B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


I.3 Neft-qaz mədən geologiyasının müasir problemləri və öyrənilmə yolları



Yüklə 10,22 Mb.
səhifə6/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   2   3   4   5   6   7   8   9   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

I.3 Neft-qaz mədən geologiyasının müasir problemləri və öyrənilmə yolları.
Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə nəticələri hələ də qənaətbəxş deyil. Məsələn, keçmiş SSRİ-də uzun müddət istismar edilən yataqların neftvermə əmsallarının orta qiyməti cəmi 0,35 təşkil edir. Nəzərə almaq lazımdır ki, bu nəticənin əldə edilməsi üçün kompleks geoloji-texniki tədbirlər həyata keçirilmiş, işlənilmə layihələrinə vaxtaşırı müvafiq düzəlişlər də verilmişdir. Yataqların ehtiyatlarının mənimsənilməsində qeyd olunan belə vəziyyət hər şeydən əvvəl onların daxili quruluşunun zəif öyrənilməsi ilə əlaqədardır: layların statik və dinamik göstəricilərinin sahə və stratiqrafik kəsilişlər üzrə paylanması mürəkkəb formada getdiyindən onları ənənəvi üsullarla tam aşkar etmək mümkün olmamışdır; çox vaxt laya xas olan geoloji və işlənilmə xüsusiyyətləri onların yalnız orta qiymətinə istinad etməklə təyin edilmişdir ki, bu da əslində yataq həcmində mövcud geoloji müxtəlifliyin öyrənilməsinə imkan verməmişdir. Geoloji-mədən tədqiqatların belə üsullarla aparılması müasir tələblərə cavab verən işlənilmə layihələrinin tərtibatını çətinləşdirir. Bu tələbatın yerinə yetirilməsi üçün neft geologiyası elmini, o cümlədən neft-qaz mədən geologiyasını dəqiq elmlər cərgəsinə gətirilməsi lazım gəlmişdir.
Müasir dövrdə neft-qaz yataqlarının işlənilməsi ənənəvi üsullarla tərtib olunmuş xəritə, profil, hesablama planları və s. əsasında aparılması kifayət sayılmır. Məlumatların dolğunluğunu və etibarlığını təmin etmək üçün geoloji-riyazi modellərdən istifadə edilməlidir ki, bu da nəticə etibarı ilə çoxlaylı mədəni bütövlükdə və onun kəsilişində rast gələn ayrı-ayrı çöküntü komplekslərinin geoloji-fiziki xassələrini təyin etməyə kömək edir. Qeyd olunan müddəaları əsaslandırmaq üçün neft və qaz yataqlarının öyrənilməsinin prinsipial qoyuluşlarına nəzər yetirək.
Məlumdur ki, neft və qaz layının öyrənilməsində əsas informasiya mənbəyini qazılmış quyular təşkil edir. Quyuların dərinliyi və aralarındakı məsafə həmin layın geoloji quruluşuna istinadən seçilir. Onlardan alınan geoloji-geofiziki məlumatlar isə yatağın bütün həcmini deyil, yalnız onun ayrı-ayrı nöqtələrindəki səciyyəsini əks etdirir. Nöqtəvi məlumatlardan sahə və ya həcm modellərinin tərtibində sadə aproksimasiya üsullarından (üçbucaq, profillər və s.) istifadə edilir ki, bu da öyrənilən lay parametrlərin real paylanma xüsusiyyətlərinin aşkar edilməsini çətinləşdirir. Yatağın quruluşunun mürəkkəb olması və quyuların sayının azlığı şəraitində tərtib olunan xəritələrin etibarlılığı daha aşağı olur. Əslində onlar yatağın quruluşunun təsvirini müəyyən ehtimallılıqla əks etdirirlər.
Müasir dövrdə neft yataqlarının işlənilməsinin geoloji əsaslarının tərtibatına qoyulan başqa bir tələbat müvafiq xəritə, qrafik və cədvəllərin çoxvariantlılıq və operativlik prinsipi əsasında qurulmasıdır. Burada məlumatların kompüter təsvirinin verilməsi nəzərdə tutulur ki, bu da yeni quyuların qazılmasından və işlək quyu fondundan alınan hər bir yeni məlumatların tədqiqat kompleksinə əlavəsinə şərait yaradır. Nəticədə, ilkin məlumatlar dərhal dəqiqləşdirilir işlənilmə prosesinə müvafiq dəyişikliklər edilir.
Məlum olduğu kimi, yatağın parametrlərinin paylanma xüsusiyyətlərini müəyyən etmək üçün müxtəlif təminatlı xəritələr də qurulur. Müasir dövrdə belə xəritələr əsasən üçölçülü variantda (x, yz koordinatları üzrə) verilir ki, bu da hər hansı bir lay parametrinin (məsələn, süxur məsaməliyinin və keçiriciliyinin, neftlərin özlülüyünün və s.) onun həcmi üzrə dəyişməsinin əyani göstərilməsini təmin edir.
Ümumiyyətlə, neft, qaz və kondensat yataqlarının mənimsənilməsi prosesində neft-qaz mədən geologiyası elmi aşağıdakı əsas məsələlərin öyrənilməsini təmin edir.
1. Ilkin tədqiqatlarla (o cümlədən seysmik kəşfiyyat nəticələri) təqdim edilmiş strukturun qazılmış quyularla dəqiqləşdirilməsi: yatağın kəsilişində yerləşən hər bir məhsuldar təbəqənin ayrılması, qazılmış quyuların geoloji-geofiziki kəsilişlərinin korrelyasiyası və makroqeyribircinsliyinin (laylaşma xüsusiyyətlərinin) təyini və onların hər biri üçün struktur xəritə və profillərin qurulması (hərgah tektonik qırılma qeyd olunursa, onun yerini, istiqamətini, ekran xassəli olub-olmaması haqqında ilkin məlumatların alınması).
2. Yatağın daxili quruluşunun öyrənilməsi. Süxurların kollektorluq xassələrinin (məsaməlik, keçiricilik, karbonatlılıq, qranulometrik tərkib) təyini və onların sahəvi və dərinliklərdə paylanılma səciyyəsinin xüsusi qrafik və cədvəllərdə təsviri.
3. Lay flüidlərinin fiziki-kimyəvi xassələrinin təyini. Burada lay neftlərinin fiziki-kimyəvi xassələrindən onların sıxlığı və özlülük göstəricilərinə, suların isə ion-duzluluq tərkibinə xüsusi diqqət yetirilməlidir.
4. Layların enerji mənbəyinin (rejimlərinin) öyrənilməsi. Lay təzyiqi və temperaturu haqqında ilkin məlumatların alınması və təhlili.
5. Neft, qaz və kondensat ehtiyatlarının hesablanması və yatağın xalq təsərrüfatı baxımından qiymətləndirilməsi.
6. Yatağın işlənilmə sisteminin əsaslandırılması. Quyuların (o cümlədən horizontal) sayının və yerləşdirilmə sxeminin təyini. Suvurma modifikasiyasının seçilməsi.
7. Yataqların işlənilməyə verilmə tarıxındən başlayaraq neft, qaz və su hasilatının dinamik göstəricilərinin təsviri və təhlili.
8. Lay təzyiqi və temperaturunun işlənilmə prosesində dəyişməsinin öyrənilməsi.
9. Yataqların işlənilmə proseslərinə nəzarət və onun operativ tənzimləndirilməsi. Suvurma sisteminin effektivliyinin təyini və gələcək dövrlər üçün proqnozlaşdırılması.
10. Layların neftvermə əmsalını artıran müasir üsulların tətbiq imkanlarının öyrənilməsi.
11. Yatağın gələcəkdə hasilat dəyişmələrinin proqnozlaşdırılması.
12. Yer təkinin və ətraf mühitin mühafizəsinə istiqamətləndirilmiş tədbirlərin əsaslandırılması və tövsiyələrin verilməsi.
Beləliklə, göründüyü kimi neft və qaz yatağı axtarış və kəşfiyyat mərhələsindən sonra mədən geoloqlarının rəhbərliyi və bilavasitə iştirakı ilə işlənilməyə verilir. Onun ehtiyatlarından istifadə dərəcəsi isə yuxarıda göstərilən kompleks tədbirlərin əsaslandırılması və effektli tətbiqindən asılıdır. Odur ki, mədən geologiyası istiqamətində ixtisaslaşan bakalavr, magistr və digər mütəxəssislər bu üsulların geoloji-riyazi modellərlə tədqiqi yollarını mənimsəməlidirlər.


1.4 İlkin məlumatların tədqiqi.
Axtarış və kəşfiyyat işləri nəticəsində strukturlar aşkar edilir və onlarda karbohidrogen yığımlarının olub-olmaması haqqında ilkin məlumatlar əldə edilir. Strukturun yerləşdiyi hövzəyə xas olan ümumi məlumatlarla yanaşı, yeni spesifik məlumatlar əsasında onun forması haqqında ilkin mülahizələr nəzərdən keçirilir. Quyularla açılmış layların isə geoloji-fiziki parametrlərinin qiymətləri əsasında onların paylanılma sahələri, yatma dərinliyi, qalınlığı, süxurların kollektorluq xassələri, lay təzyiqi və temperaturu və s. ətraflı tədqiq edilir. İlkin öyrənilmələr kompleksinə, təbii ki, karbohidrogenlərin ehtimal olunan həcmi haqqında məlumatlar da daxildir.
Göstərilən bu və ya digər məsələlərin həlli yalnız müvafiq məlumatlara əsaslanır. Onlar isə aşağıda göstərilən üsullarla həyata keçirilir.
Geoloji üsullar. Bu üsullarla yatağın ilkin öyrənilməsi kompleks məlumatlara istinad edir. Qazıma prosesində onun kəsilişini səciyyələndirən süxur nümunələri (kernlər) götürülür və onların əsasında məhsuldar layların aşağıdakı göstəriciləri haqqında məlumatlar əldə edilir: layların yatma dərinliyi və qalınlığı; süxurların kollektorluq göstəriciləri (məsaməlik, keçiricilik və s.); məsamələrdə yerləşən neft, qaz və suyun fiziki-kimyəvi xassələri; məsamələrin neftlə, qazla doyma dərəcələri; lay təzyiqi və temperatur ölçüləri ilə konkret yatağın hidrodinamikasının proqnozlaşdırılması və s.
Nəzərə almaq lazımdır ki, quyuların qazılması prosesində müxtəlif dərinliklərdən çıxarılmış süxur nümunələri yer səthində tədqiq olunur. Bu isə onun laydakı vəziyyətindən fərqli məlumatların alınmasına gətirir. Bu çatışmamazlıgları aradan götürmək üçün son vaxtlar təcrid olunmuş nümunə götürən cihazlardan, xüsusi hesablanma qrafiklərindən və s. istifadə edilir.
Geofiziki üsullar. Quyuların geofiziki tədqiqatlarının yataqların öyrənilməsində rolu durmadan artır. Müasir dövrdə yatağın neftlə-qazla doyma dərəcəsinin təyinində quyu kəsilişinin geofiziki üsullarla tədqiqi xüsusilə əhəmiyyətlidir. Elektrik, radioaktiv, akustik, qaz karotajı üsulları ilə yanaşı inklinometriya, kavernometriya, termometriya quyu kəsilişlərindən maksimum məlumatların alınmasına imkan verir.
Hidrodinamik üsullar. Bu üsullardan kollektor süxurların göstəricilərinin (o cümlədən məhsuldarlığının) təyin edilməsində istifadə edilir. Lay təzyiqinin dəyişməsi ilə məsaməli mühitdə baş verən flüid yerdəyişməsinin proqnoz qiymətlərinin alınmasında hidrodinamik üsullar xüsusi ilə effektlidir.
Qeyd etmək lazımdır ki, quyuların və layların tədqiqi əsasən kompleks formada həyata keçirilir. Lay parametrlərinin təyinində çoxvariantlı yanaşma isə alınan məlumatları daha etibarlı edir. Belə ki, geoloji, geofiziki, hidrodinamiki üsulların verdiyi hər bir nəticə müqayisəli təhlil edildikdən sonra konkret lay parametrinin daha dürüst qiyməti qəbul edilir.



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə