Bakı Avrasiya Universiteti


Seçki sisteminin prinsipləri və seçki senzi



Yüklə 75,65 Kb.
səhifə4/5
tarix30.12.2023
ölçüsü75,65 Kb.
#165688
1   2   3   4   5
Bədəlova Şölə Konstitusiya

3. Seçki sisteminin prinsipləri və seçki senzi
Seçki sistemi müəyyən prinsiplərə söykənir. Bu prinsiplər seçkilərin mahiy­yətini müəyyən edir, onun özəyini təşkil edir. Bütün təşkilati məsələlər də bu prinsiplərə uyğun həll olunur. Seçki prinsipləri seçkilərin keyfiyyətinə, gedişinə belə təsir etməyə qadirdir və bir qayda olaraq, onlar konstitusiyada nəzərdə tutulurlar. Azərbaycan Respublikasında seçki siste­mi­nin prinsipləri Konstitu­siya­nın 83-cü maddəsində və 101-ci mad­də­sinin I hissəsində nəzərdə tutulub. Konstitusiyanın 83-cü maddəsinə görə, Milli Məclisin deputatları ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir. Bu prinsiplərdə ilk üçü seçki hüququnu xarakterizə edir, digər üçün isə səsvermə prosesini müəyyən edir.
Bu prinsiplərdən əlavə, qanunvericilikdə əks olunan prinsiplər də vardır. Məsələn, «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» 5 iyul 2000-ci il tarixli Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində aşkarlıq prinsipindən söhbət gedir. «Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında» 10 iyun 1998-ci il tarixli qanunun 8 – ci maddəsində də bu prinsipin məğzi açıqlanır. Göstərilir ki, seçkilərin hazırlanması, keçirilməsi və s. vətən­daşların nəzərinə çat­dırıl­malıdır. Seçki hərəkətlərinin və təd­bir­lə­rinin müddətləri cədvəl şəklində seçkiyə 100 gün qalmış seçki komissiyası tərəfindən dərc edilir. Seçkilərin gedişi daim kütləvi informasiya vasitələrində işıqlandırılır və müşahidəçilər seçkilərin keçirilməsinə nəzarət edirlər.
Ümumi seçki prinsipinə görə, istisnasız olaraq Azərbaycan Respubli­kasının hər bir vətəndaşı qanunla qoyulan tələblərə cavab verirsə, seçki hü­qu­quna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı mad­də­sinə görə, hakimlərin, din xadimlərinin və s. şəxslərin seçki hüququ məhdud­laş­dırıla bilər. Bu prinsip hamı üçün eyni olan müəyyən ilkin şərtlərin (seçkiyə buraxılmaq üçün) təsbit edilməsi yolu ilə həyata keçirilir. Əsrin əvvəllərində qadınların seçki hüququnun olmaması bu prinsipin pozulması kimi səciyyələndirilir.
Bərabər seçki prinsipi hamının seçkinin nəticələrinə eyni dərəcədə təsir imkanına malik olmasını ifadə edir. Anqlo-sakson ölkələrində bu prinsip, bir qayda olaraq, «bir şəxs-bir səs” formulu kimi qəbul olunur. Bu prinsipin pozulması (plüral votum), adətən, müxtəlif səbəblərlə bağlıdır. Məsələn, Böyük Britaniyada 1945-ci ilə qədər şəxs həm yaşadığı yerdə, həm də əgər başqa yerdə əmlakı vardırsa, orda səs verə bilərdi ki, belə şəxslərin artıq iki səs hüququ əmələ gəlirdi.
Birbaşa seçki hüququ onu ifadə edir ki, şəxslər birbaşa seçiləcək namizədə şəxsən səs verirlər. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Arada heç bir mərhələ olmur və onların səsi həlledicidir. Bu prinsip dünyanın bir çox ölkələrində tətbiq olunur. Əksinə, yəni şəxsin seçilən şəxsə, namizədə deyil, onu seçəcək şəxsə səs verməsi bir çox ölkələrdə dolayı seçki sisteminin əsasını təşkil edir. Bu sistemdə (dolayı seçki sistemi) birbaşa seçki hüququ tətbiq edilmir. ABŞ-da vətəndaşlar birbaşa prezidentə səs vermirlər. Onlar ABŞ Prezidentini seçəcək şəxslərə (seçkiçilərə) səs verir, sonra da bu şəxslər (seçicilər) prezi­dent­liyə nami­zədlərə səs verir. Türkiyədə də Prezident dolayı yolla seçilir. Onu bir­başa vətən­daşlar deyil, parlament seçir. Birbaşa seçkilərdə vətəndaşların iradə­sinin təhrif edilməsi təhlükəsi olmur və burada namizədin seçilməsi birbaşa vətəndaşlardan asılı olduğuna görə daha demokratik prinsip sayılır.
Sərbəst səsvermə vətəndaşın səsvermə hüququnun könüllü realizə
edil­­məsi imkanını bildirir. Vətəndaş səsvermə mərhələsində tamamilə azaddır. O, özü istəsə səs verə bilər, istəmədiyi halda isə bundan imtina edə bilər. Bu prinsip də bəzi ölkələrdə tətbiq olunmur. Məsələn, Türkiyə və Yunanıstanda seçkilərdə iştirak etmək sərbəst deyil, məcburidir. Bu ölkələrdə seçkilərdə iştirak etməyəni cəza və ya digər məsuliyyət tədbiri gözləyir. Bu cür məcburiyyət tədbiri qanunverici absenteizmin (seçkilərdə iştirak etməkdən kütləvi şəkildə əhalinin yayınması) qarşısını almağa çalışır.
Şəxsi səsvermə onu ifadə edir ki, vətəndaşlar yalnız özləri bilavasitə səs verə bilərlər. Kimsə kiminsə adından səs verə bilməz.
Gizli səsvermə onu ifadə edir ki, vətəndaşın səsverməsi, kimə və necə səsverməsi müşahidə oluna bilməz və səsvermə zamanı ona nəzarət edilməsi qəti qadağandır.
Seçki senzi. Seçki sistemində mühüm yeri onun prinsipləri ilə six bağlı olan senzlər tutur. Senzlər seçki prinsiplərinin təmin edilməsinə yönəlməklə bərabər, həm də seçkinin mahiyyətindən doğan nöqsanları aradan qaldırmaq, bir növ seçkiləri korrektə etmək məqsədi güdür. Senzlər həm aktiv seçki hüququna (seçmək hüququ), həm də passiv seçki hüququna (seçilmək hüququ) aiddir. Seçki sistemlərindəki əsas senzlər bunlardır:
Yaş senzi. Bu senz şəxsdə müəyyən təcrübənin olması, onun siyasi fəaliyyət üçün lazımi yaş həddini təmin etməsi məqsədini güdür. Aktiv seçki hüququ üçün yaş senzi 18, passiv seçki hüququ üçün 25-dir. Prezidentliyə namizədlər üçün isə bu senz, Konstitusiyanm 100-cü maddəsinə görə, 35 yaşdır.
Təhsil senzi - prezidentliyə namizədlərdən ali təhsilin olmasını tələb edir.
Oturaqlıq senzi - prezidentliyə namizədlərdən Azərbaycan Res­pub­li­ka­sı ərazisində on ildən artıq daimi yaşamalarını tələb edir. Prezidentliyə namizədin həm də başqa dövlətlər qarşısında öhdəliyi, ikili vətəndaşlığı, ağır cinayətlərə görə məhkumluğu olmamalıdır. Bir sıra senzlər tarixi inkişaf prosesində aradan çıxmışdır. Məsələn, əmlak senzi, demək olar ki, tətbiq edilmir.



Yüklə 75,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə