Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   24   25   26   27   28   29   30   31   ...   99

 
83
kateqoriyası əşya və məkan münasibətlərini, felin şəkilləri 
isə modallıq kateqoriyasını ifadə edir” [38, s.461]. Daha 
sonra  Ə.M.Cavadov Avropa dillərində (yəqin ki, german və 
roman dilləri nəzərdə tutulur - F.C.) mövcud olan modal 
fellərin Azərbaycan dilində olmadığını göstərərək belə bir 
nəticəyə  gəlir ki, Azərbaycan dilində, o cümlədən türk 
dillərində felin şəkilləri feli xəbərli cümlələrdə modallıq 
kateqoriyasını ifadə etmək üçün tamamilə kifayətdir və 
beləliklə, Avropa dillərində olan modal fellərə dilimizdə 
ehtiyac yoxdur [38, s.462]. Doğrudur, müəllif özü də etiraf 
edir ki, modal sözlərin tam öyrənildiyini söyləmək olmaz, 
modal sözlərin  əhatə dairəsi haqqında hələ  də fikir birliyi 
yoxdur və s. Sonra Ə.M.Cavadov həmin deyilənlərin davamı 
olaraq yazır: “Demək, deməli, demək ki, ümumiyyətlə, bir 
sözlə, açıq sözlə desək, qısa desək, ümumiyyətlə desək, 
müxtəsər, beləliklə, nəhayət, deməli ki, açıq deyilsə, qərəz, 
xülasə,  əlqıssa, ümumən, demə, sən demə, məsələn, 
məncə, səncə, bizcə, deyilənə görə, onun fikrincə, rəyincə, 
sizin rəyinizə görə, bəli, yox, xeyr kimi sözlərin və 
birləşmələrin modal söz olub-olmaması mübahisəlidir” [38, 
s.463].  
Elə bu sitatın özü belə müəllifin Azərbaycan dilində modal 
fellərin olmaması fikrini təkzib edir və burada mübahisəli 
olan məqamlar çoxdur. Ən çox etiraz doğuran isə modallığın 
sırf morfoloci kateqoriya kimi səciyyələndirilməsi fikri hesab 
oluna bilər.  
 
2.1.2. Modallıq linqvistik kateqoriya kimi.  
Əvvəlcə qrammatik kateqoriya anlayışının izahı ilə 
əlaqədar mövcud fikirlərə münasibətimizi bildirək. “Müasir 
Azərbaycan dili” kitabında qrammatik kateqoriya dedikdə 
müəyyən qrammatik mənanın paradiqmatik planda xüsusi 
sözdəyişdirici  şəkilçilərlə sistem şəklində ifadəsi başa 
düşülür. Qrammatik kateqoriyanın  əsasında qrammatik 
formanın durduğu göstərilir və elə hesab edilir ki, qrammatik 
formasız qrammatik kateqoriya yoxdur. Həmin prinsip 
əsasında Azərbaycan dilində qrammatik kateqoriyalar iki 
yerə bölünür: 1) xüsusi qrammatik kateqoriyalar; 2) ümumi 
qrammatik kateqoriyalar. Bu anlayışları müəyyənləşdirərkən 


 
84
ad və fel qütblərinə əsaslanırlar. Hər iki söz qrupunu, yəni 
həm adları, həm də felləri  əhatə edən qrammatik 
kateqoriyalar ümumi, bunlardan yalnız birinə aid olanlar isə 
xüsusi adlanır. Beləliklə, Azərbaycan dilində inkarlıq, sual, 
intonasiya ümumi kateqoriyalar, zaman, şəkil, təsirlilik, şəxs 
kateqoriyaları fellərə, hal, mənsubiyyət, xəbərlik adlara aid 
olmaqla xüsusi hesab olunur [38, s.9-10].  
Yuxarıdakı izahdan göründüyü kimi, modallıq 
ümumiyyətlə kateqoriya hesab olunmur. Fikrimizcə, 
modallıq nəinki ümumi qrammatik, hətta daha geniş 
mənada linqvistik kateqoriya hesab oluna bilər (fəlsəfi, 
məntiqi kateqoriyalar anlamında). Çünki, modallığı  təkcə 
qrammatika ilə  məhdudlaşdırmaq düzgün olmazdı. Bu 
mənada “İzahlı dilçilik terminləri” lüğətində qrammatik 
kateqoriya termininin ikinci mənası daha məqbul hesab 
oluna bilər: “Ümumi semantik və morfoloci-sintaktik 
əlamətlər əsasında birləşən ən böyük leksik-qrammatik söz 
qrupları. Fel kateqoriyası.  İsim kateqoriyası” [7, s.57]. Bu 
baxımdan modallığı da “semantik və morfoloci-sintaktik 
əlamətlər  əsasında” formalaşan leksik-qrammatik söz 
qrupunu birləşdirən ümumi linqvistik kateqoriya hesab 
etmək olar.  
Fikrimizi əsaslandırmaq üçün Ferdinand de Sössürün dilə 
verdiyi tərifi bir daha nəzərdən keçirək: “Bizim fikrimizcə, dil 
anlayışı nitq fəaliyyəti anlayışı ilə ümumiyyətlə uyğun gəlmir; 
dil nitq fəaliyyətinin yalnız müəyyən hissəsi, lakin doğrudur 
ki,  ən  əsas hissəsidir. Kollektiv tərəfindən qəbul edilmiş 
zəruri şərtiliklərin məcmusu olan dil elə bir sosial məhsuldur 
ki, hər bir dil daşıyıcısında mövcud olmaqla, nitq 
fəaliyyətinin reallaşmasını, funksiyadaşıma qabiliyyətini 
təmin edir. Bütövlükdə, nitq fəaliyyəti müxtəlif tərəfli və 
rəngarəngdir; ayrı-ayrı sahələrə yayılaraq eyni zamanda 
fiziki, fizioloci və psixoloci olmaqla, həm fərdi, həm də sosial 
sferaya aiddir” [157, s.65-66). Sössürə görə dil hər bir kəsin 
beynindəki izlər məcmusu olaraq bütövlükdə kollektivdə 
mövcuddur; lüğət kimi: tamamilə eyni olan nüsxələri müxtəlif 
şəxslərin istifadəsində ola bilər. Dil, hamının malik olduğu
eyni zamanda hamı üçün ümumi olan, kimlərə 
mənsubdursa onların iradəsindən kənar bir şeydir. Nitqdə 


 
85
kollektiv olan heç nə yoxdur: onun təzahürü fərdi və anidir 
[157, s.80]. Bütün bu istinadlardan məqsəd ümumi və 
kollektiv olan dilin təzahür forması nitqin aparıcı rolunu bir 
daha nəzərə çarpdırmaq və onun fonunda modallığı 
səciyyələndirməkdir.  
Nitq şifahi danışıq əsasında formalaşır. Şifahi danışıq isə 
intonasiya, digər prosodik vasitələr olmadan mövcud ola 
bilməz. Bu baxımdan modallıq kateqoriyasının 
formalaşmasında mühüm rol oynayan prosodik vasitələrin 
geniş  tədqiqata cəlb edilməsi və  hərtərəfli təhlili olduqca 
vacibdir. Həmin vasitələrin funksiya və rolunun 
müəyyənləşdirilməsi modallığı bir linqvistik kateqoriya kimi 
səciyyələndirməyə imkan verir.  
 
2.1.3. Modallığın formalaşmasında intonasiya və digər 
prosodik vasitələrin rolu.  
Nitqin anlaşıqlı olması  və  mənanın qavranılmasında 
intonasiyanın rolu olduqca böyükdür. Təəssüf ki, 
intonasiyanın sintaktik xüsusiyyətlərinə lazımi dərəcədə 
əhəmiyyət verilməmtş, onun linqvistik mahiyyəti 
açıqlanmamışdır. Müasir sintaktik nəzəriyyənin və  mətn 
sintaksisinin ən mühüm vəzifələrindən biri dil sistemində və 
nitqin formalaşmasında prosodik vasitələrin rolunun 
hərtərəfli araşdırılması hesab olunmalıdır. Modallığın 
formalaşmasında intonasiya və digər prosodik vasitələrin 
rolunu aydınlaşdırmazdan  əvvəl bəzi terminlərin izahını 
vermək məqsədəuyğun olardı. Məsələ orasındadır ki, bir 
çox  ədəbiyyatlarda eyni terminin müxtəlif izahlarına rast 
gəlmək mümkündür. Şərti işarələr də bir-birindən fərqlidir. 
Göstərilənləri nəzərə alaraq dissertasiya işində terminlər 
birmənalı izah olunur və vahid şərti işarələr istifadə edilir. 
Dissertasiyada müxtəlif mənbələrdə verilmiş termin və şərti 
işarələrin aşağıdakı variantları əsas götürülmüşdür:  
Ton – səs tellərinin gərilməsi nəticəsində səsin ahənginin 
yüksəlməsi və alçalması. Yüksələn tonun qeyri-müəyyənlik, 
natamamlıq, enən tonun isə  qətilik və müəyyənlik bildirdiyi 
göstərilir. Yüksələn tonu (<), enən tonu (>), neytral tonu isə 
(–) kimi işarə etmək olar.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə