Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə15/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

ƏŞ᾿ƏRİLƏR (4)

ƏQİDƏLƏR (2)




1. Kəsb nəzəriyyəsi nədir?

2 Allahın kəlamı hadisdir, yoxsa qədim?

3. Əşyaların gözəl və ya qəbahətli olması əqlidir, yoxsa şər᾿i?

4. İmkan və bacarıqdan xaric olan işlərə mükəlləf olmaq mümkündürmü?

3. İnsanın əməlləri ilə əlaqədar Allahın fail olub-olmaması; «Kəsb» nəzəriyyəsi.

Kəlam alimlərinin müxtəlif rə᾿ylər söylədiyi və hal-hazırda da söyləməkdə olduqları və ətrafında müxtəlif nəzərlər verdiyi digər bir münaqişəli və mühüm məsələ insanın fe᾿llərinin yaranması, ixtiyar və cəbr məsələsidir.

Yə᾿ni, görəsən insan bütün işlərini öz ixtiyarı ilə yerinə yetirir, yoxsa bu fe᾿llər ilahi iradə ilə həyata keçir və insan onda heç bir rol oynamır? Əvvəldə qeyd etdik ki, əhli-hədis cəbrə inanaraq, insanın işlərinin ilahi qəzanın hökmünə məhkum olduğuna və öz fe᾿llərini yaratmaqda heç bir rol oynamadığına inanırlar. Bu dəstə də tövhid məsələsində Allahın xaliqiyyət sifətini müdafiə etmək və şirkdən qaçmaq üçün bu nəzəri seçmişlər. Bunun müqabilində isə mö᾿təzilə və qədəriyyə əqidəsində olanlar inanırlar ki, insanın işləri onun öz iradəsi ilə yerinə yetirilir və fe᾿llərin xaliqi həqiqətdə insanın özüdür. Allah-taala bəşərin fe᾿llərinin yaranmasında heç bir rol oynamır. Çünki, insanın fe᾿lləri Allaha nisbət verilərsə, bu halda çirkin və yaramaz işlər də Allaha mənsub ediləcəkdir. Halbuki, Allah-taala yaramaz, çirkin və qəbahətli işlərdən pak və münəzzəhdir.

Şeyx Əbul Həsən Əş᾿əri bir çox məsələlərdə əhli-hədislə mö᾿təzilə arasında mö᾿tədil bir nəzər tə᾿yin etdiyi kimi, cəbr və ixtiyar məsələsində də orta mövqe tapmağa çalışmışdır. O, mö᾿təzilədən əl çəkdikdən sonra əhli-hədisin nəzərini seçərək demişdir: «Bəşərin fe᾿lləri Allahın məxluqudur və məxluqat heç bir fe᾿li xəlq etməyə qadir deyildir. Allahdan başqa heç bir xəlq edən yoxdur və ona görə də insanın fe᾿llərinin hamısı Allahın yaratdığıdır

Amma əhli-hədisin nəzəriyyəsi cəbrilik doğurduğuna görə, habelə insanın fe᾿llərdə məcbur olması, peyğəmbərlərin be᾿səti, eləcə də təklif, savab və cəza ilə uyğun gəlmədiyinə görə, bu çatışmazlığı aradan qaldırmaq üçün «kəsb» nəzəriyyəsini seçdi. O deyirdi ki, fe᾿lləri xəlq etməklə kəsb etmək arasında fərq vardır; insanın fe᾿llərinin xəlq olunması Allahın qüdrət və iradəsi ilə baş verir. Amma o fe᾿lləri kəsb edən məhz insandır.

Əş᾿əri «kəsbi» belə tə᾿rif edir: İnsanda iki növ hərəkət vardır: İztirari və iktisabi hərəkət.

İktisabi hərəkətdə insanın qüdrəti rol oynayır. Buna görə də onu «kəsb» adlandırırıq. Çünki insanın fe᾿li onda hadis olan qüdrətin vasitəsilə vücuda gəlir. Başqa sözlə desək, fe᾿lin əsli Allahın məxluqudur. Amma bu fe᾿l insanda hadis olan qüdrətin vasitəsilə yaranır və fe᾿l insandan baş verir. Buna görə də fe᾿lin kəsb edilməsi insana mənsub edilir.

Bu nəzəriyyədəki irad bundan ibarətdir ki, əgər insanda hadis olan qüdrət onun fe᾿linin gerçəkləşməsində də rol oynayırsa, onda bu iş fe᾿llərin xəlq olunmasının Allahdan başqasına mənsub edilməsini tövhidlə uyğun bilməyən əş᾿ərilərin və əhli-hədisin əqidəsi ilə təzadlı olur. Həmçinin əgər hadis olan qüdrətin fe᾿lin gerçəkləşməsində rolu olmazsa, cəbr barəsində yaranan irad öz yerində qalacaq və bu halda savab və cəzaya layiq olmağın mə᾿nası olmayacaqdır.

4. İlahi kəlamın həqiqəti:

Allah kəlamının Onun zatından, yoxsa sifətindən olması barədə olan bəhs, kəlam alimləri arasında son dərəcə münaqişəli bəhslərdən biridir. Bu bəhs uzun müddət alimlər arasında ən çox münaqişə və çəkişmə yaradan mövzulardan olmuşdur. Bu bəhsin nəticələrindən biri Qur᾿anla əlaqədardır. Onlar deyirlər: Allahın kəlamı məxluqudur, ya yox?

Bu bəhslə əlaqədar kəlam alimlərinin qarşıdurması o qədər davam etmişdir ki, iş əqidələrin təftişi, həbs, çoxlu insanların öldürülməsi, hətta Əhməd ibni Hənbəl kimi şəxsiyyətin 30 şallaq zərbəsinə məhkum edilməsi ilə nəticələnmişdir. Bu, tarixdə «möhnəti xəlqi Qur᾿an» adı ilə məşhurdur. Mö᾿təzilə ardıcılları inanırlar ki, Allahın kəlamı Onun sifətlərindəndir. «Allah mütəkəllimdir» - dedikdə, məqsəd budur ki, Allah kəlamı hərflərdən, kəlmələrdən və cümlələrdən təşkil olunduğu halda, səslə yanaşı onu müəyyən lövhədə icad edib və nəhayət Cəbrail o kəlamı Peyğəmbərə çatdırmışdır.

Başqa sözlə desək, Allahın mütəkəllim olmasının mə᾿nası kəlamın həqiqətinin Allahın zatında elm, qüdrət və s.-nin olması kimi deyil, Onun kəlamı icad etməsidir. Əlbəttə, mümkündür ki, kəlam hər hansı bir cismdə icad olunsun və Peyğəmbər o səsi eşitsin. Həzrət Musanın Sina dağında Allahla danışması kimi.1

Bu e᾿tiqada görə, Qur᾿an Allahın məxluqu olmalıdır, halbuki, mö᾿təzilənin əksinə olaraq, əhli-hədis Allah kəlamını elm, qüdrət və s. kimi zatın sifətlərindən bildiyinə görə, Qur᾿anı də qədim hesab edirlər. Hər kəs onun məxluq olmasına inansa kafir sayırdılar. Bu məqamda Əş᾿əri bu iki nəzər arasında əhli-hədisin nəzərini əsas götürərək, Allah kəlamını zati sifətlərdən hesab edir və Qur᾿anın qədim olmasına inanırdı. Amma ilahi kəlam üçün iki səth və dərəcə olduğunu deyirdi.

1. Kəlami nəfsi;

2. Kəlami ləfzi.

Əş᾿əri sonra belə izah edir ki, Allahın zatı sifətlərindən və qədim kəlamdan olan dərəcə Allahın nəfsi kəlamıdır. Amma bu kəlam insanların kəlamı kimi hərflərdən, kəlmələrdən, səslərdən ibarət deyildir. Kəlamın həqiqəti elə nəfsi kəlamdan ibarətdir. Lakin ləfzi kəlam nəfsi kəlama dəlalət edir. «Kəlamın» ləfzi kəlama aid edilməsi məcazi mə᾿na daşıyır.

Buna əsasən, nəfsi kəlam qədim olduğu halda kəlmə, səs, hərflərdən uzaqdır.

Ləfzi kəlam, yə᾿ni hərflər, kəlmələr və s. isə hadisdir. Buna görə də Qur᾿anın həqiqəti nəfsi kəlamın qədim olması e᾿tibarı ilə qədimdir. Lakin onun kəlmə və ləfzləri hadisdir, vəhy mələyi ilə Peyğəmbərə (s) nazil edilmişdir.

Qeyd:


Bu üç nəzəriyyənin müqabilində digər bir e᾿tiqad da vardır. Bu e᾿tiqada görə, ümumiyyətlə Allahın kəlamı və sözü insan kəlamı kimi kəlmələrdən, hərflərdən təşkil olunmayıb. Bu nəzəriyyədə deyilir ki, bütün yaradılış dünyası Allahın kəlamıdır və Allah-taala bu yolla Özünün kamal, camal və cəlal xüsusiyyətlərindən xəbər verir. Bu fikri təsdiq etmək üçün Allahın məxluqatı «kəlmə» adlandırdığı bə᾿zi Qur᾿an ayələrinə istinad olunur. O cümlədən, «Ali-imran» surəsinin 45, «Nisa» surəsinin 71, «Kəhf» surəsinin 109, «Loğman» surəsinin 27-ci ayələrini misal göstərmək olar.

5. Bacarıqdan qüdrətdən artıq işlərə əmr etmək;

Əş᾿ərilər bəşəri fe᾿llərin əsil failinin insan deyil, Allah olduğunu hesab etdiklərinə görə, inanırlar ki, Allah insanı onun qüdrət və bacarığından artıq olan işlərə mükəlləf edə bilər. Çünki əgər fe᾿llərin faili Allahdırsa, həqiqətdə Allah-taala Öz qüdrətinə istinad edərək insanı mükəlləf edir.

Buna əsasən, əş᾿ərilərin nəzərində insanı bacarığından artıq işlərə əmr etmək qəbahət deyildir.

Halbuki, mö᾿təzilə və insanın ixtiyarına e᾿tiqad bəsləyən sair məzhəblər bu nəzəriyyəni qəbul etmir və inanırlar ki, qüdrət və bacarıqdan artıq işlərə əmr etmək qəbahətdir və Allah da qəbahətli iş görməz.

Bundan əlavə, əş᾿ərilər bə᾿zi Qur᾿an ayələrinə də istinad edirlər:

«Allah-taala heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz.»1

6. Əqli gözəllik çirkinliyin inkar edilməsi; (İnsan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olması)

Əş᾿ərilər əhli-hədisə tabe olaraq, əqlin əşyaların gözəllik (hüsn) və ya çirkinliklərini (qübh) dərk etməyə qadir olmasını inkar edirlər. Onların əqidəsinə görə, insan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olmasını deyənlər, həqiqətdə Allahın iradəsini məhdudlaşdırmış olurlar. Çünki bu halda Allah-taala öz iradəsi ilə deyil, insan ağlının hökmünə əsasən əməl etməlidir. Əş᾿ərilər inanırlar ki, yaxşılıqla pislik əşyaların zati xüsusiyyəti deyildir və Allah hər nəyi yaxşı sayıbsa, yaxşı və hər şeyi pis bilibsə, pisdir.

Əbul Həsən Əş᾿əri «Əl-lümə᾿» kitabında belə deyir: «Əgər bir şəxs «Allahın axirətdə uşaqları əzaba düçar etməsi layiqdirmi?» - deyə soruşsa, cavabında deyilər: «Bəli, əgər O, bu işi etsə də adildir və həmçinin Onun üçün mö᾿minə əzab verməsi və kafiri behiştə aparması qəbahət deyildir. Amma O, bu işləri etmir, çünki Özü buyurmuşdur ki, kafirləri cəzalandıracaq. Əgər bundan başqa bir iş görərsə (və᾿dəsi) yalan olar və yalan da Allah barəsində caiz deyildir.



İnsan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olması məsələsi kəlami kitablarda müfəssəl şəkildə araşdırılmışdır. Burada yalnız çaşqınlıq yaradan bir suala və insan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olmasına dair bir dəlilə işarə edirik:

Əş᾿ərilərə verilən və çaşqınlıq yaradan sual bundan ibarətdir ki, onlar «Allahın yalan deməsi caiz deyildir» - dedikdə, nəyi nəzərdə tuturlar və bu mühakimədə sənədləri nədir? Əgər Allahın buyurduğu «İnnəllahə la yuxliful miad» kəlamına istinad edirlərsə, cavabında deyiləcəkdir ki, həmin xəbərin yalan deyil, doğru olması haradan mə᾿lumdur? Əgər insan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olmasını qəbul etməsələr, onda heç Allah kəlamının həqiqət və doğruluğu da onlar üçün höccət sayıla bilməz.



İnsan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olmasına inananlar öz müddəalarına bu ardıcıllıqla dəlil gətirirlər ki, əgər əşyaların hüsn və qübhü əql ilə dərk olunmasa, şəriətlə də sübuta yetməz. Çünki, əgər əql əşyaların hüsn və qübhünü dərk etməkdə acizdirsə, şəriətin hər hansı bir işi əmr və ya nəhy etdiyi haradan mə᾿lum olar, yaxud həqiqətin gözəl, yalanın qəbahət olması necə ayırd edilər?

SUALLAR VƏ TAPŞIRIQLAR


1. İnsanın fe᾿lləri barəsində mö᾿təzilə və əhli hədisin nəzəri necədir?

2. Kəsb nəzəriyyəsini izah edin.

3. Nəfsi kəlam və ləfzi kəlam ifadələrindən məqsəd nədir?

4. Əş᾿ərilərin nəzərinə görə, Qur᾿an hadisdir, yoxsa qədim?

5. Əş᾿ərilərin insanın bacarığından artıq işlərə əmr edilməsi barədə dəlilini izah edin.

6. Nə üçün əş᾿ərilər insan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olmasına inanmırlar?


ON ALTINCI DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə