Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə57/61
tarix02.12.2017
ölçüsü3,41 Mb.
#13558
1   ...   53   54   55   56   57   58   59   60   61

ƏLLİ SƏKKİZİNCİ DƏRS


 Sufilik nəyə əsaslanır?

 Sufiliyin qayda və məramları nədən ibarətdir?


SUFİLİK


Sufiliyi müstəqil cərəyan kimi digər məzhəb və firqələrdən fərqləndirən xüsusiyyət varsa, o da onun özünəməxsus qayda və adət-ən᾿ənələridir. Sufilik varlığın həqiqəti hesab etdiyi bəzi əqidə üsullarına əsaslanır ki, onlara çatmaq üçün bir sıra qayda-qanunlar müəyyənləşdirmişdir. Bu dərsimizdə Sufiliyin ideoloji əsasları və adət-ən᾿ənələri haqda söhbət açacağıq.

1.SUFİLİYİN ƏQİDƏ ƏSASLARI


Sufiliyin ən mühüm əsasları aşağıdakılardır:

1. Tövhid və vəhdəti-vücud;

Sufilər təkallahlığı vəhdəti-vücud kimi mə᾿nalandırırlar. Yə᾿ni, varlıq yeganə həqiqətdən ibarətdir və batində özünün kamil birliyi ilə hər növ təfriqə və çoxluqla tam ziddir. Varlıq, çoxluğu əks etdirən zahirdən ibarətdir və bu çoxluqlar zahiri olub varlığın həqiqəti deyil, görünüşü hesab olunurlar. Bu bəhs haqqında nəzəri irfanda geniş şəkildə söhbət açılmış, dəlil və sübutlar gətirilmişdir. Sufilər isə onu öz əqidə və dünyagörüşlərinin əsası kimi qəbul etmişlər.



2. Eşq;

Sufiliyin əsaslarından birini də irfani üsullardan olan «eşq» təşkil edir. Ariflər Allaha qarşı olan sonsuz eşqi insanın Allaha yaxınlaşmağının və Onun razılığını qazanmağın ən başlıca amili hesab edirlər. Allaha olan eşq insanda Allahın sevdiyi şeylərə qarşı məhəbbət yaradır. İlahi yolun yolçusu Allaha qovuşmaq üçün ilk növbədə Onun razılığını qazanmalıdır. Bu səbəbdən də Allaha və Onun adının məzhəri olan hər bir varlığa qarşı öz sevgi və məhəbbətini biruzə verməlidir. Sevgi və istəyin bu şəkildə zahir edilməsi irfanda eşq adlanır və bu, məhəbbətin yüksək dərəcəsidir.



3. Fəna;

Arif və sufilər belə bir əqidədədirlər ki, insan vəhdət məqamına çatmaq üçün sözün əsl mə᾿nasında Allahın vücudunda fani olmalıdır. Fəna insanın xudpəsəndliyi və Allaha xas olmayan bütün xüsusiyyətləri özündən uzaqlaşdırıb bütün ilahi xislətlərə yiyələnməsinə və tam mə᾿nada Allahın əmrinə tabe olmasına deyilir. Bu mərhələyə çatdıqdan sonra Allahdan başqa bir varlıq görməməli və Onun istək və iradəsindən başqa heç bir şey istəməməlidir.



4. Vilayət;

Vilayət irfanda rəhbərlik, məhəbbət, yaxınlıq və Allahın zati xüsusiyyətlərindən birinə deyilir. Belə ki, bunun əsasında bütün məxluqat, o cümlədən insanlar Allah-taalanın mütləq ixtiyarı altındadır. Övliyaların (imamların) vilayəti [rəhbərliyi] ilahi vilayətdən irəli gəlir. Bunun üçün də vəli o şəxsə deyilir ki, Allahın müqəddəs zatında fani olaraq insanların hidayətini öz üzərinə götürmüş olsun.

Arif və Sufilər vilayətin fasiləsiz olaraq davam etməsini zəruri hesab edirlər. O, bütün dövrlərdə insanlar arasında olmalıdır və Allaha yaxınlaşmaq istəyən şəxslər onun hidayətindən bəhrələnməlidirlər.

5. Şəriət və təriqət.

Sufilər şəriəti zahid və abidlərin kamala çatmaları üçün vasitə hesab edirlər. Kamala çataraq həqiqətə qovuşduqdan sonra şər᾿i vəzifələr onların üzərindən götürülür. Bunun üçün də şəriətin zahirinə əməl etməyi adi insanların vəzifəsi hesab edirlər. Lakin mə᾿nəvi seyrdə olanlar üçün yəqinə çatanadək şər᾿i hökmlərə əməl etməyi zəruri hesab edirlər. Bu səbəbdən bir çox sufi firqələri Sufiliyin ilkin mərhələsində olanlara vacib və müstəhəb şər᾿i hökmləri yerinə yetirmələrinə tə᾿kid etmişlər. Lakin özlərinin dedikləri kimi, fəna məqamına çatdıqdan sonra bütün şər᾿i hökmlər götürülmüş olur. Sufilərlə müxalif olanların əsas dəlillərindən biri onların şər᾿i hökmlərə diqqət yetirməmələridir. Müxaliflər Peyğəmbərin (s) həyatını misal gətirərək onlardan soruşurlar ki, o həzrət ömrünün axırına qədər şəri hökmlərə əməl etməmişdimi və ya bunların çatmaq istədiyi məqama çatmamışdımı?

Sufilərin şəriətlə yanaşı, təriqətə də e᾿tiqadları olmuşdur. Onlar belə bir əqidədə olmuşlar ki, şəriət dinin zahiri görünüşüdür, onun batini isə təriqətdir. Bunun üçün də ilahi yolun yolçusu dinin zahirindən keçərək onun batininə qovuşmalıdır. Və zahiri əməlləri yerinə yetirmək əvəzinə, batinə diqqət yetirməlidir. Bu isə tərkidünyalıq, daimi zikr, varlığın ilkin mənşəyinə diqqət yetirmək, sədaqət və ixlasa riayət etməkdən ibarətdir.

2. SUFİLİYİN QAYDA-QANUNLARI


Mə᾿nəvi saflığa və fəna məqamına çatmaq üçün sufilər özlərinə xas olan qayda-qanunlar icad etmişlər:

1. Riyazət (ruhi məşğələlər);

Riyazət – insanın özünü haram şeylərdən çəkindirməyə və vacib olan şeylərə əməl etməyə adət etdirməsinə deyilir. İslam əxlaq və irfanı bu məsələyə xüsusi diqqət yetirmiş və bu barədə dini rəhbərlər tərəfindən çoxlu tövsiyələr olunmuşdur. Lakin sufi təriqətində müşahidə olunan riyazət şər᾿i riyazətdən olduqca fərqlidir. Sufilər nəfsin riyazətini «nəfsi öldürmək» kimi qələmə verir, ruhun maddi və dünyəvi bağlılıqdan yaxa qurtararaq mə᾿nəvi aləmə ucalması üçün bütün nəfsani istəklərinə mənfi cavab verirlər. Bütün nəfsani istəkləri, o cümlədən ailə qurmaq, ev-eşik sahibi olub asayişə yiyələnmək, münasib paltarlar geymək, dadlı yeməklər yeməmək və s. işlər Sufi riyazətlərindən hesab olunur.



2. Xanəgah;

Xanəgah, sufilərin yaşayış və dini mərasimlər keçirdikləri yerlərə deyilir. Zikr, vəcdə gəlmək, çillə çıxarmaq və bu kimi mərasimlər xanəgahlarda keçirilir. Bütün xanəgahlarda mürşidlər üçün ibadət və mərasimləri keçirmək məqsədilə xüsusi yerlər nəzərdə tutulmuşdur. Xanəgahlara girmək və orada məskunlaşmağın özünəməxsus qayda-qanunları vardır.



3. Xirqə;

Xirqə, pir və mürşid tərəfindən sınaqdan müvəffəqiyyətlə çıxmış ilahi yolun yolçusunun əyinlərinə geyindikləri kiçik parçalardan tikilmiş gen paltarlara deyilir. Xirqə iki növdən ibarətdir: İradət və təbərrük xirqəsi. Müriddə mə᾿nəvi seyrə sədaqət və həqiqi istək müşahidə olunduqda, şeyx tərəfindən ona iradət xirqəsi geyindirilir. Beləliklə, bir növ ona Allah tərəfindən bəşarət və müjdə verilir. Təbərrük xirqəsi isə mürşidin şeyxdən təbərrük alması üçün geyinilir.



4. Şeyx və mürşid;

Sufilər ilahi yolun yolçusunun ən yüksək məqamını xirqə geyinməkdə, pir və şeyxlik dərəcəsinə çatmaqda görürlər.

Pir, şeyx və ya mürşid o şəxsə deyilir ki, ilahi yolun yolçusuna keçdiyi bütün mərhələlərdə yol göstərib, onu düzgün istiqamətləndirmiş olsun. Mürid şeyxin qarşısında təslim olmalıdır və heç bir ixtiyara malik deyildir. Pir və mürşidə «qütb» də deyilir.

5. Sima;

Sima, sufilərdən birinin avaz oxuyub başqalarının dinləməsinə, ya cəm halda ney və dəflə avaz oxumalarına və ya heç bir musiqi aləti olmadan rəqs edərək vəcdə gəlmələrinə deyilir. Sima məclisləri və avaz oxumaq sufilərin haldan-hala düşmələri üçün təşkil olunur.



6. Şəthiyyat.

Şəthiyyat, sufilərin sima məclislərində vəcdə gəldikdən sonra ixtiyarsız olaraq dedikləri sözlərə deyilir. Şəthiyyat iki hissədən ibarətdir:

1. İlahi eşqin yüksək dərəcələrinə çatdıqlarına dair etdikləri iddialar; Belə bir yüksək məqama çatmaları onları dua və ibadətdən ehtiyacsız etmişdir. Onlardan bə᾿ziləri iddia etmişlər ki, Allahla onlar arasında olan bütün maneələr götürülmüşdür və hətta Onun dediklərini də eşidirlər. «Ənəl həqq», «Sübhani, sübhani, ma əzəmə şə᾿ni» (Mənəm haqq) və (pakam mən, pakam mən, şə᾿nim nə qədər də böyükdür...) və s. ifadələr sufi şəthiyyatlarından hesab olunur.

2. Kimsənin mə᾿na və məfhumunu başa düşə bilmədiyi cümlələr. Bunlar dinləyicini özünə cəlb edən gözəl və aldadıcı ibarətlərdən savayı bir şey deyildir.

Sufilərin istifadə etdikləri digər ifadələrə də «tamat» deyilir və bu onların şər᾿i ibadətləri özünün zahiri və həqiqi mə᾿nalarından, batini və fərz olunmayan mə᾿nalarda işlətmələridir.
* * *
Sufiliyin adət-ən᾿ənələri və qayda-qanunları haqda ətraflı söhbət açdıqdan sonra, onların əqidə və şəriət əsaslarını İslam dini ilə tətbiq etməyi oxucuların ixtiyarına buraxırıq. Bir qədər dərindən fikirləşdikdə, onların hansı birinin islam dininin əqidəvi və şər᾿i əsasları ilə müvafiq olub-olmadığı aşkara çıxır. Peyğəmbərin (s) buyuruq və həyat tərzi müsəlmanların haqq yoldan uzaq düşməmələri üçün ən gözəl örnək və əxlaq nümunəsidir. Ondan sonra da sadiq davamçılarının həyat tərzini onun sünnə və buyuruqları ilə müqayisə edərək bu təriqətin [sufiliyin] nə dərəcədə doğru-düzgün olmasını müəyyənləşdirmək olar.


Suallar və tapşırıqlar


1. Sufilərin tövhidə olan baxışı nədən ibarətdir?

2. Eşq nə deməkdir və irfanda nə kimi rol oynayır?

3. Fənanı izah edin.

4. Sufilik vilayət barədə hansı əqidədədir?

5. Şəriətlə təriqətin fərqi nədən ibarətdir?

6. Sufilər riyazəti necə tə᾿rif edirlər?

7. Sima nə deməkdir?

8. Şəth nə mə᾿na daşıyır?



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə