Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə30/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   24   25   26   27   28   29   30   31   32

«Yetmişinci Görüş»


Əllamə Nuri yazır: Yaxından tanıdığımız Şeyx Qasım adlı olduqca imanlı və e`tibarlı bir şəxs vardı. Hər il həcc mövsümü ziyarətə gedərdi. O, səfərlərin birində başına gələn bir əhvalatı belə nəql edir:

Səfərlərin birində dincimi almaq üçün bir ağacın kölgəsinə çəkilib uzandım. Yorğunluqdan yuxu məni apardı və çox uzun çəkdi. Nə qədər yatdığımı bilmirəm, amma ayılanda gördüm ki, karvandan əsər-əlamət yoxdur. O zaman hansı səmtə gedəcəyimi tə`yin edə bilmədim. Seyyid ibn Tavusun “Əl-aman” kitabında deyildiyi kimi, üzümü bir səmtə tutub fəryad çəkdim: “Ya Əba Saleh!” Bu adı çağırmaqda məqsədim həmin kitabın göstərişinə müvafiq olaraq İmam Zamanı (ə) səsləmək idi. Mən haray çəkdiyim vaxt bir də gördüm ki, bədəvi ərəblərə məxsus libasda dəvəyə süvar olmuş bir nəfər mənə tərəf gəlir. Mənə çatıb dedi: Karvandan geri qalmısan? Dedim: Bəli. Buyurdu: Gəl tərkimə süvar ol, səni karvanına çatdırım. Mən qalxıb onun tərkinə oturdum. Dəvə astadan nərilti çəkib yola düzəldi. Bir saat keçməmişdi ki, karvana yetişdik. Karvana yaxınlaşanda həmin ərəb məni dəvədən endirib dedi: Get karvana qoşul. Dedim: Susuzluqdan yanıram, sizdə su varmı? O, dəvənin yəhərinin qayışına bağlanmış su cürəsini açıb mənə uzatdı. Suyu alıb içdim. Allaha and verirəm ki, mən ömrümdə o ləzzətdə və elə dadlı su içməmişdim. Xudahafizləşib öz karvanımıza qoşuldum. Qayıdıb geri baxanda, daha onu görmədim.


«Yetmiş Birinci Görüş»


Rəziyyəddin Məhəmməd ibn Məhəmməd Avi öz dövrünün böyük alimi, yüksək mə`nəvi məqam sahibi olmuşdur. O, həzrət Mehdi (ə) ilə görüşə nail olan kəslərdən biridir. Seyyid Məhəmməd Avi həm də Seyyid ibn Tavusun səmimi dostu olub. Seyyid ibn Tavus onu özünə qardaş seçmiş, müxtəlif yerlərdə Seyyid Məhəmməd Avidən söz düşərkən, ona “saleh qardaş” deyə müraciət etmişdir. Həmçinin “rical” alimləri onu mö`təbər sayıb tə`rifləmişlər. “Əməlül-amal” kitabında Seyyid Məhəmməd Avi haqqında deyilir: “Seyyid Rəziyyəddin Məhəmməd ibn Məhəmməd Avi (Ələvi Hüseyni) möhtərəm və mö`təbər alimlərdən olub atası Məhəmməddən və Seyyid ibn Tavusdan rəvayət nəql edir...”1 Tanınmış mühəddis Şeyx Abbas Qumi “Əl-Küna vəl-Əlqab” kitabında yazır: “Seyyid Məhəmməd Avi abid, zahid, saleh, məqamı ali, kamalı yetkin şəxs və Seyyid ibn Tavusun yaxın dostlarından olmuşdur. Seyyid ibn Tavus öz kitabında onu “saleh qardaş” ünvanı ilə yad etmişdir. Bə`zi istixarələrin sənədi ravilər silsiləsində ona gedib çatır...”1 Seyyid ibn Tavus “Məcməüd-dəəvat” (dualar toplusu) kitabında yazır: “Dostum və qardaşım Məhəmməd ibn Avinin mənə xəbər verdiyi dualardan biri də “İbrət” duasıdır. O, bu dua haqqında qəribə əhvalat da nəql edir.”

Şeyx Sə`dəddin Yusif Hilli, Məhəmməd Avidən nəql edərək deyir: Sultanın əmirlərindən birinin fərmanı ilə uzun müddət idi ki, həbsxanaya atılmışdım. Həbsdə günüm çox ağır keçirdi. Günlərin bir günü yuxuda İmam Zamanı (ə) gördüm. Çoxlu ağlayıb-sızlayandan sonra ərz etdim: Ey mövlam! Məni bu zalım dəstənin əlindən xilas etməyə şəfaətçi ol. Həzrət buyurdu: İbrət duasını oxu. Mən dedim: İbrət duası hansıdır? Dedi: Misbah kitabına baxsan, bu duanı orada taparsan. Bu an yuxudan qalxdım. Sübh namazını qılıb “Misbah” kitabını açdım. Kitabın arasında bir kağız var idi. Dua orada yazılmışdı. Həmin duanı, düz qırx dəfə oxudum.

Məni həbsə saldıran əmirin iki arvadı vardı. Onlardan biri ağıllı və tədbirli qadın idi. O qadın əmirlə görüşəndə ona deyir: Əli (ə) övladlarından kimisə həbs etmisənmi? Əmir deyir: Niyə bunu soruşursan? Qadın deyir: Bir gecə yuxuda üzündən nur yağan bir şəxs gördüm. İki barmağı ilə mənim hülqumumdan yapışıb dedi: Sənin ərin mənim övladlarımdan birini tutub zindana salıbdır. Ona olmazın əziyyətlər verir. Dedim: Ey ağam, siz kimsiniz? Dedi: Mən Əli ibn Əbu Talibəm. Ərinə de ki, əgər onu azad etməsə, bilsin ki, evini başına uçuracağam!

Onun bu yuxusu hər yerə yayılır və hətta sultanın qulağına çatır. Sultan deyir: Mənim bu məsələdən xəbərim yoxdur. Ona deyirlər ki, tutulmasına əmr etdiyiniz ələvi indi zindandadır. Deyir: Tez onu azad edin. Özünə də bir at bağışlayın və yolu da göstərin çıxıb getsin.2





«Yetmiş İkinci Görüş»


Seyyid ibn Tavus deyir: 641-ci il (h.q.) cəmadiüs-sani ayının iyirmi yeddisi, cümə axşamı Həzrət Əlinin (ə) müqəddəs hərəmini ziyarət etdikdən sonra Hilləyə, öz şəhərimə qayıtdım. Cümə günü Həsən ibn Əli Əlbiqli adlı tanışlarımdan biri gəlib dedi: İmam Zamanla görüşdüyünü iddia edən Əbdülmöhsün adlı bir nəfər gəlib sizi görmək istəyir. Qonağı hörmətlə qarşılayıb evə də`vət etdim.

Cəmadiüs-sani ayının iyirmi səkkizi, şənbə gününün axşamı qonaq-qara dağılışandan sonra aranı xəlvət görüb qonaqla söhbətə başladıq. Bir az söhbətdən sonra onun e`tibarlı adam olduğunu bildim. Sözləri əsla şəkk-şübhə doğurmurdu. O, başına gələnləri mənə belə danışdı: Əslim “Hüsni-bəşər” deyilən yerdəndir. Amma Dulab yurduna köçüb orada ticarətlə məşğul oluram. Bir zamanlar “Divani-Sərair” deyilən yerdən taxıl alırdım. Səfərlərimin birində yenə də mal almaq üçün həmin məntəqəyə yollandım. Axşam Müdiyyə qəbiləsinin yanında qalmalı oldum. Bu qəbilənin məskunlaşdığı yer “Mücrə” adlanır. Gecə yarısı ibadət üçün yuxudan qalxdım. Su üçün çölə çıxdım. Amma onların suyu haradan gətirdiklərini bilmirdim. Yaxınlıqda su quyusu gözə dəymirdi. Şərqə doğru uzaqda bir arxın olduğunu bilirdim. Əlacsız qalıb həmin səmtə yollandım. Bir qədər yol gedəndən sonra anladım “Təllis-səlam” deyilən yerdə – Kərbəla yolunun üstündəyəm. O gecə cümə axşamı, 641-ci il cəmadiüs-sani ayının on doqquzu idi. (Seyyid ibn Tavus deyir: Həmin gecə mən qardaşım Seyyid Məhəmməd Avi ilə birlikdə Həzrət Əlinin (ə) qəbri kənarında idik. O gecə çoxlu mə`nəvi feyz alıb mükaşifələr gördük.) Bu anda gözlənilmədən, haradansa bir atlı peyda oldu. Qəribə idi, onun nə vaxt, necə gəldiyini hiss etmədim. Ay işığı olsa da, duman hər yeri bürümüşdü. Atlının əynində ağ libas vardı. Başına əmmamə sarımış, belinə qılınc bağlamışdı. Məndən soruşdu: Camaatın vaxtı necədir? (Dövran necə keçir?)

Elə bildim ki, indiki vaxtı soruşur. Dedim: Dünyanı duman bürüyüb. Dedi: Onu soruşmuram. Sual etdim, camaatın vəziyyəti necədir? Dedim: Camaat – hər kəs öz vətənində, malının, sərvətinin kənarında əmin-amanlıqla yaşayır. Dedi: İbn Tavusun yanına gedib bu xəbəri (mə`xəzdə Həzrətin tapşırığı qeyd olunmayıb) ona çatdırarsan.

Seyyid ibn Tavus deyir: Əbdülmöhsün Həzrətin (ə) tapşırığını mənə çatdırdı və ondan soruşdum ki, Həzrət (ə) başqa bir şey buyurmadı? Dedi: Həzrət (ə) sonra buyurdu: Həqiqətən də və`d edilən vaxt yaxınlaşmışdır!

Bu vaxt bir anlıq zehnimdən keçdi ki, olmaya bu şəxs mövlamız Sahibəzzamanın özüdür? Bihuş olub özümdən getdim. Səhərə qədər bihuş vəziyyətdə qaldım.

Əbdülmöhsündən soruşdum: Haradan bildin ki, onun dediyi İbn Tavus mənəm? Dedi: Mən, Tavus övladları arasında sizdən başqa kimsəni tanımıram. Həzrət (ə) bunu söyləyəndə, ağlıma sizdən başqa kimsə gəlmədi.

Dedim: Həzrətin “Həqiqətən də və`d edilən vaxt yaxınlaşmışdır!” – sözündən o vaxt nə başa düşdünüz? Ölümün yaxınlaşmağı, yoxsa zühurun yaxınlaşmağını deyirdi? Əbdülmöhsün dedi: Mən belə başa düşdüm ki, zühurunun vaxtını deyir. Dedim: Bu barədə məndən başqa kimsəyə bir söz demisən? Dedi: Bəli. Müdiyyə yurdundan çıxanda, bir dəstə adam məni görüb elə bildilər ki, yolu azıb həlak olmuşam. Çünki halım özümdə deyildi. Qayıdanda, iki gün tamam – çərşənbə və cümə axşamı düşdüyüm qeyri-adi hal çöhrəmdən çəkilmədi.

Ona dedim: Bundan sonra həmin sirli səhər haqqında kimsəyə danışma. Sonra ona peşkəş olaraq müəyyən şeylər bağışlamaq istəm də, qəbul etmədi. Dedi: Mənim başqasının köməyinə ehtiyacım yoxdur. İsrar etməyib dincini alsın deyə ona yataq hazırladım. Qonaq öz yatağına çəkiləndə, mən də otağı tərk edib yatmağa hazırlaşdım. Yuxuya getməzdən qabaq Allaha yalvarıb həmin gecənin həqiqətini daha aşkar şəkildə mənə ə`yan etməsini istədim. Yuxuda mövlamız İmam Cəfər Sadiqi (ə) gördüm. İmam böyük bir hədiyyə ilə mənim yanıma gəlmişdi. Yuxuda mənə belə ə`yan oldu ki, imamın hədiyyəsinin mənim yanımda olmasına baxmayaraq, sanki mən o hədiyyənin qədrini bilmirəm. Bu anda yuxudan ayıldım. Allaha həmd-səna edib gecə namazına hazırlaşmağa başladım. Xidmətçi dəstəmaz almaq üçün aftafa-ləyən gətirdi. Aftafanı qaldırdım ki, ovcuma su töküm, amma su tökülmədi. Elə bil, kimsə aftafanın lüləsini tutub geri qaldırır, bununla dəstəmaz almağıma mane olurdu. Öz-özümə dedim ki, yəqin suya nəcis bir şey dəyib, Allah mənim napak su ilə dəstəmaz almağımı istəmir. Xidmətçini səsləyib dedim: Aftafanı haradan doldurmuşdun? Dedi: Arxdan. Dedim: Ola bilsin, suya haradansa nəcis dəyib. Apar aftafanı pakla, yenidən doldur gətir.

O, aftafanı götürüb getdi. Suyunu boşaldıb onu doldurarkən suya çəkib doldurmasının səsini eşidirdim. O, dolu aftafanı gətirib mənə verdi. Aftafanın dəstəyindən yapışıb yuxarı qaldırdım ki, su tökülsün, amma yenə də, sanki kimsə aftafanı geri qaytardı. Anladım ki, bu hadisə məni gecə namazından saxlamaq üçün baş verir. Ürəyimdə dedim ki, bəlkə Allah sabaha mənim üçün bir imtahan, hikmətli bir hadisə nəzərdə tutub. Ona görə də sabah başıma gələcək bəlanın, ya hər hansı işin bu gecə edəcəyim dua vasitəsilə dəf olmasını istəmir. Bunu fikirləşib yerə oturdum. Elə bu xəyallarla da yuxu məni apardı. Yuxuda gördüm ki, bir şəxs mənə deyir: “Əbdülmöhsün xəbəri çatdırmaq üçün gəlmişdi və yaxşı olardı, onun önündə yol gedəsən.” Bu sözləri eşidəndə, yuxudan ayıldım. Bir anlığa fikrə getdim. Dedim, yəqin Əbdülmöhsünə lazımınca hörmət göstərə bilməmişəm. İstiğfar edib Allahdan məni bağışlamasını dilədim. Yenidən aftafanı götürdüm ki, dəstəmaz alım. Bu dəfə qeyri-adi bir hadisə baş vermədi. Dəstəmaz alıb iki rükət namaz qıldım. Bu vaxt artıq dan yeri sökülürdü. Mən gecənin nafiləsini qəza etdim.

Ertəsi gün öz malımdan altı sikkə qızıl, xərcləməyə ixtiyarım olduğu başqalarının malından isə on beş qızıl ayırıb, üzürxahlıq edə-edə Əbdülmöhsünə təqdim etdim. Amma o, qızıllardan imtina edib dedi: Mənim özümdə indi yüz qızıl sikkə var və sən isə onları ehtiyacı olanlara ver. Dedim: Adət üzrə böyük şəxsiyyətlərin elçisinə ehtiram olaraq bir şey verərlər. Amma o, yenə də qəbul etmədi. Dedim: Bərəkətdir! Əlbəttə, bu on beş sikkə qızılı götürməyə səni məcbur etmirəm, amma bu altı qızıl mənim öz malımdır, gərək qəbul edəsən. Əbdülmöhsün yenə də boyun qaçırıb inadından dönmədi. Axırı onu dilə tutub çətinliklə yola gətirdim. Nəhayət, altı qızıl pulu qəbul etdi.

Günorta vaxtı birlikdə nahar etdik. Sonra yuxuda mənə buyurulduğu kimi, onun önündə gedərək yola düzəldik. Yolda ona tapşırdım ki, bu siri heç kimə açmasın.

Seyyid ibn Tavus deyir: Əbdülmöhsünlə görüşəndən üç gün sonra – 641-ci il cəmadiüs-sani ayının otuzu, bazar ertəsi İmam Hüseynin (ə) hərəmindən bəhrələnmək üçün qardaşım Məhəmməd Avi ilə birlikdə Kərbəlaya yollandıq. Ertəsi gün mübarək rəcəb ayının biri Məhəmməd ibn Süveydlə görüşdüm. O, birbaşa söhbətə keçib dedi: Şənbə gününün axşamı, cəmadiüs-sani ayının iyirmi biri yuxuda gördüm ki, bir dəstə adamla evdə oturmuşuq. Sən də məclisdə oturanların arasında idin. Bu zaman bir nəfər içəri daxil olub sənin yanına gəldi və dedi ki, Sahib tərəfindən gəlmişdir. Orada oturanlardan bə`zisi elə güman etdi ki, gələn adam sahibxana tərəfindən göndərilib. Amma mən anladım ki, o, Sahibəzzaman (ə) tərəfindən gəlmişdir. Mən qalxıb əvvəl əllərimi yudum. Sonra dəstəmaz alıb mövlamız Həzrət Mehdinin (ə) göndərdiyi elçinin yanına getdim. O, İmam Zaman tərəfindən sənə bir məktub gətirmişdi. Məktuba baxdım və orada üç möhür gördüm. Naməni alıb iki əlimlə sizə təqdim etdim.

Məhəmməd ibn Süveyd yuxusunu danışandan sonra maraq dolu nəzərlərini gözümə dikib soruşdu: Nə məsələdir? Nə hadisə baş verib və bu yuxunun tə`biri nədir? Dedim: O (Məhəmməd Avi) sənə danışar. Bunu deyib dərin fikrə daldım ki, necə olur cəmadiüs-sani ayının iyirmi birinci gecəsi İmamın elçisi Hilləyə mənim yanıma gəldiyi gün Məhəmməd ibn Süveyd onun gəlişindən xəbərsiz halda bu hadisəni yuxuda görür!”1
Kitabın sonunda Əhli-beyt tərəfindən gəlib çatan bir neçə dua, ziyarətnamə və hacət namazlarını qeyd edirik. Çox rahat deyə bilərik ki, həmin dua, ziyarətnamə və hacət namazlarından kamil bəhrələnmək bir çoxlarına nəsib olmuşdur. Ümid edirik ki, İmam Zaman aşiqləri o həzrətlə görüşdükləri və ya o yüksək məqama diqqət yetirdikləri zaman namazlarında bizlərə də dua etməyi unutmayacaq, bizim salamlarımızı da o həzrətə çatdıracaqlar.

Rəvayətlərə əsasən, cümə günü İmam Zamana (ə) mənsubdur. Həmin gün o həzrətlə əlaqədar olan neçə xüsusi əməllə əlamətdarlaşır:



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə