317
İthaflar
yenə də onun üzünə yaxınlaşdırdı.
– Bəhruz! – deyə yanıqlı-yanıqlı pıçıldadı və gözlərini yumdu.
Nazlı ağacdan düşüb gedəndən sonra da Bəhruz uzun müddət yerindən tərpənmədi. Qoz
ağacının üstündə, yaşıl işıq çadırında sehrlənmiş kimi qalmışdı.
5
Bəhruz tezdən oyanıb həyətə çıxanda sərt ayazdan üşüdü. Birdən onu çörək ətri vurdu. Bu xoş
ətir təndirəsərdən axıb gəlirdi. O tərəfə gedib yaydığı kündələri böyük həvəslə təndirə yapan Şirin
xanımın arxasında dayandı. Gənc qadının əlləri od kimi idi, böyük teştdəki xəmirdən ayırıb kündə
düzəldir, yayır, üstünü naxışlayır, yumurta sarısı sürtür , xaşxaş tökür, bişənləri təndirdən çıxarıb,
əvəzinə təzələrini vururdu, bir dəqiqə belə dayanmırdı. Bütün hərəkətlərindəki gözəllik əlinin,
boynunun, saçının, başından sürüşüb düşən kəlağayısının gözəlliyi ilə uyuşur, təndirə əyiləndə
totuq yanaqları istidən od kimi alışıb yanırdı.
Birdən arxaya çevrilən Şirin xanım onu görüb:
– Bı saat qurtarıram, a bala! – dedi – İndi çörəyini verəcəm. Samovarı da qaynatmışam.
– Eybi yoxdur, tələsmə!
Bu zaman güllü məhrəbanı çiyninə salmış Şirəlibəy həyətə çıxdı. Həmişə torpaq dəhlizdə
yuyunurdu. İndi də sütuna vurulmuş əlüzyuyana yaxınlaşdı:
– Salam, Bəhruz! – deyə yuyuna – yuyuna oğlunu salamladı. – İşlərin necədir?!
– Yaxşıdır, ata.
– Əliqulu Nəcəfov Tilisdən qayıdıb. Bu axşam bizə gələcək. Görək oxumağın barədə nə
deyir?!
– Ata, mən çox istəyirəm ki, gedim...
– İnan, mənim balam, mən səndən çox istəyirəm.
Şirəlibəy məhrəba ilə əl-üzünü silə-silə rəngləri solsa da, gözəlliyini itirməmiş bağ-bağçaya
göz gəzdirdi. Şirin xanım buğlanan ətirli çörəkləri içəri otağa daşıdı və hər ikisini səhər yeməyinə
səslədi. Səhər yeməyindən sonra Şirəlibəy işə, Bəhruz isə şəkil çəkməyə getdi.
Küçədə, Nazlıgilin qapısından bir az aralıda, köhnə, uçuq hasarın arasındakı sınıq-salxaq
bir qapının böyründə balaca Hürnisə dayanmışdı. Bəhruz ona yaxınlaşıb salam verdi. Qız səhərin
ayazında büzüşmüşdü. Əynindəki köhnə, uzun donun rəngləri solmuşdu. Onun fağır, yazıq və
yoxsul görkəmi Bəhruzun ürəyini titrətdi, hətta yanında ayaq saxladı:
– Necəsən, Hürnisə? – soruşdu.
Hürnisə “yaxşıyam” deyə astadan pıçıldayıb, başını yana əyib, bir az da büzüşdü, lap
balacalaşdı və iri gözlərini mənalı-mənalı altdan yuxarı Bəhruza dikdi.
Bəhruz bazar məscidinə tərəf getdi. Qoca dilənçilərdən birinin şəklini çəkmək istəyirdi.
Soyuqdanmı, nədənsə məscidin divarları yanında heç kəs yox idi. Bazar tərəfdə böyuk bir dəstənin
yığıldığını görüb ora tərəf getdi. Camaat; uşaqlar, qocalar, bazara gedib gələnlər dərvişin başına
yığışmışdılar. Bəhruz dərhal onu tanıdı. Bu onun Əlixan məhəlləsində, Təkarmudun yerindəki
Ağ binanın yanında gördüyü göy gözlü, hava rəngli əba geymiş, cavan dərviş idi. Bu dəfə ilan
318
İthaflar
oynadırdı. Uzun bir ilan ayaqlarından tutmuş boynuna qədər dərvişə sarılır, sonra da onunla üz-
üzə dayanırdı. İlan dərvişin gözü qarşısında uzun, qara dilini çıxarıb, qorxunc, əcayib bir şəkil
alanda hamını vahimə basırdı. Birdən gözlənilmədən açılıb dərvişin ayaqları altına sürüşür, sürətlə
toplaşanlara doğru sürünür, “vay” sədaları altında çəkilən kütlənin yanından geri qayıdır, yerdə
qıvrıla-qıvrıla qəribə oyunlar çıxarırdı. Dərviş ritmik nəğmə oxuduqca ilan neçə yerdən bədənini
qaldırır, yerə çırpır, eyni hərəkəti tez –tez təkrar edirdi.
Dərviş camaata qəribə məlumatlar verirdi, hardasa iğtişaş olub, adamlar hökumət əleyhinə
çıxıblar. Çünki indi hamı azad və xoşbəxt yaşamaq istəyir. Bəhruz ömründə ilk dəfə eşitdiyi bu
sözləri dinlədikcə qəribə xəyallara düşürdü. Dərvişin indi məzəli mahnı oxuduğunu görəndə
təəccüblənsə də, bayaqkı sözlərin ürəyindən getmədiyini aydın duyurdu. Onun göy işıqlı gözlərində
elə duruluq, elə salıq vardı ki, adamı özünə cəlb edirdi. Bəhruz da məftunluqla ona baxırdı. Dərviş
aramla, sakit-sakit şeir oxuyurdu. Şeir də Bəhruzun xoşuna gəldi, odur ki, sevinclə əl vurmağa
başladı. Adamlar dağılsa da, Bəhruz yerində dayanmışdı. Dərviş qutunu, sazını, naxışlı, yaraşıqlı
xurcuna oxşar torbaya qoyurdu. Birdən başını qaldırıb Bəhruza tərəf diqqətlə baxdı. Sonra yenə işi
ilə məşğul oldu. Torbanı uzun, parıldayan, qara ləkəli çubuğa keçirdi və dalına atıb soruşdu:
– Kimsən?!
– Bəhruz.
– Nə istəyirsən?!
– İcazə versən, şəklini çəkərəm.
– Yolunla düz get, oğul, özünü uşaq kimi aparma! Bir ayağım burda, o biri Ordubadda, səhər
İrəvanda, axşam Gəncədə! Buyur, gəl dalımca, tap görüm, məni necə tapırsan?! Tapa bilsən, o vaxt
şəklimi çəkərsən. Yaxşı?! Xudahaiz!
Dərviş bu sözləri deyə-deyə ciddiləşdi, onun saf, təmiz göy gözlərində nifrət qığılcımları
parıldadı. Bəhruz heyrət içində bir şey anlamadan baxa-baxa qaldı. Yavaş – yavaş uzaqlaşan dərviş
bazarın qoşa qapısı yanında ayaq saxlayıb, bir də geriyə çevrildi. Bəhruzun hələ də dayandığını
görəndə daha da şübhələndi və adamlara qarışıb yox oldu.
Bəhruz evə gələndə Əliqulu Nəcəfov getməyə hazırlaşırdı. Onu görən kimi, həyətdə ayaq
saxlayıb:
– Gəl, balaca dostum, gəl görək! Atana demişəm, Tilisə hazırlaş!
Bəhruz onun böyründə dayananda Əliqulu Nəcəfov başını azca boynuna qısıb adəti üzrə əlini
uzadıb ehmallıca Bəhruzun burnunu sıxdı.
– Deyəsən, mən də Tilisə gedəcəyəm,– dedi – Özu də həmişəlik. Sənin kimi məktəbə
girəcəyəm, sənin kimi.
Şirəlibəy heyrətləndi:
– Hansı məktəbə?!
– Molla Nəsrəddin məktəbinə – Əliqulu Nəcəfov onun bu sadəlovh heyrətinə gülə-gülə cavab
verdi – Jurnalda işləmək dəxi mənim üçün bir məktəbdir!
Bəhruza bu xəbər dünya sevinci verdi.
– Nə vaxt?! – deyə soruşdu.