Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə13/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

ƏŞ᾿ƏRİLƏR (2)

KƏLAMİ ÜSLUBLAR




1. Əş᾿əri məzhəbinin kəlami üslubu necədir?

2. Əş᾿əri məzhəbinin hansı səciyyəvi xüsusiyyətləri vardır?

Əbul Həsən Əş᾿ərinin qarşısında iki müxalif məktəb və nəzəriyyə mövcud idi:

1. Əqli qaydalara meyl edən mö᾿təzilə məktəbi; bu məktəb ardıcılları e᾿tiqad üsullarının qəbul və isbat olunmasında, hədislərin məzmun və möhtəvasının isbat olunmasında əsas me᾿yarı əql hesab edirdilər.

2. Əhli-hədis kimi zahirə istinad edən firqələr; onlar ayə və hədislərin zahirinin tələbinə uyğun əməl edir, bu işdə azacıq da olsa belə, əqli təhlilləri caiz bilmirdilər. Bu firqələr əsas e᾿tibarilə əqlin e᾿tiqadi üsullarda, onların şərh və bəyan olunmasında rol oynaması ilə müxalif idilər. Buna görə də əhli-hədisin nəzərində mö᾿təzilə bid᾿ətçi kimi tanınmışdı. Əbul Həsən Əş᾿əri bu iki məzhəb arasında mö᾿tədil bir mövqe və üslub seçmək qərarına gəlmişdi.

Buna görə də bir tərəfdən mö᾿təzilənin əqlə ifrat dərəcədə meyl göstərməsi ilə mübarizə aparmalı idi. Əvvəlki dərslərdə qeyd olunduğu kimi, Bəsrə məscidində mö᾿təzilənin əqli əsaslarla izah etdiyi bir sıra əqidələrlə müvafiq deyildi, digər tərəfdən də əhli-hədisin zahiri mə᾿nalara qapılmaq meylləri qarşısında dayanmalı və əqli bəhsləri dini təfəkkürə daxil etməli idi. Əş᾿əri üçün bu mübarizə mö᾿təzilənin ifratçılığı ilə mübarizədən qat-qat ağır idi. Çünki o zamanlar mö᾿təzilə gizli təbliğat dövrünü keçirir, əhli-hədis isə əksəriyyətin rəsmi məzhəbi hesab olunurdu. Buna görə də onunla açıq-aşkar müxalifətçilik etmək üçün münasib şərait yox idi və müxalifət edənlər çox asanlıqla bid᾿ətçi kimi tanıtdırılırdı.

Bununla belə, Şeyx Əş᾿əri öz məqsədinə nail olmaq və əqli qaydaları dini mövzulara daxil etmək üçün «İstihsanul-xovzi fi elmil-kəlam» kitabını yazdı və onda əhli-hədis firqələrinin əqlin e᾿tiqadi məsələlərə daxil edilməsinə qarşı söylədiyi e᾿tirazlara cavab verməyə başladı. O, bu kitabda yazırdı: Camaatın bir dəstəsi (zahiriyyə və sair əhli-hədis) son dərəcə nadanlıq göstərirlər; e᾿tiqadi məsələlərdə əqli təfəkkür və qaydalardan istifadə etmək onlara çox ağır gəlir. Buna görə də onlar kor-koranə təqlid və iman yolunu seçirlər. Onlar sə᾿y edirlər ki, üsulidini əql yolu ilə bəyan etməyə çalışanları bid᾿ətçi adlandırıb məhkum etsinlər. Hərəkət, sükunət, cism, rəng, məkan, cövhər, ərəz və ilahi sifətlər barədə bəhs aparmağı günah və bid᾿ət hesab edərək deyirlər ki, belə bəhslər düzgün olsaydı, Peyğəmbər (s) və onun səhabələri də mütləq bu işi görərdilər.

Həmçinin deyirdilər ki, Peyğəmbər (s) vəfatından əvvəl dini baxımdan lazım olan bütün mətləbləri kamil şəkildə izah etmiş və ardıcıllar üçün deyilməmiş bir söz qalmamışdır. Həzrət Peyğəmbər (s) yuxarıda qeyd olunan mətləblərdən heç birinə işarə etmədiyi üçün aydındır ki, onların ətrafında bəhs etmək bid᾿ət hesab olunacaqdı.1.

Əhli-hədis öz müddəasını belə izah edirdi ki, bu kimi kəlami məsələlər, ya şəxsən Peyğəmbərin özünə və səhabələrə mə᾿lum idi və eyni halda bunun barəsində sükut edərək, onları araşdırmamışdılar, yaxud onlar bu məsələlərdən xəbərsiz idilər. Əgər onlar bilərəkdən bu məsələləri bəyan etməmişlərsə, onda o həzrətə tabe olaraq, biz də bu məsələdə sükut etməliyik. Əgər Peyğəmbər (s) və səhabələr bu məsələləri bilməmişlərsə, onda biz də bu barədə heç bir şey əldə edə bilmərik. Buna əsasən hər iki halda bu kimi məsələlər barəsində bəhs aparmaq bid᾿ət olacaqdır.

Əş᾿əri bu kimi sualları cavabsız qoymadı və kəlami-əqli məsələləri müdafiə etməyə çalışdı. O, əhli-hədisin gətirdiyi dəlillərin müqabilində üç cavab vermişdi:

Birinci cavab: (Çaşqınlıq və cədəl yolu ilə verilən cavab) «Peyğəmbər (s) hər bir şeyi bəyan edibsə və heç nəyi (bəyan etməkdə) əsirgəməyibsə, bununla belə, ondan sonra bu kimi məsələlər barədə bəhs edən şəxsləri bid᾿ətçi adı ilə məzəmmət etməmişsə, demək belə məsələləri araşdırmağın heç bir eybi yoxdur. Əgər hər bir şeydə Peyğəmbərin sözlərinə istinad ediriksə, onda hansı əsasla o həzrətin bid᾿ətçi adlandırmadığı şəxsləri bid᾿ətçi hesab edə bilərik?! Çünki bu əməlin özü Peyğəmbərin xatırlatmadığı məsələlər barəsində bəhs etməkdən ibarətdir və Peyğəmbərin (s) məzəmmət etmədiyi şəxslərin əməlini məhkum etmək olmaz.»

İkinci cavab: Peyğəmbər (s) heç bir kəlami bəhslərin bəyanını əsirgəməyib, həmçinin ayə və rəvayətlərdə kəlam elmində mövcud olan cism, ərəz, hərəkət və sükunət kimi bəhslərin hamısı qeyd olunmuşdur. Onlar müəyyən və dəqiq şəkildə zikr olunmadığına baxmayaraq, o bəhslərin əsas prinsipləri Qur᾿anda və sünnədə bəyan olunmuşdur.

Şeyx Əbul Həsən Əş᾿əri bir çox rəvayət və ayələrə istinad edir ki, onun əqidəsinə görə, kəlami bəhslər orada öz əksini tapmışdır. O cümlədən: «Ən᾿am» surəsinin 75-79-cu ayələrini, yə᾿ni İbrahim peyğəmbərin ulduzun və günəşin batması ilə əlaqədər apardığı bəhsi Qur᾿anda hərəkət və sükunət bəhsinin işıqlandırılmasına dəlil hesab edir. Həmçinin «Ənbiya» surəsinin 22-ci ayəsi və «Mu᾿minun» surəsinin 91-ci ayəsini «təmanö᾿» bürhanı ilə əlaqədar olduğunu qeyd edir. Əş᾿əri axırıncı cavabda əhli-hədisin əqidəvi məsələlərdəki mövcud üslubundan, yə᾿ni Qur᾿an və sünnənin zahiri mə᾿nasını əxz etmək yolundan istifadə etməyə çalışmış və onlara isbat etmək istəmişdir ki, əqli və kəlami bəhslər şəriətin diqqət yetirdiyi məsələlərdəndir.



Üçüncü cavab: Peyğəmbəri-Əkrəm (s) bu mətləblərdən xəbərsiz deyildi və onları tam incəliklərinə qədər bilirdi. Amma onun həyatında bu kimi məsələlərlə əlaqədar bir şey qarşıya çıxmadığından, onlar barəsində bəhs etmək zərurəti yaranmamışdı.

Peyğəmbərin (s) səhabələri o həzrətin həyatı dövründə irəli gələn dini məsələlərin çoxu barəsində bəhs edib və dəlil gətirmişlər. Bunu da nəzərə almaq lazımdır ki, qeyd olunan məsələlər ətrafında Peyğəmbərdən (s) birbaşa və aşkar hədis nəql olunmamışdır. Peyğəmbərdən (s) aşkar göstəriş verilmədiyinə görə, bu kimi məsələlər barədə müəyyən hökmlər çıxartdıqları zaman, onların arasında ixtilaf yaranmışdı. Məsələn, əgər Qur᾿anın məxluq olub-olmaması, yaxud fərdin cövhəri və s. məsələlər Peyğəmbərin (s) sağlığında tam təfsilatı ilə qarşıya çıxsaydı, şübhəsiz o həzrət sair məsələlər kimi, onları da izah edərdi.

Buna əsasən, Qur᾿anın məxluq olub-olmaması barədə Peyğəmbərdən (s) aşkar bir kəlamın nəql olunmadığını fərz etsək, onda Qur᾿anın məxluq hesab edilməsi bid᾿ət olsa, elə həmin dəlillə demək olar ki, onun qədim və qeyri-məxluq olması da bid᾿ətdir.1

Əbul Həsən Əş᾿əri bu bəhsin axırında belə nəticə alır ki, İslam dini heç də əqidəvi bəhslərdə ağıldan istifadə etməyin ziddinə çıxmamışdır, əksinə e᾿tiqadi məsələlər barəsində əqli və istidlali bəhsləri zəruri hesab etmişdir.


ƏŞ᾿ƏRİ MƏZHƏBİNİN ÖZÜNƏMƏXSUS XÜSUSİYYƏTLƏRİ


Qeyd olunanlardan belə nəticə alırıq ki, əş᾿əri məzhəbinin iki mühüm xüsusiyyəti var idi:

1. Əqlin əqidəvi məsələlərdə dəxaləti:

Əş᾿əri çalışırdı ki, Qur᾿an və sünnəni əsas me᾿yar götürməklə yanaşı, ayələrin, hədislərin, əqidə prinsiplərinin tanınmasında və dərk olunmasında əqli qaydalardan da istifadə etsin və həqiqətdə əhli-hədis məzhəbində islahat apararq, onu əqlyönlü bir məzhəb şəklinə salsın. Baxmayaraq ki, o, «hüsn və qübhi əqli» (ağlın yaxşı və pisi ayırd etmək qüdrətinə malik olması) kimi əqli bir məsələni heç vaxt qəbul etməmişdir.



2. Mö᾿tədil mövqe:

Əş᾿ərinin fikri bu idi ki, əhli-hədisin təfrit nəzərləri ilə mö᾿təzilənin əqlə əsalət verməkdə olan ifrat nəzəriyyələri arasında mö᾿tədil bir məktəb yaratsın. Məsələn, o, qəza və qədər, cəbr və ixtiyar kimi bəhslərdə əhli-hədisin cəbrə meyilli olan nəzərləri ilə mö᾿təzilənin təfviz nəzəriyyəsi arasında «kəsb» nəzəriyyəsini irəli sürmüşdü. Yaxud, xəbəri sifətlər barəsində əhli-hədisin həmin sifətlərin zahiri mə᾿nasını götürərək, Allah üçün əl, üz və s. isbat etmək əsasında olan nəzəriyyəsi ilə mö᾿təzilə firqəsinin bu sifətlərin yozulması nəzəriyyəsi arasında «xüsusiyyətsiz» qeydi ilə xəbəri sifətləri isbat edərək bəyan etdi.

Qeyd olunanlardan əş᾿əri məzhəbinin səciyyəvi xüsusiyyətləri, habelə Əbul Həsən Əş᾿ərinin əqidəvi bəhslərin kəlami cəhətdən araşdırması və onun əqli-kəlami bəhsləri işıqlandırması, eləcə də mö᾿tədil, əql, məntiq və istidlalla müdafiə olunası bir məzhəbi tə᾿sis etmək üçün seçdiyi yol idi. Amma onun öz məqsədinə çatmaqda nə qədər müvəffəqiyyət qazandığına, öz məzhəbinin əqidəvi prinsiplərini əqli və bürhani istidlal üzərində qura bilməsinə gəldikdə isə, bu məzhəbin əqidəvi və fikri əsaslarının araşdırılmasından aydın olur.

Özünü mö᾿təzilə və əhli-hədis məzhəblərindən ayıran əş᾿əri firqəsinin əqidəvi əsasları aşağıdakılardır:

1. Allah və ilahi sifətlər məsələsi;

2. İnsanın ixtiyarı;

3. Əqli gözəllik və qəbahət; (ağlın yaxşı və pisi ayırd etmək qüdrətinə malik olması)

4. Allahın gözlə görünməsinin mümkün olub-olmaması;

5. Qur᾿anın məxluq olub-olmaması;

6. İnsanın bacarığından artıq işlərə mükəlləf olub-olmaması;

7. Və᾿də və vəid;

8. Allahın işlərinin əqli, yaxud qeyri-əqli üsullar əsasında olub-olmaması;

9. Allah tərəfindən bəndələrlə əlaqədar ən səlahiyyətli işə riayət etməyin vacib olub-olmaması.

Altıncı dərsdə Əş᾿ərinin xəbəri sifətlərlə əlaqədar nəzərləri araşdırıldı; gələn dərsdə isə əş᾿əri məzhəbinin nəzərlərinin ən mühümləri ilə tanış olacaqsınız.


SUALLAR VƏ TAPŞIRIQLAR


1. Əbul Həsən Əş᾿əri öz məktəbinin bünövrəsini qoyan zaman hansı təfəkkürlərlə qarşılaşmışdı?

2. Əhli-hədis hansı bəhslərin işıqlandırılmasını bid᾿ət saymışdır?

3. Əş᾿əri əhli-hədisin kəlami bəhslərlə müxalifətçilikləri qarşısında hansı dəlillərdən istifadə edirdi?

4. Əş᾿əri məzhəbinin mö᾿təzilə ilə olan ixtilafları hansı üsullarladır?

5. Əş᾿əri məzhəbinin xüsusiyyətlərini bəyan edin.

ON DÖRDÜNCÜ DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə