347
İthaflar
Cəfərqulu xan bir anlıq tərəddüd içində böyründə dayanan qıza baxdı, sonra ağır hərəkətlə
otağa keçdi. Qız da arxasınca! Daz bəyzadə onların ətrafında fırlanır, gah izah etmək istəyir, gah
qulluq göstərir, gah da yaltaqcasına üzlərinə gülürdü. Bütün şəkilləri gözdən keçirdikdən sonra xan
qızına baxıb:
– Hansı xoşuna gəlir?! – soruşdu.
– Hamısı!
– Düz deyirsən, yaxşı şəkillərdir!
– Ən çox bu xoşuma gəlir– deyə qız otağın sağ divarındakı Haça dağın şəklini göstərdi. Sulu
boya ilə işlənən şəkildə dağın əzəməti, nəhəngliyi gözəl verilmişdi. Cəfərqulu xan o şəkilə bir də
diqqətlə baxdı və dedi:
– Bizim dağlardır! Gözəl çəkib!
Bəhruzun bir gözü qızda qalmışdı, qızın şəkillərə baxmasında təkcə maraq yox, həm də
daxili ehtiyacdan doğan sevgi vardı. Qəribə o idi ki, gülümsünəndə xalı yoxa çıxır, hələ uşaqlığını
itirməyən qəşəng üzü işıqlanırdı. Cəfərqulu xan Haça dağdan gözünü çəkmək istəmirdi. Bəhruza
tərəf çönüb dedi:
– O şəkli alıram! Bilirəm ki, qiyməti yoxdur, nə qədər versəm yenə azdır!
Cəfərqulu xan bəyzadəyə şəkli aparmağa işarə vurdu. Bəhruz onu divardan alıb verəndə,
qeyri – ixtiyari qıza tərəf döndü. Qız onun baxışlarını görüb gülümsündü, yenə xalı itdi və üzü işıqla
doldu. Bəyzadə şəkli götürüb qabağa düşdü. Qız getmək istəmir, yenə şəkillərə baxır, Cəfərqulu
xanın qulağına nəsə pıçıldayırdı. Hər ikisi Bəhruza təşəkkürünü bildirib tələsmədən otağı tərk
etdilər. Əvvəlcə faytona Cəfərqulu xan, ardınca isə qızı qalxdı. Qız fayton tərpənəndə geriyə –
Bəhruza tərəf boylandı, gülə-gülə əlini yellədi. Bəhruz yerində mıxlanmış kimi uzun müddət
onların dalınca baxa-baxa qaldı.
Hətta qarşısında dayanmış Adili belə görmürdü. Adil altdan yuxarı heyrətlə ona baxırdı.
– Bəhruz! – Adil dilləndi – Hürnisə... huşunu itirib.
– Nə, nə dedin?!
– Hürnisə...
– Harada?!
– Öz həyətlərində.
Zavallı qızcığaz! Bəhruz həyətə girəndə qonşu qadınların əhatəsində, onun halsız halda
dəhlizdə uzandığını görüb:
-Su... Su gətirin – deyə dərhal qızın başını tutub yuxarı qaldırdı. Ağarmış üzünə su səpdi,
Hürnisə diksinib gözlərini açdı.
– Yatağa uzadın, dincəlsin. Adil, gəl kömək elə...
Bəhruz ilk dəfə idi ki, Hürnisənin yaşadığı bu evə, bu otağa girirdi. Yerə rəngi solub getmiş
köhnə palazlar döşənmişdi. Küncdəki ucuz, qədim sandığın üstünə mitili çıxan yorğan-döşəklər
yığılmışdı. Otaqda daha heç nə yox idi. Bu yoxsulluqdan ürəyi sıxılan Bəhruzun gözləri yavaş-
yavaş özünə gələn Hürnisənin sifətinə dikilmişdi. Bu qarayanız sifətdə kölgəli bir kədər titrəyirdi.
Bəhruz Hürnisəni Adilə tapşırıb ağır kədər içində geriyə qayıtdı. Alça ağacının böyründə
əyləşib xəyala qapıldı.
348
İthaflar
BEŞİNCİ HİSSƏ
1
Bəhruz Tilisə getməyə hazırlaşırdı.
Cəfərqulu xanın qızı ilə sərgiyə gəlməyi qeyri-adi hadisəyə çevrildi. Hər yerdə bu barədə
söhbət gedirdi. Bundan sonra sərgiyə gələnlərin içində başqa xanların, bəylərin özləri, övladları da
olurdu. Hamısı da ondan şəkil alırdı.
Havalar möhkəm isti keçirdi. Küçədə gedərkən istidən adamın üzü qarsıyırdı. Amma tər
gətirmirdi. Bəhruz bunu çoxdan başa düşmüşdü, ona görə də günəşin ən şıdırğı vaxtında belə şəhərə
çıxmaqdan qorxmazdı.
Belə isti günlərin birində Bəhruz balaca Adillə şəhəri dolaşıb, bazarlıq edib geri qayıdırdı. Bu
zaman iynə ucu boyda yağış damlaları töküldü və bu hamı üçün möcüzəyə bərabər oldu.
Bəhruz sərgi otağına girəndə, ipək, göy köynək geymiş yaraşıqlı, nazik bığlı bir gənc ona
tərəf gəldi. Gülə-gülə əl uzatdı, sonra qapının yanındakı Nazlının bir neçə il bundan əvvəl çəkdiyi
portretini göstərib dedi:
– Mən bu şəkli almaq istəyirəm.
Bəhruz sarsıldı, birdən-birə cavab verə bilmədi, dünya başına dolandı, çünki bunu heç cürə
gözləmirdi, Nazlının portretini satmaq üçün sərgiyə qoymamışdı. Bu təklif isə onu çıxılmaz
vəziyyətə salmışdı. Başını qaldırıb üzdən çox tanış gələn gəncə baxdı. Gənc Bəhruzun tərəddüdünü
duyub:
– Nə oldu sizə?! – yenə gülə-gülə soruşdu – Narahat olmayın, Bəhruz bəy, mən səni də, atanız
Şirəlibəyi də yaxşı tanıyıram. Adım Əkbərdir, Əkbər bəy...
-Tanıyıram, eşitmişəm, bu şəkil sizə layiq deyil, ağam. Baxın, daha yaxşı şəkillər var, buyurun,
seçin, alın!
– Yox, mən bunu almaq istəyirəm.
– Onu satmıram.
– Qorxmayın, xəsislik etmərəm. Neçə desəniz, o qədər də verərəm.
– İnanın, Əkbər bəy, ciddi sözümdür, satmıram.
– Üç qat artıq verərəm.
– Yox, ağam! İnciməyin, Əkbər bəy, bu, mənim üçün əziz şəkildir.
– Demək belə... Pəs otuz qat artıq versəm, onda necə?
– Ağam, Əkbər bəy, dünyanı versəz də onu satmaram!
– Xub... xeyli xub... – deyə gənc pərtliyini gizlətmək istəsə də bacarmadı, yanaqları qızardı.
Barmaqlarını oynada-oynada şəkilləri bir də gözdən keçirib dedi:
– Xoşuma gəldiniz, Bəhruz!
– İnciklik olmasın, bəy!
– Arxayın ola bilərsən, səni başa düşürəm, yəqin ki, bu qız sənə çox doğma adamdır.
Əkbər bəy qapıya sarı gedib əlini uzatdı, Bəhruzla xudaizləşdi və əlavə etdi:
– Bir şey lazım olsa qulluğunuzda hazıram!