Burxili ş İŞİ Mövzu: Müəssisənin uçot siyasəti və onun əsas istiqamətləri


Mühasibat (maliyyə) uçotunun beynəlxalq standartlara uyğun təşkilinin əsas şərtləri və prinsipləri



Yüklə 0,58 Mb.
səhifə6/6
tarix17.09.2018
ölçüsü0,58 Mb.
#69044
1   2   3   4   5   6

2.4 Mühasibat (maliyyə) uçotunun beynəlxalq standartlara uyğun təşkilinin əsas şərtləri və prinsipləri.

Müəssisələrdə təsərrüfatçılığın səmərəliliyi mühasibat uçotunun təşkilindən birbaşa asılıdır. Mühasibat uçotunun təşkili və aparılması, mühasibat hesabatlarının tərtib edilməsində eyniliyin əldə edilməsi, uçot məlumatlarının vaxtında verilməsi və dəqiqliyinin artırılması, onların əldə edilməsinin əmək tutumluğunun azaldılması mühasibat uçotu və hesabatının dövlət tərəfindən tənzimlənməsini tələb edir. Mühasibat uçotunun təşkilində və uçot məlumatlarının uyğunluğu, etibarlılığı və ardıcıllığının təmin edilməsində Beynəlxalq Mühasibat Uçotu Standartları komitəsi tərəfindən işlənib hazırlanmış və Beynəlxalq Mühasibat Standartları çərçivəsində fəaliyyət göstərən əsas prinsiplərdən istifadə olunur. Bu prinsiplər mühasibat (maliyyə) uçotunun beynəlxalq standartlara uyğun təşkilinin əsas şərtləri və prinsipləri kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, mühasibat (maliyyə) uçotunun beynəlxalq maliyyə hesabatı standartlarına uyğun təşkili iki əsas baza prinsipləri olan: fəaliyyətin fasiləsizliyi və hesablama prinsiplərinə əsaslanır. Mühasibat (maliyyə) uçotunun beynəlxalq standartlara uyğun təşkilinin əsas prinsipləri aşağıdakılardır:

Fəaliyyətin fasiləsizliyi prinsipi. Bu prinsipdə nəzərdə tutulur ki, müəssisə hazırda fəaliyyət göstərir və gələcək dövrlərdə də (ən azı bir il müddətində) fəaliyyət göstərəcək. Yalnız bu prinsipin tələbatları ödənildiyi halda maliyyə hesabatlarını tərtib etmək mümkündür. Bu prinsip həmçinin onu göstərir ki, müəssisənin öz fəaliyyətini dayandırmaq və ya fəaliyyətinin həcmini likvidləşdirmək və ixtisara salmaq barədə niyyəti və zəruriyyəti yoxdur.

Müəssisənin fəaliyyətinin fasiləsizliyi onun aktivlərinin ilkin dəyəri ilə əks olunmasına imkan yaradır. Yəni müəssisə fəaliyyətinin fasiləsizliyi prinsipi aktivlərin ilkin dəyəri ilə qiymətləndirilməsinin tətbiq edilməsinə zəmin yaradır.

Əgər müəssisənin təsərrüfat fəaliyyətini dayandırmaq və ya fəaliyyətin həcmini ixtisara salmaq barədə niyyəti olduqda bu fakt müəssisənin maliyyə hesabatında aşağıdakı əsaslara uyğun qayda tərtib olunur:


  • Müəssisənin əmlakı likvid dəyəri ilə qiymətləndirilməli və əks olunmalıdır.

  • Tam həcmdə əldə olunmayan aktivlərin silinməsinin həyata keçirilməsi.

  • Müqavilələrin pozulmasına görə yaranmış öhdəliklərin və iqtisadi sanksiyaların hesablanmasının həyata keçirilməsi

Əgər müəssisənin ləğv olunacağı ehtimal olunarsa aktivlər ilk dəyəri ilə deyil, onların satış (likvid) dəyəri (yəni satış üzrə xərclər çıxmaqla, satış qiyməti) ilə qiymətləndirilməli və maliyyə hesabatlarında əks olunmalıdır. Müəssisənin yaxın gələcəkdə ləğv olunması gözlənilərsə bu zaman aktivlərin ehtimal olunan satış dəyəri ilə qiymətləndirilməsi gözlənilən pul vəsaitlərin mədaxili və bu pul vəsaitləri ilə müəssisənin öhdəliklərinin ödənilməsi barədə daha etibarlı məlumatı təmin edir.

Müəssisədə fəaliyyətin fasiləsizliyi prinsipinin təmin olunması uzunmüddətli aktivlərə amortizasiya olunmasına imkan verir. Yalnız fəaliyyətin fasiləsizliyi zamanı uzunmüddətli aktivlərin amortizasiyası məntiqə və məqsədəmüvafiq hesab olunur. Əgər müəssisənin ləğv olunması labüddürsə aktivlərin qısamüddətli (dövriyyə) və uzunmüddətli (dövriyyədən kənar) kimi təsnifləşdirilməsi məqsədəuyğun deyildir. Belə ki, bu zaman bütün aktivlər ləğv olunması gözlənilən qısamüddətli aktivlər hesab olunur.



Hesablama prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, müəssisənin təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı olan gəlirlər və xərclər pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması və ya xaric olunması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda hesablanır və əks olunur. Bu prinsiplər baş verən əməliyyatlar və digər hadisələr üzrə nəticələr onların yarandığı anda uçotu metodundan ibarətdir. Beləliklə hesablama prinsipi aşağıdakıları nəzərdə tutur:

  • Əməliyyatların nəticələrinin onların baş verdiyi anda tanınması və əks olunması

  • Əməliyyatların onların baş verdiyi, yarandığı hesabat dövrünə aid edilməli və həmin hesabat dövründə əks olunması

  • Öhdəliklərlə bağlı informasiyaların pul vəsaitlərin ödənilməsi anında deyil, öhdəliklərin yarandığı anında formalaşması.

Hesablama prinsipi əsasında hazırlanmış maliyyə hesabatları bu hesabatların istifadəçilərini təkcə pul vəsaitlərinin ödənilməsini və alınmasını təmin edən keçmiş öhdəliklərlə deyil həmçinin pul vəsaitlərinin ödənilməsi ilə bağlı olan gələcək dövrün öhdəlikləri və gələcək dövrdə daxil olacaq pul resursları ilə bağlı məlumatlarla təmin edir.

Hesablama prinsipi baş vermiş əməliyyatların müəssisənin maliyyə vəziyyətinə təsirini proqnozlaşdırmağa imkan verir. Beləliklə hesablama prinsipinin tətbiqi baş vermiş əməliyyatların uçot qeydlərində və maliyyə hesabatlarında onların aid olduğu dövrə aid edilməsindən ibarətdir.

Mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilinin əsas baza prinsipləri ilə yanaşı maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətlərini əks etdirən aşağıdakı prinsiplər də var:

Anlayışlılıq prinsipi. Anlayışlılıq və ya “şəffaflıq” informasiyanın əsas keyfiyyət göstəricisi olub, informasiyanın istifadəçilər tərəfindən tez bir zamanda anlaşilmasını, başa düşülməsini nəzərdə tutur. Bu prinsipin həyata keçməsi üçün informasiyaların anlaşıqlı olması ilə yanaşı həmin informasiyaların istifadəçilərinin biznes və mühasibat uçotu sahələrinə dair biliklərinin olması da vacib şərtlərdəndir. Bununla yanaşı mürəkkəb və vacib məsələlərlə bağlı olan informasiyalar istifadəçilər üçün çətin başa düşülən olduqlarına görə ixtisar edilməməlidirlər. Beləliklə anlaşıqlılıq prinsipi qısaca olaraq maliyyə hesabatlarında təqdim edilən informasiyaların istifadəçilər üçün başa düşülən olmasını nəzərdə tutur.

Münasiblik prinsipi. İnformasiyalar iqtisadi qərarlar qəbul etmək üçün münasib olmalıdırlar. İstifadəçilərin iqtisadi qərarlar qəbul etməsinə təsir edən, onlara keçmiş, hazırki və gələcək hadisələri qiymətləndirməyə, keçmiş səhvləri təsdiq etməyə və düzəlişlər aparmağa kömək edən informasiya münasib informasiya hesab edilir. İnformasiyanın münasibliyi onun mahiyyətini, müasirliyini, rasianallığını, əhəmiyyətliliyini təyin edir.

İnformasiya o zaman mahiyyətli hesab edilir ki, onun mövcud olmaması və ya təsəvvür edilməsi yəni, onun yalnız mahiyyəti iqtisadi qərarların qəbuluna təsir edə bilir. Məsələn, yeni seqment haqqında məlumatın əldə edilməsi hesabat dövründə yeni seqmentdə əldə olunacaq nəticələrin mahiyyətindən asılı olmayaraq müəssisənin mövcud olan riskləri və imkanlarının qiymətləndirliməsinə təsir edə bilər.

İnformasiya adekvat iqtisadi qəraların qəbuluna kömək etdikdə müasir informasiya hesab edilir. Rasional informasiya o informasiya hesab edilir ki, ondan əldə edilən mənfəət onun təminatı dəyərindən çox olsun.

Əhəmiyyətlilik informasiyaların həcminin dəyərindən asılıdır. Əhəmiyyətlilik münasibliyini müəyyən edən kəmiyyətlər ilə ölçülür.



Etibarlılıq prinsipi. Tərkibində əhəmiyyətli səhvlər və qabaqcadan əmələ gəlmiş yanlış (qərəzli) fikirlər mövcud olmayan informasiya etibarlı hesab olunur. Yalnız baş vermiş fakt və hadisələr haqqında düzgün məlumat verən informasiyalar etibarlılıq prinsipinə cavab verirlər. İstifadəçilər informasiyaların etibarlı olduğuna inandıqda ona arxalanırlar. Etibarlı informasiya aşağıdakı keyfiyyətlərə malik olmalıdır:

  • Tamlıq – maliyyə hesabatlarında göstərilən informasiyalar təsərrüfat fəaliyyəti faktlarını tam şəkildə əks etdirməlidir. Yəni, hesabatlarda təqdim olunan informasiya onun əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə alınmaqla dolğun olmalıdır. Məsələn, müəssisənin balansı aktiv və öhdəliklərin yaranmasına səbəb olan bütün əməliyyatları tam şəkildə əks etdirməlidir. İnformasiyaların tam, dolğun olmaması, onların hər hansı bir hissəsinin əks olunmaması nəticədə təqdim olunan informasiyanın yanlış, etibarsız olmasına gətrib çıxarar.

  • Mahiyyətin formadan üstünlüyü – maliyyə hesabatlarında əks olunan informasiyalar təsərrüfat fəaliyyəti faktları və əməliyyatlarının və hadisələrin hüquqi tərəflərindən çox onların iqtisadi mahiyyətini daha çox nəzərə almalıdırlar. Məsələn icarə müqaviləsinə uyğun olaraq müəssisə öz aktivini kənara verdikdə hüquqi tərəfdən aktivin mülkiyyət hüququ digər tərəfə keçməsinə baxmayaraq iqtisadi cəhətdən həmin aktivdən əldə olunan effekt müəssisənin aktivinə daxil edilir.

  • Neytrallıq – maliyyə hesabatlarında əks olunan və təqdim edilən informasiyaların etibarlılığının təmin edilməsi üçün həmin informasiyalar neytral (qərəzsiz) olmalıdır. Maliyyə hesabatlarında təqdim olunan informasiyalar qabaqcadan müəyyən olunmuş (qərarla) nəticələri əldə etmək məqsədilə əks olunarsa onda bu informasiyalar və maliyyə hesabatları neytral hesab oluna bilməz. Maliyyə hesabatlarındakı informasiyalar qabaqcadan müəyyən olunmuş nəticələri əldə etmək məqsədilə qərar qəbul etmək marağında olan istifadəçilərin birmənalılığından azad olmalıdır. Maliyyə hesabatlarındakı informasiyalar real baş verən faktları əks etdirməlidir.

  • Ehtiyatlılıq – Bu aktivlərin və passivlərin qiymətləndirilməsi ilə bağlı qərarların qəbulu prosesində ehtiyatlılıq qaydalarına əməl olunmasından ibarətdir. Həmçinin ehtiyatlılıq tələbi aktiv və gəlirlərin artırılmasına, öhdəliklərin və xərclərin azaldılmasına imkan vermir. Bu o deməkdir ki, mənfəət faktiki əldə olunduqda və ya onun əldə olunacağına böyük əminlik olduqdan sonra gəlirlərə daxil edilir. Baş verəcək xərclər və itkilər yalnız onlar baş verən zaman və ya onların baş verməsi üçün real imkan olduqda ümumi xərclərə aid edilir. Bununla yanaşı ehtiyatlılıq tələbinə əməl edilməsi gizli ehtiyat yaratmaqla gəlirləri və aktivləri azaltmağa və ya bilərəkdən xərcləri və öhdəlikləri artırmağa əsas vermir.

  • Düzgün təqdimat – Müəssisənin maliyyə hesabatlarında informasiyanın düzgün təqdimatı onun maliyyə vəziyyətini və fəaliyyətinin maliyyə nəticələrini qərəzsiz, təhrifsiz, manipulyasiyasız və ya əhəmiyyətli faktları gizlətmədən, mahiyyətin formadan üstünlüyü konsepsiyası əsasında, mümkün qədər obyektiv əks etdirməsini nəzərdə tutur. Bu o deməkdir ki, beynəlxalq uçotu standartlarına uyğun gələn və hesabat tarixinə və ya hesabat dövründə mövcud olan aktivlərə, öhdəliklərə, kapitala, gəlirə və xərclərə təsir göstərmiş bütün təsərrüfat əməliyyatları və digər hadisələr maliyyə hesabatlarında düzgün əks etdirilməlidir.

Müqayisəlilik prinsipi. Maliyyə hesabatlarında əks olunan informasiyalar müəssisənin maliyyə vəziyyətini və fəaliyyətinin maliyyə nəticələrini identifikləşdirmək məqsədilə, maliyyə hesabatlarını zamana görə və digər müəssisələrin informasiyaları ilə müqayisə etməyə imkan verməlidir. İstifadəçilər üçün maliyyə hesabatları arasında müvafiqliyi və fərqliliyi müəyyən etmək və qiymətləndirmək imkanını yaradan informasiya müqayisəli hesab olunur. Müqayisəlilik prinsipinin təmin olunması üçün müəssisənin ayrı-ayrı dövrlərdəki maliyyə hesabatları, eləcə də ayrı-ayrı müəssisələrin maliyyə hesabatları vahid metodologiya əsasında tərtib olunmalıdır.

Ardıcıllıq prinsipi. Müqayisə olunan informasiyanın ən mühüm xüsusiyyətlərindən biri ardıcıllıqdır. Müqayisəlilik prinsipi maliyyə hesabatlarında əks olunan informasiyanın dövrdən dövrə ardıcıl olaraq tanınmasını, qiymətləndirilməsini və təqdim edilməsini tələb edir.

İnformasiyanın ardıcıllığı müəssisə tərəfindən bütün dövrlər ərzində oxşar hadisələr üçün eyni uçot metodunun tətbiq edildiyini bildirir. Lakin ardıcıllıq prinsipinin tətbiq edilməsi maliyyə hesabatlarının etibarlılığını, münasibliyini və anlaşılmasını təkmilləşdirmək üçün uçot siyasətində dəyişikliklərin edilməsinə maneə yaratmamalıdır. İnformasiyaların müqayisəliliyi və ardıcıllığı maliyyə hesabatlarının hazırlanması zamanı istifadə olunmuş uçot siyasəti haqqında istifadəçilərin məlumatlandırılmasını təmin etməlidir. Tətbiq olunan uçot siyasətində hər hansı dəyişikliklər onların nəticələri ilə birlikdə aydın şəkildə açıqlanmalıdır.



Nəticə və təkliflər
Uçot siyasəti maliyyə hesabatlarının tərtib və təqdim edilməsi üçün müəssisə tərəfindən qəbul edilmiş prinsiplərin, əsasların, şərtlərin, qaydaların və təcrübələrin məcmusudur. Uçot siyasətinin seçilməsi zamanı mühasibat uçotunu tənzimləyən normativ aktlara əsaslanmaq lazımdır. Seçilmiş uçot siyasəti uçot informasiyalarının etibarlılığını maksimum dərəcədə təmin etməlidir. Uçot siyasətinin seçilməsi müəssisənin özünün spesifikliyindən, idarəetmənin təşkilindən, müəssisənin təsis sənədlərində və əsasnaməsində əks olunan normalardan, kommersiya fəaliyyətinin xüsusiyyətlərindən, müəssisənin cari və uzunmüddətli məqsədlərindən birbaşa asılıdır. Müəssisələrdə uçot siyasətinin qurulmasında bütün bu amillərin tələbləri nəzərə alınmalıdır. Müəssisə həmçinin uçot siyasətini həyata keçirərkən mühasibat uçotunun prinsiplərinə, tələblərinə, mühasibat uçotunun metodiki və metodoloji əsasını təşkil edən sənədlərə bu sənədlərdə əks olunan prinsiplərə əsaslanmaq lazımdır. Uçot siyasəti müəssisənin maliyyə hesabatlarına əlavə olunan izahlı qeydlərin uçot siyasəti bölmələrində açıqlanmalıdır. Bu bölmələrdə maliyyə hesabatlarının hazırlanmasında istifadə olunmuş qiymətləndirmə və maliyyə hesabatlarının düzgün anlaşılması üçün zəruri olan uçot siyasətinin konkret aspekti açıqlanır. Müəssisənin seçdiyi uçot siyasəti bu sahədə qəbul olunmuş normativ aktların, Milli Mühasibat Uçotunun Standartlarından ciddi şəkildə kənarlaşmalı və müəssisənin seçdiyi iqtisadi siyasətə uyğun olmalıdır. Qanunvericilikdə və normativ aktlarda yol verilən uçotun aparılmasının alternativ variantlarından müəssisədə resurslardan səmərəli istifadəyə imkan verən, bazar strategiyasına uyğun olan müəssisənin əldə etdiyi mənfəətin artırılmasını təmin edən ən optimal variantı seçmək lazımdır. Müəssisə uçot siyasətini seçərkən mühasibat uçotunun əmlakın ayrılılığı, müəssisənin fəaliyyətinin fasiləsizliyi, uçot siyasətinin ardıcıllığı, təsərrüfat faktlarının müəyyən olunmasının müddəti (vaxtı) prinsiplərinə, maliyyə informasiyalarının etibarlılıq, tamlılıq, ehtiyatlılıq, mahiyyətin formadan üstünlüyü, ziddiyətsizlik, vaxtlılıq, əhəmiyyətlilik və s. tələblərinə əsaslanmalıdır. Müəssisə uçot siyasətinin seçilməsi və onun tətbiqinə, uçot siyasətinin ardıcıllığı prinsipinə xüsusən əməl etməlidir. Bu prinsip müəssisənin müəyyən bir əməliyyatların uçotuna tətbiq etdiyi uçot siyasətinin növbəti ildə eyni əməliyyatlara dəyişdirilmədən tətbiqini nəzərdə tutur. Uçot siyasətinin ardıcıllığının təmin olunması müəssisənin maliyyə hesabatlarının zamana görə müqayisəliliyini təmin edir.

Mühasibat uçotunun əsas məqsədi daxili və xarici istifadəçilər üçün mühasibat informasiyalarının formalaşdırılmasından ibarətdir. Müəssisədə formalaşan maliyyə uçotu informasiyaları xarici istifadəçilərin tələblərinə uyğun olmalı, onların iqtisadi qərarlar qəbulu prosesini əsaslandırmağa imkan verməlidir. Mühasibat informasiyalarının xarici istifadəçilərinə investorlar və onların nümayəndələri, müəssisənin işçiləri və onların nümayəndəlikləri (həmkarlar ittifaqı və s.), borcverənlər, malgöndərən və podratçılar, dövlət orqanları, bütövlükdə ictimaiyyət aid edilir. Müəssisənin rəhbərliyi, idarəetmə aparatı, menecerlərin istifadə etdikləri uçot informasiyaları daxili istifadəçilərin əsaslandırılmış idarəetmə qərarlarının qəbulunu, müəssisənin rasional şəkildə idarə olunmasını təmin etməlidir. Mühasibat uçotu informasiyaları həmçinin vergi sisteminin tələblərini də nəzərə almalıdır. Müəssisənin maliyyə nəticələri olan balans mənfəəti, bölüşdürülməmiş mənfəət, satışdan alınan gəlir və s. haqqında informasiyalardan sərf olunmuş resurslar əsasında pul vəsaitlərinin cəlb olunmasının qiymətləndirilməsi və proqnozlaşdırılması, resursların potensial dəyişikliklərini qiymətləndirmək üçün istifadə olunur. Müəssisənin maliyyə vəziyyətindəki dəyişikliklər haqqında informasiyalardan müəssisənin investisiya, maliyyə və əməliyyatı fəaliyyətini qiymətləndirərkən, müəssisənin ödəniş qabiliyyəti və likvidliyini təyin edərkən istifadə olunur. Mühasibat informasiyaları onların istifadəçiləri üçün münasib, etibarlı və müqayisəli olduqda əhəmiyyətə malik olur. Mühasibat informasiyalarının onların istifadəçilərinə təqdim olunması vaxtı düzgün seçilməlidir. İnformasiyaların vaxtında təqdim edilməsi onun etibarlılığını əhəmiyyətli dərəcədə azaltmamalıdır. Həmçinin informasiyalarının tam etibarlı olmasını gözləməklə müəssisə onların təqdim olunmasını gecikdirməməlidir. Təqdim edilməsi gecikdirilən informasiyalar onların istifadəçiləri üçün az əhəmiyyətli olur. Müəssisə mühasibat informasiyalarını formalaşdırarkən və təqdim edərkən etibarlılıq və təqdim etmə vaxtı arasındakı tarazlığı optimal şəkildə müəyyən etməlidir.

Mühasibat uçotu əsaslandırılmış idarəetmə qərarları qəbul etmək üçün lazım olan müəssisənin idarə olunması, onun əmlak kompleksi, həyata keçirilmiş təsərrüfat əməliyyatları ilə bağlı olan informasiyaların toplanılması, işlənilməsi, qeydiyyatı və onların istifadəçilərə çatdırılması ilə bağlı olan bir sistemdir. Bütün elmlər kimi mühasibat uçotunun da bir konsepsiyası var. Konsepsiya – hər hansı bir hadisənin, prosesin müəyyən üsulla mənimsənilməsi, əsas əşyaya nəzəri diqqətin yerinə yetirilməsi, onların müntəzəm işıqlandırılması üçün rəhbəredici qüvvədir. Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun konsepsiyası onun nəzəri əsasının işlənib hazırlanmasını nəzərdə tutur. Mühasibat uçotunun konsepsiyasının hazırlanması mühasibat uçotunun sisteminin qurulması üçün mühüm əhəmiyyətə malikdir. Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun maliyyə və idarəetmə uçotuna ayrılması ilə əlaqədar olaraq mühasibat uçotunun konsepsiyası da maliyyə uçotunun konsepsiyasına və idarəetmə uçotunun konsepsiyasına ayrılır.

Maliyyə uçotunun konsepsiyası maliyyə uçotunun vəzifələrini, prinsiplərini, metod və üsullarını, maliyyə hesabatlarında əks olunan kapital, öhdəlik, aktiv, gəlir və xərclərin tanınması, maliyyə göstəricilərinin qiymətləndirilməsini əhatə edir. Maliyyə uçotunun konsepsiyasında “kapitalın saxlanılmasını təmin edən düzəlişlər” və kapital konsepsiyaları xüsusi yer tutur. Kapitalın saxlanılması konsepsiyası da iki konsepsiyaya: maliyyə kapitalının saxlanılması konsepsiyasına və fiziki kapitalın saxlanılması konsepsiyasına bölünür.

Bazar iqtisadiyyatının inkişafı, müəssisələrin genişlənməsi, istehsalın inkişafı XX əsrin 50-ci illərindən başlayaraq mühasibat uçotu qarşısında yeni tələblər qoymuşdur. İdarəetmənin mürəkkəbləşməsi yeni növ müəssisənin istehsal proseslərini, sərf olunan resursları, buraxılan məhsulların maya dəyəri və həcmini və s. bu kimi məsələləri əhatə edən informasiyalara tələb yaratmışdı. Belə bir şəraitdə mühasibat uçotu sistemində struktur dəyişikliyinin baş verməsinə ehtiyac meydana gəlir. Bunun da nəticəsində mühasibat uçotu maliyyə və idarəetmə uçotuna ayrıldı. Maliyyə uçotunun məqsədi müəssisə təşkilatdan kənarda istifadə olunan müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrini, maliyyə vəziyyətinin dəyişdirilməsini özündə əks etdirən maliyyə hesabatlarının və digər sənədlərin tərtib edilməsindən ibarətdir. İdarəetmə uçotunun məqsədi isə müəssisə işinin səmərəliliyini təmin edən daha əsaslı idarəetmə qərarı qəbul etmək üçün müəssisənin rəhbərliyinə, menecerlərə lazım olan informasiyaların yığılması, işlənilməsi və ötürülməsidir.

Maliyyə uçotunun aparılması “Mühasibat uçotu haqqında” qanun və bu sahədə müvafiq icra orqanının təsdiq etdiyi digər normativ aktlarla tənzimlənilir. Maliyyə uçotunun aparılması məcburi xarakter daşıyır və onun aparılması reqlamentləşdirilir. İdarəetmə uçotunun aparılması heç bir normativ aktlarla tənzimlənmir, onun aparılıb-aparılmamasını müəssisə sərbəst müəyyən edir.

Mühasibat uçotunun metodoloji əsaslarını bu sahəni tənzimləyən normativ sənədlər təşkil edir. Mühasibat uçotunun metodoloji əsaslarını əks etdirən bu normativ sənədləri iki yerə ayırmaq olar. Birinci yerdə mühasibat uçotunun metodoloji əsaslarını təyin edən və bu sahəni tənzimləyən əsas sənəd olan “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunu çıxış edir. İkinci yerdə “Mühasibat uçotu haqqında” qanunu daha da konkretləşdirən Mühasibat uçotunun milli, beynəlxalq, büdcə təkilatları üzrə və qeyri-hökumət təşkilatları üzrə standartları və digər normativ aktları təşkil edir. Bu sənədlərdə mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının tərtib və təqdim edilməsinin metodologiyaları əks olunur. Müəssisələr özlərinin mühasibat uçotunu qurarkən, uçot siyasətini formalaşdırarkən bu sənədlərdə əks olunan metodoloji əsaslara əsaslanmalıdır. Bu normativ aktların metodologiyasına əməl olunması məcburi xarakter daşıyır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunu mühasibat uçotunun metodoloji əsaslarını ümumi olaraq müəyyən edir, mühasibat uçotu standartları digər normativ aktlar isə mühasibat uçotunun ayrı-ayrı konkret sahələri üzrə metodoloji əsasları təyin edir.

Mühasibat uçotunun metodiki əsaslarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər müvafiq orqanlarının təsdiq etdiyi təlimat, qayda və göstərişlər müəyyən edir. Mühasibat uçotunun metodoloji əsaslarını müəyyən edən normativ aktları konkretləşdirmək məqsədilə hazırlanıb təsdiq edilir. Mühasibat uçotunun metodiki əsaslarını müəyyən edən təlimat, qayda və göstərişlər mühasibat uçotunu tənzimləyən normativ aktlardan fərqli olaraq məsləhət xarakteri daşıyır. Müəssisələr bu sənədlərdən mühasibat uçotunun aparılmasında geniş şəkildə istifadə edirlər.

Mühasibat (maliyyə) hesabatı uçot məlumatlarının ümumiləşdirilmiş göstəricilər sistemi deməkdir. Müəssisə və təşkilatların mühasibat (maliyyə) hesabatı uçot prosesinin həlledici mərhələsi hesab edilir. Azərbaycan mühasibat (maliyyə) hesabatlarının beynəlxalq standartlara transformasiyasının, yəni onlara müvafiq qurulması maliyyə hesabatının beynəlxalq standartlarına əsasən aparılır. Beynəlxalq Maliyyə Hesabatı Standartları tövsiyyə xarakteri daşıyır və dövlətlər onun əsasında öz milli standartlarını hazırlayırlar. Bu işlərlə Beynəlxalq Maliyyə Hesabatları Komitəsi (BMHK) məşğul olur. Beynəlxalq Maliyyə Hesabatları Komitəsi 29 iyun 1973-cü ildə yaradılmışdır. Maliyyə hesabatının beynəlxalq standartlarında uçot obyekti, uçot obyektinin tanınması, uçot obyektinin qiymətləndirilməsi, maliyyə hesabatlarında əks olunması ilə bağlı informasiyalar əks olunur. Azərbaycanda hal-hazırda müəssisələrdə aşağıdakı hesabat formaları əks olunur:

forma №1 “Müəssisə balansı”; forma №2 “Maliyyə nəticələri və onların istifadəsi haqqında” hesabat; forma №5 Balansa əlavə.

Azərbaycan hesabatlarının beynəlxalq standartlara müvafiq transformasiyası birinci növbədə yuxarıda göstərilən hesabatların beynəlxalq standartlardakı hesabatlarla əvəz olunmasını tələb edir. Beynəlxalq standartlar əsasən aşağıdakı hesabatların tərtibini nəzərdə tutur:

Balans, “Mənfəət və zərər haqqında” hesabat, “Pul vəsaitlərinin hərəkəti haqqında” hesabat, “Kapitalın hərəkəti haqqında” hesabat.

Mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilinin əsas baza prinsiplərinə aşağıdakılar aiddir:

Fəaliyyətin fasiləsizliyi, hesablama metodu prinsipi, münasiblik, etibarlılıq prinsipi. Bununla yanaşı beynəlxalq standartlar mühasibat uçotunun tamlıq, neytrallıq, mahiyyətin formadan üstünlüyü, rasionallıq, ehtiyatlılıq, əhəmiyyətlilik, ardıcıllıq tələblərinə uyğun qurulmasını tələb edir.



Ədəbiyyat siyahısı

1 .’’Mühasibat uçotu haqqında’’ Azərbaycan Respublikasının qanunu. Bakı 29.06.2004

2.’’Müəssisələrin mühasibat uçotunun hesblar planı və onun tətbiqinə dair təlimat’’ Bakı 20.10.1995

3.’’Muhasibatlıq haqqında normativ sənədlər toplusu’’ Bakı Qanun 2000.

4.Abbasov Q. Səbzəliyev S. Daşdəmirov Ə. Quliyev V. Sadıqov Ə.’’ Mühasibat (maliyyə) uçotu ‘’Bakı 2003.

5.Səbzəliyev S.M. ‘’Mühasibat (maliyyə) hesabatı’’ Bakı 2003.

6.Qəhraman Rzayev ‘’Beynəlxalq mühasibat uçotu standartları və maliyyə hesabatı’’ Bakı 2004.

7. Beynəlxalq mühasibat uçotu standartları Milli mühasibat uçotu standartları.



www.malliyye.gov.az saytı

8. Azərbaycan Respublikasının’’ Vergi Məcəlləsi ’’Hüquq nəşriyyatı Bakı 2007

9.’’Müəssisələrin uçot siyasəti haqqında Əsasnamə’’ Bakı 1997

10.Kondrakov N.P.’’ Buxqalterskiy uçet’’ Moskva İNFA-M 2004.

11.Fridland A. Y. Xanamirova L.Ş.’’ Ucetnaya politika predpriyatiya’’ Prior Moskva 1999

12 .’’Mejdunarodnıe standartı finansovoy otçetnosti izdaniya na russkom yazıke’’ Askeri-Assa Moskva 1998

13.V.M. Matveyeva .’’Mejdunarodnıy buxqalterskiy uçet GAAP IAS ’’Dis. 1998

14. Kondrakov N.P ’’Prinsipı buxqalterskoqo uçeta’’ FBK-Press

15.B.Nidlz ’’Prinsipı buxqalterskoqo uçeta ’’Finansı i statistika 1997

16.M.R.Metyus’’ Teoriya buxqalterskoqo uçeta ’’Moskva Yuniti 1999

17.A.D Lorioniov ’’Osnovı buxqalterskoqo uçeta’’ Dis-1999

18.N.A.Naumova ’’Osnovı buxqalterskoqo uçeta’’ Moskva Yuniti 1998

19.E.M. Tkoçenka ’’Buxqalterskiy balans. Mejdunarodnıe i rossiskie standartı’’ Moskva Prior 1999

20.Terexova .’’ Mejdunarodnıe standartı buxqalterskoqo uçeta v rossiyskoy praktike’’ Moskva Perespektiva-1999



MÜNDƏRİCAT
Giriş……………………………………………………………….....3
Fəsil 1. Bazar iqtisadiyyatı şəraitinde mühasibat uçotunun formalaşmasının əsas

prinsipləri ……………………………………………………….......................7

1.1 Azərbaycanda mühasibat uçotunun əsas konsepsiysı……………………….7

1.2 Uçot siyasətinin formalaşmasının prinsipləri………………………………21

1.3 Muhasibat informasiyaları və istehlakçılar üçün onun əhəmiyyəti…………35

1.4 Beynəlxalq standartlara müvafiq olaraq Azərbaycan hesbatlarının transformasiyasının əsas prinsipləri……………………………………………42

Fəsil 2. Azərbaycanda mühasibat uçotunun təşkilinin metodoloji və metodiki əsasları………………………………………………………………………….58

2.1 Mühasibat uçotunun metodoloji əsasları……………………………………58

2.2 Mühasibat uçotunun metodiki əsasları………………………………………76

2.3 Mühasibat uçotunun əsas elementləri kimi maliyyə və idarəetmə uçotunun oxşarvə fərqli cəhətlərinin səciyyələndirilməsi…………………………………...88

2.4 Mühasibat (maliyyə) uçotunun beynəlxalq standartlara uyğun təşkilinin əsas şərtləri və prinsipləri……………………………………………………………99

Nəticə və Təkliflər………………………………………………………………105



Ədəbiyyat siyahsı……………………………………………………………….111






Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə