Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 5,01 Kb.

səhifə5/49
tarix01.07.2018
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   49

Orxan Pamuk, “Qar” romanı 
“Toyota”nın qapısı zərblə çırpıldı. Ardınca onun dikdaban ayaqqabılarından eşidilən taqqıltının 
yaxınlaşması çox çəkmədi. Hərdəmxəyal, şıltaq məktəbli qızlarsayaq çantasını yellətməsi, yəqin 
ki, ölümqabağı taxdığı sonuncu maskaydı. Gözlərindən boy verən sevincin saxtalığı üzümə tərs 
şapalaq kimi dəyib, ürəyimi diksindirdi.  
“Yox, Leyla xanım, - düşündüm, - belə olmaz! İstəyirsən, əlim sinəmdə sənin hüzurunda diz 
çöküb əfv edilməyimi xahiş edim, amma lütfən, məni axmaq yerinə qoyma, bunu özümə 
sığışdırıb boğazımdan keçirə bilmərəm! Yanımdakı bu qoca və avam kişini aldatmaq niyyətini 
başa düşürəm, buna birtəhər göz yummaq olar. Sənə təkrar-təkrar xatırlatmaq 
məcburiyyətindəyəm: aç qulağını, eşit, qarşındakı mənəm - bütün şou xislətli məxluqların 
astarına bələd olan adam! Çıxar üzündəki bu nimdaş təbəssümlü maskanı, çıxar!!!” 
Avam yerinə qoyulduğumu anlayanda, belə bəlağətli və axmaq düşüncələrə qapılmaq adətimdir. 
Leylanın bahalı ayaqqabılarından qopan addım səsləri mənim axmaqlığıma qəşş edib gülən 
yaramaz adamları xatırladırdı. Elə bil hansısa sırtıq ağzını qulağıma söykəyib uğunurdu. 
Hiddətimdən dişlərimi bir-birinə sıxıb, dodağımın altında pıçıldadım: 
“Gəl belə danışaq, sənə günahlarını yumaq üçün imkan verirəm: yaxınlaş və həyatdan bezdiyinə, 
özünü öldürmək istədiyinə bir işarə et! Bircə işarə! İsmayıl kişi anlamayacaq, yenə müti bir 
təbəssümlə gülümsəyib başından alqış tökəcək. Boğazında artıq tikə kimi qalıb səni boğan bu 
əxlaqsız həyat tərzindən niyə usandığını bitdə-bitdə öyrənmək mənim boynuma! İsmayıl dayıya 
demisən ki, hamı mənə xəyanət etdi. Bilirsən, Leyla, xəyanət xəstəlik kimi şeydir, bir nəfərdən 
başlayıb bütün ətrafı yoluxdurur. Səni tək qoyan, bütün uğurlarını gözündən tökən adam 
kimdirsə, onu da öyrənəcəm, darıxma!” 
- Hər vaxtınız xeyir! - Yanaqlarını güclə dartıb gülümsədi. Rəngi tutqundu.  
- Salam. - Mən mızıldandım. 
- Hər vaxtın xeyir, qızım! Bu gün gözümə birtəhər dəyirsən?! - İsmayıl dayının üzündəki itaətkar 
ifadələr əvvəlkiydi. - Elə bil sınıxmısan! 
- Hər şey yaxşıdır, İsmayıl dayı. İşlərimi yoluna qoymağa çalışıram. 
Avam adamı ağ yalana inandırmağa nə var?! Qız hiyləgərliyindən razı qalıb dodaqlarındakı 
narın təbəssümlə gözucu məni süzdü. Sınayıcı nəzərlərimi refleli saçlarından üzü aşağı 
sürüşdürdüm. Şubanın altında əsim-əsim əsən əlləri canındakı narahatlığın qorxuya çevrilməsinə 
bir işarəydi. Mənə elə gəldi, xoflu ürəyi iki bölünüb ciblərində döyünür.  
- Yaman nigaranam, qızım, elə hey səndən danışırlar. Qonum-qonşu sakitləşib, ağızları 
birdəfəlik yumulub. 
- ...  
Qocanın “qızım” dediyi bu fahişə doluxsunub bir kəlmə deyə bilmədi. Əllərindən başlayan 
əsməcə çiyinlərinəcən yayılmışdı. Dodaqlarındakı narın təbəssümün yerində ölü, qaxsımış bir 
kədər göründü.  
“Elə bu dəqiqə nəsə deyib, bu qızın həyatına girməlisən. Ona xəyanət edən adamın kimliyini, 
intihar faciəsini öyrənməyin əsl məqamıdır, tələs!!! - fikrimdən keçirdim. - “Fahişə damğası 
vurmaqla əlin bala, ağzın doşaba batmayacaq, axmaq! Nə də zəhər tuluğuna oxşayan sifət
hikkəli baxışlarla iş aşırmaq olmaz, onu hürküdə bilərsən. Beynini qurdala və onu maqnit kimi 
özünə çəkən nəsə de!” 
- İstedadlı adamı bağışlamırlar, Leyla xanım, bir az möhkəm olmaq lazımdır.  
Ötkəm ədayla dilləndim. İsmayıl dayının üz-gözündə boy verib boylanan məmnunluğun dalınca, 
qızın dodaqlarındakı narın təbəssüm yenidən göründü. Öfkə rəngi almış bət-bənizinə qan gəldi, 
deyəsən, cibində küt-küt vuran “ürəyi” dayanmışdı.  
- Mən sizin adınızı bilmirəm. - O, xoşbəxt idi.  
- Rəcəb, - gülümsəyib tanışlıq üçün əlimi ona sarı uzatdım - bu çətin gününüzdə sizi daha çox 
sevən fanatınız! (Pah!) 
Bakının dəli-dolu payız küləyi onun saçlarını üzünə dağıtdı. Əlini gözünün üstünə aparıb fen 
istisindən purçum-purçum olan saçlarını arxaya yığanda, dırnaqlarına çəkdiyi bərbəzəkli boya, 
əlinin üstündəki kiçik çapıq gözümdən yayınmadı. Yanaqlarında qaralan şabalıd rəngli kirşanın 
qatılığı, brilyant qaşlı sırğaları, bahalı samur dərisindən olan şubası onu ölümlə qabaq-qənşər 
dayanan adama qəti oxşatmırdı.  
- Çox sağ olun... 


- Siz sağ olun ki, musiqimizə yeni nəfəs gətirib bayağı toyxana manıslarından yaxamızı 
qurtardız. 
Manıs sözünə ləzzətlə güldü. Mənə də bu lazım idi. 
- Edit Piafın fransız musiqisindəki inqilabını siz Azərbaycan estradasında etdiniz.  
Məmnuniyyət qarışıq minnətdarlıq hissilə başını tərpədib razılığını bildirdi. Sevincindən iri 
döşləri tez-tez qalxıb enirdi. 
- Sənin pisliyinə danışan adamlar peşman olacaqlar - İsmayıl dayı xırıldaya-xırıldaya dilləndi. 
- Başa düşdüm ki, adama düşmən kəsilən özününkülər olur, İsmayıl dayı. 
- Uğura aparan yollardan biri uçurumdan keçir, Leyla xanım. Bu, bütün yaradıcı və istedadlı 
adamların həyatında olur. Depressiyaya qapılmaq - dişiylə öz əllərinə düyün vurub, uçurumdan 
atılmağa bənzəyir. 
Birnəfəsə dediyim sözlər onun açıq-aşkar tərksilah edilməsi idi. Yanaqlarına qəribə bir qızartı 
çökmüşdü. Mənə elə gəldi, qızın haqqında ürəyimdən keçirdiyim bütün fikirlər ona gün kimi 
aydın olmuşdu; bəbəklərindən oxunan istehza ürəyimin şübhəsini çalxalayıb beşcə saniyə 
sonrakı təhlükənin xəbərdarlığını edirdi: o, duyuq düşüb bir bəhanəylə uzaqlaşa bilər! Zənnim 
məni heç vaxt aldatmır, belə də oldu. Qaşlarını qaldırıb çiynini çəkdi, nəsə demək istəsə də, 
sözləri dilinin ucundan geri qaytardı.  
- Bu yaxınlarda evini kirayə verən bir qadınla tanış oldum. Üç ay əvvəl oğlunu maşın qəzasında 
itirmişdi. Evin bircə uşağıymış, deyirdi, səkkiz ildən sonra qucağımı sevindirən oğlumu 28 
yaşında itirdim. Əri dərddən içkiyə qurşanmışdı, son vaxtlar narkomanlarla oturub-dururmuş. 
Danışığından hiss edirdim ki, firavan yaşayıblar, heç nədən korluqları olmayıb. İşdən 
qovulandan sonra kişinin vəziyyəti daha da pisləşib, günlərlə evə gəlmirmiş. Oğlunun qırxı günü 
qadın ikiəlli başına-başına döyüb oğlum, oğlum qışqıranda, əri evdən ilim-ilim itmişdi. 20 gün 
ölüsündən-dirisindən xəbər tutan olmayıb. Kişinin “Neftçilər” metrosunun yaxınlığında xidmət 
aparan patrullardan birini bıçaqladığını eşidəndə, elə bil qadının bağrına köz basıblar. Səkkiz il iş 
kəsibmişlər. Bütün var-yoxlarını satıb polisdən yaxalarını birtəhər qurtarmaq istəyiblər. “Mənim 
bəxtim, taleyim!!!” deyib ağlayan qadının dəhşətli siması gözümün qabağından çəkilmir. “Ərim 
havalanmışdı, dəlixanaya apardıq” deyəndə dözmədim, yumruğumu gözümə sıxıb ağladım. Elə 
hey sənin “tənha qadın” mahnını zümzümə edirdi. 
Əl dəyməyin, toxunmayın o qadına, 
Qoy ağlasın kədərinə doyunca. 
Lazım deyil nə təskinlik, nə təsəlli, 
Saçın yolub, yaxa cırsın ikiəlli. 
Mən çox sonralar biləcəkdim ki, əclafcasına uydurduğum bu qaramat ailə faciəsi qarşımdakı 
fahişənin dağılan tifağından daha artıq, mənim uğurlarımın qarantı imiş. Vaxtilə həyatına yaşıl 
işıq yandıran mahnısının sözlərini eşidər-eşitməz, ödünü ürəyinə axıdan qızın iztirablı simasında 
bir fərəh naxışı da görünürdü.  
...İsmayıl dayının köks ötürüb kədərli-kədərli başını yırğalamasının dalınca maşın siqnalı 
eşidildi. Uzaqdan bizə sarı burulan qara “BMW”-ni görəndə, kişinin Leyla ilə sağollaşıb maşına 
sarı tələsməsinə sevindim. İndi rahat nəfəs alıb, onunla baş-başa qala bilərdim.  
- Darıxanda sənin mahnılarını saatlarla dinləyib rahatlıq tapıram.  
- İnanıram... - Udqundu - Sən harda yaşayırsan? - Belə tezliklə “sən” deməyi xoşuma gəldi. 
Adamlara “siz” deməyim məni təngə gətirir. 
- Orda, o evdə - əlimlə nişan verdim - Yəqin, məni heç vaxt görməmisən, ona görə soruşdun.  
- Biz çoxdan tanış olmalıydıq. 
İlahi, qadının mərhəmət və sevgiyə hətta ölümqabağı da ehtiyacı olurmuş!  
- Hardansa oxumuşam ki, gec yaranan bütün tanışlıqların bir ucu xeyirə aparır.  
- Təki belə olsun. - Köks ötürdü. Nəfəsi konyak qoxuyurdu. - Amma mənim yerimə sən də 
olsaydın, xeyir haqqında fikirləşmək həvəsindən əl çəkərdin. 
- Belə tezliklə təslim olacağına inanmıram. Vaxtilə sənə daha böyük hücumlar olub. Məsələn, 
internetdə şəkillərin yayılmışdı, mətbuat konfransında video çarxlara görə məhkəməyə qədər 
gedəcəyini gizlətməmişdin. 
Deyəsən, inad göstərməyimdən razı qalmadı. Nigaran-nigaran ora-bura döyükməsi məni 
uğursuzluğa sürükləyən yolun başlanğıcıydı. Vaxtilə maqazin jurnallarının səhifələrində peyda 
olan biabırçı şəkillərindən tutmuş, jurnalistlərin dilindən-dişindən düşmədiyini görəndə




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə