361
İthaflar
– Otuz beş ildir çalıram, bala! Bütün toylarda! Buyur, gəl, keç, yanımda əyləş!
– Sağ olun, usta, minnətdaram.
– Bəs nə əcəb, qadan alım?!
– Usta, şəkil çəkmək istəyirəm... Zibanın... əgər icazə versən... gəlsin elə sənin yanında
dursun... Mən də baxıb çəkim. Usta, sənə nə oldu?!
Eyvazın gözləri dolmuşdu, dinmədən sakitcə Bəhruza baxırdı. Bəhruz çaşıb qalmışdı. Nəhayət:
-Yaramı təzələdin, ay oğul! – deyə ağlamsına-ağlamsına dərdini danışdı:– Qızımı köçürtmüşəm,
Ziba uçub gedib, pis adama qismət olub! Asıb kəsən, özündən deyən bir adama! Qorxumdan səsimi
çıxartmadım, verməsəydim külümü göyə sovurardılar. Bilirəm Zibanın günü qara olacaq, çünki o
köpəyoğlu adam deyil, heyvan ondan yaxşıdır!
Bəhruz Zibanın taleyinə acısa da, rəng çamadanından albom, karandaş götürüb dedi:
– Usta, xahiş edirəm, sən çal, bayaq mən gələndə necə çalırdınsa elə çal!
– Gözüm üstə! – deyən Eyvaza sanki dünyanı verdilər. Gözünü yumub çalmağa başladı.
Dərdini bir adamla bölən, azca yüngülləşən zurnaçı, daha böyük həvəsə gəlmişdi. Bu səs indi
daha çox yandırıb-yaxırdı, daha güclü, daha hərarətli idi. Get-gedə özünə elə qapıldı ki, nəfəsindən
qopan səsi həzin ləpələrində qanad çaldı. Bəhruz isə dinləyə – dinləyə çəkir, bir insanın öz sənətinə
dəlicəsinə vurğunluğuna heyran qalırdı.
Evə qayıdanda da bu səs qulaqlarında qalmışdı. Otağına girəndə heyrətlə ətrafına baxdı.
Otaq süprülmüş, çirkli qablar yuyulmuş, təmizlənmişdi. Bir səliqə-səhman vardı ki, olmayan kimi.
Bununla onun otağı beş-altı dəfə idi ki, beləcə təmizlənir, səliqəyə salınırdı. Bunları kim edir?
Şirin xanım?! Onun uşaqlardan heç başı açılır ki? Hürnisə?! Hə, olsa-olsa ancaq onun işidir. Belə
düşündüyü vaxt Hürnisə qapıda göründü:
– Bəhruz dadaş, sizi istəyirlər.
– Kimdirsə, buyursun içəri.
Hürnisə çölə çıxan kimi Əkbər bəy içəri girdi, əlini uzadıb Bəhruzla görüşdü. Əkbər bəy
yaraşıqlı, nazik bığlı, düz qamətli, gülər üz, sadə bir gəncdi.
– Nə var, nə yox, Bəhruz?! –deyə Əkbər bəy mehribanlıqla söhbətə başladı. – Tilisdən nə
vaxt gəlmisən?! Bu yaxında eşitdim, bir az soyuq adamsan, Bəhruz! Belə olmaz canım, gəl, get,
əlaqə saxla, qorxma, ziyanımız dəyməz.
– Bilirəm, Əkbər bəy, mənim də sizə hörmətim az deyil.
– Onda sabah bizə təşrif gətirin, günorta namazından sonra gözləyəcəyəm.
– Baş üstə, bəy, sabah qulluğunuzda hazır olaram.
Əkbər bəy gedəndən sonra Bəhruz bərk acdığını duydu, Şirin xanımdan yemək istədi. Qadın
mehribanlıqla:
– Get otağına, indi göndərərəm – dedi, bir az keçməmiş Hürnisə içəri girdi. Xalının üstünə
süfrəni salıb, iri dəyirmi məcməyidəki çörəyi, qabları süfrəyə düzdü. Bəhruz süfrəni səliqəyə salan
Hürnisədən soruşdu:
– Otağı sən silib-süpürürsən?!
– Nə olub ki?!– Hürnisə həyəcanlanıb üzünü ona tərəf çevirdi.– Bəlkə yaxşı iş görməmişəm?!
– Yox, bu nə sözdür?! Yəqin Şirin bacı tapşırıb.
362
İthaflar
Hürnisə cavab vermədi, qızardı. Bəhruz onun əməlli başlı böyüdüyünü indi gördü. Qarayanız
sifəti təravətlənmişdi, elə bil ki, bir azca ağarmışdı, qısa, nazik hörükləri, qalın çatma qaşları vardı,
güllü kəlağayısını elə örtürdü ki, az qala çadra kimi! Məcməyini götürüb getmək istəyəndə Bəhruz
dedi:
– Hürnisə, dayan!
Hürnisə mıxlanmış kimi yerində qalıb, nə deyəcəyini gözlədi. Bəhruz arxa tərəfdən yaxınlaşıb
ona çatan kimi çevrildi, Hürnisə ilə üzbəüz dayandı. Qız gözlərini yerə dikmişdi, kəlağayının ucları
sinəsini örtsə də qabağa çıxmış iri döşlərini gizlədə bilmirdi. Qızı nə üçün saxladığı özünə aydın
deyildi, odur ki, çoxdan öyənmək istədiyi bir şeyi soruşdu.
– Hürnisə, Nazlını heç görmüsən?!
Qız diksindi, geri çəkildi, yavaş-yavaş gözlərini qaldırıb Bəhruza baxdı. Bu gözlərdə açıq bir
qəzəb parıldayırdı. Dərhal gözlərini gizlətdi, sözünü mülayimcəsinə:
– Görməmişəm – desə də, kobud və hirsli səsləndi. Daha dayanmayıb, keçib getdi. Bəhruz
süfrəyə yaxınlaşıb yerə çökdü.
5
Əkbər bəy onu mehriban qarşıladı, qolundan tutub, naxışlı, yaşıl qapıdan keçirib böyük otağa
apardı. Otaq başdan-başa xalılarla döşənmişdi. Divardakı xalıların üstündən isə müxtəlif şəkillər
asılmışdı. İri pəncərələrdən ipək pərdələr sallanırdı. Tavandan isə büllur qəndil düz ortadakı dəyirmi
stolun az qala üstünə düşürdü. Bəhruz Naxçıvanda belə evlər görmədiyi üçün heyran qalmışdı.
Gah ipək pərdələrə, gah qəndildəki şamlara, gah divardakı şəkillərə baxırdı. Əkbər bəy şəkildəki
adamların kim olduğunu izah edirdi, kəlağayılı, arxalıqlı mehriban bir qadının şəkli önündə dayandı:
– Bu mənim nənəmdir. Şair Natəvan!
– Natəvan?! – Bəhruzun heyrət dolu səsi eşidildi. Natəvan hara, Naxçıvan hara?!
– Görürsən, Bəhruz, həyatda nələr olur...
– Görürəm, bəy.
– Natəvanın qızı mənim anamdır, Bəhruz! Onların evlənməsi Naxçıvanda böyük hadisəyə
çevrilib. Toy mərasimləri çox uzanıb, həm Qarabağda, həm də Naxçıvanda...Bu toylarda butun
camaat olub, uşaqdan böyüyə kimi hamı... Bəylər də, xanlar da, adicə adamlar da... İstəyirəm sən
onların şəkillərini çəkəsən, yaxşı bir xatirə qalsın.
– Mən hazıram, bəy!
– İndisə buyurun, əyləşin stol arxasında.
Bəhruzun gözü qəndildə qalmışdı. Dəyirmi qəndil ağ taca oxşayırdı. Dövrəsindəki eyni
biçimdə qızılı rəngdə şamdanlar bərq saçırdı. Onlara uyğun gələn, ucu itilli, çiçəklərə bənzəyən
sapsarı şamlar düzəlmə olsa da, əsl şamlardan fərqlənmirdi. Əkbər bəy nökərinə xanımı çağırmasını
tapşırıb, Bəhruza sarı çevrildi:
– Deyəsən qəndil xoşuna gəlir?!
– Qiyamətdir.
– Onu Parisdən gətirmişəm. Gəzməyi çox sevirəm, Bəhruz. Elə yerlər görmüşəm ki, nə deyim,
bir aləmdir.