Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə25/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

Nəzarət idarəetmənin mühüm funksiyası, idarəetmə orqanının fəaliyyətinin tərkib hissəsidir. Nəzarətin başlıca məqsədi qərarların qəbulu ilə icrası arasındakı vəhdətliyi təmin etmək, sosial-iqtisadi inkişaf prosesində meydana çıxan nöqsanları, kənarlaşma hallarını aradan qaldırmaqdır. Onun başlıca məzmunu isə yoxlamadan, baş verə biləcək nöqsanların qarşısını almaqdan ibarətdir.


Nəzarət hər bir ölkənin pul vahidi ilə aparılır. Respublikamızda isə nəzarət milli pul vahidi olan manatla aparılır. Manatla nəzarəti yuxarı təsərrüfat orqanları, maliyyə, kredit, vergi idarələri, dövlət ictimai nəzarət orqanları həyata keçirir.

Vaxtında və müntəzəm həyata keçirilən nəzarət qüsurları tam aşkar etməyə, artıq xərclərin qarşısını almağa, plan tapşırıqlarının, büdcə ödəmələrinin vaxtında yerinə yetirilməsinə, investisiyalardan, kreditlərdən səmərəli istifadə etməyə və qanunsuz maliyyə əməliyyatlarının, vergidən yayınma hallarının, iqtisadi təxribatların və pozuntuların qarşısını almağa imkan yaradır.

Respublikamızın iqtisadi müstəqilliyə, bazar iqtisadiyyatına doğru irəlilədiyi bir vaxtda möhkəm intizama, ciddi məsuliyyətə və məqsədyönlü nəzarətə böyük ehtiyacı vardır. Lakin dəqiq uçot olmadan nə intizam yaratmaq, nə məsuliyyət tələb etmək və nə də effektli nəzarəti həyata keçirmək olar.

Uçotiqtisadiyyatı idarə etmək funksiyasısıdır. Onun vəzifəsi real təsərrüfatçılıq prosesləri, onların nəticələri, istifadə olunmuş ehtiyatlar s. haqqında məlumatların alınması, qeyddən keçirilməsi, yığılması işlədilməsindən ibərətdir. Bu cür məlumatlar bütün səviyyələrdəki idarəetmə orqanlarına əsaslandırılmış qərarlar qəbul etmək üçün lazımdır. Uçotun üç növü mövcuddur, operativ uçot, mühasibat uçotu statistik uçot.

Operativ uçotoperativ idarəetmə üçün zəruri olan ilkin məlumatların müşahidə olunması, ölçülməsi, qeydə alınması, ilkin işlənməsi ümumiləşdirilməsidir.

Mühasibat uçotu - pul ölçüsündə ifadə oluna bilən bütün hadisə və proseslərin hərtərəfli, fasiləsiz əks etdirilməsi və qeydə alınmasıdır. O, firma və təşkilatların vəsaitinin mövcudluğunu və hərəkətini əks etdirir, ciddi sənədli xarakter daşıyır və onların təsərrüfat- maliyyə fəaliyyətinin təhlili üçün əsas məlumat mənbəyidir.

Statistik uçot - uçotun bu növünün əsas vəzifəsi dövlət tapşırıqlarının yerinə yetirilməsinin gedişi və nəticələri haqqında, mövcud ehtiyatlar haqqında, iqtisadiyyatın, bütün maddi istehsal, qeyri-maddi istehsal sahələrinin inkişafı haqqında məlumatları toplamaq, işləmək, təhlil etmək və vaxtında aidiyyatı olan iqtisadi orqanlara çatdırmaqdır. Uçotun bütün növləri qarşılıqlı əlaqədə olmaqla vahid metodoloji prinsiplərə əsaslanır, bir-birini tamamlamaqla ölkə iqtisadiyyatı uçotunun vahid sistemini əmələ gətirir.

Bazar iqtisadiyyatına keçildiyi, beynəlxalq iqtisadi əlaqlərin genişləndiyi indiki dövrdə uçot və statistika sahəsində uyğun dəyişikliklər etmək və beynəlxalq milli hesabatlar sisteminə qoşulmaq tələb olunur. Bunu nəzərə alan Respublika Nazirlər Kabineti Azərbaycanın beynəlxalq praktikada qəbul olunmuş uçot və statistika sisteminə keçilməsinin dövlət proqramını hazırlayıb təsdiq etmişdir.

Dövlət prqoramının əsas məqsədi bazar münasibətləri şəraitində uçot və statistika sistemini, iqtisadi fəaliyyəti dəqiq əks etdirən beynəlxalq standartlara uyğunlaşdırmaq, müxtəlif mülkiyyət formalarının, iqtisadiyyat sahələrinin vəziyyətini, imkanlarını obyektiv və düzgün qiymətləndirmək əsasında cəmiyyət həyatının dövlət tərəfindən tənzimlənməsinin səmərəliliyini artırmaqdan, sosial-iqtisadi inkişafı proqnozlaşdırmaq və idarəetmə qərarlarının nəticələrini qiymətləndirmək üçün informasiya bazası yaratmaq və dəqiq məlumatlar əldə etmək imkanı ilə təmin etməkdir. Bu proqram Azərbaycan iqtisadiyyatının və onun ayrı-ayrı sahələrinin dünya birliyindəki əhəmiyyətini (yerini) obyektiv təhlil etməyə, beynəlxalq əmək bölgüsündəki inkişaf meyllərini aşkara çıxarmağa, dünya bazarının vəziyyətini və imkanlarını qiymətləndirməyə imkan verir və iqtisadiyyatımızın gələcək inkişafı üçün geniş perspektivlər açır.

Adı çəkilən proqramda statistikanın ümumi metodoloji əsaslarının və göstəricələr sisteminin yaradılması, mühasibat və bank uçotunun yenidən qurulması, maliyyə, büdcə, bank və qiymət statistikasının beynəlxalq standartlara uyğun olan bir şəkilə salınması, beynəlxalq normativlər nəzərə alınmaqla xarici ticərət və gömrük xidməti göstəricilərinin dəqiqləşdiriliməsi, məhsulların vahid katoloqlaşdırma sisteminin yaradılması, ştrixli kodlaşdırma sisteminin tətbiq edilməsi və s. tədbirlər nəzərdə tutulumuşdur. Bütün bunlar iqtisadi idarəetmənin təkmilləşdirilməsində, məqsədyönlü sosial-iqtisadi siyasətin həyata keçirilməsində, Azərbaycanın beynəlxalq iqtisadi əlaqlərinin genişləndirilməsində və respublikamızın dünya birliyinə qoşulmasında mühüm rol oynayacaqdır.




§9. İqtisadi idarəetmə sistemində menecment
Müasir bazar iqtisadiyyatı şəraitində yeni idarəetmə formalarının tətbiq edilməsi dövrün tələbindən irəli gəlir. Belə idarəetmə formalarından biri menecmentlikdir. Menecment (İngilis sözü, menecment-idarəetmə mənasını verir) kommersiya müssisələrinin idaredilmə sistemi olub məqsədi istehsalın səmərəliliyini yüksəltmək, mənfəəti artırmaq və rəqabətə davamlılığını təmin etməkdir. Menecment mikroiqtisadiyyatın (firmanın) idarə olunmasının «prinsip, metod və formaları haqqında nəzəri və praktiki biliklər sistemidir.»

Bazar münasibətləri şəraitində əmək bölgüsünün dərinləşməsinin yeni təzahür forması olan menecerlik sahibkarların başqa şəxslərə verdiyi funksiyadır. İstehsalın həcminin artması, iqtisadi əlaqələrin genişlənməsi çoxsaylı funksiyaların icra olunmasını zəruri edir. Sahibkar isə onların hamısı ilə məşğul ola bilmir. Buna onun vaxtı da çatmır. Mülkiyyətçi sahibkar müəyyən anda hiss edir ki, işin öhdəsindən gələ bilmir və köməkçi idarəçilərə ehtiyacı var. Bu cür muzdlu idarəçi menecer adlandırılır, onun icra etdiyi funksiyalara isə menecment deyilir.

İdarəetmə funksiyasının bir qisminin sahibkardan ayrılıb başqa şəxslərə verilməsi birdən-birə olmamışdır.XIX əsrin sonu XX əsrin əvvələrində yaranmış şərait idarəetmə məsələlərinə yeni şəkildə yanaşmağı, yeni metod və vasitələrin tətbiq edilməsini zəruri etmişdir. İstehsalın təmərküzləşməsi və mərkəzləşməsi, inhisarların yaranması, yeni texnika və texnologiyaların istehsal proseslərinə tətbiqi, istehsal əlaqlərinin genişlənməsi idarəetmə sisteminə təsir etmiş və onu mürəkkəbləşdirmişdir. Belə bir vəziyyətdə idarəetmə müstəqil fəaliyyət sahəsi kimi ayrılıb nisbi müstəqillik kəsb etmişdir. Bu prosesin davamı olaraq XX əsrin ortalarında baş vermiş elmi-texniki inqilab (ETİ) bilavasitə idarəetmə münasibətlərinə təsir etdi. İstehsalın idarə edilməsində yeni qayda, yeni əmək intizamı, yeni təşkilatçılıq bacarığı tələb etdi və idarəetmə elminə böyük ehtiyac yarandı. İdarəetmə funksiyalarını yerinə yetirən adamların qarşısında yeni tələblər qoyuldu, onların rolu daha da artı. Buna görə də yeni keyfiyyətlərə, bacarığa malik idarəçilərin- menecerlərin formalaşdırılması zərurəti meydana çıxdı. Firmadaxili proseslərin peşəkar idarəedilməsi ilə məşğul olan mütəxəssislərin- menecerlərin nüfuzu, sosial vəziyyəti və əsasən də idarəetmə sahəsindəki rolunun artması «menecerlik inqilabı» konsepsiyasının yaranmasına səbəb olmuşdur.

Menecmentlik fəaliyyətinin meydana gəlməsi, yuxarıda göstərilənlərlə yanaşı, konkret olaraq aşağıdakı amillərlə bağlıdır:

1.Korporasiyaların, səhmdar cəmiyyətlərin yaranması ilə onların daşınmaz və daşınan əmlaklarının səmərəli idarə edilməsi funksiyasının xüsusi şəxslərə və ya qruplara verilməsi zərurəti doğurur;

2.Rəqabət mübarizəsinin güclənməsi firmanın işinin elə təşkilini tələb edir ki, onun rəqabət qabiliyyəti artsın;

3. İstehsal texnologiyasının mürəkkəbləşməsi, avadanlığın dəyərinin artması, firmanın daxili strukturunun çox həlqəli olması, işçilərin sayının çox olması s. firmadaxili idarəetmə sisteminin təkmilləşdirilməsini tələb edir. İşi elə təşkil etmək lazım gəlir ki, onun hər bir iştirakçısı yaxşı işləmək üçün məsuliyyət hiss etsin, təşəbbüskar, yaradıcısı olsun;

4.Başlıcası da budur ki, firmanın malik olduğu iqtisadi resurslardan, potensial imkanlardan səmərəli istifadə etməklə qarşıya qoyulmuş məqsədlərə nail olunsun.

Tək sahibkar bu qədər işin öhdəsindən gələ bilməyəcəyini hiss etdiyi andan bacarıqlı, işgüzar adamlarla birgə işləməyi üstün tutur bir çox funksiyalarını onlarla bölməli olur ki, iqtisadiyyat səmərəli idarə olunsun. Resursların səmərəli idarə olunması yolu ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq menecerlər qarşısında qoyulmuş əsas tələbdir.

Menecerlər mülkiyyətçi deyildir, ancaq işlədikləri müəssisələrin səhmlərini ala bilərlər. Bundan asılı olmayaraq menecerlər xidmətində olduğu firmanın mənafeyini əsas tutmalıdır.

Menecment yalnız bazar mühiti şəraitində fəaliyyət göstərən firmalarda sosial-iqtisadi proseslərin idarə olunmasını əks etdirir. Menecment mikrososial idarəetmə prinsipləri ilə realizə olunur. Həmin prinsiplər aşağıdakılardır:

1. Hər bir işçinin fərdi potensialının maksimum nəzərə alınması;

2. Müxtəlif işçi qruplarının sıx birliyini və əmkdaşlığını nəzərdə tutan «işgüzar partnyorluğun» təmin edilməsi;

3. «İqtisadi mərkəziyyətsizlik» prinsipi - bu firmanın hər bir həlqəsinin müstəqil inzibati-təsərrüfat qərarları qəbul edilməsini nəzərdə tutur.

Bir funksiya olmaq etibarilə menecmentin əsas istiqamətləri aşağıdakılardır;

Firmanın mikro-sosial strukturunun müəyyən edilməsi – qruplar və onların arasındakı münasibətlərin (sosial-peşə, mədəni-təhsil, ixtisas və demoqrafik) dəqiqləşdirilməsi;

Kiçik qrupların («müstəqil işçi briqadaların», «məqsədli qrupların») yaradılması yolu ilə kollektiv səyləri birləşdirmək;

Sosialoji tədqiqatlar yolu ilə «qeyri-formal» qrupların seçilməsi.

Müasir dövrdə menecment firmada istehsalın səmərəli sosial təşkilinin nəzəriyyəsi kimi geniş nüfuz qazanmışdır. İnkişaf etmiş sənaye ölkələrinin təcrübəsi göstərir ki, firmaların işinin səmərəli sosial təşkili onların fəaliyyətinə müsbət təsir göstərən güclü amilə çevrilmişdir.

Ancaq burada deyilənlərdən o nəticə çıxarmaq olmaz ki, menecerlər ancaq firmadaxili sosial problemlərin həlli ilə məşğul olurlar, bu onların fəaliyyətində bir istiqamətdir. Firmanın fəaliyyətinin planlaşdırılması və gələcək işinin proqramlaşdırılması, hətta proqnozların hazırlanması da menecerlərin işidir. Firmada uçot, satış, təchizat, maliyyə işləri ilə də menecerlər məşğul olurlar. Bu onunla bağlıdır ki, firmaların genişlənməsi ilə mühasibat şöbəsinin, reallaşdırma (satış) şöbəsinin, planlaşdırma şöbəsinin, texniki xidmət şöbəsinin, marketinq, reklam şöbəsinin rəisləri olan menecerlər meydana gəlir. Menecerlik funksiyasını bir neçə şəxs icra etdiyi zaman müəssisənin sahibi məhdud sayda funksiyanı özündə saxlayır və ancaq müəssisənin fəaliyyətinə nəzarət edir. Menecerlər isə istehsal üzərində gündəlik nəzarət etməli, iş bölgüsü aparılmalı, təchizatın vaxtında olmasını təmin etməlidirlər.

Sahibkarlıq və menecmentlik iki müxtəlif fəaliyyət növü olsa da, onların arasında müəyyən ümumilik vardır və bəzən iqtisadçılar onu sahibkarlıq menecmenti adlandırılar. Sahibkarlıq və menecment eyni bir şəxs tərəfindən də həyata keçirilə bilər. Lakin onların eyni funksiya olduğunu söyləmək düz olmazdı. Belə ki, sahibkarlıq yeni bazarlar, əmtəələr, xidmətlər, istehsal texnologiyası, istehsalın yeni təşkili formalarını tapmaq və istifadə etməyi nəzərdə tutur. Sahibkar firmanın fəaliyyəti ilə bağlı riski öz üzərinə götürür, son qərarı da o verir.

Çoxsaylı işçiləri olan böyük müəssisələrdə istehsalın inkişaf etdirilməsi problemləri ilə yüksək rəhbər vəzifədə olan bir qrup sahibkar məşğul olur. Onlar müəssisələrə gəlir, müşavirələrdə iştirak edir və başqa yollarla müəssisələrin şöbələri ilə əlaqə yaradır, menecerlərin ağıllı təkliflərinin reallaşmasına yardımçı olurlar. Sahibkarlıq təfəkkürü menecerlər vasitəsi ilə daha aşağı rəhbər vəzifələr tutmuş işçilərə, onlar isə bilavasitə icraçılara ötürürlər. İstehsalın bu cür birgə idarə edilməsi iş rejimini yaxşılaşdırır, işin nəticəsinin yaxşı olmasını təmin edir.

Bazar iqtisadiyyatı şəraitində işin nəticələri firma kollektivinin sosial problemlərinin həlli ilə bağlıdır. Buna görə də menecerlər firma əməkdaşlarının sosial problemlərinin həlli ilə bağlı sahibkarlarla məsləhətləşmələr aparır və onların müsbət həllinə çalışır. Son qərar sahibkara mənsub olsa da bu və ya digər məsələlərdə menecerlərin və işçilərin fikirlərinin öyrənilməsi məqsədəuyğun sayılır.

Artıq sübut olunmuşdur ki, müasir dövrdə firmaların idarə edilməsində, işin təşkilində, kollektivin, sosial qrupların fəaliyyətinin əsas məqsədə doğru istiqamətləndirilməsində menecerlərin rolu böyükdür. Buna görə də menecerlər bilikli, təcrübəli, çevik iş görməyi bacaran, firmanın mənafelərini üstün tutmağı bacaran bir şəxs ola bilər. O mühasibliyi bilməli, məsrəf və gəlirləri müqayisə etməyi, mənfəət və itkini hesablamağı, müəssisənin imkanlarını aşkara çıxarmağı bacarmalıdır. Menecer iclas aparmağı, optimal qərarlar qəbul etməyi bacarmalı, peşəkar, işgüzar söhbətlər təşkil etməli, az danışıb çox iş görməyi bacarmalı, müstəqil qərar qəbul etmək və qəbul etdiyi qərarı həyata keçirə bilmək qabiliyyətinə maluk olmalı, adamlarla işləməyi bacarmalı, nəzakətli, qayğıkeş və tələbkar olmalıdır. Bütün bu və digər müsbət keyfiyyətlərə malik olmaq üçün menecer daim öyrənməli, bilik və bacarığını artırmaq qayğısına qalmalıdır.

Menecmentin vahid bir qaydası yoxdur. Buna görə də menecmentlik idarəetmə sisteminin yaranması, onun tətbiq edilməsini bir ölkənin, yaxud bir neçə adamın adı ilə bağlamaq olmaz. Məsələn, ABŞ, Almaniya, Yaponiya, Cənubi Koreya və s kimi ölkələrdə sahibkarlıq idarə üsulunda, menecerlik fəaliyyətində müəyyən fərqlər və xüsusiyyətlər vardır. Onlar bir-birinin təcrübəsini öyrənməklə yanaşı idarəetmə sahəsindəki öz ənənələrini də qoruyub saxlayırlar. Bununla belə menecmentin strukturunda, əsas prinsiplərində və inkişaf istiqamətlərində ümumi cəhətlər vardır ki, bütün ölkələrdə onlar əsas götürülür. Məsələn, menecment idarə sisteminin tətbiq edildiyi ölkələrdə onun quruluşunda istehsal menecmenti, maliyyə menecmenti və bazar menecmenti əsas yer tutur.

Dünyanın inkişaf etmiş ölkələrinin mikroiqtisadiyyatı idarəetmə sahəsindəki təcrübəsini, o cümlədən də menecerlik fəaliyyəti sahəsində uzun illər ərzində qazanılmış müsbət təcrübənin öyrənilməsinin formalaşmaqda olan Azərbaycan sahibkarları, onların idarəetmə fəaliyyətlərinin təşkili üçün böyük əhəmiyyəti vardır. Sahibkarlar bacarıqlı menecerlər hazırlamaq qayğısına qadmalı və bu istiqamətdə lazımi işlər görməyi unutmamalıdırlar. Sahibkarlar menecmentlik idarəetmə sisteminin öyrənilməsi və tətbiqində ləngliyə yol versələr rəqabətdə uduzar və öz məqsədlərinə nail olmazlar.
§10. Marketinq: mahiyyəti, funksiyaları və idarəetmədə rolu.
XX əsrin əvvəllərindən etibarən iqtisadiyyatın idarə edilməsi sahəsində əldə olunmuş nailiyyətlərdən biri marketinq sisteminin meydana gəlməsi olmuşdur. Marketinq ingiliscə «market» sözündən olub, lüğəti mənası bazar deməkdir. Lakin «bazar» məfhumu onun mahiyyətini, məzmununu tam ifadə etmir. Marketinq bazar iqtisadiyyatı sistemində idarəetmə fəaliyyəti olub, əsasən mikroiqtisadiyyatın (firmanın, müəssisənin) bazar təşkili ilə məşğul olur.1

Bu fəaliyyət bilavasitə istehsalın mübadilənin təşkili ilə bağlı olduğundan marketinq bilavasitə idarəetmə fəaliyyəti kimi meydana gəlmişdir indi idarəetmə funksiyasını yerinə yetirir.

İdarəetmə funksiyası (fəaliyyəti) olmaqla marketinqin meydana gəlməsinin iki əsas səbəbi vardır. Birincisi, ifrat istehsalın nəticəsində bazarın tələbindən artıq əmtəə xidmətlər istehsal olunur, bazar tapmaq, satmaq problemi yaranır istehsal olunmuş məhsulların reallaşdırılması çətinləşir. İkincisi, bazar çatışmazlığı şəraitində istehsal uğrunda rəqabət mübarizəsi kəskinləşir belə bir şəraitdə istehsalı mübadiləni yeni qaydada təşkil etmək zərurəti yaranır.

Bazar iqtisadiyyatı şəraitində istehsal etmək problem deyildir, əsas çətinlik istehsal olunmuş əmtəə və xidmətlərin reallaşdırılmasıdır. Buna görə də yaranmış çətinlikləri aradan qaldırmaq üçün belə bir ümumi fikir formalaşmışdır ki, istehsalçılar istehsal etdikləri əmtəə və xidmətləri satmaqdan ötrü, istehlakçıları (alıcıları) əvvəlcədən axtarıb tapmalı, onların tələbatlarını öyrənməli və bundan sonra bu tələbatları daha dolğun ödəyə biləcək məhsul istehsal etməlidirlər.

Marketinq fəaliyyəti XX əsrin başlanğıcında ABŞ-da meydana gəlmişdir. O zaman məhsulun ifrat istehsalı ilə bağlı reallaşdırma problemi kəskin dururdu, qeyri-qiymət rəqabəti vasitələrindən istifadə etməklə problemi həll etməyin yollarını axtarırdılar. Bu axtarışların nəticəsində əldə olunmuş təcrübənin ümumiləşdirilməsinin yekunu kimi marketinq meydana gəlir. Əldə olunmuş nəticə ondan ibarət idi ki, istehsalçı müəssisə öz taleyini bazarın kortəbii qüvvələrinin ixtiyarına verməməlidir. O bazarla işləməli, istehsal etməzdən əvvəl alıcısını tanımalı, «kim üçün, və nə qədər» istehsal edəcəyini bilməlidir. Bu doğru fikirdir ki, «marketinq bu və ya digər dərəcədə bazara aid olan insan fəaliyyətidir… Mübadilənin baş verməsi üçün bazarla aparılan işdir». Müəssisə (firma) istehsalçı kimi yalnız əmtəə və xidmət təklifçisi kimi qaldıqca onun əmtəə və xidmətlərin reallaşdırılması işi çətinləşir və buna görə də o, tələbin formalaşmasına yaxından kömək etməyə məcburdur və bu onun öz mənafeyinə uyğundur.

Marketinq müəssisənin işinin «bazar təşkili» forması olmaqla, onun məqsədi mövcud istehsalın bazarın tələbini qabaqlamağın, əmtəələrin satışını sürətləndirmək üçün əlverişli şərait yaratmaqla ona sərf olunan «qüvvəni» azaltmağın operativ sistemini yaratmaqdır. Bu sistemə daxildir:

a) Mövcud müəssisə istehsal olunan məhsula tədiyyə qabiliyyətli tələbin dinamikası və konyukturasını öyrənmək;

b)Mövcud əmtəələrin qiymətindəki dəyişikliyi, əvəzləyicisini hərəkətlərinin sərhədlərini öyrənib təhlil etmək;

c)Potensial istehlakçının gəlirlərini mövcud əmtəənin istehlakının həcmini proqonozlaşdırmaq;

ç) Rəqabət mübarizəsinin qeyri-qiymət forması kimi reklamdan istifadə etmək;

d) Mövcud əmtəələrin xidmətlərin satışını stimullaşdırmaq (güzəştli satış yolu ilə alıcıları cəlb etmək, lotereya oyunu keçirmək s.), istehlakçının təminat hüququnu (əmtəə qüsurlu olduqda qaytarmaq hüququ) genişləndirmək;

e) Əmtəə çeşidlərini qruplar üzrə planlaşdırmaq;

f) İstehlakçılar üçün ticarət xidmətini təşkil etmək.

Bu xidmətlər elə təşkil olunmalıdır ki, istehlakçı (alıcı) əmtəənin yanına deyil, əmtəə istehlakçının yanına gedib çıxsın (satış yarmarkaları təşkil etmək, əmtəələri evə aparmaq, səyyar satış təşkil etmək və s.). Marketinq vasitələri bazara yüksək təsir göstərmək üçün uzlaşdırılmalı və məcmu halda fəaliyyət göstərməlidir.

Marketinq fəaliyyəti müəyyən prinsiplərə əsaslanır və əməli təcrübədə ümumiləşdirilmiş şəkildə üç mərhələdə həyata keçirilir: birinci mərhələdə bazarın öyrənilməsi əsasında firmanın məhsullarının istehsalı çeşidlər üzrə proqnozlaşdırılır; ikinci mərhələdə müəyyən edilmiş istehsal planının dəqiq yerinə yetirilməsi – müştərinin seçilməsi və onunla əlaqə, çeşidlərin strukturu və keyfiyyəti üzərində nəzarət; üçüncü mərəhələdə marketinq planını həyata keçirmək- əmtəələrin satışı bazarına sahib olmaq.

Marketinq bazarı öyrənməklə yanaşı mövcud tələbatların tam təmin edilməsi üçün tədbirlərin işlənilməsinə, potensial tələbatların aşkara çıxarılmasına, bazar təchizatının planlaşdırılmasına yönəldilmiş fəaliyyətdir.

Bu mənada marketinqi firmanın fəaliyyətini bazarın sabitliyinin təmin edilməsinə istiqamtəlndirmək sahəsindəki fəaliyyət kimi də qiymətləndirmək olar. Belə ki, istehsalçı firmaya sabit bazar lazımdır və bu sabitliyi marketinq xidməti vasitəsilə təmin etmək mümkün olur.Bunun üçün tələbin uçotunu düzgün təşkil etmək və əsas fəaliyyəti onun ödənilməsinə yönəltməkdir.Biznes üçün alıcı lazımdır. Alıcının tələbi və sifarişi sabit qaldıqca firmanın istehsal fəaliyyəti də sabit xarakter alır. Buna görə də marketinq fəaliyyəti sabit alıcı tapmaq və həm də öz alıcısının istehlak tələbini, ehtiyaclarını ödəməyə yönəlmiş fəaliyyət hesab etmək olar.

İstehsalçı öz müştəriləri, alıcıları qarşısında cavabdehlik daşıyır. Madam ki, istehlakçını (alıcını) istehsalçı axtarıb tapır, deməli o da istehlakçı qarşısında məsuliyyət daşıyır və üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında yerinə yetirməyə borcludur. Əks təqdirdə istehsalçı firmalara sanksiyalar tətbiq oluna bilər. Marketinq fəaliyyətində bunlar nəzərə alınmalıdır ki, firma cəriməyə düşməsin.

Marketinq sabit alıcı tapmağa cəhd göstərən satıcılara vasitəçilik xidməti göstərir və satıcı qarşısında yaranan problemlərin həllinə yönəldilmiş funksiyanı yerinə yetirir ki, bu da onun əsas funksiyasıdır. İstehsal edilmiş əmtəə və xidmətlərin satışı firma üçün mühüm olsa da satış marketinq üçün mühüm olmayan funksiyadır.Çünki istehlakçı ehtiyaclarının vaxtında aşkar olunması, lazım olan əmtəələrin hazırlanması, əmtəələrə müvafiq qiymətlərin qoyulması, onların bölüşdürülməsi sisteminin təşkil edilməsi və səmərəli stimullaşdırılması kimi xidməti bölmələrin yaxşılaşması əmtəələrin asanlıqla satışını təmin etmiş olur, yəni yaxşı təşkil olunmuş marketinq fəaliyyəti firmanın satış probleminin asanlıqla həll olunmasına şərait yaradır. Marketinq fəaliyyətinə sivilizasiyalı rəqabət forması kimi də baxmaq olar.Əgər hər bir firma özünün marketinq xidməti vasitəsi ilə bazarı, istehlakçını ələ almağa səy göstərirsə, bu əslində rəqabətdir, marketinq rəqabətidir.

İctimai istehsalın inkişafı ilə rəqabətin özü də inkişaf edir, forma və üsulları da dəyişir. Marketinq də rəqabətin yeni forması kimi meydana gəlmişdir. Marketinq rəqabətinin üç tərəfi vardır. Birinci tərəf, istehsalçıdır ki, onun məqsədi yüksək mənfəəti təmin edən keyfiyyətli əmtəələr, xidmətlər istehsal etməkdir. İkinci tərəf istehsal olunmuş əmtəələrin, xidmətlərin reallaşdırılmasıdır. Ücüncü tərəf istehlakçıların tələbatlarının nə dərəcədə ödənilməsini öyrənmək və bunun əsasında da rəqabəti təşkil etməkdir. Sahibkarlar marketinqdən rəqabət mübarizəsində bir vasitə kimi istifadə edir, bazar vasitəsi ilə dinc formada öz rəqibinə təsir göstərir.

Marketinq bütövlükdə bazar iqtisadiyyatına aid bir kateqoriyadır və onu yalnız alqı-satqısının baş verdiyi bazara aid etmək olmaz. Marketinq yalnız məhsulların, xidmətlərin reallaşdırılmasına deyil, eyni zamanda istehsala xidmət edir, onu tənzimləyir, genişlənməsinə, çeşidin, keyfiyyətin artmasına şərait yaradır.Bütövlükdə marketinq ictimai təkrar istehsala xidmət edir, onun reallaşma ilə bağlı problemlərinin həllində və fasiləsiz baş verərək genişlənməsində böyük rol oynayır.

Marketinq idarəetmə (funksiyası) olsa da onun özü də idarə olunmalıdır. Marketinqin idarə olunması təcrübədə yaranır və formalaşır. Belə ki, mübadilə prosesində müəyyən çətinliklər yaranır, ziddiyyətlər meydana çıxır ki, onların aradan qaldırılması yollarını, üsul və vasitələrinin tapılması sahəsidə böyük təcürbə əldə olunur. Məsələn, firma öz məqsədlərinə çatmaq naminə öz alıcıları ilə əlverişli mübadilənin təşkilinə,möhkəmləndirilməsinə və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir ki, belə bir nəzarətin həyata keçiilməsi marketinqin idarə edilməsi deməkdir.

Firmanın marketinq üzrə sahələri (bölmələri) və onların rəisləri (müdirləri) vardır. Marketinqi idarə edənlərin vəzifəsi təkcə müştəri tapmaq, tələbatın yaradılması və genişləndirilməsi ilə bitmir, lazım gələndə tələbatın dəyişdirilməsi və yeniləşdirilməsi ilə bağlı problemləri də həll etməlidir. Mütəxəssislərin fikrincə «marketinqin idarə olunması- tələbatın idarə olunmasıdır». Buna görə də marketinqi idarə edənlərin vəzifəsi tələbatın səviyyəsinə, vaxtına və xarakterinə elə təsir göstərməlidir ki, bu firmanın qarşıya qoyduğu məqsədlərə çatmasına gömək göstərsin. Firmalarda marketinqin vəziyyətini təhlil edən, nəzərdə tutulmuş planların icrasını, yaxud nəzarət funksiyalarını yerinə yetirən vəzifəli şəxslər – marketinq üzrə mütəxəssislər çalışır. Burada satış üzrə, reklam xidməti üzrə, satışın stimullaşdırılması üzrə, əmtəələr üzrə, qiymət qoyma problemləri üzrə və marketinq tədqiqatları üzrə rəislər, marketoloqlar fəaliyyət göstərir.

Yuxarıda deyilənlərə əsasən, nəticəyə gəlmək olar ki, istehsalçı firmanın müstəqil marketinq şöbəsinin olması bazar iqtisadiyyatı şəraitində bir zərurətdir. Və inkişaf etmiş ölkələrdə marketinq fəaliyyəti müəssisələrin (firmaların) işini bazarın, istehlakçıların tələbinə tabe edə bilmişdir.

Bazar münasibətləri əsasında yenicə fəaliyyət göstərməyə başlayan Azərbaycan sahibkarları dünya ölkələrinin qabaqcıl firmalarının marketinq sahəsindəki təcrübəsini öyrənib tətbiq etməyi unutmamılıdırlar.
§11. İqtisadi idarəetmə sistemində dövlətin rolu.

a) Dövlətin iqtisadi proseslərin idarə edilməsində iştirakının zəruriliyi.
Dövlət yarandığı vaxtdan etibarən, bütün dövrlərdə, iqtisadi pproseslərin idarəedilməsində bu və ya digər dərəcədə iştirak etmişdir. Bu onun əsas funksiyalarından biri olub iqtisadiyyatın sabit və normal fəaliyyət göstərməsini təmin etmək zərurətindən irəli gəlmişdir. Ancaq o, öz fəaliyyəti ilə iqtisadi inkişafı sürətləndirə və ya əksinə ləngidə bilər. Biz isə burada dövlətin iqtisadi proseslərə müsbət mənada təsirindən danışmağı lazım bilirik.

Tanınmış Amerika iqtisadçısı V.Leontiyev iqtisadiyyatı gəmiyə, dövləti onun sükanına, maddi marağı isə güclü küləyə bənzədir. Dövlət iqtisadiyyatın istiqamətini məqsədəuyğun olan səmtə yönəltməli, əsas məqsədə çatmaqda yardımçı olmalıdır, maddi maraq isə gəmini (yelkəni) hərəkətə gətirən stimullaşdırıcı amil rolunu oynamalıdır. Dövlət ümummilli mənafelərin daşıyıcısıdır və onun bilavasitə idarəetmə sistemində iştirakı olmadan ayrı-ayrı iqtisadi rayonların, regionların, firma və şirkətlərin, əmək kollektivləri və fərdlərin mənafelərini ümumdövlət mənafeyi ilə əlaqləndirmək olmaz. İdarəetmədə dövlətin iştirakı olmadan ölkənin bir-biri ilə qarşılıqlı əlaqədə, asılılıq şəraitində fəaliyyət göstərən və bütöv bir sistem təşkil edən sosial-iqtisadi inkişafı qeyri-mümkündür. Dövlət iqtisadiyyatın idarəedilməsində özünün iştirakı ilə strukturun formalaşdırılması, investisiya qoyuluşları, moderniləşdirmə, iqtisadi artım tempi və onun stimullaşdırılması, proporsiyaların optimallaşdırılması, istehsalın dünya bazarında rəqabət aparmaq qabiliyyətini yüksəltmək, sosial gərginliyi yumşaltmaq və sabitliyi təmin etmək, inflyasiyaya qarşı qabaqlayıcı tədbirləri həyata keçirmək, işsizliyin qarşısını almaq, inhisarçılıqla mübarizə aparmaq və s. bu kimi problemlərin həlli ilə bilavasitə məşğul olmalıdır. Bazar iqtisadiyyatı şəraitində dövlətin vəzifələrindən biri də bazar iqtisadiyyatı sisteminin əsaslarının möhkəmləndirilməsi istiqamətində lazımi tədbirləri həyata keçirmək və sahibkarlığın inkişafına kömək göstərməkdir.

İqtisadi idarəetmə sistemində dövlətin iştirakını zəruri edən amillərdən biri də dövlətin özünün mülkiyyətçi, təsərrüfatçı olmasıdır. İqtisadiyyatın dövlət bölməsinin olması onun bilavasitə dövlət orqanları tərəfindən idarəedilməsini tələb edir. Bazar subyekti olmaqla dövlət iqtisadiyyatın bazar qanunları əsasında inkişafında maraqlıdır və ona yardımçı olmalıdır.

Dövlətin iqtisadi proseslərin idarəedilməsində iştirakı onun qanunverici, icraedici və məhkəmələrdən ibarət olan hakimiyyət orqanları tərəfindən həyata keçirilir. Dövlət qanunvericilik fəaliyyəti ilə mülkiyyət formaları və təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan çoxsaylı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlərin formalaşmasının hüquqi bazasını yaradır. O özünün müxtəlif səviyyəli inzibati orqanları, icraedici strukturlar, nazirliklər, komitələr, birliklər, şirkətlər, habelə maliyyə-bank sisteminin alətləri olan büdcə, kredit, müxtəlif fondlar və s. vasitəsilə iqtisadi idarəetmə sistemində fəaliyyət göstərir. Mübahisəli məsələlər isə iqtisad məhkəmənin iştirakı ilə həll olunur.

İqtisadi proseslərin idarə olunmasında dövlətin fəaliyyəti, onun iqtisadi rolunun mahiyyəti bilavasitə həyata keçirdiyi iqtisadi funksiyalarda öz ifadəsini tapır.

b) Dövlətin iqtisadi funksiyaları

İqtisadi proseslərin idarəedilməsində dövlətin iştirakının formaları onun yerinə yetirdiyi funksiyalar müxtəlif çoxcəhətlidir. İki cildlik «Ekonomiks» dərsliyinin müəllifləri dövlətin iqtisadi rolunun təhlili üçün baza rolu oynayan beş funksiyasının ətraflı şərhini vermişlər.1 Müəlliflər hökumətin yerinə yetirməli olduğu funksiyaları iki qrupa bölürlər.

Birinci qrup hökumətin bazar sisteminə dayaq olmaq və fəaliyyətini yüngülləşdirməyə yönəldilmiş vəzifələri ilə bağlı olan aşağıdakı funksiyalardır:

1.Bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin və hüquqi bazanın təmin edilməsi;

2. Rəqabətin qorunub saxlanılması.

İkinci qrup funksiyalara aşağıdakıları aid edirlər:

3. Gəlir sərvətlərin yenidən bölünməsi;

4. Milli məhsulun quruluşunu dəyişmək məqsədilə resursların bölgüsünü təkmilləşdirmək;

5. İqtisadiyyatın sabitləşməsi, başqa sözlə, iqtisadi şəraitin dəyişməsindən yaranan inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət etmək, iqtisadi artımı stimullaşdırmaq.

İkinci qrup funksiyaları yerinə yetirməklə hökumət bazar sisteminin fəaliyyətini gücləndirir modifikasiya edir.

Bütünlükdə dövlətin yerinə yetirdiyi bu və ya digər funksiyalar iqtisadiyyatda səmərəliliyin, sosial ədalətin və sabitliyin təmin edilməsinə yönəldilmişdir.

Dövlətin həyata keçirdiyi bütün bu funksiyalar bazar iqtisadiyyatı şəraitində yaxşılaşdırma tənzimlənməsi ilə bağlıdır və müəyyən mənada onları dövlətin tənzimləyici funksiyasının əsas istiqamətləri adlandırmaq olar.Sual olunur ki,bazarın özünün obyektiv tənzimləyici mexanizmi olduğu bir şəraitdə nə üçün dövlət iqtisadi proseslərə müdaxilə edib onun tənzimlənməsi ilə məşğul olur? Növbəti bölmədə bu suala cavab verilir.

c) Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət

tərəfindən tənzimlənməsi

İqtisadiyyatın bilavasitə dövlət tərəfindən idarəedilməsi ilə bazar iqtisadiyyatı şəraitində onun dövlət tərəfindən tənzimlənməsi eyni proses olmayıb müxtəlif məqsəd daşıyır. Məsələn, mülkiyyətin 90%-dan çoxu dövlətə məxsus olduğu keçmiş SSRİ- planlı idarəetmə sistemi fəaliyyət göstərmişdir. O zaman bütün iqtisadi siyasi güclər dövlətin əlində cəmləşdiyi üçün bütövlükdə cəmiyyət, onun regionları, bütün istehsal özəkləri vahid məqsədə tabe edilmiş, planlı qaydada mərkəzdən idarə olunmuşdur. Dövlət özünün çoxşaxəli idarəetmə orqanları vasitəsilə, bütün ölkə üçün, vahid plan tapşırıqlarını hazırlayıb respublikalara, regionlara, müəssisə şəxslərə qədər olan istehsalçılara çatdırır onların vaxtında yerinə yetirilməsi üzərində nəzarət edirdi.

Əsas dayağı xüsusi mülkiyyət olan bazar iqtisadiyyatı şəraitində iqtisadiyyat başlıca olaraq bazar qanunları və mexanizmləri vasitəsi ilə idarə olunur. Keçid dövrünü yaşayan ölkələrdə isə iqtisadiyyat spesifik xarakterə və məzmuna malik olduğu üçün onun idarə edilməsi və dövlət tərəfindən tənzimlənməsinin də öz xüsusiyyətləri vardır.

Bazar münasibətləri sisteminin hakim olduğu və sənayecə inkişaf etmiş ölkələrdə dövlətin iqtisadi proseslərə fəal müdaxiləsi kapitalizmin inhisarçı inkişaf mərhələsinə təsadüf edir. Belə ki, X1X əsrin sonu XX əsrin əvvəllərində iqtisadiyyatda inhisar hökmranlığının güclənməsi nəticəsində işlək bazar mexanizminin güclü təzyiqinə məruz qalır, xüsusi sahibkarlıq inhisar ağalığı ilə üzləşir, azad sahibkarlıq fəaliyyəti, azad rəqabət üçün imkanlar məhdudlaşır. Yaranmış vəziyyət dövlətin iqtisadi proseslərə müdaxilçəsini, xüsusi qanun və qərarların qəbul edilməsini tələb edir və ilk dəfə olaraq ABŞ-da belə qanunlar qəbul edilir.

Birinci Dünya müharibəsi və 1929-1933-cü illərin dağıdıcı sosial-iqtisadi böhranı və onun nəticələrinin bazar mexanizminin gücü ilə aradan qaldırılmasının qeyri-mümkünlüyünü üzə çıxardı və dövlətin işə qarışaraq fəal tənzimləyici fəaliyyət göstərməsinin zəruri olduğunu bir daha təsdiq etdi.

İkinci dünya müharibəsindən sonra dağılmış təsərrüfatların bərpa edilməsi və inkişaf etdirilməsi də bilavasitə dövlətin iştirakı ilə olmuşdur. XX əsrin ikinci yarısından başlayaraq dövlətin fəaliyyətinin sosial istiqaməti genişlənir, əhalinin sosial müdafiəsi ilə bağlı sistemli tədbirlərin həyata keçirilməsi zərurəti meydana çıxır və bir çox inkişaf etmiş ölkələrdə reallığa çevrilir. Bu isə dövlətin iqtisadi proseslərdə iştirakı ilə bağlı yeni tələblərin meydana çıxmasına səbəb olmuşdur. İqtisadçılar düzgün olaraq, 50-ci illərdən başlayan və 70-ci illərdə genişlənən, bu prosesi dövlətin iqtisadiyyata müdaxiləsinin yeni bir mərhələsi kimi qiymətləndirirlər. Bu mərhələdə beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi və beynəlxalq münasibətlərin formalaşmasında dövlətin yaxından iştirakı daha aydın görünür.

Bütün yuxarıda deyilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadi proseslərin idarə olunmasına müdaxiləsi və onun tənzimləyici fəaliyyəti zəruridir və bu aşağıdakı amillərlə bağlıdır:

Birincisi, cəmiyyətdə elə sosial-iqtisadi problemlər yaranır ki, bazar mexanizmilə onların həlli mümkün olmur və hətta bazarın özü bəzi həll edə bilmədiyi problemləri doğurur. Məsələn, işsizlik, gəlirlərin bölgüsündə qeyri-bərabərlik, inflyasiya, inhisarçılıq, böhranlar və s. kimi problemlər bu qəbildəndir.

İkincisi, ölkələrarası xarici iqtisadi əlaqələrin yaranması, genişlənməsi, dərinləşməsi, yeni-yeni formaların meydana gəlməsi dövlətlərin bu proseslərdə yaxından iştirakını və təinzimlənməsini tələb edir.

Üçüncüsü, elm, texnika və texnologiya sahəsində əldə olunmuş nailiyyətlərin istehsala tətbiqi nəticəsində istehsalın miqyası artmış, coğrafiyası genişlənmiş, onun yeni-yeni sahələri meydana gəlmişdir ki, nəticədə idarə etmə prosesləri mürəkkəbləşmişdir. Bütün bu proseslər uzunmüddətli proqramların hazırlanması, maliyyələşdirilməsi və həyata keçirilməsi ilə mümkün olur və bu da dövlətin iştirakını zəruri edir.

Dördüncüsü, iqtisadiyyatda insan amilinin rolunun artması ilə yanaşı meydana çıxan sosial problemlərin həlli məqsədilə sosial təyinatlı istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial proqramları hazırlayıb həyata keçirilməsi və nəticədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi bazar mexanizmi vasitəsilə deyil, dövlətin fəaliyyəti sayəsində mümkün olur.

Dövlətin iqtisadi proseslərin tənzimlənməsində iştirakının zəruri olduğunu əsaslandırmaqla demək istəmirik ki, yaranmış bütün problemləri dövlət təkbaşfına, öz gücü ilə həll etməlidir. Bilmək lazımdır ki, dövlət iqtisadi prosesləri bazar qanunlarından və mexanizmlərindən istifadə etməklə tənzimləyir. Digər tərəfdən də, dövlət xüsusi sahibkarları ölkədə yaranmış problemlərin həllinə cəlb etməli, onların fəaliyyətini stimullaşdırmalı və iqtisadi güclərindən istifadə etməlidir. Bunun özü də dövlət tənziminin bir formasıdır.

Müasir dövrdə heç bir iqtisadi məktəb, heç kəs iqtisadi proseslərin tənzimlənməsində dövlətin iştirakının zəruriliyini inkar etmir. Mübahisə dövlətin iştirakının dərəcəsi, hədləri ətrafında gedir. Əksər iqtisadçılar problemlərin bazar mexanizmi ilə dövlətin tənzimlənmə mexanizmindən birgə, qarşılıqlı əlaqədə səmərəli istifadə etməklə həll olunmasına tərəfdardılar ki, bu cür yanaşmanı doğru hesab etmək olar.

İqtisadi proseslərin tənzimlənməsində dövlətin iştirakı dərəcəsi bütün ölkələrdə eyni deyildir. Bu bir çox amillərdən, o cümlədən hər bir ölkənin ənənəsindən və iqtisadi gücündən asılıdır. Dövlətin öz tənzimləyici funksiyasını səmərəli şəkildə yernə yetirə bilməsi üçün maddi imkanlara, tənzimlənmə sisteminə və dazımı təcürbəyə malik olması lazımdır. İqtisadiyyatın dövlət tənziminin üsulları, forma və metodları aşağıdakı sxemdə aydın şəkildə göstərilmişdir.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə