edəcəyinə inanırıq.
Milli istiqlala malik olmayan bir millət, hürriyyət və hərsini də hifz edə
bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal».
...Amma dünya dəyişmişdi.
«Müsavat»ın birinci qurultayının keçirildiyi vaxtda, istiqlaliyyət və
hürriyyətə doğru daha inamlı addımlar atıldığı zamanda xalqın bütün istək və
arzularını boğub məhv edəcək bolşeviklər hakimiyyətə gəlmişdi.
Kerenski hökuməti yıxılmış, Lenin hökmranlığa başlamışdı.
İlkin zamanlar Lenin hökuməti yağlı vədlər verir, məzmununa özünün heç
zaman əməl etmədiyi dekretlər qəbul edirdi. Nəzəriyyədə hər fikri gözəl səslənən
Lenin siyasəti həyatda tamam başqa şeyləri deyirdi. Xalqlara azadlıq vəd edən
Lenin hökuməti əslində istismar və ətalətin yeni formasına — terror, qətl yolu ilə
hakimiyyəti möhkəmlətməyə keçmişdi. Sakit və təmkinlilikdən uzaq olan, yalnız
qışqırmağı, başaldadan, «eşq olsun», «urra» sədalarına üstünlük verən bolşeviklər
Leninin liderliyi ilə adına «proletar, fəhlə, kəndli hökuməti» deyilən bir quruluşun
möhkəmləiməyinə çalışırdılar.
Bolşeviklər qorxunc bir ideya ilə silahlanmışdılar. «Proletar və fəhlə-kəndli
hakimiyyəti» adı altında gizlənib özlərinin hegemonluqlarını yaradırdılar. Sonrakı
həyat təcrübəsi göstərdi ki, bu adamların əsas məqsədi əslində hakimiyyətə çatmaq
idi. Əgər onların niyyəti azad və demokratik prinsiplərə əsaslanan quruluş
yaratmaq idisə, onda nəyə görə «hegemonluq, vahid partiyalılıq, yuxarıdan
idarə» ideyalarını irəli sürürdülər. Cəmiyyətin inkişafına, tərəqqisinə təkan verən
qarşıdurmadan, fikir müxtəlifliyindən qaçır, uzaqlaşırdı bolşeviklər. Fikir ayrılığı
olan yerlərdə güclü terror tətbiq edirdilər. İnsanların beynini yalançı vədlərlə,
«işıqlı kommunizm»lə zəhərləyib özlərinin istismar alətinə çevirirdilər. İnsan
ölümü onlardan ötrü adi yaşayış norması idi.
Axan günahsız qanların, həyatına qəsd edilən minlərlə insanın faciəsi
Leninin öz qəddar xarakterindən baş alıb gəlirdi.
Məmməd Əmin Rəsulzadə Lenin başda olmaqla bolşeviklərin qorxunc
oyuna başladıqlarını bilirdi. Bu oyunun ilk təhlükəsi erməni Şaumyanın noyabr
ayında Bakıda yaradılan Bakı Xalq Komissarları Sovetinə sədr seçilməsi idi. Belə
alınırdı ki, Bakı Petroqrad bolşeviklərinin—Lenin hökumətinin sərəncamına
keçirdi.
Dostları ilə paylaş: |