Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə17/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

MATURİDİYYƏ MƏZHƏBİ (2)




1. Maturidinin ən mühüm əqidəvi əsasları hansılardır?

2. İlahi sifətlər barəsində Maturidinin nəzəri necədir?

3. Maturidinin cəbr və ixtiyar barəsində nəzəri nədən ibarətdir?

Keçən dərsdə Maturidinin kəlami üslubları ilə tanış olduq. Aydın oldu ki, Maturidi, Əş᾿əri kimi əhli-hədislə mö᾿təzilə firqələri arasında orta bir mövqe seçmək fikrində idi. Aşkar şəkildə nəzərə çarpır ki, Maturidi əhli-hədisin və Əş᾿ərənin əqidəvi nəzərlərinin bə᾿ziləri ilə müvafiq idi. Əks halda, burada orta mövqe seçməyə heç bir əsas olmazdı. Amma bununla belə, onun bu iki məzhəblə bir neçə əsaslı məsələdə ixtilafı var idi. Bunlar aşağıdakılardır:

1. Allah barəsində ümumi anlayış və mə᾿rifət;

2. İlahi sifətlər;

3. Cəbr və ixtiyar;

4. Əşyaların hüsn və qübhü; (İnsan ağlının yaxşı və pisi ayırd etməyə qadir olub-olmaması)

5. İnsanların bacarıqlarından artıq işlərə əmr olunması;

6. Böyük günahlara mürtəkib olanların hökmü.

Bu dərsdə Maturidinin bu beş mövzu ilə əlaqədar nəzərini araşdıracağıq. Qeyd etmək lazımdır ki, Maturidinin Əhli-hədis və Əşəri məzhəbi ilə olan ixtilaf və fərqləri təkcə yuxarıdakı altı məsələdə bitmir. Onların arasında digər ixtilaflı məsələlər də vardır ki, onların araşdırılması bu kitabın həcminə və səviyyəsinə uyğun deyildir. Bu haqda əlavə mə᾿lumat əldə etmək istəyənlər müfəssəl kəlam və fəlsəfə kitablarına müraciət edə bilərlər.

1. Allah barəsində ümumi anlayış və mə᾿rifət;

Allahı tanımaq və Onun barəsində mə᾿rifət kəsb etməyin zəruri və lazım olması barədə heç bir ixtilaf yoxdur və bütün firqələr bunun vacib olduğunu təsdiq etmişlər. İxtilaf yalnız mə᾿rifətin vacib olmasının necə isbat olunmasındadır. Əş᾿ərilər Allah barəsində mə᾿rifət kəsb etməyin, yalnız nəqli yolla vacib olmasına inanırlar. Onun üçün qeyd etdikləri dəlillərdən biri aşağıdakı ayədir:



«De ki: Bir gör göylərdə və yerdə nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və peyğəmbərlər heç bir fayda verməz.»1

Allah-taala bu ayədə nəzər salmağı (mə᾿rifət kəsb etməyi) əmr etmişdir.

Əş᾿ərilərin qarşısında maturidiçilər inanırlar ki, Allah barəsində mə᾿rifət kəsb etməyin vacib olması əqli yolla isbat olunur. İnsan azacıq da olsa, təfəkkür etməklə Allahın vücudu bərəsində mə᾿rifət kəsb etməyin vacib olması, tövhid, ilahi iradə, qüdrət və elm, aləmin hadis olması, mö᾿cüzənin peyğəmbərlərin doğruçuluğuna dəlalət etməsi, Allaha küfr və Onu təkzib etməyin haram olması kimi məsələlərə vaqif olacaqdır. Bu nəzərdə maturidiçilər mö᾿təziləçilərlə müvafiqdirlər. Çünki mö᾿təziləçilər də Allah barəsində mə᾿rifət kəsb etməyin məhz əqli cəhətdən vacib olmasına inanırlar.

2. İlahi sifətlər;

İlahi sifətlər barəsində Maturidinin nəzəri üç halda (bunlar məzhəblər arasında ixtilaflı sayılan ən mühüm məsələlərdəndir) araşdırılmalıdır.



Birinci: Allahın zati sifətləri;

Əbu Muin Nəsəfinin nəql etdiyi kimi, Əbu Mənsur Maturidi Allahın zatı ilə sifətlərinin eyniyyət təşkil etdiyinə inanır və sifətlərin zata artırılmasına əqidəli olan Əş᾿ərilərin və Əhli-hədisin nəzərini rədd edir. O, bu barədə deyir: Allah Öz zatı ilə alimdir, Öz zati ilə diridir, Öz zati ilə qadirdir. Bu bəyan Əhməd ibni Hənbəlin həmin əqidənin izahında gətirdiyi ifadələrin qarşısında gətirilmişdir.

Maturidi daha sonra fe᾿li sifətlərlə zati sifətlər arasındakı fərqi rədd edir və fe᾿li sifətləri də zati sifətlər kimi əzəli hesab edir. Bu nəzərə əsasən, Allah-taala xəlq etməzdən əvvəl də, sonra da Xaliqdir. Bu söz də aləmin əzəli olmasını çatdırmır, çünki elm və qüdrət əzəli sifətlər olduğu kimi, mə᾿lumat və müqəddərat da məxluqdur, təkvin də əzəli sifətdir, lakin mükəvvənat məxluqdur.

İkinci: Xəbəri sifətlər;

Maturidi xəbəri sifətlər barəsində Allah ilə insanın sifətləri arasında heç bir təşbihi qəbul etmir və nəzərini Şura surəsinin 11-ci ayəsinə istinad etməklə sübut etməyə çalışır. «Allah-taala Öz məxluqatının heç biri ilə müqayisə edilməz onlara təşbih oluna bilməz». Maturidi nəinki əhli-hədisin təşbihə inanan bir dəstəsinin nəzərini, hətta «xüsusiyyətsiz olan isbat» nəzəriyyəsini də1 rədd edir. O, mö᾿təzilə məzhəbinin yozumunu da qəbul etməyərək deyir:

«Hər bir yozum ehtimali nəzəriyyə olduğuna görə, onun həqiqətin əksinə olması da mümkündür.» Məhz bu səbəbdən də Maturidi xəbəri sifətlərə iman gətirməklə yanaşı, bu sifətlərin mə᾿nalarını Allahın elminə həvalə etmişdir.

Üçüncüsü: İlahi kəlam.

Maturidi inanır ki, Allahın kəlami sifəti sair ilahi sifətlər kimi əzəli və misilsizdir; o, bəşər kəlamına təşbih edilməməlidir. Deməli, Allah kəlamı hərf və səslərdən təşkil olunmamışdır; Allah kəlamı kəlmələrlə ifadə olunan bir sıra mə᾿nalardan ibarətdir. Nəticə e᾿tibarilə, qeyd olunmalıdır ki, məxluqun kəlam hərfləri və kəlmələri Allahın zati və əzəli kəlamının göstəricisidir və Allah kəlamının yalnız məxluq kəlamı vasitəsi ilə eşidilmək və düşünülmək imkanı vardır.



3. Cəbr və ixtiyar;

Maturidi qəza və qədər, eləcə də cəbr və ixtiyar məsələsində həm əhli-hədisin və əş᾿ərilərin, həm də mö᾿təzilənin nəzərini rədd edir. O, inanır ki, Allahla insanlar arasında olan rabitə, Allahla sair cismlər və varlıqlar arasındakı rabitə kimi deyildir. Allah insana əql qüvvəsi, haqqı batildən ayırd etmək qüdrəti, idrak, hiss, iradə, mühakimə yürütmək və qərara almaq kimi qüvvələr vermiş, bəşərin hidayəti üçün peyğəmbərlər və səmavi kitablar göndərmişdir. İnsan öz nəzərinə görə faydalı olan bir şeyə meyl edir, zərərinə olan şeylərdən isə çəkinir. Bu zaman əql və dərk qüvvəsindən istifadə edərək, bir əməlin müxtəlif yollarından birini seçir və onun özü yaxşı və ya pis əməllərinin məs᾿uliyyətini daşıyır. O, bütün bu mərhələlərdə azad və seçməkdə ixtiyar sahibidir; heç vaxt xarici bir amilin onu vadar etməsini hiss etmir. Həmçinin Allah-taala insanı müəyyən işlərdən çəkindirib və ya əmr etmiş, onu öz əməlinin məs᾿ulu, cavabdehi təyin etmişdir.

İnsan öz əməlinə görə müəyyən savab, yaxud əzaba layiq olur. Əgər insanın əməli Allahın məxluqu olsaydı, Allahın Özü savab və ya cəzaya layiq olardı. Allahın, Özü xaliqi olduğu işləri bəndənin adına yazıb, qiyamətdə onu cəzalandırması İlahi ədalətə layiq deyildir.

Buna əsasən, insanın fe᾿lləri onda Allah tərəfindən vücuda gətirilən və insanın özünə mənsub edilən ixtiyar və qüdrət vasitəsi ilə yerinə yetirilir.1

Maturidi ilahi qəza və qədərlə insanın ixtiyar və azadlığı arasında heç bir ziddiyyət görmür. Onun əqidəsinə görə, insanın bütün əməlləri ilahi-əzəli elmlə lövhi-məhfuzda yazılmasına baxmayaraq, insan cəbrə məhkum edilməmişdir. Çünki, Allah-taalanın əzəldən bildiyi şeyləri insan öz ixtiyar və iradəsi ilə, azad şəkildə yerinə yetirir. İnsan ilahi qəza və qədəri bəhanə edərək, öz məs᾿uliyyətlərini inkar edə bilməz. İnsan mütləq ixtiyar sahibi olmamasına baxmayaraq, Allah-taala onun vəzifə və təklifi ilə mütənasib olan azadlığı ona əta etmişdir. Buna görə də insanın əməlləri ilə bağlı olan ilahi qəza-qədər təbiət aləmi ilə əlaqədar olan ilahi qəza-qədərlə eyni hesab edilməməlidir.2

4.Əqli hüsn qübh; (İnsan ağlının yaxşı və pisi ayırd etməyə qadir olub-olmaması)

Maturidi ardıcılları əşyaların (əqli) qübh və hüsnünə e᾿tiqad bəsləyirlər. (Yəni, insan ağlının yaxşı və pisi ayırd etməyə qadir olmasına inanırlar.) Hüsnü mədh və savaba, qübhü isə məzəmmət və əzaba layiq olmaq mə᾿nasında bilirlər. Onlar inanırlar ki, əql hüsn və qübhün ayırd edilməsində müstəqildir və Allah-taala Öz ədaləti əsasında yaxşı əməl sahiblərinə mükafat, günahkarlara isə əzab verəcəkdir.



5. İnsanı bacarığından artıq işlərə əmr etmək;

Maturidi ardıcılları insanın qüdrət və bacarığından artıq işlərə vəzifəli edilməsini caiz bilmirlər. Əbu Mənsur Maturidi belə deyir: «İnsanın bacarığından artıq işlərə vəzifəli edilməsi, onların bu işlərə qüdrətinin olmamasına görə, yaxud fe᾿lin əncam verilməsi şərti olmadıqda caiz deyildir.

Əlbəttə, Maturidi müəyyən bir işi əvvəlcədən yerinə yetirməyə qüdrəti olmayan şəxslərlə öz qüdrətini aradan aparan şəxslər arasında fərq qoymuşdur. Birinci qism də bacarıqdan artıq vəzifəli edilməyi qadağan, ikinci halda isə caiz hesab edir.3

6. Böyük günahlara mürtəkib olanların hökmü.

Maturidi böyük günahlara mürtəkib olanları mö᾿min hesab edir və inanır ki, imanın zahiri hökmləri onlarda qüvvədədir. Əlbəttə, əgər tövbə etməsələr, qiyamətdə şəfaətə nail olmazlar və onlara əzab veriləcək; amma əbədi olaraq əzabda qalmayacaqlar.

Maturidiçilərin nəzərində iman qəlbi e᾿tiqad və təsdiqdən ibarətdir. Başqa sözlə desək, imanın ən azacıq mərhələsi qəlbi e᾿tiqad və təsdiqlə gerçəkləşir, hökmlərə əməl etmək isə imanın tərkib hissəsi deyildir. Buna əsasən, bir kəs qəlbi e᾿tiqadda iman şərtlərinə malik olsa və ilahi hökmləri inkar etməsə, şeytanın vəsvələri ilə qurşandığı günahlara görə mö᾿minlər cərgəsindən çıxmaz.

SUALLAR VƏ TAPŞIRIQLAR


1. Maturidiyyə məzhəbinin ilahi mə᾿rifət barəsində əşərilərlə olan fərqləri nədir?

2. Nə üçün onlar zati sifətlərlə fe᾿li sifətlər arasında fərq olduğuna inanmırlar?

3. Maturidiyyə ardıcıllarının Allahın kəlamı barəsindəki nəzərləri necədir?

4. Onların insanın fe᾿lləri barəsində olan nəzərini izah edin.

5. Maturidiyyə firqəsinin qəza-qədər və ixtiyar barədə olan baxışları necədir?

6. Onların insanın bacarığından artıq işlərə əmr edilməsi məsələsi haqda nəzərini bəyan edin.

7. Nə üçün Maturidiyyə ardıcılları böyük günahlara mürtəkib olanları mö᾿min hesab edirlər?

ON SƏKKİZİNCİ DƏRS



SƏLƏFİLİK




1. Sələfilik dedikdə, hansı əqidə nəzərdə tutulur?

2. Sələfiliyin banisi kimdir?


YARANMA TARİXİ


Sələfilər bir məzhəb kimi tanınmazdan öncə, əqidəvi cərəyan və hərəkat, hətta ictimai və bə᾿zən siyasi bir hərəkat hesab edilmişlər. Bu cərəyan tarix boyunca bir neçə dəfə İslam dünyasının müxtəlif məntəqələrində zahir olmuşdur. Sələfi cərəyanı saleh sələflərin, yə᾿ni İslamın əvvəllərində yaşayan müsəlmanların əməl və rəftarlarını dirçəltmək məramında olmuşlar. Adətən, İslam ümmətində müxtəlif e᾿tiqadlı firqə və məzhəblər yarandıqda, İslam xalqları müxtəlif dəstə və qruplara bölündükdə dünyanın ayrı-ayrı guşələrində bə᾿zi fərdlər dindəki bid᾿ətləri aradan qaldırmaq, müxtəlif firqələrin İslama artırdıqları qol-budaqları kəsmək üçün qiyam edərək, Peyğəmbər (s) dinində islahat aparmaq istəmişlər. Sələfilər iddia etmişlər ki, öz nəzəriyyələri ilə Peyğəmbər ümmətini azğınlıqdan düz yola döndərəcəklər. Onlar bu hədəfin gerçəkləşməsi üçün hamılıqla saleh sələflərin getdiyi yola və adət-ən᾿ənələrə qayıdaraq onlar kimi fikirləşib əməl etmək istəyirdilər. Onlar deyirdilər ki, saleh sələflərimiz olan Peyğəmbər (s) və səhabələrin əsrindən sonra artırılan şeylərdən uzaqlaşmaq lazımdır. Məhz buna görə də bu cərəyana «sələfilik» adı verilmişdir.

Qeyd:


Bu bəhsdə iki mühüm məsələ qeyd edilməlidir:

1. İslam dünyasında bə᾿zən «Xalis İslamın Bayraqdarı» iddiası ilə müəyyən cərəyanlar yaranıb, sair firqələri bid᾿ətçi və kafir adlandırmışlar. Bunlar təkcə İslam ümmətinə məxsus deyildir və adətən bütün dini və ideoloji cərəyanlarda belə islahatçılıq meylləri meydana gəlir. Bə᾿zi dinlər, o cümlədən xristianlıqda meydana gələn «ortodoks» kəlməsi «xalis din» mə᾿nasınadır. Belə ki, ortodoks məsihiləri öz ayinlərini sair məsihi firqələrinin müqabilində xalis bir din hesab edir və inanırlar ki, bu ayin məhz həzrət İsanın hər növ bid᾿ət və azğınlıqdan pak olan dinidir.

2. Hər hansı bir tədqiqatçı müəyyən bir məzhəbin ideoloji əsaslarını araşdırmaq, o məzhəbin əqidə üsullarını təhlil etmək və haqqı batildən ayırmaq məqamına gələrək, öz gümanı əsasında onu islah etmək istəsə, şübhəsiz onun öz şəxsi fikirləri də bu işdə mühüm rol oynayacaqdır. Belə şəxslər adətən öz əqidə və məsləkinin təsirindən çıxa bilmir. Və onların yürütdüyü mühakimələrin tam düzgün olmasına da heç bir zəmanət yoxdur. Nəticədə bu kimi islahat prosesi yeni bir məzhəb yaradır və sair alimlər də onun qarşısında əks mövqe tuturlar.

Bəzən hər hansı bir ümmət arasında vəhdət yaratmaq məqsədi ilə başlanan bu kimi hərəkatın özü, daha artıq və yeni-yeni təfriqələrin yaranmasına səbəb olur.

Ən mühüm sələfi cərəyanı əvvəlcə 7-ci əsrin axırlarında və 8-ci əsrin əvvəllərində, sonralar isə 12-ci və 13-cü əsrlərdə meydana gəlmişdir.

7-ci hicri əsrinin axırlarında başlanan cərəyan aydın şəkildə «Sələfiyyə» adı ilə məşhurlaşmış, 12-ci və 13-cü əsrlərdə yaranan cərəyanlar isə başqa adlarla tanınmışdır. Burada yalnız 7-ci əsrdə baş verən hadisələrə nəzər salacağıq.


CƏRƏYANIN BANİSİ


İbni Teymiyyə sələfiyyə cərəyanının əsas bani və təsisçisi kimi tanınmışdır. Təqiyuddin Əbul Əbbas Əhməd ibni Əbdül Həlim (İbni Teymiyyə adı ilə məşhurdur) 611-ci hicri ilində Dəməşq yaxınlığındakı Hərran şəhərində dünyaya gəlmiş və 728-ci ildə dünyadan köçmüşdür.

İbni Teymiyyə 7 yaşında ikən, monqol-tatar qoşunları Hərran şəhərinə həmlə edib oranı dağıtdı. Buna görə də o, ailəsi ilə birlikdə Dəməşqə köçdü. O, öz təhsilini də Dəməşqdə başa vurmuşdu.

İbni Teymiyyənin cavanlığı monqolların müxtəlif ölkələrə qoşun yeridərək müsəlman şəhərlərini dağıdıb viran qoyması, hər yeri qarət edib qırğınlar törətməsi dövrünə təsadüf edir. Nəql olunmuşdur ki, İbni Teymiyyənin özü monqolların əleyhinə mübarizə aparmaq üçün ordu təşkil edilməsində və onlarla döyüşdə mühüm rol oynamışdır. O dövrün ictimai-siyasi şəraiti İbni Teymiyyənin ruhiyyəsində özünəməxsus tə᾿sir qoymuşdur. Belə ki, İslam cəmiyyətində hökm sürən qarışıqlıq və hərc-mərcliklərin səbəbini, yadellilərin müsəlmanların müqəddəratına hakim olmalarını onların arasındakı məzhəbi təfriqənin nəticəsi hesab etmişdi. Buna görə də o, qərara almışdı ki, (öz nəzərinə görə) Peyğəmbər (s) və səhabələrin dövründən sonra İslam dünyasında yaranan hər növ yenilik və inkişafla mübarizə aparsın.

Bu məqsədlə o, irfan, sufilik, fəlsəfə və kəlamla çox ciddi mübarizəyə başlamış, sufilər, filosoflar, kəlam alimləri və müxtəlif firqələr tərəfindən işıqlandırılan bütün bəhsləri bid᾿ət adı ilə rədd etmişdi. İbni Teymiyyə bu bəhslərin hamısını Peyğəmbər (s) dinində xurafat və azğınlıq adlandırmış, Qur᾿ana və Peyğəmbər (s) sünnəsinə qayıtmağı vacib hesab etmişdir.

Onun bütün İslam məzhəbləri ilə ciddi mübarizə aparması əksər müsəlmanların, alimlərin və din rəhbərlərinin kəskin qarşıdurmasına səbəb oldu; onunla müasir olan alimlərin əksəriyyəti bu cərəyanın qarşısında ciddi mövqe tutdular. Çünki, İslam alimlərinin əksəriyyətini bid᾿ətçi, onların qəbul edib tabe olduqları əqidələri isə bid᾿ət adlandırmaq çox sadə qəbul ediləsi və göz yumulası bir iş deyildi… Xüsusilə İbni Teymiyyə İslamın əvvəllərində mövcud olan rəftar və adətlərinin çoxunu, başqa sözlə, onun da diqqət mərkəzində olan saleh sələflərin əməllərini, o cümlədən, Peyğəmbərin (s) qəbrinin ziyarət etmək, O həzrətə təvəssül etmək və s. bid᾿ət adlandırıldı (bu məsələ gələcək dərsdə araşdırılacaqdır). Nəticədə isə İslam alimlərini, müxtəlif firqə və məzhəb başçılarını bid᾿ətçi adlandırıb kafir hesab etdiyinə görə bir neçə dəfə müxtəlif məntəqələrdə həbsə məhkum olundu. Bu cərəyanda ona yalnız bir qrup adam qoşuldu. Onun ən məşhur şagirdi İbni Qəyyim Cövziyyə də onların arasında idi.

Bə᾿zi kitablarda qeyd olunduğu kimi, onun dəfn mərasimində iki yüz min nəfərin iştirak etməsinin şişirdilmiş rəqəm olmasını, o dövrdə islam ölklərindəki əhalinin sayına nəzər yetirməklə başa düşmək olur. O dövrün alimlərinin demək olar ki, hamısı onun barəsində mənfi nəzərə malik idilər ki, onlardan üçünün adını burada qeyd edirik:



1. Şeyx Səfiyəddin Hindi Urməvi (H.Q.715). O, Əş᾿əri məktəbinin kəlam alimlərindən biri və öz dövründə Əş᾿əri məzhəbinin tanınmış şəxsiyyəti idi. O, İbni Teymiyyənin əqidələri barədə apardığı uzun-uzadı mübahisələrdən sonra (bu mübahisələrdə e᾿tirazlara və şübhələrə cavab verirdi) axırda belə demişdi: «Mən səni bir sərçəyə bənzədirəm ki, tutmaq istəyəndə, bir budaqdan başqa bir budağa qaçar». (Yəni, mübahisə mövzusunu tez-tez dəyişir və bir məsələ üzərində axıra qədər dayanıb onu tamamlamaqdan imtina edir.)1

2. Hafiz Şəmsəddin Məhəmməd ibni Əhməd Zəhəbi (H.Q.748) O, İbni Teymiyyəyə xitab edərək nəsihətamiz məktubda deyirdi: «...Xoş olsun o kəslərin halına ki, onun öz eybləri onun başqalarında eyb axtarmaqdan saxlayar. Vay o kəsin halına ki, camaatın eyblərini axtarmaq onu öz eybini görməkdən məhrum edər. Nə vaxta qədər öz gözündə tiri görməyib özgələrin gözündə qıl axtaracaqsan?! Nə vaxta qədər özünü, öz nəzərlərini və ifadələrini tə᾿rifləyib alimləri məzəmmət edəcəksən; camaatın eyblərini araşdıracaqsan?! Halbuki Rəsuli-Əkrəm bu işi qadağan edərək buyurmuşdur: «Öz ölülərinizi yaxşılıqdan başqa şeylə yad etməyin.» Məgər sənin ardıcıllarının əksəriyyəti ağıldan kəm, avam, yalançı və kütbeyin deyillərmi? Yəqin ki, sənin ölüm vaxtın yaxınlaşıb... Mən güman etmərəm ki, sən hər hansı bir sözü və nəsihəti qəbul edəsən. Əksinə, bu bir vərəqin cavabında bir neçə cild kitab yazmaq fikrinə düşəcəksən. Sənə ürək yandıran mənim kimi bir dost sənin haqqında belə fikirləşirsə, onda gör düşmənlərin sənin barəndə nə düşünür! Allaha and olsun, dostlarının arasında fasiq, yalançı, ikiüzlü və cahil adamlar olduğu kimi, düşmənlərinin arasında da saleh, ağıllı və fəzilətli şəxsiyyətlər vardır. Əlbəttə, məni aşkar şəkildə nifrin etməyindən, xəlvətdə isə məktubumdan faydalanmağından razıyam...»2

3. Hafiz Əli ibni Əbdül Kafi Səpki; (H.Q.756)

O, İbni Teymiyyənin Peyğəmbəri-Əkrəmin (s) ziyarətinə səfər etməyin bid᾿ət olması ilə əlaqədar yazdığı nəzəriyyəni rədd etmək üçün «Şifaus-siqam fi ziyarəti xeyril-ənam əleyhissəlatu vəssəlam» adlı kitab yazmışdır. «Təbəqatuş-şafeiyyə» kitabı bu əsəri yad etməklə, İbni Teymiyyəni bu işdə səhv edən və şeytani vəsvəsələrə düçar olan bir şəxs kimi tanıtdırır. Çünki o, Peyğəmbərin (s) ziyarətinə səfər etməyi inkar etmişdir....3

Adları qeyd olunanlardan başqa sair alimlər də İbni Teymiyyənin barəsində mənfi fikirdə olmuşlar. O cümlədən: Şeyx Şəhabuddin Hələbi (H.Q.733), Qazil-Quzat Zəməlkani (H.Q.733), Şeyx Sədruddin Mərhəl (H.Q.750), Şeyxulislam ibni Həcər Əsqəlani (H.Q.852), Əbu Məhəmməd Yafe᾿i (H.Q.768), İbni Həcər Heysi (H.Q.973), Molla Əli Tari Hənəfi (H.Q.1050).
* * * * *

Qeyd olunduğu kimi, İbni Teymiyyənin yaratdığı sələfiyyə cərəyanı onunla müasir olan İslami şəxsiyyətlərin, eləcə də ondan sonrakı dövrlərdə yaşamış alimlərin müxalifətçiliklərinə görə İslam dünyasında nəzərə çarpacaq müvəffəqiyyətlər əldə edə bilmədi. Amma, 12-13-cü hicri əsrlərində İbni Teymiyyənin əqidə üsulları İslam aləmində sair siyasi əqidəvi hərəkatların, o cümlədən vəhhabiyyət və sənəviyyətin əsasına çevrildi. Gələn dərslərdə, vəhhabi firqəsini araşdırarkən İbni Teymiyyənin ən ümdə fikri və əqidəvi nəzərləri işıqlandırılacaq.


SUALLAR VƏ TAPŞIRIQLAR


1. Nə üçün Sələfiyyə cərəyanı belə adlandırılıb?

2. Dindəki islahatçılıq hərəkatları vəhdət və müvəffəqiyyət icad etmək məqsədi daşımışdırmı?

3. İbni Teymiyyənin tərcümeyi-halını qısa şəkildə bəyan edin.

4. İbni Teymiyyə öz dövrünün alimləri ilə necə qarşılaşdı?

5. İbni Teymiyyənin müasiri olan alimlərdən birinin onun barəsindəki nəzərlərini söyləyin.

ON DOQQUZUNCU DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə