Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


§3. İqtisadi idarəetmənin funksiyaları



Yüklə 6,62 Mb.
səhifə24/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

§3. İqtisadi idarəetmənin funksiyaları.



İdarəetmə funksiyaları idarəetmə sahəsində əmək bölgüsünün təzahür formalarıdır. Əmək bölgüsünə uyğun olaraq idarəetmə aparatı təşkil olunur və onun hər bir bölməsi müəyyən funksiyaların icrası üzrə ixtisaslaşır. İdarəetmə funksiyaları öz məzmunu, strukturu və təzahür formalarına görə fərqli olsalar da onların hamısı eyni bir mahiyyəti ifadə edir və əsas məqsədin reallaşmasına xidmət edir.

İqtisadiyyatın idarəedilməsi obyektiv iqtisadi qanunlarla dövlətin qəbul etdiyi hüquqi qanunlarla tənzimlənir. Bu qanunların fəaliyyəti şəraitində iqtisadi idarəetmə istehsalın bazarın tələbinə uyğunluğunu təmin etməli, istehsal olunmuş məhsulun reallaşdırılmasına şərait yaratmalı, istehsalın öz xərclərini öz hesabına ödənilməsini mənfəət götürülməsini təmin etməlidir. Bununla da mülkiyyətin bütün forma növlərinin iqtisadi cəhətdən reallaşdırılmasına şərait yaradılmış olur. Hər iki tip qanunlar sistemi iqtisadi idarəetmənin qarşısında duran funksiyaların həyata keçirilməsinə xidmət etməlidir.

İdarəetmənin funksiyaları çoxtərəflidir və onları idarəetmə prosesinin məzmununa, idarəetmə obyektlərinə, yerinə yetirilməli olan vəzifələrə və s. görə qruplaşdırmaq olar. Məsələn, idarəetmə prosesinin məzmununu əks etdirən funksiyalar planlaşdırma, təşkil etmə, tənzimləmə, əlaqləndirmə, uçot və nəzarətdən ibarətdir. Bəzi müəlliflər idarəetmə funksiyalarını inzibati, texniki, istehsal, iqtisadi və təsərrüfatçılıq formalarına görə qruplaşdırırlar. İdarəetmənin yerinə yetirməli olduğu bir çox vəzifələri vardır. Bu vəzifələrin yerinə yetirilməsi baxımından iqtisadi idarəetmənin aşağıdakı əsas funksiyalarını göstərmək olar:

1. Makroiqtisadiyyat səviyyəsində (bütün cəmiyyət miqyasında):

a) İctimai təkrar istehsalın fasiləsizliyini təmin etmək yolu ilə ictimai məhsulun (ümummilli məhsulun) sabit artımına nail olmaq əhalinin artan tələbatının ödənilməsinə şərait yaratmaq;

b) Pul tədavülünün sabitliyini saxlamaq inflyasiyaya yol verməmək;

c) İş qabiliyyətli əhalinin tam məşğulluğunu təmin etmək və işsizliyin qarşısını almaq;

d) Cəmiyyətin gəlirlərini formalaşdırmaq və sosial ədaləti təmin etmək;

II. Mikroiqtisadiyyat səviyyəsində:

a) İstehsal amillərinin səmərəli bölgüsü, istifadəsinin effektivliyini artırmaq yolu ilə firmanın (müəssisənin) gəlirliyini təmin etmək, yüksək mənfəət götürmək;

b) İstehsalın optimal strukturunu formalaşdırmaq və onun sabit inkişafına nail olmaq. Bunun üçün isə elmi-texniki tərəqqinin nailiyyətlərini müntəzəm olaraq istehsala tətbiq etmək;

c) Firmanın öz gəlirləri ilə öz xərclərinin ödənilməsinə nail olmaq əldə olunmuş gəlirlərin sosial ədalət prinsipi ilə bölünməsini təmin etmək.

Hər iki səviyyədə iqtisadi idarəetmə mülkiyyət formalarının iqtisadi cəhətdən reallaşmasını təmin etməlidir. Bu idarəetmənin çox mühüm funksiyasıdır. Başqa bir mühüm funksiya dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə maksimum şərait yaratmaqdır.

İdarəetmənin bütün funksiyaları bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir və idarəetmə sisteminin qarşısında duran başlıca vəzifənin həyata keçiriləməsinə xidmət edir.
§4. İqtisadi idarəetmənin prinsipləri.
İqtisadi idarəetmə onun müvəffəqiyyətini təmin edən prinsiplərə əsaslanmalıdır. İdaretmədə prinsip dedikdə idarəetmə orqanlarının, təşkilatların və şəxslərin fəaliyyətini istiqamətləndirən rəhbərlik qaydaları, davranışlar sistemi başa düşülür ki, onlara əsaslanmadan idarəetmənin funksiyalarını yerinə yetirmək olmaz. İdarəetmənin qanunları, prinsipləri, metodları, funksiyaları və məqsədləri arasında üzvü əlaqə vardır, biri digərinə təsir göstərir və ümumi məqsədin reallaşmasına xidmət edirlər.

İdarəetmə sistemində müxtəlif prinsiplərdən istifadə olunur ki, onlar qarşıya qoyulmuş sosial-iqtisadi vəzifələrə uyğun olaraq seçilib istifadə edilir. İqtisadi idarəetmənin aşağıdakı prinsipləri mühüm əhəmiyyət kəsb edir:

1. Obyektivlik prinsipi. Bu prinsip iqtisadi qanunların tələblərini dərindən bilməklə onlara istinad etmək, real imkanları nəzərə almaq iqtisadiyyatın həqiqi vəziyyətini əsas götürməklə təmin edilir. Obyektiv fəaliyyət göstərən bazar qanunlarını bilmədən effektli idarəetmə qeyri mümkündür. Makretinq fəaliyyəti , biznes fəaliyyəti bu prinsipə istinad etmədən lazımi səmərə verməz. Obyektiv şəraiti, qanunların tələbələrini nəzərə almadan atılan hər bir addım uğursuzluqlara gətirib çıxarır. Məsələn, pul tədavülü qanununun tələbləri nəzərə alınmadan tədavülə fasiləsiz pul buraxılması infliyasiyaya səbəb olur. İdarəetmədə subyektiv fəaliyyətin rolu böyük olsa da subyektin özbaşınalığına yol vermək olmaz.

2. Konkretlik prinsipi. Konkret iqtisadi proseslərin idarəedilməsi, dəqiq və elmi cəhətdən işlənilmiş məlumatlar əsasında, daxili və xarici amilləri tam nəzərə almaqla həyata keçirilir. Konkret şəraitə uyğun olaraq addımlar atılmalıdır. Məsələn, mövcud şəraitə uyğun vergi qoymaq, bazara uyğun qiymətlər tətbiq etmək olar.

3. Optimallıq prinsipi. Bu prnisip idarəetmə prosesində müxtəlif variantlardan, üsul və vasitələrdən ən əlverişlisini, yüksək iqtisadi nəticələrin əldə olunmasına imkan yaradanın seçib istifadə etməyi nəzərdə tutur.

4. Effektivlik prinsipi. Bu prinsip əmək, maddi və maliyyə resurslarından səmərəli istifadə olunmasını, az məsrəflərlə daha yüksək nəticələrin əldə edilməsini nəzərdə tutur. Nəticəsi daha yüksək səmərə verən iqtisadi fəaliyyətlə məşğul olmaq və onun idarə olunmasını həyata keçirmək bu prinsipə əsaslanmaqla mümkün olur.

5. Özünü müəyyənləşdirmə prinsipi. Hər bir təsərrüfat obyekti müəyyən məsrəflər hesabına fəaliyyət göstərir. Firmaların, şirkətlərin və s. iqtisadi idarəetmə sistemi elə təşkil olunmalıdır ki, təsərrüfat fəaliyyətinin nəticəsində əldə olunmuş ümumi gəlirdən xərclər çıxarıldıqdan sonra xalis gəlir götürsün və bu gəlirin hesabına öz istehsalını genişləndirmək üçün maddi imkanı olsun və ehtiyaclarını öz vəsaiti hesabına ödəyə bilsin.

6. Əsas həlqənin seçilməsi prinsipi. Sistem halında fəaliyyətdə olan iqtisadiyyatın bütün həlqələri müxtəlif, ancaq bir-birləri ilə bağlı vəzifələri yerinə yetirirlər, Lakin öz əhəmiyyətinə görə bu vəzifələr eyni olmur, Burada birinci və ikinci dərəcəli vəzifələr, əsas və əsas olmayan vəzifələr, mühüm və mühüm olmayan vəzifələr vardır. Buna görə də konkret şəraitə, qarşıya qoyulmuş strateji məqsədlərə uyğun olaraq vəzifələr zəncirinin həlqələrindən əsas həlqəni tapıb ayırmaq lazımdır. Bu elə bir həlqədir ki, qalanlar onunla bağlıdır, əsas vəzifə (problem) həll olunduqca qalan vəzifələr də yerinə yetiriləcəkdir. Məsələn, müasir dövrdə iqtisadi müstəqilliyə nail olmaq Respublikamızın qarşıya qoyduğu strateji məqsəddir. Bu məqsədə çatmaq üçün bazar iqtisadiyyatına keçmək, bunun üçün isə mülkiyyətin müxtəlif növləri (formaları) əsasında müxtəlif təsərrüfat formaları yaratmaq lazımdır. Buna nail olmaq üçün isə mülkiyyəti dövlətsizləşdirmək və özəlləşdirməni həyata keçirmək lazımdır. Yalnız bunları etməklə azad sahibkarlığa yol açmaq və bazar iqtisadiyyatına keçmək olar. Bu vəzifələr sırasında əsas həlqə bazar iqtisadiyyatına keçməkdir. İqtisadiyyat bazar kateqoriyaları, mexanizmləri vasitəsilə idarə olunur.

7. Stimullaşdırma prinsipi. İdarəetmə hər şeydən əvvəl adamların əmək fəaliyyətini təşkil etməkdir. Onlar öz fəaliyyətləri ilə yaşayış vasitələrini (nemətlərini) yaradırlar. Bu nemətlərin istehsalı, onların keyfiyyəti, kəmiyyəti adamların fəaliyyətinin iqtisadi cəhətdən idarəedilməsindən çox asılıdır. Adamların isə öz mənafeləri, maraqları və tələbatları vardır. Onların fəaliyyəti müəyyən təkanverici amillərin, qüvvələrin təsiri ilə hərəkətə gətirilir. Burada iqtisadi idarəetmənin stimullaşdırıcı vasitələrindən istifadə olunur və əmək fəaliyyəti hərəkətə gətirilir.

Adamlar nə edirlərsə etsinlər hökmən onların orada marağı, tələbatı, mənafeyi vardır. Ancaq, tələbat ödənildikdə real olur. Deməli, tələbatını ödəmək vasitəsi ilə adamların fəaliyyətinə təsir etmək olur. Məhz tələbat adamların iqtisadi davranışını müəyyən edir.

Tələbatlar cürbəcür olur: şəxsi tələbat, kollektiv tələbat (istehsalın, ailənin), ictimai tələbat. Tələbatlar maddi, mənəvi, sosial tələbatlara ayrılır. Bu tələbatlar ödənilməsə adamlar yaşaya bilməz. İqtisadi idarəetmədə maddi tələbatlardan istehsalın inkişafı və effektivliyinin təmin edilməsi aləti kimi istifadə olunur. Tələbatlar mənafe, məqsəd kimi dərk olunur. Mənafe - dərk olunmuş tələbatdır. Adamların tələbatları və mənafelərinin iqtisadi idarəetmədə nəzərə alınması onların əmək fəallığının və digər fəaliyyətlərinin stimullaşdırılmasında ifadə olunur.

İqtisadi stimullaşdırma əməyin ödənilməsində, mükafatlandırılmasında özünü aydın göstərir. Çox almaq üçün yaxşı işləmək, yaxşı işləmək üçün isə çox pay verilməlidir. Əməklərdəki fərqlərin düzgün nəzərə alınması, yüksək nəticələrə görə əməyin mükafatlandırılması istehsalçının maddi marağını artırır, daha yaxşı işləməyə həvəsləndirir.

İqtisadi stimullaşdırma əmək haqqı, məqfəət, faiz, renta, vergi, investisiya, kredit, gömrük haqqı və s. vasitələrlə həyata keçirilir.

İqtisadi idarəetmənin ərazi sahə, idarəetmə funksiyalarının əlaqələndirilməsi, demokratik mərkəziyyət, elmilik s. kimi prinsipləri vardır.

§5. İqtisadi idarəetmə mexanizmi.
İqtisadi idarəetmə prosesdir və müəyyən məqsədə yönəldilmişdir və onun baş verməsi müəyyən mexanizmin hərəkətə gətirilməsi ilə mümkün olur. İqtisadi idarəetmə mexanizmi- iqtisadi prosesləri idarə etmək üçün tətbiq olunan konkret təsərrüfatçılıq formalarının, metodların, iqtisadi göstəricilərin və mənafelərin, hüquqi normaların və təşkilat strukturunun məcmusudur. Bu mexanizm spesifik iqtisadi alətlərin vasitəsi ilə hərəkətə gətirilir. İqtisadi idarəetmədə istifadə olunan vasitələr, alətlər bunlardır: qiymətlər, vergilər, istehsal xərcləri – maya dəyəri, məənfəət, faiz, renta, əmək haqqı, mənfəətdən ayırmalar, maddi stimullaşdırma formaları, amortizasiya ayırmaları, təsərrüfat müqavilələri, müxtəlif səviyyəli planlar, gömrük sistemi, pul aqreqatları, müxtəlif qiymətli kağızlar, məqsədli fondlar və s.

İqtisadi idarəetmə subyektləri bu mexanizm və vasitələrdən istifadə etməklə bütövlükdə iqtisadiyatı idarə edirlər. Hər bir təkrar istehsal tsikli başa çatdıqdan sonra ona yenidən başlamaq üçün əldə olunmuş gəlirlər mülkiyyət formalarına uyğun olaraq bölüşdürülür. İlkin bölgü nəticəsində mənfəət, renta, faiz, əmək haqqı formaları almış gəlirlər yaranır. Qiymətlər, vergilər, tariflər, cərimələr, qiymətli kağızlar vasitəsi ilə yenidən bölgü baş verir. Yenidən bölgüdə dövlət büdcəsi xüsusi rol oynayır.

İqtisadi idarəetmə mexanizmində qiymətlərin böyük rolu vardır. Qiymətlər elə bir alətdir ki, onların vasitəsi ilə firmaların istehsal xərcləri və mənfəəti, gəlirlərdən dövlət büdcəsinə tədiyyələr, ticarət təşkilatlarının mənfəəti, istesalı idarə edən orqanlarının gəlirləri formalaşdırılır. Bunlarla yanaşı qiymətlər vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı stimullaşdırılır, gəlirlərdəki fərqlər nisbətən aradan qaldırılır, əhalinin sosial müdafiəsi aləti kimi istifadə olunur (qiymətlərin aşağı salınması, inhisar qiymətləri əleyhinə tədbirlər, fərqli tariflər və s.)

İqtisadi idarəetmənin ən güclü alətlərindən biri də vergi sistemidir. Vergilər vasitəsilə gəlirlərin yenidən bölgüsü həyata keçirilir, bütün səviyyələrdə dövlət büdcəsinin gəlirləri formalaşdırılır, iqtisadi fəaliyyət növləri stimullaşdırılır, lazım gəldikdə bəzi fəaliyyət sahələri məhdudlaşdırılır. Gömrük vergisi vasitəsilə daxili bazar müdafiə olunur və dövlətin valyuta ehtiyatları artır.

İqtisadi idarəetmə mexanizmində stimullaşdırma vasitələrindən geniş istifadə olunur. Bu vasitələrin göməyi ilə istehsalın effektliyi və əmək məhsuldarlığının yüksəldilməsi, istehsal xərclərinin azaldılması, məhsulun keyfiyyətinin yüksəldilməsi, əmək intizamının möhkəmləndirilməsi, kadrların axıcılığının qarşısının alınması, ixtisaslı kadrların cəlb edilməsi, elmin inkişaf etdirilməsi, texnikanın tərəqqisi və tətbiqi və s. kimi proseslər idarə olunur.

Əmək haqqı əhalinin əsas hissəsinin gəlirlərinin başlıca mənbəyi olmaqla yanaşı, bölgüdə və istehlakda sosial ədalətin təmin edilməsi vasitələrindən biri kimi də güclü idarəetmə keyfiyyətinə malikdir. Onun vasitəsi ilə maddi maraq prinsipi tətbiq edilir və iqtisadi mənafelər idarə olunur.

Pulsuz heç bir idarəetmə mexanizmi işləmir. Bütün dəyər göstəriciləri, hesablamalar, pul və pul aqreqatları vasitəsilə həyata keçirilir. Pul həm idarəetmə və həm də idarə olunma obyektidir. Pul tədavülü onun hərəkət qanununa uyğun olmalıdır. Onun normadan artıq buraxılmasına, qiymətdən düşməsinə yol verilməməlidir. Əks təqdirdə inflyasiya baş verir və iqtisadi idarəetmə mexanizmi iflic vəziyyətinə düşür, iqtisadi böhran baş verir. İqtisadi böhrandan çıxmaq üçün iqtisadi idarəetmə mexanizminin bütün həlqələrində sağlamlaşdırma tədbirləri həyata keçirilməlidir. İlk növbədə maliyyə-kredit sistemi qaydaya salınmalıdır.

Maliyyə sistemi vasitəsilə cəmiyyətdə pul fondları yaradılır və bölüşdürlür. Bu fondlar vasitəsi ilə geniş təkrar istehsalın ehtiyacları ödənilir, iqtisadi proseslər maliyyələşdirilir, firmaların, sahələrin, regionların pula olan ehtiyacları ödənilir, iqtisadi proseslər maliyyələşdirilir, firmaların, sahələrin, regionların pula olan ehtiyacları ödənilir və onların mənafeləri əlaqələndirilir. Maliyyənin köməyi ilə elmi-texniki tərəqqinin aparıcı istiqamətləri, sosial sahələr inkişaf etdirilir, əməyin ödənilməsi təmin edilir. Dövlətlə müəssisələr (firmalar) arasında, müəssisələrin özləri arasında, müəssisələrlə banklar arasında, müəssisələrin öz daxili sahələri arasında, dövlətlə kooperativ təşkilatları, ictimai təşkilatlar, əhali arasında münasibətlər maliyyə mexanizmi vasitəsi ilə yaranır və tənzim edilir və s. Bütün bunlar maliyyənin geniş imkanlara malik iqtisadi idarəetmə sistemi olduğunu göstərir.

İqtisadi idarəetmənin mühüm alətlərindən biri də kreditdir. Kredit vasitəsilə cəmiyyətdə müvəqqəti sərbəstləşən pul vəsaiti hərəkətə gətirilir, iqtisadiyyatın bu və ya digər sahəsinin ehtiyaclarının ödənilməsinə yönəldilir. Ondan təkrar istehsalın fasiləsizliyinin təmin edilməsi, istehsalın yeni-yeni sahələrinin yaradılması, sahibkarların və əhalinin müəyyən ehtiyaclarının ödənilməsi üçün istifadə olunur. Kredit həm də xidmətində olduğu obyektin iqtisadi fəaliyyəti üzərində nəzarət, dövlətin əlində tənzim etmə vasitəsidir, faiz şəklində gəlir gətirmək alətidir.

Beləliklə, bütövlükdə götürülən təsərrüfat mexanizmi, o cümlədən də iqtisadi idarəetmə mexanizmi iqtisadi proseslərə rəhbərliyin iqtisadi formasıdır və onun vasitəsilə iqtisadi prosesləri idarə etmək mümkün olur. Bu mexanizmin tərkib hissələrindən biri də idarəetmənin metodlarıdır.

§6. İqtisadi idarəetmə metodları.
İqtisadiyyatı idarəetmənin funksiyaları və prinsipləri təsərrüfatçılığın müəyyən metodlarından istifadə etməklə həyata keçirilir. İdarə olunan obyektə təsir vasitəsi olan metodlar müxtəlif üsullar və vasitələrdən istifadə olunmaqla tətbiq olunur. Hər bir idarə olunan obyektə uyğun metodların, üsul və vasitələrin seçilməsi iqtisadi proseslərin idarə edilməsinə müsbət təsir göstərir.

İdarəetmə metodları öz məzmununa, idarəetmə obyektinə, təsiretmə xarakterinə, təşkilati formalarına görə müxtəlif olub bir-birindən fərqlənirlər. İqtisadi idarəetmə prosesində iqtisadi, sosial-psixoloji, inzibati-təşkilati, hüquqi, mənəvi-tərbiyəvi metodlardan istifadə olunur. İdarəetmə mürəkkəb bir prosesdir və onu yaxşı, bir və ya bir-neçə metodun tətbiq edilməsi ilə həyata keçirmək qeyri-mümkündür və buna görə də iqtisadi proseslərin idarə olunmasında metodlar sistemindən istifadə etmək lazım gəlir. Burada istifadə olunan üsullar, vasitələr bir-birindən fərqlidirlər. Məsələn, iqtisadi metodlar təsərrüfat fəaliyyətinə iqtisadi vasitələrdən istifadə etməklə təsir edirsə, inzibati metodlar təşkil etmə və nizamlamaq vasitəsilə, mənəvi metodlar isə tərbiyəedici vasitələrdən istifadə etməklə, hüquqi metodlar qanun-qayda yaratmaq, tənzimetmə vasitələri tətbiq olunmaqla həyata keçirilir.

İqtisadi idarəetmə metodları yuxarıda göstərilən iqtisadi mexanizm, onun ünsürləri, alətlərinin tətbiq edilməsi ilə həyata keçirilir. Bu metodların tətbiqi sayəsində qiymət, mənfəət, əmək haqqı, faiz, kredit, vergi, gömrük haqqı, renta və s. kimi iqtisadi kateqoriyalar iqtisadiyyatın idarəedilməsi və dövlət tərəfindən tənzimlənməsi prosesinə güclü təsir göstərən vasitələrə çevrilir. Məsələn, vergi sisteminin real şəraitə uyğun olaraq düzgün tətbiq edilməsi sahibkarlarda istehsala kapital qomaq həvəsi yaradır, istesal genişlənir və büdcənin gəlir bazası artır və yaxud faiz dərəcələrinin aşağı salınması, ucuz kredit təklifi sahibkarlarda kredit götürmək həvəsi yaradır, nəticədə istehsal genişlənir, yeni iş yerləri salınır və işsizlərin sayı müəyyən qədər azalır, məşğulluq artır. Başqa bir misal gömrük sistemindən göstərək. Düzgün tətbiq edilmiş idxal tarifləri xaricdən ölkəyə əmtəə axınının qarşısını alır və nəticədə daxili bazar xarici müdaxilədən müdafiə olunur, milli sahibkarlığın inkişafına şərait yaranır. Bir sözlə, bütövlükdə iqtisadi idarəetmə metodunda tətbiq olunan vasitələrdən düzgün istifadə etməklə, bütün səviyyələrdə iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə və iqtisadi artıma güclü təsir göstərmək mümkün olur.

İqtisadi təhlil idarəetmə metodları sırasında mühüm əhəmiyyət kəsb edir. İqtisadi təhlil vasitəsi ilə təsərrüfat fəaliyyətinin nəticələri ümumiləşdirilir, nöqsanlar aşkara çıxarılır, ehtiyatlar öyrənilir və onlardan istifadəni yaxşılaşdırmaq üçün tədbirlər görülür.

İdarəetmənin inzibati metodu vasitəsi ilə idarə edən subyektin idarəolunan obyektə birbaşa təsiri həyata keçirilir ki, bu, əmrlər, sərəncamlar və göstərişlər verməklə mümkün olur. Rəhbərlik tərəfindən verilən nopmativ göstərişlər, sərəncamlar, əmrlər hökmən yerinə yetirilməlidir. Bunlar idarəetmənin daha çevik vasitələridir. İnzibati idarəetmə vasitələri idarə edən və idarə olunan sistemlərin qarşılıqlı əlaqələrini, onların tənzim edilməsi qaydalarını müəyyən edir. Bu metodda təşkiletmə, sərəncamvermə üsullarından istifadə edilməsi iqtisadiyyatın idarəedilməsinin fasiləsizliyini təmin edir.

Dünyanın inkişaf etmiş ölkələrində iqtisadiyyatın idarə edilməsi sistemində mənəvi-psixoloji metoddan, adamların şüurunun formalaşdırılması vasitələrindən geniş istifadə olunur. Bilavasitə iş görən adamlarla gündəlik məşğul olmaq, onlarda gördüyü işə şüurlu münasibət yaratmaq, qarşıya qoyulmuş məqsədin hökmən yerinə yetirilməsinin vacibliyini onlara başa salmaq lazımdır. Hər bir işçi tutduğu vəzifədən asılı olmayaraq, görməli olduğu işinin vacibliyini, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıdığını dərk etməli və qarşıya qoyulmuş məqsədin həyata keçirilməsinə öz doğma işi kimi yanaşmalıdır. Bunun üçün yalnız tərbiyyə işi kifayət deyildir, həm də kollektivdə, iş yerlərində sağlam-psixoloji iqlim olmalıdır. Elə buna görə də sənayecə inkişaf etmiş ölkələrdə iri sənaye müəssisələrində, istehsal birliklərində sosial-psixoloji münasibətləri öyrənən xüsusi şöbələr yaradılır, tədqiqatlar aparılır, əldə olunmuş nəticələrdən idarəetmə prosesində istifadə edilir. Təcrübə göstərir ki, sosial-psixoloji metodun tətbiqi insanlararası münasibətlərin inkişafına, istehsal nəticələrinin artmasına və bütövlükdə sosial-iqtisadi proseslərin inkişafına müsbət təsir göstərir.

İqtisadi idarəetmə prosesində göstərilən və tətbiqi mümkün olan digər metodların öyrənilib kompleks halda istifadə olunması idarəetmə sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa əlverişli imkan yaradır və bu imkandan maksimum bəhrələnmək üçün idarəetmə haqqındakı bilikləri daim təkmilləşdirmək və artırmaq lazımdır.
§7. İqtisadi idarəetmə sistemində planlaşdırma, proqramlaşdırma

və proqnozlaşdırma
Planlaşdırma idarəetmə funksiayasıdır. Planlaşdırmanın nəticəsi öz əksini planlarda tapır. Plan elmi idarəetmənin mühüm vasitəsidir və buna görə də idarəetmə mexanizmində mərkəzi yerlərdən birini tutur. Planlaşdırma fəal idarəetmə prosesi olmaqla xalq təsərrüfatının sahələri və regionlarının, ictimai təkrar istehsalın bütün sferalarının razılaşdırılmış, balanslaşdırılmış inkişafını həyata keçirməyin başlıca formasıdır. Lakin bütövlükdə cəmiyyət miqyasında tam planlaşdırmanı həyata keçirmək heç kimə nəsib olmamışdır və arzu olaraq qalır. Ayrı-arı firmalarda (müəssisələrdə), şirkətlərdə isə iqtisadi proseslər əvvəlcədən hazırlanmış mükəmməl planlar əsasında idarə olunur.

İdarəetmə funksiyası olmaq etibarıilə planlaşdırmadan demək olar ki, inkişaf etmiş bütün ölkələrdə istifadə olunur. Bu başlıca olaraq strateji planlaşdırmadır. Müxtəlif ölkələrdə planlaşdırmanın miqyası, səviyyəsi eyni olmasa da, artıq müasir dövrdə milli miqyasda uzunmüddətli dövlət proqramları işlənib hazırlanır və həyata keçirilir.

Planlaşdırma ilə Fransada – Baş Planlaşdırma Komisarlığı, İngiltərədə – İqtisadi İnkişafın Milli Şurası, Yaponiyada – İqtisadi Planlaşdırma Agentliyi, ABŞ-da Milli Planlaşdırma Assosiasiyası və «gələcək üçün ehtiyatlar» tədqiqatlar büros, digər ölkələrdə Dövlət Plan Komitələri, bizim Respubliamızda isə İqtisadi İnkişaf Nazirliyi məşğul olur.

Planlar elmi olmalıdır. O, obyektiv qanunları bilmək, elmi-texniki tərəqqinin nailiyyətlərinə, ayrı-ayrı elmlərin əldə etdikləri son nəticələrə istinad etməklə hazırlanmalı, real faktlara əsaslanmalıdır. Planlar müxtəlif olsalar da, onların əsas tərkib hissələri eyni olur: məqsəd və vəzifələr; qarşıya qoyulmuş məqsədə çatmağın yolları və vasitələri; plan tapşırıqlarının yerinə yetirilməsi üçün zəruri olan resurslar; iqtisadiyyatın inkişafında balanslığı təmin edən resurslar; planın yerinə yetirilməsinə nəzarət.

Planlaşdırmada, planların tərkibində proqnozlaşdırma, modelləşdirmə və proqnozlaşdırmanın mühüm əhəmiyyəti vardır. Çünki elmi idarəetmə istehsal sahələrinin inkişaf meyllərini, qanunauyğunluqlarını görməyi tələb edir. Buna görə də planların tərkibində proqnozlaşdırma məlumatlarından geniş istifadə olunur. Proqnozlarda iqtisadiyyatın gələcək inkişafının şərtləri, yolları və vəzifələri açıqlanır. Bu zaman proqnozlaşdırma planlaşdırmanın bir funksiyası kimi çıxış edir və mühüm əhəmiyyətə malikdir. Buradan da xalq təsrrüfatı planlarının işlənib hazırlanmasında, elmi-texniki tərəqqinin planlaşdırılmasında proqnozlaşdırma metodundan istifadə edilməsi zərurəti meydana çıxır.

Planlaşdırma sistemində proqramlaşdırmadan geniş istifadə olunur. Burada başlıca olaraq uzun müddətli dövlət proqramları tərtib olunur və özəl bölmə məqsədli proqramların həyata keçirilməsinə cəlb edilir.

Planlaşdırmada normativ və balans metodlarından istifadə olunur. Balans metodundan istifadə etməklə iqtisadiyatın inkişafında proporsionallığı saxlamaq mümkün olur və nlanlaşdırmanın mühüm vəzifələrindən biri elə proporsionallığı təmin etməkdır.

Planlaşdırmada normativ metodun tətbiqi elmi cəhətdən əsaslandırılmış norma normativlərin hazırlanmasına əsaslanır. Norma normativlər ən vacib xammal, yanacaq-enerji, material s. ehtiyatlardan istifadənin normalaşdırılması məqsədini güdür planların tərtibində istifadə olunur. Sosial normativlərdən sosial sahələrin inkişafında, əməyin təhlili əmək şəraitinin yaxşılaşdırılmasında istifadə olunur. İqtisadi metodlarla idarəetmə şəraitində iqtisadi normativlər iqtisadiyatın planlı tənzimlənməsi məhsuldar əməyin stimullaşdırılmasının başlıca aləti olur. Uzunmüddətli iqtisadi normalar müəssisələrin büdcə ilə münasibətlərini, əməyin ödənilməsi fondunu, stimullaşdırma fondlarının, digər məqsədli fondların formalaşdırılmasını tənzimləyir. Bir normativ kimi qiymətlərdən istifadə olunur.

Məqsədin müəyyən edilməsi planlaşdırma fəaliyyətinin çıxış nöqtəsidir. Məqsəd aydın olduqdan sonra bütün fəaliyyət ona istiqamətləndirilir plan tapşırıqları onun icraçılarına çatdırılır.

Plan tapşırıqlarının yerinə yetirilməsində təsərrüfat müqavilələrinin mühüm rolu vardır. Təsərrüfat müqaviləsi təsərrüfat mexanizminin mühüm tərkib hissəsidir. Bu müqavilələrdən dövlətin iqtisadi siyasətində, ictimai istehsalın planlı qaydada təşkilində, müqavilə iştirakçıları arasında intizam və qayda-qanunun yaradılmasında istifadə olunur və müqavilə iştirakçılarının xeyli dərəcədə müqavilə intizamına necə əməl olunmasından asılıdır. Müqavilə intizamının zəif olması, pozulması bir çox firmaların planlı və fasiləsiz işləməsinə mane olur, onları ziyana salır.

Planlar optimal olmalı, yəni mövcud resurslardan, istehsal amillərindən, maliyyə ehtiyatlarından daha yüksək nəticələr alınmasına imkan yaradan planlar olmalıdır.

İqtisadi idarəetmə sistemində planların, proqramların əvəzsiz rolu olduğunu bilməklə yanaşı, planlaşdırmanın bazar münasibətlərinə keçid şəraitində daha da təkmilləşdirilməsi və ondan istifadənin yaxşılaşdırılmasının zəruri olduğunu da göstərmək lazımdır. Konyukturaya uyub planlı idarəetmə metodundan imtina etmək iqtisadiyyatı uçuruma aparmaqla nəticələnə bilər.
§8. İqtisadi idarəetmə sistemində intizam, məsuliyyət, nəzarət və uçot.
İqtisadi idarəetmə sistemində möhkəm intizam, ciddi məsuliyyət, dəqiq uçot və nəzarət olmasa idarəetəmənin səmərəliliyini təmin etmək olmaz. Burada intizam və məsuliyyət bilavasitə idarəetmə subyektlərinin fəaliyyəti ilə bağlıdır və bilavasitə onlara aiddir. Nəzarət və uçot isə bilavasitə iqtisadi idarəetmənin funksiyalarına aiddir.

İqtisadi sahədə intizamlı olmaq aşağıdakıları nəzərdə tutur: müəyyən olunmuş qaydalara ciddi əməl etmək; iqtisadi sahəyə aid olan qanunları, sərəncam və göstərişləri yerinə yetirmək; plan tapşırıqları və müqavilə öhdəliklərini vaxtında icra etmək; büdcəyə tədiyyələri vaxtında ödəmək, maliyyə-kredit intizamına əməl etmək; norma və normativlərdən düzgün istifadə etmək; əməyin ödənilməsi və stimullaşdırılması prinsiplərini gözləmək; əmək intizamına riayət etmək. İdarəetmədə intizam yüksək iqtisadi nəticələrə nail olmaq, iqtisadi fəaliyyətin bütün sahələrində normal iş rejimini təmin etmək deməkdir. Məsuliyyət də elə buradan irəli gəlir. Tutduğu vəzifədən asılı olmayaraq, qoyulmuş qaydaları, qanunları kim pozursa məsuliyyət daşımalıdır.

İntizamın vəziyyəti üçün cavabdeh olan, qaydalara, qanunlara əməl etməyən fiziki hüquqi şəxslər, iqtisadi vasitələrlə cəzalandırılmaqla, məsuliyyətə cəlb olunurlar. Onlar inzibati cəza da ola bilərlər. İqtisadi idarəetmədə maddi məsuliyyət əsas rol oynayır.

Maddi məsuliyyət təsərrüfat müqavilələrinə, plan tapşırıqlarına, tədiyyələrin ödənilməsinə əməl edilmədiyi hallarda, maliyyə- kredit intizamı pozulduqda, dəmir yollarında limanlarda yüklərin boşaldılması ləngidildikdə digər hallarda tətbiq olunur.

Təcrübədə sübut olunub ki, iqtisadi idarəetmə intizamı, qayda-qanun pozulduqda iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlar, kollektivlər, firmalar, birliklər və dövlət ziyan çəkir. Buna görə də idarəetmə fəaliyyətinə nəzarət həyata keçirilir.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə