103
ölümləri ilə yeni bir türk dövlətini yaşadan bu böyük insanları yad edərkən sizi bir
az düşündürmək istəyirəm. Rus əmələsi millətlərin haqqı istiqlalını elan edər. Bu
mümkündür. Fəqət, bir türk istiqlalının təhəqqüqünü rus əmələsindən gözləmək
əbəsdir. Sinfi məfkurələrin öz qüvvət və sayələrinə bağlı olduğu kimi, milli
məfkurələrin təhəqqüqü də milli qüvvətlərin sayı və hümmətlərinə bağlıdır.
Bunun üçündür ki, millətlərə hakkı-istiqlal elan edən rus kommunizmi
Azərbaycan istiqlalına müncər olunca, türk düşmanı ünsürlərlə yaxınlıq etdi,
başımıza qanlı mart hadisəsini gətirdi. Bizə muxtariyyət vermək deyil, xarabazar
vermək istədi. Bu qızıl və qanlı qüvvəyə qarşı milli istiqlalımızın həqiqi müdafiə
olaraq bizə Xızr kimi gələn qüvvət hankı qüvvət idi?! Bu qüvvət Rusiya əmələsi
deyil, türk ordusu idi. Milli bir qüvvət idi!
Əvət, Azərbaycan milli hürriyyət və istiqlalının yeni türk dövlətinin vücudu
üçün bu gün böyük məzarları başında hüznlə üzərində diz çökdüyümüz bu böyük
insanlara borcludur!
Bu böyük şəhidlər kimi, biz də fədakar olacaq, hürriyyətimizi, milli vəhdət
və istiqlalımızı, canımızı verərək müdafiə edəcəyik!»
Məzar başına toplanan xalq öz rəhbərinin səsinə qoşularaq and içir.
Azad Azərbaycanın hər yanında türk şəhidlərinin xatirəsi yad edilir,
məhəbbət, hüzn dolu sözlər eşidilirdi.
Xalq azad idi va öz xilaskarını yada salır, məzarı başında onun qanı
bahasına qazanılan istiqlalını qoruyub saxlayacağına and içirdi. Hökumət başçısı
da xalqla birlikdə bu and yerinə gəlirdi. Azad xalqın istəyindən başqa, özgə
kimsənin hökmü işləmirdi burda. Amma…
ġikayət səsi. Amma bir gün gələcəkdi ki, hər şey dəyişəcək, dövran
başqalaşacaqdı. İndi azadlıq gülü bitən torpaqdan ah-fəğanlar yüksəlməyə, inilti
qopmağa başlayacaqdı. Azərbaycanı işğal edən bolşeviklər qanlı istibdad
köynəyini əyninə geyinib yalnız «hürriyyət» deyən Azəri türklərini deyil, eyni
zamanda torpaqda sakit uyuyan türk məzarlarını da qılınclayacaqdılar. Qorxu və
əsarətdə yaşayan xalqa Çəmbərəkəndə gedib türk şəhidinin məzarını ziyarət etmək
qadağan olunacaqdı. Qorxacaqdı bolşeviklər. Qorxacaqdılar ki, adamlar o məzar
üstə gedəndə içərilərinə güc, qüvvət yığıb bu işğalçılara qarşı qiyam qaldırar, qanlı
teştlərini onların başında sındırarlar.
Amma xalq unutmayacaqdı o şəhidləri. Məzarları üstə gedə bilməsələr də,
kənardan baxıb onların azad məfkurə atəşini ürəklərinə yığacaq, yadlar ayağı
altında inildəyən, məzarıstanlıqda sönməz bir şölə kimi daima tutuşub yanan
şəhidləri qəlblərində yaşadacaqdılar. O məzarlar üstündə içdikləri andı isə
unutmayacaqdılar. İçəriləri alışa-alışa qisas gününü gözləyəcəkdilər.
...O məzarlardan biri hazırda Şamaxı rayonunda qalmaqdadır. Görünür bu
qərib türk şəhidinin məzarını dağıtmağı təsadüfən unudublar.
M.Ə.Rəsulzadə qaçqınlar haqda düĢünür. Gələn xəbərlər ürək açmırdı.
Neçə dəfə Ermənistan hökumətinə təklif olunmuşdu ki, qırğın dayandırılsın.
104
Amma ermənilər bildiyini edirdi. Zəngəzurda, Vedidə Andranik qocalara,
körpələrə belə rəhm etmirdi. 400-ə yaxın azərbaycanlı qorxudan qaçıb məscidə
girmişdi. Andronikin adamları onlara rəhm etməyib, içərisindəkilərlə birlikdə
məscidi yandırmışdılar.
Günahsız ölənlərin acı taleyi ağrıdırdı onu. Vəziyyətdən isə yeganə çıxış
yolu vardı: Milli ordunun köməyi ilə Andronikin vəhşiliyinin qarşısını almaq.
Azərbaycan qaçqınlarla dolu idi. Evləri-eşikləri dağılmış bu adamlar güc-
bəla ilə canlarını qurtarıb qaçmışdılar. Amma nə yaşayış yerləri vardı, nə də
güzəranları.
Hökumət onlara köməklik göstərirdi. Amma çatdırmaq qeyri-mümkün idi.
Qaçqınlar bir idimi, iki idimi? Minlərlə qaçqın acınacaqlı, səfalət dolu həyat
yaşayırdı.
Başçılıq etdiyi milli hökumət imkanı daxilində kömək edirdi. Onların
vəziyyətini yaxşılaşdırmaqdan ötrü çoxlu vəsait ayırmışdı. Amma bunlar xalqın
düçar olduğu faciə ilə müqayisədə az idi, çox az idi.
Milli hökumətin qaçqınlarla bağlı son vaxtlarda gördüyü işləri xatırladı:
1) Gəncə dairəsində 21908 qaçqın var. Bu qaçqınlara 18000 pud taxıl
verilib. Qaçqınlar üçün Gəncədə 3, Gədəbəydə 1, Qazaxda 1 pulsuz yeməkxanalar
açılıb.
2) Şamaxı dairəsində 26877 qaçqın var. 18241 pud taxıl verilib. 13-dən çox
yeməkxana yerləri açılıb.
3) Nuxa dairəsində 51000 qaçqın var, 1730 pud taxıl da oraya göndərilib.
Lənkəranda, Qarabağda da qaçqınların sayı çox idi. Vəziyyət hər yandan dumanlı
görünürdü.
Amma hökumətin çətinlikdən qorxmayıb ağıllı planlar həyata keçirib
işləməyi onu az da olsa sakitləşdirirdi. Hökumətdə milli qeyrətli, Azərbaycanın
varlığını hər şeydən üstün tutan adamlar çox idi. İmkanları nəyə çatırdısa edirdilər.
Düşünürdü ki, Azərbaycanın xarici ticarət əlaqələri möhkəmlənsə, satılan neft ilə
qaçqınların halını tez bir zamanda yaxşılaşdırmaq olar. Bütün qayğılar hamısı
birdən çıxmışdı ortalığa və heç birinin həllini gecikdirmək olmazdı. Yaranmış
şərait hökumətdən çox şey tələb edirdi. Hökumətin isə imkanı az idi.
Qaçqınların halı ağrıdırdı onu. Başçılıq etdiyi hökumətin ciddi çalışmağına
baxmayaraq hələ də azərbaycanlılar yaşayan kəndlərdə Andronikin atdığı güllə
səsləri, körpə iniltisi, insan fəryadı eşidilirdi.
M. Ə. Rəsulzadə Versaldan nigarandır. Versaldan məktublar gəlirdi.
Amma məktublarda narazılıq, giley-güzar, ümumi münasibətin gərginliyi hiss
olunurdu. Nümayəndə heyəti çətin, çox çətin bir vəziyyətdə qalmışdı.
Azərbaycanın müstəqilliyini tanıtmaq istəyən nümayəndə heyətinə iki tərəfdən
təzyiq göstərilirdi: Bir yandan ermənilər, ikinci tərəfdən ruslar. Konfransa gəlmiş
ruslar nə istəyirdi? Onlar yenə də köhnə fikirlərində qalmışdılar: Rusiyanın
əvvəlki sərhədlərini qorumaq.
Dostları ilə paylaş: |