B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Əlavələr.............................................................................................................214 Ədəbiyyat



Yüklə 10,22 Mb.
səhifə3/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   2   3   4   5   6   7   8   9   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Əlavələr.............................................................................................................214
Ədəbiyyat. ........................................................................................................248

Ön söz.

Azərbaycanda neft və qaz yüz illərdir ki, hasil edilir. Hələ qədim zamanlarda burada olmuş səyyahlar, alimlər və yazıçılar təbii neft və qaz çıxışlarının, əl ilə qazılmış dayaz quyuların mövcudluğunu qeyd etmişlər. Burada neftin istifadəsi və nəqli haqqında da ətraflı məlumatlara rast gəlinir.


XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq bir çox ölkələrdə sənaye sahələrinin inkişafı başlayır ki, bu da neft hasilatının artırılmasını tələb edirdi. Bununla əlaqədar olaraq dünyanın digər neftçıxaran ölkələri ilə yanaşı ölkəmizdə də onun hasilatı artmışdı. Lakin bu artım sistematik deyildi: ölkənin geosiyasi vəziyyəti, geoloji-texniki, texnoloji və iqtisadi amillərin təsiri neft hasilatının illik dinamikasında kəskin dəyişikliklərə gətirmişdir. Cari dövrdə isə neft sənayesinin tarixində hələ müşahidə olunmayan bir səviyyə - illik hasilatın
50 milyon tona çatmasına nail olunmuşdur. Bu isə xalq təsərrüfatının inkişafında öz rolunu oynamışdır.
Ümumiyyətlə, Azərbaycanın bugünkü və gələcək tərəqqisini neftsiz və qazsız təsəvvür etmək mümkün deyil. Odur ki, ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda neft-qaz elminin və sənayesinin unikal xüsusiyyətləri vardır: burada məhsuldarlıq quru ərazidə və dəniz akvatoriyasında yerləşən strukturlarla əlaqədardır; onların bəzilərində yüz ildən artıq bir dövrdə neft-qaz hasil edilirsə, digərlərində bu prosesin tətbiqinə yaxın keçmişdə başlanılmışdır; yataqlar Məhsuldar Qatla əlaqədar olmaqla müxtəlif geoloji quruluşlarla səciyyələnirlər; istismar obyektlərində neftvermənin səviyyəsi çox geniş hüdudlarda dəyişilir və s. Onu da qeyd etmək vacibdir ki, yataqların uzun müddət müxtəlif texnologiya ilə işlənilməsi onların geoloji şəraitini xeyli mürəkkəbləşdirmişdir: lay təzyiqi və qaz amili kəskin azalmış, qeyri-bərabər sulaşma baş vermiş və s.
Belə bir şəraitdə neft və qazın tələb olunan həcmdə hasil edilməsi xeyli sayda bir-biri ilə əlaqəli kompleks məsələlərin həllini tələb edir. Buraya uzun müddət işlənilən yataqların müasir geoloji şəraitinin öyrənilməsi, işlənilmə prosesində yüksək neftverməyə imkan verməyən səbəblərin araşdırılması, dünya neftçıxarma təcrübəsində analoji geoloji şəraitlərdə istismar yeniliklərinin tədqiqi və s. daxildir. Bu tədqiqatlar sistematik aparılmalı və alınan nəticələrdən müvafiq layihə sənədlərində istifadə edilməlidir. Beləliklə, yataqların daima yeniləşən geoloji əsasları yaradılır. Bu problemin həyata keçirilməsində bir çox elm sahələrinin imkanlarından istifadə edilir. Onların cərgəsində “Neft-qaz mədən geologiyası” elmi aparıcı yerlərdən birini tutur. Məhz bu elm sahəsinin mütəxəssisləri yataqların geoloji əsaslarını tərtib edir və onun tətbiqini bilavasitə həyata keçirirlər. Belə məsul vəzifənin yerinə yetirilməsini isə yalnız müvafiq biliyə malik geoloq-mütəxəssislər təmin edə bilərlər. Odur ki, Azərbaycan Dövlət Neft Akademiyasında bu sahədə fasiləsiz olaraq yüksək ixtisaslı kadrlar hazırlanır.
Bu dərslik bakalavr səviyyəli mütəxəssis hazırlığı üçün yazılmışdır. Dərslikdə geologiya elminin müasir nailiyyətlərindən geniş istifadə edildiyindən ondan magistrlər, eləcə də istehsalat və elmi müəssisələrdə çalışan mütəxəssislər də istifadə edə bilərlər.
Dərslik müəllifin 20 ildən artıq bir dövrdə Azərbaycan Dövlət Neft Akademiyasında oxuduğu mühazirələr əsasında yazılmışdır. Onun tərtibində bir sıra universitet və institutlarda fəaliyyət göstərən alimlərin işlərindən istifadə olunmuş, Azərbaycan Dövlət Neft Şirkətinin mədən-fond məlumatlarına istinad edilmişdir.
Müəllif, kitabın hazırlanması prosesində və onun bilavasitə tərtibatında göstərdikləri köməyə görə geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanova, geologiya-mineralogiya elmləri namizədləri Fuad Məhərrəmov və Samirə Nəzərovaya öz minnətdarlığını bildirir.
GİRİŞ

Neft və qaz öz mahiyyətinə görə heç bir faydalı qazıntı ilə müqayisə oluna bilməz. Müasir dünyanı bu karbohidrogenlərsiz təsəvvür etmək belə mümkün deyil: insan cəmiyyətinin bugünkü tərəqqisi məhz neftə və qaza istinad etməklə yaranmışdır. Qeyd etmək lazımdır ki, son 30-40 ildə onlara olan tələbat xeyli artmışdır. Dünya miqyasında enerji resurslarından istifadənin müasir göstəricilərinə müraciət etsək, aşkar olar ki, bunlardan neftin və qazın payına təxminən 60% düşür (o cümlədən neft - 45%, qaz - 15%). Odur ki, müasir dövrdə neft və qaz mənbələrinin aşkar edilərək istifadəsi ölkələr üçün tələbat xarakterli problemə çevrilmişdir. Bu problem artıq geosiyasi baxımından həll olunur ki, bu da dünya ölkələrinə öz təsirini müxtəlif cür göstərir. Texniki tərəqqinin neft və qazdan bilavasitə asılılığı onların fasiləsiz əldə edilməsini tələb edir. Lakin, bu problemin həlli göstərilən enerji resurslarının dünya üzrə paylanma xarakterindən, qiymət dəyişmələrindən və s. amillərdən birbaşa asılıdır.


Beləliklə, neft və qazın hasil edilərək istifadəsi müasir dünyanın ən böyük və çox şaxəli problemi kimi qiymətləndirilməlidir. Bu problem ayrı-ayrı ölkələrdə müxtəlif qoyuluşlarla həll edilirsə də, geoloji-texniki baxımından üç qlobal amilin mövcudluğu nəzərə alınmalıdır:
- yer kürəsində yeni karbohidrogen yığımları yaranmır və onların ehtiyatları tədricən realizə olunduğundan sistematik olaraq azalır;
- neft yataqlarının yerləşdiyi regiondan (ölkədən), geoloji-fiziki xassələrindən, tətbiq olunan neftçıxarma texnologiyasından və digər amillərdən asılı olmayaraq onların ehtiyatlarını tam mənimsəmək mümkün olmur: uzun müddət proqressiv üsulların tətbiqi ilə aparılan işlənilmə prosesləri nəticəsində belə, ilk balans ehtiyatların yalnız 55-60% hasil edilə bilər;
- digər alternativ enerji mənbələrinin istifadəsi gözlənilən nəticələri verməmişdir: günəş, külək, su enerji mənbələrindən hələ də kiçik miqyaslarda istifadə olunur; daha böyük imkanlara malik nüvə enerjisindən istifadə isə qənaətbəxş olmamışdır (xüsusi ilə Çernobıl atom elektrik stansiyasında baş verən qəzadan sonra).
Beləliklə, neft və qaz amilinin müasir dünyadakı rolu aydın görünür. Odur ki, bu karbohidrogen ehtiyatları olduqca səmərəli istifadə edilməlidir. Göstərilən problemi həll etmək üçün müvafiq elm sahələrinin nailiyyətlərindən geniş istifadə edilməlidir. Bu baxımdan neft-qaz mədən geologiyası elminin imkanları geniş və effektlidir. Neft geologiyasının tərkib hissəsi olmaqla bu elm sahəsi yataqların geoloji quruluşunun öyrənilməsi və rasional işlənilməsini təmin edən qoyuluş və üsulları özündə cəmləşdirir. Onun əsas məqsədi çöküntü komplekslərində toplanmış neft və qaz ehtiyatlarının səmərəli mənimsənilmə yollarını əsaslandırmaqdır.
Qeyd etmək lazımdır ki, son zamanlar neft-qaz mədən geologiyası elmi və onunla əlaqədar təcrübi üsullar əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu elm sahəsi hidrodinamika, riyazi statistika, ehtimal nəzəriyyəsi və s. elmlərin müvafiq üsullarını özündə cəmləşdirərək məqsədyönlü məsələlərin effektli həllini təmin edir. Müvafiq alqoritm və proqramların kompüter realizəsi isə müxtəlif geoloji-mədən tədqiqatları üçün tələb olunan məlumatların (xəritə, profil, qrafik, cədvəl və s.) müxtəlif variantlarının operativ əldə edilməsinə kömək edir. Məhz bu məlumatlar əsasında yataqların ehtiyatlarının realizəsi üçün səmərəli yollar aşkar edilir və iqtisadi cəhətdən əsaslandırılır. Odur ki, müasir dövrün mədən geoloqu dərslikdə gətirilən müddəalar, qoyuluşlar, üsullar və onların kompüter realizəsini mükəmməl bilməlidirlər.
Bu dərslikdə karbohidrogen yataqlarının geologiyası və işlənilməsində istifadə olunan bəzi terminlərə də düzəlişlər verilmişdir. Bu hər şeydən əvvəl neft və qaz yığımlarının yerləşdiyi geoloji cisimlərin adlandırılması ilə əlaqədardır: rus dilində istifadə olunan “залежь” və “месторождение” terminləri müvafiq olaraq fərdi və çoxlaylı yatağı təmsil edir. Azərbaycan dilində isə hər iki məfhum bir terminlə - “yataq” kimi işlənilir ki, bu da geoloji cisimlərin indeksləşdirilməsində müəyyən qarışıqlıq yaradır. Bununla əlaqədar olaraq fərdi işlənilən istismar obyektlərini “yataq”, çoxlaylı strukturu (“месторождение”) isə bütövlükdə “mədən” adlandırılmasını biz məqsədəuyğun hesab edirik. Belə olduqda, məsələn Suraxanı yatağı - Suraxanı mədəni, Neft Daşları yatağı - Neft Daşları mədəni kimi adlandırılmalıdır. Onların kəsilişində ayrılmış istismar obyektləri isə (məsələn, V horizont, qırməki üstü qumlu lay dəstəsi) yataq kimi adlandırılmalıdır.
Onu da qeyd edək ki, neftli-qazlı obyektlərin yuxarıda qeyd edilən məfhumlarla adlandırılması öyrəndiyimiz “Neft-qaz mədən geologiyası” dərsliyinin əhatə etdiyi problemlərin istiqamətləri ilə də uzlaşır. Belə ki, bu fənn ilə bağlı olan elm sahəsi təkcə fərdi yataqlar deyil, onların daxil olduğu çoxlaylı yataqların - mədənin işlənilməsinin geoloji əsaslarının yaradılmasını təmin edir.
Dərsliyin hazırlanmasında digər terminoloji düzəlişlər və dəqiqləşdirmələr də aparılmışdır ki, bu da elmin müasir inkişaf mərhələsinin tələbləri ilə bağlıdır.



  1. Yüklə 10,22 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə