Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   2   3   4   5   6   7   8   9   ...   49

- Evdə darıxdım, İsmayıl dayı, - Leyla xırıltılı səslə dillənmişdi, - gəldim ki, başım qarışsın.  
- Yaxşı eləyibsən, başına dönüm! 
Hamıdan əlinin üzüldüyü vaxtda qocanın canıyananlıqla bircə “başına dönüm”ü bəsdi ki, Leyla 
ürəyi titrəyə-titrəyə hönkürtüylə ağlasın. Mülayim təbiətli qocanın üz-gözündən yağan kasıblıq, 
davranışındakı qayğıkeşlik onun gözlərində çoxdan bəri yığılıb qalan kədəri damla-damla 
ovucuna axıtmışdı. İsmayıl tir-tir əsən kobud əllərini qızın saçlarında gəzdirib (Qocaya sonralar 
elə gəlirdi ki, Leylanın saçlarından əlinə hopan ətir, onun imanına qənim kəsilən kor şeytandan 
başqa bir şey deyildi) təsəlli verəndə, onun sakitləşmədiyini görüb fağır-fağır bir kənarda 
dayanmışdı; dərdini bilmədiyi qonağının ürəyini boşaltmasını səbrlə gözləmişdi. Leyla başını 
qaldırıb boğula-boğula: 
- Niyə mənə elə baxırsan, İsmayıl dayı, yazığın gəlir? - deyib, cavab gözləmişdi. 
Qoca and-aman edirdi: bunu gözləmirdim. Diksinmişdim.  
- Sənin nə dərdin var? - Leylanın altına stul çəkib soruşmuşdu.  
- Görürsən, hamı məndən danışır? 
- Xəbərim var... 
- Hər yerdə məni gözdən salırlar. Heç kim kömək etmir. 
Qoca dillənməmişdi. Gözünü qıza zilləyib durmuşdu. İstəyirdi, Leyla sakitləşib soyuq başla hər 
şeyi ətraflı danışsın. 
- Hamı mənə xəyanət etdi. İndi heç kimə inana bilmirəm, tək qalmışam, tək!!! 
Sözünü bitirib ayağa qalxmışdı. Əsəbi addımlarla özünü bayıra atar-atmaz qoca qızın arxasınca 
yüyürüb qolundan tutmaq istəsə də, ürək etməmişdi. Həmin gün İsmayıl kişiyə elə gəlmişdi ki, 
qapının cırıltısı kəsilən kimi Leylanın dikdaban ayaqqabılarından qopub getdikcə uzaqlaşan səs, 
gecənin yorğun vaxtında Allahın yuxusuna haram qatıb, onu incitmişdi. Bu fikri başından çıxarıb 
küfr elədiyinə görə özünü qınamışdı, ürəyinin dərinliyindən, beyninin uzaq küncündən başlanan 
tövbə hissi dodağının altında pıçıltıya çevrilib canına rahatlıq gətirmişdi. Leyla qaranlıqda 
itəndə, zibil dolu yeşiklərdə eşələnən küçə itlərindən biri yalquzaq səsilə ulayıb qocanın içini 
ovuc-ovuc şübhəylə doldurmuşdu. Yaşına yaraşmayan cəldliklə yerindən götürülüb qızın dalınca 
yüyürəndə, liftlə iki dəfə aşağı - yuxarı düşüb-çıxmışdı; Leylanın acıqlanmağından qorxub, yer 
tutmayan ayaqlarını arxasınca sürüyə-sürüyə daxmasına gəlmişdi. Həmin gecə müğənni qızın 
beşinci mərtəbədəki evinin pəncərəsində işıq sönənəcən İsmayıl kişi qaravul otağının kirli 
şüşəsindən gözünü çəkməmişdi. Taxta çarpayının üstündəki köhnə əsgər buşlatına dirsəklənib 
mürgüləyəndə, zibil yeşiklərinin yanında yalquzaq səsilə ulayan köpək yuxusuna gəlmişdi. Qoca 
and içirdi: bu yaşınacan belə qarmaqarışıq, murdar yuxu görməyib. Köpək birdən-birə qotur 
bağlayıb tüklərini tökmüşdü. Payızın başsız küləyi murdar tükü havaya sovurub uşaqların üz-
gözünə, boyun-boğazına doldurmuşdu. Bir saat sonra şəhərin bütün uşaqları xora töküb qaşına-
qaşına ağlaşanda, yalquzaq köpək özünü çinar ağacının dibinə verib ayağını qaldırmışdı. İki 
qarış dərinliyi olan sidik gölməçəsinin başında peyda olan Leylanı görəndə camaat gözlərini 
bərəldib təəccüblənmişdi. Gölməçədən götürdüyü ovuc-ovuc it sidiyini uşaqların başından tökən 
qız, anaların xeyir-duasına, alqışına tuş gəlmişdi. Sıranın lap axırında uşaq cildində gələn itin 
kələyindən xəbər tutan Leyla, uzun hörükləriylə onu boğub öldürmüşdü. Həmin gün şəhərin 
bütün uşaqları çantalarını yelləyə-yelləyə Leylanın mahnılarını oxuyub məktəbə getmişdilər.  
Yuxudan diksinib oyanmışdı. Bədəninə gələn soyuq tər çəkiləndə kişinin birdən-birə ağlına 
gəlmişdi ki, doğrudanmı itlər qotur bağlayırlar? Qaravul daxmasından çıxıb təmiz havada fikirli-
fikirli gəzmişdi, kranın başında əl-üzünü yuyub eynini açmaq istəyəndə yuxuda gördüyü uşaqlar 
onun yadına başqa hadisəni salmışdı ki, həmin günü mən də yaxşı xatırlayıram.  
İyul təzə başlayanda qonşuluğumuzda səfalət və kasıblıq içində yaşayan qaçqın ailələrinin birinə 
bədbəxt hadisə üz verdi. İsmayıl dayıdan eşitmişdim: həmin ailə on ildən artıqdır onun qaravul 
daxmasının yaxınlığındakı yarıuçuq tikilidə yaşayırlar. Yeddi nəfərdilər: Qarabağda başından 
travma alan 45 yaşlı oğul, qoca ata, ana, gəlin və bir-birindən çəlimsiz üç uşaq... İsmayıl kişi 
deyir, bir gecə it zingiltisi eşidib daxmanın pəncərəsindən bayıra boylandım. Qonşuluqdakı qara 
paltarlı gəlin itlərə acıqlanıb zibil yeşiyinə atılan uşaq ayaqqabılarını evlərinə aparırdı. Səhər bir-
birindən çəlimsiz uşaqların əl-ələ tutub analarının yanıyca harasa getdiyini görəndə, ürəyim 
qübar bağladı. Uşaqların nimdaş paltarları, kədərli gözlərində əclaf təbəssümlə gülümsəyən 
səfalət və yoxsulluq azmış kimi, işğalın on altıncı ilində ailəyə müsibət üz verdi. Gəlinin paltar 
yumaq üçün sobanın üstündə qaynatdığı qazan, hərfləri təzə-təzə öyrənən qız uşağının üstünə 


dağılmışdı. Aman Allah!!! Ananın dözülməz fəryadını eşidən qonşular axışıb evə 
doluşmuşdular, İsmayıl kişinin ürəyi tab gətirməyib ağlamışdı. Ağrıdan boğula-boğula çığıran 
uşağın qanı çəkilən qapqara sifətini görəndə mənə elə gəlmişdi ki, tifilin bağrı çatlayıb ortalıqda 
qalacaq. Evin yuxarı küncündə düşüb qalan burnuyırtıq uşaq ayaqqabıları gözümə sataşmışdı, 
iliyiməcən sarsılmışdım: elə bil nimdaş ayaqqabılar da dil açıb onun halına acımaq istəyirdilər. 
Təcili yardım özünü yetirib körpəni sakitləşdirəndən beşcə dəqiqə sonra hamı pıçıldaşıb 
Leylanın gəldiyini bir-birinə xəbər vermişdi. Leyla həkimləri evin bir küncünə çəkib, İsmayıl 
kişini də çağırmışdı, ağlamaqdan gözünün qarası gedən ananı birtəhər toxtatmışdılar. Cəmi bir 
həftə sonra qoca qapımı döyüb (o, çox az-az yanıma gələrdi) sevincək dedi ki, uşağı 
xəstəxanadan evə gətiriblər. Bilmirdim, bəlkə, bu, taleyin Leylaya kiçicik güzəştiydi, amma 
özümü inandırmışdım ki, onun xeyirxahlığı qonum-qonşunun içindəki ikrahı təmizə çıxarıb 
durultmuşdu: nədənsə, bazarlıqdan qayıdan qocalar dodaqlarının altında donquldanmırdılar; 
binanın tinindəki internet klubda avaralanan yelbeyin yaşıdlarım “youtube”-dan Leylanın porno 
görüntülərini tapıb onunla yatmaq həvəslərini içlərində boğmuşdular. Belə-belə şeylər mənə 
qəribə gəlsə, hətta inanmasam da, doğrudan-doğruya Leylanın bir xal xeyrinəydi. Onu sevməyə 
başlayırdılar... 
* * * 
11 oktyabr, 2010 
İsmayıl kişinin yanından saymazyana keçəndə Leylanın beynində ilanlar oynaşırmış: evə tez 
çatıb... intihar etmək, intihar!!!  
...Qara “Toyota” binanın qarşısında dayananda, kişinin nagüman danışığını təkrar xatırladıram:  
-Yəqin, fikirlidir, səhər çıxanda nəyisə evdə qoyub gedib. Heç belə eləməzdi.  
Lal-dinməz gözünün içinə baxıb kəlmə kəsməmişdim. İçindəki nigarançılığı öldürə bilməyib 
sözünün ardını gətirmişdi: 
- Bu gün ona nəsə olub. Maşını üçün yer ayırmışam, saxlamadı. - Əlini həyətin sağ küncündəki 
bir maşınlıq darısqal yerə sarı uzatmışdı.  
Leyla maşından düşüb dörd tərəfə nigarançılıqla göz gəzdirəndə diksinib özünü itirdi. Amma 
görünür, belə-belə şeylərə çoxdan alışıqdı: yalançı təbəssümlə başımızı külləyib sudan quru 
çıxmağı bacardı (İsmayıl kişinin bir təbəssümə möhtacmış kimi dərindən nəfəs alıb 
arxayınçılıqla köks ötürdüyünü unutmaq olarmı, olmaz. Avam adam!). Elə bu vaxt gözümdən 
qaçmayan bir hərəkət Leylanın ehtiyatsızlığı kimi görünsə də, əslində, mənim ayıq nəzərlərimin 
açıq-aşkar uğuru idi. Samur dərisindən olan şubasının düymələrini bağlayanda yaxasında 
gizlətmək istədiyi balaca bükülü nəzərimdən yayınmadı. Qara məxmər parçadan tikilən əl boyda 
torbanı şubanın yaxasına ilişdirib yerə saldı. Dalağım sancdı. Deməli, bu həm də onun 
həyəcandan əllərinin əsdiyini göstərirdi. Özünü itirmədi, hiyləgər tülkü, elə bil, belə də 
olmalıydı. Qara məxmər torbanı bu dəfə cibində gizlətdi. O gün yaddaşımda ilişib qalan bir 
səhnə aylarla gözümün qabağından çəkilmədi ki, çəkilmədi... Qəribə və maraqlıdır, Leyla 
yadıma düşər-düşməz bu hadisəni xatırlayıb gülümsəyirəm: Əlindən saldığı qara məxmər torbanı 
yerdən götürəndə sinəsiaçıq köynəyindən döşlərini açıq-aşkar gördük. Sol əli ilə yaxasını 
bağlamaq istəsə də, vay-vay, bu dəfə daha pisiylə üzləşdi: sağ döşü pırtlayıb bayıra çıxdı. 
Yeniyetmə qızlarsayaq həya edib hər iki əlini sinəsinə sıxanda, üzünə çökən qızartını bir ay 
sərasər yaddaşımdan silə bilmədim.  
Vaxtilə heyrətamiz işlərilə camaatı qıcıqlandırıb iç çəkdirən bu cığal, indi bizim baxışlarımızı 
üz-gözündə hiss edib pərtliyini gizlətmək üçün özünü təkrar maşına saldı. İsmayıl dayının matı-
qutu qurumuşdu, ürəyimə dammışdı ki, qızın hiyləsindən baş aça bilməyib. Bu dəqiqələr mənim 
üçün hədsiz maraqlı idi. O, bizi görəndə niyə özünü itirməliydi? Nəyə görə maşına qayıdıb orda 
qurcalanırdı? Leyla çantasını eşələyə-eşələyə (mən çantanın uzun kəmərlərini maşının 
şüşəsindən görürdüm. Onu niyə götürməmişdi, bilmirəm) güzgüdən şübhəli nəzərlərlə bizə göz 
qoyduğundan duyuq düşəndə, beynimi döyəcləyən suallara cavab tapdım: Qara məxməri 
torbanın içindəki tapança idi, tapança!!!  
 
 
Beşinci mərtəbədə güllə səsi 
“Bir kadın qururu kırıldığı için degil, ne kadar  
qururlu olduğunu göstermek için intihar eder”. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə